Azərbaycan-Böyük Britaniya münasibətlərinin müasir tarixi: ilkin mərhələ (1991-1993-cü illər)

 

Azərbaycan-Böyük Britaniya münasibətlərinin müasir tarixi öz başlanğıcını 90-cı illərin əvvəllərindən götürsə də, qısa dövr ərzində iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi baxımından yüksək tarixi nailiyyətlər əldə edilmişdir. Bu uğurların qazanılmasında 1993-cü ilin iyunundan Azərbaycana rəhbərlik edən Prezident Heydər Əliyevin zəngin siyasi təcrübəsinin, regionda cərəyan edən prosesləri dəqiq qiymətləndirmək bacarığının tarixi rolu vardır.

"Azərbaycan-Böyük Britaniya: əməkdaşlıq və tərəfdaşlıq (1991-2001) kitabında yazıldığı kimi, Sovetlət İttifaqı dağıldıqdan sonra Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini yenidən bərpa etdi. Azərbaycan xalqının öz müstəqillik arzusunu - 1991-ci il dekabrın 29-da referendum yolu ilə təsdiq etməsindən iki gün sonra Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığı rəsmi olaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıdığını və onunla hərtərəfli əlaqələri inkişaf etdirməyə hazır olduğunu bəyan etdi.

Az sonra - 1992-ci il mart ayının 11-də Böyük Britaniyanın xarici işlər və birlik işləri üzrə naziri Duqlas Hoqqbu ölkənin Moskvadakı səfiri Rodrik Breytveyt Bakıya səfərə gəldi. Səfərdə əsas məqsəd Qarabağ münaqişəsinin dinc yolla aradan qaldırılması üçün vasitəçilik məramı və Azərbaycan ilə Böyük Britaniya arasında diplomatik münasibətlər yaradılması olmuşdur. Britaniya nümayəndə heyəti Azərbaycan Respublikası Ali Sovetinin sədri Yaqub Məmmədovla görüşmüşdür. Görüşdə Duqlas Hoqq demişdir: "Biz Azərbaycanın beynəlxalq birliyin subyektinə çevrilməsini böyük razılıq hissi ilə müşahidə edirik. ATƏM-in işinə respublikanızın fəal qoşulmasına şadıq". O, xatırlatmışdır ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Məsələlərinə dair Müşavirənin son iclaslarının birində təsdiq edilmişdır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və respublikanın yurisdiksiyasından çıxa bilməz. Sonra Azərbaycanla Böyük Britaniya arasında diplomatik münasibətlər yaradılması haqqında protokol imzalanmışdır.

Rəsmi mərasimdən sonra hər iki dövlət nümayəndələri jurnalistlər üçün mətbuat konfransı keçirmişdir. Mətbuat konfransında Duqlas Hoqq səfərin yekunları barədə qısa məlumat verərək demişdir: "Mən Böyük Britaniyanın Bakıya gəlmiş ilk naziriyəm. Azərbaycanlılar keçmiş baş nazir Marqaret Tetçeribaronessa Koksu daha yaxşı tanıyırlar... Danışıqlarda Azərbaycanın Dağlıq Qarabağ problemi barədə mövqeyini öyrənə bildim. Onu da deyim ki, bəzi məqamlarda fikirlərimiz uyğun gəlir. Biz Avropada Təhlükəsizlik və Əməkdaşlıq Məsələlərinə dair Müşavirənin 28 fevral Bəyannaməsini tam müdafiə edirik. Sərhədlərin toxunulmazlığı və insan hüquqlarının müdafiəsi prinsiplərinə tərəfdarıq. Regionda müharibənin uzanması bizi çox narahat edir".

Daha sonra Duqlas Hoqq Britaniya parlamentinin üzvü baronessa Koksun ermənipərəst mövqeyinə münasibət bildirmişdir: "Baronessa Koks çox cəsarətli xanımdır. Amma o dövlətin siyasətinə cavabdeh deyil. Bu dövlətin öz işidirBöyük Britaniya münaqişədə qərəzsiz mövqe tutur".

