Pirallahı qəsəbəsi sürətli
inkişaf dövrünü yaşayır
Ölkəmizin iqtisadi və maliyyə imkanlarının
günbəgün artması mühüm sosial-qitisadi layihələrin
icrasını sürətləndirir.
Nazirlər
Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş müşavirədə dövlət
başçısı İlham Əliyev əldə olunan
uğurları statistik rəqəmlər əsasında diqqətə
çatdıraraq bu fikri xüsusi olaraq bildirmişdir: "Azərbaycan
böyük tikinti meydançasıdır, Bakı şəhəri,
digər bölgələr abadlaşır, qurulur, eyni zamanda,
nəhəng sənaye, infrastruktur layihələri icra edilir. Dövlət investisiya proqramının icrası nəticəsində
biz bütün bu məsələləri
ardıcıllıqla həll edirik. Proqram
üzrə gedirik və ildən-ilə öz investisiya
imkanlarımızı da artırırıq." Cari ilin də uğurla başa vurulacağına əminlik
məhz bütün proqramların vaxtında uğurla icra
edilməsindən irəli gəlir. Ölkə
Prezidentinin daim bildirdiyi kimi, bütün işlərimiz
sistemli şəkildə, proqramlar əsasında
aparılır. İlk növbədə,
strateji istiqamətlər düzgün müəyyənləşdirilir.
Bu strateji hədəflərə çatmaq
üçün konkret icra mexanizmləri də vardır-
maliyyə resursları və əlbəttə ki, peşəkarlıq.
Bu amillər istənilən məsələnin
həllinə zəmin yaradır.
Ölkənin hərtərəfli inkişafında
iqtisadiyyatın şaxələndirilməsinin əhəmiyyətli
rolunu önə çəkən cənab İlham Əliyevin
Prezident kimi fəaliyyətə başladığı
gündən Bakı və Bakıətrafı qəsəbələrin,
regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
göstərdiyi diqqət uğurlu nəticələrdə
öz təsdiqini tapır. Uğurlu neft siyasəti
bugünkü inkişafın təməlində dayanır.
Məhz bu siyasət böyük maliyyə
resurslarının yaradılmasına geniş imkanlar
açır ki, bundan da səmərəli istifadə nəticəsində
həm insanların rifah halının yaxşılaşdırılması,
həm də ölkəmizin inkişafının uğurlu və
uzunmüddətliliyi təmin edilir.
Hər bir ölkənin inkişafında iqtisadi amil
mühüm rol oynayır. Əbəs yerə
iqtisadiyyat inkişafın təməl daşı kimi dəyərləndirilmir.
İqtisadiyyatın inkişafı isə
uğurlu sosial-iqtisadi islahatlardan asılıdır. Bu islahatlar zamanın tələbinə
uyğunlaşdırıldıqda uğurların
davamlılığı üçün zəmin yaranır.
Malik olduğu zəngin təbii resurslardan səmərəli
istifadə etməklə iqtisadi qüdrətini və maliyyə
imkanlarını artıran Azərbaycan hazırda qeyri-neft
sektorunun inkişafı baxımından da xüsusi diqqət
çəkir. Cari ilin ötən
dövründə qeyri-neft sektorunda artım 11 faiz təşkil
etmişdir. Ümumi daxili məhsul 5 faiz
artmışdır. Bir əsas məqamı qeyd edək
ki, qarşıdakı on il üçün əsas hədəflər
Azərbaycanı inkişaf etmiş ölkələr
sırasında görmək, bu günə qədər 3 dəfə
artan ümumi daxili məhsulu daha iki dəfə artırmaq, Azərbaycanı
yüksək gəlirli ölkəyə çevirməkdir. Bu
günün sosial-iqtisadi göstəriciləri növbəti
on il üçün qarşıya qoyulan
məqsədlərə yüksək səviyyədə nail
olacağımıza əsas verir. Bu gün beynəlxalq
səviyyədə inkişafın Azərbaycan modelinin
mövcudluğundan geniş bəhs olunursa və onun tətbiqinin
vacibliyi bildirilirsə, bu onu göstərir ki, həyata
keçirilən siyasət uğurludur, seçilən yol
düzgündür. Beynəlxalq əhəmiyyətli
tədbirlərdə Azərbaycanın uğurlu siyasətinin
nəticəsi olaraq xarici yardımdan asılı olmayan,
özünü təmin edən ölkə olmasının
faktlar əsasında qeyd edilməsi də ölkəmizə
beynəlxalq baxışın yüksək səviyyədə
olduğunu göstərir. Azərbaycan iqtisadiyyatı
Cənubi Qafqaz iqtisadiyyatının 85 faizini təşkil edir.
