2003-2013: Sosial firavanlığa doğru yeni və sürətli inkişaf dövrü

 

 

 

Müsahibimiz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərovdur  

- Cənab nazir, son 10 ili Azərbaycanın inkişafı baxımından necə xarakterizə edərdiniz?

- Bu gün Azərbaycan dövlət müstəqilliyinin bərpasının artıq 22-ci ilini yaşayır. Ulu öndərimiz Heydər Əliyevin «Azərbaycan xalqının ən böyük tarixi nailiyyəti» kimi qiymətləndirdiyi bu nailiyyət 2003-cü ildən etibarən yüksək səviyyədə qorunub saxlanmaqla, dövlət müstəqilliyimiz daha da güclənmişdir. Son on ildə inkişaf tempinə görə dünyanın lider ölkəsinə, Cənubi Qafqazın güc mərkəzinə çevrilən, rifahlı cəmiyyət, müasir dövlət quruculuğunun geniş vüsət aldığı, həmçinin tolerantlığın təkrarsız nümunəsi kimi dünyada böyük nüfuz qazanan Azərbaycan artıq mühüm əhəmiyyət kəsb edən qlobal proseslərdə söz sahibi olan aparıcı ölkələr sırasına daxil olmuşdur.

Hər hansı bir ölkənin uzun onilliklər böyu əldə edə biləcəyi bu tarixi nailiyyətlər Ümummilli lider Heydər Əliyevin vətənimizin firavan gələcəyinin qurulmasına xidmət edən müdrik strategiyası əsasında möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən həyata keçirilən və ölkəni böyük perspektivlərə doğru aparan uğurlu siyasətin, beynəlxalq aləmdə gedən proseslər fonunda Azərbaycanın maraq və mənafelərini daha dolğun şəkildə təmin etmək üçün atılan qətiyyətli və məqsədyönlü addımların yüksək nəticələridir.

Milli iqtisadiyyatın son 10 ildə 3 dəfədən çox artdığı respublikada regional inkişaf siyasəti və qeyri-neft sektorunun dinamik şəkildə artaraq ümumdaxili məhsulda 52,7 faizə çatması eyni zamanda bu müddətdə 1 milyon 200 mindən çox yeni iş yerinin yaradılmasına səbəb olmuşdur. İcra olunan mühüm dövlət proqramları nəticəsində işsizliyin 5,2 faizədək, yoxsulluğun isə 6 faizədək azaldığı Azərbaycan hələ 2009-cu ildə, yəni dünya iqtisadiyyatı kəskin böhran keçirdiyi vaxtda 9,3 faizlik iqtisadi artım əldə edərək, iqtisadi keçid dövrünü uğurla başa vurmuş və modern islahatlar mərhələsinə daxil olmuşdur.

Cənubi Qafqaz iqtisadiyyatında 80 faizdən çox paya malik olan və özəl sektorun çəkisinin 83 faizə çatdığı respublikamızda investisiya siyasətini stimulllaşdıran şəffaf və əlverişli biznes mühitinin yaradılmasının müsbət nəticəsi kimi, ölkə iqtisadiyyatına 2010-cu ildə 17,6 milyard, 2011-ci ildə 20 milyard, 2012-ci ildə 22,1 milyard dollar, yəni təkcə son üç ildə 60 milyard dollara yaxın investisiya qoyulmuşdur. Ümumiyyətlə, son on ildə Azərbaycan iqtisadiyyatına yatırılan investisiyalar 130 milyard dolları ötmüşdür.

Mühüm uğurlardan biri kimi, Davos Dünya İqtisadi Forumu artıq dördüncü ildir ki, Azərbaycan iqtisadiyyatını MDB məkanında ən rəqabət qabiliyyətli iqtisadiyyat kimi qeyd etmişdir. Regionda qlobal əhəmiyyətli iri iqtisadi layihələrin əsas təşəbbüskarı və icraçısı kimi çıxış edən ölkəmiz Ümumdünya İqtisadi Forumunun tərtib etdiyi 2012-2013-cü illərdə rəqabətə davamlılıq reytinqində 9 pillə irəliləyərək 144 dövlət arasında artıq 46-cı yerdə qərar tutmuşdur.

Son 10 ilin mühüm tarixi nailiyyətlərindən biri kimi, Azərbaycan 155 dövlətin səsini qazanaraq dünyanın yüksək nüfuza malik ən ali qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Əlbəttə, bu hadisə, həmçinin keçən ilin mayında Azərbaycanın həmin mötəbər quruma - BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi Azərbaycan dövlətçiliyinin parlaq qələbəsi olmaqla, hər bir azərbaycanlıda sonsuz iftixar hissi doğurmuşdur.

Qürur hissi doğuran əlamətdar tarixi hadisələrindən biri də Azərbaycanın ilk peyki olan «Azerspace-1» telekommunikasiya peykinin 7 fevral 2013-cü il tarixində orbitə buraxılması olmuşdur. Bununla da Azərbaycan artıq kosmik ölkələr sırasına daxil olmuş, ölkədə ən innovativ və dünya üzrə ən gəlirli sənaye sahələrindən biri olan peyk sənayesinin inkişafının əsası qoyulmuşdur.

Bununla yanaşı, artıq Azərbaycan xarici ölkələrin iqtisadiyyatına sərmayə yatıran, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkan kimi beynəlxalq aləmdə mövqeyini gücləndirir. Ölkəmiz Dünya İqtisadi, Krans Montana, Cənubi Qafqaz, Humanitar, Mədəniyyətlərarası Dialoq forumlarına, «Eurovision» musiqi yarışmasına, Dini Liderlərin Ümumdünya Sammitinə və digər nüfuzlu tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmişdir. Eyni zamanda, Azərbaycan artıq idman ölkəsi kimi dünyada böyük nüfuza malikdir. Avropa Olimpiya Komitəsinin 2015-ci ildə birinci Avropa Oyunlarının məhz Bakıda keçirilməsi haqqında qərar qəbul etməsi Azərbaycanda idmanın inkişafı ilə bağlı aparılan uğurlu siyasətin beynəlxalq aləmdə yüksək dəyərləndirilməsinin real təsdiqidir.