1992-ci il iyulun 15-də Böyük Britaniyanın Rusiya Federasiyasındakı səfiri, ser Brayn Foll, eyni zamanda, Azərbaycana səfir təyin edilməsi haqqında öz etimadnaməsini Azərbaycan Prezidenti Əbülfəz Elçibəyə təqdim etmişdir.

1992-ci il sentyabrın 7-8-də Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer Bakıda qeyri-rəsmi səfərdə olmuşdur. Marqaret Tetçer sentyabrın 7-də Prezident Əbülfəz Elçibəylə görüşmüş, sonra "Çıraq" yatağında və perspektivli "Şahdəniz" sahəsində ehtiyatların dəqiqləşdirilməsi və hazırlıq işlərinin aparılması haqqında Azərbaycan Respublikasının hökuməti ilə İngiltərənin "Britiş Petroleum" və Norveçin "Statoyl" şirkətləri arasında sazişin imzalanması mərasimində iştirak etmişdir. Sentyabrın 8-də Marqaret Tetçer Britaniyanın "Britiş Petroleum" və Norveçin "Statoyl" şirkətlərinin təşkil etdikləri sərginin açılışında olmuş, burada keçirilən seminarda çıxış edərkən Azərbaycan ilə Böyük Britaniya arasında çoxcəhətli əməkdaşlığın inkişafına ümid bəslədiyini bildirmişdir.

Xanım Marqaret Tetçerin səfərindən az sonra, sentyabrın 28-də Böyük Britaniyanın sənaye və ticarət üzrə dövlət katibi, ticarət naziri Maykl Hezeltayn başda olmaqla Birləşmiş Krallığın işgüzar dairələrinin nümayəndələri respublikamıza səfərə gəlmişlər. Maykl Hezeltayn Azərbaycan Prezidenti Əbülfəz Elçibəylə görüşmüş, Britaniyanın baş naziri Con Meycorun məktubunu ona təqdim etmişdir. Səfər zamanı iki ölkənin ticarət-iqtisadi əməkdaşlığı haqqında bəyannamə imzalanmışdır.

1993-cü il fevralın 18-də kütləvi informasiya vasitələri Britaniya hökumətinin keçmiş sovet respublikalarından Azərbaycanda və Özbəkistanda, habelə, Slovakiyada səfirliklərinin açılması haqqında Böyük Britaniyanın xarici işlər və birlik işləri üzrə nazir müavini Duqlas Hördün bəyanatını yaymışdır. Bəyanatda deyilir ki, Britaniyanın bu ölkələrdəki diplomatik nümayəndəliklərinin fəaliyyəti onlarda demokratiyanın inkişafına, bazar iqtisadiyyatına keçməsinə təkan verəcək, habelə, sabiq SSRİ və Şərqi Avropa dövlətləri ilə işgüzar əlaqələri genişləndirməyə çalışan Britaniya firmalarına kömək edəcəkdir.

Həmin günlərdə Moskvada səfərdə olan Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyev Böyük Britaniyanın Rusiya Federasiyasındakı, eyni zamanda, Azərbaycan Respublikasında səfiri Brayn Folla görüşmüş, Naxçıvanın daxilixarici vəziyyəti haqqında səfirə məlumat verərək, Britaniya hökumətinin Naxçıvana yardımçı olmasını muxtar respublikaya maliyyə-iqtisadi yardımın göstərilməsini xahiş etmişdir.

1993-cü il fevralın 20-də Brayn Foll Azərbaycan Prezidenti Əbülfəz Elçibəy tərəfindən qəbul edilmişdir. Səfir bir neçə gün əvvəl yayılmış Britaniya xarici işlər nazirinin bəyanatını şərh edərək bildirmişdir ki, bu qərara əsasən, Azərbaycan Respublikasında Böyük Britaniyanın daimi diplomatik nümayəndəliyi fəaliyyətə başlayacaqdır. Qeyd etmək lazımdır ki, o dövrdə, Böyük Britaniyanın keçmiş sovet respublikalarından yalnız Rusiyada, Ukraynada səfirlikləri fəaliyyət göstərir, Belarusda isə yenicə açılması gözlənilirdi.

