Bakı metropoliteni on il ərzində böyük inkişaf yolu
keçib
Müstəqilliyinin 20 ilini geridə qoymuş Azərbaycan,
nəinki regionun və post-sovet məkanının, ümumiyyətlə,
Şərqi Avropanın nailiyyətləri ilə seçilən
və uğurla inkişaf edən ölkəsi kimi qəbul
edilir. Əlbəttə,
azadlıq əldə etmiş, formasiya dəyişikliyinə
məruz qalmış, üstəlik, siyasi, iqtisadi, sosial, ələlxüsus
da torpaqları işğal edilmiş, hərbi təcavüz məngənəsində
olan bir ölkənin, yerləşdiyi coğrafi məkanın
xüsusiyyətləri də əlavə olunmaqla tarixi
prizmadan təhlillər aparılsa, qısa müddət ərzində
ayağa qalxması bənzərsiz hadisə kimi qiymətləndirilə
bilər.
Bütün bunlar başlanğıcını
1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə
qayıdan ümummilli lider Heydər Əliyevin düzgün
siyasətinin və qısa müddətdə ölkədə
yaratdığı ictimai-siyasi və iqtisadi sabitlikdən
götürür. Azərbaycanın iqtisadi yüksəlişi
1994-cü ildə bağlanmış «Əsrin müqaviləsi»ndən
başlanır. 2003-cü ildə xalqın
seçimi ilə Heydər Əliyevin dövlətçilik
irsinin layiqli davamçısı kimi hakimiyyətə gələn
Prezident İlham Əliyevin idarəetmə kursu isə Azərbaycanın
inkişaf və tərəqqisinin, nüfuzunun təmin edilməsi,
beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi
istiqamətində həlledici oldu. Ötən 10 il ərzində həyata keçirilmiş
siyasi və iqtisadi islahatlar indi nümunəvi inkişaf
konsepsiyası və təcrübə kimi öyrənilir.
5 ildən artıqdır dünyada hökm sürən
iqtisadi böhranın Azərbaycana böyük təsir
göstərməməsinin sübutu, bu bəlaya
düçar olmuş ölkələrdən fərqli olaraq,
ölkəmizin beynəlxalq kredit, həmçinin rəqabət
qabiliyyətliliyi reytinqinin artmasıdır. Azərbaycan hökuməti
artıq “Azərbaycan 2020: Gələcəyə baxış”
İnkişaf Konsepsiyası üzərində
çalışır və bütün proqramların təməlində
sosial rifah, əhalinin maddi vəziyyətinin
yaxşılaşdırılması prioritet istiqamətləri
təşkil edir.
Azərbaycanda son on ildəki sosial-iqtisadi inkişafın
ən bariz nümunələrindən biri Bakı Metropolitenində
həyata keçirilən layihələrdir. Müstəqilliyin
ilk illərinin ağır iqtisadi təsirləri və tənəzzülü
Bakı metropolitenindən də yan ötməmişdi. Həmin illərdə
planlaşdırılmış bütün tikinti işləri
dayandırılmış, əsasən, ölkə xaricində
istehsal olunmuş avadanlıq və materiallarla təchiz edilən
metropolitenin maddi-texniki bazası xeyli zəifləmiş, əlaqələr
itirilmişdi. Lakin ümummilli lider Heydər
Əliyevin səyləri ilə ən qısa müddətdə
vəziyyətdən çıxış yolları tapıldı.
Metropolitendə ən əhəmiyyətli hadisələrdən
birinə çevrilmiş istismar olunan vaqon parkının
yeniləşdirilməsinə məhz ulu öndərin
göstərişi ilə başlandı. Ümummilli
liderin hələ SSRİ dövründə ən yüksək
dövlət postlarından birini tutduğu - Nazirlər Sovetinin
birinci müavini vəzifəsində
çalışdığı illərdə
qazandığı nüfuzun nəticəsində metropolitenin
təchizatında əsaslı dönüş yarandı.
