Beynəlxalq mədəni-mənəvi inteqrasiyada milli musiqi mədəniyyətinin rolu

 

Rəşid Behbudovun sənət yolu beynəlxalq mədəni inteqrasiyada əsas amillərdən biri olmuşdur. Bu qüdrətli sənətkarın yaradıcılığındakı bəşərilik, onun dünya estradası yeniliklərindən ustalıqla bəhrələnmə bacarığı Azərbaycan musiqisinin dünyanın məşhur konsert salonlarında layiqincə təmsil edilməsinə zəmin yaradır, milyonların diqqətinin incəsənətimizə yönəlməsinə səbəb olurdu ki, bu da Azərbaycan incəsənətinin zənginliyinə yetərli sübut idi.

"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, 1966-cı ildə R.Behbudovun rəhbərliyi altında fəaliyyət göstərən Mahnı Teatrının kollektivi Hindistanda keçirilən festivalda 20 konsert verdi ki, bu da o dövrün beynəlxalq mədəni əlaqələrinin uğurları kimi qiymətləndirilirdi. R.Behbudov, Z.Xanlarova, E.Rəhimova kimi müğənnilər Azərbaycan musiqisinin xarici ölkələrdə layiqincə təmsil olunmasında öz layiqli töhfələrini verir, yalnız xalq və bəstəkar mahnılarını deyil, o cümlədən, qonaq olduqları ölkədə yaşayan xalqın musiqi nümunələrini belə ustalıqla səsləndirərək, milyonları heyran elməyə nail olmuşlar.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, sovet dövlətçiliyi dövründə incəsənət alimi beynəlxalq əməkdaşlığın inkişafının ən populyar və işlək "alət"lərindən biri idiümumittifaq miqyasda kifayət qədər tez-tez təşkil olunan dekadalar, festivallar, müxtəlif sərgilər, müsabiqələr, qastrollard. mədəni tədbirlərə böyük məbləğdə maddi vəsait ayırılırdı. Bəstəkar və ifaçıların yaradıcılıq ezamiyyətlərinə geniş imkanlar yaradılırdı. Sovet rejiminin qadağalar mexanizmi yaradıcı insanların beynəlxalq əlaqələri qarşısında müəyyən sədlər yaratsa da, münasibətlər inkişaf edir və elə həmin rejimin ideologiyasına rəhbərlik edənlər diktatura ölkəsinin irəliləyişi naminə bu əlaqələrdən bəhrələnməyi bacarırdı.

XX əsrin 60-70-ci illərində milli musiqi sənətinin aparıcı təmsilçiləri ABŞ, Kanada, İngiltərə, Fransa, Yuqoslaviya, İtaliya, Türkiyə, Hindistan, Monqolustan, Bolqarıstan, Kuba, İraq, Suriya, Əlcəzair, Avstriya, İsveçrədə səfərlərdə olmuş, bu səfərlərdə sənət mübadilələri apararaq xaricdə Azərbaycan musiqisinin böyük maraqla dinlənilməsinin səbəbkarı və şahidi olmuşlar. Milli musiqimizin müxtəlif janrlarına marağın artmasını görən sənətkarlarımız, o cümlədən bəstəkar və ifaçılar bu qastrol səfərlərinə daha məsuliyyətlə yanaşır, öz repertuarlarını zənginləşdirərək daha uca zirvələr fəth edirdilər.

