Əldə olunan uğurların əsasında ardıcıl və düşünülmüş sistemli siyasət, cəsarətli və fədakar səylər dayanır

 

 

 

Müsahibimiz Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevdir  

- Şəmsəddin müəllim, məlum olduğu kimi, ötən ay Milli Məclisdə Azərbaycan Respubikasının gələn il üçün dövlət büdcəsi qəbul edildi. Ölkəmizdə son dövrlərdə baş verən davamlı iqtisadi artımın fonunda ölkəmizin ali maliyyə sənədini necə qiymətləndirirsiniz?

- Məlum olduğu kimi, son 10 ildə ölkəmizdə ictimai həyatın bütün sferalarında həyata keçirilən genişmiqyaslı işlərin möhtəşəm nəticələri gələcək uğurlarımızın fundamentinə çevrilməkdədir. Bu baxımdan, qarşıdakı yeni büdcə ilində dövlətin iqtisadi siyasəti və onun mühüm dominantı olan dövlət büdcəsinin parametrləri göstərir ki, 2014-cü ildə ölkəmizin sosial-iqtisadi inkişafında və əhalinin həyat səviyyəsinin yüksəldilməsində yeni mərhələ olacaqdır. Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı sosial-iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsi sayəsində son on il ərzində əldə etdiyimiz naliyyətlər ilk növbədə ölkəmizin milli inkişaf modelinin özəllikləri, dünya iqtisadiyyatında 5 ilə yaxın tüğyan edən böhran və tənəzzül dalğaları fonunda, Azərbaycanda davam edən dayanıqlı sosial-iqtisadi inkişafın, iqtisad elmi və təcrübəsi baxımından fenomenal hadisə xarakteri daşıması ilə bağlıdır. Aydındır ki, davam edən sürətli inkişaf təsadüfi və ya təbiət hadisələrinin sayəsində baş vermir.

Əldə olunan uğurların əsasında ardıcıl və düşünülmüş sistemli siyasət, cəsarətli və fədakar səylər dayanır. Çağdaş dünya reallıqları çərçivəsində iqtisadi inkişafımızın uğurları mahiyyət və forma etibarı ilə fərqlənməklə, elmi cəhətdən əsaslandırılmış praqmatik iqtisadi və sosial siyasətin nəticəsidir. Uğurlu sosial-iqtisadi siyasətin nəticəsi olaraq son illərdə ölkəmizdə yüksək iqtisadi artım templəri qorunub saxlanılmış, makrosabitlik, davamlı inkişaf və əhalinin həyat səviyyəsində ciddi yüksəliş təmin olunmuş, sosial yönümlü inkişafın sürətləndirilməsi və davam etdirilməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilmişdir. Nəticədə, son 10 il ərzində əksər makroiqtisadi göstəricilərin sıçrayışlı artımı müşahidə olunmuşdur. Belə ki, müqayisə edilən dövrdə ölkə iqtisadiyyatı 3,4 dəfə, o cümlədən qeyri-neft sektoru 2,3 dəfə, investisiya qoyuluşları 4,7 dəfə, orta aylıq əmək haqları 4,6 dəfə, valyuta ehtiyatları 96 dəfə artmışdir. Bu dövr ərzində yoxsulluğun səviyyəsi 49%-dən 5%-ə qədər aşağı düşmüş, 1,2 mln. yeni iş yeri açılmış, işsizliyin səviyyəsi 5,1%-ə qədər azalmış, 2012-ci ildə inflyasiya cəmi 1,1% təşkil etmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının yekunlarına həsr edilmiş iclasında Prezident İlham Əliyevin dediyi kimi, "Makro iqtisadi vəziyyət sabitdir və bu parametrə görə Azərbaycan dünya miqyasında birinci onluqdadır. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 39-cu yerdədir. Bu, tarixi nəticədir, böyük qələbədir və dünya miqyasında ilk 40 ölkənin sıralarına daxil olmaq islahatların, düşünülmüş siyasətin, bizim uğurlarımızın nəticəsidir. Əlbəttə ki, bu, Azərbaycanı dünyada sürətlə və dinamik inkişaf edən ölkə kimi təqdim edir və Azərbaycanın qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsində də bizə kömək göstərəcəkdir”.

Azərbaycanın uğurlarının beynəlxalq səviyyədə təsbiti makroitisadi mühitin digər parametrlərini də əhatə etməkdədir. Belə ki, Beynəlxalq Büdcə Əməkdaşlığı qurumu “Açıq Büdcə İndeksi”nə görə Azərbaycanı 42 balla qiymətləndirmiş, ölkənin investisiya reytinqi “Fitch Ratings” və “Standart & Poors” beynəlxalq reytinq agentlikləri tərəfindən “BBB-” səviyyəsində saxlanılmış, “Moodys” reyting agentliyi isə Azərbaycan Respublikasının “Ba1” kredit reytinqini bir pillə artıraraq “BAA3” səviyyəsində müəyyən etmiş, proqnozu isə “sabit” elan etməklə ölkəmizin növbəti investisiya dərəcəli reytinq səviyyəsinin yüksəlməsinə imkan vermişdir. Son 10 ildə Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə dünya ölkələri arasında 8-ci yerdə qərarlaşmaqla, faktiki olaraq dünyanın ən yaxşı inkişaf potensialı və inkişaf siyasətinə malik olan ölkələri sırasına qoşulmuş, kapital ixrac edən ölkəyə çevirilmiş, regional və transregional proseslərin əsas aktorlarından biri kimi fəaliyyət göstərməyə başlamışdır. Azərbaycan bu gün dünya birliyinə dimamik inkişaf edən, yüksək orta gəlirli ölkə kimi təqdim olunur. Makroiqtisadi sabitliyin dayanıqlığı, makromühitin işgüzarlıq baxımından əlverişliyi, strukturlararası tarazlığın etibarlı şəkildə təminatı nöqteyi-nəzərindən Azərbaycan bu gün dünyanın qabaqcıl ölkələri ilə bir sırada dayanmaqdadır. Əsas makroiqtisadi göstəricilər üzrə artım tempi orta dünya səviyyəsini əhəmiyyətli dərəcədə qabaqlayır. Bu dövr ərzində əldə edilən iqtisadi nəticələr Avropa İttifaqının meyarlarına demək olar ki, tam uyğundur.

Bütün bunlar təbii ki, 2014-cü il üçün nəzərdə tutulan dövlət büdcəsində, eləcə də növbəti illər üçün təqdim edilən proqnozların əsaslandırılmasında hərtərəfli surətdə nəzərə alınmışdır. 2014-cü ilin büdcəsi elmi cəhətdən əsaslandırılmış, real və təminatlıdır və o, 2014-cü il üçün hökumətin mövcud resurslar nəzərə alınmaqla qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün, istər büdcənin gəlirləri, istərsə də xərcləri üzrə bütün maddələrinin yerinə yetirilməsi üçün heç bir şübhə yerı qoymur və baş verə biləcək hər hansı bir risqdən tam sığortalanmışdır.