1993-cü il mayın 30-da Harold Ellistonun, Edvard Qarniyerin, Yan Dunqan SmitinCon Reydin daxil olduqları Böyük Britaniya parlamentinin nümayəndə heyəti respublikamıza səfərə gəlmişdir. Bu nümayəndələr Britaniya parlamentindən ölkəmizə gələn ilk heyət olmuşdur. Millət vəkilləri Azərbaycan Prezidenti Əbülfəz Elçibəy tərəfindən qəbul edilmişdir. Görüşdə nümayəndə heyətinin rəhbəri Harold Elliston səfərin məqsədi haqqında demişdir ki, onlar səfər zamanı Ermənistan-Azərbaycan münaqişəsinə dair kifayət qədər dəlil-sübut toplamağa, dünya ictimaiyyətinə obyektiv informasiya çatdırmağa çalışacaqlar.

Azərbaycan-Böyük Britaniya əlaqələrinin daha intensiv inkişaf etdirilməsi, keyfiyyətcə yeni mərhələyə qədəm qoyması 1993-cü ilin ikinci yarısında başlanmışdır. Bu dövrdə Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələr və təcrübəli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan-Britaniya əlaqələrinin yeni inkişafında mühüm rol oynamışdır.

1993-cü il iyunun 22-də Azərbaycan vətəndaş müharibəsinin astanasında durduğu, müstəqil dövlətçiliyimizə real təhlükənin olduğu vaxtda Böyuk Britaniyanın Rusiya və Azərbaycandakı səfiri Brayn Foll Azərbaycan Respublikası Ali Sovetinin Sədri Heydər Əliyevlə görüşmüşdür. Görüşdə səfir bildirmişdir ki, Böyük Britaniya müstəqil Azərbaycan dövləti ilə öz münasibətlərinin hərtərəfli inkişafı, o cümlədən, parlamentlərarası əlaqələrin möhkəmlənməsi üçün bütün imkanlarından istifadə etməyə hazırdır. Brayn Foll qeyd etmişdir ki, respublikada yaranmış ictimai-siyasi gərginlik İngiltərədə böyük narahatlıq doğurur. Heydər Əliyev və Brayn Foll Azərbaycanın tezliklə belə ağır böhrandan çıxarılması üçün bütün vasitələrdən istifadə ediləcəyinə və iki ölkə arasında gələcəkdə hərtərəfli əlaqələr yaradılacağına tam əmin olduqlarını bildirmişlər.

1993-cü il iyulun 21-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Ali Sovetin Sədri Heydər Əliyev Böyük Britaniyanın respublikamıza yeni təyin olunmuş səfiri Tomas Yanqı və müvəqqəti işlər vəkili Harolt Formtounu qəbul etmişdir.

Görüşdə səfir Tomas Yanq bildirmişdir ki, o, sentyabr ayından etibarən Azərbaycan Respublikasında Böyük Britaniyanın fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyətə başlayacaq. İngiltərə ilə Azərbaycanın dostluq əlaqələrinin bundan sonra daha da möhkəmlənəcəyindən danışan səfir bildirmişdir ki, İngiltərə Azərbaycan Respublikası ilə yaxından dostluq etmək fikrindədir və son vaxtlar neft sahəsində yaranmış iqtisadi əməkdaşlıq bu münasibətlərin möhkəmlənməsinə təkan verəcəkdir.

Heydər Əliyev İngiltərə kimi böyük mövqeyə malik dövlətin bu günə kimi respublikamızda səfirlik açmaqda gecikdiyini söyləmiş və Azərbaycan Respublikası ilə İngiltərə arasında hərtərəfli inkişafın bundan sonra da möhkəmlənəcəyinə ümid etdiyini bildirmişdir. Heydər Əliyev Qarabağ probleminə toxunaraq səfirin nəzərinə çatdırmışdır ki, bu günlərdə Romada Qarabağ problemi ilə bağlı sülhməramlı danışıqlar aparıldığı bir vaxtda Ermənistanın hərbi birləşmələri dünən səhər tezdən Ağdam şəhəri üzərinə yenidən geniş hücum əməliyyatlarına başlayıblar: "... İndi Ağdam şəhərinin ətrafında qanlı döyüşlər gedir. Orada insanlar qırılır, evlər dağıdılır. Ona görə də, sizə, İngiltərənin səlahiyyətli səfiri kimi, bunları bəyan edirəm".

