Azərbaycan stabil və dinamik inkişafına, çevik daxili və xarici siyasətinə görə Avropanın bir çox dövlətləri üçün nümunədir

 

 

 

Müsahibimiz Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyevadır  

- Sədaqət xanım, məlum olduğu kimi, ötən ay Milli Məclisdə Azərbaycan Respubikasının gələn il üçün dövlət büdcəsi qəbul edildi. Müxtəlif parametrlərinə görə, ölkəmizin ali maliyyə sənədini necə qiymətləndirirsiniz?

- Gələn ilin dövlət büdcəsinə ümumi prizmada yanaşma tətbiq etməklə demək olar ki, 2014-cü ilin büdcəsi investisiya tutumludur, sosial yönümlüdür və dayanıqlı sosial-iqtisadi inkişafa zəmin yaradır. Büdcənin təhlili onu göstərir ki, ali maliyyə sənədində əsas konseptual məzmunu respublikamızın sosial-iqtisadi inkişaf göstəricilərini və ümumi daxili məhsulun artım dinamikasının davamlılığını, ölkəmizin maliyyə sabitliyi və artım tempi ilə irəlilədiyini şərtləndirir. Eyni zamanda, 2014-cü ilin iqtisadi ssenariləri ilə yanaşı, mövcud maliyyə resursları və dövlət büdcəsi bütün sosial və iqtisadi hədəflərə çatmağa imkan verir. Yəni, ölkəmizin qarşıdakı 3 ilə dair sosial-iqtisadi inkişaf proqnozları ilə bağlı makroiqtisadi göstəricilər də perspektiv uğurlardan xəbər verir.

Yeni ilin dövlət büdcəsi respublikamızın inkişaf strategiyasını əks etdirməklə, mühüm iqtisadi və sosial prioritetlərin reallaşmasına əhəmiyyətli dərəcədə baza yaradır. Çünki, büdcə ölkəmizin sosial, iqtisadi, investisiya bölmələrində əhatəli və davamlı layihələrin həyata keçirilməsini nəzərdə tutan güclü maliyyə resurslarına söykənir.

Gələn ilin büdcəsinin başlıca istiqamətləri ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların əvvəlki illərdə olduğu kimi davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını və sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri özündə əks etdirəcək. Aydın görünür ki, strateji inkişaf xəttinə və ölkədə yaranmış makroiqtisadi mühitə uyğun olaraq, dövlət büdcəsi gəlirlərinin stabilləşdirilməsinə, qeyri-neft sektorundan və digər real mənbələrdən büdcəyə əlavə daxilolmaların müəyyən edilməsinə, əhalinin sosial rifahının yaxşılaşdırılmasına, aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsinə, onların gəlirlərinin və məşğulluq səviyyəsinin yüksəldilməsinə, qeyri-neft sektorunun, sahibkarlığın inkişaf etdirilməsinə, dövlətin müdafiə potensialının artırılmasına, iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunmasına xüsusi diqqət yetirilir.

Büdcədə əksini tapmış ayırmalara da nəzər saldıqda bir daha görürük ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili durur və sosial rifah dövlətinin qurulması istiqamətində çox ciddi addımlar atılmaqdadır. Məsələn, gələn ilin dövlət büdcəsində sosialyönümlü xərclərə 5.3 milyard manat ayrılacaq ki, bu da ümumi büdcənin təxminən, 27 faizi deməkdir. Ayrılan vəsait 2013-cü illə müqayisədə 299 milyon manat və ya 6 faiz çoxdur. Gələn ilin büdcə layihəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün ayrılan vəsait isə bu illə müqayisədə təxminən, 476 milyon manat və ya 11 faiz çoxdur. Ümumilikdə, sözügedən sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsinin xərclərinin tərkibində xüsusi çəkisi 24 faiz təşkil edəcək ki, bu da 2013-cü illə müqayisədə 2,2 faiz çoxdur.