Biz ölkəmizin inkişafı proseslərindən söz açarkən, bu proseslərdə Heydər Əliyev Fondunun, Fondun prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın mühüm xidmətlərini xüsusi qeyd edə bilərik. Azərbaycanda milli və dünyəvi dəyərlər sisteminin inkişaf etdirilməsi, respublikamızda mütərəqqi ideyaların gerçəkləşməsi naminə Heydər Əliyev Fondunun gördüyü işlər, «Yeniləşən Azərbaycana yeni məktəb», «Uşaq evləri və internat məktəblərinin inkişafı», «Təhsilə dəstək», «Diabetli uşaqlara ən yüksək qayğı», «Talassemiyasız həyat naminə» proqram və layihələr çərçivəsində həyata keçirilən silsilə tədbirlər Azərbaycanın hərtərəfli tərəqqisi naminə aparılan siyasətin icrasına dəyərli töhfələr verməkdədir.

Qeyd edim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Şaqan 3 saylı və Saray 7 saylı internat evlərində müasir tələblərə uyğun yaşayış şəraitinin yaradılmasında, eyni zamanda, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və sağlamlıq imkanları məhdud uşaqlara qarşı ayrı-seçkiliyin qarşısının alınması məqsədilə aparılan ictimai məlumatlandırma, təbliğat-təşviqat kampaniyalarında da Heydər Əliyev Fondunun böyük və davamlı dəstəyi olmuşdur.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanda aparılan siyasətin mərkəzində məhz insan amili dayanır. Bunun real təsdiqidir ki, respublikanın davamlı iqtisadi tərəqqisi güclü sosial siyasətlə tamamlanır və iqtisadi tərəqqi insanların gündəlik rifah halında öz təcəssümünü tapır. Dövlətimizin rəhbəri «Bizim bütün iqtisadi təşəbbüslərimiz və ümumiyyətlə, iqtisadi strategiyamız Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir» deyə bildirmişdir.

Bildiyiniz kimi, Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr seçkilərindən sonra imzaladığı ilk fərmanlar sırasında yer alan «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» və «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın (2004-2008-ci illər) təsdiq edilməsi haqqında» sənədlər ölkə iqtisadiyyatının daha intensiv inkişaf etməsini ehtiva etməklə yanaşı, nəticə etibarı ilə sosial rifah halının getdikcə yüksəlməsinə xidmət etmişdir.

Sonralar «Azərbaycan Respublikasının məşğulluq strategiyası (2006-2015-ci illər)», «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı», «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı», «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nın, eyni zamanda möhtərəm Prezidentimiz tərəfindən imzalanan Fərman və Sərəncamların icrası makroiqtisadi sabitliyin qorunub saxlanması və güclənməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, davamlı iqtisadi artımın təmin olunması ilə yanaşı, əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsinə, orta aylıq əmək haqqının cari ilin 1 iyul tarixinə 411 manata çatmasına, nəticə etibarilə əhalinin həyat səviyyəsinin mütəmadi yaxşılaşmasına səbəb olmuşdur. Əhalinin gəlirlərində davamlı artım dinamikası ilə yanaşı, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması vətəndaşların öz gəlirlərindən daha səmərəli istifadəsinə imkan vermişdir.

Respublikada aparılan sosial siyasətin daha geniş spektrdə sosial məsələlərin həllini əhatə etdiyini və bununla cəmiyyətin rifahında daha önəmli rola malik olduğunu, eyni zamanda ölkədə sosial ədalətin tam təmin olunduğunu təsdiq edən tədbirlərin davamı kimi, sovet vaxtından qalmış əmanətlərə bütün MDB məkanında ən qısa müddət ərzində və ən yüksək əmsalla kompensasiya verilməsi prosesini göstərmək olar. Eyni zamanda, müstəqil Azərbaycanda səhiyyə, gənclər və idman, təhsil və digər sahələrdə əldə olunan mühüm tarixi nailiyyətlər ölkənin daim güclənən və çevik sosial siyasət kursuna malik olduğunu göstərir.

«Azərbaycanda heç kim yoxsulluq şəraitində yaşamamalıdır. Yoxsul insan olmamalıdır»-deyə bəyan edən dövlət başçımızın bu məqsəd naminə apardığı uğurlu siyasətin nəticəsidir ki, yuxarıda qeyd olunduğu kimi, yoxsulluq səviyyəsi son on ildə kəskin şəkildə azalaraq 6 faizə enmişdir. BMT İnkişaf Proqramının 2013-cü ilə dair «İnsan İnkişafı Hesabatı»na əsasən, ölkə insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında ilk yerə layiq görülmüşdür. Ümumiyyətlə, 2003-2012-ci illərdə İnsan İnkişafı İndeksinin artım sürətinə görə Azərbaycan orta dünya göstəricisini iki dəfə qabaqlayaraq planetin top-15-liyinə daxil olmuşdur. BMT yanında İnkişaf və Artım Komissiyasının son məruzəsinə görə, 1950-ci ildən sonra yalnız 13 ölkədə belə sürətli inkişaf müşahidə edilmişdir.

Son on ildə respublikamızın bütün sahələrdə əldə etdiyi nailiyyətlər, ölkəmizin sürətli tərəqqisi Azərbaycan Prezidenti cənab İlham Əliyevin 7 oktyabr 2012-ci il tarixdə Yevlax şəhərində yerli sakinlərlə görüşü zamanı söylədiyi «Biz özümüz üçün güclü dövlət qururuq ki, hər bir kəs Azərbaycan vətəndaşı olmağı ilə fəxr etsin» sözlərinin reallıqda öz təsdiqini tapdığını qeyd etməyə əsas verir. Bu müddətdə Azərbaycan ölkənin hər bir vətəndaşında fəxr hissi yaradan güclü bir dövlətə çevrilmişdir.

- 2003-2013-cü illəri respublikada əmək və əhalinin sosial müdafiəsi sahəsində hansı prioritetlərin diqqətdə saxlandığı dövr kimi qiymətləndirmək olar?

- Son 10 ildə bazar iqtisadiyyatı şəraitində sosial ədalət prinsipinin gücləndirilməsi, mütərəqqi beynəlxalq təcrübə əsasında əhalinin bütün təbəqələri üçün bərabər və əlçatan sosial təminat mexanizminin yaradılması və təkmilləşdirilməsi, o cümlədən onun ünvanlılığının təmin edilməsi, aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, bu yöndə sosial reabilitasiya əhəmiyyətli aktiv tədbirlərin həyata keçirilməsi, sosial xidmət sisteminin cəmiyyətin ehtiyaclarına uyğun qurulması mühüm prioritetlər kimi diqqətdə saxlanılmışdır.