Araşdırmalar sübut edir ki, 2014-cü ilin dövlət büdcəsi paketi, həm milli iqtisadi siyasətimizin əldə olunmuş uğurlarının davam etdirilməsi, həm də büdcə gəlirlərinin formalaşması və xərclərin istiqamətlərinin düzgün müəyyənləşdirilməsi baxımından yüksək peşəkarlıqla hazırlanmış mükəmməl sənəddir. Şübhə yoxdur ki, qəbul edilmiş dövlət büdcəsi, qarşıdakı təqvim ilində hökumətin ölkənin iqtisadi və sosial inkişafını daha da sürətləndirmək, onun davamlığını və tarazlığını təmin etmək, resursların daha səmərəli, nəticəli və məqsədli istifadəsinə nail olmaq, əhalinin rifahını əhəmiyyətli dərəcədə yüksəltmək kimi strateji məqsədlərə nail olmaq yolunda yeni mühüm mərhələ olacaqdır.

- Bildiyiniz kimi, büdcənin müvəffəqiyyətlə icrası onun yerinə yetirildiyi dövrdə ölkədə mövcud olan makroiqtisadi şəraitdən birbaşa asılıdır. Bu baxımdan 2014-cü ilin dövlət büdcəsinin hansı makroiqtisadi şəraitdə icra olunması gözlənilir?

- Büdcə zərfinin materiallarına əsasən, 2014-cü ildə ölkəmizdə son illər müşahidə olunan davamlı makroiqtisadi inkişaf xətti qorunacaqdır. Əsas makroiqtisadi göstərici olan ÜDM-in həcminin artım sürətinin son iki ildəkinə nisbətən daha yüksək 5,2 % olmaqla 58,6 mlrd. manat təşkil edəcəyi gözlənilir. Dünya ölkələrinin və ilk növbədə inkişaf etmiş ölkələrin əksərində davam edən durğunluq və zəif inkişafa rəğmən, ölkəmizdə gözlənilən sürətli artım olduqca əlamətdardır. Proqnozlar göstərir ki, növbəti 3 ildə də ÜDM-in artım tempi sabit qalaraq 5,8-6,0% arasında dəyişəcəkdir ki, bu da “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasında nəzərdə tutulmuş hədəflərə nail olunmasına real zəmin yaradacaqdır. 2017-ci ildə ÜDM-in həcminin 67,3 mlrd. manat, adambaşına düşən göstəricinin 6870 manat olacağı proqnozlaşdırılır ki, bunlar da 2012-ci ilə nisbətən müvafiq olaraq 24,7 % və 25 %-ə qədər yüksəkdir. Əgər, milli valyutamızın alıcılıq qabiliyyəti paritetini nəzərə alsaq, ÜDM-in adambaşına düşən göstəricinin həcminin 2017-ci ildə 15.760 ABŞ dolları həcmində olacağı gözlənilir ki, bu da İEÖ-nin səviyyəsinə yaxın bir göstəricidir.

Bu dövrün ən mühüm xüsusiyyətləri dünya iqtisadiyyatında davam edən qeyri-müəyyənlik və böhranlı situasiya fonunda Azərbaycanda makroiqtisadi sabitliyin və sosial yönümlü siyasətin prioritetliyinin təmin edilməsi, dünya iqtisadiyyatına ən rasional şəkildə inteqrasiya olunmaqla, beynəlxalq əmək bölgüsü sistemində öz layiqli yerinin müəyyən edilməsi, iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsi, rəqabət qabiliyyətinin yüksəldilməsi, qeyri-neft sektorunun, xüsusilə ixrac yönümlü istehsal sahələrinin daha sürətlə inkişafının təmin edilməsi, ölkə iqtisadiyyatının neftdən asılılığının əhəmiyyətli dərəcədə azaldılması, regionların davamlı və tarazlı inkişaf meyllərinin qorunub saxlanılması, innovasiyalı iqtisadiyyatının yaradılması istiqamətində nəzərə çarpacaq işlərin həyata keçirilməsindən ibarət olacaqdır.

Dövlətin iqtisadi siyasətinin aparıcı trendinə müvafiq olaraq, gələn il ÜDM-in artımı, onun tərkibində neft sektorunun payının mütləq və nisbi mənada azalması və müvafiq olaraq qeyri-neft sektorunun istehsal həcminin artması şəraitində baş verəcəkdir. Qeyri-neft sektorunun artım sürətinin rekord həddə - 10% civarında olacağı gözlənilir. Fərəhli haldır ki, bu inkişaf meyli növbəti illərdədə davam edəcəkdir. Ölkədə qeyri-neft sektorunda son illərdə davamlı artım bu sektorun iqtisadiyyatın strukturunda payının artmasına səbəb olmuşdur. Belə ki, qeyri-neft sektorunun ÜDM-də payı 2012-ci ildə 52,7 %-dən 2014-cü ildə 61,5 %-ə qədər yüksələcəkdir. Proqnozlar göstərir ki, iqtisadi inkişafımızın bu müsbət meylləri gələcəkdə də davam etdiriləcək və 2017-ci ildə 72,4% təşkil edəcəkdir.

Makroiqtisadi şəraiti xarakterizə edən digər bir mühüm göstərici – inflyasiyanın, faktiki olaraq çox aşağı səviyyədə olacağı gözlənilir. Fikrimizcə, 2014-cü ildə gözlənilən 3,5 % -lik inflyasiya ölkədə makroiqtisadi tarazlığa, artım tempinə və həmçinin, vətəndaşların gəlir və sərvətlərinin dəyərdən düşməsinə təhlükə yaratmayacaq. Digər tərəfdən əmək haqqı və təqaüdlərin əhəmiyyətli artımı şəraitində belə, inflyasiyanın bu həddi iqtisadi fəallğa yalnız, stimullaşdırıcı təsir göstəsəcəkdir.

İqtisadiyyata yatırılacaq əsaslı vəsait qoyuluşunun həcminin ÜDM-in üçdə biri qədər proqnozlaşdırılması, 2014-cü ildə də milli iqtisadiyyatın inkişafının sürətli olacağını sübut edir. Belə ki, artım tempinin yüksək olmasının mühüm şərtlərindən biri investisiya qoyuluşlarının ÜDM-də payının artırılmasıdır. 2014-cü ildə ölkədə əsas kapitala investisiya qoyuluşlarının ÜDM-in 31,4 %-ə bərabər olması proqnozlaşdırılır ki, bu da 2012-ci ilə nisbətən 2,9% yüksəkdir. Qeyd etmək vacibdir ki, bu göstəriciyə görə ölkəmiz, dünyanın sürətli inkişaf edən azcaylı ölkələrinin sırasındadır. Həmçinin, son illərdə qeyri-dövlət bölməsinin inkişafı sahəsində həyata keçirilmiş siyasət nəticəsində, əsas kapitala investisiya qoyuluşlarının davamlı artımı şəraitində özəl sektorun payı artmaqdadır. Belə ki, 2014-cü ildə ölkədə əsas kapitala investisiya qoyuluşlarında qeyri-dövlət bölməsinin payı 47,5 faiz olacağı proqnozlaşdırılır ki, bu da 2012-ci ildəki səviyyədən 8,6 % çoxdur.

