Azərbaycan gəncliyi Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyir

 

Müsahibimiz Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucovdur

 

- Seymur müəllim, Azərbaycanda hər il 2 fevral tarixi Gənclər Günü kimi qeyd olunur. Ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyəti haqqında fikirlərinizi bilmək maraqlı olardı...

- 2 fevral tarixi Azərbaycan gənclərinin bayramıdır və bu gün tariximizdə önəmli yer tutur. Gəncliyimiz bu günü böyük fərəh və məmnuniyyət hissi ilə hər il yüksək səviyyədə qeyd edir. Bilirsiniz ki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən bu tarixin Azərbaycanda gənclər günü kimi qeyd edilməsi haqqında qərar verilib. Bu, Ulu öndərimizin Azərbaycan gəncliyinə verdiyi qiymətin göstəricisidir. Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərə daim xüsusi diqqət və qayğı ilə yanaşıb. Məhz Onun təşəbbüsləri və qəbul etdiyi qərarlar əsasında cəmiyyətimizdə gənc nəslin inkişafı üçün əməli addımlar atılıb, gənclərin yüksək təhsil alması, dövlət idarəçiliyində təmsilçiliyi, bütövlükdə cəmiyyətdə layiqli yer tutması üçün lazımi tədbirlər həyata keçirilib.

Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan gəncliyinin inkişafı, dünyaya inteqrasiyası üçün yaddaqalan addımlar atan Ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə qayıdışından sonra gənclərə münasibətdə daha böyük diqqət və qayğı göstərdi. Çünki ölkənin ağır sınaqlardan keçdiyi həmin dövrdə müstəqil dövlətin gələcəyi məhz gənclərin maddi, mənəvi, psixoloji, intellektual baxımdan hansı təməllər üzərində formalaşacağından asılı idi. Təsadüfi deyil ki, hələ 1993-cü ildə Ali Sovetin sədri olarkən Ulu öndər sovetlər dönəmində xarici ölkələrə, o cümlədən, sovet respublikalarına oxumağa göndərilən gənclərlə, bir sıra gənclər təşkilatlarının rəhbərləri ilə görüş keçirdi, ölkəmizin keçdiyi yolları bir daha göz önünə gətirdi, xatırlatdı, gənclər siyasətinin formalaşması ilə bağlı fikirlərini bildirdi.

1994-cü ildə Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılması isə gənclərimizin dövlət quruculuğu prosesindəki iştirakına əsaslı təkan vermiş oldu. Ulu öndər Heydər Əliyevin gənclərə qayğısı geniş və əhatəli idi. Bu, həm gənclərin təhsil almasında, həm onların qarşılaşdıqları problemlərin aradan qaldırılması istiqamətində görülən işlərdə, həm də gənclərin dövlət orqanlarına işə qəbulunda özünü göstərirdi. Nəticədə isə gənclər dövlətin diqqətini hiss etməklə yanaşı, öz üzərlərindəki məsuliyyəti dərk etməyə, dövlət quruculuğu prosesində daha yaxından iştirak etməyə başladılar.

Qeyd olunmalıdır ki, müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ulu öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumu xüsusi rol oynadı. 1996-cı il fevralın 2-də keçirilən forum Ümummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi oldu. Ulu öndərin həmin forumdakı çıxışı gənclərimiz üçün bir çağırış rolunu oynadı: “Gənclər özlərini Azərbaycanın gələcəyi naminə layiqincə hazırlamalıdırlar. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir. Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən ibarət olmalıdır”. Təsadüfi deyil ki, 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə 2 fevral Azərbaycan tarixinə Gənclər Günü kimi düşdü. Bütün Azərbaycan gəncliyi bu bayramı hər il yüksək səviyyədə qeyd edir.

- Bəs bu istiqamətdə Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi Azərbaycan gəncliyi üçün hansı imkanlar açır? Gənclər yaradılmış imkanlardan səmərəli şəkildə istifadə edə bilirmi?

