Görkəmli sənətkarın xatirəsi anılıb

 

 

Dünya şöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyovun anadan olmasının 101-ci ildönümü münasibətilə görkəmli sənətkarın xatirəsi anılıb. Əvvəlcə Niyazinin mənzil-muzeyinin əməkdaşları Fəxri Xiyabana gələrək, maestronun məzarı önünə təzə-tər güllər düzmüş, xatirəsinə dərin ehtiramlarını bildiriblər. Sonra mənzil-muzeydə maestronun anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi, pianoçu Ülviyyə Hacıbəyova Niyazinin əsərlərini ifa etmişdir.

Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov bildirib ki, Azərbaycan mədəniyyət tarixində dünya musiqi xəzinəsinə daxil olmuş şəxsiyyətlər çoxdur. Belə sənətkarlar sırasında Niyazinin xüsusi yeri vardır. Qeyd olunub ki, Niyazi klassik musiqimizin banisi Üzeyir Hacıbəylinin, sözün əsil mənasında, davamçısı olmaqla öz gərgin əməyi və istedadı nəticəsində Hacıbəylilər nəslinin görkəmli nümayəndəsinə çevrilmişdir. Orijinal fitri istedad, yüksək musiqi mədəniyyəti, möhkəm iradə onun yaradıcılığı üçün səciyyəvidir.

Xüsusi vurğulanıb ki, Azərbaycan bəstəkarlarının və peşəkar dirijorluq məktəbinin formalaşması və inkişafında Niyazinin rolu böyük olmuşdur. Bundan əlavə, maestro Niyazinin ifaçılar nəslinin yetişməsində və formalaşmasında da xüsusi rol oynamışdır. FidanXuraman Qasımova bacıları, Lütfiyar İmanov, Firəngiz Əhmədova və başqa ifaçıları opera sənətinə məhz Niyazi gətirmiş və onlara dünya şöhrəti qazandırmışdır.

Niyazi "Rast" simfonik muğamının, "XosrovŞirin" operasının və "Çitra" baletinin, simfonik əsərlərin, kamera instrumental musiqilərinin, romansların müəllifidir. Dünya şöhrətli musiqiçi onlarla xarici ölkədə qastrol səfərlərində olmuş, Azərbaycan musiqisini yüksək səviyyədə təmsil etmişdir. Mənzil-muzeyin şöbə müdiri Xanım Abdinova Niyazinin filmlərə bəstələdiyi musiqilər haqqında məlumat vermişdir. Bildirilib ki, sənətkar simfonik orkestrfortepiano üçün əsərlər yazmaqla yanaşı, filmlərə, teatr tamaşalarına da musiqi bəstələmişdir. O, ilk olaraq "Almaz" filminə musiqi yazmışdır. Sonralar "Kəndlilər", "Yeni horizont", "Fətəli xan" və s. filmlərə musiqi bəstələmişdir. Niyazi bədii filmlərlə yanaşı, "Ordenli Azərbaycan", "Arazın o tayından", "Türk qadının baharı", "Doğma xalqıma" kimi sənədli filmlərə də musiqi yazmışdır. Həmçinin bir çox sənədli və bədii filmlərin dirijorluq işimusiqi tərtibatı Niyaziyə məxsusdur. Onun kino sahəsində sonuncu işi "Üzeyir ömrü" filmi olmuşdur.

Tədbir çərçivəsində musiqisini dahi Niyazinin yazdığı "Kəndlilər" filmi nümayiş etdirilib. Həmçinin Niyazinin doğum günü münasibətilə görkəmli sənətkarın mənzil-muzeyində "Açıq qapı" günü elan edilib.

 

ZÜMRÜD

 

Səs.- 2013.- 22 avqust.- S.12.