Növbəti büdcə ilində investisiya qoyuluşlarının 70,4%-ni daxili investisiyalar təkil edəcəkdir. Ölkə iqtisadiyyatına umumi investisiya qoyuluşunda daxili investisiyaların xüsusi çəkisinin ilbəil artması, bir tərəfdən ölkənin öz milli iqtisadiyyatını daxili resursları hesabına maliyyələşdirmək imkanında olduğunu, digər tərəfdən onun xarici amillərdən asılılığının azaldığını təsdiq edir. Növbəi ildə cəlb edilən investisiyaların 68,5%-i qeyri-neft sektorunun inkişafına yönəldiləcəkdir ki, bunlar da büdcənin ən mühüm pozitiv xüsusiyyətlərindən biri kimi qiymətləndirilə bilər.

- Qeyd etdiyimiz kimi, dinamik iqtisadi inkişaf digər makroiqtisadi göstəricilərlə yanaşı, ölkəmizin büdcə göstəricilərinin də ildən-ilə yaxşılaşmasına səbəb olmuşdur. Bəs 2014-cü ilin Dövlət Büdcəsi hansı xüsusiyyətləri ilə yadda qalacaqdır?

- Gələn 2014-cü ildə gözlənilən əlverişli inkişaf mühütinə müvafiq olaraq dövlətin əsas cari iqtisadi siyasət aləti olan dövlət büdcəsinin gəlirlərinin həcminin 18,4 mlrd. manata qədər, ÜDM-ə nisbəti isə 31,4 faizə bərabər olacağı proqnozlaşdırılır. Büdcə gəlirlərinin ÜDM-də payı 2012-ci ilin faktiki göstəricisindən 0,6%, 2013-cü ilin gözlənilən göstəricisindən isə 3,6% az olacaqdır. Bununla belə 2012-ci ilə nisbətən 2014-cü ildə Dövlət büdcəsi gəlirlərinin 6,4 faiz artacaqı gözlənilir. Bu dövr ərzində Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında neft sektorunun payı əhəmiyyətli dərəcədə aşağı enəcəkdir ki, bu da iqtisadiyyatımızın neftdən asılılığının ildən-ilə azaldığlnı göstərməklə, qeyri-neft sektorunun dinamik inkisaf etdirilməsi və şaxələndirilməsi sahəsində həyata keşirilən genişmiqyaslı fəaliyyətin nəticəsi kimi qiymətləndirilə bilər. Qarşıdakı ildə neft sektorundan dövlət büdcəsinə daxil olmaların, neft ÜDM-nin 53,9 faizinə bərabər olacağı proqnozlaşdırılır ki, bu da 2013-cü ilə nisbətən 7,5% azdır. Göründüyü kimi, bu göstəricilər yuxarıda deyilən fikirləri bir daha təsdiq etməklə, həm də aparılan sosial yönümlü siyasət çərçivəsində neft gəlirlərinin mühüm hissəsinin dövlət büdcəsi vasitəsilə bölüşdürülməsi kimi strateji mahiyyətli uğurlu təcrübənin davam etməsini əks etdirir.

Büdcə materiallarına əsasən, 2014-cü ildə qeyri-neft sektorundan daxilolmalar qeyri-neft ÜDM-nin 17,3 faizini təşkil edəcəkdir ki, bu da 2013-ci illə müqaisədə 1,1 bənd çoxdur. 2014-ci ildə qeyri-neft ÜDM-in büdcə vasitəsilə yenidən bölünən hissəsinin artırılması planlaşdırılır ki, bu da fikrimizcə, müsbət yanaşmadır və büdcənin balanslaşdırılmasında mühüm əhəmiyyətə malikdir.

Təbii ki, neft ölkəsi Azərbaycanda dövlət büdcəsinin gəlirlərinin formalaşmasında neft-qaz sektoru əsas rol oynayır və fikrimizcə, bu vəziyyət yaxın illər ərzində də davam edəcəkdir. Belə ki, 2012-ci ildə dövlət büdcəsi gəlirlərinin 73,1%-i neft sektorundan daxilolmaların payına düşürdüsə, 2013-cü ildə bu göstəricinin 73,0 % olacağı gözlənilir, 2014-cü ildə isə 66,0 % proqnozlaşdırılır. Qeyd etmək zəruridir ki, büdcə gəlirlərinin formalaşması baxımından qarşıdakı illərdə ciddi problemlər yaşanmayacaqdır. Beləki, neftin qiymətinin 100 dollar/barrel nisbətində hesablanması və Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə dünya neft bazarında yaxın illərdə əsaslı konyuktur dəyişikliklərinin gözlənilməməsi büdcə gəlirlərinin formalaşmasında sabitliyin qorunmasını təmin edəcəkdir. Qarşıdakı ildə büdcədə neft gəlirlərinin payının aşağı enməsi, əsasən Dövlət Neft Fondundan transferlərin azalması hesabına baş verəcəkdir. Bütövlükdə, 2014-cü ildə neft sektorundan daxilolmaların 2012-ci ilə nisbətən 4,0%, 2013-cü ilə nisbətən isə 13,2% azalması proqnozlaşdırılır ki, bu da büdcə təcrübəmizdə olduqca vacib yeni pozitiv məqamdır və bütövlükdə milli iqtisadiyyatın strukturunun tarazlaşdırılması yönümündə ciddi nailiyyət kimi dəyərləndirilməlidir. Belə şəraitdə qarşıdakı ildə qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin 2012-ci ilə nisbətən 34,0% və 2013-cü ilə nisbətən isə 20,8 % artması, büdcənin müsbət cəhəti kimi qeyd edilməlidir. Göründüyü kimi, 2014-cü ildə büdcə gəlirlərinin 2013-cü ilə nisbətən neft sekto-rundan daxilolmaların azalmasının bir hissəsi qeyri-neft sektorundan daxilol-maların artması hesabına kompensasiya ediləcəkdir ki, bu da nəinki dövlət büdcəsi gəlirlərinin, eləcə də ümumilikdə Dövlət büdcəsinin formalaşdırılmasında yeni müsbət meyi kimi qeyd edilməlidir.

2014-cü ildə dövlət büdcəsinin xərcləri ilk dəfə olaraq iyirmi milyardlıq mühüm “psixoloji həddi” keçərək 20,1 mrd. man. həcmində nəzərdə tutulur. Bu göstərici 2012-ci ilə nisbətən 15,2 faiz, 2013-cü ilin gözlənilən faktiki icrasına nisbətən isə 213 mln.man., və ya 1,1 % çoxdur.

