Azərbaycan, Türkmənistan və
Qırğızıstan mədəni əlaqələri
Orta Asiya dövlətlərindən biri sayılan Türkmənistanla mədəni əlaqələrin tarixində sovet dövrünün özünəməxsus yeri olmuşdur. Hələ 1972-ci ilin avqustunda Azərbaycanda Aşqabad günlərinin keçirilməsi bu respublika ilə mədəni əməkdaşlığın tarixində mühüm yer tutmuşdu. Türkmənistanın paytaxtı olan Aşqabad günlərinin başlıca məqsədi dostluq, qardaşlıq münasibətlərini mədəni formalarla inkişaf etdirmək idi. Həyata keçirməyin yollarına da böyük zərurət yaranmışdı. Ona görə də, həmin tədbirin proqramına iki respublika zəhmətkeşlərinin təcrübə mübadiləsi, əmək kollektivləri ilə görüşlər, mədəniyyət obyektlərində türkmən-Azərbaycan incəsənətilə tanışlıq daxil idi."Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, Aşqabad nümayəndə heyətini rəsmi şəkildə qarşılayan Bakı şəhər Partiya Komitəsinin birinci katibi Ə.H.Kərimov bu tədbirin iki qardaş respublika paytaxtlarının zəhmətkeşləri, mədəniyyət xadimləri arasında daha sıx əlaqələr yaradacağını xüsusi vurğulamışdı.
Aşqabad günlərinin nümayəndə heyəti Bakının bir çox müəssisələrində - Əzizbəyov rayonundakı "Şimal" DRES-də, "Azərbaycan" sərinkeşləri istehsalı zavodunda və digər əmək müəssisələrində olmuş, məhsul istehsalı sahəsində tacrübə mübadiləsi aparmışdır. Qeyd etmək vacibdir ki, türkmən-Azərbaycan mədəni əlaqələrinin mühüm istiqamətini təşkil edən elmi əməkdaşlığın nəticəsində bir sıra ölkə əhəmiyyətli müəssisələr işə düşmüşdür.
Əzizbəyov rayonu "Şimal" DRES-ində 60-cı illərdə türkmən və azərbaycanlı alimlərin yaradıcı əməkdaşlığı şəraitində dəniz suyunun istilik-kimyəvi yolla yumşaldılması metodu işlənilmiş və sınaqdan çıxarılmış, Türkmənistan Baş Energetika İdarəsinin Krasnovodsk istilik-elektrik mərkəzində isə sənaye miqyasında tətbiq edilmişdir. Türkmənistan iri elektrik stansiyası - Mərv SES-i dostluq tikintisidir. Qafqaz Energetika Qurğuları Quraşdırma Trestinin işçiləri olan azərbaycanlı mütəxəssislər də burada türkmənlərlə yanaşı işləmişlər. Respublikamız Türkmənistan neftçilərinə də xeyli yardım göstərirdilər. Türkmənistanın neft mütəxəssislərinin çoxu M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirmiş, bir çoxu Bakıda dissertasiya müdafiə etmişdir.
Türkmənistan Baş Energetika İdarəsinin baş mühəndisi V.Savçenko ilə Azərbaycan Baş Energetika İdarəsi arasında aparılmış danışıqlara əsasən, Bakının sahil rayonlarında elektriklə təchiz edilmiş xətləri və köməkçi stansiyalar üçün yeni növ izolyatorlar hazırlamaq sahəsində tədqiqatların aparılması haqqında razılıq əldə olunmuşdu. Maraqlısı odur ki, Türkmənistanda çalışan elektrik və neft mütəxəssislərinin çoxu Azərbaycan Neft və Kimya İnstitutunun yetirmələri olmuşdu. Məsələn, Türkmənistanın Kənd Təsərrüfatı İnstitutuna başçılıq edən professor Ənvər Rüstəmov, Politexnik İnstitutunun rektoru Əhməd Axundov, Türkmənistan Dövlət Universitetinin prorektoru Abdulla Qurbanovun adlarını çəkmək olar.