Eyni zamanda, əhalinin səmərəli məşğulluğunun təminatı, peşə hazırlığı sisteminin maddi-texniki bazasının gücləndirilməsi və onun əmək bazarının tələblərinə uyğunlaşdırılması, əmək potensialının inkişaf etdirilməsi, layiqli əməyin təminatına yönələn səmərəli dövlət nəzarətinin formalaşdırılması və s. əsas fəaliyyət istiqamətləri olmuşdur.

Məsələn, bildiyiniz kimi, 2006-cı ilin ortalarından etibarən ölkəmizdə ünvanlı dövlət sosial yardımı sistemi tətbiq olunur. Ötən dövr ərzində ünvanlı yardım sistemi yüz minlərlə ailəni əhatə etmişdir. Həmçinin bu mexanizm daim təkmilləşdirilmiş, onun əhatə dairəsi genişləndirilmiş, yoxsul ailələrin bu yardım növündən yararlanmaq imkanları daha da artırılmışdır. Ünvanlı yardımın təyin edilməsi üçün müəyyən edilmiş ehtiyac meyarı isə 2006-cı ildə 30 manat olduğu halda, növbəti illərdə 3,1 dəfə artırılaraq, 2013-cü ilin əvvəlindən 93 manata çatdırılmışdır. 2013-cü ilin 6 ayının yekununa olan məlumata əsasən, 120 904 ailənin hər birinə ayda orta hesabla 120 manata qədər ünvanlı yardım ödənilir. Onu da bildirim ki, bir çox ölkələrdə donorlar hesabına ödənilən ünvanlı yardımlar Azərbaycanda məhz dövlət büdcəsi hesabına yoxsul ailələrə verilir.

Əlbəttə, ünvanlı yardım proqramı özlərindən asılı olmayan səbəblərdən yoxsulluq şəraitində yaşayan ailələrin yaşayışında mühüm rol oynayır, onları yoxsulluğun çətinliklərindən xilas edir. Lakin öz mahiyyəti etibarilə bu, passiv və müvəqqəti xarakterli yardımdır və uzunmüddətli şəkildə belə yardımların verilməsi həmin vətəndaşlarda dövlət yardımlarından daimi asılılıq yarada bilər.

Möhtərəm dövlət başçımız ünvanlı yardımın aztəminatlı vətəndaşın minimum ehtiyaclarını ödəmək üçün olduğunu, yoxsulluqdan çıxmaq, maddi rifah halını yaxşılaşdırmağın yalnız səmərəli məşğulluq vasitəsilə mümkün olduğunu qeyd etmişdir. Ona görə də biz sosial müdafiə sistemində yeni addım kimi, aztəminatlı ailənin məşğulluq potensialının reallaşdırmağa, beləliklə, onun sosial reabilitasiyasına xidmət edən aktiv tədbirlərə xüsusi önəm verdik.

Yəni mütərəqqi dünya təcrübəsinə istinad edilməklə, aztəminatlı ailələrin potensial imkanları müqabilində şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələri, beləliklə, gəlirlərini artırmaları üçün onlara aktiv şəkildə dəstək verilməsi, nəticədə onların dövlətin sosial yardımından asılılığının aradan qaldırılması və yoxsulluqdan çıxmalarına şərait yaradılması üçün Birdəfəlik ünvanlı sosial yardım – Özünədəstək proqramı hazırladıq. 2011-ci ilin ilk rübündən bəri artıq 13 pilot rayon və şəhərdə 271 ailə bu proqrama cəlb olundu ki, onlardan 111 ailə üzrə proqram artıq yekunlaşıb. Aparılan monitorinq nəticəsində həmin ailələrin 96%-nin artıq reabilitasiya olunduğu təsdiqini tapıb.

Hazırda bu proqramın davamı kimi, ölkəmizdə ilk dəfə olaraq Sosial Dəstək Fondunun yaradılması, aztəminatlı ailələrə güzəştli mikrokreditlərin verilməsi mexanizminin tətbiqi istiqamətində işlər aparılır. Bu işlər müəyyən potensiala malik yoxsul ailələrin şəxsi təsərrüfatlarını inkişaf etdirmək imkanı qazanmasına, aztəminatlı vətəndaşın tədricən yoxsulluqdan sahibkarlığa doğru irəliləyişinə hesablanıb.

Yaxud ölkənin sürətli tərəqqisi, dünya iqtisadiyyatına geniş vüsətli inteqrasiyası milli əmək potensialının inkişaf etdirilməsini vacib vəzifə kimi qarşıya qoyur. Bununla bağlı olaraq, Dünya Bankı ilə birgə icra olunan «Sosial Müdafiənin İnkişafı Layihəsi» çərçivəsində Azərbaycan müəssisələrinin ümumdünya bazarında rəqabətə davamlılığını artırmaq, o cümlədən Azərbaycanda insan resurslarının inkişafını təmin etmək üçün 200 peşə, 100 təlim və iş yerlərində 200 peşə üzrə qiymətləndirmə standartının hazırlanmasına başlanmış və beynəlxalq ekspertərin və yerli iş adamlarının iştirakı ilə artıq 200 peşə standartı hazırlanmışdır. Hazırda əmək ehtiyatlarından daha dolğun istifadə etmək, işçi qüvvəsinin keyfiyyətini və rəqabət qabiliyyətini artırmaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin yaradılması istiqamətində işlər aparılır.

- 2003-cü ildən sonra sosial təminat sistemində hansı yeni istiqamətlər özünü göstərmişdir?

- Bildiyiniz kimi, ənənəvi sosial müavinətlər sistemi mövcuddur və hazırda 310 mindən çox insana aylıq sosial müavinət ödənilir və bu müavinətlərin məbləği son on ildə 2,5 dəfə artırılmışdır. Bununla yanaşı, əhaliyə Prezident qayğısının daha bir ifadəsi olaraq, bu müddətdə Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş şəxslərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ölkəmizdə ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü institutu formalaşmışdır. Bu müddətdə Azərbaycan Respublikası Prezidentinin müxtəlif Fərman və Sərəncamlarına əsasən, 35 minə yaxın insana, o cümlədən Şəhid ailələrinə, müharibə əlillərinə Prezident təqaüdləri təyin olunmuşdur.