Qarşıdakı ildə büdcə xərcləri ÜDM-in 34,3 % səviyəsində planlaşdırılır ki, bu da 2012-ci ilə nisbətən 2,0 % yüksəkdir. Bu ildə dövlət büdcəsinin kəsiri 1676 mln. manat məbləğində nəzərdə tutulmuşdur ki, bu da ÜDM-in 2,9 %-ni, umumi budcə xərclərinin isə 8,4%-ni təşkil edir. Qeyd etməyi vacib hesab edirik ki, mühüm stimullaşdırıcı potensiala malik olan büdcə kəsirinin proqnozlaşdırılan həcmi, dünya təcrübəsi baxımından normalar çərçivəsindədir və makroiqtisadi tarazlığa təhlükə törətmir. Hökumət qarşıdakı ildə dövlət büdcəsi kəsrinin təqribən yarısının keçən illlərin ehtiyatları (vahid xəzinadarlıq hesabının qalığı) hesabına, digər yarısının isə əsasən əmlakın özəlləşdirilməsindən daxilolmalar və borc vəsaitləri hesabına maliyyələşdirilməsini nəzərdə tutur. Burada onu da xüsusi qeyd etmək vacibdir ki, borc vəsaitləri hesabına maliyyələşdiriləcək büdcə kəsri ÜDM-in cəmi 1,4 faizini təşkil edəcəkdir. Ölkənin dövlət borcunun ÜDM-ə nisbətən çox kiçik və strateji valyuta ehtiyatlarının isə böyük olması, bu borclanmanın ölkənin ödəmə qabiliyyətinə təsir göstərməyəcəyi qənaətinə gəlməyə tam imkan verir. Bununla belə, son illərin dünya təcrübəsinin dərslərini nəzərə alaraq hesab edirik ki, dövlət borcu kimi muhüm bir iqtisadi siyasət aləti ilə olduqca ehtiyatla davranmaq vacibdir və gələcəkdə büdcə kəsirinin xarici borclanma hesabına maliyyələşdirilməsinə müstəsna hallarda yol verilməlidir. Ona görə də fikrimizcə, büdcə kəsrinin 829 mln. manatlıq hissəsinin borc vəsaitləri hesabına deyil, maliyyə bazarının inkişafı məqsədilə dövlət qiymətli kağızlarının emmisiyası və daxili bazarda yerləşdirilməsi hesabına maliyyələşdirilməsi daha məqsədəuyğun olardı. Bu, həm də son illərdə iri infrastruktur layihələrinin həyata keçirilməsinin daxili bazarın aktivliyini kifayət qədər təmin etdiyini nəzərə alaraq, bu məqsədlərə xidmət edən büdcə kəsirinin qarşıdakı ildə proqnozlaşdırılan həcmini, daxili aktivliyə zərər vurmadan azaltmaq imkanı yaradardı.

Dövlət büdcəsi xərclərinin strukturunun təhlili göstərir ki, budcə xərclərinin 54,2 % cari xərclərin, 41,9 % investisiya xərclərinin, 3,9 % isə dövlət borcuna xidmətlə bağlı xərclərin payına düşür. Lakin qeyd edildiyi kimi, xərclərin nisbətən artmasına baxmayaraq, onun həcmi mütləq və nisbi ölçülərdə kiçik olaraq qalacaqdır.

İqtisadiyyatın, o cümlədən sosial sferanın bütövlükdə modernəşdirilməsi və yenidən qurulması trendinə müvafiq olaraq qarşıdakı ildə dövlət büdcəsində qeyri-maliyyə aktivlərin alınmasına ayrılan vəsaitlərin yüksək səviyyəsi qorunacaqdır. Bununla belə, qeyri-maliyyə aktivlərinin alınmasına sərf olunan büdcə xərclərinin xüsusi çəkisinin 2012-ci ildə 41,3 faizdən 2014-cü ildə 38,1 faizə qədər azalacağı nəzərdə tutulur. Digər tərəfdən, 2014-cü ildə əmək ödənişlərinin 2013-cü ilə nisbətən 11,3% artımı planlaşdırılmışdır ki, bu da gözlənilən inflyasiya səviyyəsindən (3,5%) əhəmiyyətli dərəcədə yüksəkdir.

Qeyd edildiyi kimi, qarşıdakı ildə də dövlət büdcəsi sosial və investisiya tutumluluğu ilə fərqlənəcəkdir. Həm cari xərclərin, həm də investisiya xərclərinin əhəmiyyətli hissəsinin bilavasitə insanların sosial vəziyyətinə təsir edən sahələrə yönəldilməsi nəzərdə tutulmuşdur. Belə ki, 2014-cü ildə sosial sferanın inkişafına dövlət büdcəsindən əməyin ödənişinə 3034,7 mln., təqaüd və sosial müavinətlərə 1820,3 mln. manat vəsait yönəldiləcəkdir.

Araşdırmalarımız göstərir ki, dövlət büdcəsinin xərclərinin artımı onun milli iqtisadiyyatın inkişafına təsirini yüksəldir. Belə ki, 2014-cü ildə dövlət büdcəsinin xərcləri həm istehlak, həm də investisiya xərclərinə, yəni daxili tələbin həcminə əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir. Hesab edirik ki, dövlət büdcəsində xərclərin bütövlükdə 2012-ci ilə nisbətən 17,3%, investisiya xərclərinin 6 % artması dövlət büdcəsinin daxili tələbin formalaşdırılmasında rolunun artmasına səbəb olacaqdır.

Ölkədə investisiya qoyuluşlarının maliyyələşdirilməsində dövlət büdcəsinin rolu artmaqdadır. Belə ki, 2012-cu ildə ölkədə əsas kapitala cəmi investisiya qoyuluşlarının 61,1 %-i dövlət investisiyalarının payına düşmüş, 2013-cü ildə isə bu göstəricinin 56,7%-ə, 2014-cü ildə isə 52,5 %-ə çatacağı proqnozlaşdırılır. Bundan başqa, dövlət investisiyaları daxili investisiyanın 2012-cu ildə 77,5 %-ni təşkil etmiş, 2013-cü ildə 78,6 %, 2014-cü ildə isə 74,6 %-ə bərabər olacağı proqnozlaşdırılır. Belə şəraitdə dövlət investisiyalarının 2014-cü ildə 86,8%-i dövlət büdcəsinin vəsaitləri hesabına həyata keçiriləcəkdir.

Beləliklə, aparılan hesablamalar göstərir ki, dövlətin həm istehlak, həm də investisiya xərcləri baxımından iqtisadiyyatda rolu böyükdür. Daxili tələbin dövlət büdcəsi xərcləri hesabına artması, qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir. Məlum olduğu kimi, ölkəmizdə yenicə formalaşan özəl sektorun iri həcmli investisiya qoyuluşlarını həyata keçirmək imkanları o qədər də geniş deyildir.

