Azərbaycanla Fransanın mədəni
inteqrasiyası: mədəniyyətlərə
qarşılıqlı maraq
1967-ci ildə YUNESKO-nun qərarı ilə müasir fransız şərqşünası, alim, Azərbaycan dilini mükəmməl bilən Lui Bazenin "Mirzə Fətəli Axundov. Komediyalar" əsəri çapdan çıxdı. Lui Bazenin yazdığı ön söz professor Feyzulla Qasımzadənin ön sözü ilə müşaiyət olunmuşdu. Onun kitabı M.F.Axundzadənin həyat və yaradıcılığını Avropada işıqlandıran ən yaxşı əsərlərdən biri hesab olunur.
Tədqiqatçılar Z.Əliyeva və S.Tağızadənin fikrincə, Lui Bazenin yazdığı ön sözdə M.F.Axundzadənin komediyalarının müasir Azərbaycan ədəbiyyatı tarixində mühüm yer tutduğunu, eyni zamanda, onları "Qafqaz müsəlmanlarının milli adət və ənənələrinin, mənəvi dünyası və sosial həyatının ilk realist təsvirini verən, Azərbaycan danışıq dilindən ilk dəfə istifadə edilən ilk ədəbi əsərlər" kimi dəyərləndirmişdir. Mirzə Fətəlinin familiyasının farsca mənasını açan ("Axundzadə" - axund oğlu) onun rusca "Axundov" kimi, adının "Əlinin fəthi" demək olduğunu, Azərbaycan dilini türk-oğuz dillər qrupuna aid olduğunu, azərbaycanlıların şiə təriqətinə etiqad etdiklərini (o cümlədən, dramaturqun ailəsinin də) Mirzə Fətəlinin "müsəlman-şiə tərbiyəsi, ərəb-fars dilləri ilə yanaşı, rus dilini və onun vasitəsilə Avropa mədəniyyətilə ünsiyyətdə olması haqqında məlumatı fransız oxucularına çatdırır.
L.Bazen göstərir ki, Mirzə Fətəlinin intellektual təşəkkülündə bütün Qafqaz xalqlarının yaşadıqları Tiflis mühiti əsas rol oynamışdır: "Tiflisdəki intellektual həyat olduqca intensiv idi və gənc Axundov öz ədəbi və elmi biliklərini sürətlə artırır, müasir dünyanın problemlərilə tanış olaraq özünün rus dilində biliklərini təkmilləşdirirdi. O, öz dövrünün rus yazıçılarının gənc nəslinin yeni ideyalarından vəcdə gəlirdi. O, Puşkinə, Lermontova qızğın məhəbbət bəsləyirdi. Rus yazıçılarının əsərlərinin və rus dilinin vasitəsilə Qərbi Avropa ilə tanış olurdu. Fransa tarixinə və ədəbiyyatına böyük maraq göstərirdi".
L.Bazen M.F.Axundovun Avropa teatrı açdığını və dramaturq kimi yetişməsində Molyerin təsirini xüsusi qeyd edir. "O, dərhal Molyerdən təsirləndi, Molyerin ironiyası, skeptizmi onun şəxsi temperamentinə uyğun gəlirdi. Tezliklə onda bir ideya yarandı: komediyalarını canlı danışıq dilində yazmalı. Onda öz cəmiyyətini, Azərbaycan xalqının milli xüsusiyyətlərini təsvir etmək fikri oyandı. O, öz komediyalarını doğma ana dilində canlı dialoq əsasında yazmaq istəyirdi. Qərb teatrı tamaşalarından, xüsusilə, Molyerin əsərlərindən ruhlanaraq, o, XIX əsrin bir çox Şərq yazıçıları kimi Qərb teatrı nümunələrini təqlid etmək yolu seçmədi. Onun mədəniyyətinin beynəlmiləl xarakteri gerçəklikdə milli hisslərini azacıq da olsa zəiflətmədi. Bu, ona dini fanatizm və şovinizmdən azad olmaqda şüurlu, ayıq, daha dərin bəşəri olmaqda kömək etdi. Digər tərəfdən, onun xidməti təcrübəsi, doğma yurduna etdiyi tez-tez səfərlər, xalq həyatının xüsusiyyətlərini və əhalinin müxtəlif təbəqələrinin əhval-ruhiyyəsini daha dərindən və dəqiq öyrənməyə imkan verdi. Bu və onun anadangəlmə müşahidəçilik qabiliyyəti və istedadı onun insan psixologiyasının incəliklərini üzə çıxarmaqda kömək etdi. O özünün çoxşaxəli ədəbi biliyindən Azərbaycan xalqının adətləri və cəmiyyət həyatını təhlil etmək istedadından istifadə edərək maksimum fayda verdi".
