Azərbaycan dünya idman tarixinə "qızıl hərf"lərlə düşəcək beynəlxalq tədbirlərə ev sahibliyi etməyə hazırlaşır

 

I Avropa Oyunlarının, həmçinin, şahmat üzrə 2015-ci il Dünya Kuboku yarışlarının və 2016-cı il Dünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi ölkəmizin müasir idman ölkəsi kimi nüfuzundan xəbər verir

 

Prezident İlham Əliyev: "Avropa Oyunları da yüksək səviyyədə keçiriləcək"

 

Mehriban xanım Əliyeva: "Oyunların keçiriləcəyi müddətdə, yəni 2015-ci ilin iyun-iyul aylarında Bakıya çoxsaylı qonaqlar gələcək"

Bu bir faktdır ki, ölkəmizdə idmanın inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Həmin addımların məntiqi nəticəsidir ki, bu gün Azərbaycanda müasir səviyyəli idman infrastrukturu yaradılıb. Müasir idman kompleksləri, idman arenaları istənilən yarışı yüksək səviyyədə qəbul etməyə imkan verir. Bu amil ölkəmizin beynəlxalq idman federasiyaları və təşkilatları yanındakı nüfuzuna da müsbət mənada təsir göstərib.

 

Azərbaycan müasir idman ölkəsidir

 

Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnib.  Bu uğur özünü dünya miqyaslı yarışlarda əldə edilən qələbələrdə, ölkəmizdə keçirilən nüfuzlu idman yarışlarında, Azərbaycan müasir idman infrastrukturunun yaradılmasında və idmanın ətrafında böyük gənclik ordusunun cəmləşməsində göstərir. Bu uğurun əldə edilməsinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.

Məlum olduğu kimi, bədən tərbiyəsi və idmanın sağlam nəslin formalaşdırılmasındakı əhəmiyyətini yaxşı bilən Ulu Öndər bu sahədə ciddi baza formalaşdıra bilmişdi. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev isə öz növbəsində həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi idmanın inkişaf etdirilməsi və həyat tərzinə çevrilməsi üçün genişmiqyaslı işlər həyata keçirib və bu proses hazırda uğurla davam etməkdədir. Dövlət başçısının idman sahəsində həyata keçirdiyi uğurlu siyasətin nəticəsi ilə demək olar ki, hər gün qarşılaşırıq. Yəni, dövlət idmana, idmançılara elə şərait yaradıb ki, Azərbaycan idmançıları qələbələri bir-birinin ardınca sıralayaraq ölkəmizin nüfuzunu daha da artırırlar.

Dövlət başçısı İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib. Yəni, Azərbaycan müasir idman və digər infrastruktura, dünya arenalarında böyük uğurlar qazanan idmançılara sahib dövlət kimi seçim zamanı bir addım öndə olur. Artıq ölkəmiz bir sıra beynəlxalq yarışa yüksək səviyyədə ev sahibliyi edib və bundan sonra da edəcək. Son on il ərzində Azərbaycanda 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbiri yüksək səviyyədə keçirilib. Hətta Bakıda şahmat üzrə 2015-ci il Dünya Kuboku yarışlarının və 2016-cı il Dünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi ilə bağlı müqavilə də imzalanıb. Həmin vaxta qədər Bakıda müasir şahmat mərkəzinin inşası da nəzərdə tutulub.

 

Ölkəmizdə idmanın inkişafına yüksək diqqət göstərilir

 

Təqdiqolunası haldır ki, bu gün Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Heç bir qələbə təsadüfi deyil. Bu qələbə üçün əzmlə, dəyanətlə çalışmaq lazımdır. Elə Azərbaycan idmançılarının ortaya qoyduğu nailiyyətlər də məhz bu əsaslara söykənir. Burada sevindirici hal odur ki, komandamızın tərkibində müstəqillik dövründə dünyaya gəlmiş və ilk dəfə ölkəmizi Olimpiadada təmsil edən gənc idmançılarımız var idi. Həmin idmançılardan biri, 20 yaşı gələn ay tamam olacaq Toğrul Əsgərov Olimpiya çempionu olmaqla ölkəmizdə həyata keçirilən idman siyasətinin doğru istiqamətdə olduğunu sübut etdi. Bu fakt bir daha sübut edir ki, həqiqətən, Azərbaycan idmanı müstəqillik illərində böyük inkişaf yolu keçib, perspektivli yeniyetmə və gənc idmançıların aşkar edilməsi üçün ölkəmizdə əlverişli şərait yaradılıb. Müstəqil ölkə kimi Atlanta Olimpiya Oyunlarında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi medal qazanan ölkəmizin təmsilçiləri Londonda 10 medal qazanmaqla rekorda imza atdılar.