Mədəniyyət sahəsində sənətkarların bir-birilə yaradıcılıq mübadiləsi aparması da Aşqabad günlərinin mühüm fəaliyyət məqamlarından biri idi. Türkmən xalq musiqisini "bakşi" adlandırırlar. Bu, eynilə Azərbaycan aşığına ekvivalent bir ənənəvi fenomendir. Aşqabad günlərində iştirak etmiş Türkmənistanın xalq müğənnisi Odeniyaz Nobatov bu tədbirdən çox məmnun qalaraq demişdi: "Qonaqpərvər Azərbaycan paytaxtından ayrılarkən öz-özümə belə bir sual verirəm: Bakıda olduğumuz günlərdə gördüklərimizdən ən çox yadda qalanı nədir? Aydındır ki, qüdrətli sənaye və yüksək mədəniyyət mənzərəsi, qədim xalqın gözəl incəsənəti və şəhərin misilsiz gəzəlliyi xatirəmizdə qalacaqdır.
Bakıda əmək adamlarının dostluq və səmimiyyətlə sıx möhkəmlənmiş beynəlmiləl qardaşlığı isə bizi daha çox heyran etdi. Əgər bu qardaşlıq olmasaydı, Azərbaycanın paytaxtı heç bir zaman indiki kimi əzəmətli və gözəl olmazdı. Mən burada özümü öz torpağımızda, qohumlar və qardaşlar arasında hiss etdim. Sazı xatırladan dutar musiqiçisi kimi mənə Azərbaycan aşıqlarının yaradıcılığı yaxın və qiymətlidir. Bir musiqiçi kimi mən muğamlar üstündə tərbiyə almışam, tez-tez onları konsertlərdə ifa edirəm. Muğama məhəbbət mənə vaxtilə Bakıda olmuş və bir çox bakılı ilə dostluq etmiş adamdan miras qalmışdır. Ailə ənənəsi olmuş bu dostluğun bir rəmzi kimi Azərbaycan tarı ilə türkmən dutarı evimizdə divardan yanaşı asılmışdır... Bizim iki respublikanın torpaqlarını bir-birindən yalnız Xəzər ayırır, dünyada ən möhkəm körpü olan dostluq körpüsü isə onları birləşdirir. Bu cür şəraidə mən Azərbaycanda özümü doğma evimdəki kimi hiss etməyə bilmərəm. Evimizə yeni mahnılarla qayıdıram. Azərbaycan aşıqlarının gözəl əsərlərini repertuarıma daxil etmişəm. Azərbaycan aşıqlarının bəziləri ilə görüşdüm, dost oldum". Aşqabad günlərində iştirak edənlərin hamısının Bakıda görüşləri belə faydalı olmuşdur.
Bizim görkəmli səhnə ustalarımızdan, artistlərindən Ərəblinski, Hacıbababəyov, Sidqi Ruhulla əsrin hələ əvvəllərində Aşqabada qastrol səfərlərinə getmiş, orada həm Azərbaycan dilində, həm də türkmən dilində tamaşalar vermişlər. Əsrin əvvəllərində görkəmli Azərbaycan mütəfəkkiri, yazıçısı Cəlil Məmmədquluzadə tərəfindən nəşr edilən "Molla Nəsrəddin" jurnalı Türkmənistanda geniş yayılmışdı. Türkmənistanda Xoca Nəsrəddin kimi tanınmış Molla Nəsrəddin həmişə eyni dərəcədə qiymətləndirilmişdir.
Sovet hakimiyyəti idarə üsulunun iflasından sonra müstəqillik əldə etmiş Azərbaycan-Türkmənistan mədəni əməkdaşlığı demokratik prinsiplərə uyğun olaraq ikitərəfli və çoxtərəfli əlaqələr kontekstində inkişaf edir. 1995-ci ilin iyununda Azərbaycan Respublikasının xarici işlər naziri H.Həsənovun bu ölkəyə rəsmi səfəri zamanı Türkmənistan Prezidenti Saparmurad Türkmənbaşı və digər rəhbər nümayəndələrlə görüşlər oldu. Səfər zamanı iki ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlıq protokolu imzalanmışdı. Digər sahələrdə olduğu kimi, mədəni əlaqələrdə də qarşılıqlı münasibətlərə başlamaq haqqında fikir mübadiləsi aparılmışdı.