İqtisadiyyatın düzgün əsaslar
üzərində qurulmasının nəticəsidir ki, Azərbaycan
2009-cu ildən dünyanı bürüyən, nəticələri
bu günə qədər gəlib çıxan iqtisadi və
maliyyə böhranından uğurla çıxdı. Həmin
illərdə, yəni 2009-cu ildə iqtisadi artım 9,3 faiz, 2010-cu ildə 5 faiz olmuşdur.
Əvvəldə də qeyd etdiyimiz kimi, uğurların əldə
olunmasında mühüm amillərdən biri hər sahə
üzrə konkret proqramların qəbulu və uğurlu
icrasıdır. Bakı və Bakıətrafı qəsəbələrin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramının uğurlu icrasının nəticəsidir ki,
bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən
birinə çevrilib, paytaxtla bölgələr arasında fərq
müəyyən dərəcədə aradan
qaldırılıb. Dövlət
başçısı İlham Əliyev bildirir ki, əgər
bu gün bu fərq kifayət qədər böyükdürsə,
bunun səbəbi onda deyil ki, regionlar inkişaf etmir. Bunun səbəbi ondadır ki, Bakı şəhəri
son bir neçə ildə çox sürətlə
inkişaf etmişdir. Belə ki, "Bakı şəhərinin
qəsəbələrinin 2006-2007-ci illər üzrə
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair Tədbirlər Proqramı""nın uğurlu
icrası nəticəsində Bakının bütün
rayonlarında, o cümlədən qəsəbələrində
infrastruktur təminatı daha da
yaxşılaşdırılmış, təhsil, səhiyyə,
mədəniyyət və idmanın inkişaf etdirilməsini
təmin edən tədbirlər həyata keçirilmiş,
yeni məktəblər, xəstəxana, poliklinika tikilmiş,
mövcud binalar əsaslı təmir edilmiş, müasir tipli
idman kompleksləri istifadəyə verilmişdir. Prezident
İlham Əliyev mütəmadi olaraq Bakının
rayonlarında və qəsəbələrində olur,
görülən tədbirlərlə, həyata keçirilən
quruculuq və abadlıq işləri ilə yaxından tanış olaraq aidiyyəti qurumlara müvafiq
tapşırıqlarını verir. Bu işlərin
davamlılığını təmin etmək
üçün Prezident İlham Əliyevin 4 may 2011-ci il tarixili sərəncamı ilə
"2011-2013-cü illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı" təsdiqləndi.
Qeyd edək
ki, Dövlət Proqramının qəbulundan öncə
Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhərinin
və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi
inkişafına dair keçirilən müşavirədə
bu inam ifadə edilmişdir ki, Bakı şəhərinin qəsəbələrinin
yeni inkişaf proqramının qəbul olunmasından sonra qəsəbələrə
yeni həyat gələcək. Bunun üçün birgə
səylərin göstərilməsinin vacibliyi önə
çəkilmişdir: "Bütün dövlət
qurumları, yerlərdəki nümayəndələr bu
proqramın icrasında fəal iştirak etməlidirlər. Bakı bizim paytaxtımızdır, doğma, əziz
şəhərimizdir. Elə etməliyik
ki, Bakı şəhərində bütün işlər
yüksək səviyyədə görülsün."
Nazirlər Kabinetinin cari ilin birinci yarısının
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında dövlət başçısı bildirmişdir
ki, Proqramın icrası ilin sonuna qədər başa
çatmalıdır. Bakı şəhərində quruculuq
işləri davam edir, infrastuktur layihələri icra edilir, məktəb,
tibb ocaqlarının tikintisi davam edir, qəsəbəarası
və qəsəbələrdaxili yollar tikilir və ilin sonuna
qədər proqramın böyük hissəsi icra edilməlidir.
Yolların tikintisinə xüsusi diqqət
yetirilir. Dövlət
başçısı bu diqqəti belə əsaslandırır
ki, yol olmasa, heç bir inkişafdan, ölkəmizin
çoxşaxəli inkişafından, turizmin
inkişafından söhbət gedə bilməz.
Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu
gün rayonlar arasında sağlam rəqabət gedir. Sevindirici hal həm
də budur ki, görülən işlər ictimaiyyətdə
böyük ruh yüksəkliyi yaradır və hər kəs
həyata keçirilən quruculuq, abadlıq işlərinə,
rayonun inkişafına öz töhfəsini verməyə
çalışır. Birgə səylər
uğurlara yol açan əsas amillərdəndir.