Sovet dövrünün bu illəri musiqi sahəsində beynəlxalq əlaqələrin güclənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu dövrü xarakterizə edən "Azərbaycan mədəniyyət siyasəti" hesabatında qeyd olunur: "Musiqi yaradıcılığında keyfiyyətcə yeni mərhələ 60-cı illərdə, necə deyərlər, "yumşalmaq" dövründə, SSRİ ilə dünyanın qalan hissəsi arasındakı dəmir pərdənin ləğvindən sonra və görünməmiş informasiya partlayışı nəticəsində başlamışdır. Nisbi azadlıq şəraitində Azərbaycan bəstəkarlarının yaradıcı potensialı yenilikçi, novator əsərlərin yaranmasına şərh olmuşdur. Bu əsərlərdə yeni yazı texnikaları milli leksikanın özünəməxsus xüsusiyyətləri ilə cəsarətlə sintez halında birləşdirilmişdir". Həqiqətən də bu tarixi dövrdə Azərbaycanın ifaçılıq məktəbində beynəlxalq əhəmiyyətli sənətkarlar yetişirdi. Beynəlxalq müsabiqə laureatları - pianoçular Fərhad Bədəlbəyli, Vaqif Həsənov, Elvina Zeynalova, Rauf Qasımov, opera müğənniləri FidanXuraman Qasımovalar və digər sənətkarların timsalında Azərbaycan musiqisi dünya miqyasında şöhrət qazanırdı.

"Beynəlxalq mədəni əlaqələr" kitabında qeyd olunur ki, Azərbaycan musiqisinin beynəlxalq arenaya vəsiqə almasında milli baletin rolu danılmazdır. Azərbaycanın balet sənətinin yaşı nisbətən az olsa da (ilk balet olan "Qız qalası"nın (1940) müəllifi Əfrasiyab Bədəlbəylidir) yaranan əsərlər ümidverici oldu. Belə ki, 1954-cü ildə S.Hacıbəyovun "Gülşən" baleti SSRİ Dövlət mükafatına layiq görülmüşdür.

Bu sahədəki uğurlar get-gedə daha mütərəqqi və bəşəri məzmun kəsb etməyə başlayır. Dünya şöhrətli Q.Qarayevin bir-birinin ardınca "Yeddi gözəl" (1952) və "İldırımlı yollarla" (1958) baletlərini meydana çıxarması balet sənətinin incilərinin "düzüldüyü" dünya sırasına Azərbaycan baletinindaxil olmasına zəmin yaratdı. Q.Qarayevin hər iki baletinin sənətkarlıq xüsusiyyətləri beynəlxalq təcrübəsi və yüksək professionalizmdən xəbər verir. O, klassik rus bəstəkarı P.Çaykovskinin mütərəqqi ənənələrinə, S.Prokofyevin estetikası, yaradıcılıq prinsipləri və üsullarına istinadən baletinin bəşəri əhəmiyyətə malik olmasını göstərməyə nail olmuşdur. Q.Qarayevin "İldırımlı yollarla" baletinin süjeti Cənubi Afrika yazıçısı P.Abrahamsın eyniadlı əsərindən götürülmüşdür. Məqsəd beynəlxalq aləmdə gedən ictimai hadisələrin geniş formada, musiqi və xoreoqrafiyanın dili ilə yaratmaq idi.

Hər iki balet dünyanın müxtəlif səhnələrində Azərbaycan və xarici xoreoqrafların və ifaçıların iştirakı ilə səhnələşdirilmişdir. Tamaşanın hazırlanması, quruluşu, ümumiyyətlə, bütün dekorasiyadizayn məsələləri də beynəlmiləl məzmun kəsb etmişdir. Belə ki, "Yeddi gözəl" 1953-cü ildə keçmiş Leninqrad Dövlət Milli OperaBalet Teatrında, 1954-cü ildə Saratov, Lvov, Daşkənd, Kuybışev, Kiyev, Novosibirsk şəhərlərində, 1959-cu ildə isə Praqa Milli Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulmuşdu. Milli baletimizin dünya şöhrəti qazanması barədə fikri "İldırmılı yollarla" baletinə də şamil etmək olar. Həmin balet vaxtilə SSRİ-nin bütün operabalet teatrlarının səhnələrində oynanılmaqla yanaşı, Bolqarıstan (Varna), Çexoslavakiya (ind.Çexiya), Bratislava, Rumıniya (Buxarest), Qahirə səhnələrində də ifa edilmişdir.

