Azərbaycanla Fransanın mədəni inteqrasiyası: qarşılıqlı əlaqələr və təsirlər

 

 

 

Tədqiqatçı Z.Əliyeva öz dəyərli monoqrafiyasında Azərbaycan-Fransa mədəni inteqrasiyasına toxunaraq yazır ki, Ə.Ağaoğlunun gözündə fransız inqilabının misilsiz əhəmiyyəti ondan ibarət idi ki, o, şəxsiyyətin inkişaf tarixində həlledici mərhələ oldu: "Güclü şəxsiyyət, Ağaoğlunun dediyinə görə, azad fəaliyyətə, azad cəmiyyət qurumlarına, azad rəqabətə əsaslanmalıdır. Bax, bu prinsipləri ilk dəfə həyata keçirən Fransa inqilabı oldu. O vaxtdan bəri Qərbdə bütün idarələr, ailə, dövlət və cəmiyyətlərin hamısı həmin prinsiplərdən bəhrələnirlər". "Şəxsiyyətin doğum aktı" adlandırılan Vətəndaş və İnsan Hüquqları Bəyannaməsinə Ağaoğlunun öz əsərlərində tez-tez müraciət etməsi heç kimi təəccübləndirməməlidir. O, fransız inqilabını cəmiyyətlə şəxsiyyət arasında münasibətlər mövzusuna aid edir. Fransız filosofu Avqust Kontdan bəri inqilabın cəmiyyət qarşısında qoyduğu əsas məsələləri aşağıdakı kimi səciyyələndirmək olar: "Fərd şəxsiyyət kimi fəaliyyətə başlayandan bəri cəmiyyətdə hansı dəyişikliklər baş verib? İnqilabi hadisələrdən sonrakı əsrdə yazıb-yaradan Ağaoğlu üçün Qərb ölkələrinin əldə etdiyi uğurları görmək heç də çətin deyildi. Amma Ağaoğlu üçün bu məsələnin başqa bir yönümü də vardı: "Nümunəvi fərdi şəxsiyyəti olmayan cəmiyyət cəmiyyətdirmi?" Belə bir cəmiyyət Əhməd bəyə görə, əlsiz-ayaqsız və başsız bir bədənə bənzər".

F.Jorjon Ə.Ağaoğluna və ümumən türk ziyalılarını ingilisdaha çox fransız liberalizminin təsirini, Böyük Britaniyanın Şərqdəki və digər siyasətinin Ə.Ağaoğlu insanların tənqid etdiyini qeyd etmişdir.

F.Jorjon yazır: "Şəxsiyyətə, rəqabətə belə bir yer verən ziyalı öz-özündən soruşsaydı ki, ayə məndəki bu ideyalar hardan gəlməlidir, kimin təsiridir, ingilis liberalizminin təsiri deyilmi? Bax, belə bir sual verilsəydi, yerinə düşərdi. Bütün bunlar, sözün düzü, təkcə Ağaoğlunun xidməti yox, bütövlükdə Osmanlı və türk ziyalılarının xidmətidir. Açığını deyək ki, şəxsiyyət və fərd haqqında əsasən ingilislərə məxsus ideyalar, fransız dilinin və mədəniyyətinin dünya miqyasında geniş yayılmış hegemonluğu kimi böyük bir maniə ilə rastlaşaraq kölgədə qaldı. Bu ideyaların türk elitasına nüfuz etməsi isə əksər hallarda fransız müəlliflərinin xidməti kimi qiymətləndirilməlidir. Məsələn, Sabahəddinin ingilis liberalizmi ilə tanışlığı onun həmin liberalizmin vurğunu olan Edmon Demolini oxuyub mütaliə etməsilə bilavasitə bağlıdır. Ağaoğluya gəldikdə isə, təkidlə demək olar ki, o, XIX əsrin axırlarında İngiltərənin İrana qarşı apardığı hiylə və kələklə dolu siyasətini rədd edən ilk Şərq ziyalılarındandır. Böyük Britaniyanın müsəlman ölkələrinin əsas düşməni olması amilini Əhməd bəy bir an belə unutmamışdı. İngiltərə Xarici İşlər Nazirliyinin geniş planda yaydığı məlumatda Ağaoğlunun ingilis siyasətinə bəslədiyi dərin nifrətin əsassız olduğunu sübut etməyə cəhd edilir. Belə olan tərzdə "Ağaoğlu ingilis demokratiyasından bəhrələnib" demək, ən azı absurddur. Bununla belə, 1925-26-cı illərdən sonra Türkiyə ilə Böyük Britaniya arasında müəyyən razılıq əldə olundu (Mosul məsələsinin nizama salınması). Ağaoğlunun İngiltərəyə münasibətində müəyyən dəyişiklik baş verdi, onun dünyagörüşündə bu təbəddülat 1927-ci ildə yazdığı "Konstitusiya hüququ haqqında qeydlər" əsərində özünü açıq büruzə verdi və İngiltərənin demokratiya sahəsindəki təcrübəsi təqdir olundu. 1929-cu ildə yazdığı "İngiltərə və Hindistan" adlı kitabçası onun İngiltərəyə müsbət münasibətində daha yeni bir addım idi: burada Ağaoğlu İngiltərənin Böyük Xartiyaya qoşulmasından çox məmnun olduğunu qeyd edir, o, ölkədəki demokratik sistemi tərifləyir və başqa ölkələr üçün nümunə göstərir. Əhməd bəyin fikrincə, demokratik sistemin İngiltərədə həyata keçməsi təbii və mütərəqqi yolla mümkün oldu, o, təhrikçilik yolu ilə dağıntı və qan tökmək bahasına başa gələn keçmiş inqilabları tənqid edirdi. O, ingilislərin sahibkarlıq ruhunu təqdir edirbu ruhun başqa xalqlara nifrət və onları əsarətdə saxlamaq meyillərilə müşayiət olunmasına təəssüflənir".

