Azərbaycan-Qazaxıstan mədəni əlaqələri
Azərbaycan-Qazaxıstan mədəni əlaqələri tarixinə nəzər saldıqda bu əlaqələrin qeyri-formal şəkildə hələ qədimlərdə mövcud olduğunu görmək mümkündür. Eyni kökə, türkçülüyə məxsus xalqlar kimi Azərbaycan və qazax türkləri tarixən bir-birinə qohum olmuşlar. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin şərəfinə Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən Bakıda verilmiş ziyafət zamanı respublikanın dövlət başçısı demişdi: "Biz mədəniyyətimizi, tariximizi, keçmişimizi xatırlayarkən eyni dərəcədə qazax, həm də Azərbaycan xalqlarına məxsus "Dədə Qorqud" dastanı haqqında, "Koroğlu" dastanı barədə, xalqlarımızın tarixinin digər səhifələri haqqında iftixarla danışırıq. Tariximizin, kökümüzün, dilimizin, mənəvi və əxlaqi dəyərlərimizin eyniliyi bizi həmişə yaxınlaşdırmış, doğmalaşdırmış, birləşdirmişdi"."Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, Azərbaycan-qazax mədəni əlaqələrinin inkişafında ədəbi əlaqələrin çox böyük rolu olmuşdur. Qazax şairləri - xalq akınları Abayı və Cambulu Azərbaycan oxucusu çox yaxşı tanıyır. Xalq akını Cambulun Azərbaycana aid şeirləri, əsərləri, onun Bakı, bakılı təyyarəçi və neftçilərinə həsr etdiyi şeirlər Azərbaycan və qazax oxucusuna çox yaxşı tanışdır.Bu ənənələr hələ ötən əsrdə də inkişaf etmişdi. Yazıçı və şairlər arasında ədəbi əlaqə və mübadilələr hər iki türk millətini bir-birinə birləşdirən əsas amillərdən idi. Bu məqsədlə, Azərbaycan-qazax ədəbiyyat nümayəndələri müxtəlif beynəlxalq, yaxud ümumittifaq ədəbi məclislərdə görüşür, dövrün ədəbi-bədii problemləri haqqında fikir mübadilələri aparırdılar. 1989-cu ilin yay-payız aylarında Qazaxıstanın paytaxtı Alma-Ata (o vaxt şəhərin adı belə idi) şəhərinə yaradıcılıq ezamiyyətinə gedən bir qrup Azərbaycan yazarları sırasında şair Çingiz Əlioğlu da var idi. Şair Çingiz Əlioğlunun qazax şair və yazıçıları arasında dostluğu, yaradıcılıq əməkdaşlığının tarixi hələ şairin gənclik dövrlərinə təsadüf edirdi. 1969-cu ildə həmkarı Səyavuş Səpxanlı ilə birgə Alma-Ataya, gənc şairlərin III Ümumittifaq, poeziya festivalına getmiş şairlər özlərinə çoxlu dostlar tapmış və onlarla ədəbi əlaqələr saxlamağa başlamışlar. Şair qazax xalqının böyük sənətkarı Oljas Süleymenovla yaradıcılıq görüşünü çox böyük həyəcanla xatırlayır: "O (O.Süleymenov - M.M.), çox səssiz-küysüz gəldi. Gələn kimi də hamı ilə tez tanış oldu. Söhbəti hamımızı maraqlandıran bir məcraya - qardaş ədəbiyyatların qarşılıqlı əlaqələri, gənc poeziya, onun qayğı və problemləri, müasir şeirin yolunda qazandıqları və itirdikləri bədii tərcümə tək məsələlərə və s. mövzulara yönəltdi... "Şairin kitabxanası" seriyasından təzəcə dünya üzü görmüş şeirlər toplusunu - "Gil kitabə"ni mənə belə bir xatirə yazısı ilə yadigar verdi: "Əzizim Çingizə, Çingiz xanın uzaq qohumundan. Oljas Süleymenov".Elə həmin ərəfələrdə Azərbaycan-qazax mədəni-ədəbi əlaqələrinin bariz nümunəsi Qazaxıstanın paytaxtında "Azərbaycan kitabı" sərgisinin təşkili olmuşdur. Sərgiyə göndərilmiş üç mindən artıq kitab qazax oxucusunda Azərbaycan haqqında onun tarixi, iqtisadiyyatı, mədəniyyəti barədə ətraflı və dolğun məlumat əldə etməsini təmin etmişdi. Azərbaycan elmi-bədii fikrinin ən müxtəlif sahələrini özündə əks etdirən mindən çox kitab Qazaxıstanın A.S.Puşkin adına Dövlət Kitabxanasının fondlarına təhvil verilmişdi. Qalanları - Azərbaycan dilində nəşr olunanları azərbaycanlıların daha çox yaşadığı Taqlar rayonunun Dzerjinski qəsəbəsinin Mədəniyyət Sarayına hədiyyə verilmişdi. Mədəniyyət Sarayının foyesində açılmış sərginin ekspozisiyasında Nizami, Qazi Bürhanəddin, Füzuli, Sabir, Mirzə Cəlilin nəfis nəşrləri, S.Vurğun, R.Rza, İ.