2002-ci ildən isə Bakı metropoliteninin əsas
vaqon təchizatçısı olan və vaxtilə
böyüyüb genişlənməsində Heydər
Əliyevin böyük xidmətləri olduğu
Mıtişşinin «Metrovaqonmaş» səhmdar cəmiyyətindən
ən münasib şərtlərlə yeni vaqonların
alınmasına başlanıldı. Bakı Moskvadan
sonra bu müəssisədən ən çox yeni vaqon alan şəhər oldu.
2002-2003-cü illərdə bu müəssisədən 50 yeni vaqon alındı. Proses İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra daha da genişləndi. 2004-2013-cü illəri əhatə edən dövr ərzində dövlət rəhbərinin tapşırığı ilə daha 116 yeni vaqon alındı. Bu da öz növbəsində, metropolitendə qatarların hərəkət intervalını 120 saniyəyə qədər azaltmağa, sərnişinlərə xidmət səviyyəsini yüksəltməyə imkan verdi. Bu mənada sürətin avtomatik tənzimlənməsi avtomatik lokomotiv idarəetmə (SAT ALİ) sistemlərində edilən yenilikləri də xüsusi qeyd etmək lazımdır. Hərəkət intervalının ən optimal həddə çatdırılmasında bu sistemdə edilən dəyişikliklər əhəmiyyətli rol oynadı. Müxtəlif illərdə alınmış vaqonların avtomatik idarəetmə sistemlərinin fərqli olması metropolitendə SAT qurğuları ilə bağlı axtarışlar aparılması zərurətini yaratdı. Qatarlarda sistem dəyişiklikləri ilə bağlı araşdırmalar metropolitençi mütəxəssislərin yüksək peşə bacarığı və səviyyəsini aşkar etdi. Bu illər ərzində müxtəlif tədbirlər sayəsində əldə olunan nailiyyətlər nəticəsində 2010-cu ilin martından metropolitendə hərəkətin təşkili və tənzimlənməsində SAT sisteminə keçildi. Bu isə tunellərdə bir çox avtostoplar demontaj olunması, svetoforlar söndürülməsi ilə nəticələndi. Təbbi ki, nəticədə həm də işarəvermə və rabitə xidmətinin qulluq etdiyi avadanlıqların sayı azalmaqla əsas diqqət iş keyfiyyətinin artırılmasına və işçilərin daha müasir sistemləri öyrənərək işində tətbiq edilməsinə yönəldildi.
Ötən on ilin ən böyük hadisələri təbii ki, metro tikintisi ilə bağlıdır. 2002-ci il dekabrın 10-da inşası yarımçıq qalmış, lakin Heydər Əliyevin beynəlxalq nüfuzuna hörmət əlaməti olaraq, Avropa İttifaqının ayırdığı maliyyə vəsaiti hesabına «Həzi Aslanov» stansiyası istismara verildi. İctimai sərnişindaşımada müstəsna rolu olan metropolitenin böyüməsi və maddi-texniki bazasının yeni əsaslarla yeniləşməsi həmin illərdən xüsusi diqqət mərkəzinə düşdü.
İqtisadi inkişafın təməli qoyulan Azərbaycanda Prezident İlham Əliyevin tapşırığı ilə metro tikintisi də prioritet istiqamətlərdən birinə çevrildi. 2006-2009-cu illərdə dövlət büdcəsindən ayrılmış 600 milyon manata yaxın vəsait hesabına böyük tikinti erası və metropoliten xətlərinin inkişaf etdirilməsi başlandı. Bunun nəticəsi kimi, 2008-ci il oktyabrın 9-da “Nəsimi” stansiyası, 2009-cu il dekabrın 30-da “Azadlıq prospekti” stansiyası və “28 May” stansiyasının ikinci giriş-çıxışı istismara verildi. Yeni stansiyalar şəhərin əhalisi sıx olan daha bir hissəsində, eləcə də ətraf kənd və qəsəbələrdə ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsində əhəmiyyətli rol oynadı. 2011-ci ildə isə «Dərnəgül» stansiyasının istismara verilməsi ilə metro stansiyalarının sayı 23-ə, xətlərin ümumi uzunluğu isə 34,56 km-ə çatdı.