Milli qənaətin əsas hissəsinin (neft gəlirləri nəticəsində) dövlətin sərəncamında qaldığı şəraitdə özəl sektorun investisiya qoyuluşlarının güzəştli şərtlərlə maliyyəlşdirilməsində dövlətin fəal iştirakına ehtiyac vardır. Son illərdə dövlətin özəl sektorun maliyyəlşdirilməsində rolu artmışdır. Belə ki, indiyədək (2014-cü ili də nəzərə alınmaqla) dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna 831,0 mln. manat, «Aqrolizinq» ASC-yə 453,4 mln. manat, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 64,0 mln. manat vəsait ayrılmışdır. 2014-cü ildə Sahibkarlığa Kömək Milli Fonduna 150 mln. manat, «Aqrolizinq» ASC-yə 35,0 mln. manat, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 5,0 mln. manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bütun bunlar da ölkədə özəl sektorun, milli sahibkarlığın inkişafına öz tövhəsini verəcəkdir.

- Məlum olduğu kimi sosial yönümlü inkişaf ölkəmizdə strateji hədəflərdən birinə çevrilmişdir və bu istiqamətdə ölkəmizdə genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu meyl 2014-cü ilin dövlət büdcəsində nə dərəcədə uzlaşmışdır?

- Danılmaz həqiqətdir ki, həyata keçirilən uğurlu sosial-iqitisadi siyasətin nəticəsi olaraq son illər Azərbaycanda sosial yönümlü inkişafın sürətləndirilməsi və davam etdirilməsi istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirilmişdir. Ölkənin sosial tərəqqisi daima diqqət mərkəzində saxlanılmış, dövlət büdcəsi xərclərinin sturkturunda sosial xərclər prioritetlər sırasında olmuş, onların davamlı artım tempi saxlanılmış və artım sosial sferanın bütün istiqamətlərində təmin edilmişdir. III Bakı Beynəlxalq Humanitar forumunda cənab Prezident İlham Əliyevin vurğuladığı kimi “Biz çox ciddi sosial siyasət aparmışıq, aparırıq və aparacağıq. Ancaq bunun mənbəyi Azərbaycan iqtisadiyyatıdır. İqtisadi inkişaf sosial məsələlərin həllinə də gətirib çıxarmalıdır. Burada əlbəttə ki, uzlaşma düzgün aparılmalıdır. Çünki hər bir ölkənin inkişafı ilk növbədə insanların həyat tərzində özünü göstərməlidir və insanların yaşayış səviyyəsi qalxdıqca, yeni imkanlar yarandıqca, əlbəttə ki, ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf edəcəkdir”.

Son 10 ildə dövlət büdcəsindən sosial sferanın maliyyələşdirilməsi məqsədilə ayrılan vəsaitlərin həcmi 9,2 dəfə artaraq, 535,2 mln. manatdan 4909,4 mln. manatadək yüksəlmiş, ölkə əhalisinin gəlirləri 29,0 mlrd. manat və yaxud 6,1 dəfə artaraq 2012-ci ildə 34,7 mlrd. manat olmuşdur. Əvvəlki illərdə olduğu kimi qarşıdakı ildə də sosial xərclərin həcmində davamlı artım tempinin saxlanılması nəzərdə tutulur və bu artım sosial sferanın bütün sahələrini əhatə edir. 2014-cü ildə sosialyönümlü xərclər dövlət büdcəsi xərclərinin strukturunda 26,6% olmaqla, 5337,3 mln.manat həcmində proqnozlaşdırılır. Bu cari ilin gözlənilən icrası ilə müqayisədə 501,7 mln. manat və ya 10,4% çoxdur.

Sosial inkişafın strateji hədəflərə istiqamətləndirilməsinin mühüm bir təzahürü, 2014-cü ilin dövlət büdcəsindən sosial-mədəni tədbirlərin maliyyə-ləşdirilməsi məqsədilə ayrılan vəsaitlərin 18%-nin, yəni 885,3 mln. manatı müvafiq məqsədli dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsinə yönəldilməsidir.

2014-cü ilin dövlət büdcəsini xarakterizə edən mühüm parametrlərdən biri təhsilə ayrılan xərclərin həcminin və xüsusi çəkisinin artmasıdır. Təhsil sahəsinın maliyyələşdirilməsinə ayrılan büdcə vəsaitlərinin artımı təhsilin bütün pillə və səviyyələrini əhatə edir (ali təhsil istisna olmaqla). 2014-cü ilin dövlət büdcəsindən təhsil xərclərinin maliyyələşməsi üçün ayrılan vəsaitlərin 22,8%-i, yəni 376,2 mln. manatı bu sahədə bir sıra dövlət proqramları və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcəkdir.

Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mühüm prioritetlərindən biri də səhiyyənin inkişafıdır. Son illər bu sahənin kəmiyyət və keyfiyyət baxımından inkişafı həyata keçirilən islahatların uğurlu nəticələrindən xəbər verir. Bu istiqamətdə yalnız onu demək kifayətdir ki, 2003-2013-cü illər ərzində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlərin həcmi 11,5 dəfə artırılmışdır.

Cari ildə də bu tendensiyanın saxlanılması nəzərdə tutulur və əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də səhiyyənin ayrı-ayrı istiqamətləri üzrə ayrılacaq vəsaitlərin davamlıl artımı proqnozlaşdırılır. Eyni zamanda, 2014-cü ildə dövlət büdcəsindən səhiyyə üçün ayrılan vəsaitlərin 26,8%-i (194,5 mln. manat) məqsədli proqram və tədbirlərin maliyyələşdirilməsi məqsədləri üçün nəzərdə tutulmuşdur.

Son illər ölkəmizdə əhalinin sosial müdafiəsi və sosial təminatı sahəsində inkişafa xüsusi diqqət yetirilmiş, çox ciddi struktur, hüquqi-institusional və digər islahatlar həyata keçirilmişdir. 2003-cü ildən keçən 10 il ərzində ölkəmizdə iqtisadi inkişafın nəticələrinin sosial sahəyə transformasiyası istiqamətində olduqca ciddi keyfiyyət dəyişiklikləri baş vermişdir. Bu müddət ərzində dövlət büdcəsindən sosial müdafiə və sosial təminatın gücləndirilməsi məqsədilə ayrılan vəsaitlərin həcmi 9,7 dəfə artmışdır.

Əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də bu vəsaitlərin 98%-dən çox hissəsi (2044,0 mln.manat) sosial müdafiə xərclərinin maliyyələşdirilməsi məqsədləri üçün nəzərdə tutulmuşdur. Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri də 2006-cı ilin ortalarından respublikamızda ünvanlı sosial yardım mexanizminin tətbiqi olmuşdur. Dövlət büdcəsi hesabına əsasən aztəminatlı, yoxsul ailələri əhatə edən bu mexanizmin fəaliyyəti daha da gücləndirilmiş və onun əhatə dairəsi genişlənərək, ötən dövr ərzində bu yardımı alan ailələrin sayının 48 mindən 124 minədək artırılmasına nail olunmuşdur. Ünvanlı yardımın təyin edilməsi üçün müəyyən edilmiş ehtiyac meyarının məbləği isə 3,1 dəfə artırılaraq, 2013-cü ildə 93 manata çatdırılmışdır. 2014-cü ildə isə bu rəqəmin 100 manata çatdırılacağı nəzərdə tutulur.