Balet janrında yazılmış digər maraqlı, dünya əhəmiyyətli əsərlərdən biri də A.Məlikovun böyük türk yazıçısı Nazim Hikmətin əsəri əsasında yaratdığı "Məhəbbət əfsanəsi" baleti idi. Müasirimiz olan A.Məlikovun "Məhəbbət əfsanəsi" baleti xalqlar arasında mədəni əlaqələrin gücləndirilməsinin mühüm vasitəçisi olmuşdur. Bəstəkarın bu əsərinin tamaşası üçün Türkiyədə məxsusi olaraq OperaBalet Teatrı binasının tikilməsi Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin yüksək səviyyədə olmasının ən unikal nümunəsidir. "Məhəbbət əfsanəsi" baleti dörd beynəlxalq musiqi festivalının ("Zaqreb" (1965), "Vyana festivalı" (1965), "Varşava payızı" (1972), "İstanbul festivalı" (1982) fəxri iştirakçısı olmuşdur.

1965-ci ildə Moskvada, dünyanın ən məşhur teatrlarından biri olan Dövlət Akademik Böyük Teatrında həmin baletin tamaşaya qoyulması Azərbaycan musiqisinin, ümumilikdə incəsənətinin böyük təntənəsi idi. Böyük Teatr 1979-cu ilin avqustunda "Məhəbbət əfsanəsi"ni ABŞ-na qastrolları zamanı Nyu-York, Çikaqo, Los-Anjelesdə nümayiş etdirir, Nyu-Yorkun yalnız "Linkoln-Mərkəz" adlı teatr-konsert kompleksinə gələn tamaşaçıların sayı 25 mindən çox idi. Amerikanın "Deyli-Nyus", "Nyu-York Tayms", "Nyu-York Post" qəzetlərində Amerikada nümayiş etdirilən beş baletdən yalnız "Məhəbbət əfsanəsi"nin dünyəvi əhəmiyyət kəsb etməsi haqqında məqalələr, resenziyalar nəşr olunmuşdu. Resenziyalarda müəllifin istedadı barədə gözəl sözlər yazılmışdı, baletin məzmunu, musiqisi, xoreoqrafiyası yüksək qiymətləndirilmişdi.

Balet janrı vasitəsilə beynəlxalq mədəni əlaqələrin formalaşmasında Fikrət Əmirov və Niyazinin əsərlərini də nümunə göstərmək vacibdir. F.Əmirovun 1979-cu ildə ilk təqdimatı olan "Min bir gecə" baleti dünya baletsevərlərinin böyük marağına səbəb oldu. Əsərin süjeti, adından məlum olduğu kimi, Şərq mövzusu əsasında qurulmuşdu. Şərq mövzusu dünya dinləyicilərinə Rimski-Korsakovun "Şəhrizad" kimi dahiyanə simfonik süitası vasitəsi ilə tanış idi. 1981-ci ildə Moskva şəhərində "Min bir gecə" baleti M.F.Axundov adına OperaBalet Teatrının balet truppasının ifasında ardıcıl olaraq üç gün müvəffəqiyyətlə göstərilmişdi. Baletin xarici ölkələrdə uğur qazanması beynəlxalq mədəni əlaqələr baxımından mühüm əhəmiyyət daşıdı.

"Beynəlxalq mədəni əlaqələr" kitabında yazılır ki, 1982-ci ildə əsər Mərakeşdə tamaşaya qoyulur. Bu tamaşadan sonra "Sovetskaya kultura" qəzeti Mərakeşin mədəniyyət naziri Səid Belbəşirin sözlərini şərh edərək yazırdı: "...ələlxüsus, M.F.Axundov adına Azərbaycan OperaBalet Teatrının balet truppası ilə son görüşləri haqqında danışarkən Mərakeş tamaşaçılarının F.Əmirovun "Min bir gecə" baletini fərəhlə, coşqunluqla qəbul etdiklərini xüsusilə qeyd etdi". Onu da qeyd etmək lazımdır ki, Mərakeşlə diplomatik əlaqələr, məhz bundan sonra yarandı. Balet əlaqələrin yaranmasında ilk addım rolunu oynadı. Sonralar bu balet Bolqarıstan, yenidən Moskva teatrlarında oynanılır.