Bununla yanaşı, büdcəsinin layihəsinə əsasən, səhiyyə xərclərinə 725 milyon manat ayrılması nəzərdə tutulub ki, bu da 2013-cü illə müqayisədə 56 milyon manat, yaxud 8 faiz çoxdur. Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin 3 milyard manata yaxın, 2014-cü il üçün yaşayış minimumunun ölkə üzrə 125, əmək qabiliyyətli əhali üçün 136, pensiyaçılar və uşaqlar üçün 103 manat, həmçinin, gələn il üçün ehtiyac meyarının 100 manat müəyyənləşdirilməsi sosial məsələlərə ayrılan diqqətdən xəbər verir. Bununla yanaşı, 2014-cü ilin büdcəsində ipoteka kreditləşməsinə 40 milyon manatın ayrılması gənclərə olan diqqəti də ortaya qoyur.

Bütün bunlar bir daha göstərir ki, dövlət həqiqi surətdə neftdən gələn gəlirləri insan kapitalına çevirir və ümumilikdə cəmiyyətdə sosial gümrahlıq formalaşdırır. Nəzərə alsaq ki, bu gün dünyanın ən inkişaf etmiş dövlətlərində sosial-iqtisadi böhran baş verir və xüsusilə də, sosial ayırmalar azaldılır. Amma Azərbaycanda sosial sahəyə diqqət hər gün artır və maliyyələşmə yüksək səviyyədə təmin edilir.

Bir sözlə, 2014-cü ilin büdcəsi iqtisadiyyatın sosial məzmununu və investisiya yönümlülüyünü əhatə etməklə sosial-iqtisadi inkişaf, yüksək rifah, ölkəmizin müdafiə qabiliyyətinin artırılması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, sahibkarlığın inkişafına dəstək verilməsi və digər planlar üçün mühüm maliyyə bazası yaradacaq.

- Söylədiyiniz fikirlərin fonunda Azərbaycanın ümumi sosial-iqtisadi inkişafı haqqında nələri deyə bilərsiniz? Bütövlükdə, son 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamız hansı nailiyyətləri əldə edib?

- Ümumilikdə, bu gün paytaxtımızla yanaşı, Azərbaycanın digər bölgələrinin simasının dəyişməsi, sosial-iqtisadi təyinatlı obyektlərin sayının sürətlə artması, eyni zamanda, vətəndaşlarımızın maddi rifah halının yüksəlməsi bir daha ölkəmizin sürətli inkişafının, uğurlarının və nailiyyətlərinin göstəricisi olduğunu deyə bilərik. Həqiqətən də, bu gün Azərbaycan Respublikası stabil və dinamik inkişafına, həmçinin, çevik daxili və xarici siyasətinə görə, nəinki Cənubi Qafqazın, eləcə də, Avropanın bir çox dövlətlərindən irəlidədir, hətta, onlar üçün nümunədir. Ölkəmizdə Heydər Əliyev siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, həmçinin, sosial-iqtisadi islahatların siyasi reformalarla paralel həyata keçirilməsi nəticəsində Azərbaycanın timsalında iqtisadi inkişafın və demokratik tərəqqinin yeni nümunəsi formalaşıb. Odur ki, müasir dünyanın dövlətləri də Azərbaycanın təcrübəsini bölüşmək və düşdükləri vəziyyətdən çıxmaq üçün sözügüdən modelə müraciət edirlər.