Bununla yanaşı, Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlar və bu sahədəki potensialı bir müddət öncə Bakı Sərgi Mərkəzində keçirilən I Azərbaycan Beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisində nümayiş etdirilib. Sərgi ilə tanış olan Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verilib ki, ölkəmizdə ilk dəfə keçirilən idman, idman ləvazimatı və geyimi beynəlxalq sərgisi Azərbaycanda idmanın inkişafına göstərilən diqqətin təzahürüdür. Sərginin əsas məqsədlərindən biri bu sahədə irihəcmli infrastruktur layihələrinə investisiyaların cəlb edilməsinə nail olmaqdır. 2012-ci ilin Azərbaycanda "İdman ili" elan olunması, Londonda keçirilən Yay Olimpiya və Paralimpiya oyunlarında Azərbaycan idmançılarının yüksək nailiyyətləri də bu sərginin əhəmiyyətini artıran mühüm amillər sırasındadır.

 

I Avropa Oyunları da Azərbaycanda keçiriləcək

 

Azərbaycanda vurğulanan beynəlxalq idman tədbirlərilə yanaşı, I Avropa Oyunları da keçiriləcək. Məlumat üçün bildirək ki, 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında 2015-ci ildə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib. Avropa Olimpiya Komitəsinin üzvü olan 49 milli olimpiya komitəsindən 48-nin iştirakı ilə keçirilmiş gizli səsvermədə 38 ölkə lehinə, 8 ölkə əleyhinə, 2 ölkə bitərəf olmaqla I Avropa Oyunlarının Bakıda keçirilməsi təsdiqlənib.

 

Tarixi qərarın qəbul edilməsində ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynayıb

 

Əlbəttə ki, bu tarixi qərarın qəbul edilməsində ilk növbədə ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynayıb. Çünki son illər ərzində Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir güclü ölkə kimi təqdim edə bilib. Baxmayaraq ki, Azərbaycan cəmi 21 ildir müstəqil dövlət kimi yaşayır, lakin bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş və dost kimi tanınır. Prezident İlham Əliyevin I Olimpiya Oyunlarının Təşkilati Komitəsinin ilk iclasında dediyi kimi, bizim beynəlxalq nüfuzumuzun yüksək səviyyədə olmasını, eyni zamanda, BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz də təsdiqləyir: "Bu da tarixi bir qərar idi. Müstəqilliyimizin 20-ci ildönümünə təsadüf edən bu tarixi qərar əslində 20 il ərzində görülən işlərin təzahürü idi. Bu gün Azərbaycan dünya birliyinin bir nömrəli qurumunun üzvüdür və keçən ilin may ayında BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdir. Əlbəttə ki, beynəlxalq mövqelərimizin möhkəmlənməsi və təsir imkanlarımızın genişləndirilməsi sayəsində ölkəmizin gələcək maraqları daha dolğun şəkildə təmin ediləcəkdir. Şübhəsiz ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında verilmiş qərarın əsasında məhz bu amil dayanmışdır. Bununla bərabər, ölkəmizin dinamik iqtisadi inkişafı, əlbəttə ki, öz rolunu oynamışdır. Hətta böhranlı illərdə Azərbaycan iqtisadiyyatı inkişaf etmiş və bütün beynəlxalq mötəbər qurumlar bunu təsdiqləyir. Keçən il dünyanın aparıcı "Fitch", "Moody's" və "Standard & Poor's" reytinq agentlikləri ölkəmizin kredit reytinqini artırmışlar. Baxmayaraq ki, bəzi inkişaf etmiş ölkələrin reytinqi aşağı salınmış, bizim reytinqimiz qaldırılmışdır. Bu yaxınlarda mən Davosda Ümumdünya İqtisadi Forumunda iştirak etmişəm. Deyə bilərəm ki, Azərbaycan və ölkəmizdə gedən proseslər orada diqqət mərkəzində idi. Bu forum, bildiyiniz kimi, dünyanın siyasi və iqtisadi elitasını cəmləşdirir. Çox sevindirici hal ondan ibarətdir ki, Azərbaycan haqqında dünya ictimaiyyətində, dünya siyasi və iqtisadi elita nümayəndələri arasında çox müsbət imic, müsbət rəy vardır. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı MDB məkanında rəqabət qabiliyyətliliyinə görə birinci, dünya miqyasında isə 46-cı yerdədir. Yəni, bu amillər də, əlbəttə ki, oyunların Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsində öz rolunu oynamışdır.

