İnkişafın Azərbaycan modelinin daha da zənginləşdirilməsi üçün davamlı addımlar
atılır
Müsahibimiz Milli Məclisin deputatı Əliağa Hüseynovdur
- Əliağa müəllim, təbii ki, hər il mühüm hadisələri ilə diqqət çəkir, yadda qalan olur. 2013-cü ili necə şərh edərdiniz?
- Bu il ilk olaraq xalqımızın böyük oğlu, tarixi şəxsiyyət, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyini təntənə ilə qeyd etdik. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə dahi şəxsiyyətin 90 illik yubileyinin ölkəmizdə dövlət səviyyəsində qeyd olunması bir daha onun xalqımız, dövlətimiz qarşısındakı xidmətlərinin təhlili, görülən işlərin bugünkü Azərbaycanımız üçün möhkəm təməl olduğunun gənc nəslə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb etdi.
Tarixə nəzər salaq. Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövründə xalqa, dövlətə xidmət onun fəaliyyətinin əsasını təşkil edib. «Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır» söyləyən ulu öndər Heydər Əliyev bununla vətənpərvərlik hissinin nə qədər böyük olduğunu nümayiş etdirmişdir. Vətənpərvərlik yalnız torpaq, vətən uğrunda şəhid olmaq kimi başa düşülməməlidir. Heydər Əliyevə ümumxalq sevgisi qazandıran, onu xalqın ümummilli lideri kimi tanıdan təbii ki, xalqı, dövləti üçün gördüyü misilsiz işlər, göstərdiyi xidmətlərdir. O bildirmişdir: «Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır. Mənim başqa məqsədim, amalım yoxdur. Bunu isə mən xalqla birlikdə, xalqın dəyərli insanları, hörmətli adamları ilə, xalqın irəli çəkdiyi nümayəndələri ilə birlikdə edə bilərim.» Hazırkı dövrdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin bir şəkildə inteqrasiya prosesi hələ 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır. 14 iyul 1969-cu ildə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı proqramlar iqtisadi potensialın formalaşdırılmasına yönəldilərək bugünkü müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdı. Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövrünün ümumi cəhətləri mövcuddur. 1969-cu ildə Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz onun rəhbərliyə gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşandı. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı isə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən, xaosdan, anarxiyadan, iqtisadi böhrandan xilas etdi və xalqda sabaha inam hissi yaratdı. 1993-cü ilin iyun hadisələrini yada salaq. Səriştəsiz, dövlət idarəçiliyindən xəbərsiz iqtidarın özbaşınalığının şahidi olan xalq gündən-günə alovlanan qardaş qırğınından sarsılmışdı. Vətəndaş müharibəsinin qarşısını almaq üçün xalq xilaskar axtarırdı. İstər silah gücünə hakimiyyəti zəbt etmiş AXC-Müsavat iqtidarı, istərsə də geniş xalq kütləsi çox yaxşı bilirdi ki, hadisələr bu şəkildə davam edə bilməz. Azərbaycan olumla ölüm dilemması qarşısında qalmışdı. Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə qayıdışı tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri də dahi şəxsiyyət Heydər Əliyevi Bakıya dəvət etmək məcburiyyətində qalmışdılar. Belə bir çətin məqamda ümummilli lider Heydər Əliyev iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Ulu öndər özünəməxsus müdrikliklə hərəkət etdi, xalqının xilası naminə həyatını təhlükə altına atmaqdan belə çəkinmədi, Gəncəyə getdi. Vəziyyətlə ətraflı tanış olan ulu öndər Heydər Əliyev şəhər sakinləri, əsgərlər və hərbi qulluqçularla görüşdü. Ulu öndər silahlı iki əks tərəfin qarşısına sözlə, məntiqlə, ağlın, zəkanın qüdrəti ilə çıxdı. Beləliklə, meydanlarda Vətən və xalq adından danışan AXC-Müsavat başbilənləri hakimiyyətdən getməyə məcbur oldular. Ulu öndər Heydər Əliyevin dövlətçilik təcrübəsi ölkəmizi parçalanıb məhv olmaqdan xilas etdi. İyun hadisələri Azərbaycanın qurtuluş yolunda ilk, həlledici addımı idi. Müharibə burulğanında çırpınan ölkəni bu kimi bəlalardan yalnız və yalnız ulu öndər Heydər Əliyev kimi müdrik bir şəxsiyyət xilas edə bilərdi və xilas etdi də.