L.Bazen Avropa tədqiqatçılarına M.F.Axundzadənin komediyalarının 1861-ci il ikinci nəşrinin (buraya "Aldanmış kəvakib" və ya avropalıların dediyi kimi "Yusif şah" povesti də əlavə edildi) tanış olduqlarını göstərir. "Bunun əsasında Axundovun əsərləri tərcümə olundu və onun yaradıcılığı Fransada, İngiltərə və Avstriyada öyrənildi. Bu nəşr Mirzə Cəfər tərəfindən fars dilinə tərcümə olundu ki, Qərb tərcüməçiləri də ondan istifadə etdilər. L.Bazen M.F.Axundzadənin əsərlərinin Bakı və Tiflisdə rus və erməni dillərində də tamaşaya qoyulması haqqında da məlumat verir.
L.Bazen Avropa tədqiqatılarının, xüsusilə, türkoloqlar və iranşünasların M.F.Axunzadənin teatr yaradıcılığına maraqlarının onun ölümündən bir neçə il sonra başladığını qeyd edir. İlk illərdə Mirzə Cəfərin farsca tərcüməsindən istifadə edildiyini göstərən L.Bazen bunun səbəbini belə izah edirdi: "Həqiqətən, axı ingilis, fransız, Avstriya və alman şərqşünasları fars və türk-osmanlı dilini yaxşı bildikləri halda Azərbaycan-türk dilini bilmirdilər. Onlar Azərbaycan dilini danışıq dili forması hesab edirdilər, çünki onların əlində bu dilin sistemi - qrammatikası və lüğəti yox idi. L.Bazen ingilis dilinə tərcümə edilmiş ilk komediyanı "Hekayəti-vəziri-xani Lənkəran" pyesini səhv olaraq fars komediyası kimi təqdim etmələrini tənqid edir. "Hətta tərcüməçilər Haqqard və Streynjin əsərin Azərbaycan orijinalını "unutdular".
L.Bazen düzgün olaraq Barbye de Meynar və S.Qyarın tərcümə edib Parisdə nəşr etdikləri üç komediyanı "fars dilinin türk - Azərbaycan dialektində" yazıldığını tənqid edir: "Azərbaycan müəllifinin adı, hətta redaksiya heyətində belə çəkilməmişdi". Barbye de Meynarın "Aziatik" jurnalında çıxmış tərcüməsi də səhv olaraq "Kimyagər" türk-Azərbaycan dialektində" adlanırdı.
1886-cı ildə
pyeslərin Londonda ingilis
tərcüməsi fars variantı ilə
birlikdə çapdan
çıxmışdı. Buna baxmayaraq, Barbye de Meynar tərcümə
zamanı əsərlərin Azərbaycan variantlarından deyil, fars variantından
istifadə etmişdir. A.Sillier, Adolf Varmund
da tərcümə zamanı fars
variantlarından istifadə
etmişlər.