 İqtisadiyyatımız son doqquz il ərzində üç dəfə artmış və bu gün iqtisadiyyat şaxələndirilmiş, dayanıqlı iqtisadiyyatdır. İqtisadi inkişafın genişləndirilməsi üçün çox gözəl imkanlar vardır. Eyni zamanda, əlbəttə ki, maliyyə resurslarımız da kifayət qədər böyükdür, çoxdur və bu amil də oyunların Bakıda keçirilməsini şərtləndirdi. Digər səbəblər də vardır. Ölkəmizdə son illər ərzində yaradılmış idman infrastrukturu dünya səviyyəsinə, dünya standartlarına cavab verir. Hazırda tikilmiş və tikilməkdə olan obyektlər, idman qurğuları bizə imkan verəcəkdir ki, oyunları yüksək səviyyədə keçirək. Çünki hesab edirəm ki, əsas idman qurğuları oyunların keçirilməsinə imkan yaradacaqdır. Əgər əlavə bir idman obyektinin tikilməsinə ehtiyac yaranarsa, biz bunu 2015-ci ilə qədər həll edəcəyik".

Təbii olaraq, I Olimpiya Oyunlarının Bakıda keçirilməsi əhali tərəfindən çox yüksək səviyyədə dəstəklənir. Aydındır ki, Azərbaycan iki dəfə öz namizədliyini Yay Olimpiya Oyunlarının keçirilməsi üçün verib. Məhz o zaman rəy sorğuları nəticəsində müəyyən edilib ki, Azərbaycan əhalisi Olimpiya Oyunlarının Bakıda keçirilməsini dəstəkləyir. Bununla yanaşı, şəhər infrastrukturunun müasirləşməsi və Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin keçirilməsi üzrə mükəmməl təcrübəyə sahib olması da bu tarixi qərarın verilməsinə səbəb olub. Yəni ölkəmiz bu hər dəfə öz təşkilatçılıq qabiliyyətini göstərməklə bir növ yeni standartlar tətbiq edib. Bu, artıq Azərbaycan standartlarıdır. Çünki istənilən beynəlxalq tədbir Azərbaycanda, Bakıda yüksək səviyyədə keçirilir və əminlik var ki, Avropa Oyunları da yüksək səviyyədə keçiriləcək.

 

Ev sahibliyimiz bizim, eyni zamanda, Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir

 

Ümumiyyətlə, I Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir. Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə uğurla ev sahibliyi edə biləcək. Bu qərarın qəbul edilməsi respublikamızda çoxsaylı idman yarışlarının, Avropa və dünya çempionatlarının yüksək səviyyədə keçirilməsinə, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərə, ümumilikdə, Azərbaycanda idman sahəsində görülmüş işlərə beynəlxalq və Avropa Olimpiya Komitəsi tərəfindən verilən yüksək qiymətdir.

Qeyd edək ki, Olimpiya Oyunları elə Avropa qitəsində yaranıb və sonradan da Avropa qitəsində bərpa edilib. Amma bu günə qədər Avropa Oyunları keçirilməyib. Məhz, ilk oyunların da Bakıda keçirilməsi, əlbəttə ki, böyük nailiyyətdir və bu, dövlətimizin böyük uğurumuzdur.

 

Azərbaycan möhtəşəm idman tədbiri üçün hazırlıq işlərinə start verdi

 