Beynəlxalq mədəni əlaqələrin inkişafında, incəsənət, musiqi sahəsində əməkdaşlığın güclənməsində görkəmli maestro Niyazinin adı və onun yaratdığı əsərləri bir daha xatırlamaq yerinə düşərdi. Bir maestro kimi Niyazinin istər dünya musiqisi, istərsə də milli musiqimizin ən layiqli nümunələrinin dinləyicilərə çatdırılması kimi vacib sahədəki rolu və xidmətləri əvəzsizdir. "Praqa baharı - 1951" beynəlxalq festivalındakı çıxışı Niyaziyə geniş şöhrət və hörmət qazandırır: dirijorun bir çox görkəmli musiqiçilərlə - K.Anqerl (Çexiya), Q.Abendrot (Almaniya), C.Cordeski (Rumıniya), S.Niqq (Fransa), M.Julmini (İtaliya), C.Qobbi (İngiltərə), V.Krıstevlə (Bolqarıstan) yaradıcılıq əməkdaşlığına təkan verilir. Festival günlərində o, iştirakçılarla birgə dünyanın bütün ölkələrinin incəsənət xadimlərinə müraciət imzalayır. Müraciətdə onları "...sülhün keşiyində duran yüz milyonlarla namuslu adamla ürəkdən bağlanmağa, özlərinin yaradıcılığı ilə həmin adamların arzularını üzə çıxarmağa, özlərinin sənəti ilə bəşəriyyətin həyatı və səadəti uğrunda mübarizəyə yeni-yeni tərəfdarlar cəlb etməyə" çağırırdı.

Niyazinin görkəmli hind şairi Rabindranat Taqorun eyniadlı poemasının motivləri əsasında yazdığı "Çitra" baleti (1961) dost Hindistanla Azərbaycanın mədəni əlaqələrinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadı. Azərbaycan-Hindistan mədəni əlaqələrinin qədim olmasına baxmayaraq bu balet hər iki xalq arasında sənət əlaqələrinin daha da genişlənməsi səbəb oldu. Görkəmli maestro Niyazinin mühüm xidmətlərindən birionun dünyəvi, bəşəri musiqinin xalq tərəfindən mənimsənilməsi yolunda sərf etdiyi xüsusi diqqət və enerji potensialı idi. Belə ki, əsərin dinləyiciyə düzgün çatdırılması onun gələcək uğurlarının açarı hesab olunur. Belə tədbirlərdə musiqi istiqamət və üslubların çoxluğu ilə təmsil olunur, müxtəlif ənənələr - akademik musiqicaz, şifahi ənənəvi, peşəkar musiqi sənəti və avanqard bir-birilə uyuşur və müxtəlif dildə danışan xalqların müxtəlif baxışları və zövqləri bir tədbir çərçivəsində olsa da, keyfiyyətli sənət əsərinə verilən qiymətlə eyniləşir.