L.Bazen Azərbaycan dilində ilk dəfə olaraq orijinal mətnə fransız şərqşünası
Lüsyen Buvanın
1904-cü ildə Parisdə
"Aziatik"də nəşr
etdirdiyi "Xəsis",
1906-cı ildə Parisdə
nəşr etdirdiyi
"Müsyö Jordan" və 1909-cu ildə Barbye de Meynarın Parisdə nəşr etdirdiyi "Xırs quldurbasan" pyeslərində
ciddi yanaşdıqlarını
qeyd edir. "Bir sıra
dəyərli cəhətlərinə
baxmayaraq bu tərcümələr (qeyd
edək ki, sonuncu bunların içərisində ən
yaxşısı idi)
Mirzə Cəfərin
fars variantının güclü təsiri altında idi".
L.Bazen öz tədqiqatlarında
1938-ci ildə Bakıda
M.F.Axundzadənin latın
qrafikasında nəşr
olunan Azərbaycan dilindəki orijinal mətndən istifadə etdiyini, orijinal mətnə maksimum sadiq olduğunu, adların Azərbaycan dili formasını saxladığını, hərfi
tərcümədən qaçdığını,
qeydlərdən istifadə
etdiyini göstərir:
"Biz qeydlərdə yeri
gəldikcə oxuculara
xalqın adətləri
haqqında məlumatlar,
tarixi-coğrafi izahlar
verməyə çalışmışıq.
Bunsuz belə aşkar spesifik yerli koloritli əsəri qiymətləndirmək və
anlamaq qeyri-mümkün
idi".
Fransız yazıçısı və
ictimai xadimi Fransa Kommunist Partiyasınin üzvü şair-sürrealist Beynəlxalq
Lenin mükafatı laureatı
Lui Araqon 1955-ci ildə Parisdə yazdığı "Sovet
mədəniyyəti" kitabında
Azərbaycan klassikləri,
o cümlədən, M.F.Axundzadənin
həyat və yaradıcılığı haqında
məlumat vermişdir.
Lui Araqon M.F.Axundzadəni
"Öz doğma Azərbaycan mədəniyyəti
və rus mədəniyyəti arasında
canlı əlaqə yaradan dramaturq, ictimai xadim kimi"
səciyyələndirərək, onun görüşlərinin
rus və fransız maarifçilərinin
təsiri altında formalaşdığını, görkəmli mütəfəkkirin
Rusiya, Türkiyə və İrana münasibəti, əlifba
islahatı uğrunda mübarizəsi haqqında
məlumat vermişdir.
Mühafizəkarlar tərəfindən
M.F.Axundzadənin maarifçilik
fəaliyyətinin düşmənçiliklə
qarşılandığını və "islama satqınçılıq" kimi
dəyərləndiyini göstərən
Lui Araqon bir kommunist kimi
M.F.Axundzadənin arzularının
yalnız "sovet hakimiyyəti illərində
reallığa çevrildyini"
qeyd edir.
XX əsrin görkəmli Azərbaycan
şairi, fransız maarifçilərinin məfkurəvi
sərvətlərindən özünə uyğun, öz dünyagörüşünə,
öz mənəvi-ruhi
aləminə uyğun
şəkildə əxz
etmiş M.Hadi "...azadfikirlilik təbliğ edən, zadəganların
silk xülyalarını tənqidə
tutması, burjuaların
dar düşüncələrini
rişxənd hədəfinə
çevirən XVIII əsr
fransız yazıçısı
Jan Batist Molyerə yüksək qiymət verir, XVIII əsr elm aləminin təsiri altında müəyyənləşən,
dualist mahiyyətli... dini-fəlsəfi
görüşlər təbliğ
edən, bu ictimai müqavilə təlimində feodalizmin eyiblərini qızğın
ifşa edən, ədalətli ictimai quruluş sorağında olan fransız filosofu Jan-Jak Russo haqqında bəhs edir, yenə XVIII əsrdə Fransada ədəbiyyat və fəlsəfə sahəsində
məşhurlaşan dini
cəhalətə qarşı
qızğın mübarizə
aparan, fransız maarifçiliyinin rəhbərlərindən
biri sayılan Fransua Volterin yaradıcılığına bələd
olduğunu göstərir,
XIX əsrin böyük
fransız yazıçısı,
Fransa romantizmində demokratik qanadın başçısı Viktor Hüqonun
yaradıcılığını səmimiyyətlə yad edir.
