Beynəlxalq mədəni inteqrasiya
sistemində elm
Müasir dünyamızın qloballaşması kimi bəşəri proses yaşanan dövrdə hadisələrin yetişməsi, kənar təsirlərdən bəhrələnmə və ya əksinə, zərərli ünsürlərin daxilimizə yol tapması kimi funksional məsələlərin və problemlərin həllinə maraq durmadan artır. Belə dilemmalardan biri də elmin hansı qütbdən yaranması, onun beşiyinin Şərq, yoxsa Qərb olması haqqında mübahisələrin getdikcə dərinləşməsidir.
Bu problemlə bağlı tədqiqatları öyrəndikcə, hər iki "tərəf"in inandırıcı və diqqəti cəlb edən mühakimələri ilə optimal məxrəcə gəlməyin mümkünlüyünə inanır və ya bir-birinə güzəştə getməyən "istiqamət"lərin müxtəlif arqumentlərinin şahidi olursan. Bu məsələdə ortaq məxrəc Şərq və ya Qərbin üstünlüyü deyil, elm aləminin tarixən ümumbəşər övladının ən qiyməlli xəzinəsi olması həqiqətindən ibarətdir. Bu gün elmi biliklərdən söhbət getdikdə, həmin elmi sahənin nə yaradıcısı, nə region, nə də xalq yada düşür. Elm bəlkə də yeganə mədəniyyət sahəsidir ki, onun yaradıcısı, müəllifi yoxdur. Bu gün dünyanın bir nöqtəsində əldə olunan elmi kəşf, yaxud yenilik sabah kainatın başqa ucqar nöqtəsində təcrübədən keçirilir.
Ən sadə və adi misallardan göründüyü kimi, mövcudluq uğrunda elmi mübahisələrdə "dəridən-qabıqdan" çıxmağa heç bir lüzum yoxdur. Elmi həqiqətlərin bütün dünyaya bəyan edilməsində və onların qəbul edilərək tətbiq edilməsi işində Şərqə və Qərbə eyni ehtiram və məhəbbətlə yanaşılır. Sözsüz ki, dünyada on kiçicik bir məqamın belə mənşəyi, tarixi məkanı və yeri var. Elmi biliklər yaranaraq dünyanın bütün nöqtələrinə sürətlə yayılır. Beləliklə, qloballaşma, kürələşmə prosesi, xüsusilə də, elmin qloballaşması tarixi bir prosesdir.
Hazırda elmin qloballaşmasının təzahür formaları yeniləşmiş və yeni, daha müasir məzmun almışdır. Apardığımız bu təhlillərdən sonra belə bir nəticəyə gəlmək olar ki, mədəni əlaqələr sistemində elm də qədim tarixə malik olan mədəniyyət sahələrindəndir.
Azərbaycanda dünya elminə inteqrasiyanın təşəkkülünün qədim tarixi vardır. Lakin müasir dövrdə bu inteqrasiya öz əhatə imkanlarına görə daha geniş məzmun almışdır. Azərbaycanda elmi inteqrasiyanın başlıca imkanlarından biri onun güclü iqtisadi, geofiziki potensiala malik olmasıdır. Bu potensialın reallaşdırılması, dünya praktikasına cəlb edilməsi isə xarici elmi əlaqələrin mövcudluğunu zəruri edir. Tədqiqatı S.Sayadovun bu məsələ ilə bağlı bir fikri yerinə düşür. O yazır: "Elə elmi problemlər də vardır ki, onlar bütün ölkələrin, bütün xalqların taleyi və gələcəyi ilə bağlıdır, bir neçə ölkə tərəfindən geniş isbat edilmiş birgə elmi-tədqiqatlar tələb edir, bir çox ölkələrdə inkişaf etmiş elm sahələrinin əməkdaşlığı olmadan onun həllini tapmaq qeyri-mümkündür". Təkcə iqtisadi potensialın reallaşması deyil, eləcə də elmi kadrların hazırlanması da bu sahədə beynəlxalq əməkdaşlığa təkan verir. Hələ sovet dövründə Azərbaycan digər respublikalarla yaranan elmi əlaqələrin inkişaf etdirilməsi yönümündə mühüm tədbirlərin keçirilməsi, o cümlədən, alimlərimizin və bu sahədə ilk addımlarını atan istedadlı gənclərimizin simpoziumlarda, konfranslarda, seminarlarda və hətta tələbə elmi cəmiyyətlərinin işində iştirak və çıxış etmək üçün ezam olunmaları buna misal ola bilər.
