Bir ömrün
qatarında nəsillərə örnək ola
biləcək səhnə həyatı
17 avqust dünyaşöhrəli müğənni
Müslüm Maqomayevin
doğum günüdür
Azərbaycan musiqi sənətinin böyük sənətkarı, estradamızın, opera sənətimizin əvəzsiz və qeyri-adi ifaçısı Müslüm Maqomayev bir ömrün qatarında məxsusi həyat sürərək adını əbədiləşdirdi. Nəsillərə örnək ola biləcək ömür yaşadı. Çoxlarına nəsib olmayan səhnə həyatını dünyanın mötəbər səhnələrində bölüşdü.
Hələ SSRİ dövründə yüksək və ağlasığmaz uğurlara nail oldu. Musiqi sənətində bəstəkar Müslüm Maqomayevin fitri yaradıcılıq istedadı özünü bir nəsildən sonra nəvəsi Müslüm Maqomayev simasında, bu dəfə təkrarsız müğənni kimi əks etdirdi. Babası, görkəmli bəstəkar Müslüm Maqomayev Ü.Hacıbəyli ilə birlikdə, öz yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük rol oynamışdır. Onun musiqi sənəti yolunda qazandığı uğurların əks-sədası nəsillərin yaddaşından silinməyəcəkdir. Onun nəvəsi Müslüm Maqomayev də böyük məsuliyyət hissi ilə musiqiyə yiyələnməyə başladı. Onun ən böyük arzularından biri o idi ki, babasının adını və soyadını nəinki ləyaqətlə daşısın, həm də bu adı yüksəkliklərə qaldırsın. O, buna nail oldu... Lakin müğənni kimi.
Müslüm Maqomayev səsinin qüdrəti, gözəlliyi ilə hamını valeh edirdi. Səsinin geniş diapazonu ona vokal sənətinin müxtəlif sahələrində müvəffəqiyyətlə sınaqdan keçməyə imkan verirdi. Opera, kino, estrada və s. sahələrdə o özünü bacarıqla göstərə bildi. Estrada janrı isə Müslüm Maqomayevin yaradıcılığında daimi yerlərdən birini tutur. Bu janr vasitəsilə o, musiqisevənlərin və geniş kütlənin ürəyinə yol tapmış və öz oxuma tərzinin təkrarsızlığını dəfələrlə təsdiqləmişdir.
Tərcümeyi-halı, sənət cığırları bu sima ətrafında bizlərə çox məqamları xatırladır. Uşaqlıq və gənclik dövrümüzün mənalı, zövlü dünyasında Müslüm Maqomayev səsinin ecazkarlığı, payladığı-aşıladığı dünyəvi, bəşəri hisslərin öz yeri var. Müslüm Maqomayev Azərbaycanda dünyaya gəlsə də dünyanının qəbul etdiyi sənətkar oldu. Dünya ilə məsafələri səsində yaxınlaşdırdı, birləşdirdi. Bu gün belə bir sənətkarın doğum günüdür. Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk səhnə həyatı 14 yaşında ikən dənizçilər klubunda olan çıxışı ilə bağlıdır. Bu sənət yolu çox keçmədən onu Azərbaycanı uzaq məsafələrdə sənət nümayiş etdirməyə sövq edir. 19 yaşında Helsinkidə gənclər festivalında uğur qazanır. O, ilk rəsmi uğurunu qazanır. Maestro Niyazinin tövsiyəsi ilə festivala göndərilən Müslüm Bakıya medalla qayıdır. Bu nailiyyətdən sonra populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə dərc edir.
1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçir. Onun ən böyük arzularından biri İtaliyada təhsil almaq idi. Nəhayət, həmin gün də gəlib yetişir. O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanır, onlardan qiyabi olaraq vokal dərsləri alırdı. İndisə gənclik xəyalları gerçəkləşir və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olur. Beləliklə, Müslüm Bakıya əsil Fiqaro kimi qayıdır və "Seviliya bərbəri" tamaşasında səhnəyə çıxır. Görkəmli pianoçu Rauf Atakişiyevlə dostluğu və əməkdaşlığı onun bu yolda daha böyük uğurlarına yol açır. "Seviliya bərbəri" operasının hər tamaşası anşlaqla keçir və Bakı tamaşaçıları Fiqaronu - Müslüm Maqomayevi görünməmiş coşqu ilə qarşılayırlar.
1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verib.
