Əli Əhmədov: “Azərbaycan
müxalifəti özünün bütün fəaliyyətini hansısa iğtişaşlar üzərində qurmağa çalışır”
Yeni
Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra
katibi, millət vəkili Əli Əhmədovun jurnalistlərə
müsahibəsi. SƏS TV həmin müsahibəni təqdim
edir:
- Əli
müəllim, artıq Azərbaycanın ilk telekommunikasiya
peyki orbitə çıxarıldı. Bununla əlaqədar
sizin də təəssüratlarınızı bilmək bizə
xoş olardı. Bu süni peykin orbitə
çıxarılması Azərbaycana, eləcə də
ölkəmizin inkişaf edən iqtisadiyyatına hansı
uğurları əlavə edəcək?
- Azərbaycanın
ilk telekommunikasiya peykinin orbitə çıxarılması
kimi əlamətdar hadisə baş verib. Belə ki, Azərbaycan
tarixində ilk süni peyk orbitə çıxarılıb.
Hesab edirəm ki, bu Azərbaycanın bütövlükdə
inkişafının bariz ifadəsidir. Eləcə də bu
ölkəmizin çox sağlam ideyalarını ortaya qoyan
dövlət olduğundan, dövlətimizin müasirliyindən
və müasirləşməyə meyilli olduğundan xəbər
verir. Bu bütövlükdə Azərbaycanın
gücünün ifadəsi kimi də qəbul oluna bilər.
Ölkəmizin iqtisadi, texnoloji gücünün ifadəsindən
biri də ondan ibarətdir ki, o qədər də çox
sayda olmayan kosmik dövlətlər sırasına artıq Azərbaycan
da qoşulub. Hesab edirəm ki, bu layihə çox uğurlu
olacaq. Güman edirəm ki, bu layihə çərçivəsində
ölkəmiz xeyli faydalar əldə edəcək.
İnanıram ki, Azərbaycanın növbəti illərdə
ikinci və üçüncü süni peykləri orbitə
çıxarılacaq. Mən bu əlamətdar hadisə
münasibətilə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevi, eləcə də
bütün Azərbaycan xalqını təbrik edirəm. Həyatımızın,
tariximizin ən əlamətdar günlərindən birini biz
bu gün yaşayırıq.
-
Ötən gün Rusiya Dövlət Dumasının spikeri
Sergey Narişkin belə bir bəyanatla çıxış
edib ki, yaxın gələcəkdə Dağlıq Qarabağ
probleminin həlli istiqamətində hər hansı bir irəliləyişə
nail olmaq olmaz. Axı necə ola bilər ki, Rusiya bu prosesin həllində,
nizamlanmasında vasitəçi rolu oynasın, amma belə bir
açıqlama ilə çıxış etsinlər?
Bununla bağlı sizin də mövqeyinizi bilmək istərdik?
-
Sergey Narışkin bu fikirləri söyləməklə həm
də ciddi unutqanlığa yol verib. O ən azından
Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasında vasitəçilik missiyasını öz
üzərinə götürdüyünü
unutmamalıydı. Çünki bu missiyanı öz üzərinə
götürmüş dövlətin ən mühüm vəzifəsi
üzərinə götürdüyü missiyanı tezliklə
uğurla yerinə yetirməkdən ibarətdir. Biz çox təəssüf
edirik ki, Minsk Qrupu 20 ildən artıqdır ki, fəaliyyət
göstərsə də, münaqişənin nizamlanması
istiqamətində həlledici addım atılmayıb. Əlbəttə
ki, mən Minsk Qrupunun bu vaxta qədər olan fəaliyyətini heçə endirmək istəmirəm.
Amma görünən odur ki, Minsk Qrupu bu günə qədər
üzərinə götürdüyü vəzifəni yerinə
yetirə bilməyib. Təəssüf edirəm ki, həmsədrlərdən
biri olan Rusiyada kifayət qədər yüksək siyasi posta
sahib olan bir şəxs belə bir bəyanat səsləndirdi.
Bu ondan xəbər verir ki, Rusiyada münaqişənin həll
olunması üçün lazımi qədər səy
göstərmək niyyətində olmayan insanlar da var. Hesab
edirəm ki, Rusiya həmsədrlərdən biri kimi
Dağlıq Qarabağ münaqişəsinin ədalətli
şəkildə həll olunmasına ciddi təsir göstərmək
imkanlarına malik olan bir ölkə kimi bu münaqişənin
həll olmasına öz töhfəsini verməyə
çalışacaq. Ən azından biz buna inanırıq.
İnanmasaydıq Azərbaycan Rusiyanın həmsədr kimi fəaliyyət
göstərməsinə etiraz edərdi. Rusiyanın vəzifəsi
isə bu inamı doğrultmaqdan ibarət olmalıdır.
-
AŞPA həmməruzəçiləri İlqar Məmmədovla
Tofiq Yaqublunun, müxalifət nümayəndələrinin həbsi
ilə bağlı narahatçılıq ifadə edən bəyanatlarla
çıxış ediblər. Bəs, siz bu hadisələri
necə qiymətləndirirsiniz?