Aparılan siyasətin uğurlu nəticələrindən biri də ölkədə yoxsulluğun səviyyəsinin sürətlə azaldılması olmuşdur və bu göstərici son 10 ildə təxminən 8 dəfədən çox aşağı düşmüş, yoxsulluq həddi isə 5 dəfəyədək atrmışdır. 2013-cü ildə ölkədə yoxsulluq səviyyəsi 5,5% təşkil etmişdir.

Sosial sahədə əldə edilən bu uğurların əsas amilləri sırasında son illər respublikamızda əhalinin məşğulluğun, əmək bazarının inkişafı, işsizliyin səviyyəsinin azaldılması, yeni iş yerlərinin açılması müstəsna rol oynamışdır. Həyata keçirilən tədbirlər nəticəsində son 10 ildə respublikamızda 1 milyon 200 min yeni iş yeri açılmışdır ki, onların da 75%-i daimi iş yeri olmuşdur. Bunun nəticəsi olaraq 2003-2012-ci illərdə ölkədə iqtisadi məşğul əhalinin sayı 18,6% artmış, işsizliyin səviyyəsi isə 9,7%-dən 4,8 % -ə enmişdir.

Ölkənin sosial-iqtisadi, ictimai-siyası, mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi istiqamətində şəraitin yaradılması dövlətin sosial siyasətində çox vacib məsələlərdəndir. Bu məqsədlə son illər respublikamızda gənc nəslin idmana marağının artırılması, ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edə biləcək yüksək dərəcəli idmançıların hazırlanması, eləcə də idmanın maddi texniki bazasının gücləndirilməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilir və bu məsələlərə ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət yetirilir. 2003-2013-cü illər ərzində dövlət büdcəsindən idmana ayrılan vəsaitlərin həcmi 16 dəfəyədək artırılmışdır.

Ölkə rəhbərliyinin idmana xüsusi qayğısının nəticəsi olaraq, son 10 ildə ölkəmizdə idman qurğularının sayı 7908-dən 9954-ə dək artırılmış, bədən tərbiyəsi ilə məşğul olanların sayı isə 4,7 dəfə artaraq, 1660,6 min nəfər olmuşdur. Bundan əlavə, ölkəmizin idmançıları tərəfindən qazanılmış medalların sayı 3,9 dəfə artaraq, 735-ə çatmışdır və hazırda ölkəmizdə 35 olimpiya kompleksi tikilib istifadəyə verilmişdir.

Ölkəmizdə mədəni sahələrin inkişaf etdirilməsi, milli-mədəni dəyərlərin qorunması, onların gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən işlərin kompleksliyinin təmin edilməsi məqsədilə «2006-2016-cı illər üçün mədəniyyət sahəsində Dovlət İnkişaf Konsepsiyası» qəbul olunmuşdur. Son illər ərzində dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, digər kateqoriyalara aid edilməyən sahələrdə fəaliyyətin maliyyələşdirilməsi məqsədilə ayrılan vəsaitlərin həcmi 9 dəfədən çox artırılmışdır.

Son illər məcburi köçkünlərin sosial problemlərinin həlli, onların mənzil-məişət şəraitnin yaxşılaşdırılması istiqamətində ölkə rəhbəliyi tərəfindən genişmiqyaslı fəaliyyət həyata keçirilməkdədir. Bu məqsədlə «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı» (2004-2008-ci illər) qəbul olunmuş və uğurla icra edilmişdir. Ümumilikdə, 1993-2012-ci illərdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə 4,3 mlrd. manat sərf edilmişdir ki, bu vəsaitlərin də 77%-i, təxminən 3,3 mlrd. manatı son 9 ildə ayrılmışdır. Bu vəsaitlərin 1,6 mlrd. manatını dövlət büdcəsinin, 1,4 mlrd. manatını Dövlət Neft Fondunun, 307 mln. manatını isə beynəlxalq təşkilatların vəsaitləri təşkil etmişdir.

Son 10 ildə məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə bir nəfər məcburi köçkünə ayrılan vəsaitin məbləği 8,6 dəfə artmışdır. Aparılan məqsədyönlü siyasət nəticəsində məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi son 9 ildə 75%-dən 15%-dək azalmışdır.

- Müasir “biliklərə əsaslanan iqtisadiyyat”ın formalaşdırılması şəraitində elm və təhsilin inkişafı hər bir ölkənin inkişafında və rəqabətqabiliyyətliliyinin yüksəldilməsində başlıca şərtdir. Bu baxımdan 2014-cü ilin dövlət büdcəsində hansı mühüm məqamlar nəzərə alınmışdır və hansı istiqamətlərdə tədbirlərin gücləndirilməsini məqsədəuyğun hesab edirsiniz?

- Qeyd etdiyim kimi, təhsil xərcləri son illərdə olduğu kimi, yenə də büdcənin ən iri maddələrindən birini təşkil edir. Bu xərclər hətta hərbi xərcləri üstələyir. Bu önəmli meyl olmaqla bərabər dövlətin təhsilə artan diqqət və qayğısının yeni təzahürüdür. Ölkə rəhbərinin sözləri ilə desək, özünün fenomenal iqtisadi inkişaf sürətinə görə dünyada öncül mövqeyə qalxan Azərbaycanın növbəti hədəflərindən biri, ölkənin regional elm və təhsil mərkəzinə çevrilməsindən ibarətdir. Hesab edirik ki, bu yaxınlarda cənab Prezident tərəfindən təsdiq edilmiş Təhsilin inkişaf strategiyasının əsas məqsədi məhz, nəzərdə tutulan hədəflərin tezliklə reallaşdırılmasını nəzərdə tutur.

Bu gün ölkəmizin təhsil sisteminin dünya standartlarının tələbləri səviyyəsində yenidən qurulmasını, təhsilin idarəetmə sistemində demokratik prinsiplərin tətbiqi mexanizmlərinin təkmilləşdirilməsini, dunya təhsil məkanına inteqrasiyanın sürətləndirilməsini, bu sferada mutərəqqi maliyyələşdirilmə modellərinin tətbiqini, təhsilin keyfiyyətinin yüksəldilməsini, əhalinin təhsil almaq imkanlarının daha da genişləndirilməsini, təhsilin butun pillələrində və səviyyələrində informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq edilməsini tələb edir və qeyd etmək vacibdir ki, artıq bu sahədə genişmiqyaslı fəaliyyətə başlanılmışdır. Bu məqsədlə son illər dövlətimizin təhsilə qayğısının artıtılması daha qabarıq şəkildə özünü göstərməkdədir. Qeyd edilən istiqamətdə diqqət çəkən məqamlardan ən sanballısı təhsilə ayrılan büdcə vəsaitlərinin həcminin davamlı şəkildə artırılmasıdır. Keçən 10 il ərzində bu məqsədlə ayrılan vəsaitlərin həcmi 7 dəfəyədək artmışdır və növbəti ilin dövlət büdcəsindən təhsil xərclərinin maliyyələşdirilməsi məqsədilə 1653,4 mln.manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur.