Qeyd edim ki, təkcə son 10 il ərzində həyata keçirilmiş sosial-iqtisadi reformalar nəticəsində ümumi daxili məhsul üç dəfə, qeyri-neft ümumi daxili məhsulu isə 2,4 dəfə artıb. Son 10 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 30 dəfə artaraq 50 milyard dollara yaxınlaşıb. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 6 faizə, işsizlik isə 5,2 faizə qədər azalıb. 2003-2012-ci illərdə Azərbaycan iqtisadiyyatına yönəldilən 128,3 milyard dollar investisiyadan 65,7 milyard dollarını daxili investisiyalar təşkil edib və xarici ticarət dövriyyəsi 6,4 dəfə artıb. Xüsusi məqam kimi qeyd etməliyəm ki, bu gün Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 75-80, ümumi maliyyə kütləsinin 90-95 faizini əlində cəmləşdirib. Məhz, bu səbəbdən də, təsadüfi deyil ki, dünyanın ən nüfuzlu beynəlxalq agentliklərinin Cənubi Qafqazda investisiya reytinqinə layiq gördükləri ilk ölkə də məhz Azərbaycandır. “Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmiz 144 ölkə arasında 39-cu, MDB məkanında isə ardıcıl olaraq dörd ildir ki, birinci yerdədir. Beynəlxalq imici durmadan yüksələn Azərbaycan “Yüksək insan inkişafı” və “Yuxarı orta gəlirli” ölkələr qrupuna daxildir.

Ölkəmizin stabil və dinamik inkişafı onun dünya ictimaiyyətinin diqqətinə müxtəlif beynəlxalq tədbirlərlə gəlməsinə də səbəb olur. Elə "Eurovision-2012" mahnı yarışmasının, Ümumdünya İqtisadi Forumunun, Beynəlxalq Humanitar Forumların Azərbaycanda keçirilməsi, həmçinin, şahmat üzrə 2015-ci il Dünya Kuboku yarışlarının, 2016-cı il Dünya Şahmat Olimpiadasının və I Avropa Oyunlarının da ölkəmizdə təşkil edilməsinin qərara alınması söylənilənlərin əyani sübutudur. Əlbəttə ki, bütün bunlar birbaşa olaraq, Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirməsi və şaxələndirməsi nəticəsində mümkün olub.

- Ümumi dünya miqyasında cərəyan edən sosial-iqtisadi və maliyyə böhranı fonunda Azərbaycanın dinamik inkişafının şahidi oluruq. Eyni zamanda, Azərbaycanda bütün qanunvericilik normaları bu dayanıqlı tərəqqinin üzərində milli transformasiya proseslərinə uyğunlaşdırılır. Hətta, bu gün Milli Məclisdə müasir standartlarla uzlaşan qanun layihələri də hazırlanır. Bütövlükdə, sözügedən qanunyaradıcı tendensiya haqqında nə deyə bilərsiniz?

- Doğru qeyd edirsiniz ki, bu gün Azərbaycan Parlamenti qloballaşan dünyada milli transformasiya prosesini keçən ölkəmizin inkişafı ilə uzlaşan qanunvericiliyi formalaşdırır və təkmilləşdirir. Bu proses əlbəttə ki, iqtisadi, sosial, siyasi və hüquqi baxımdan böyük nailiyyətlər əldə etmiş ölkəmizin inkişafın keyfiyyətcə yeni mərhələsi olan sosio-mədəni transformasiya etapına keçidinə xidmət edir. Bu mərhələdə cənab Prezident İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq, vətəndaş cəmiyyətinin tam formalaşması, vətəndaş-dövlət münasibətlərinin, məmur-vətəndaş ünsiyyətinin şəffaflaşması, ictimai iştirakçılığın yüksəldilməsi, qanunun aliliyinin tam təmin edilməsi və digər sosio-mədəni elementlərin intişar tapması üçün addımlar atılır. Elə Milli Məclisdə “İctimai iştirakçılıq”, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsi”ndə, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi”ndə, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi”ndə, “Siyasi partiyalar haqqında”, “QHT-lərin fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarına dəyişikliklərin edilməsi, həmçinin, iqtisadi və sosial sahələrə dair digər qanunlara əlavələrin edilməsi, yeni qanun layihələrinin hazırlanması sözügedən tendensiyanın tərkib hissəsidir. Yəni, qanun vətəndaşlar üçün dövlət tərəfindən müəyyənləşdirilmiş məcburi davranış normaları olduğundan bu proses xüsusi əhəmiyyət kəsb edir. Təbii ki, milli inkişaf tendensiyasına xidmət edən qanunyaradıcı proses müasir standartlarla uzlaşır və dünya təcrübəsini özündə əks etdirir.