Azərbaycanda sovet quruculuğu dövrünün tarixinə nəzər salsaq, SSRİ xalqları ilə əhatəli elmi əməkdaşlığın müxtəlif istiqamətlərinə rast gələrik. Elmi əməkdaşlığın inkişafına zəmin yaradan bu kimi amillər istənilən qədər idi və heç təsadüfi deyildir ki, sovet elmi xüsusi anlayış və məfhum kimi bütün dünyada qəbul edilir. Dünyanın aparıcı alimləri kimi tanınan V.V.Bartold, N.N.Marr, S.F.Oldenburq və digərlərinin ötən əsrin 20-ci illərində Azərbaycanda ezamiyyədə olmaları deyilənlərə parlaq nümunə olmaqla, sovet alimlərinin də bütün dünyada tanınması faktını təsdiqləyir. Elmi sahələrin müxtəlif istiqamətləri üzrə yaranmış elmi əməkdaşlıq Azərbaycan elmini də dünyaya tanıdırdı. Xüsusilə, geologiya, neft hasilatı və istehsalı texnologiyası neft-kimya, riyaziyyat, astronomiya, botanika, tibb, fəlsəfə, tarix, coğrafiya və digər elm sahələrində əldə olunan nailiyyətlərimizlə dünyanın bir çox ölkələri tanış idi.
Neft və onun hasilatı ilə bağlı problemlərin həlli ilə bağlı azərbaycanlı alimlərlə dünya alimləri arasındakı məhsuldar əməkdaşlıq zaman-zaman öz bəhrəsini verirdi. Dünyanın bir çox ölkələrində keçirilən, neft katalizmi probleminə və qaza həsr olunmuş konqreslərdə, simpozium və elmi sessiyalarda azərbaycanlı alimlər çox fəal şəkildə iştirak edirdilər. Bu sahədə 1959-cu ilin mayında, Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin nəzdində akademik M.A.Qaşqayın sədrliyi ilə beynəlxalq elmi əlaqələr üzrə xüsusi komissiya fəaliyyətə başladı ki, bu da elmi hadisə olmaqla atılan mühüm addımlardan biri idi. Komissiyanın fəaliyyəti çox məhsuldar idi. Belə ki, neft problemləri ilə bağlı bir çox elmi görüş, texniki müşavirə və seminarların təşkili beynəlxalq elmi əməkdaşlığın vüsətinə təkan verirdi. 60-cı illərdə elmi sahədə Azərbaycanla beynəlxalq əməkdaşlıq edən sosialist ölkələrindən Polşa, Çexoslovakiya, Rumıniya, Almaniya Demokratik Respublikası, Monqolustan və s. bu işi müxtəlif formalarda gerçəkləşdirirdilər. Dünya elminin nümayəndələrindən ibarət "siyahı" artıq azərbaycanlı alimlərin adı ilə də zənginləşirdi. Geologiya-mineralogiya elmləri üzrə Ə.Q.Seyidov, S.Salayev, Q.Dadaşov, texniki elmlər üzrə akademik İ.Orucova, zoologiya elmləri üzrə M.Ə.Musayev, Q.Qasımov, biologiya üzrə A.Qasımov, fizika, kimya elmləri üzrə C.B.Abdullayev və onlarla digər alimlərin sanballı elmi əsər və kəşfləri dünya alimlərinə tanış idi.
Beynəlxalq elmi əlaqələrin ən səmərəli forması ikitərəfli əməkdaşlığın qurulması idi. Təkcə 1959-1970-ci illərdə Azərbaycanda keçirilən elmi tədbirlərə 300-dən yuxarı xarici ölkə alimi gəlmişdir. Sosialist ölkələrinə mənsub alimlərdən savayı, 120-yə yaxın kapitalist ölkələri alimləri də var idi ki, bu da ölkə ilə kapitalist dünyası arasında sədd çəkən keçmiş SSRİ rəhbərlərinin elmin inkişafı naminə atdıqları məcburi addımı idi.
Azərbaycan alimləri SSRİ elmini təmsil etdiyindən alimlərimiz SSRİ vətəndaşı kimi bir çox beynəlxalq təşkilatların fəal üzvü ola bilirdilər, 1990-cı ilin əvvəlində Azərbaycan Elmlər Akademiyası, SSRİ EA-nın tərkib hissəsi kimi 117 beynəlxalq qeyri-dövlət elmi təşkilatının fəaliyyətində, 50-dən çox beynəlxalq proqramların həllində fəal iştirak etmişdi.
Beynəlxalq elmi əməkdaşlığın mərkəzində duran Azərbaycan Respublikasının Elmlər Akademiyası və onun elmin ayrı-ayrı sahələri, istiqamətləri üzrə fəaliyyət göstərən institutları getdikcə dünyanın ən nüfuzlu elmi mərkəzləri ilə səmərəli münasibətlər qururdu. 1986-cı ilin məlumatlarına görə dünyanın müxtəlif ölkələrində (40 ölkədə) Azərbaycan alimlərinin 30 dildə, müxtəlif məzmunlu elmi əsəri nəşr olunur; fizika sahəsində İngiltərədə, Kanadada, ABŞ-da, İtaliyada, Fransada; riyaziyyat sahəsində AFR-da, astrofizika sahəsində İngiltərədə, Hollandiyada, İtaliyada; neft kimyası sahəsi üzrə İngiltərədə, Kanadada, İtaliya, İngiltərə, ABŞ, Fransa, İsveçrədə, Yaponiyada, memarlıq sahəsi üzrə İngiltərə, Fransa, Yaponiya və digər ölkələrdə işıq üzü görmüş elmi əsərlərin bəziləri təkrar nəşr olunaraq oxuculara çatdırılmışdır.