Səfir Tomas Yanq İngiltərə hökuməti adından Azərbaycan Respublikasının sərhədlərinin toxunulmazlığını bildirmiş. Minsk konfransının üzvü olmadıqlarına baxmayaraq, başlanan sülh prosesinin uğur qazanması üçün İngiltərə hökumətinin bütün imkanlarından, o cümlədən, BMT Təhlükəsizlik Şurasının sədri kimiöz səlahiyyətlərindən lazımi səviyyədə istifadə edəcəyini də bildirmişdir. Bu görüşdən bir neçə gün sonra, iyulun 27-də Britaniya hökuməti erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Ağdam şəhərinin işğalı ilə əlaqədar olaraq ermənilərin təcavüzkarlığını pisləyən bəyanatla çıxış etmişdir. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Ali Sovetin Sədri Heydər Əliyevin Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığı davam etdirməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciəti iyulun 28-də TŞ-nın iclasında müzakirə olunmuş və müraciətə əsasən, 853 saylı növbəti qətnamə qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, bu dövrdə BMT Təhlükəsizlik Şurasının sədri Devid Xanney idi və qətnamənin qəbulunda Böyük Britaniyanın da təsiri olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Ali Sovetin Sədri Heydər Əliyev 1993-cü il sentyabrın 29-da Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tomas Yanqı qəbul edərkən, Britaniya səfiri öz ölkəsinin BMT TŞ-nın 853 saylı qərarının qəbul edilməsində Azərbaycanın xeyrinə fəallıq göstərməsini, qaçqınlara həmin il 1 mln. dollar yardım göstərməsini bir daha xatırlatmışdır.

Azərbaycan rəhbəri Britaniyanın Azərbaycanda səfirlik yaratmasını və cənab Yanqın təyin olunmasını sağlam siyasət və sağlam münasibətin təzahürü kimi qiymətləndirərək, Britaniyanın Azərbaycan üçün elədiyi bütün bu yaxşılıqların unudulmadığını söyləmiş və təşəkkür etmişdir.

1993-cü il oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev respublikamıza səfərə gəlmiş Böyük Britaniya xarici işlər naziri Duqlas Hoqqu qəbul etmişdir. Görüşdə Prezident Heydər Əliyev britaniyalı qonaqlara Azərbaycan Prezidentinin andiçmə mərasimində iştirak etdikləri üçün təşəkkürünü bildirmiş və belə bir faktı xatırlatmışdır ki, Duqlas Hoqq Onun Prezident kimi qəbul etdiyi ilk rəsmi şəxsdir. Bundan sonra Prezident Böyük Britaniyanın baş naziri Con Meycorun göndərdiyi təbrik məktubuna görə təşəkkür etmişdemişdir ki, Böyük Britaniya nazirinin gəlişinin iki ölkə arasında əlaqələrin genişlənməsində mühüm addım olacağına əmindir. Böyük Britaniyanın xarici işlər naziri Duqlas Hoqq nitqində demişdir: "Mən şadam ki, Sizin bir Prezident kimi qəbul etdiyiniz ilk qonağam. Baş nazirimizin səmimi təbriklərini bir daha sizə yetirirəm. Azərbaycanda bizim maraqlarımız çoxdur. O cümlədən, iqtisadi əlaqələrimizin genişləndirilməsində maraqlıyıq. Bu mənada, "Britiş Petroleum" şirkətinin nümayəndələrinin də bu görüşdə iştirak etməsi təsadüfi deyil. Biz regionda sülh və təhlükəsizliyin bərqərar olmasını arzulayırıq". Elə həmin gün Azərbaycan Respublikasının xarici işlər naziri Həsən Həsənov və Bakıda səfərdə olan Böyük Britaniyanın xarici işlər naziri Duqlas Hoqq kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirmişdir. Konfransda Böyük Britaniyanın dövlət naziri Duqlas Hoqq Qarabağ münaqişəsinə toxunaraq, qeyd etmişdir ki, "İngiltərə hökuməti konfliktin uzanmasından çox narahatdır. Bizbu münaqişənin tezliklə həll olunmasına kömək etmək üçün imkanlar arayırıq. Ona görə mən hələ Bakıya gəlməmişdən əvvəl Yerevanda olmuş və Ermənistanın prezidenti ilə görüşmüşəm. Mən hökumətimizin bu məsələdəki mövqeyini orada da açıqlamışam, bildirmişəm ki, biz Dağlıq Qarabağa Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi baxırıq".