- Sədaqət xanım, bildiyimiz kimi, sizin təşəbbüsünüzlə hazırlanmış “Uşaqların istirahətinin təşkili haqqında” qanun layihəsi müzakirə edildi və geniş auditoriyada dəstək qazandı. Bu gün Azərbaycan reallığı üçün vacib hesab edilən bu qanun layihəsinin detalları haqqında məlumat verməyinizi xahiş edirik...

- Öncə qeyd edim ki, bu qanun layihəsi digər ölkələrin təcrübəsi də araşdırılmaqla və ölkəmizin mövcud reallıqları nəzərə alınmaqla hazırlanıb. Belə ki, MDB ölkələrində - Rusiyada, Ukraynada, Belorusda bu cür qanunlar əsasında uşaq istirahət müəssisələri fəaliyyət göstərir ki, onların maliyyələşdirilməsində əsasən dövlət büdcəsi böyük rol oynayır. Qardaş Türkiyədə isə bu işə daha çox bələdiyyələr təsir edir. Avropada da bu cür uşaq istirahət proqramları fəaliyyətdədir. Amma orada bu prosesi əsasən xüsusi fondlar və ya QHT-lər həyata keçirirlər. Adları çəkilən ərazilərdə bu proses əsasən mövsümi xarakter daşıyır. Lakin “Uşaqların istirahətinin təşkili haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi uşaqların istirahəti prosesini illik nəzərdə tutur. Bu da təbii ki, Azərbaycan dövlətinin daha bir məsələdə novatorluq nümayiş etdirməsini və uşaqlar üçün bütün imkanları səfərbər etməsini sübut edir.

Qanun layihəsinin detallarına gəlincə, bildirməliyəm ki, gələcəyimiz olan uşaqların, xüsusilə də, orta məktəb şagirdlərinin asudə vaxtının səmərəli təşkil edilməsi müasir dövrün ən aktual problemlərindən biridir. Elə son vaxtlarda baş vermiş cinayət hadisələri də bir daha bizi bu problemlə bağlı düşünməyə vadar edir. Bir müddət öncə yayılmış məlumatlarda deyilirdi ki, 15-16 yaşlı yeniyetmələr oğurluq hadisəsinə görə həbs edilib. Bununla yanaşı, bir sıra gənclər ölkədə sabitliyi pozmaq cəhdi üçün «molotov kokteylləri», «səs bombaları» ilə ələ keçiriliblər. Bütün bunlar əlbəttə ki, həyəcan təbili olmalıdır və biz yeniyetmələri və gəncləri bu cür mənfi hərəkətlərdən çəkindirməliyik. Ona görə də, bugünkü vəziyyətin perspektiv inkişafının qarşısının alınması üçün uşaqlarla birbaşa iş qurulmalıdır. Bunun da ən optimal yolu isə uşaqların asudə vaxtının səmərəli təşkilidir. Yəni, uşaqlar həm dərslərdən sonra, həm də tətillərdə onlar üçün maraqlı olan formada təlim və tərbiyə proseslərinə cəlb edilməlidir. Həmin proses çərçivəsində onların intellektual bilik səviyyələri artırılmalı, təkrar təlim tendensiyasına qoşulması, peşə qabiliyyətlərinin artırılması üçün əmək təlimləri təşkil edilməlidir və s. Onsuzda xarici beynəlxalq QHT-lər və digər qərəzli qüvvələr Azərbaycan yeniyetmələri və gənclərini yetərincə «beyinlərini yumağa» və «zəhərləməyə» cəhd göstərirlər. Ona görə də, bu sahədə təcili tədbirlər görülsə, daha vətənpərvər, intelletual, kreativ, qərəzli qüvvələrə dövlətçilik prizmasından cavab verən gənclik formalaşdırmaq olar.