Azərbaycan dövləti, hər zaman olduğu kimi, bu dəfə də üzərinə götürdüyü məsuliyyətin ağırlığını dərk edərək, dərhal hazırlıq işlərinə start verdi. Belə ki, bu ilin yanvarın 17-də Prezident İlham Əliyevin Sərəncamı ilə Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün Təşkilat Komitəsi yaradılıb və ötən həftə Təşkilat Komitəsinin birinci toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin ilk iclasında çıxış edən Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva bildirib ki, I Avropa Oyunlarının 2015-ci ilin iyun-iyul aylarında keçirilməsi nəzərdə tutulub. Bu oyunlarda Avropa Olimpiya Komitəsinin üzv ölkələrinin iştirakı gözlənilir. Avropa Olimpiya Komitəsi ilə əldə olunmuş razılığa əsasən, Bakıda keçiriləcək yarışlarda 5 min nəfərədək idmançının iştirakı nəzərdə tutulub: "Rəsmi nümayəndə heyətinin sayının təxminən min olması gözlənilir. Tədbirin işıqlandırılması üçün Bakıya 2 min nəfərədək beynəlxalq kütləvi informasiya vasitələri nümayəndələrinin gəlişi gözlənilir. Avropa Olimpiya Komitəsi və Avropa idman federasiyaları ilə ilkin razılaşmaya əsasən I Avropa Oyunlarının proqramına 28 Olimpiya idman növündən minimum 12-ci və iki qeyri-Olimpiya idman növü daxil olmalıdır. Bu, ümumi qaydalardır. Yarışların 17 Olimpiya idman növü üzrə keçirilməsi ilə bağlı Avropa idman federasiyalarından niyyət məktubu artıq daxil olmuşdur. Bu idman növləri güləş, həndbol, voleybol, gimnastika, çimərlik voleybolu, boks, cüdo, taekvondo, badminton, qılıncoynatma, atıcılıq, kamandan oxatma, stolüstü tennis, üzgüçülük, suyatullanma, su polosu və reqbi 7 daxildir. Avropa Oyunlarının tarixində ilk dəfə keçiriləcəyini nəzərə alaraq, bir çox məsələlər üzrə Avropa Olimpiya Komitəsi ilə danışıqlar davam edir və bu gün səsləndirilən göstəricilər dəyişə bilər. Proqrama daxil olacaq iki qeyri-Olimpiya idman növünün müəyyən edilməsi istiqamətində Avropa Olimpiya Komitəsi və Avropa idman federasiyaları ilə danışıqlar aparılır".

 

Olimpiya oyunlarının keçirilməsi üçün yerlər müəyyənləşdirilib

 

Qeyd edək ki, artıq I Avropa Oyunlarına hazırlığın ilkin mərhələsində yarışların keçirilmə yerləri müəyyən edilib. Yarışların Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu, "Baku Crystal Hall", "Sərhədçi" İdman Kompleksi, Əl Oyunları Sarayı, 8-ci Kilometr stadionu, Güllə atıcılığı stendi və Bakı Ekspo Mərkəzində keçirilməsi mümkündür. 2015-ci ilədək Olimpiya Stadionunun, Su İdman Növləri Mərkəzinin və Gimnastika Kompleksinin inşasının bitməsi planlaşdırılır və bu yeni qurulan idman sarayları da oyunlar zamanı istifadə olunacaq. I Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin Bakıda, Böyükşor gölünün yaxınlığında inşa olunan 65 min yerlik Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulub.

Mehriban xanım Əliyeva iclasda çıxışı zamanı, həmçinin, müxtəlif idman növləri üzrə yarışların keçiriləcəyi idman obyektləri haqqında ilkin təklifləri də diqqətə çatdırıb: "Güləş və cüdo idman növləri üzrə yarışların 7 min 100 yerlik Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilməsi nəzərdə tutulub. 25 min tamaşaçı tutumu olan "Baku Crystal Hall"da həndbol və voleybol idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulub. Reqbi-7 idman növü üzrə yarışların 11 min tamaşaçı tutumu olan 8-ci Kilometr stadionunda keçirilməsi nəzərdə tutulub. Stolüstü tennis, qılıncoynatma və taekvondo idman növləri üzrə yarışların Bakı Ekspo Mərkəzində keçirilməsi nəzərdə tutulub. Boks üzrə yarışların 3 min 250 yerlik "Sərhədçi" İdman Kompleksində, badminton üzrə yarışların 1628 yerlik Əl Oyunları Sarayında, kamandan oxatma üzrə yarışların isə 7 min yerlik "Şəfa" stadionunda keçirilməsi nəzərdə tutulub. I Avropa Oyunları zamanı idman və bədii gimnastika üzrə yarışların Gimnastika Kompleksində keçirilməsi nəzərdə tutulub. Üzgüçülük və suyatullanma üzrə yarışların Bakıda inşa olunan Su İdman Növləri Mərkəzində keçirilməsi nəzərdə tutulub. Su polosu üzrə yarışların keçirilməsi üçün Mərkəzin yanında müvəqqəti arena inşa olunmalıdır. Atletika üzrə yarışlar keçirilsə, 32 min 200 yerlik Tofiq Bəhramov adına Respublika Stadionundan istifadə oluna bilər. Çimərlik voleybolu üzrə yarışların keçirilməsi üçün dənizkənarı bulvarda müvəqqəti arenanın inşası tələb olunur".