Büdcədən təhsil sisteminə ayrılan vəsaitlərin artım tempinin dayanıqlılığı mühüm nailiyyətlərdən biri kimi təqdir olunmalıdır. Sübüt etməyə ehtiyac yoxdur ki, kifayət qədər mürəkkəb konfiqurasiyalı münasibətlər sistemini özündə əks etdirən təhsil sferasının modernləşmə sürəti ilə maliyyə təminatının səviyyəsi arasında birbaşa funksional bağlılıq mövcuddur. Məhz, bu anlamda büdcədən ayrılan vəsaitlərin davamlı artımı qeyd edilən sferada həyata keçirilən əsaslı islahatların səmərəliliyinin, eləcə də strateji hədəflərin yetmənin əsas hərəkətverici qüvvəsi kimi çıxış edir. Bununla belə, təhsil sferasının 2014-cü il üçün maliyyələşmə səviyyəsi onun mühüm alt sistemi olan ali təhsillə bağlı arzu olunan həcmdə müəyyən edilməmişdir. Görünən odur ki, göstərilən məsələnin qaynaqlandığı əsas mənbə kimi, ali təhsil sferasının maliyyələşmə mexanizminin yeni modelə keçidi çıxış edir. Araşdırmalar göstərir ki, buraya ilk növbədə ali məktəblərə dövlət sifarişi üzrə tələbə qəbulu planının azaldılması (30%-ə qədər), dövlət sifarişi üzrə qəbulla bağlı hər bir tələbə üçün ayrılan vəsaitin yetərli olmaması və elmi-pedaqoji kadr hazırlığı (magistratura, doktorantura) və elmi fəaliyyətlə bağlı olan məsələlərin maliyyələşmə cəhətdən nəzər-diqqətdən müəyyən qədər kənarda qalmasını aid etmək olar.

Maraqlı məqam ondan ibarətdir ki, Baloniya sisteminə keçidlə əlaqədar tədris sferasında kardinal yeniləşmələrin həyata keçirilməsinə baxmayaraq, universitet elminin inkişafında önəmli rol oynayan maliyyələşdirmə mexanizmində heç bir dəyişiklik olmamışdır. Eyni zamanda, adambaşına maliyyələşdirməyə keçiddə də bu aspekt, ümumiyyətlə, nəzərə alınmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq növbəti büdcə ilində bu məsələlərin araşdırılmasını və nəzərə alınmasını tövsiyyə edirik. Bunlarla yanaşı yataqxanalarla bağlı movcud problemlərin də həllinə cidd ehtiyac vardır.

Dövlət büdcəsindən elmin maliyyələşməsinə ayrılan vəsaitlərin həcmi davamlı şəkildə artmışdır. 2003-2013-ci illər ərzində bu vəsaitlərin həcmi təxminən 7,7 dəfə artaraq, 127,6 mln.manata çatmışdır. «Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı»na uyğun olaraq, elm müəssisələrinin maddi-texniki bazasının müasirləşdirilməsi, yeni cihaz və avadanlıqlarla təchiz edilməsi, ölkəmizin elmi potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən işlər, eləcə də, elm müəssisələrində aparılan müxtəlif elmi problemlər üzrə aparılan elmi-tədqiqat işləri, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin inkişafı və s məsələlərə diqqət yetirilmişdir.

2014-cü ilin dövlət büdcəsindən elmin maliyyələşməsi məqsədilə 146,8 mln.manat məbləğində vəsaitin ayrılması nəzərdə tutlmuşdur. Həmin vəsaitlər fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi-tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyəlşməsinə yönəldiləcəkdir. Bununla yanaşı, 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu vasitəsilə elmi tədqiqat layihələrinin həyata keçirilməsi üçün dövlət büdcəsindən 8 mln.manata yaxın, “Cənubi Xəzər çökəkliyinin geoloji-geofiziki modeli, karbohidrogen potensialı və geodinamikasına dair Proqramın (2007-2014-cü illər) maliyyələşdirilməsi üçün 0,4 mln.mant vəsaitin ayrılması nəzərdə tutulmuşdur.

Bütün bunlarla yanaşı, bu gün elmi ictimaiyyəti narahat edən məsələlər də az deyildir. Belə ki, elmin maliyyəşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi, elmi kadrların hazırlanması və stimullaşdırılması sahəsində effektivliyin artırılması, elmi tədqiqatların səmərəliliyinin və nəticəliliyin yüksəldilməsi, dünya elmi məkanına inteqrasiyasının genişləndirilməsi, elmi işçilərin əmək haqlarının artırılması və s. öz həllini gözləyən məsələlər kimi qeyd edilməlidir. Təbii ki, uzun illərdən bəri yığılıb qalan bu məsələlərin bir büdcə ilində həll ediləcəyini gözləmək sadəlövlük olardı. Bununla belə, hesab edirik ki, bu məsələlərin həll edilməsi ilk növbədə elm sahəsində, xüsusilə son vaxtlar AMEA-da həyata keçirilən əsaslı struktur islahatlarının və innovativ dəyişikliklərin başa çatdırılmasını və elmi fəaliyyət sahəsinin qanunvericilik bazasının yaradılmasını tələb edir.

- Şübhəsizdir ki, müasir qloballaşma şəraitində dayanıqlı iqtisadi inkişafın mühüm amillərindən biri ölkənin uğurlu xarici iqtisadi siyasətidir. Bu kontekstdə qarşıdan gələn büdcə ilində ölkə iqtisadiyyatının xarici sektorunun inkişafını necə qiymətləndirirsiniz?

- Azərbaycanın müasir iqtisadi siyasətinin uğurlarını xarakterizə edən ən mühüm amillərindən biri onun çoxvektorlu, fəal və səmərəli xarici siyasətidir. 2014-cü ilin dövlət büdcəsinin iqtisadiyyatımızın xarici sektoru ilə bağlı proqnozlaşdırılmış göstəriciləri sübut edir ki, qarşıdakı büdcə ilində və sonrakı illərdə yaranmış pozitiv meyllər daha da möhkəmlənəcəkdir. Milli maraqların prioritetliyinə əsaslanan bu siyasət iqtisadi inkişafımızin dayanıqlığının təmin edilməsində çox mühüm rola malikdir.