Bu
inkişaf, tərəqqi dövlət başçısı
İlham Əliyevin 21 dekabr 2012-ci il tarixli
sərəncamına uyğun olaraq Pirallahı, Cilov və Neft
Daşları qəsəbələri daxil olmaqla Bakı şəhər
inzibati ərazi vahidi tərkibində yaradılmış
Pirallahı rayonunda da geniş vüsət alıb. Rayonun cari ilin ötən dövründə əldə
etdiyi sosial-iqtisadi göstəricilərinə, görülən
işlərə diqqət yetirdikdə sürətli
inkişafın reallıq olduğunu təsdiqləmiş
olarıq.
Qeyd edək
ki, ərazisi 34,96 kv.km olan rayonda cari ilin
birinci yarısında əhalinin sayı 47 nəfər artaraq
18273 nəfərə çatıb. Əhalinin say tərkibi
işlərin miqyasında mühüm rol oynayan amillərdəndir.
Bir əsas məqamı nəzərə alsaq
ki, dövlətin həyata keçirdiyi siyasətin
önündə Azərbaycan vətəndaşı
dayanır, onların problemlərinin həlli dövlət məmurunun
qarşısında mühüm vəzifə kimi qoyulur, bu rəqəmin
daşıdığı önəm özünü
qabarıq şəkildə büruzə verir.
Qəsəbənin simasının dəyişdirilməsi,
yaşıllıqların genişləndirilməsi istiqamətində
atılan addımlar da rayon sakinlərinin rahat
yaşayışının təmin edilməsinə yönəlib.
Yolların kənarında yaşıllıq zolaqları
genişləndirilir, dəmir köşklər
götürülür, zəbt olunmuş ərazilərin
boşaldılması və təmizlənməsi işləri
davam etdirilir.
Qəsəbənin əsas magistral yolunda asfalt
döşəmə işləri aparılmış, piyada
keçidləri müəyyən edilmişdir. Sakinlərin rahat gediş-gəlişini təmin etmək
məqsədilə yol kənarı səkilərin təmirinə
başlanmışdır. Burada əsas
işlərə paralel olaraq səkilər boyu
yaşılıqların və qazonların salınması da
nəzərdə tutulub.
Qəsəbədə uşaqların və gənclərin
asudə vaxtlarının səmərəli təşkili
üçün də davamlı tədbirlər həyata
keçirilir.
Belə ki, "Uşaq əyləncə
parkında" futbol meydançasının tikintisi başa
çatdırılmış, parkın ərazisi
abadlaşdırılmış, müxtəlif
attraksionların yerləşdirilməsi işləri həyata
keçirilmişdir. Eyni zamanda "Gənclər Mərkəzi"nin tikintisinə hazırlıq işləri
görülür.
Qeyd etdiyimiz kimi, bu işlər bir məqsədə xidmət
edir ki, insanların rahat yaşayışı təmin edilsin. Dövlət
başçısı İlham Əliyev "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illlərdə
sosial-iqtisadi inrkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin
yekunlarına həsr olunmuş konfransında bildirmişdir:
"Dövlət siyasətimizin mərkəzində Azərbaycan
vətəndaşıdır. Hər şeyi biz
Azərbaycan vətəndaşı üçün edirik.
Budur bizim məqsədimiz. Biz
xalq üçün çalışırıq, qururuq,
yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə
çevrilsin. Hamımız istəyirik, hər bir normal
vətənpərvər adam bunu istəyir
ki, mövqeyimiz daha da möhkəm olsun, gücümüz də
artsın. Nəyə görə? Ona görə ki, insanlar daha da yaxşı
yaşasınlar. Budur, əsas məqsəd."
Bu gün Azərbaycanın hər bir bölgəsinin,
paytaxın hər bir rayonunun sürətli inkişafı təbii
ki, dövlət başçısı İlham Əliyevin
diqqət və qayğısından, həmçinin
tapşırıqlarının hər bir rayon rəhbərliyinin
ictimaiyyətlə birgə səyləri əsasında
icrasından irəli gəlir. Ölkə Prezidenti
bildirir ki, hər bir rayon, kənd, qəsəbə iqtisadi
inkişafı öz həyat tərzində hiss etməlidir.
Möhtərəm Prezidentimizin ayrı-ayrı
rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair sərəncamları əsasında dövlət büdcəsində
nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan vəsaitlərin
ayrılması da bu diqqət və qayğının təzahürüdür.