Bu stansiyaların texniki təchizatında mövcud şərait də nəzərə alınaraq, yerli şərait müasir texnologiyalardan istifadə olunub. Rele otaqlarında köhnə sistemlər mikrprosessor mərkəzləşməsi ilə əvzələnib, rabitə vasitələri, elektrik təchizatı avadanlıqları, elektromexanika qurğuları və sistemləri yeni standartlara cavab verir.
Metro tikintisi və inkişafdan söz açarkən, bu gündən sabaha körpü olan metropolitenin perspektiv inkişaf planından xüsusi söz açmaq lazımdır. 2008-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə bu istiqamətdə araşdırma, təhlil və planlaşdırma işlərinə başlanıldı. Konseptual inkişaf sxeminin texniki-iqtisadi əsaslandırmasını yerinə yetirmək üçün tender keçirildi və metro tikintisi sahəsində böyük təcrübəyə malik, beynəlxalq miqyasda tanınmış Fransanın SYSTRA, İngiltərənin “Mott McDonald” və Koreya Respublikasının “Saman” şirkətlərinin iştirakı ilə beynəlxalq konsorsium yaradıldı. Qurum yeni sxemin hazırlanması məqsədilə müfəssəl sosial-iqtisadi təhlillər apardı, ictimai nəqliyyat üzrə sərnişinlər arasında sorğu keçirdi və ictimai nəqliyyata tələbatı, eləcə də gediş-gəlişin orta məsafəsi, sərnişin axınının istiqamətləri, səbəbləri, sıxlığı və tezliyi müəyyən edildi. Sosial araşdırmalar və hesabatlar əsasında, paytaxt əhalisinin illik artım tempi və məskunlaşma coğrafiyasının genişlənmə istiqamətləri, şəhərsalma prinsipləri müəyyən olundu. İki il ərzində konsorsiumla birgə Bakının yeraltı dəmir yolları şəbəkəsinin beynəlxalq standartlara uyğun ictimai nəqliyyat sistemi səviyyəsində inkişaf etdirilməsi məqsədilə metropoliten xətlərinin yeni sxemləri hazırlandı. Yekun olaraq, 14 layihədən 4-ü ən münasib variant kimi, ümumi müzakirəyə çıxarıldı.
2010-cu il noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında keçirilən geniş müşavirədə metropolitenin perspektiv inkişaf planı müzakirə edildi. 20-illik inkişaf planına əsasən, yeraltı dəmir yol xətlərinin ümumi şəbəkəsi 2 mövcud və 3 əlavə yeni xətdən ibarət olacağı müəyyənləşdirildi. Stansiyaların ümumi sayı 73-ə çatacaq. Xətlərin ümumi uzunluğu 119 kilometr olacaq. Bir sözlə, 50 yeni stansiyanın və 84,3 kilometr metro xətlərinin inşası nəzərdə tutulur. Ölkə başçısının tapşırığına uyğun olaraq, yeni stansiyaların tikintisi və yerlərinin seçilməsində əhalinin məskunlaşması və hərəkət istiqamətləri ilə yanaşı, sərnişin nəqliyyatının digər növləri, multifunksional nəqliyyat kompleksi ilə uzlaşdırılması da layihədə tam nəzərə alınıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının qarşıya qoyduğu əsas vəzifələrdən biri metro tikintisinin yeni dövründə həm tikintisində, həm də istismar zamanı ən müasir və qabaqcıl texnologiyalar, innovativ düşüncə tərzi tətbiq olunmalıdır. Tunellərin uzunmüddətli istismarını təmin etmək məqsədilə onların xarici diametri 6 metr müəyyən olunub. Texniki-iqtisadi əsaslandırmada stansiyaların uzunluğu 7 vaqon üçün və ya 144 metr nəzərdə tutulub ki, bu da əvvəlki stansiya və tunellərdən qat-qat yaxşıdır.