Əfəndiyev, İ.Hüseynovun əsərləri, "Dünya ədəbiyyatı kitabxanası" seriyasında ayrı-ayrı cildlər, Sabir Əhmədov, Anar, Elçin, Yusif Səmədoğlunun romanları, A.Məmmodov, K.Vəliyev və V.Quliyevin kitabları nümayiş etdirilmişdi. Həmin sərginin açılışı mərasimində Qazaxıstan Yazıçılar İttifaqının katibi Həkim Tərəzi, Respublika Dövlət Mükafatı laureatı, nasir Muxtar Maqauni, şair Bazarbəy İsayev, yazıçı Zinel Əhmədova və Qazaxıstanda yaşayan türklərin sevimli şairi Bəkir Pərişan çıxış edərək Azərbaycan-qazax mədəni əlaqələrinin inkişaf etdirilməsinin vacibliyinə də toxunmuşdular.Uzun illərdən bəri Alma-Atada yaşayan azərbaycanlı heykəltəraş Vaqif Rəhmanovun (xalq rəssamı Maral Rəhmanzadənin qardaşı) bir neçə heykəli də həmin sərgidə nümayiş olunmuşdu. V.Rəhmanov Qazaxıstan SSR əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüş və iki türk milləti arasında mədəni əlaqələrin inkişafında xüsusi xidməti olan sənətkarlardandır. Tişə ustası pedaqoji fəaliyyətlə məşğul olurdu. Neçə-neçə beynəlxalq sərgilərin iştirakçısı olmuş istedadlı heykəltəraşın daş və qranitdən yonduğu, mis və bürüncdən tökdüyü sənət əsərləri Qazax torpağının paytaxtı ilə yanaşı, digər şəhərlərin küçə və meydançalarının da yaraşığıdır.Toplanan faktlardan göründüyü kimi, Azərbaycan-Qazaxıstan mədəni əməkdaşlığını müasir dövrdə daha da inkişaf etdirmək üçün kifayət qədər mənəvi bünövrə vardır. Hər iki respublikada müstəqilliyin bərqərar olması, digər sahələrdə olduğu kimi, mədəni əlaqələrin də yeni kontekstdə davam etdirilməsinə, özü də "türkçülük" ideyası altında inkişafına geniş imkanlar açdı. Bu mənada 1990-cı illərin əvvəllərində qazax xalqının görkəmli şairi, mütəfəkkiri Abay Kunanbayevin anadan olmasının 150 illiyinin, xalq akını Cambulun anadan olmasının 150 illiyinin Azərbaycanda da qeyd edilməsi türk xalqlarının birliyinin gücləndirilməsi baxımından çox əhəmiyyəti oldu.1996-cı ilin sentyabrında Azərbaycana rəsmi səfər etmiş Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən ilk dəfə olaraq beynəlxalq əməkdaşlıq haqqında 14 sayda ikitərəfli müqavilələrin bir neçəsi də, məhz mədəniyyət, təhsil, elm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi haqqında idi. Ümumiyyətlə, Azərbaycan-Qazaxıstan mədəni əməkdaşlığı tarixində bu tarixi görüşün çox böyük rolu vardı. İki türk milləti arasında mədəni əlaqələrin gücləndirilməsi sahəsində 1998-ci il iyunun 9-da Qazaxıstanın paytaxtı Astana şəhərində türkdilli dövlətlərin başçılarının V Zirvə görüşünün də tarixi əhəmiyyəti oldu. Həmin görüşün ən əlamətdar hadisəsi, türkdilli dövlətlərin V Zirvə görüşünün Bəyannaməsi oldu. Bəyannamədə qeyd olunurdu: "Dövlət başçıları türk xalqlarının mədəni tarixi irsinin təcrübəsini yayaraq, bu irsi təbliğ etmək və məşhurlaşdırmaq məqsədilə türkdilli dövlətlərin və qeyri-hökumət təşkilatlarının kütləvi informasiya vasitələri arasında informasiya mübadiləsinin və əməkdaşlığın daha da inkişaf etdirilməsinə tərəfdar çıxmışlar".V Zirvə görüşündə Azərbaycan və Qazaxıstan prezidentləri mədəni əməkdaşlığın inkişaf etdirilməsi sahəsində səylərin artırılması məsələsini bir daha vurğulamışlar. Azərbaycan-qazax mədəni əməkdaşlığı sahəsində istər ikitərəfli, istərsə də çoxtərəfli əlaqələr üçün yaradılmış hüquqi-normativ baza həmin işin fəaliyyətində canlanmaya səbəb oldu. Qazaxıstan Xalqları Assambleyasının Pavlodar vilayət bölgəsində Azərbaycan Milli Mədəniyyət Mərkəzi Azərbaycan Respublikası ilə mədəni əlaqələrin inkişafı məqsədilə rəngarəng tədbirlər həyata keçirir. Həmin Mədəniyyət Mərkəzi Qazaxıstandakı Azərbaycan diasporu ilə Azərbaycan arasında əlaqələrin