Eyni zamanda, 2008-ci ildən etibarən Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə, yaxud bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə, ümumilikdə, 1700-dən artıq insana aylıq və birdəfəlik müavinətlər təyin olunaraq ödənilmişdir. 2007-ci ildən etibarən sosial müdafiə sistemində yeni istiqamət kimi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 500-dən çox insana orta aylıq əmək haqqı 215 manat olmaqla zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyalar verilmişdir.

- Sosial cəhətdən həssas əhali qruplarından biri olan əlillərin sosial müdafiəsi, onların maddi təminatının artırılması, tibbi-sosial reabilitasiyası istiqamətində son 10 ildə nə kimi işlər görülmüşdür?

- Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əlilliyi olan insanlara, həmçinin şəhid ailələrinə göstərilən diqqət və qayğının 2003-cü ildən etibarən möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi bu təbəqələrdən olan vətəndaşların rifah halının yaxşılaşmasına xidmət edən tədbirlərin ilbəil güclənməsinə şərait yaratmışdır.

2012-ci ilin oktyabrında möhtərəm Prezidentimiz cənab İlham Əliyev Yevlax şəhərində gözdən əlillər üçün Regional İnformasiya Mərkəzinin istifadəyə verilməsi zamanı demişdir: «Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki, bunu edək». Dövlət başçısının bu sözləri əlilliyi olan şəxslərin sosial müdafiəsinin daim gücləndirilməsində öz əməli təsdiqini tapır.

Qeyd edim ki, 2003-2013-cü illərdə ölkəmizdə əhalinin sağlamlığının qorunması, səhiyyə sisteminin təkmilləşməsi sahəsində geniş vüsət alan işlərin, yeni müalicə-diaqnostika və bərpa müəssisələrinin yaradılmasının daha bir müsbət nəticəsi kimi, respublikada əlilliyin artım tempinin qarşısı alınmış, reabilitasiya göstəricisi 6 faizə qədər yüksəlmişdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda dünya üzrə əlillərin əhali tərkibində faiz göstəricisi 10-15 faiz olduğu halda, Azərbaycanda bu rəqəm 4,4 faiz təşkil edir ki, bu da MDB məkanında ən aşağı göstəricilərdəndir.

Son on ildə əlilliyi olan şəxslərlə bağlı ölkə qanunvericiliyi, o cümlədən “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu xeyli təkmilləşdirilmiş, ümumilikdə, son illərdə 10-ə qədər yeni hüquqi normativ akt qəbul edilmişdir. Əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar Azərbaycan qanunvericiliyində, BMT Baş Məclisinin qəbul etdiyi Əlillərin hüquq bəyannaməsində təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər. Əlilliyi olan şəxslərin maddi təminatı da daim gücləndirilir. Onlara verilən müavinətlərin, həmçinin əmək pensiyalarının məbləği hər il artırılır.

Bununla yanaşı, respublikanın regionlarında yaşayan əlillərin bərpa-müalicəsinə göstərilən Prezident qayğısının növbəti ifadəsi olaraq, son on ildə bərpa-müalicə şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi təmin olunub. Belə ki, 2003-2013-cü illərdə Naxçıvan, Şirvan, Lənkəran, Şəki, Sumqayıt, Naftalan, Xaçmaz, Yevlax şəhərlərində regional bərpa mərkəzləri, Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin Naxçıvan və Gəncə şəhərlərində filialları inşa etdirilərək istifadəyə verilib. Həmçinin sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə Bakı və Naxçıvan şəhərlərində Uşaq Bərpa Mərkəzləri yaradılıb.

Qeyd olunan müddətdə nazirliyin nəzdindəki bərpa müəssisələrində 70 min nəfərə yaxın əlilliyi olan şəxsə bərpa-müalicə xidməti göstərilib. Hazırda ölkənin bütün regionları üzrə 14 reabilitasiya mərkəzində hər il 9 minə yaxın əlil insana bərpa-müalicə xidməti göstərilir.

Eyni zamanda, əlillərin xarici ölkələrdə müalicəsinin təşkili daim diqqətdə saxlanılıb və 2003-2013-cü illərdə hər il 100 nəfərədək əlilin xarici ölkələlərdə 28 günlük bərpa müalicəsi, hər il 1000 nəfərdən çox əlilin istirahət zonalarında mənalı istirahəti təşkil olunub. 2012-ci ildən etibarən sümük-əzələ xəstəlikləri olan 100-dən artıq əlilin Naftalan şəhərindəki müalicə mərkəzində bərpa müalicəsi həyata keçirilir.

Əlillərin reabilitasiya vasitələri ilə təminatı işləri uğurla davam etdirilir. 2003-2013-cü illər ərzində bu sahədə müsbət dinamika müşahidə edilmişdir. Məsələn, 2003-cü ildə əlilliyi olan şəxslər 419 əlil arabası, 1455 protez-ortez məmulatı ilə təmin edilmişdirsə, 2012-ci il üçün bu rəqəmlər müvafiq olaraq 1358 ədəd və 2394 ədəd olmuşdur.

Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərərək əlil olmuş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 1997-ci ildən 2012-ci ilin sonunadək Bakı şəhərində və Respublikanın digər şəhər və rayonlarında 5 minə yaxın mənzil inşa olunaraq istifadəyə verilmişdir.

Onu da bildirim ki, Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli 80 nömrəli Fərmanı ilə imzalanmış «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrası istiqamətində nəzərdə tutulmuş tədbirlər çərçivəsində əlil və şəhid ailələrinin mənzillə təmin olunması işləri sürətlənmişdir. 1997-ci illə müqayisədə əlil və şəhid ailələri üçün inşa olunan mənzillərin illik sayı son illərdə 10 dəfəyə yaxın artaraq orta hesabla 700 mənzil təşkil etmişdir. Belə ki, 1997-2003-cü illərdə ümumilikdə 850-ə yaxın mənzil tikilərək istifadəyə verilibsə, 2004-2012-ci illərdə 4 mindən çox mənzil inşa olunaraq əlil və şəhid ailələrinə təqdim edilmişdir.