Yeni xətlərdə istismar olunacaq qatarlar ən yüksək və təhlükəsiz idarəetmə tələblərinə cavab verməsi ilə seçiləcək. Yeni stansiyalarda təhlükəsizlik məsələləri optimal səviyyədə olunacaq, sərnişin rahatlığı mümkün qədər yüksək həddə çatdırılacaq. Bu məqsədlə istər stansiyalarda, istərsə vaqonlarda kondisionerləşdirmənin tətbiqi, mikroiqlim sistemləri, havalandırmanın yeni metodlarından istifadə olunması, müasir yanğın təhlükəsizliyi sistemlərinin tətbiqi, informasiya təyinatlı elektron vasitələrin, əhalinin müxtəlif sosial təbəqələrinin maraqları nəzərə alınaraq, pandus, lift və travolatorların quraşdırılması və s. nəzərdə tutulub. Bundan əlavə, stansiya və tunellər ən müasir idarəetmə, işarəvermə, rabitə, elektrik və digər müvafiq sistem və avadanlıqlarla təchiz olunacaq. Radiokanal idarəetməsinin öyrənilməsini buna nümunə kimi göstərmək olar. Bir sözlə, elmi-texniki tərəqqinin tətbiqi yeni xətlərdə istismar şərtlərini köklü dəyişəcək.
2011-ci il martın 18-də Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə metropoliten xətlərinin konseptual inkişaf sxemi təsdiq olunmaqla, perspektiv planın 2011-2015-ci illər üçün Dövlət Proqramı təsdiq edildi və müvafiq işlər başlanıldı.
Artıq 2014-cü ildə yeni xəttin ilk iki stansiyası – «Avtovağzal» və şərti adı «Memar Əcəmi-2» olan stansiyaları, sonrakı iki ildə isə digər 3 stansiyası istismara veriləcək.
Dövlət Proqramında tikinti ilə yanaşı, istismarda olan metro şəbəkəsinin maddi-texniki bazasının gücləndirilməsi, yenidənqurma və bərpa işlərinin aparılması, təhlükəsizliyin artırılması istiqamətində tədbirlər də xüsusi yer alır.
2008-ci ildə “İçərişəhər” stansiyasının tam yenidən qurulması ilə metropolitendə daha bir istiqamətdə yeniləşmə dövrü başlandı. Bunun ardınca, 2011-ci ildə «Məşədi Əzizbəyov» stansiyası yenidən qurularaq, «Koroğlu» adı ilə yenidən sərnişinlərin istifadəsinə verildi. Hazırda mövcud şəraitdə metropoliten üçün əhəmiyyətli olan «28 May» stansiyasında yenidənqurma işləri başa çatmaq üzrədir. Yeni inşa olunmuş stansiyalarda odduğu kimi, bu stansiyalarda da bütün müasir idarəetmə sistemləri quraşdırılıb.
Maddi-texniki bazanın əsaslı yeniləşdirilməsi ilə bağlı son 10 il ərzində kifayət qədər böyük işlər görülüb. Yenidən qurulmuş stansiyalarda, eləcə də yeni inşa olunmuş «Azadlıq prospekti» və «Dərnəgül» stansiyalarında Almaniya istehsalı olan müasir, daha təhlükəsiz və asanlıqla xidmət göstərilən eskalatorlar quraşdırılıb. Bütün işarəvermə vasitələri müasir mikroprosessor sistemləri ilə əvəzlənib, rabitə və elektrik təchizatında müasir texnologiyalardan istifadə olunub.