Çox sevindirici haldır ki, bu məsələ də dövlətin diqqət mərkəzindədir və problemin inkişafının qarşısının alınması üçün artıq qanun layihəsi də hazırlanıb. Bu mənada, belə bir məsələnin ictimailəşdirilməsində və qanun layihəsi formasına salınmasında dövlətimizin, Milli Məclisin rəhbərliyinə, Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbliyə və bu işdə əməyi keçən hər bir insana təşəkkürümü bildirirəm.

Məlumat üçün bildirim ki, “Uşaqların istirahətinin təşkili haqqında” Azərbaycan Respublikasının Qanunu müasir dövrün real mənzərəsinə və perspektiv çağırışlara cavab verən formada hazırlanıb. Dövlət siyasətinin prioriteti kimi qəbul edilən bu qanun layihəsində dilindən, dinindən, irqindən, milliyətindən, cinsindən, mənşəyindən və sağlamlıq vəziyyətindən asılı olmayaraq, bütün uşaqların istirahətinin və asudə vaxtının səmərəli təşkilinin bütün tərəfləri öz əksini tapıb. Layihədə uşaqların istirahətinin səmərəli təşkilinin bütün istiqamətləri və standartları göstərilib və əminəm ki, burada göstərilən istiqamətlərin reallaşdırılması ilə uşaqların qidalanması, tibbi xidmət alması, tərbiyə prosesinin təşkili, maraqlarının və istedadlarının inkişafı, bilik və dünyagörüşlərinin genişləndirilməsi, özünəxidmət, kollektivçilik vərdişlərinin formalaşdırılması və s. həyata keçiriləcək.

Qanun layihəsində göstərilir ki, 7-18 yaşlı uşaqlar bu hüquqdan istifadə edə biləcək və 6 yaşadək uşaqlar valideynlərilə birgə istirahət müəssisələrində qalacaq. Hətta, burada başqasının yardımına ehtiyacı olan uşaqların belə istirahətinin təşkili məsələsi öz əksini tapıb.

Qanuna əsasən uşaqlar təşkil ediləcək istirahət düşərgələrinə və ya müəssisələrə 15, 30-45 nəfərlik qruplar şəklində, tibbi arayış əsasında gedəcək və bu qruplar yollanışa ən geci 2 gün qalmışadək formalaşdırılacaq. Həmçinin, uşaqların təhlükəsizliyi məsələsi də öz əksini tapıb və qanunda göstərildiyi kimi, polis uşaqların istirahət yerinə getməsini və qayıtmasını pulsuz olaraq, həyata keçirəcək. Uşaqların istirahətinin təşkilinin maliyyələşdirilməsi prinsipləri də qanun layihəsində qeyd edilib. Belə ki, maddə 17.1-də yazılır ki, məcburi dövlət sosial sığorta olunanların uşaqlarının istirahəti dövlət sosial sığorta haqları hesabına, eyni zamanda, yuxarıdakı maddədə əksini tapmış uşaqlardan qeyriləri dövlət büdcəsi hesabına baş tutacaq. Yəni, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuşlar, baxımsız, kimsəsiz, insan alverinin qurbanı olmuşlar, veteran statusu alan valideynlərin uşaqları, aztəminatlı ailələrin uşaqları, məcburi köçkün, bacarıqlı və xüsusi qabiliyyətli uşaqlar, kənd yerlərində təhsil, səhiyyə, mədəniyyət və sosial təminat işçilərinin uşaqlarına istirahət üzrə xidmətlərin haqqının müəyyən edilmiş hissəsi dövlət büdcəsi tərəfindən maliyyələşdirilir. Əlbəttə ki, uşaqların istirahətini təşkil etmək üçün qadağan edilməyən mənbələr hesabına həyata keçirmək olar.

Qanun layihəsində həmçinin, uşaqların və valideynlərin, ümumlikdə, istirahət prosesinin iştirakçılarının hüquqları təsbit edilib, uşaq istirahət müəssisələrinin işçilərinin vəzifələri müəyyənləşdirilib. Eyni zamanda, qanun layihəsində əcnəbi uşaqların da Azərbaycanda yaradılmış uşaq istirahət hüquqlarından istifadə imkanları haqqında maddə var.