M.Ağamirov yazır ki, M.Hadi zəkasının qidalandığı ideya mənbələrinin nə qədər əlvan, rəngarəng olduğu aydınlaşır. Bunlar onun dünyagörüşünə təsir göstərir, onun fəlsəfi baxışlarını bəhrələndirir, onun zehnində öz mürəkkəb sintezini tapır, müəyyən fikri nəticələr halını alır, sonra da şairin odlu şeirlərinin misralarına süzülür, elmi məqalələrinin ruhunda öz ifadəsini tapır. Onun çıxardığı əqli nəticələr özü də bir cür, bir halda qalmır, get-gedə yeniləşir, başqalaşır, təkmilləşir".
Fransız maarifçilərinin təsirilə hürriyyət, bərabərlik, ədalətdən bəhs edən şahla xalqın, dövlətlə xalqın birliyini, konstitusiyalı, ədalətli dövlət, ədalətli hökmdar ideyasını müdafiə edən şair "Təraneyi-vətənpərəsanı" şeirində M.Hadi cəmiyyətdə məhvedici, cismani zülm doğuran mənəvi qüvvənin "qüvveyi-zahireyi cismaniyyə və qüvveyi-müstəbdeyi-ruhaniyyənin" mövcudluğunu, bu qüvvələrin "bəşəriyyəni həfreyi-müzlumeyi-izmehlala" sürüklədiyini faciələrə səbəb olduğunu, tarixdə mütərəqqi, dahi şəxsiyyətləri məhv etdiyini göstərir və belə bir sualla ictimaiyyətə müraciət edirdi: "Volterləri, Russoları, Viktor Hüqoları cəzirələrə, mənfalara kimlər sürgün etdirdi?".
1910-cu il yanvarın 20-də "Səda" qəzetinin 16-cı sayında çapdan çıxmış "Qəzetlərimiz və mühərrirlərimiz" adlı məqaləsində M.Hadi XVIII əsrdə Avropada, o cümlədən, Fransada zühur edən mühərrirlərin və filosofların əksəriyyətinin "əxlaqiyyat, ədəbiyyat və təlim-tərbiyə ilə" məşğul olub maarifçilik yoluna qoyduqlarını, "ovram və xurafatı yandırmağa qələmlərindən ailəsinin şəraşərlər" yağdırdıqlarını, "çürük qanları təsviyyəyə, xəstə ruhları məşfiyəyə, bozuq etiqadları tərbiyə ilə düzəltməyə gecə-gündüz" çalışdıqlarını, "camaatın əxlaq və əfkarı təhzib və tənvir edildikdən sonra siyasəti-maddiyəni orta sürməyə" başladıqlarını və beləliklə, "mənafeyi-milliyyə, səadətini-vətəniyyələrini təmin edə bildiklərini" göstərir.
M.Hadi fransız maarifçilərinin tərbiyə və maarifçilik ideyalarından istifadə etməyi, Azərbaycanın "səviyyeyi-ürfanının hənüz siyasətə müstəid olmadığını, millətin son dərəcə möhtac bulunduğu əxlaqiyyat, ədəbiyyat və təsviri əfkar dərslərini məktəblərdən, müəllimlərdən, məktəbi-səyyar olan mətbuat və mühərrilərdən öyrənməyi tövsiyə edirdi".
M.Hadi fransız maarifçilərinin irəli sürdükləri və Fransa inqilabı zamanı gerçəkləşdirdikləri ideyaları "azadlıq, bərabərlik, ədalət" ideyalarını tərəqqi və inkişaf üçün zəruri olan "amil" hesab edərək yazırdı: "Küskün dodaqlar yek-digərini öpür. Məhəbbət qanmış, anlamış olan insanlar bir-birini sevir... qardaşlıq işığı parlayır, ayrılıq odu sönmür".
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2013.- 21 avqust.- S.15.