2011-ci il noyabrın 17-də Qəbələ rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 36 mənzilli binanın istifadəyə verilməsi mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibə əlilləri və şəhid ailələri üçün ölkəmizin müxtəlif şəhərlərində gözəl binalar tikildiyini, bu binalardakı mənzillərdə rahat yaşayış şəraiti yaradıldığını, binaların xarici görünüşünün də gözəl, şəhər arxitekturasına uyğun olduğunu və müasir üslubda tikildiyini qeyd edərək demişdir: «Qarabağ müharibəsi əlillərinin problemlərinin həlli üçün də ardıcıl işlər aparılır. Növbəti bir neçə il ərzində növbədə dayanan hər bir ailə gözəl mənzillərlə təmin ediləcək».

Bu istiqamətdə işlərin uğurlu davamı kimi, hazırda əlil və şəhid ailələri üçün Bərdə, Xaçmaz, Qax və Şamaxı rayonlarının hər birində 1 ədəd 4 mərtəbəli 36 mənzilli, Goranboy, Tərtər, İmişli, Beyləqan və Ağdam rayonlarının hər birində 1 ədəd 6 mərtəbəli 54 mənzilli yaşayış binaları inşa olunur və həmin binaların cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

İmtiyazlı əlillərin minik avtomobilləri ilə təminatı işləri də son on ildə xeyli güclənmişdir. Belə ki, 1998-2003-cü illər ərzində müharibə əlillərinə 1230 ədəd minik avtomobil verilmişdisə, 2004-2013-cu illərdə 2300-dən çox minik avtomobili əlillərə təqdim edilmiş, ümumilikdə indiyədək 3526 nəfər əlilə dövlət hesabına minik avtomobili verilmişdir. Cari ildə əlillərə təqdim edilmək üçün daha 280 ədəd minik avtomobili alınmışdır.

İlk vaxtlar əlil vətəndaşlara «OKA» markalı minik avtomobili verilirdisə, sonralar ölkənin inkişaf dinamikasına uyğun olaraq, bu maşınları keyfiyyəti və rahatlığı ilə daha üstün olan «Slavuta» markalı, son illərdə isə NAZ-Lifan markalı avtomobillər əvəz etmişdir.

Ümumiyyətlə, hər il təsdiqlənən müvafiq Dövlət Proqramlarına əsasən, respublikada əlilliyi olan şəxslərin ölkə daxilində müalicəsi və bərpası, asudə vaxtının mənalı təşkili, yaradıcı əlillərin maddi və mənəvi dəstəklənməsi, onlar üçün respublika səviyyəli yaradıcılıq müsabiqələrinin təşkili, paralimpiya hərəkatının genişlənməsi və s. istiqamətlərdə ardıcıl tədbirlər həyata keçirilmişdir. Təkcə son beş ildə keçirilən respublika səviyyəli sərgi və baxış müsabiqələrinə 4200 nəfərdən artıq əlil şəxs cəlb edilmişdir.

Həmçinin, istedadlı əlillərin beynəlxalq səviyyəli tədbirlərdə iştirakı da daim diqqətdə saxlanılmışdır və xüsusən Heydər Əliyev Fondu tərəfindən belə tədbirlərə daim böyük dəstək verilməkdədir. Hələ beş il bundan öncə, 2008-ci ildə ABŞ-ın Əlillərin İntellektual İmkan¬larına Dəstək Fondunun rəhbəri Azər¬baycanda olarkən istedadlı əlillərimizin ya¬ra¬dıcılıq uğurlarını yüksək qiymətləndirmiş, Heydər Əliyev Fondunda keçirilən görüşdə 15 nəfər yaradıcı əlilə müxtəlif mükafatlar təqdim etmişdir.

Onu da bildirim ki, əlillərin yaradıcılıq imkanlarının təbliği yalnız belə tədbirlərlə yekunlaşmır. Bu sahədə nazirliyin ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə birgə yeni işlərindən biri kimi, ötən il əlil şəxslərin müxtəlif növ yaradıcılıq nümunələri və onlar haqqında üç dildə məlumatlar təqdim olunan sayt istifadəyə verilmiş, albom-kataloq və şerlər toplusu çap etdirilmişdir. Ölkədə paralimpiya hərəkatına dövlət başçısı tərəfindən davamlı dəstək göstərilməsi əlil idmançılarımızın paralimpiya oyunlarında ölkəmizin idman şərəfini layiqli şəkildə qoruyaraq 10 medal qazanmaları ilə nəticələnmişdir.

Əlillərin əmək bazarına çıxışının asanlaşdırılması daim diqqətdə saxlanılmışdır. Bununla əlaqədar nazirliyin Dövlət Məşğulluq Xidmətinin xətti ilə artıq 2007-ci ildən xüsusi olaraq əlillər üçün peşə hazırlığı kursları təşkil olunur və ötən müddətdə 300-dən çox əlil həmin kurslara cəlb olunmuşdur. Eyni zamanda, hazırda Ramana Gənc Əlillərin Əmək və İstirahət evində əsaslı təmir və yenidənqurma işlər aparılmaqla yanaşı, burada yaşayan əlillərin peşə hazırlığını təmin etmək üçün müvafiq şərait yaradılır.

- Son on il respublikada sosial müdafiə əhəmiyyətli yeni obyektlərin yaradılmasına başlanması ilə də əlamətdar olmuşdur...

- Tamamilə doğrudur. Qeyd edilən dövrdə müasir dövlət quruculuğunun geniş vüsət aldığı Azərbaycan insan hüquqlarının qabaqcıl beynəlxalq təcrübə əsasında daha dolğun şəkildə təmin olunmasına yönələn fəal siyasətə malik bir ölkəyə çevrilmişdir. Bu siyasət əlillərlə bağlı görülən işlərdə də öz əksini tapır. Belə ki, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin günün tələblərinə uyğun qurulması və onların daha dolğun şəkildə reabilitasiyası üçün müasir yanaşma üsullarını özündə ehtiva edən yeni sosial layihələrin icrasına artıq başlanmışdır.