Festivallar keçən əsrin 80-ci illərində mədəni hərəkat formasında inkişaf edirdi. İrimiqyaslı festivallar daha çox beynəlxalq mahiyyət kəsb edirdi. Belə ki, Q.Qarayev adına "XX əsr musiqisi" festivallarının (1986, 1988, 1990), "Xarı Bülbül" adlı beynəlxalq festivalların, Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş forumların çox böyük beynəlxalq əhəmiyyəti oldu. Azərbaycanda müstəqilliyin bərpasından sonra (1991) musiqimizin dünyaya inteqrasiyası daha da gücləndi. Azərbaycan peşəkar musiqi mədəniyyəti öz mövcudluğunu Avropadünya kontekstində indi daha açıq şəkildə göstərə bilir. Yeniləşmiş ictimai sistemdə musiqi mədəniyyətinin inkişafına daha geniş imkanlar açılmış, Azərbaycan bəstəkarlarının əsərlərinin xarici ifaçılar tərəfindən, eləcə də xarici bəstəkarların əsərlərinin ifaçılarımız tərəfindən səsləndirilməsi, o cümlədən, digər bu kimi əlaqələrin genişləndirilməsi işi SSRİ-nin Moskvada mərkəzləşdirilmiş vasitəçilik və idarəetmə "ağac"ı olmadan, yaradıcı əlaqələlərin birbaşa qurulması yolu ilə həyata keçirilir. Müstəqillik şəraitində gənclərin xarici dövlətlərdə təkmilləşmə məqsədilə təcrübə keçmək kimi imkanlarının yaranması onların beynəlxalq festivallarda və müsabiqələrdə iştirakına rəvac verir.

"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, Azərbaycan musiqisində mühüm bəşəri əhəmiyyət kəsb edən məqamlardan biri də XX əsrin 30-cu illərindən başlayaraq, bu günə kimi aktuallığını itirməmiş bir məsələnin, yəni əslində zənci folkloru hesab edilən cazın milli musiqimizə "daxil olması" oldu. Bu sintez nəticəsində caz milli musiqimizin tərkib hissəsinə çevrilmişdir. Azərbaycan cazının şöhrəti muğamda cazın sintezinə, improvizasiya prinsiplərinə geniş yer vermiş Vaqif Mustafazadənin adı ilə bağlıdır. Hazırda görkəmli pianoçu-cazmenin qızı, vokalçı Əzizə Mustafazadə bu sintezin yeni çalarlarını yaratmaqdadır. Azərbaycan cazının üslub spektri kifayət qədər rəngarəngdir (ənənəvi caz, pospop, fyuğn, friffekin). Yaradıcı ənənələrə sığınaraq cazın müasir istiqamətlərinin tapılması yönümündə aparılan axtarışlar istənilən nəticələr verir. Ümumiyyətlə, caz dünyasında nisbətən cavan olan Azərbaycan caz sənətinin özünəməxsus xüsusiyyətləri vardır.

Beynəlxalq mədəni əlaqələr sistemində musiqi yönümlü dünyəvi təşkilatların da rolunu qeyd etmək lazımdır. Belə ki, hazırda respublikada bu funksiyanı daşıyan "Yeni musiqi" cəmiyyəti fəaliyyət göstərir. Cəmiyyət 1995-ci ildə təşkil olunmuş və beynəlxalq əlaqələrin qurulması, milli musiqinin dünya arenasında layiqincə təmsil olunması zərurətinin təbliğinə çalışır. "Yeni Musiqi" cəmiyyəti Azərbaycanı Beynəlxalq Müasir Musiqi Cəmiyyəti (LSJL), Asiya Bəstəkarlar liqası (AJL) - kimi nüfuzlu təşkilatlarda təmsil edir. Cəmiyyət ən yeni musiqi ilə bağlı müxtəlif festival layihələrinin həyata keçirilməsində bilavasitə iştirak edir, o cümlədən, Azərbaycan musiqiçiləri ilə xarici ifaçılar arasında işgüzar əlaqələrin yaradılması yönümündə vasitəçi rolunu oynayır.

Beləliklə, belə nəticə əldə edilir ki, həqiqətən də, "musiqi sərhəd tanımır", o xalqları, millətləri bir-birilə yaxınlaşdıran ən unikal bədii vasitədir. Tarixən xalqımız bu vasitədən istifadə etmiş və etməkdədir.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2013.- 20 dekabr.- S.15.