Əsərin "Şərq despotizmi" haqda bölümündə və Ağaoğlunun fransız və ya ingilis liberalizmdən daha çox Şərq despotizmi əleyhinə yönəlmiş liberalizmi müdafiə etdiyini, Fransaya gəldiyi gündən başlayaraq Şərqi idarə edən siyasi sistemin təbiəti ilə tanış olmağa başladığı və səhv olaraq Fransada Ə.Ağaoğlunun "azəri" deyil "iranlı" kimi, "fars" kimi tanınmağı diqqətə çatdırılır. Onun 1889-cu ildə Fransa inqilabının 100 illiyinin keçirildiyi bir vaxtda İran şahının Parisdəki ümumdünya sərgisinə gəlməsinin, Nəsrəddin şahla Fransa Respublikasının prezidenti Karnonun minikdə yan-yana oturduğunun şahidi olduğu qeyd olunur: "Şahın başında almazla bəzədilmiş bərq vuran tac vardı. Sinəsi ordenlərlə, bər-bəzək şeylərilə örtülmüşdü. İri gözləri, qalın qaşları vardı, qaş-qabağını tökmüşdü. Özünü elə dartmışdı ki, təkəbbürü və özündənrazılığı təsəvvürəgəlməz dərəcədə böyük idi. Onun yanında oturmuş Fransa prezidentinin əyin-başı çox sadə idi, uzun ətəkli pencək geyinmişdi, onun adi geyimi şahın geyimi ilə təzad təşkil edirdi. İlk dəfə idi ki, mən yan-yana oturmuş azad millətin təmsilçisi-prezidentlə mütləq monarxiyanın rəmzi olan müstəbidi bir yerdə görürdüm".

Başqa bir məqamda Ağaoğlu qəribə bir səhnənin şahidi olur: "Axşam idi, şah tamaşaçıların ikiqat cərgəsini yara-yara gedirdi. Bu zaman çiyni ilə adamları itələyərkən çiyinliyini yerə salır. Arxadan gələn baş vəzirinə tərəf çevrilərək ona əmr edir: "Qaldır çiyinliyimi!" İzdihamın gözü qarşısında yazıq baş vəzir əyilərək çiyinliyi götürür və nökər kimi qolunun üstünə ataraq, şahın arxasınca gedir. Şahın lövğalığı və təşəxxüsü, baş vəzirin alçaldılması elə, əslində, Şərq despotizminin komponentlərindən biri idi".

Ağaoğlu yaradıcılığında buya digər mövzuya həsr edilmiş böyük əhəmiyyət kəsb edən çoxlu mətnlər toplanmışdı: liberal Qərblə müstəbid Şərq arasında olan ziddiyyətlər, hakimiyyət rəmzlərinin əhəmiyyəti, İran despotizminin nümunəsi kimi mövzular yazıçının yaradıcılığında əsas yerlərdən birini tutur.