- Biz çox sevinirik ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mən deyərdim ki, cənab Prezident tərəfindən həyata keçirilən gənclər siyasəti yeni mərhələsini yaşayır. Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Dövlətimizin siyasətində gənclər məsələləri mühüm yer tutur. Yəni Azərbaycanın maliyyə-iqtisadi imkanları artdıqca, bütün sahələrin inkişafına kapital qoyulur və bu, çox müsbət nəticələr verir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və gəncliyin inkişafı, yüksək intellektli, vətənpərvər gəncliyin yetişməsi üçün çox əhəmiyyətli layihələr həyata keçirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Cənab Prezident tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir.

- Yeri gəlmişkən, Azərbaycan gəncliyinin inkişafı ilə əlaqədar bir sıra dövlət proqramları həyata keçirilir. Sizcə, dövlət siyasətinin həyata keçirilməsində bu proqramların əhəmiyyəti nədən ibarətdir?

- Ümumiyyətlə, hər bir sahənin inkişafı üçün dövlət proqramları qəbul olunaraq icra edilir. Proqramlar əsasında inkişaf müsbət nəticələr verir. Bu mənada gənclərin inkişafına yönəlmiş proqramları da əhəmiyyətli hesab edirəm.

Bilirsiniz ki, 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramı təsdiq olundu. Xatırladım ki, buna qədər də əvvəlki illəri əhatə edən anoloji proqramlar qəbul olunmuşdu. Amma əhatəliliyi baxımdan, hazırki sənəd daha geniş və məzmunludur. Eyni zamanda, ölkədə gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradıldı. Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.

Bununla da, Azərbaycanda dövlət gənclər siyasətinin yeni mərhələsi başlanıb ki, bu da dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına şərait yaradıb. Gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə qəbul olunan «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramı gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edir. Dövlət Proqramının həyata keçirilməsi zərurəti ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalmasından irəli gəlir. Əslində, qəbul olunan proqram dövlət-vətəndaş münasibətlərinin formalaşdırılmasını istiqamətində yeni bir mərhələ sayılmalıdır. Eyni zamanda, Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil almalarını nəzərdə tutan proqram da insan kapitalının daha da güclənməsinə yönəlmiş mühüm bir addımdır. Ümumiyyətlə, bu sahədə digər proqramlar da icra olunur ki, onlar bütövlükdə Azərbaycan gəncliyinin hərtərəfli inkişafına böyük töhfələr verir.

- Seymur müəllim, Azərbaycan gəncliyinin böyük bir hissəsi Yeni Azərbaycan Partiyasının sıralarında birləşib. Gənclərin öz siyasi talelərini bu partiya bağlamalarını, onların bu istək və arzularını şərtləndirən amillər hansılardır?

- Azərbaycan gənclərinin fəallığı ictimai-siyasi proseslərdə də özünü göstərməkdədir. Bu baxımdan, vacib məsələyə toxundunuz. Bu gün gənclərimiz bütün məsələlərlə bağlı dövlətçiliyimizi müdafiə edir, özünün siyasi mövqeyini ortaya qoyur. Eyni zamanda, gənclər dövlət başçısının həyata keçirdiyi siyasətə öz dəstəyini Yeni Azərbaycan Partiyasına üzv olmaqla nümayiş etdirirlər. Təsadüfi deyil ki, 600 min nəfər üzvü olan partiyamızın 40 faizini gənclər təşkil edir. YAP sıralarına yeni qoşulanların sırasında gənclərimiz böyük üstünlük təşkil edir. Əlbəttə ki, gənclərin bu partiyanın sıralarına qoşulmasının ciddi əsasları var. Birincisi, YAP-ın qurucusu Ümummilli liderimiz Heydər Əliyevdir və partiyamız fəaliyyətində məhz Ulu öndərimizin ideyalarına əsaslanır. İkincisi, partiyamızın Sədri cənab İlham Əliyev Azərbaycan Prezidenti kimi ölkəmizin inkişafı üçün uğurlu siyasət həyata keçirir. Üçüncüsü, YAP-ın fəaliyyətində başlıca olaraq xalqa xidmət amili dayanır. Sadaladığım bu amillər ölkə gənclərinin partiyamıza qoşulmasının, öz siyasi talelərini YAP-a bağlamasının əsasını təşkil edir. Gənclər görür ki, YAP gəncliyin inkişafı üçün geniş imkanlar yaradıb. Ona görə də, onlar öz bilik və bacarıqlarını ifadə etmək üçün də partiyamıza güvənir və arxalanırlar.