 

Atletlər Kəndi də yaradılacaq...

 

I Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin təşkili ilə bağlı dünyanın bu sahədə böyük təcrübəyə malik aparıcı şirkətləri ilə danışıqlar başlanıb. Avropa Oyunları tarixinə ilk atributlar kimi daxil olacaq I Avropa Oyunlarının loqotip və şüarının müəyyən edilməsi, simvolun seçilməsi və himnin bəstələnməsi istiqamətində işlər görülür. I Avropa Oyunları mövzusunda açıq loqotip müsabiqəsi artıq elan edilib.

Qaydalara uyğun olaraq Avropa Oyunlarında qalib idmançılara təqdim olunan medallar ev sahibi olan ölkənin Milli Olimpiya Komitəsi tərəfindən hazırlanır və Avropa Olimpiya Komitəsi ilə razılaşdırılır. Hazırda medalların dizaynı ilə bağlı təkliflər hazırlanmaqdadır. Oyunlarda iştirak edəcək idmançıların yerləşdirilməsi məqsədi ilə Atletlər Kəndi yaradılmalıdır. Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri Media Kəndində yerləşdiriləcəklər. Bu ərazidə yaradılacaq mərkəzdə və "Baku Crystal Hall"dakı Media Mərkəzində onlara tələb olunan şərait yaradılacaq.

 

Otel və yayım məsələləri üzrə də razılaşmalar əldə olunur

 

Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva, eyni zamanda, əlavə edib ki, Oyunların keçiriləcəyi müddətdə, yəni 2015-ci ilin iyun, iyul aylarında Bakıya çoxsaylı qonaqlar gələcək: "İdmançıların, rəsmi nümayəndə heyətlərinin, turistlərin və qonaqların yerləşdirilməsi üçün Bakı və Abşeronda mövcud olan otellərin sayı və tutumu dəqiqləşdirilib. Seçim imkanını artırmaq üçün şəhərə yaxın istirahət düşərgələri və yeni inşa olunan otel komplekslərindən də istifadə olunacaq. Tədbirin dünyada təbliği və informasiya dəstəyi qarşımızda duran ən vacib məsələlərdən biridir. Birinci addım olaraq oyunlar haqqında hərtərəfli məlumatı əks etdirən internet portalı hazırlanmalıdır. Dünya mediasında I Avropa Oyunlarının keçirilməsi barədə informasiyanın yayılmasına, ümumiyyətlə, Azərbaycan haqqında, xüsusilə, idman sahəsində əldə olunmuş nailiyyətlərimiz barədə nəşrlərin, reklam çarxlarının hazırlanması, baner və posterlərin quraşdırılmasına geniş kampaniya şəklində bu ildən başlamaq lazımdır. Avropanın və dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinin təbliğat kampaniyasına cəlb olunması, onlarla əməkdaşlıq perspektivləri müzakirə olunmalıdır. Bu gün bütün dünyada mötəbər tədbirlərin keçirilməsinə gənclərin cəlb olunması geniş vüsət alıb. Bizim bu sahədə böyük təcrübəmiz var. "Eurovision-2012" mahnı müsabiqəsini hazırlayanda biz gənclərin, könüllülərin yardımından çox gözəl istifadə etmişdik və gənclərimiz özlərini çox gözəl göstərmişdi. Ona görə də I Avropa Oyunlarının təşkilati işlərində də könüllülərin aktiv fəaliyyəti nəzərdə tutulub. I Avropa Oyunlarının yayımı xüsusi əhəmiyyət kəsb edir. Tədbirin yayım hüququnun verilməsi ilə bağlı hazırda müvafiq təşkilatlarla danışıqlar aparılır. Oyunların keçirilməsinə beynəlxalq və yerli sponsorların cəlb edilməsi istiqamətində işlər görülür".