- Azərbaycan
həqiqətən sürətlə inkişaf edən bir
dövlətdir. Bu inkişaf da öz növbəsində
çox müxtəlif parametrlərdə özünü ifadə
edir. Bu istər-istəməz ya qısqanclıq yaradır, ya
da hansısa rəqabət məqamlarının meydana gəlməsinə
gətirib çıxarır. Amma nə rəqabət, nə
qısqanclıq Azərbaycanın öz milli
maraqlarının reallaşması istiqamətində hərəkətinin
qarşısını ala bilməz. Bu inkişaf Azərbaycan
xalqının maraqlarına cavab verir. Eləcə də bu
inkişaf ölkəmizin bu günə qədər də həll
olunmayan Dağlıq Qarabağ münaqişəsinin ədalətli
şəkildə həll olunması məqsədini
güdür. Bu mənada biz inkişafımızı davam
etdirəcəyik. Güman edirəm ki, bu istiqamətdə
bizim böyük layihələrimiz bundan sonra da uğur
qazanacaq. Biz istəməzdik ki, Azərbaycanın daxilində də
hansısa qüvvələr ölkəmizdən kənarda
dövlətimizin inkişafına maneçilik törətmək
istəyən qüvvələrlə əməkdaşlıq
etsinlər. Biz bunu qəti şəkildə istəməzdik.
Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən
Avropa Şurası ilə əməkdaşlıq edir və bu
əməkdaşlıq bundan sonra da davam edəcək. Eyni
zamanda biz arzu etməzdik ki, ölkəmizin daxili problemlərinə
beynəlxalq təşkilatlar kobud şəkildə müdaxilə
etsinlər. Məlumdur ki, Azərbaycanın bir bölgəsində
iğtişaş törədilib. Təbii ki, bu
iğtişaşlarla əlaqədar ölkə qanunvericiliyi
Azərbaycanın qanunları çərçivəsində
araşdırmalar aparır. Beləcə, bu araşdırmalar
nəticəsində iğtişaşların törədilməsində
günahkar bilinən iki nəfərdə həbs edilib. Hər
şey araşdırmalar nəticəsində ayırd ediləcək.
Əgər bu öz təsdiqini taparsa, təbii ki, qanun çərçivəsində
onların bu əməllərinə hüquqi qiymət veriləcək.
Əks təqdirdə, yəni təsdiq olunmasa başqa bir
reallıq ortaya çıxacaq. Düşünürəm ki,
Avropa Şurasının tələsik bəyanat verməsi bəlkə
də yerinə düşmür.
- Əli
müəllim, son günlərdə prezident seçkiləri
öncəsi bəzi qüvvələr yerlərdə
ictimai-siyasi sabitliyi pozmağa cəhd edən addımlar
atırlar və yaxud hər hansı bir
narazıçlıqdan istifadə edərək həmin hadisələrin
şişirdilməsinə nail olmağa
çalışırlar. Bu barədə nə deyə bilərsiniz?
-
Seçkiərəfəsi sanki cəmiyyətdə
ictimai-siyasi qabarma dövrünü xatırladır. Təbii
ki, bu 2008-ci ildə də, ondan əvvəlki dövrlərdə
də belə olub. Eləcə də bu ildə həmin vəziyyət
olacaq. Bu tək Azərbaycanda deyil dünyanın hər bir
ölkəsində prezident seçkiləri keçirilərkən
buna oxşar ictimai-siyasi xarakterli qabarmalar müşahidə
olunur. Buna, müəyyən mənada, bəlkə də
normal baxmaq olardı. Amma anormal olan budur ki, Azərbaycan
müxalifəti özünün bütün fəaliyyətini
hansısa iğtişaşlar üzərində qurmağa
çalışır. Beləcə, ölkə müxalifətinin
Azərbaycan vətəndaşları tərəfindən dəstək
qazanması ilə əlaqədar inamları yoxdur. Əgər
belə bir dəstək olsa idi müxalifət seçki
kampaniyasını ictimai iğtişaşlar strategiyası əsasında
qurmağa cəhdlər göstərməzdi. Hər hansı
konkret siyasi platforması və proqramı olmadan yalnız bu və
ya digər yerdə iğtişaşlar yaratmaq və yaxud
narazılıqlar zəmnində öz seçki
proqramını həyata keçirmək cəhdləri
heç zaman müsbət nəticəyə gətirib
çıxarmayıb. Hesab edirəm ki, ölkə müxalifətinin
ən zəif cəhətlərindən biri də məhz
bundan ibarətdir.
-
İranda prezidentliyə namizəd Ayətullah Səid Məhəmməd
Bokiri Xərrozi qalib gələcəyi təqdirdə
Tacikistanı, Azərbaycanı və Ermənistanı
İrana birləşdirəcəyi iddiası ilə
çıxış edib. Buna sizin münasibətiniz necədir?
- İranda prezidentliyə namizəd olan Ayətullahın ölkəsinin indiki durumunda qonşu ölkələrə, o cümlədən Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsi onun sərbəst təfəkkürə malik olmamasından xəbər verir. İranın özünün bu gün beynəlxalq aləmdə çox ciddi problemləri var. İran əslində bu gün malik olduğu sərhədləri çərçivəsində qalıb-qalmayacağı barədə düşünməlidir. Belə olan halda özünü İranda prezidentliyə real namizəd sayan birinin regionun siyasi xəritəsini dəyişmək iddiasına düşməsini ən yumşaq formada sərsəmlik adlandırmaq olar. Biz bunu ciddi bəyanat hesab etmirik.
Səs.- 2013.- 9 fevral.- S.7.