Əhəmiyyətli yeniliklərdən biri dünyanın aparıcı metropolitenlərində quraşdırılmış sistemlərə uyğun, müasir texnologiyalar nəzərə alınmaqla, Bakı metropoliteni obyektlərində təhlükəsizlik və videomüşahidə şəbəkəsinin yaradılmasıdır. İlk dəfə 2000-ci ildə quraşdırılmış videomüşahidə sisteminin əsaslı şəkildə yenidənqurulmasına 2009-cu ildə başlanıldı. Yeni rəqəmli videomüşahidə sistemi, eləcə də mərkəzləşdirilmiş videomüşahidə şəbəkəsi qısa müddət ərzində istifadəyə verildi. 2011-ci ildə isə bu sistem geniş bir şəbəkəyə çevrilərək, hər vaqonda 4 kamera olmaqla, qatarlarda da tətbiqinə başlanıldı. Hazırda metropolitendə 4 minə yaxın kamera quraşdırılıb və səmərəli fəaliyyət göstərir.
Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi sırasında SOS sistemləri və qurğularının özünəməxsus yeri var. Hər bir stansiyada quraşdırılan bu avadanlıqlar xüsusi hallarda sərnişinlə-dispetçer arasında birbaşa ünsiyyət, əlaqə imkanı yaratmaqla bir çox funksional üstünlükləri ilə seçilir.
Mədəni xidmət səviyyəsinin artırılması baxımından sərnişin informasiya sorğu köşklərinin quraşdırılması qeyd oluna bilər. Metropolitendən istifadə edənlər, ələlxüsus da şəhərə nabələd olanlar üç dildə fəaliyyət göstərən bu sistemlərin köməyilə stansiyaların yerləşdiyi ərazilər, mənzil başına çatacaqları müddət barədə məlumat ala bilirlər.
Bütün bunlar son 10 il ərzində sərnişinlərin də əyani gördüyü yeniliklərdir. Ölkə başçısı İlham Əliyevin metropolitenə daimi qayğısı yeniləşib dəyişən, modernləşən metropolitendə hər bir sahədə kifayət qədər böyük dəyişikliklərdən söz açmaq olar. Onlar arasında sərnişinə xidmət, təhlükəsizlik planında ən əhəmiyyətlilərini xüsusi qeyd etmək lazımdır.
2006-cı ildə metropolitendə relslərin qaynaq edilməsi məqsədilə tətbiq edilən yenilik bu gün postsovet məkanı metropolitenləri arasında böyük fəxr mənbəyidir. Bu yeniliyin tətbiqi və daha sonra onun böyük bir sex şəklində qurulması nəticəsində metropolitendə uzun relslərin tətbiqi ən optimal həddə çatdırılıb. Nəticədə, rels qovuşuqları, calaqların, birləşdirici vasitələrin sayı, həmçinin qatarların yaratdığı səs-küy xeyli azalıb, eyni zamanda, bu, yolların təhlükəsizliyi, yol avadanlıqlarına qulluq, işçi əməyinin mühafizəsi və yaxşılaşdırılması istiqamətində əhəmiyyətli tədbirə çevrilib və indi də uğurla inkişaf etdirilir.
2013-cü ilin iyul ayından metropolitendə daha bir əhəmiyyətli sahə olan yolların vəziyyətinə nəzarət və defektoskopiyasında da bənzər sistemin tətbiqinə başlanılıb. Əvvəllər bu sahənin müvafiq mütəxəssisləri müvafiq təcrübə toplamaq və təhsil almaq üçün Rusiyaya göndərilirdisə, artıq bütün texniki şərait, laboratoriya imkanları, tədris avadanlıqları və sistemlərinin hər biri Bakı Metropolitenində də mövcuddur. Kadrların hazırlanması, təcrübə toplaması, biliklərini artırması və bu biliklərin qiymətləndirilməsi artıq yerli şəraitdə aparılır.
Təhlükəsizliyin əsas tələbləri sırasında yolların rəvanlığını da unutmaq olmaz. Bu mənada əhəmiyyətli addımlar atan metropolitendə son onilliyin əsas yenilikləri yerli mürəkkəb geoloji və coğrafi şəraitlə əlaqədar yeniliklərdir. Bu sırada relslərin elektrik korroziyasından qorunması yolları və üsullarının tətbiqini mühəndis təfəkkürünün qələbələrindən sayıla bilər. Kadrların yetişdirilməsi sahəsində əldə olunan nailiyyətlər və yeni texnoloji kabinetin formalaşması ilə paralel yolların yoxlanılmasında, plan və profildə vəziyyətinin qiymətləndirilməsində, diaqnostika sahəsində ən müasir avadanlıq və aparatların, maşın və mexanizmlərin tətbiqi sayəsində yolların etibarlı əllərdə olduğunu söyləmək olar.