Möhtərəm Prezidentimiz tərəfindən təsdiqlənən «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» na uyğun olaraq, 2011-ci ildə Zabrat qəsəbəsində Gözdən əlillər üçün Tədris Bərpa Mərkəzinin, Yetkinlik yaşına çatmayanlar üçün 50 yerlik İxtisaslaşdırılmış Sosial Reabilitasiya Mərkəzinin və Sosial Sığınacağın inşasına başlanmışdır. Həmçinin Bilgəh Müharibə və əmək əlilləri üçün pansionatın əsaslı təmiri və pansionat üçün 5 mərtəbəli 170 yerlik ikinci korpusun tikintisi, Ramana qəsəbəsində Gənc Əlillərin Əmək və İstirahət evində təmir-bərpa işləri, Bakı Protez-Ortopedik Bərpa Mərkəzində əsaslı təmir işləri aparılır. 2013-cü ildə həmin obyektlərin istifadəyə verilməsi planlaşdırılır.

Bununla yanaşı, Bakı şəhərində 50 yerlik müvəqqəti Sosial Sığınacağın və İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin inzibati binasının, penitensiar müəssisələrdə cəza çəkmiş şəxslər üçün Qobustan rayonunda 50 yerlik Sosial Adaptasiya Mərkəzinin, Gəncə, Şəki və Masallı şəhərlərində əlillərin texniki vasitələrinin təmiri üçün xüsusi emalatxanaların, Mingəçevir şəhərində Çernobıl əlilləri üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzinin, Gəncə şəhərində, Ağcabədi, Quba, Masallı, Şəki, Tovuz, İsmayıllı və Salyan rayonlarında yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün hər biri 30 yerlik İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzləri və hər biri 25 yerlik Sosial Sığınacaqların inşası üçün layihə-smeta sənədləri hazırlanmışdır. Yaxın vaxtlarda həmin obyektlərin inşası planlaşdırılır.

Ölkədə əlillər üçün bərpa-müalicə şəbəkəsinin daha da genişləndirilməsi üçün İsmayılı və Quba rayonlarında da Əlillərin Bərpa Mərkəzlərinin, həmçinin Xəzər rayonunda Ruhi-Əsəb İnternat Evinin tikintisi, habelə Respublika Əlillərin Bərpa Mərkəzinin, Şağan Müharibə Əlilləri üçün Müalicə Pansionatının, Mərdəkan Müalicə Pansionatının əsaslı təmiri üçün layihə-smeta sənədləri hazırlanmışdır.

- Cənab Nazir, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin olunması, işçi hüquqlarının müdafiəsi sahəsində nazirlik tərəfindən son on il ərzində görülən işlər barədə məlumat verərdiniz.

- Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sosial firavanlığın təmin olunmasına xidmət edən siyasətində əhalinin səmərəli məşğulluğunun təminatı xüsusi yer tutur. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə təsdiqlənən və iki mərhələni- 2007-2010-cu və 2011-2015-ci illəri əhatə edən Məşğulluq Strategiyalarının həyata keçirilməsi üzrə Dövlət Proqramları bu sahədə mühüm irəliləyişə şərait yaratmışdır.

Həmin Proqramlar mahiyyət etibarı ilə dövlət məşğulluq siyasətinin mərhələli şəkildə həyata keçirilməsinə istiqamətlənmişdir. İlk mərhələdə məşğulluq sahəsində beynəlxalq hüquq normalarına uyğun olaraq milli qanunvericilik bazası təkmilləşdirilmiş, məşğulluq siyasətinin həyata keçirilməsi üzrə iqtisadi mühitin və regional əmək bazarlarının inkişafı, yeni iş yerlərinin açılması, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi işləri aparılmışdır. Növbəti mərhələ isə əmək bazarında işçi qüvvəsinin keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsi, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, layiqlı əməyin tətbiqi sahəsinin genişlənməsi və s. hədəfləri əhatə etmişdir. Hazırda 2011-2015-ci illəri əhatə edən proqramın icrası işləri davam etdirilir.

Bu sahədə aparılan məqsədyönlü dövlət siyasəti ölkənin əmək bazarında gərginliyin aradan qalxmasına səbəb olmuşdur və bu gün ölkədə işsizlik heç də kəskin bir problem kimi diqqəti cəlb etmir. Hətta qlobal böhran şəraitində inkişaf etmiş ölkələrdə iş yerlərinin kütləvi ixtisarı, işsizliyin artımı baş verdiyi halda, Azərbaycanda yeni yaradılan iş yerlərinin sayı artmaqda davam etmiş, işsizlik səviyyəsi, qeyd etdiyim kimi, 5,2 faizə enmişdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti də ölkədə əhalinin səmərəli məşğulluğunun təminatına öz töhfəsini verməyə çalışmışdır. 2003-2013-ci illər ərzində Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən 270 min nəfərədək işsiz və işaxtaran vətəndaş münasib işlə təmin edilmiş, 30 mindən çox insan peşə hazırlığı kurslarına cəlb olunmuşdur.

2007-ci ildə Bakı şəhərində, 2008-ci ildə Naxçıvan şəhərində və Göyçay rayonunda Regional Peşə Tədrisi Mərkəzləri istifadəyə verilmişdir. Bu mərkəzlər müasir əmək bazarının tələblərinə uyğun peşə hazırlığının təşkili baxımından mühüm maddi-texniki baza rolunu oynayırlar. 2007-ci ildən etibarən Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən gənclərin işlə təmin olunması üçün respublikada ilk dəfə olaraq ali təhsil müəssisələrində tələbə və məzunların əmək bazarına inteqrasiyasına köməklik göstərilməsi üçün «Karyerada ilk addım» devizi altında aktiv məşğulluq tədbirləri keçirilir.

Sosial rifah meyarları insan faktorunun üstünlüyü kontektində işçi insanın həyat və sağlamlığının istehsal maraqlarından yüksək tutulmasını, əmək hüquqlarının müdafiəsini ön plana çıxarır. Təbii ki, ədalətli cəmiyyət quruculuğu maddi nemətlərin istehsalçısı olan işçi insanın əmək hüquqları, həmçinin onun həyat və sağlamlığının mühafizəsi təmin edilmədən həyata keçirilə bilməz.

Ölkəmizdə bu məsələyə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən daim xüsusi diqqət yetirilməkdədir. Bunun nəticəsidir ki, milli əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçi hüquqlarının etibarlı müdafiəsi mexanizminin qurulması, layiqli əməyin təminatı istiqamətində dövlət siyasəti ilbəil gücləndirilir.