Az sonra 1910-cu ildə yazdığı məqaləsində Ağaoğlu Qacar, xüsusilə, Nəsrəddin şah istibdadının acı nəticələrindən uzun-uzadı söhbət açır, onların tətbiq etdiyi idarə üsulunun XIX əsrin II yarısının idarə üsulu ilə üst-üstə düşməsini Şərq üsul-idarəsinin aparıcı əlaməti kimi qiymətləndirir. Məsələn, İran hökuməti nə ədalət, nə də ki, qanun tanıyır. Heç islam dininin özünə də hörmət etmir. Nəsrəddin şah ölkənin sayılan adamlarını və hətta üləmalarını, onların hörmət və izzətini məhv etdi. O, İranı özünün şəxsi malikanəsi hesab edirdi. Bu malikanəni öz qohum-qardaşı, yaxın dost-tanışı arasında istədiyi kimi bölürdü. Onun vaxtında mütləqiyyətin ən sərt üsulları tətbiq olunurdu. Şahın ətrafına, əsasən, yaltaqlar, saray əyanları və şəxsi xeyir güdənlər toplanmışdılar. Heç kim cürət edib hakimiyyəti tənqid eləyə bilməzdi. Zəngin İran ədəbiyyatı öz ənənəvi yerini şahın şəxsiyyətini, onun şərəf və ləyaqətini tərif edən qəsidəyə və mədhiyyəyə verdi. Ölkənin iqtisadiyyatı bərbad hala düşmüşdü, xalqın maddi vəziyyəti dözülməz idi, onların əlində olan az-çox varidatı müxtəlif vasitələrlə əllərindən alınırdı. Minlərlə kəndli İranı tərk edərək başqa ölkələrə üz tuturdu. Vaxtilə güllər diyarı (gülüstan) kimi tanınmış İran indi xarabazara çevrilirdi. Hardasa, maddi ziyana əncam çəkmək olar, onu öz yoluna qoymaq mümkündür, bəs mənəvi ziyan? Nəsrəddin şahın İrana vurduğu o mənəvi ziyanı nə ilə ödəmək mümkün olacaq!

Beləliklə, Ağaoğlu üçün İran Şərq despotizminin əsil paradiqmasıdır. "Üç mədəniyyət" seriyasından yazılmış məqalələri təhlil edərkən istər-istəməz adam orada təsvir olunan "Şərq cəmiyyəti" haqqında tənqidi fikirlərlə rastlaşmalı olur. Məqalələrdə "Şərq cəmiyyəti" Əbdül Həmid Türkiyəsindən çox Nəsrəddin şah İranına daha çox borclu olduğu göstərilir. Burada İran timsalı, Osmanlı və Türk cəmiyyətinin karikaturasını verməyə xidmət edir. Bütün bu eybəcər xüsusiyyətləri ittiham edən Ağaoğlu elə bir qənaətə gəlir ki, Şərq despotizmi nə qədər güclü, iyrənc, tutqungöz oxşamayan rəng çalarları ilə təsvir edilərək tənqid atəşinə tutularsa, azadlıq deyilən amal bir o qədər tez və gözəl qiyafədə regiona varid olar.

Ağaoğlunun fikrincə, Şərq despotizmi Qərbin keçmiş üsul-idarə zamanı tanıdığı despotizmindən qat-qat pisdir. XVI Lüdovikya I Nikolay nə qədər mütləq hökmdar, nə qədər müstəbid olsalar belə, onlar buya digər qanuna tabe olurdular, adət-ənənəyə hörmət edirdilər, hardasa mövcud qanunlar çərçivəsində az-çox fəaliyyət göstərirdilər. Lakin Şərqdə belə deyil, hökmdar yeganə sahibi - ixtiyardır, ölkəni qanunlar yox, hökmdar idarə edir, onun şıltaqlığı xalqı tir-tir əsdirir, o, bütün mövcud qanunların fövqündə dayanır. Vətəndaşların heç biri sabaha ümidlə yaşamır, xoşbəxt olacağına, var-dövlətini əlində saxlaya biləcəyinə əmin deyil.