Bir sözlə, “Uşaqların istirahətinin təşkili haqqında” Azərbaycan Respublikasının Qanunu bir daha Azərbaycanda sosial rifah dövləti quruculuğu prosesinin sürətlə getməsini nümayiş etdirir. Eyni zamanda, gənc nəslin bu cür dövlət qayğısı ilə əhatələnməsinə şəraitin yaradılması onu sübut edir ki, dövlət siyasətinin mərkəzində insan amili durur. Qanun layihəsinin fəlsəfəsi də ondan ibarətdir ki, Azərbaycanda gələcəyimiz olan uşaqların intellektual, kreativ və əsil vətəndaş kimi yetişdirilməsi dövlətimizin prioritet məsələsidir.

- Bakı şəhəri, Nizami rayonu 25 saylı II Seçki Dairəsinin millət vəkili kimi həm rayonda gedən sosial-iqtisadi inkişaf prosesləri, həm də sakinlərin rifah halının yüksəlməsi tendensiyası haqqında danışardınız. Ümumiyyətlə, sakinlər daha çox hansı məsələlərlə bağlı sizə müraciət edirlər? Onları ən çox hansı məsələlər narahat edir?

- Əvvala qeyd edim ki, bu gün Nizami rayonu Bakı şəhərinin ən sürətlə inkişaf edən, abadlaşan və simasını dəyişən rayonlarından biridir. Cənab Prezident İlham Əliyevin uğurlu kadr siyasəti və verdiyi tövsiyələr, tapşırıqlar nəticəsində Nizami rayonunda irimiqyaslı işlər həyata keçirilir. Təsadüfi də deyil ki, Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə bir çox sosial obyektlərin açılışı olub.

Bütövlükdə, Nizami rayonunda həyətlərin abadlaşdırılması, sosial layihələrin həyata keçirilməsi, yaşayış binalarının ümumi səciyyə daşıyan problemlərinin aradan qaldırılması nəticəsində rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası, Nizami bələdiyyəsi ilə sakinlər arasında vəhdət, fikir tamlığı formalaşıb. Elə 9 oktyabr 2013-cü ildə keçirilmiş Prezident seçkilərində rayon sakinlərinin son dərəcədə aktiv iştirak etməsi və YAP-ın namizədi İlham Heydər oğlu Əliyevi dəstəkləməsi dediyim fikrin sübutu idi. Səmimi şəkildə deyirəm, bu gün Nizami rayonunda dövlət orqanları, YAP və insanlar arasında sədd yoxdur, ictimai həmrəylik mövcuddur. Bu mənada, əminliklə deyə bilərəm ki, həm Yeni Azərbaycan Partiyasının, həm dövlət orqanlarının, həm də seçilmiş millət vəkillərinin fəaliyyəti rayonda bir çox problemlərin həll edilməsinə gətirib çıxarıb.

Nizami rayonu 25 saylı II Seçki Dairəsinin millət vəkili kimi demək olar ki, hər ay qəbullar keçirir, sakinlərin müraciətləri əsasında məhəlli görüşlərdə iştirak edirəm. Xırda problemləri nəzərə almasaq, ümumilikdə, sakinlərimiz Azərbaycan dövlətindən, Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın fəaliyyətindən razılıqlarını ifadə edirlər. Bunun da səbəbi yeni iş yerlərinin açılması, insanların işlə təmin edilməsi, onların rifah halının yüksəlməsidir. Ona görə də, sakinləri narahat edəcək ciddi problemlər yoxdur. Müraciətlər yalnız ümumi xarakterli məsələlərlə əlaqəlidir.

- Əlbəttə ki, Nizami rayonunun ictimai-siyasi həyatında aktiv iştirak edən və bu il yaradılmasının 20 illik yubileyini qeyd etmiş Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının da fəaliyyətini də qeyd etmək vacib məqamdır. Hazırda, YAP Nizami rayon təşkilatının fəaliyyəti hansı səviyyədədir?

- Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 1993-cü il 11 sentyabr tarixində Heydər Əliyev adına BNEZ-in akt zalında 76 nəfərin iştirakı ilə yaranıb. Bu gün rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənir. Hazırda 140 ərazi ilk partiya təşkilatında 10500 nəfərdən artıq üzv birləşib. Qeyd edim ki, rayon təşkilatının sıralarında 3 millət vəkili, çoxsaylı bələdiyyə üzvləri, 64 elmlər namizədi, 14 elmlər doktoru və dosent yer alıb. Sevindirici haldır ki, üzvlərimizin 55 faizindən artığını gənclər təşkil edir. Cəmiyyətdə aktivliyilə seçilən qadınlarımız isə 4900 nəfərdən artıqdır.

YAP Nizami rayon təşkilatı partiyanın İcra Katibliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, cəmiyyətimizin bütün sosial stratifikasiyasına uyğun olaraq, əhəmiyyətli tədbirlər keçirib, layihələr reallaşdırıb. Onların içərisində daha kütləviliyilə seçiləni Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə keçirilən tədbirlərdir. Rayon daxilində müxtəlif seminarlar təşkil edilib, idman və mədəni tədbirlər reallaşdırılıb, mükafatçılar isə fəxri fərmanlarla, kuboklarla, medallarla və xatirə hədiyyələrilə təltif ediliblər.

Təşkilat sosial tədbirlərilə də aktiv işlər həyata keçirir. Təşkilatımız mütəmadi olaraq, sərhədlərimizi müdafiə edən əsgərlərlə görüşlərə gedir. Həmin görüşlərdə partiya fəalları ilə yanaşı, rayonumuzun ağsaqqalları, şəhid və Qarabağ müharibəsi ailələrinin nümayəndələri iştirak edib. Bu cür görüşlərlə əsgərlərimizə mənəvi dəstək verilir, onların ehtiyacları qarşılanır.

Eyni zamanda, təşkilat rayonumuzun sosial diqqətə və qayğıya ehtiyacı olan insanları da yaddan çıxarmır. Hər bir vətəndaşın probleminə diqqətlə yanaşılır və onların həlli üçün maksimum səy göstərilir. Təşkilat üzvləri dəfələrlə əlillər, uşaqlar, ahıllar evlərini ziyarət edib, onlar üçün hədiyyələr aparıblar. Həmçinin, bütün bayramlarda rayon sakinlərinə sovqatlar verilir, Ramazan ayında iftar süfrələri açılır və dövlətimizin əsas siyasi-sosial prioriteti olan sosial bərabərlik prinsipi reallaşdırılır. Hətta, Azərbaycanın tolerant mənzərəsinin ifadəsi də rayon təşkilatının fəaliyyətində öz əksinin tapıb. Yəni, YAP Nizami rayon təşkilatı etnik və dini fərqliliyə yol vermədən digər xalqların da bayramlarını onlarla birgə qeyd edir. Məlumat üçün bildirim ki, bu il Pasxa bayramı münasibətilə 230 nəfərdən artıq rus icmasının nümayəndəsilə birgə partiyamızın qərargahında bayram tədbiri keçirilib.

Qeyd edim ki, son müddət ərzində YAP Nizami rayon təşkilatının bütün fəaliyyəti rayon sakinlərinin iştirakına inteqrasiya edilib. Bununla həm Yeni Azərbaycan Partiyasının xalq partiyası olması isbatlanır, həm də onların yeganə inandığı siyasi təşkilatın partiyamızın olması sübut edilir.

- Sədaqət xanım, 10 il öncə cismən Azərbaycan xalqından ayrılmış, lakin ideyaları daim yaşayan Ümummilli lider Heydər Əliyevin anım günü yaxınlaşır. Son sualımız da Ulu öndərimizin Azərbaycan dövlətçiliyinin xilas edilməsində və möhkəmləndirilməsində xidmətləri haqqındadır...

- Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü Ümummilli lider Heydər Əliyevin – müasir, müstəqil Azərbaycan dövlətçiliyinin banisinin adı ilə bağlıdır. Ümummilli liderimizin Azərbaycan xalqının sosial rifahı, mədəni tərəqqisi üçün danılmaz fəaliyyəti hər kəsə bəllidir. Qeyri-adi zəka sahibi olan, geniş dünyagörüşünə və zəngin dövlətçilik təcrübəsinə malik Heydər Əliyev mütərəqqi ideyaları, uzaqgörən siyasəti nəticəsində xalqı, ölkə iqtisadiyyatını böhrandan çıxarıb, Azərbaycanı Cənubi Qafqazın ən güclü dövlətinə çevirib. Həmçinin, Heydər Əliyevin mətbuat, mədəniyyət, musiqi, təhsil, idman və teatr sahələrinə böyük diqqət və qayğı göstərib, Azərbaycanın dünyəvi dövlətə çevrilməsində xüsusi rol oynayıb.

Ulu öndərin yürütdüyü siyasət ilk növbədə, ölkədə sosial iqtisadi inkişafın və regional siyasətin gücləndirilməsi, sahibkarlığa dövlət qayğısının artırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, inzibati idarəetmə strukturlarının təkmilləşdirilməsi kimi mühüm həlqələri əhatə edirdi. Bu siyasətin nəticəsi olaraq, Azərbaycan iqtisadiyyatında müşahidə olunan müsbət dəyişikliklər özünü təkcə bazar münasibətlərinin dərinləşməsində deyil, həm də işgüzar mühitin aktivləşməsi və dinamikləşməsində, sahibkarlıq subyektlərinin sayının gündən–günə artmasında göstərdi. 1995-2003-cü illər ərzində ölkəmizdə böyük sosial-iqtisadi dəyişikliklər müşahidə olunmağa başladı.

Eyni zamanda, dahi liderin əsasını qoyduğu dövlətçilik və azərbaycançılıq məfkurəsi bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirilir. Ulu öndərin əsasını qoyduğu tərəqqi strategiyasını müasir dövrün tələblərinə uyğun zənginləşdirən Prezident İlham Əliyev respublikamızın davamlı inkişafını sürətləndirən kompleks islahatlar həyata keçirir. Hazırda Azərbaycan iqtisadiyyatının strukturundakı keyfiyyət dəyişikliyini, sosial islahatların modernizasiyasını təmin edən konsepsiya isə məhz Ulu öndər Heydər Əliyevin müəllifi olduğu iqtisadi modelin məntiqi nəticəsidir. Ulu öndərin inkişaf doktrinasının dayaqları üzərində yeni dövrün meyarları fonunda inkişaf edən milli iqtisadi model modernizasiyanın çoxseqmentli trendlərinə söykənir.

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi fundamental dövlətçilik ənənələrini möhkəmləndirən və yeni dövrün reallaqlarına uyğun inkişaf etdirən Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk dövründən etibarən ölkədə demokratik cəmiyyət quruculuğu, siyasi və iqtisadi islahatların dönməzliyinin təmin edilməsi, yeni reformalar kursu hazırlayaraq həyata keçirməklə respublikamızın proqressiv sıçrayışı üçün dərin baza yaratmış oldu. Cənab İlham Əliyev xalq hakimiyyətinin bütün prinsip və metodlarını nəzərə alaraq ilk növbədə, xalqın, ictimai fikrin tələblərinə uyğun, onların istək və arzularına xidmət edən və xalqın maddi və mənəvi ehtiyaclarını ödəyən, vətəndaş həmrəyliyinin möhkəmlənməsini təmin edən, insanların dövlətə dərin inam və etibarını gücləndirən fəaliyyət institutu yaratdı. Bu demokratikləşmə prosesinin əsas avanqardına çevrilməklə ölkədə milli birliyin, vətəndaş cəmiyyətinin möhkəm bazasını daha da gücləndirdi.

 

 Səs .- 2013.- 7 dekabr.- S.10-11.