Ulu öndərin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik, əmin-amanlıq yarandı, atəşkəs əldə olundu. Düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycan müstəqil dövlət kimi beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirdi, siyasi çəkisini artırdı. Onun Azərbaycan hakimiyyətinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. 15 iyunun tarixə Milli Qurtuluş Günü kimi daxil olması bir daha ulu öndərin misilsiz xidmətlərinin ümumiləşdirilmiş ifadəsidir.
Bir məqamı da xüsusi vurğulamaq istərdim ki, bir dövləti dünyada tanıdan siyasəti ilə yanaşı, dili, mədəniyyəti, milli mənəvi dəyərləri, tarixi, yüksək rütbəli generallarıdır. Ulu öndər Heydər Əliyev Azərbaycanın malik olduğu bu potensialın, imkanların dünyaya təqdimatını həyata keçirdi. Dahi şəxsiyyətin xidmətlərindən bəhs edərkən onun müəllifi olduğu neft strategiyasının Azərbaycana qazandırdığı uğurları xüsusi qeyd etməliyik. Bu uğurlara yol açan əsas amillərdən biri də dahi şəxsiyyətin səyi nəticəsində 1994-cü ilin mayında Ermənistanla atəşkəs sazişinin imzanması oldu. Atəşkəs ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində həlledici rol oynadı. Bir məqamı da xüsusi qeyd edim ki, Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiyaya son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdur ki, bunlar Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanılmışdır.
Təbii ki, ümumilili lider Heydər Əliyevin xidmətlərini bir sual çərçivəsində qeyd etmək qeyri-mümkündür. Bu fikri böyük inamla qeyd edirik ki, Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Son on ildə Heydər Əliyev məktəbinin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycana daha böyük uğurlar qazandırır. Bu gün Azərbaycanı möhkəm təməl üzərində dayanan bir binaya bənzətmək olar. Uğurlar biri-birini əvəzlədikcə binanın mərtəbələrinin sayı artır, ən yüksəkliyə qalxır. O zirvədən geri baxanda görülən işlərin böyüklüyünü, onların fonunda müstəqil Azərbaycanımızın uğurlu gələcəyini daha aydın görürük. Heydər Əliyev irsini öyrənməli və gələcək nəsillərə çatdırmalıyıq. Azərbaycanın müstəqillik yolunda üzləşdiyi çətinliklər və bugünkü inkişafa gəlib çatması barədə gənclərimiz o qədər də məlumatlı deyillər. Onları məlumatlandırmaq, Azərbaycanın müstəqillik tarixində qazandığı uğurları təbliğ etmək, bir sözlə tariximizin hər bir səhifəsini öyrənmək ən ümdə vəzifəmiz olmalıdır.
- Son on ilə baxış etdikdə Əliağa müəllim hansı məqamları qeyd etmək istərdi?
- Bu fikri mən də hər zaman əsas tuturam ki, uğurlu siyasət yeni hədəflərin, vəzifələrin müəyyənləşdirilməsində bir yol xəritəsidir. Ulu öndər Heydər Əliyev məktəbinin davamçısı Prezident İlham Əliyevin ilk gündən iqtisadiyyatı hər bir inkişafın təməl daşı kimi dəyərləndirməsi 2003-cü ildə müsahibələrində söylədiyi «Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir» vədinin konkret əməli işdə təsdiqini tapdığını sübut etdi. Çünki dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, güclü iqtisadiyyatı olan dövlət hər şeyə qadirdir. Heydər Əliyev iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verməklə bugünkü inkişafın təməlini qoydu. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində neft gəlirlərindən səmərəli istifadə iqtisadiyyatın şaxələndirilməsini reallığa çevirdi. 2004-2008-ci illər üçün nəzərdə tutulan regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrası, beş il üçün nəzərdə tutulan vəzifələrin lazımi səviyyədə yerinə yetirilməsi növbəti proqramın-2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının qəbulunu şərtləndirdi. Dövlət başçısı İlham Əliyev regional inkişaf proqramlarının icrası ilə yaxından tanış olmaq üçün mütəmadi bölgələrdə səfərlərdə olur, yeni obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak edir. Təbii ki, bu diqqət ictimaiyyətdə böyük ruh yüksəkliyi yaradır. Son 10 ildə Azərbaycan iqtisadiyyatının 3 dəfə, dövlət büdcəsinin 20 dəfədən çox artması, 47 milyard dollar həcmində valyuta ehtiyatının toplanması böyük uğurdur. Dövlət büdcəmiz 25 milyard dollardan çoxdur. Ölkəmizdə bütün istiqamətlərdə işlər plan üzrə, proqramlar üzrə həyata keçirilir. Dövlət başçısı İlham Əliyev inkişafın Azərbaycan modelinin daha da zənginləşdirilməsi üçün davamlı addımlar atır. Ölkə başçısının sərəncamı əsasında işlənib hazırlanan və təsdiq olunan «Azərbaycan 2020:Gələcəyə baxış» İnkişaf Konsepsiyasında yeni prioritetlər və onların icrası yolları öz əksini tapıb. Azərbaycanı yaxın on ildə inkişaf etmiş ölkələr sırasında görmək başlıca hədəfdir. Yenə də qeyd etmək istərdim ki, bu hədəfi şərtləndirən əsas amil Azərbaycanın düzgün qurulan siyasətin nəticəsində qazandığı uğurlardır. İqtisadi uğurlarımız ölkəmizin beynəlxalq aləmdə yeri və roluna da öz müsbət təsirini göstərir. Ən böyük uğurumuz Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsidir. Bu bir daha onu göstərdi ki, Azərbaycanın ədalətli mövqeyi beynəlxalq aləmdə dəstəklənir, düzgün təmələ əsaslanan siyasət uğurların davamlılığına stimul verir. Bir sözlə, son on ilin uğurları həyata keçirilən siyasətin alternativi olmadığını təsdiqləyir.