1993-cü il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin, Böyük Britaniya Parlamentində iqtidarda olan Mühafizəkarlar Partiyasının Azərbaycana rəsmi səfərə gəlmiş nümayəndələri - parlament üzvləri ser Ceyms Spayser, Əndrü RabatanHarold Elleston ilə olan görüşü Azərbaycan-Britaniya əlaqələrində və hər iki ölkənin parlament münasibətlərində mühüm hadisə hesab edilir. Görüşdə Britaniya Parlamentinın üzvü ser Ceyms Spayser bildirmişdir: "...uzun müddət keçmiş SSRİ respublikaları ilə ayrılıqda əlaqələr yaratmaq mümkün olmamışdır. Lakin ingilis yaddaşı möhkəmdir. Biz Azərbaycanla olan dost münasibətlərimizi həmişə xatırlayırıq və indi də hüsn-rəğbətimiz Azərbaycan tərəfindədir". Ser Ceyms Spayser Azərbaycan Prezidentinə konkret təklifini bildirərək, Azərbaycan və Böyük Britaniya parlamentlərarası qrupun yaradılmasının zərurətindən danışmış və qeyd etmişdir ki, bu qrup Britaniya Parlamentində beynəlxalq parlamentlərarası komitənin tərkibində olmalıdır.

Azərbaycan Prezidenti bu təklifi bəyəndiyini söyləmiş və qrupun tezliklə yaradılmasını arzu etdiyini bildirmişdir. Prezident Heydər Əliyev Azərbaycan-Britaniya əlaqələrinə toxunaraq demişdir: "Biz Böyük Britaniyanı çox nüfuzludemokratik dövlət kimi tanıyırıq və qeyd etməliyəm ki, ölkənizlə fəal əlaqələr bizim xarici siyəsətimizin strateji istiqamətlərindən birini təşkil edir. Biz Britaniyanın daxili dövlət quruluşunuxarici siyasətini yüksək qiymətləndiririk. Müstəqil Azərbaycan dövləti Böyük Britaniyanı özü üçün çox mühüm partnyor hesab edir". 1993-cü il noyabrın 25-də Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tomas Yanq öz etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə təqdim etmişdir. 1993-cü ilin sonunda Böyük Britaniyanın baş  naziri Con Meycor Prezident Heydər Əliyevə məktub göndərmiş, onu 1994-cü ilin əvvəlində Böyük Britaniyaya rəsmi səfərə dəvət etmişdir. Məktubda baş nazir Meycor Azərbaycan ilə dostluq əlaqələrinin genişləndirilməsinə və iqtisadi əməkdaşlığın inkişafına Böyük Britaniyanın dərin marağını ifadə etmiş, ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə və coşğun sürətlə inkişaf etdirilməsinə tərəfdar olduğunu bildirmişdir.

Böyük Britaniyanın baş nazirinə göndərdiyi cavab məktubunda Azərbaycan Prezidenti Heydər Əliyev qeyd etmişdir ki, Böyük Britaniya kimi Azərbaycan Respublikası da ölkələrimiz arasında hərtərəfli dostluq əlaqələrinin və əməkdaşlığın inkişaf etdirilməsini istəyir.

 

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 5 fevral.- S.14.