Sərnişinə xidmət sahəsində stansiya və tunel avadanlıqlarının vəziyyəti xüsusi yer tutur. Bu mənada ventilyasiya sisteminin mütəmadi yenilənməsi, köhnəlmiş qurğuların yenisi ilə əvəz olunması prosesi son onillikdə xüsusi sürətlə aparılır. Metropolitendə sərnişin axınının artması, ələlxüsus da zamanın texnoloji inkişaf templəri ventilyatorların bir qisminin modernləşdirilməsini tələb edir. Bu mənada öz kadrlarının gücünə arxalanan metropolitendə əhəmiyyətli yeniləşmə hesabına bir çox ventilyatorların gücü, məhsuldarlığı artırılıb. Eyni addımlar eksalator sahəsində də atılır. Almaniya istehsalı olan yeni eskalatorların alınması ilə yanaşı, hələ uzun müddət istismarda olacaq eskalatorların ehtiyac olanının hamısı yerli mütəxəssislərin konstruktiv təklifləri əsasında modernləşdirilərək, möhkəmliyi artırılıb, daha təhlükəsiz, etibarlı və rəvan hərəkəti təmin edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiylərinə uyğun qurulan işlər artıq yaxın gələcəkdə metropolitendə tam fərqli formasiyanın başlanğıcıdır. Metropolitençilərə olan rəğbət, xüsusi diqqət təkcə müəssisədə tətbiq edilən yeniliklərdə əksini tapmır. Ölkəyə rəhbərlik etdiyi ilk dövrlərdən Prezident İlham Əliyevin kursunun təməlində Azərbaycan vətəndaşının sosial-iqtisadi rifahı dayanıb.
Metropolitendə tarixən formalaşmış ənənələrin təməlində işçilərin sosial rifahı ən ümdə vəzifələrdən biri hesab edilir. Bu mənada kollektiv müqavilənin şərtləri ilə tanış olmaq da kifayət edər. Ölkə başçısının həmkarlar təşkilatlarının fəaliyyətinin tənzimlənməsi ilə bağlı fərman və sərəncamlarından irəli gələn tələblərə müəssisədə ciddi riayət olunur. Qeyd etmək olar ki, işçilərin sosial-mədəni rifahının təmin edilməsi istiqamətində bir çox güzəştlər nəzərdə tutulub. Kollektiv müqavilədə işçilərlə yanaşı, onların ailə vəziyyətini, həyat şəraitini nəzərə alan bir çox müddəlar da yer alıb. Bütün bunlar illərin sıx, mehriban kollektivçilik ənənələrinə söykənən Bakı metropolitenində məhsuldar iş şəraitinin təmin edilməsində böyük rol oynayır.
Bakı metropoliteninin Bilgəh qəsəbəsindəki sanatoriya-profilaktoriyası və istirahət mərkəzində görülən işlər kollektiv üzvlərinə olan münasibətin daha bir bariz nümunəsidir. Hər il sanatoriyanın əsas binasında əhəmiyyətli yeniliklər edilir, müalicəvi məqsədlər üçün tibbi avadanlıqlar alınır, müxtəlif tibbi metodların tətbiqi üçün şərait yaradılır. İstirahət mərkəzinin evcikləri, ardıcıl qaydada, əsaslı təmir olunaraq yenidən qurulur və bütün şəraiti ilə işçilərin ixtiyarına verilir.