Ümumiyyətlə, ölkəmizin alternativsiz siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyəti ilə ictimaiyyətin güclü dəstəyini qazanıb. Partiyanın həyata keçirdiyi bir sıra layihələr isə bu dəstəyi daha da gücləndirir. YAP-ın müxtəlif sahələri özündə ehtiva edən edən müxtəlif səpkili layihələrində cəmiyyətin bütün təbəqələri əhatə olunub. Təbii ki, gənclərlə bağlı layihələr də böyük əhəmiyyət kəsb edir.

- Rəhbərlik etdiyiniz YAP Gənclər Birliyi maraqlı layihələrlə çıxış edir. Bu sahədə daha hansı yeniliklər gözlənilir?

- Biz partiya rəhbərliyinin dəstəyi ilə ardıcıl olaraq layihələr həyata keçiririk. Layihələr müxtəlif istiqamətləri əhatə edir. Elə layihələrimiz var ki, ənənəvidir və hər il reallaşdırılır. Bu baxımdan, mən «Yay məktəbi» və «Qış məktəbi» layihələrini qeyd etmək istəyirəm. Bu layihələr gənclərimiz tərəfindən böyük rəğbətlə qarşılanır. Həmin layihələr çərçivəsində gənclərin asudə vaxtları, istirahətləri yaxşı təmin edilir, eyni zamanda onların ölkəmizin ictimai-siyasi xadimləri, millət vəkilləri, hökumət nümayəndələri ilə də görüşləri təşkil olunur. Bu görüşlərdə gənclər müxtəlif mövzular ətrafında diskussiyalarda da iştirak edirlər. Bundan əlavə, gənclərin elmi-praktiki mövzularla bağlı fikir mübadilələrinin təşkili, idman və digər maraqlı yarışların keçirilməsi də təşkil olunur. Təbii ki, bütün bunlar gənclərdə böyük marağa və yaddaqalan xatirələrə çevrilib. Eyni zamanda, gənclərlə iş baxımından da, bu layihənin əhəmiyyəti böyükdür. Məlumat üçün bildirim ki, yaxın günlərdə «Qış məktəbi» təşkil olunacaq. Burada yuxarıda qeyd etdiyim istiqamətlər üzrə tədbirlər təşkil ediləcək.

Bilirsiniz ki, YAP Gənclər Birliyi hər il əlamədar hadisələrlə bağlı tədbirlər keçirir. Həm milli və dövlət bayramları, həm də tariximizdə baş vermiş faciələrlə əlaqədar mütəmadi olaraq layihələr reallaşdırırıq. Eyni zamanda, humanitar, xeyriyyə xarakterli layihələrimiz də olur. Bütövlükdə, təşkilatımız Azərbaycanda ən böyük gənclər təşkilatı olaraq ölkə gəncliyinin nümayəndələri ilə sıx təmasdadır və biz yüksək bilik və bacarıqlı gəncləri üzə çıxarırıq, həm onları cəmiyyətə təqdim edirik, həm də potensiallarından istifadə edirik. Bütün bunlarla yanaşı, beynəlxalq əlaqələrimizin genişləndirilməsinə də böyük əhəmiyyət veririk. Biz bundan sonra da həyata keçirəcəyimiz layihələrlə bağlı ictimaiyyətə məlumat verəcəyik.

Ümumiyyətlə, 2013-cü il bizim üçün çox məsuliyyətli ildir. Bu il prezident seçkiləri keçiriləcəyini nəzərə alsaq, YAP Gənclər Birliyinin üzərinə böyük vəzifələr düşür. Təbii ki, seçki kampaniyası zamanı təşkilatımız partiyanın namizədinin təbliğat-təşviqat prosesində fəal iştirak edəcək və bu yöndə gənclərin potensialından istifadə olunacaq. Seçki kampaniyası zamanı YAP Gənclər Birliyi olaraq bir sıra layihələrə həyata keçirməyi nəzərdə tuturuq.