Qeyd edim ki, işçi hüquqları ilə bağlı Azərbaycan mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT və BƏT-lə fəal əməkdaşlıq edir. Yenidən Baxılmış Avropa Sosial Xartiyasının 18 maddəsinə qoşulan Azərbaycan Layiqli əməyin təminatı sahəsində Beynəlxalq Əmək Təşkilatının (BƏT) 56 Konvensiyasını, o cümlədən BƏT-in əmək hüquqları sahəsində 8 fundamental Konvensiyasını ratifikasiya etmişdir. Bu beynəlxalq sənədlərdən irəli gələn prinsiplər milli qanunvericilikdə öz əksini tapmışdır. Yəni bu gün Azərbaycanın əmək qanunvericiliyi dünyanın mütərəqqi əmək normalarına cavab verə biləcək bir səviyyədədir.

2011-ci ildə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yaradılmışdır ki, bununla da əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqanın statusu artırılmışdır. Xidmətin əmək müfəttişliyi sahəsində beynəlxalq əlaqələri də daim genişlənir.

Son illərdə ölkəmiz əməyin mühafizəsi sahəsində dünyəvi təşəbbüslərə qoşulmuş, Əmək Müfəttişliklərinin Beynəlxalq Assosiasiyasına və Əmək Müfəttişliklərinin Regional Alyansına üzv olmuş, bu Alyansa sədrlik etmişdir. Bunlar nəticə etibarilə ölkədə əməyin mühafizəsinin gücləndirilməsi işlərinə müsbət təsirini göstərmişdir.

Xüsusən də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkənin əmək bazarına daha güclü nəzarət olunması, qeyri-leqal məşğulluq hallarının aradan qaldırılması barədə tapşırığına uyğun olaraq, aidiyyatı dövlət qurumları və sosial tərəfdaşlarla birgə qeyri-leqal məşğulluğun aradan qaldırılması istiqamətdə ciddi tədbirlər görülmüşdür. Ümumilikdə son on il ərzində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən tədbirlər əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş 106 min nəfərdən çox vətəndaşla əmək müqaviləsinin bağlanmasına, işəgötürənlər tərəfindən gecikdirilmiş 17 milyon manata qədər vəsaitin ödətdirilməsinə səbəb olmuşdur.

Bununla yanaşı, əmək hüquqlarının müdafiəsi sahəsində sosial tərəfdaşların birgə səylərinin artırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının 27 yanvar 2012-ci il tarixli birgə qərarı ilə «Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli (Tripartiat) Sosial Şura» yaradılmış, stasionar və səyyar laboratoriyalar müasir, mobil ölçü cihazları ilə təchiz edilmişdir.

- Xarici işçi qüvvəsinin cəlb olunmasına dövlət nəzarətinin gücləndirilməsi, ümumən miqrasiya siyasətinin təkmilləşdirilməsi sahəsində hansı addımlar atılmışdır?

- Təbii ki, davamlı iqtisadi tərəqqi dövrünü yaşayan bir ölkə kimi Azərbaycan xarici işçi miqrant axınlarının əsas ünvanlarından birinə çevrilməkdədir. Ona görə ölkəmiz özünün miqrasiya siyasətinin təkmilləşməsində maraqlıdır. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2006-cı il tarixli 1575 nömrəli Sərəncamı ilə «Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı (2006-2008-ci illər təsdiq edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 4 iyun tarixli 86 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunmasına əmək miqrasiyası kvotasının müəyyən olunması Qaydaları» xarici işçi qüvvəsinin cəlb olunmasına dövlət nəzarətinin gücləndirilməsində, yerli kadr potensialından səmərəli istifadə edilməsinin təmin olunmasında mühüm rol oynamışdır. Bununla da 2009-cu ildən başlayaraq növbəti il üçün əmək miqrasiyası kvotası təsdiq edilir və əcnəbilərə fərdi icazələrin verilməsi təsdiq edilmiş kvotaya uyğun həyata keçirilir.

- Son vaxtlarda nazirliyin fəaliyyətində ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə əməkdaşlığın gücləndirilməsi xüsusi yer tutur. Bu sahədə görülən işlər, əldə olunan nəticələr barədə nə deyərdiniz?

- Əhaliyə göstərilən xidmətlər sferasında şəffaflığın artırılması möhtərəm Prezidentimizin dövlət orqanları qarşısında müəyyən etdiyi əsas vəzifələrdən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu vəzifənin icrası istiqamətində fəaliyyətini daha da gücləndirmək, həmçinin əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı görülən işlərin cəmiyyətin real sifarişlərinə uyğun qurulması, sosial qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın həyata keçirilməsi məqsədilə 2011-ci ilin ortalarında Nazirlik yanında ixtisaslaşmış vətəndaş cəmiyyətlərinin nümayəndələrinin təmsil olunduğu İctimai Şuranın yaradılmasını təmin etmişdir.

Ötən müddətdə sosial sahə ilə əlaqədar yeni qanun layihələrinin, normativ hüquqi aktların işlənib hazırlanması, sosial müdafiə tədbirləri ilə bağlı monitorinqlərin həyata keçirilməsi, aktiv sosial müdafiə tədbirlərinə, həmçinin Özünədəstək-Birdəfəlik ünvanlı yardım proqramına cəlb olunan ailələrin seçilməsi və digər istiqamətlərdə İctimai Şurada təmsil olunan vətəndaş cəmiyyəti institutları ilə birgə mühüm işlər görülmüşdür.

İctimai təşkilatlarla birgə işlərin görülməsi artıq ənənəvi xarakter almışdır. Məsələn, nazirlikdə əlil və şəhid ailələri üçün mənzillərin bölgüsünü həyata keçirən müvafiq komissiyanın tərkibində də nazirliyin məsul işçiləri və rayon (şəhər) İH-lərin başçılarının müavinləri ilə yanaşı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələri, əlil təşkilatlarının rəhbərləri də təmsil olunur. Yeni sosial layihələrin icrası işlərində da ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə sıx əməkdaşlıq həyata keçirilir.

- Azərbaycan Respublikası Prezidentinin «Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında» 9 yanvar 2013-cü il tarixli Sərəncamının icrası ilə bağlı nazirlik tərəfindən hansı işlər aparılır?