- Əliağa müəllim, Milli Məclisin üzvü kimi daim xalqın arasında olur, onların fikirlərini bölüşürsünuz. Seçicilərin arasında olan bir təmsilçi kimi reallıqların dəyərləndirilməsi baxımından nə deyərdiniz?
- Təbii ki, seçicilərimlə tez-tez görüşür, onların fikirlərini bilmək mənim üçün maraqlıdır. Bitərəf olaraq hər zaman reallıqları olduğu kimi dəyərləndirməyə, ictimaiyyətin fikirlərini öyrənməyə çalışmışam. Hər zaman da həyata keçirilən siyasətə dəstəyin şahidi oluram. Əbəs yerə deyilmir ki, xalqın gözü tərəzidir. Müasirləşmədən, modernləşmədən danışdığmız bugünkü gündə insanların həyata baxışlarında, düşüncələrində də bu yeniliklər özünü büruzə verməlidir. Xalq daha çox gerçəkliyə dəyər verir. Bir halda ki, reallıqların içərisindədirlər, nə üçün yaradılan demokratik şəraitdən istifadə edib öz fikirlərin sərbəst söyləməsinlər. Reallıq budur ki, Azərbaycanımız quruculuq meydançasını xatırladır. Bu gün hər bir bölgəmiz inkişaf, tərəqqi dövrünü yaşayır. Dövlət başçısının da qeyd etdiyi kimi, bölgələr arasında sağlam rəqabət gedir. İqtisadi inkişaf insanların sosial rifah halının yaxşılaşdırılmasında da özünü təsdiqləyir. Son illərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsini, əhalinin rifah halının yüksəldilməsini təmin edən islahatlar da diqqətəlayiqdir. Aparılan islahatlar göstərdi ki, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, yeni iş yerlərinin açılması, əməkhaqqı siyasətinin davam etdirilməsi, yoxsulluğun səviyyəsinin aşağı salınması, Məşğulluq Siyasətinin tətbiqi populist vədlər deyil, realllıqdır. İnkişaf etmiş ölkələr sırasında birgə addımlamağı qarşıya prioritet vəzifə kimi qoyan Azərbaycan dövləti hərtərəfli inkişafın vacib amili kimi Bakı və Bakıətrafı qəsəbələrin, regionların sosial-iqtisadi inkişafını hər zaman diqqətdə saxlayır. Bu diqqət və qayğı ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir, sabaha böyük inamla irəliləmələrinə əsas verir. Daim xalqına arxalanan möhtərəm Prezidentimiz həyata keçirilən siyasətin əsasında Azərbaycan vətəndaşının dayandığını bildirir və bunu əməli işləri ilə təsdiqləyir.
- Əliağa müəllim, bir general, parlamentin təhlükəsizlik və müdafiə komitəsinin üzvü kimi Azərbaycanın bugünkü hərbi qüdrəti barədə fikirlərinizi bilmək istərdik...