2012-ci ildə sanatoriya Azərbaycan Prezidenti İlham Əliyevin tarixi qərarı ilə çəkilmiş Oğuz-Qəbələ-Bakı su kəməri ilə paytaxta gətirilmiş içməli su mənbəyindən bəhrələnənlər sırasında metropolitenin sanatoriya-profilaktoriyası da var. Uzun illər içməli su probleminin həllini gözləyən sanatoriya artıq əsas həyat mənbəyi ilə təmin edilib. Bundan əlavə, ərazidə xüsusi sutəmizləyici sistem də quraşdırılıb və sanatoriya onun fəaliyyəti sayəsində məqsədli istifadə üçün daha bir su mənbəyi ilə təmin edilib. 2012-ci ildə sanatoriya-profilaktoriyanın elektrik enerjisi təminatında da əhəmiyyətli dəyişiklik edilərək, buradakı elektrik yarımstansiyası əsaslı təmir edilərək, yeni avadanlıqlarla təchiz olunub.
İş şəraitində işçilərin mədəni istirahətinin təşkili, bədən tərbiyəsi və fiziki sağlamlığının qorunması məqsədilə bir çox alddımlar atılıb. «Nərimanov» elektrik deposu ərazisində 2008-ci ildə idman-sağlamlıq kompleksi istifadəyə verilib. Burada işçilər müxtəlif idman alətləri, trenajorlardan istifadə edə, fin və rus hamamlarında, su hovuzunda dincələ bilirlər. 2010-cu ildə isə depo ərazisində müasir standartlara cavab verən süni örtüklü mini-futbol və tennis-voleybol meydançaları istifadəyə verilib. İl ərzində iki dəfə metropoliten kollektivləri arasında daxili spartakiadalar keçirilir. Bu yarışlar əsasında formalaşmış komandalar paytaxt, respublika xaraketrli müxtəlif yarışlarda və MDB metropolitenlərinin spartakiadalarında iştirak edir.
İşçilərinin iş şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər sırasında işçi yerlərinin müasir standartlar üzərində qurulması, vaxtında təmir olunması, ən müasir texniki istehsalat vasitələri ilə təmin edilməsi, sosial tələblərinin tam kompleksinə cavab verən soyunub-geyinmə, istirahət otaqları, məişət əşyaları və avadanlıqları, o cümlədən soyuducular, kondisioner, havalandırma sistemləri ilə təchiz olunmasına da xüsusi diqqət yetirilir.
2010-cu ildən bütün xidmət və sahələrdə sürətli internet xəttinin çəkilməsi, işçilərin elektron vəsaitlərlə təmin edilməsi, telekonfranslar təşkili sayəsində metropolitendə işin təşkili və idarə olunmasında müasir sistemlərin əsaslı tətbiqinə başlanılıb.
Təlimatların, dərslik və vəsaitlərin işlənib hazırlanması metropolitendə yeni kadr nəslinin hazırlanmasında əhəmiyyətli təsir vasitələrindən sayılır. Bu mənada son onillikdə əhəmiyyətli addımlar atılıb. Vaxtilə əsas terminologiyası rusca işlənən və bu vərdişlərin uzun illər ünsiyyətdən çıxmaması bu vasitələrlə aradan qaldırılıb.
Bu illər ərzində metropolitençilərin sosial rifahının yaxşılaşdırılması Azərbaycan Respublikası Prezidentinin verdiyi fərman və sərəncamlarda da əksini tapıb. 10 il əvvəl Bakı Metropoliteni işçisinin əmək haqqı 108 manat təşkil edirdisə, indi bu rəqəm 519 manata bərabərdir. Ötən illər ərzində metropolitençilərin xidmətləri və səmərəli fəaliyyətləri də dövlət tərəfindən xüsusi mükafatlara layiq görülüb. Ölkə başçısının sərəncamları ilə metropolitençilər «Şöhrət» ordeninə, «Tərəqqi» medalına, Prezidentin xüsusi diplomlarına və digər mükafatlara layiq görülüblər.
Tağı Əhmədov
Bakı Metropoliteninin rəis
Səs.- 2013.- 31
avqust.- S.8-9.