Azərbaycanla Fransanın mədəni inteqrasiyası: milli mədəniyyətə fransız marağı

 

 

 

Qərbi Avropanın aparıcı dövlətlərindən olan Fransa ilə Azərbaycan arasında mədəni əlaqələrin mövcudluğu bütün tarixi zamanlarda aktual olub. Çünki Fransa dünya mədəniyyətinin sivil beşiklərindən biri sayılır. Beynəlxalq proseslərdə həmişə aparıcı mövqe tutmuş Fransa özünün həm daxili, həm də xarici siyasətində mədəni əlaqələrin inkişaf etdirilməsi istiqamətinə daim önəmli yer vermişdir. Bu strategiyada əsas məqsəd dünya siyasətində qabarıq mövqe tutmaq cəhdidir. Bütün tarixi dövrlərdə, o cümlədən, müasir zamanda bunu Fransanın Yaxın və Orta Şərq, Mərkəzi və Şərqi Avropa, MDB ölkələri, Afrika, Asiya ölkələri ilə əlaqələrin dinamikası üzrə atılan addımlardan da çox aydın şəkildə hiss etmək olar.

Tədqiqatçı Z.Əliyeva Fransa ədəbi-nəzəri fikrinin Azərbaycan milli mədəniyyətinə marağına toxunaraq yazır ki, F.Jorjon əsərində nəzərə çarpdırır ki, konstitusiyada təsbit olunan qanunlar mahiyyətcə müxtəlif cərəyanlara istinad edirdi. Əsas və aparıcı cərəyan 1789-cu il inqilabının doğurduğu fransız liberal ənənəsidir. Ölkəni idarə edən hüquqi qanunlar, əsasən, Vətəndaş və İnsan Hüquqları Bəyannaməsinə söykənən qanunlardır. Orada söhbət azad vətəndaşın vəzifə və hüquqlarından, qanunun müdafiəsindən, ictimai-asayiş nümayəndələrinə nəzarətin zəruriliyindən, icra edilmiş işlər haqqında xalqa vaxtaşırı hesabat verilməsindən gedir. Konstitusiyada inqilabi davranış və təfəkkürdən doğan başqa xüsusiyyətlərə də sərtlik, andiçmə borcus. yer verilmişdir. Ölkənin məşhur adamlarının toplaşdığı Fransa Akademiyasında da bəzən yanılırlar, düzgün qərarlar qəbul etmirlər. Bu, həmin məşhur adamlardır ki, onları öləndən sonra Panteonda dəfn edirlər. Qəbiristanın girişində belə bir yazı da var: "Azad insanlar ölkəsi ölkənin məşhur adamlarına minnətdardır..." İngilis demokratiyası da azadlığın bəzi komponentlərini yaradır: azadlığa namizədin güzarı elə ki, bir parka düşür, orada stulların üstünə qalxaraq xalqa müraciətlə nitq söyləyən və hökuməti açıq-saçıq tənqid edən natiqləri görür, onda istər-istəməz onun yadına London parkı düşür, çünki belə hallar o park üçün daha səciyyəvidir. Amma onu da deyək ki, mətnlərin, çıxışların özündə Şərq dəbdəbəsi, Şərq ritorikası seçilir. Çıxış üçün mətnlər, hiss olunur ki, gözəgörünməz "mənəvi ata" tərəfindən tərtib edilib və yoxlanılıb. Belə olan tərzdə azad insanlar ölkəsi dini cəmiyyətlərə oxşayır. Ağaoğlu uzun-uzadı yorulmaq bilmədən israr edir ki, insan özünü ələ almaqdan, özünütərbiyədən başlamalıdır, belə olsaydı, əlbəttə, yaxşı olardı. Bəlkə elə buna görə də Ağaoğlu həmişə varislik məsələsində buddistlərdən öyrənməyi məsləhət bilirdi. Buddizm dini ilə o, şəxsən maraqlanırdı. Konstitusiyaya fundamental bir sözün, "sadəlik" əlavə edilməsini məsləhət görürdü. Bu "sadəlik" sözü sanki danışıq mədəniyyəti aşılamalı, danışıq tərzini nizamlamalıydır. "Nitq sadə, anlaşıqlı və nəzakətli olmalıdır" - o deyirdi. Sadəlik naminə, onu təlqin etmək naminə hər cür addım atmaq lazımdır. O, eyni zamanda, Şərqdə işlənən mürəkkəb nəzakətlilik, bəzən də yaltaqlıq andıran söz, ifadə və çıxışları tənqid edir; demokratik, lakonik və sadə danışıq formasını təqdir edir.