- Müstəqil Azərbaycanımızın bu sahədə qazandığı uğurlar da bizi müstəqilliyimizin ilk illərində yaşananları bir daha xatırlatmaq məcburiyyətində qoyur. Məlum olduğu kimi, həmin dövrdə silahlı qüvvələr torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilmişdir. 20 faiz torpaqlarımızın işğalında bu amilin rolu az deyil. Yalnız dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu sahədə də mövcud vəziyyətin yaxşılaşdırılmasına, ordunun maddi-texniki bazasının formalaşdırılmasına, gənclərdə vətənpərvərlik hissinin daha da yüksəlməsinə böyük stimul oldu. Ulu öndər bildirirdi ki, bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik. 1994-cü il mayın 12-də dahi şəxsiyyət Heydər Əliyevin böyük səyləri nəticəsində Ermənistanla atəşkəs sazişinin imzalanması bir daha ölkəmizin sülh siyasətinə sadiqliyini nümayiş etdirdi. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən 26 İyun Silahlı Qüvvələr Gününün Azərbaycanda ümumxalq bayramı kimi qeyd olunması orduya diqqət və qayğının bariz nümunəsidir. Milli kadrlar hesabına möhkəmlənən ordumuzda xidmət edən zabitlərin əksəriyyəti ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaratdığı və Azərbaycanın hərb tarixində xüsusi yeri olan Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları, quru qoşunlarının, hərbi hava və hərbi dəniz qüvvələrinin məzunlarıdırlar. Üzaqgörən siyasətçi aydın başa düşürdü ki, vaxt gələcək Azərbaycan öz süverenliyinə qoşulacaq. Bu zaman Azərbaycanın milli kadrlardan formalaşan hərbçilərə, zabitlərə ehtiyac yaranacaq. Bütün təzyiqlərə baxmayaraq C.Naxçıvanski adına hərbi məktəbin yaradılması ulu öndərin Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətləri sırasındadır. Zabit kadrların hazırlanması üçün ilk mərhələ sayılan bu məktəb müstəqillik illərində fəaliyyətə başlayan Ali Ümumqoşun Komandirləri, Dənizçilik, Sərhəd Qoşunları, Aviasiya Akademiyaları üçün təməl oldu. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin zabitləri demək olar ki, tam milli kadrlar hesabına formalaşıb ki, bu da ulu öndərin məqsədlərinin reallaşmasının ifadəsidir. Bununla kifayətlənməyən ulu öndər daha təcrübəli hərbçilərin yetişməsi üçün əlavə tədbirlər də müəyyənləşdirdi. Belə ki azərbaycanlı gənclərin SSRİ-nin tanınmış ali hərbi məktəblərinə göndərilməsini də unutmadı. Məhz o illərdə 700-1000 nəfər orta məktəb məzunu ali hərbi məktəblərdə təhsillərini davam etdirməklə gələcəyin mütəxəssisləri kimi etimadı doğrultdular. Müstəqilliyin ilk illərində Silahlı Qüvvələrin formalaşmasında həmin gənclərin böyük xidmətləri və əməyi olmuşdur ki, bunun üçün də xalqımız Heydər Əliyevə daim minnətdar olmalıdır.
Son illərdə imkan və potensialı daha da artan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik, Ali Hərbi Təyyarəçilik məktəblərinin kursant və şahinləri hər zaman döyüşə hazır olduqlarını keçirilən hərbi paradlarda bir daha nümayiş etdirirlər. Bircə faktı qeyd etmək kifayətdir ki, Silahlı Qüvvələr Günündə təşkil olunan hərbi parad müdafiə qüdrəti günbəgün güclənən, təkmilləşən, mükəmməl, müasir texnika və avadanlıqlarla təchiz olunan Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etməyə qadir olduğunu göstərdi. Azərbaycanda yeni yaradılsa da iştirak etdiyi beynəlxalq sərgilərdə istehsal etdiyi məhsullarla diqqəti çəkən Müdafiə Sənayesi Nazirliyinin hərbi təyinatlı məhsullarının çeşidlərinin artması bir daha qazanılan uğurların göstəriciləri kimi dəyərləndirilməlidir.