yaradılması, eyni zamanda qazax xalqı ilə müştərək əməkdaşlıq qurulması sahəsində xüsusi rol oynayır.Mədəni əməkdaşlıq sahəsində Azərbaycan-Qazaxıstan arasında hökumətlərarası ikitərəfli əlaqələrin yaradılması da mühüm hadisələrdən biri oldu. 2001-ci ilin 3 aprel tarixində imzalanan "Azərbaycan Respublikası hökuməti və Qazaxıstan Respublikası hökuməti arasında yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası sahəsində əməkdaşlıq haqqında saziş" məhz belələrindəndir. Qazaxıstan Xalqları Assambleyasının təşəbbüsü üə Almatıda bu ölkədə yaşayan xalqların "Biz qazaxıstanlılarıq" devizi altında mədəniyyət günlərinin keçirilməsinin də əhəmiyyəti olmuşdur.Almatıdakı "Qazaxıstan" kinoteatrında və "Dostluq" evində keçirilən Azərbaycan mədəniyyəti günləri məşhur "Qayınana" bədii filminin nümayişi ilə başlanmışdır. Soydaşlarımız bu filmə Azərbaycan dilində baxmışlar. Bir həftə ərzində Azərbaycan kitablarının sərgisi keçirilmiş, soydaşlarımız və qardaş xalqların nümayəndələri Azərbaycanın siyasəti, ədəbiyyatı, incəsənəti, tarixi ilə bağlı kitablarla, "Heydər Əliyev: müstəqillik yollarında", "Heydər Əliyev Azərbaycanı dünyaya tanıdır", "Diplomatiya mira" kitabları, "Heydər Əliyev" və "Azərbaycan Respublikası" fotokitabları ilə tanış olmuşlar.Xalqımızın adət-ənənələri, milli oyunları, qədim rəqslərimizlə bağlı keçirilən tədbirlər soydaşlarımızın ürəyincə olmuşdur. Qazaxıstan Elmlər Akademiyasının böyük salonunda keçirilən konsertdə isə "Arzu", "Ozan", "Azərbaycan təranələri" ansambllarının solistləri muğam, xalq mahnıları və təsniflərimizi ifa etmişlər. Qədim musiqi alətlərimiz olan qara zurna və sazda çalınan el havaları soydaşlarımızı kövrəltmişdir. Tədbirdə Azərbaycandan gəlmiş qonaq - "Qədim musiqi alətləri" ansamblının rəhbəri Məcnun Kərimov da iştirak etmiş, qədim xalq havalarımızı ifa etmişdir.Azərbaycan-qazax mədəni əməkdaşlığının inkişafında Azərbaycan-qazax mədəni əlaqələrin dinamikasına təsir edən əsas amillərdən biri də 2004-cü ilin martında Azərbaycan Prezidenti İlham Əliyevin Astanaya, 2005-ci ilin mayında da Qazaxıstan prezidenti N.Nazarbayevin Bakıya rəsmi səfərləri oldu. Həmin rəsmi görüşlərdə iki xalq arasında yaranmış tarixi münasibətlərdə mədəni əlaqələrin roluna xüsusi diqqət yetirilmiş və məhz buna görə bu əlaqələrin inkişafına nail olmaq başlıca prioritet kimi qarşıya qoyulmuşdu.2007-ci ilin fevralında Qazaxıstanda səfərdə olmuş Azərbaycan xarici işlər naziri Məmmədyarov Qazaxıstan xarici işlər naziri Marat Tajın ilə iki ölkə arasında mədəni sahələrdə əməkdaşlığa dair məsələləri də müzakirə etmişlər. Müzakirələrdə, xüsusilə, mədəniyyət xadimləri arasında yaradıcılıq mübadilələri, elm sahəsində əməkdaşlıq formalarının gücləndirilməsi mühüm hesab edildi.2007-ci ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin Prezident Sarayında görkəmli qazax şairi və alimi Oljas Süleymenovu qəbul etməsi faktı da Qazaxıstanla mədəni əməkdaşlıq nümunəsi kimi mühüm əhəmiyyət kəsb etdi. Azərbaycana səfərə gəlməsindən məmnunluğunu ifadə edən O.Süleymenov ölkəmizdə "Dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında kütləvi informasiya vasitələrinin rolu" mövzusunda beynəlxalq konfransın uğurla keçməsindən məmnun qaldığını bildirmişdi. Görüşdə Azərbaycan-qazax mədəni əməkdaşlığının gələcəkdə də ardıcıl olaraq inkişaf etdirilməsi məsələləri qabardıldı.Beləliklə, Azərbaycan-Qazaxıstan mədəni əməkdaşlıq tarixində yeni mərhələ olan hazırkı dövrdə "Türk birliyi" adı altında mədəni əlaqələrin dinamik xətlə inkişaf etdirilməsi üçün bütün imkanlardan istifadə olunmaqdadır.
Vahid
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2013.- 14
dekabr.- S.15.