 

İdman infrastrukturu beynəlxalq standartlara uyğunlaşdırılır

 

Əlbəttə ki, I Avropa Oyunları ilə əlaqədar olaraq, bir sıra idman obyektləri beynəlxalq standartlara uyğunlaşdırılacaq. Həmin idman obyektləri həm müasir, həm də beynəlxalq federasiyaların texniki tələblərinə uyğun vəziyyətə gətiriləcək. Bu tələblər, eyni zamanda, məşq prosesinin təşkil edilməsinə də aid olacaq. Təcrübə göstərir ki, iştirak edən idmançılar məşq zallarının yarış keçirilən arenaların texniki şərtlərinə və şəraitlərinə uyğun olmasını istəyirlər. Bunu da qeyd etmək vacibdir ki, media nümayəndələri idmançıların məşq proseslərini daha çox izləyir və məşq zallarında olan şərait ümumi rəyə ciddi təsir edir.

 

Xüsusi poliklinika və yeməkxanalar yaradılacaq

 

Vacib sahələrdən biri yarışlar zamanı idmançıların və məşqçilərin, eyni zamanda, qonaqların qidalanması, tibbi xidmət və nəqliyyat məsələləridir. Atletlər kəndində xüsusi poliklinikanın və yeməkxananın yaradılması ilə bağlı planlar da müzakirə edilir. Eyni zamanda, yarış yerlərində xüsusi qonaqlar üçün VİP salonlar, yarışda iştirak edən idmançıların qidalanması və tamaşaçılar üçün iaşə obyektləri şəbəkəsi yaradılacaq.

Həmçinin, atletlər kəndində idmançılar, məşqçilər və yardımçı heyət üçün nəzərdə tutulan yaşayış, inzibati, rəsmi və təsərrüfat təyinatlı otaqlar və sahələr müvafiq mebel, avadanlıq və ləvazimatla təchiz ediləcək. Eyni zamanda, atlet kəndində yaşayan bütün kateqoriya qonaqlar üçün müvafiq infrastruktur yaradılacaq, o cümlədən, trenajor zalları, hovuz, xidmət sahələri, bank, foto, kimyəvi təmizləmə, bərbərxana, poçt məntəqəsi, internet klub, kafe, asudə vaxtın keçirilməsi üçün yer və s.

 

Nəqliyyat sistemi təkmilləşdiriləcək

 

Yarış günlərində şəhərin nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə yanaşı, idmançıların, rəsmi nümayəndə heyətlərinin, jurnalistlərin və digər qonaqların şəhərdə, atletlər kəndi-idman obyektləri marşrutu ilə maneəsiz və fasiləsiz hərəkətini təmin etmək üçün kiçik və irihəcmli nəqliyyat vasitələrinin alınmasına ehtiyac var. Bunun üçün isə Nəqliyyat Nazirliyi tərəfindən konkret təkliflər müzakirə edilir və kompleks tədbirlər planı hazırlanır. İlkin məlumata görə, 49 ölkənin iştirak edəcəyi bu tədbirdə rəsmi heyətlərin ölkəyə gəlişi və gedişi üçün əsas nəqliyyat bağlantıları olaraq Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı Dəmir Yolu Vağzalı, avtomobil nəqliyyatı strukturları nəzərdə tutulur. Qonaqların əksəriyyətinin gəliş və gedişi Heydər Əliyev Beynəlxalq Hava Limanı vasitəsilə nəzərdə tutulur ki, bu da proqnozlara görə iştirakçıların 90 faizə qədərini əhatə edəcəkdir. Nəqliyyat xidmətlərinin göstərilməsində rəsmi heyətlər xüsusi yer tutur. Onlara ayrıca nəqliyyat vasitələrinin ayrılması təmin edilməlidir. Olimpiada vaxtı bu şəxsləri, həmçinin, idmançıları və onları müşayiət edənləri olimpiya şəhərciyindən olimpiya stadionuna və idman oyunlarının keçiriləcəyi digər obyektlərə, həmçinin, turistlərin daşınması həyata keçiriləcək. Hazırlıq dövründə aşağıdakı məlumatların dəqiqləşdirilməsi, bu xidmətlərin daha dolğun təşkilini təmin edəcək. Gözlənilən rəsmi heyətlərin və qonaqların, idmançıların, həmçinin turistlərin təxmini sayı, oyunların keçiriləcəyi əsas idman arenalarının dislokasiyası, rəsmi heyətlərin, qonaqların və turistlərin yerləşəcəyi otellər və digər yaşayış yerləri.