Azərbaycanın diplomatiya sahəsində qazandığı uğurlar, eyni zamanda hərbi qüdrətinin günbəgün güclənməsi yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini yaxınlaşdırır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsində erməni işğalçılarının Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etmələri qeyd olunur. Digər beynəlxalq qurumların da Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamədə Ermənistanın işğalçılıq siyasət yeritdiyi faktlar əsasında öz əksini tapır. Dövlət başçısı İlham Əliyev hər bir çıxışında bəyan edir ki, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməycək. Bir general kimi mən də demək istəyirəm ki, biz də dövlətin siyasətinə dəstək olub, torpaqlarımızın işğaldan azad olunmasına nail olacağıq. Azərbaycan məsələni sülh yolu ilə həll etməyə çalışır. Amma hərb variantının istisna olunmadığını da bəyan edir. Azərbaycanın qeyd etdiyimiz kimi, güclü, qüdrətli, işğal altında olan toraqlarını azad etməyə qadir ordusu vardır. Ordumuzun gücü zəmanət verir ki, Ermənistanla müharibə aparaq və qalib gələk. Amma böyük insan itkisini nəzərə alan dövlətimiz çalışır ki, münaqişə sülh danışıqları əsasında həll olunsun. Dövlətimizin tarixi faktlara, həqiqətlərə əsaslanan mövqeyi beynəlxalq birlik tərəfindən də dəstəklənir. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı hadisəsinin soyqırımı kimi tanıdılması istiqamətində atılan addımlar öz müsbət nəticəsini verir. Pakistan, Kolumbiya, Meksikanın, ABŞ-ın bir çox ştatlarının Xocalı faciəsini soyqırımı kimi tanıması diplomatik uğurlarımızdandır. Pakistan-Azərbaycan Dostluq Qrupunun rəhbəri kimi deyə bilərəm ki, bu ölkənin Azərbaycanın mövqeyinə dəstəyi böyükdür. Bütün bunlar Prezidentimizin uğurlu siyasətinin nəticəsidir.
Bu günlərdə Rusiya Feredrasiyasının prezidenti V.Putinin prezident seçildikdən sonra ilk səfərini Ermənistana yox, Azərbaycana etməsi də xüsusi qeyd etmək istərdim. Həm qonşu dövlət, eyni zamanda Dağlıq Qarabağ probleminin həllində vasitəçi missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupuna həmsədr ölkə kimi Rusiyanın mövqeyi ölkəmiz üçün önəmlidir. Əminik ki, dövlətimizin uğurlu siyasəti nəticəsində torpaqlarımız tezliklə işğaldan azad olacaq, Azərbaycanın üçrəngli bayrağı Şuşamızda dalğalanacaq. O gün uzaqda deyil. Möhtərəm Prezidentimiz İlham Əliyevin böyük qətiyyətlə söylədiyi kimi, hər gün, hər an bizi qələbəyə yaxınlaşdırır.
- Bu ilin mühüm hadisələrindən biri də təbii ki, prezident seçkiləridir. Bir Azərbaycan vətəndaşı olaraq fikirlərinizi bilmək maraqlı olardı...
- Yenə də təkrar etmək istəyirəm ki, Azərbaycan demokratik ölkədir. Hər kəs öz seçimində sərbəstdir, müstəqildir. Bütün siyasi partiyalara seçkilərdə qatılmaq üçün eyni şərait yaradılır. İrəli sürülən namizədlərin heç bir problemlə üzləşmədən qeydiyyatdan keçmələri, sağlam rəqabət şəraitində təbliğat və təşviqatını həyata keçirmələri üçün yaradılan demokratik şərait təqdir olunandır. Amma nəzərə alsaq ki, seçki bir sınaq imtahanıdır, bu halda namizədliyini irəli sürən hər kəs bir anlıq da olsa, öz fəaliyyətinə, bu günə qədər xalqı, ölkəsi üçün nə kimi işlər gördüyünə diqqət yetirməlidir. Xalqımız ağıllı və yaxşıya qiymət verməyi bacaran xalqdır. Heydər Əliyev məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevə və onun son on ildə gördüyü işlərə beynəlxalq səviyyədə verilən qiymətə diqqət yetirmək kifayətdir. İlham Əliyev iqtisadiyyatı dərindən bilən, yenilikçi, praqmatik düşüncəli, uğurlu addımları ilə dahi şəxsiyyət Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyasını təkmilləşdirən liderdir. Milli Konstitusiyamız imkan verir ki, ölkəsini, xalqını daim irəli aparan, beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirən, hər bir vətəndaşın Prezidenti olduğunu gördüyü işləri ilə təsdiqləyən şəxs ölkədə keçirilən seçki proseslərində dəfələrlə iştirak edib, qələbə qazansın. Xalqımızın cənab İlham Əliyevə dəstəyi, onun ətrafında sıx birləşdiyi günümüzün reallığıdır. Tam əminik ki, müdrik xalqımız qarşıdan gələn prezident seçkilərində də fəal iştirak edib, öz düzgün seçimini edəcək, cənab İlham Əliyev yenidən növbəti beş il üçün müstəqil Azərbaycanımızın Prezidenti seçiləcək. Cənab İlham Əliyevə alternativ namizəd yoxdur. 2013-cü il 9 oktyabr prezident seçkiləri bir daha cənab İlham Əliyevin qələbəsi kimi tarixə yazılacaq.
Səs.- 2013.- 21 avqust.- S.12.