Azərbaycanla kapitalist ölkələri alimləri arasında elmi əməkdaşlığın mühüm vasitələrindən biri də elmi turizm idi. Fransalı alimlərlə azərbaycanlı alimlər arasında elmi əməkdaşlıq, xüsusilə, mühüm yer tutur. Fransanın görkəmli alimlərindən Milli Tətbiqi Elmi-Tədqiqat İnstitutunun direktoru Robirom, Sak-Polem, Strasburq Universitetinin professorları Mişel Brossman, Trimor Haber, Paris Universitetindən doktor Bandeburk, görkəmli fransız fiziki, professor J.Qrosmal, yazıçı-akademik X.Dedalı, zooloq doktor Mişel Beyl və onlarla digər alimlərlə əlaqələr yaradılmış, görüşlər keçirilmiş, alimlər qarşılıqlı şəkildə faydalanmışlar.
Müxtəlif ölkələrin alimləri ilə elmi əməkdaşlığın səmərəli vasitələrindən biri də elmi ədəbiyyat mübadiləsidir. Məsələn, 1980-85-ci illərdə Azərbaycan EA-nın xətti ilə çoxlu sayda elmi ədəbiyyat alınmışdı. 1980-90-cı illərdə isə, Azərbaycan Respublikası EA-nın elmi idarələri ABŞ-a 16241 ədəd elmi ədəbiyyat yollamışdır. Bu ədəbiyyatların 90%-ni fizika, texnika, riyaziyyat, kimya, biologiya, coğrafiya və digər elmi sahələr əhatə edirdi.
Azərbaycanın müstəqil elmi əməkdaşlığının imkanları daha da genişlənmişdi. Bu sahədə Azərbaycan EA təşəbbüskarlığı yenə də əldə saxlamaqdadır. Belə ki, akademiya MDB EA-ları beynəlxalq assosiasiyası yaradılmasının təşəbbüskarı olmuş və bu təşkilata üzv qəbul edilmişdir. Bu təşkilat postsovet respublikaları alimlərinin keçmiş əlaqələrinin bərpasına nail olmuş, yeni elmi əlaqələrin yaranmasına imkanlar açmışdır. Bundan əlavə, türkdilli dövlətlərin elmlər akademiyaları arasında əlaqələr yaranıb inkişaf etməyə başladı. Bu işdə Türkiyə Elmlər Akademiyasının təklifi və Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə 2000-ci ildə Ankarada türkdilli dövlətlərin elmlər akademiyalarının ilk konfransı keçirildi.
Hazırda Azərbaycan Milli EA beynəlxalq elmi inteqrasiyanın yeni forması olan Beynəlxalq Kompüter Mərkəzi vasitəsilə trans-Avropa tədqiqat və yaradıcılıq şəbəkəsi ilə əlaqə yaradır. Bu isə bütün dünyanın Azərbaycan alimlərinin əsərləri, elmi xidmətləri ilə daha yaxından tanışlığa imkan yaradır. Xarici elmi mərkəzlərlə ikitərəfli müqavilələrin imzalanmasına da əhəmiyyətli yer verilir.
Professor A.Şükürov yazır ki, alimlərin, xüsusilə, təbiətşünasların ciddi- cəhdləri sayəsində dünyanın siması dəyişir, onun elmi mənzərəsi yaranır. Kainatın sonsuzluğu haqqında təsəvvürlər təsdiq olunur. Yerin digər planetlərlə birlikdə mövcud olması qəbul edilir. Dünyanın surətinin təkamülü ilə insanın obrazı da dəyişir, yeni dünyagörüşü tipləri formalaşır. Lakin elm də yerində saymır. Yeni nəzəriyyələrin yaranması və qanunların kəşfi nəticəsində tədqiqat imkanları genişlənir və təbiətin izahı asanlaşır. Eksperiment - həqiqi biliklərin alınmasının mühüm vasitəsi daha geniş yayılır. Elm çərçivəsində biliyin prinsipcə yeni tipləri formalaşır ki, onlar da öz növbəsində, alimlərin kollektiv əməkdaşlığına əsaslanır.
Beləliklə, aparılan təhlillərdən göründüyü kimi, Azərbaycanda beynəlxalq mədəni əməkdaşlıq sistemində elmi əlaqələrin qurulmasının çox önəmli yeri vardır. Hazırda Azərbaycanda bu əlaqələrin daha məzmunlu və qlobal şəkildə gerçəkləşməsi müasir tələblərə cavab verən əsasda həyata keçirilir.
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2013.- 26 dekabr.- S.15.