Müslüm
Maqomayevin hələ gənc yaşlarından musiqiyə, piano ifaçılığına
olan marağı Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki
10-illik musiqi təmayüllü
məktəbdə özünü
büruzə verdi. Rossininin "Sevilya bərbəri"
operasından Fiqaronun ariyasını o, ilk dəfə
müvəffəqiyyətlə konservatoriyanın böyük
zalında ifa edir. Çıxışdan sonra Müslüm
Maqomayevin vokal sahədəki professional karyerası
yüksəlməyə başladı.
Sonrakı illərin hadisələri
onun vokal ifaçılıq fəaliyyətini
İtaliya və Moskva şəhərləri
ilə bağlayır.
Oxumaqdan yorulmayan Müslüm təcrübəli pedaqoqlardan
dərs aldıqca səsi daha da cilalanır və gözəlləşir,
tembri zənginləşirdi.
1969-cu ildə Sopotda keçirilən
Beynəlxalq Mahnı Festivalında mükafat qazanır.
1975-ci ildə
"Azərbaycan Dövlət
Estrada-Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilir. Bu orkestrlə
Sovet İttifaqının
bir sıra şəhərləri ilə
yanaşı, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verir.
1970-ci illərdən həyatını
estrada ilə
bağlayır və görünməmiş populyarlıq
qazanır. Keçmiş SSRİ-nin hər
yerində çıxışlar
edir, stadionlarda konsertlər verir, televiziya onun konsertlərinə geniş
yer ayırır, qramoffon valları böyük tirajla buraxılır.
Repertuarı hərtərəfli və olduqca genişdir. Populyar mahnılarla yanaşı,
dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə
səsləndirib. Qeyri-adi uğurlara
imza atan Müslüm Maqomayevin həyat və sənət yolu da qeyri-adi olub.
1960-cı illərin ortalarında SSRİ-də
və bir sıra digər ölkələrdə geniş
tanınır. Təsadüfi deyil ki, Böyük
Teatrın rəhbərliyi,
nəyin bahasına olursa-olsun, onu öz truppasına cəlb etmək istəyirdi. İş hətta
o yerə çatdı
ki, SSRİ mədəniyyət
naziri Yekaterina Furtseva Müslümü öz şəxsi himayəsinə götürdü.
İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmışdır.
Müslümün
yaradıcılıq fəaliyyəti
Moskva şəhərilə
bağlı olduğundan
öz xatirələrini
bu sözlərlə başlayır: "Azərbaycan
mənim atam, Rusiya isə anamdır. Mən həyatımı Azərbaycansız təsəvvür
etmirəm". Bu sözləri
onun həmvətənlərinə
isti, səmimi münasibətində özünü
aydın büruzə
verir - imkansızlara əl uzatmaq, istedadlılara yol açmaq və bununla yanaşı, çalışıb kölgədə
qalmamaq və s. bu kimi keyfiyyətlər
onun əsil-nəcabətindən
xəbər verir.
Müslümün fitri istedadı
Moskvada çiçəklənməyə
başladı və öz bəhrəsini bir sıra mahnıların
ifasında gördü.
Moskvanın görkəmli bəstəkar-nəğməkarları
Müslümün səsinə
uyğun olan xüsusi mahnılar bəstələməyə başladılar.
Bunların sırasında
"Buhenvald harayı",
"Ruslar müharibə
istəyirmi?" mahnıları,
rus xalq mahnılarından "Piter
boyunca", "Mənim
atlarım", italyan
mahnılarından "Luçiya",
"Sorrento" və s. xüsusi
yer tutur. Bununla yanaşı, onun repertuarından Azərbaycan
mövzusu əksilmir.
Bu, həm Ü.Hacıbəylinin
iki romansı - "Sənsiz", "Sevgili canan", həm də babası M.Maqomayevin "Şah İsmayıl" operasından
Şah İsmayılın
ariyasıdır. Ənənəyə sadiq qalaraq, Müslüm Maqomayev öz bacarığını
bəstəkarlıq sahəsində
də müvəffəqiyyətlə
sınayır. Bəstələdiyi mahnıların sırasında
"Ey əziz anam, Azərbaycan!" öz layiqli yerini tutur. Konsertlərinin əvvəlində və sonunda, o daima bu mahnını
qüvvətli səslə
və qüdrət hissilə ifa edirdi, bu da
dinləyicilərdə böyük
qürur doğururdu.
Sovet İttifaqının mərkəzi
televiziyası bir müddət öz verilişlərini Müslüm
Maqomayevin melodiyası
ilə tamamlayırdı,
bu da adi
bir şey deyildi. Bu, ondan
irəli gəlir ki, Müslüm Maqomayev istedadı öz parlaq çağlarını yaşayır.