 

Üç hissədən ibarət nəqliyyat planı hazırlanır

 

Qeyd olunan nəqliyyat xidmətlərinin təşkili üçün tərəfimizdən Bakı şəhərində nəqliyyat problemlərinin aradan qaldırılması üçün 2013-2014-cü illərə dair tədbirlər planının layihəsi hazırlanır və fevral ayının sonunadək təşkilat komitəsinə təqdim ediləcək. Tədbirlər planı üç əsas hissədən ibarətdir:

- Nəqliyyat vasitələri, avtobuslar, minik və taksi avtomobilləri, metro vaqonları, mövcud nəqliyyat vasitələri, onların texniki vəziyyəti və təminat imkanları, nəqliyyat xidmətlərinin tam təminatı üçün nəqliyyat parkının yeniləşdirilməsi.

- Bakı şəhərində nəqliyyat infrastrukturu, gözlənilən sərnişin dövriyyəsinin təmin olunması üçün mövcud vağzalların və hava limanının imkanlarının araşdırılması və tədbirlərin görülməsi, Olimpiya stadionuna və digər idman obyektlərinə gedən əsas yolların genişləndirilməsi və bərpası, burada yeni bağlantıların və qovşaqların inşası, şəhərətrafı istirahət zonalarına gedən yolların genişləndirilməsi və yeni yolların tikintisi, bütün yolların xətlənməsi və yol nişanlarının qoyulması, əsas magistral yolların tikintisinin yekunlaşdırılması.

- Nəqliyyat xidmətlərinin idarə olunması və təşkili. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin bazasında olimpiya oyunlarına cəlb olunmuş bütün nəqliyyat vasitələrinin və onlara xidmət göstərən şəxslərin fəaliyyətinin idarə olunmasını və əlaqələndirilməsini təmin edəcək qərargahın yaradılması, nəqliyyat xidməti göstərən sürücü və digər kateqoriyadan olan işçilərin hazırlanması, onlar üçün xüsusi təlimatların tərtib olunması, dil hazırlıq kurslarının təşkili və bu kontingent üzrə məlumat bazasının yaradılması, nəqliyyat daşımalarında təhlükəsizliyin təmin olunması, ictimai nəqliyyatın hərəkətinin təşkili üçün xüsusi zolaqların, hərəkət marşrutlarının və parklanma yerlərinin təşkili, görülən işlər barədə kütləvi informasiya vasitələrinə məlumat verilməsi və internet səhifələrində yerləşdirilməsi.

 

Yeni nəqliyyat insfrastrukturu quruculuğu başa çatdırılacaq

 

Bununla yanışı, əsas tədbir və oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionuna gedən yolların, bağlantıların tikintisi əsas məsələlərdən biridir. Hazırda Ziya Bünyadov prospektinin yenidən qurulması və prospekt üzərində yol qovşaqlarının tikintisi davam etdirilir və 2014-cü ilin əvvəllərində yekunlaşacaq. Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel olan Həsən Əliyev küçəsinin sonundan Keşlə stansiyasına və Ziya Bünyadov prospekti üzərindən Olimpiya Stadionuna birbaşa yolun tikintisinə yaxın günlərdə başlanılacaq və 2015-ci ilin birinci rübündə yekunlaşacaq.

Həmçinin, Buzovna-Mərdəkan-Qala, Qala-Zığ şosesi bağlantısı 2014-cü ilin birinci yarısında yekunlaşacaq. Şəfa stadionunun qarşısındakı tunel və yeraltı piyada keçidi, Maştağa-Buzovna yolu, Qələbə meydanı qovşağı bu il istismara veriləcək. Sadalanan bu yollar olimpiya oyunları zamanı nəqliyyatın əsas marşrutlarını əhatə edir. Bundan başqa şəhərin digər mövcud yollarında da təmir-bərpa və genişləndirmə işləri aparılacaq. Eyni zamanda, respublikada yerli əhəmiyyətli yollarda da işlər davam etdirilir. Qonaqların gəliş-gedişinin təmin edilməsi və yüksək səviyyədə xidmətin göstərilməsi üçün Bakı dəmir yolu vağzalında yenidənqurma işləri davam etdiriləcək və vaxtında yekunlaşdırılacaq. Bakıda ictimai nəqliyyatın fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri davam etdiriləcək, avtobuslarda elektron-ödəmə sisteminə keçid təmin ediləcək. Vətəndaşlarımıza və qonaqlara yüksək səviyyədə xidmət göstərilməsi üçün mövcud avtobus və taksi parkı da əsaslı şəkildə bərpa ediləcək və yeniləşdiriləcək.