Dövlət başçısı bütün
çıxışlarında bildirir ki, hər bir dövlət
məmuru öz xalqına xidmət etməlidir: "Hər bir
icra başçısını mən vəzifəyə təyin
edərkən, onu qəbul edərkən ona bir neçə əsas
istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli
iş, təvazökarlıq və insanlara xidmət."
Sözsüz ki, bu amillərin vəhdətliyi fonunda
qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə
nail olunur. Bakı şəhər inzibati ərazi vahid tərkibində
yeni yaradılmış Pirallahı rayonunun qısa müddətdə
qazandığı uğurlar da rayon rəhbərliyinin, eyni
zamanda rayonun parlamentdə təmsilçilərinin sakinlərlə
birgə səylərinə, əldə olunan müsbət nəticələrin
yüksək səviyyədə dəstəklənməsinin
növbəti addımlara stimul verməsinə əsaslanır.
Sosial məsələlərin həlli istiqamətində
ciddi addımlar atılır. Qəsəbə sakinlərinin
suya olan tələbatının ödənilməsi
üçün görülən işlər öz müsbət
nəticəsini verir. Belə ki, Zirə qəsəbəsindən
adaya gələn mövcud su kəmərinə qanunsuz
qoşulmuş xətlərin kəsilməsi suyun həcminin 3
dəfəyədək artmasına səbəb olmuşdur ki,
bu da sakinlərin su ilə təminatına öz müsbət
təsirini göstərir. "Azərsu"
ASC-nin yaxından köməyi ilə rayona 2 ədəd su
maşının alınaraq qəsəbə sakinlərinin
ixtiyarına verilməsi də bu məqsədə xidmət
edir. Rayona Ceyranbatan su anbarından yeni içməli su xəttinin
çəkilməsinə başlanmışdır ki, bu
işlərin cari il ərzində başa
çatdırılması nəzərdə tutulur. Eyni zamanda
Zirədə tikilmiş 30 min kubmetrlik 3 ədəd su
anbarından Pirallahı istiqamətində magistral su kəmərinin
tikintisinə başlanmış, hazırda işlər
sürətlə davam etdirilir. Onu da qeyd edək
ki, cari ilin mart ayından başlayaraq rayonunun Pirallahı qəsəbəsinin
5 məhəlləsinin daxili su xətləri yenidən çəkilib.
Digər qəsbələrdə olduğu kimi
Pirallahıda da əhalinin qaz təminatının
yaxşılaşdırılması prioritet məsələlərdəndir. Qaz xətləri
yeniləşdirilir, eyni zamanda yeni yerüstü borular tikilir.
İşlər davamlılığı ilə
diqqət çəkir.
Qəsəbədə mədəniyyət evlərinin,
idman komplekslərinin, məscidlərin əsaslı təmiri
və tikintisi işləri də sürətlə həyata
keçirilir.
Görülən işlərin ümumiləşdirilmiş
ifadəsi budur ki, qəsəbə sürətli inkişaf
dövrünü yaşayır. Rayon mərkəzi
olaraq Pirallahı qəsəbəsinin gələcək
inkişaf perspektivinin kompleks şəkildə və
planauyğun həyata keçirilməsi məqsədilə
ilkin olaraq qəsəbənin baş planının
hazırlanması istiqamətində tədbirlər
görülür.
Bir rayonun timsalında təqdim olunan inkişaf, tərəqqi
bu fikri söyləməyə əsas verir ki, ölkənin
iqtisadi və maliyyə imkanları genişləndikcə bu, hər
bir rayonun, qəsəbənin, bölgənin, həmçinin
insanların gündəlik həyatında özünü
büruzə verir. İqtisadiyyatın güzgüsü isə
dövlət büdəcsidir. Dövlət
büdcəmizin ildən-ilə artması sosial-iqtisadi
islahatların uğurlu icrasından xəbər verir. Artıq qeyd olunduğu kimi, cari ildə Bakı və
Bakıətrafı qəsbələrin, regionların
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramlarının icrası başa çatır. Uğurlu nəticələr, eyni zamanda
qarşıya qoyulan hədəflər yeni Dövlət
Proqramlarının qəbulunu zərurətə çevirir.
Qəbul olunan Proqramların uğurlu
icrasında əsas məqsəd Azərbaycanın iqtisadi
qüdrətini daha da artırmaq, hərtərəfli
inkişafını sürətləndirmək, əhalinin
sosial müdafiəsini yüksək səviyyədə təmin
etməkdir.
Rauf Əliyev, Milli Məclisin
deputatı
Səs.- 2013.- 23
avqust.- S.8-9