1996-cı ilin martında Azərbaycana rəsmi səfər etmiş Türkmənistan Prezidenti Saparmurad Niyazovun şərəfinə təşkil olunmuş ziyafətdə Azərbaycan Prezidenti Heydər Əliyev demişdi: "Biz daha sıx əməkdaşlıq etməli, elm, mədəniyyət, təhsil ... sahələrində əməkdaşlıq üçün mövcud imkanlardan yaranan gözəl şəraitdən istifadə etməliyik...". Həmin səfər zamanı S.Niyazov Bakı Dövlət Universitetinin fəxri doktoru seçilmiş və bunu təsdiqləyən sənəd - doktorluq diplomu ona təqdim olunmuşdu ki, bu da iki türk dövlətinin "türkçülük" ideyası, bayrağı altında birləşməsi üçün çox mühüm addımlardan biri idi. Həmin rəsmi səfər çərçivəsində mədəni əməkdaşlığın strateji istiqamətləri müəyyənləşdirdi. Azərbaycan Respublikası ilə Türkmənistan arasında dostluq və əməkdaşlıq haqqında müqavilə, daha sonra təhsil, elm, mədəniyyət sahəsində iki ölkənin hökumətlərarası sazişləri imzalandı.
Türk birliyinin digər nümayəndəsi olan Qırğızıstan Respublikası ilə Azərbaycan arasında mədəni əlaqələrin müasir vəziyyəti daha çoxtərəfli əlaqələr sistemində inkişaf etməkdədir. Qırğız xalqının milli eposu olan "Manas" dastanımn 1000 illiyi ilə bağlı tədbirlərdə TÜRKSOY xəttilə Azərbaycan dövlət nümayəndə qrupunun iştirakı iki xalq arasında dostluq, qardaşlıq, mədəni birliyin ən bariz nümunəsidir. Ötən əsrin 90-cı illərinin sonlarına doğru Azərbaycan-Qırğızıstan prezidentlərinin, hökumət və dövlət nümayəndələrinin işgüzar səfərləri, Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən müxtəlif səviyyəli beynəlxalq əhəmiyyətli tədbirlərdə elmi-mədəni əməkdaşlıq sahəsində ikitərəfli, çoxtərəfli əlaqələrin qurulması məsələlərinə də önəm vermişlər.
Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu Qırğızıstana səfəri zamanı azərbaycanlıların daha çox məskunlaşdığı Çuysk və Oş vilayətlərində iki xalq arasında mədəni əməkdaşlıq sahəsindəki görülən işlər, həyata keçirilən tədbirlərlə tanışlığı mühüm əhəmiyyət kəsb etmişdi. Buradakı Azərbaycan diasporuna malik "Xəzər" Milli Mədəniyyət Mərkəzi mədəni əməkdaşlıq sahəsində vasitəçi rolunu oynayır.
1998-ci ilin sentyabrında Bakıda təşkil olunmuş "Tarixi İpək yolunun bərpası üzrə" beynəlxalq konfransda iştirak etmiş Qırğızıstan prezidenti Əsgər Akayev bu ideya çərçivəsində, həm də mədəni əməkdaşlığın gücləndirilməsinə şəraitin yaradılmasını ön plana çəkir. Qədim İpək Yoluna həm də mədəni dəyərləri daşıyan əzəmətli bir yol kimi yanaşan Qırğızıstan prezidenti onun vasitəsilə Asiya və Avropa mədəniyyətlərinin qarşılıqlı nüfuz və zənginləşməsinin həyata keçdiyini vurğulamışdı. Bu məqsədlə qırğız prezidenti çoxtərəfli əlaqələrdən, yəni TRASEKA zonası kimi istifadəni ön plana çəkmişdi.
Orta Asiya respublikalarında mədəni əməkdaşlıq sahəsində əlaqələrin nisbətən az davamlı şəkildə həyata keçirilməsinin başlıca səbəbi respublika daxilində sosial cəhətdən sabitsizliyin hökm sürməsi faktıdır. Bu hadisələr həmin türk dövləti ilə mədəni əlaqələrin daha davamlı və ardıcıl şəkildə inkişaf etdirilməsinə müəyyən əngəllər törədir.
Lakin bununla belə mədəni əlaqələr davam edir. Bunun təzahürü kimi, hər iki xalqın mədəniyyət sahəsindəki sənətkarların bir-birilə əlaqələrini, mübadilələrini nümunə göstərmək olar.
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2013.- 11 dekabr.- S.15.