Zərifə xanım Əliyevanın keçdiyi ömür yolu kamillikmüdriklik məktəbidir

 

Azərbaycan  Prezidentinin Sərəncamı əsasında akademik Zərifə Əliyevanın 90 illik yubileyi  keçiriləcək

 

Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə  xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.

Qeyd edək ki, Azərbaycan elminin inkişafına böyük töhfələr vermiş alimlər, elm, mədəniyyət  xadimləri, tanınmış simalar daim dövlətimizin diqqət mərkəzində olaraq, yüksək qiymətləndirilib və onların yubiley  tədbirlərinin təşkil edilməsinə hər zaman yüksək önəm verilir. Ölkəmizdə tibb elminin inkişafında əvəzsiz xidmətləri olan akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsi ilə bağlı  Respublika Prezidenti İlham Əliyev cənabları Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.

Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, Onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb və yazılacaqdır. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

Akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən, Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlar aparmışdır.

 Alimin elmi fəaliyyətinin istiqamətlərindən biri gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqinə həsr edilmişdir. Bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri onun “Yaşla əlaqədar gözün və görmə siniri yollarının dəyişməsi”, “Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası” adlı monoqrafiyalarında geniş və ətraflı şəkildə öz əksini tapmışdır.

 Zərifə xanımın elmi fəaliyyətinin digər sahələrindən biri klinik diaqnostik istiqamətdə apardığı tədqiqatlardır ki, onların da nəticələri həkimlər üçün yazılmış dərs vəsaiti və monoqrafiyalarda cəmləşmişdir. Bu əsərlər arasında “Kəskin virus konyunktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və b. oftalmoloji elmi-ictimaiyyət və praktik həkimlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Alim göz yaşı aparatının xəstəliklərinin öyrənilməsinə xüsusi diqqət yetirmiş, bu sahəyə həsr etdiyi “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və b. əsərləri ilə Azərbaycan lakrimologiyasının əsasını qoymuşdur.

Bunlarla yanaşı, Zərifə xanım Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olmuş, bu sahəyə dair iki monoqrafiya hazırlamışdır. Bu monoqrafiyalardan “İridodiaqnostikanın əsasları” rəngli illüstrasiyalarla “Azərnəşr” tərəfindən, digər monoqrafiya isə “İridodiaqnostika” adı ilə 1988-ci ildə Moskvada nəşr edilmişdir. Xüsusi qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazmışdır.

Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də peşə oftalmologiyasına həsr edilmişdir. Alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin - “peşə oftalmologiyası”nın əsasını qoymuşdur. Oftalmologiyada peşə xəstəlikləri problemi Zərifə xanımın adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə böyük şöhrət gətirmiş və onu dünya oftalmologiyası məkanında məşhurlaşdırmışdır. Zərifə xanım elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş və bu xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlamışdır. Onun bu istiqamətdə apardığı elmi-tədqiqat işləri dünya ədəbiyyatında analoqu olmayan nadir tədqiqatlar sırasındadır. Zərifə xanım uzun illər respublikanın ondan artıq iri sənaye müəssisələrində genişmiqyaslı elmi-tədqiqat işləri aparmışdır. Göstərilən istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri alimin “Şin istehsalatında gözün peşə patologiyası”, “Xronik yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi qiymətli monoqrafiyalarında öz əksini tapmışdır. Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Məşhur oftalmoloq akademik M.Krasnov Zərifə xanımın görmə orqanının peşə patologiyasının öyrənilməsinə həsr etdiyi tədqiqatları yüksək qiymətləndirərək, qeyd etmişdir ki, əcəl Zərifə Əziz qızına bir neçə il də möhlət versəydi, o, oftalmologiya elmi sahəsində yeni kamil bir məktəbin rəhbəri ola bilərdi.

Ülvi keyfiyyətlərə malik olan akademik Zərifə xanım Əliyeva öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer vermişdir. O, bu mövzuya dair baxışlarını oftalmoloji ictimaiyyət və praktik həkimlər tərəfindən böyük rəğbətlə qarşılanmış “Həkimin yüksək vəzifəsi” və “Oftalmologiyanın aktual problemləri” monoqrafiyalarında ətraflı işıqlandırmışdır. Zərifə xanımın mənəvi zənginliyi, vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışları onun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində daha ətraflı şəkildə əks olunmuşdur. Zərifə xanım dəfələrlə deyirdi ki, həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir, xəstəyə ümid verir, orqanizmin xəstəliyə qarşı müqavimətini artırır və bəzən dava-dərmandan da güclü təsir göstərir. Zərifə xanım həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib etmiş, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərmiş, bütün tibb işçilərinin təkcə təhsilinin yox, həm də tərbiyəsinin vacibliyini ön plana çəkmişdir. Alim həkim-xəstə münasibətlərinə toxunaraq, insanlar arasında ən incə, yaxın və həssas münasibətlərin məhz həkimlə xəstə arasında olduğunu göstərmiş və “həkim xəstənin ən doğma adamıdır” demişdir. Zərifə xanımın tibbi etika və deontologiyaya dair məqalə və əsərləri ilə yaxından tanış olduqda, onun bu sahəyə dair işlərinin daha geniş miqyasda olduğu və təkcə tibbdə deyil, bütövlükdə, cəmiyyətdə insanlar arasında münasibətlərə həsr edildiyi məlum olur.

Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir.

Gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq- alim, Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca, yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətləri bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır.

Zərifə xanım Əliyeva elə insan idi ki, bir dəfə ünsiyyətdə olanlar onu ömrü boyu unuda bilmirdilər. Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi kimi əbədi qalırdı. Onun insanlara məhəbbəti qeyri-adi dərəcədə hüdudsuz idi. Zərifə xanım sevib-seçdiyi, ömrünü həsr etdiyi sənəti ilə bu istedadını tam gerçəkləşdirə bilirdi.

Zərifə xanım 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Atasının ömür yolu onun üçün əsil həyat məktəbinə çevrilib.

Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Üümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. O, Ulu Öndərimizə mənəvi dayaq, arxa olub.

Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb.

Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında tarixi sözlər demişlər. Moskva oftalmoloji məktəbi Zərifə xanımı oftalmologiyanın mirvarisi adlandırırdı. Dünya şöhrətli oftalmoloq akademik A.Nesterov demişdir: “Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi”. Akademik N.Puçkovskaya “Xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi” deyərək, alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulamışdır. Professor A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırmışdır. Professor N.Şulpina Zərifə xanımı dünya şöhrətli alim adlandıraraq, “biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik” demişdir.

Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülüb.

Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli Liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezidentimiz İlham Əliyevin anasıdır.

Zərifə xanım Əliyeva az yaşadı. O, istedadı və həyat enerjisi ilə gələcəkdə çox işlər görə bilərdi. Ömrünün sonuncu anına kimi o, həyatla, gələcək planlarla yaşayırdı. Zərifə xanım Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib. Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm, onun parlaq xatirəsi daim anılaraq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.

 

 

Səs.- 2013.- 12 fevral.- S.3.