 

Bakıya gələcək idmançıların və qonaqların təhlükəsizliyini 20 mindən artıq polis işçisi təmin edəcək

 

 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunları ərəfəsində və dövründə daxili sabitliyin, ölkəmizə gələcək nümayəndə heyətlərinin və bütün qonaqların təhlükəsizliyinin təmin olunması da çox önəmli məsələlərdəndir. Məhz qarşıda duran vəzifələrin uğurlu icrası üçün müasir informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunacaq. Bu baxımdan, hüquq qaydasına nəzarətin fasiləsiz həyata keçirilməsində əhəmiyyətli rolu olan "Təhlükəsiz Şəhər" sisteminin videomüşahidə vasitələrinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər Sizin böyük qayğınız sayəsində ardıcıllıqla həyata keçirilməkdədir.

Sistemin fəaliyyətə başladığı 2008-ci ildən bu günədək respublika üzrə 1330 yerdə 5790, o cümlədən, paytaxtda 1064 yerdə 2902, Gəncədə 131 yerdə 370, Sumqayıtda 85 yerdə 228, Abşeron rayonunda 19 yerdə 55, habelə Bakı metropolitenində 73 yerdə 1974 kamera quraşdırılıb.

Cari ilin birinci rübündə isə paytaxtda daha 150 yer üzrə 210 videomüşahidə vasitəsi istismara veriləcək. O cümlədən, 150 yerdə "Üztanıma" funksiyasına malik kameraların alınmasına zəruri maliyyə vəsaiti də ayrılıb.

Bundan əlavə, ötən il keçirilmiş "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına yol-patrul avtomobilləri, əl metal detektorları və digər xüsusi vasitələr alınıb, bütün yol-patrul avtomobilləri bort kompyuterlərlə təchiz olunub.

Birinci Avropa Oyunları ilə əlaqədar təminat tədbirləri çərçivəsində əlavə olaraq post-patrul xidməti avtomobillərində də bort kompyuterlərin quraşdırılması, piyada naryadlar üçün planşet kompyuterlərin, radiostansiyaların və metal axtaran detektorların alınması nəzərdə tutulub.

Asayişin təmini tədbirlərində iştirak edəcək bayır xidməti əməkdaşlarının professional və fiziki hazırlığının artırılması, habelə ingilis dili kurslarına cəlb olunması sahəsində tədbirlər də davam etdiriləcək. Bununla bərabər, strateji əhəmiyyətli mühüm obyektlərdə mühafizə-rejim tədbirləri, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin qorunması gücləndiriləcək, insanların sıx toplaşdığı, o cümlədən, istirahət və gəzinti yerlərində hüquq qaydasının təmin olunmasına cəlb ediləcək qüvvələrin sıxlığı dislokasiya üzrə artırılacaq.

Yarışlar keçirilən ərazidə və qonaqların yerləşəcəyi mehmanxanaların ətrafında nəzarət-buraxılış işinin təşkili, habelə, nəqliyyatın normal hərəkətinin təmin edilməsi, xarici ölkələrin nümayəndə heyətlərinin müşayiəti üçün lazımi sayda yol-patrul naryadlarının ayrılması, bütövlükdə isə, bu mühüm beynəlxalq tədbirə polisin və Daxili Qoşunların 20 mindən çox əməkdaşının və hərbi qulluqçusunun cəlb edilməsi nəzərdə tutulub.

 

Yay Olimpiya Oyunlarına doğru irəli...

 

Əlbəttə ki, dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının Bakının üzərinə qoyulması dövlətimiz üçün böyük önəm daşıyır. Oyunlar zamanı paytaxtımıza 10 minədək idmançının, məşqçinin, rəsmi şəxsin, jurnalistin gələcəyi gözlənilir. Yarış günlərində Avropanın, eləcə də, dünyanın aparıcı telekanalları Bakıdan xəbərlər yayacaq, paytaxtımız növbəti dəfə dünya idmanının mərkəzinə çevriləcək. Bundan başqa, Oyunlar Azərbaycanda turizmin, nəqliyyat infrastrukturunun və digər sahələrin inkişafına da böyük təkan verəcək. Avropa Oyunlarının keçirilməsində əldə edəcəyimiz təcrübə gələcəkdə digər mühüm yarışlara ev sahibliyi etməyimizə şərait yaradacaq və təcrübəmizi artıracaq. Ən əsası isə Yay Olimpiya Oyunlarına təşkilatçılıq etmək şanslarımız artacaq.

 

"Səs" Analitik Qrupu

 

 

Səs.- 2013.- 8 fevral.- S.8-9.