Beləliklə, "Azad insanlar ölkəsi" əsərində Ağaoğlu indiyə qədər azadlıq haqqında topladığı bütün təcrübə və müşahidələrdən istifadə edir və ayrı-ayrı faktların sintezini verir. Ağaoğlu tərbiyənin aparıcı roluna inanır və elə hesab edir ki, yalnız o, yeni dəyərləri, sadəliyi, düzlüyü, ədaləti eyni bir sosial orqanizmdə nizamlayıb idarə eləyə bilər. Ağaoğlunun bu fikirləri Monteskyenin fikirlərilə eyni səsləşir. O deyirdi: "Respublika hökumətində rəhbər işçilər arasında tərbiyənin bütün gücü ilə işləməsinə böyük ehtiyac var".

F.Jorjon Ə.Ağaoğlunun cəmiyyətdə ziyalının rolu ilə bağlı fikirləri barədə belə yazır: "Ağaoğlu cəmiyyətdə ziyalı roluna çox inanırdı, xalqın arasında olmalarının, naqis cəhətlərin tənqidini ziyalı funksiyasına daxil edirdi. Ağaoğlunun arzuladığı demokratiya deyil, o, elə bir idarə üsuludur ki, burada icra prosesi xalqın tanıyıb seçdiyi nümayəndələr tərəfindən həyata keçirilir və hər kəsi yoxlamaq səlahiyyəti onların üzərinə qoyulur. Ağaoğlunun təkidlə tələb etdiyi demokratiya bax, belə demokratiya idi."

Fərdiyyətçilik, həmçinin, qarşılıqlı kömək. Fərdiyyətçilik anlayışı Ağaoğluya görə, eqoizmin təntənəsinə, şəxsi hissehtiraslara meydan verilməsinə aparmamalıdır. Əksinə, həmrəyliyə, qarşılıqlı köməyə söykənməlidir. Məhz güclü fərdlər xalqın xidmətində dura bilər. "Üç mədəniyyət"də pislənmiş tezisə, yəni "Şərqdə həmrəylik tellərinin zəifliyi" mövzusuna Ağaoğlu yenidən müraciət edir və göstərir ki, istər ailədə olsun, ya cəmiyyətdə, zəiflik fərdləri parçalayır, onları bir-birindən ayrı salır və onların fəaliyyəti hakim dairə tərəfindən idarə olunur. Qərbin timsalında görmək olur ki, fərdiyyətçilik həmrəyliklə qoşa addımlayır. Sübut üçün Fransada birliklərin inkişafını, həmrəyliyini və eyni zamanda, fərdi təsərrüfatların fəaliyyətini göstərmək olar (Ağaoğlu Şarl Jidə istinad edərək Fransada XX əsrin əvvəllərində 60000 birliyin olmasını qeyd edir).

F.Jorjon Əhməd bəyin müqayisə etdiyi dəyərləri Qərb maarifçiliyinin dəyərləri ilə qarşılaşdıraraq bu qənaətə gəlir: "Beləliklə, Ağaoğlunun axtardığı ləyaqət, düzlük Monteskyenin axtarışları ilə eyniyyət təşkil edir, yəni qabiliyyət, bacarıq öz şəxsi marağından imtina etməlidir ki, çoxluğun, kütlənin xeyrinə faydalı işlə məşğul ola bilsin. Sonrakı əsərlərində Ağaoğlu öz vicdanını imtahana çəkirmiş kimi müəyyən etmək istəmişdir ki, onun daxilində eqoizmlə xeyirxahlığın nisbəti necədir. Ləyaqət, əslində, qanuna hörmət deməkdir, bu ənənə Qərbdə lap qədimdir, Sokratın vaxtından qalmadır; Şərqdə isə təmizlik, ləyaqət hökmdarın, dövlət başçısının şəxsiyyətinə bağlı şeydir".

F.Jorjon qeyd edir ki, Ə.Ağaoğlu insan hüquqlarının müdafiəçisi kimi meydana gəldi və Kamal Atatürk üsul-idarəsini demokratik ideyalarla daha da zənginləşdirdi. Fransız tədqiqatçısı əsərinin nəticə hissəsində Ə.Ağaoğlunun "Azad insanlar ölkəsində" əsərinin çapdan çıxmasından bir neçə ay keçmiş Türkiyədə vətəndaş cəmiyyətinin formalaşması sahəsində ilk addımlar atıldığını - Ə.Ağaoğlunun irəli sürdüyü çoxpartiyalılıq ideyasının reallaşdığını, bir-birinə zidd mövqedə dayanan Xalq Respublikası və Liberal Respublika partiyalarının fəaliyyətə başladığını, dövlətin iqtisadiyyata az müdaxilə etməsini, həm siyasi, həm də iqtisadi sahələrdə liberalizmin bərqərar olmasını, liberalizmin pioneri və liderlərindən olan Ə.Ağaoğlunun ölkədə iqtisadisiyasi yönümün dəyişməsindən özünün də əziyyət çəkdiyini - deputatprofessor yerlərini itirdiyini, liberalizmin müdafiəçisi olsa da, getdikcə daha çox təcrid olunduğunu diqqətə çatdırır.