Məlum olduğu kimi, yüksək açıqlıq səviyyəsinə malik olan ölkəmizdə ixracın həcmi son illərdə ÜDM-in 50-60% təşkil edir. Son on ildə əmtəə ixracı 12,5 dəfə, xidmətlərin ixracı isə10 dəfə artmışdır. Məlumdur ki, neft və neft məhsullarının ixracda yüksək paya malik olması bizim iqtisadiyyatın formalaşmış ənənəvi strukturu ilə bağlı məsələdir. Lakin qeyd olunmalıdır ki, son illərdə ixracımızda neft sektorunun payı azalmağa başlamışdır. Məsələn , 2011-ci ldə neft sektorunun payı ixracda 95.3%, 2012-ci ilə 94.1% olmuşdursa, 2013-cü ildə 92.4% olacağı gözlənilir, 2014-cü ildə isə bu 90.1 %, 2017-ci ildə isə 81% həcmində proqnozlaşdırılır. Fikrimizcə qeyri-neft sektorunun sürətli inkişafı bu istiqamətdə yaxın gələcəkdə əsaslı dəyişikləri təmin edəcəkdir. Eyni zamanda, uğurlu neft strategiyasının bilavasitə nəticəsi hesab ediləcək mühüm parametr kimi qeyd olunmalıdır ki, 2008-ci ildən başlayaraq xarici ticarətimizin müsbət saldosu dövlət büdcəsinin sürətlə artan xərclərinin həcmini üstələyir. Nəzərə almaq vacibdir ki, son illərdə Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların böyük həcminə rəğmən, bizim idxalımız yetərincə böyükdür. Lakin idxalımızın əsas hissəsini, 80-85 %-ni investisya malları təçkil edir. Hesablamalar göstərir ki, əhalinin zəruri gündəlik təlabat malları, o cümlədən ərzaq malları idxalı ümumi idxalın təxminən 10-15 % təşkil edir,onda söyləmək olar ki, yalnız, xarici ticarətimizin illik müsbət saldosu ölkənin zəruri idxalının 15-16 illik xərclərini ödəmək iqtidarındadır.

Tədiyyə balansının aktiv saldosu neçə illərdir davam edir. Azərbaycanın etibarlı tərəfdaş ölkəyə çevirilməsinin mühüm göstəriciləri kimi son illərdəki kapital hərəkətinin bəzi məlumatları qeyd etmək fikrimizcə yetərlidir. Tədiyyə balansının məlumatlarına görə, ölkəmiz indiyədək xarici səhmdarlara, cəlb olunmuş birbaşa investisiya öhdəlikləri üzrə 35 mlrd.dollar, onların gəlirləri üzrə isə 30 mlrd dollar ödəmişdir. Eyni zamanda cəlb edilmiş kredit borcları üzrə 15 mlrd.dollar vəsait qaytarılmışdır. Valyuta ehiyatları ilbəil artmaqdadır. Hazırda ehtiyatlarımızın həcmi 50 mlrd dolları ötmüşdür, bu ÜDM-in 90% qədərində olmaqla xarici borclarımızın həcmindən 8-9 dəfə, ümumi idxalımızın aylıq həcmindən isə 35 dəfə çoxdur. Son illərdə ölkəmiz kapital ixrac edən ölkəyə çevirilmişdir. Sonuncu 2012-ci ilin tədiyyə balansına görə bizim xaricə yönəltdiyimiz birbaşa investisiyanın həcmi 7 mlrd.dollar, verdiyimiz kreditlərin həcmi isə 4 mlrd.dollar olmuşdur.

Milli valyutanın aparıcı valyutalara nisbətən məzənnəsinin stabilliyinin təmin edilməsi vasitəsi ilə, ölkədə maliyyə stabilliyinin təmin edilməsi və dünya bazarındakı çaxnaşmaların yaratdığı idxal inflyasiyasının milli bazara daxil olmasının qarşısının alınması mükün olmuşdur. Nəzərə almaq vacibdir ki, xarici ölkələrlə aparılan valyuta əməliyyatlarını həcmi dinamik olaraq artmaqdadır. Məsələn, son ilin məlumatlarına görə belə əməliyyatların həcmi tədiyyə balansı əməliyyatların təxminən 50% qədərindədir. Hazırda ölkəmizdə xarici kapitallı bankların sayı 22-yə çatmaqla,ümumi bank aktivlərinin 60% əhatə etmişdir. Bu cəhət Azərbaycan iqtisadiyyatının aşıqlığının mühüm təzahürü və bank sektorumuzun dunya maliyyə bazarına inteqrasiyasının ifadəsi kimi olduqca vacibdir.

Nəzərə almaq vacibdir ki, aparılan uğurlu məzənnə siyasəti bir tərəfdən ölkədə makroiqtisadi stabilliyin mühüm determinantıdır, digər tərəfdən isə bu onun törəməsidir. Ölkədə valyuta məzənnəsi siyasəti ilə makroiqtisadi sabitlik arasında struktur bağlılıq funksional məzmun daşıyan konkret model formasında qərarlaşmışdır.

Valyuta ehtiyatlarının idarə olunmasında mütərəqqi metodlar geniş tətbiq edilməkdədir. Ehtiyatların diversifikasiyasının təmin edilməsi onun valyuta strukturunun genişləndirilməsi ilə yanaşı yerləşdirilmə üsulları ilə də təmin edilir. Məsələn, son illərdə valyuta ehtiyatlarının strukturunda monetar qızıl və dünyanın aparıcı şəhərlərində daşınmaz əmlak kimi bizim üçün ənənəvi olmayan elementlər yaranmışdır.

Azərbaycan eyni zamanda dünyada çox az sayda olan donor ölkələr sırasına daxil olmuşdur. Dövlət Neft Fondu vəsaitlərinin bir qismi beynəlxalq təşkilatların kredit resursları kimi istifadə olunur. Son 10 ildə Azərbaycan xaricdən kapital cəlb edən və digər ölkələr qarşısında borclu kimi çıxış edən ölkədən xaricə kapital ixrac edən dövlətə çevrilmişdir və onun xarici aktivlərinin həcmi artıq 65 mlrd. ABŞ dolları qədərində qiymətləndirilir. Ona görə də, hesab edirik ki, artıq dövlət büdcəsində Azərbaycandan xaricə yönəldilmiş investisiyalar üzrə cari vəziyyət və perspektiv gözləntilərlə bağlı prioritet istiqamətlərin də əks etdirilməsi məqsədəuyğundur.

Beləliklə, dünyada gedən müasir qloballaşma prosesi şəraitində ölkənin davamlı inkişafının və milli iqtisadi təhlükəsizliyin təmin edilməsində, xarici iqtisadi siyasətin rolu əhəmiyyətli dərəcədə artmışdır və bu siyasət, ölkənin sosial-iqtisadi inkişafının təmin olunmasında əsas vasitələrdən birinə çevrilmişdir. Fikrimizcə, bu amil, müasir Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının geoiqtisadi inkişaf hədəflərinə istiqamətləndirilməsinin dərinləşdirilməsini şərtləndirir.

 

Səs.- 2013.- 30 dekabr.- S.8-9-10.