- İlk növbədə bildirim ki, Azərbaycan Respublikası Prezidentinin «Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında» 9 yanvar 2013-cü il tarixli Sərəncamı uşaqların müdafiəsinə, onların sağlamlığının və firavan gələcəyinin təminatına ölkə rəhbəri tərəfindən göstərilən qayğının növbəti təzahürü olmaqla, eyni zamanda sosial xidmətlər sahəsində vətəndaş cəmiyyətləri ilə əməkdaşlığın daha sistemli və dolğun şəkildə qurulması üçün mühüm bir stimul olmuşdur.

Məlum olduğu kimi, istər milli qanunvericilikdə, istərsə də ölkəmizin uşaqların hüquqları ilə bağlı qoşulduğu müvafiq beynəlxalq sənədlərdə - BMT-nin «Uşaq hüquqları haqqında», «Əlillərin hüquqları haqqında» Konvensiyalarında, Avropa Şurasının «Əlillik üzrə 2006-2015-ci illər üzrə Fəaliyyət Planı»nda, Dəyişdirilmiş Avropa Sosial Xartiyasında və s. risk qrupunda olan uşaqların müstəqil həyat bacarıqlarının inkişaf etdirilməsi üçün müasir sosial reabilitasiya metodları ilə əhatə olunması, fərdi ehtiyaclara əsaslanan sosial xidmətlərin təmin edilməsi və bu istiqamətdə vətəndaş cəmiyyətləri ilə səmərəli əməkdaşlığın həyata keçirilməsi mühüm bir vəzifə kimi qarşıya qoyulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hələ 2008-ci ildən bu istiqamətdə müvafiq işlərə başlamışdır və ölkədə ixtisaslaşmış vətəndaş cəmiyyətlərinin iştirakı ilə əqli geriliyi olan uşaqlar üçün səyyar və icma əsaslı reabilitasiya xidmətləri üzrə layihələrə başlanmış və həmin layihələrin müsbət nəticələri olmuşdur.

Məsələn, «Sosial Xidmətlər Təşəbbüsü» Təşkilatı ilə səmərəli əməkdaşlığın nəticəsi kimi, Quba və İsmayıllı rayonlarında ölkədə ilk dəfə olaraq 120-dən çox ailədə olan sağlamlıq imkanları məhdud 3-12 yaşlı uşaqlara səyyar reabilitasiya xidmətləri göstərilmişdir. Üç il ərzində həmin uşaqların əksər hissəsinin gündəlik həyatda üzləşdikləri əqli və fiziki problemlərin aradan qaldırılması üçün onlarda zəruri bacarıq və vərdişlər yaradılmış və bununla artıq həmin uşaqların cəmiyyətə inteqrasiyası üçün heç bir maneə, problem qalmamışdır. Hətta həmin uşaqlardan 21 nəfərinin sosial xidmət müəsissəsinə verilmək riski, yəni internat evlərinə yerləşdirilməsi zərurəti aradan qalxmışdır.

Yaxud Nazirliyin sifarişi ilə Xaçmaz rayonunda yaradılan İcma Əsaslı Reabilitasiya Xidmətləri Mərkəzi təkcə ötən il bu bölgədə yaşayan 350-dən çox sağlamlıq imkanları məhdud uşaqların inkişaf pozuntularının aradan qaldırılması, onların öz həmyaşıdları ilə bərabər cəmiyyətə inteqrasiya etmələri və sosial bacarıqlarının inkişaf etdirilməsi üçün xidmətlər göstərmişdir. Dövlət sifarişləri əsasında sosial xidmətlərin müxtəlif sahələri üzrə digər pilot layihələr də icra edilmişdir.

Möhtərəm dövlət başçısının «Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında» Sərəncamı bu istiqamətdə aparılan işlərin xeyli gücləndirilməsinə imkan vermişdir.

Sərəncamın yüksək səviyyədə icrası və ən başlıcası Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılan vəsaitin sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara göstərilən sosial xidmətlərdə nəzərə çarpan keyfiyyət yüksəlişinə səbəb olmaqla səmərəli xərclənməsi nazirlik üçün prioritet vəzifəyə çevrilmişdir. Bu sahədə ixtisaslaşmış qeyri-hökumət qurumlarının daha geniş şəkildə iştirakına şərait yaradılmaqla onların müsbət xidmət təcrübəsindən maksimum istifadə olunması diqqətdə saxlanılır.

Bununla bağlı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin paytaxtda və regionlarda sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmətlərin göstərilməsi məqsədilə KİV-lər vasitəsilə elan etdiyi müsabiqələrə ixtisaslaşmış QHT-lər tərəfindən 50-dək layihə təqdim olunub. QHT-lərin fəal iştirakı ilə şəffaflıq şəraitində keçirilən müsabiqələrdə qalib gəlmiş 17 QHT tərəfindən hazırda 14 sosial xidmət sahəsi üzrə xidmətlərin göstərilməsi təmin edilir.

Qeyd olunan işlər çərçivəsində 3 rayonda sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzləri, 8 rayonda sözügedən şəxslərin sosial xidmətlərə çıxışının təmin olunması üçün günərzi qayğı mərkəzləri, 1 şəhərdə isə məişət zorakılığına məruz qalmış uşaqların reabilitasiyası üçün mərkəz yaradılıb. Həmçinin 10 rayonda belə uşaqlar üçün səyyar reabilitasiya xidmətlərinə, 4 rayonda 7 yaşadək uşaqlar arasında əlilliyin qarşısının alınması və sağlamlıq imkanları məhdud uşaqların Portec metodikası üzrə sosial reabilitasiyası işlərinə başlanmışdır.

Bununla yanaşı, yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası, baxımsız və hüquq pozuntusu törədən uşaqların, həmçinin sosial təhlükəli vəziyyətdə olan kimsəsiz uşaqların sosial reabilitasiyası, penitensiar və xüsusi müəssisələrdən azad olunmuş uşaqların sosial adaptasiyası məqsədilə də müvafiq layihələr icra olunur. Göstərilən xidmətlər 30-dək rayon üzrə ümumilikdə 1500 nəfər uşağı və onların ailələrini əhatə edir.

 

Səs.- 2013.- 28 avqust.- S.7.-8.