- Sosial şəbəkələr həyatımızın bir hissəsinə çevrilib. Artıq siyasi mübarizədə də sosial şəbəkələrin imkanlarından geniş istifadə edilir. Bəzi müxalifət partiyaları virtual məkanda ölkəmiz haqqında qeyri-obyektiv təbliğat aparır. YAP-ın gənc üzvləri onlara qarşı necə mübarizə aparır?

- Əlbəttə ki, müasir dünyanı İKT-siz təsəvvür etmək mümkün deyil. Məhz İKT-nin imkanlarından istifadə etməklə bu gün sosial şəbəkələr yaranıb və onun vasitəsilə insanlar bir-birilər ilə təmas qururlar. YAP Gəncləri Birliyinin üzvləri də daim sosial şəbəkələrdə fəal olmağa çalışır. Bilirsiniz ki, radikal müxalifət partiyaları, ölkəmizin inkişafını istəməyən qüvvələr sosial şəbəkələr vasitəsilə Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Təbii ki, biz onların qarşısında susmuruq və tutarlı arqumentlərimizi ortaya qoyuruq.

YAP-da yüksək intellektli gənclər birləşib və müqayisə etsək, müxalifət düşərgəsində toplaşan azsaylı gənclər bizim gənclərdən intellekt cəhətdən çox-çox aşağıdır. Çox təəssüf edirəm ki, ölkəmizdə az da olsa, müasir dövrlə ayaqlaşa bilməyən, hadisələrə baxışı aşağı səviyyədə olan, reallıqları görməyən, hadisələrə obyektiv baxa bilməyən gənclər var. Bu gənclər müxalifət düşərgəsində radikal, hakimiyyətə gəlmək naminə Azərbaycanın düşmənlərilə əməkdaşlıq etməkdən çəkinməyən müxalifət partiyalarının rəhbərlərinin əlində alətə çevriliblər. Müxalifət partiyaları hansı alternativ proqram ortaya qoya bilirlər? Təbii ki, belə proqramları yoxdur. Onlar sözçülükdən başqa irəliyə getmək iqtidarında deyillər, Azərbaycan cəmiyyəti ənənəvi müxalifətin eyni fikir, eyni təfəkkür sahibi olduğunu, məsələlərə bəsit düşüncə tərzi ilə yanaşmasını bilir və bütün bunlar müasir dövrün tələbləri ilə səsləşmir. Ona görə də, müxalifət düşərgəsi öz ətrafına çox cüzi sayda gənclər toplaya bilib. Hesab edirəm ki, onlar da səhv yolda olduqlarını dərk edib, nə vaxtsa düzgün yola qayıdacaqlar.

Qeyd etdiyim kimi bütün hallarda YAP-ın üzvü olan gənclər sosial şəbəkələrdə qarşı tərəfin iddalarına tutarlı şəkildə cavab verir. Gənclərimiz sosial şəbəkələrdə qruplar yaradıblar ki, bu qruplar gənclər arasında xeyli populyardır. Mən xüsusilə «Azərbaycan 2013:Qələbə!» qrupunu qeyd etmək istəyirəm. Bu qrup bizim gənclərimiz tərəfindən yaradılıb və qısa müddətdə xeyli populyarlaşıb. Hazırda qrupun 375 min nəfərdən artıq üzvü var. Eləcə də, gənclərimiz digər qruplarda da fəallıq göstərirlər. Qruplarda Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət təbliğ olunur. Eyni zamanda, ölkəmizin inkişafını əks etdirən bütün məsələlər haqda münasibət açıqlanır. Bir sözlə, bu qrupda birləşən on minlərlə insan çox fəallıq göstərir ki, bu da qarşı tərəfin əsassız iddialarına tutarlı cavab verilməsində vacib rol oynayır. Ümumiyyətlə, görülən işlər nəticəsində Azərbaycan gəncliyinin mütləq əksəriyyətinin mövqeyinin nədən ibarət olduğunu bilirik. Bu mövqe ondan ibarətdir ki, gəncliyimiz Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyir. YAP Gənclər Birliyi öz fəaliyyətində Prezident İlham Əliyevin siyasətinin uğurlarını təbliğ etməyi özünün başlıca vəzifəsi hesab edir və bu işin öhdəsindən layiqincə gəlməyə çalışır.

 

 

Səs.- 2013.- 2 fevral.- S.5-6.