Sovetlər Birliyinin hər
bir yerində ona alqış söyləyirdilər, sanki
əlləri üstündə
gəzdirirdilər. Özünəməxsus oxuma üslubu onu çox müğənnilərdən fərqləndirirdi.
O, eyni səviyyədə
həm opera ariyalarını,
həm də estrada mahnılarını
ifa edirdi. Xüsusilə, müasir ritmik
caz üslubunda yazılan mahnılar hamını heyran edirdi. Xüsusən, 60-70-ci illərdə beynəlxalq siyasi aləmdə SSRİ-nin Qərb ölkələrilə
dostluq və mehribançılıq münasibətlərinin
ilk çağlarında Müslüm
Maqomayev öz səhnə ustalığı
ilə bu dostluğa inam gətirdi. Dünyanın elə bir ölkəsi yox idi ki, M.Maqomayev
orada çıxış
etməsin.
Dünya şöhrətli Müslüm
doğma vətənini
bir an da
olsa unutmurdı. O, dönə-dönə Azərbaycana
gəlirdi. Müslüm Maqomayevin Azərbaycanla
yaradıcılıq münasibətləri
özünü təkcə
estrada-konsert fəaliyyətində
göstərmirdi, o, həm
də 80-ci illərdə
kinoda ölməz Nizami rolunda çəkilməyə təkliflər
alır və onları qəbul edirdi. Dərin məzmunlu Nizami
obrazını Müslüm
Maqomayev böyük məharətlə oynayır.
Onun ifasında Nizami canlı və inandırıcıdır. Babası Müslüm Maqomayevin yaratdığı tarixi Şah İsmayıl obrazını operada canlandırdığı kimi,
nəvəsi bu dəfə öz ifasında Nizami obrazını kinofilmdə
əbədiləşdirdi. Belə obrazların həyatını
səhnədə yaşatmaq
bir növ öz həyatına kənardan baxmaq deməkdir.
Onun müəllifi olduğu
kitablar da var. "Dahi Lansa" kitabını məşhur
İtaliyan mənşəli
Amerika müğənnisi
Mario Lansaya həsr etmiş Müslüm, ömrünün bütün
çağlarında məşhur
tenora qibtə edib. Sanki onun
simasında özünü
görüb. Mario Lansa
da Müslüm kimi gah opera teatrında, gah estrada səhnəsində,
gah da kinofilmlərdə
çıxışlar etmişdir.
Hələ İtaliyada oxuyarkən,
o, Mario Lansa haqqında
olan fotoarxiv materiallarını, tarixi faktları, musiqi fonotekasını toplamağa
başlamışdı və
bu işi Amerikaya qastrol səfərlərinə gələrkən
davam etdirirdi.
"Mənim məhəbbətim
melodiya" adlı kitab da həmin
illərə təsadüf
edir. Bu kitabda
o özü barədə
düşüncələrini, uşaqlıq dövründən
başlayaraq yetkin, hərtərəfli zəngin
həyat yolu keçmiş bir insanın yaşadığı
mühiti, onu əhatə edən adamları - dövlət başçılarından tutmuş
adi insanlara qədər bir sıra şəxsiyyətlərin
simasında təsvir edir. Baş vermiş hadisələr, görüşlər, dünya
şöhrətini çiynində
daşımaq məsuliyyəti
və s. kimi maraqlı faktlarla yanaşı, oxucunun gözləri qarşısında
Müslümün bütün
həyat və yaradıcılıq yolu gəlib keçir. Onun simasında biz gözəl
insan, istedadlı şəxsiyyət və dünya şöhrətini
qazanmış müğənnini,
ən əsas isə - vətənpərvər
insan, əsil azərbaycanlını görürük.
Dövlət tərəfindən Müslüm Maqomayev yaradıcılıq fəaliyyəti
yüksək qiymətləndirilib.
Ən yüksək ad və ordenlərə layiq görülüb. Qırmızı
Əmək Bayrağı
Ordeni, Azərbaycan Respublikasının xalq artisti, SSRİ xalq artisti, Xalqlar Dostluğu Ordeni, "Şöhrət" və
"İstiqlal" ordenləri.
Bütün bunlar Müslüm
Maqomayev sənətinin
layiqli qiyməti və dünyaca məşhurluğunun nəticəsi
idi.
Zümrüd
Səs.- 2013.- 17 avqust.- S.12.