Beləliklə, fransız tədqiqatçıları Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri və mədəni həyatı haqqında Avropa oxucularına obyektiv, qiymətli məlumatlar vermiş, öz dəyərli tədqiqatları ilə Azərbaycan ədəbi-nəzəri fikrinə elmi töhfələr vermişlər.

Professor Ə.Mirəhmədov belə qənaətə gəlir ki, XIX əsrdə dünya şərqşünaslığının əsas mərkəzlərindən biri olan Parisdə universitetelmi cəmiyyətlərdə, ümumiyyətlə, Şərq xalqlarının dilləri, o cümlədən, Azərbaycan, türk, fars, ərəb dillərinin qrammatikası, fonetikası və başqa məsələləri üzərində onlarla dilçilər işləmişlər. Həmin alimlər sırasında sonralar bir jurnalistdilçi kimi tanınmış "Şərqi-Rus" qəzetinin redaktoru Məhəmməd ağa Şahtaxtinski və Əhməd bəy Ağayevolmuşlar. Sorbonna Universitetindəki "Asiya fonetikası cəmiyyəti"nin həqiqi üzvü olan M.Şahtaxtinski bir tərəfdən xarici alimlərin, digər tərəfdən də M.F.Axundzadənin yolu ilə gedərək XIX əsrin axırları və XX əsrin əvvəllərində yeni əlifba yaradılması sahəsində bir sıra cəhdlər etmişdir. Ə.Mirəhmədov yazır: "Bir neçə il əvvəl keçmiş SSRİ Mərkəzi Oktyabr İnqilabı və Sosializm Quruculuğu Arxivində Milli İşlər üzrə Xalq Komissarlığının Arxiv Fondunda rast gəldiyimiz bir qovluq məqalənin mövzusunu aydınlaşdırmaq üçün bizə əlavə məlumat verdi. Qovluqda M.Şahtaxtinskinin 1923-cü ildə nəşr olunmaq üçün həmin komissarlığa təqdim etdiyi rusca bir əsərinin avtoqrafı və bununla əlaqədar sənədlər saxlanılmaqdadır. Əsərin adı belədir: "Latın əlifbası işığını müsəlman Şərqinə!"

M.Şahtaxtınski əsərinin bir yerində yeni əlifba hərəkatının tarixçəsindən bəhs edərkən Volneyin adını xüsusi çəkir: "...müsəlman Şərqini məqsədəuyğun bir əlifba ilə təmin etməyin zəruri olduğu barədə ideyanı ilk dəfə konkret şəkildə, Persopolis xərabələrini təsvir etməklə dünya şöhrəti qazanmış alicənab fransız xadimi və yazıçısı Volney irəli sürmüşdür". Sonra M.Şahtaxtinski yeni əlifba hərəkatında M.F.Axundzadənin və Mirzə Mülküm-xanın xidmətlərindən danışır. Maraqlıdır ki, yeni əlifbanı guya islam dininə və şəriətə qarşı bir qəsd adlandıranlara cavab verdiyi yerdə, M.Şahtaxtinski də M.F.Axundzadənin eyni məsələyə dair mülahizələrinə çox yaxın olan müddəalar irəli sürür və Axundzadənin gətirdiyi bir sıra tarixi faktları təkrar edir. Bu göstərilənlər bir daha sübut edir ki, M.F.Axundzadənin bədii və elmi fəaliyyətindəki böyük nailiyyətlər onun öz yaradıcı dühası ilə bəşər mədəniyyəti üzərində apardığı dərin tədqiqatla sıx bağlıdır.

Beləliklə, M.F.Axundzadənin yaradıcılığı hələ sağlığında ikən Avropa tədqiqatçılarının diqqətini cəlb etmişAvropa maarifçiliyi və M.F.Axundzadə maarifçiliyi qarşılıqlı əlaqədə, qarşılıqlı təmasda olmuşdur. M.F.Axundzadənin komediyaları bir-birinin ardınca rus, alman, ingilis, italyan, o cümlədən, fransız dillərində çap olunduqca Avropa şərqşünaslarının Azərbaycan mütəfəkkirlərinin yaradıcılığına diqqəti və marağı artır və genişlənirdi.

XX əsrin ikinci yarısından, xüsusən, Azərbaycan dramaturgiyasının anadan olmasının 150 illiyi ərəfəsində onun həyat və yaradıcılığına Qərb dünyasında maraq daha da artır. Bütün dünyada ədibin əlamətdar yubileyi münasibətilə çoxlu sayda məqalə, kitabmonoqrafiyalar çap olunur.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2013. - 22 avqust.- S.15.