Şərq despotizminin gücü onun uzunömürlü olmasındadır, qeyri-bəşəri həyat normalarının insan şüuruna güclə yeridilməsindədir. Elə buna görə də istibdad inqilaba qarşı bəzən müqavimət də göstərə bilir, onun qarşısında duruş da gətirə bilir. Hətta azadlıq əldə ediləndən sonra belə istibdad məhv olmur, yaşayır, ömür sürür. Yenə İranın timsalında belə bir misala nəzər yetirək: 1906-cı ildə qəbul edilmiş konstitusiya üsul-idarəsi çox çəkmir ki, yeni bir despotizmlə əvəz olunur. "Azadlıq verilmir, onu alırlar". Ağaoğlu öz fikrini bəlkə də heç vaxt, heç yerdə belə sərbəst, belə dəqiq ifadə edə bilməmişdi. 1905-ci il rus inqilabının bir neçə il müddətində Stolıpin irticasına gətirib çıxarması Ağaoğlunun gözləri qarşısında baş vermişdi. Gənc Türk inqilabına gəldikdə, bu inqilab İran inqilabından fərqlənsə də, tərəqqi və ittifaq komitəsinə əsaslansa da, o da yaşaya bilmədi, cəmiyyətdə dərin kök sala bilmədi. Bu inqilaba bəslədiyi ümidləri boşa çıxmış Ağaoğlu 1910-cu ildə "Osmanlı inqilabı elitaya məxsus hərbi inqilabdır, siyasi inqilabdır. Xalq kütləsi yenə də əvvəlki kimi düşünməkdə davam edir" - deyə qeyd edirdi.

F.Jorjon Ə.Ağaoğlunun hətta Malta həbsxanasında olarkən belə üzvü olduğu Gənc Türk Təşkilatı inqilabının uğursuzluğu haqqında, on il ərzində qazandığı uğurlar və çatışmazlıqlar haqqında düşündüyünü, müxtəlif formalarda təzahür edən Şərq despotizminin canıbərk, davamlı və bütün şəraitdə yaşamağa qadir olması nəticəsinə gəldiyini göstərir: "O, çox vaxt insanların düşüncə tərzinə öz təsirini göstərə bilir, yeni-yeni ürəklər fəth edir, qəlblərdə yerini rahatlayıb möhkəmlənir".

Ə.Ağaoğlu azadlığa çatmaq üçün istibdadın, despotizmin kökünü kəsmək yolları haqqında da düşünür. Bu barədə tədqiqatçı "Azad insanlar ölkəsində" bölümündə məlumat verir.

Bu bölümdən aydın olur ki, Ağaoğlu 1927-ci ildə Malta həbsxanasında Şərq dünyasına aid yazdığı (1919-1920) silsilə məqalələri "Üç mədəniyyət" başlığı altında dərc etdirdi. Girişdə Ağaoğlu yazırdı ki, əsərdə qaldırılan bəzi məsələlərin vaxtı artıq keçmişdi. Belə ki, qərbləşməyə, lazım gəlsə, Qərbə inteqrasiyaya, Qərbdən bəhrələnməyə aid təklif olunan bəzi islahatlar artıq Mustafa Kamal tərəfindən tətbiq edilmiş və həyata keçirilmişdi. F.Jorjon Ə.Ağaoğlunun əsərinin Osmanlı imperiyasının sonlarında türk ziyalısının əhval-ruhiyyəsini, onların siyasi hadisələrə münasibəti və təfəkkür tərzi haqqında gənc nəsil üçün açıqlandığı halda daha faydalı ola bildiyini, bəzi şərhlərlə və izahatlarla razılaşmadığını bıldirir. O, "Üç mədəniyyət" əsərilə üç il sonra yazılmış "Azad insanlar ölkəsində" əsərini müqayisə edərək, belə nəticəyə gəlir ki, Ə.Ağaoğlunu cəlb eləyən fikirlər hər iki əsərdə dəyişməz qalmışdı: "Atatürkün həyata keçirdiyi islahatlara baxmayaraq, Şərq despotizmindən miras qalmış düşüncə tərzi və qarşılıqlı münasibətlər hələ də şüurlara hakim kəsilməkdə davam edir. MonteskyeTokevil kimi bu gənc hüquqşünaslar da 1924-cü il Konstitusiyasının tərtib edilməsində iştirak etmişdi, lakin hüquq idarələri qanunlardan çox adət-ənənəyə daha artıq inanırdı. Adama elə gəlirdi ki, qərbləşmə hüquq idarələrinin, qanunların, Qərbdən əxz edilmiş kodekslərin işidir. Ağaoğlunun fikrincə, bu, mahiyyətcə düz olsa da, Şərq reallığına yalnız tədricən, hissə-hissə tətbiq oluna bilər. Azadlığın siyasihüquqi kadr problemi həll ediləndən sonra qarşıda kütlənin beyninə yeritmək üçün fundamental bir vəzifə də durur - azad vətəndaş, özünü azad hesab etmək və bunu gerçəkliyə çevirmək üçün xalq kütləsinə özünəəminlik təlqin etmək. Bu, Şərqdə azad insanlar ölkəsinin utopik liberallığı təəssüratını bağışlayırdı".

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2013.- 20 avqust.- S.15.