Ulu Öndər Heydər Əliyev
Azərbaycanın qurucusu və
memarıdır
"Səs"
qəzetinin redaksiyasında Ulu Öndər Heydər Əliyevin
90 illik yubileyinə həsr olunmuş dəyirmi masa
keçirildi
Dünən "Səs" qəzetinin
redaksiyasında Ulu Öndər Heydər Əliyevin anadan
olmasının 90-cı ildönümünə həsr
olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada
YAP-ın Siyasi Şurasının üzvü, millət vəkili
Musa (Urud) Quliyev Yeni Azərbaycan Partiyası Qadınlar
Şurasının sədri Nurlana Əliyeva, YAP Siyasi
Şurasının üzvü Vilayət Əliyev, YAP Nizami
rayon təşkilatının sədri, Milli Məclisin
deputatı Sədaqət Vəliyeva, YAP Nəsimi rayon təşkilatının
sədri, millət vəkili Məlahət
İbrahimqızı, millət vəkili Tahir Rzayev, Bakı
şəhər Gənclər və İdman Baş İdarəsinin
rəisi Raqif Abbasov, Azərbaycan Dövlət İqtisad
Universitetinin ictimaiyyətlə əlaqələr və tələbələrlə
iş üzrə prorektor əvəzi Zəfər Bayramov
iştirak edirdilər.Tədbiri giriş sözü ilə
açan "Səs" qəzetinin baş redaktoru Bəhruz
Quliyev qeyd etdi ki, "Səs" qəzeti cəmiyyətin
maraq dairəsində olan ən aktual, əhəmiyyətli
mövzular çərçivəsində dəyirmi masalar təşkil
edir. Növbəti dəyirmi masanın Ulu Öndərin 90
illik yubileyinə həsr olunduğunu tədbir
iştirakçılarının diqqətinə
çatdırdı. O bildirdi ki, Prezident İlham Əliyevin
Ulu Öndərin 90 illiyinin qeyd edilməsi ilə bağlı
imzaladığı məlum Sərəncama əsasən
respublika miqyasında müxtəlif səpkili tədbirlərin
keçirilməsi planlaşdırılıb: "Biz də
"Səs" qəzeti olaraq cəmiyyətdə nüfuz
sahibi olan bir neçə ziyalının iştirakı ilə
Ulu Öndərin Azərbaycan müstəqilliyinin möhkəmləndirilməsi
və formalaşdırılması istiqamətində
gördüyü mühüm işlərə bir daha nəzər
salmağa qərar verdik. Ümummilli Lider Heydər Əliyevin
istər sovet məkanında yaşadığımız illərdə
- 1969-cu ildən başlayaraq Azərbaycanın Birinci Katibi vəzifəsində
çalışdığı zamanda, istərsə də
1993-cü ildə hakimiyyətə qayıdışından
sonra müstəqil Azərbaycanın ictimai-siyasi və mədəni
həyatında baş verən dönüş, inkişaf, eləcə
də, ölkəmizin dünya məkanında özünəməxsus
yer tutması Onun məqsədyönlü fəaliyyətinin məntiqi
nəticəsidir. Heydər Əliyev 1993-cü ildə, ölkəmizdə
siyasi böhran yaşandığı, vətəndaş
müharibəsi təhlükəsi yarandığı, Ermənistanın
təcavüzünün gücləndiyi bir vaxtda siyasi hakimiyyətə
qayıdaraq Azərbaycanda ictimai-siyasi sabitliyin
yaradılması üçün ciddi və təxirəsalınmaz
addımlar atdı. Ulu Öndər ölkədə
ictimai-siyasi, iqtisadi sabitliyin yaradılmasına uzaqgörən,
məqsədyönlü siyasəti ilə nail
oldu".B.Quliyev belə bir Tarixi Şəxsiyyətin 90 illik
yubileyi ərəfəsində təşkil olunan tədbirdə
Heydər Əliyevin hakimiyyəti dövründə yaşayan
və ölkənin ictimai-siyasi və mədəni həyatında
baş verən olayların şahidi olan
iştirakçılara Ulu Öndərin fəaliyyəti,
ölkənin çətin anlarında Onun atdığı
addımlar və qərarlar ətrafında fikirlərini
bölüşməyi təklif etdi.
"SƏS" QƏZETİNİN
ƏMƏKDAŞI:
-
Musa müəllim, yaxşı olardı ki, Ulu Öndərin
Azərbaycan ictimai-siyasi, mədəni həyatında
gördüyü işlərə diqqət yetirib, Heydər Əliyevin Azərbaycanın
müstəqilliyi, dövlətçiliyi baxımından məqsədli fəaliyyətini
xarakterizə edərdiniz.
HEYDƏR ƏLİYEVİN MƏQSƏDYÖNLÜ
SİYASƏTİ NƏTİCƏSİNDƏ HƏLƏ
SOVET DÖVRÜNDƏ AZƏRBAYCANIN İNKİŞAF
KONSEPSİYASI İŞLƏNİB HAZIRLANDI
MUSA QULİYEV:
-
İlk olaraq, "Səs" qəzetinin mövcud olan bu ənənəsinin
davamlılığına görə, minnətdarlığımı
bildirmək istəyirəm. Bugünkü dəyirmi masa da
yaşadığımız zaman üçün əhəmiyyətli
bir mövzu üzərində qurulmuşdur. Ulu Öndərin
Azərbaycan tarixində gördüyü işlərin
sayı o qədərdir ki, bu yola nəzər salıb,
ictimai-siyasi həyatdakı rolunu bir daha xarakterizə edib səciyyələndirmək
maraq doğurur. Azərbaycan xalqının bugünkü
inkişafı, gələcək uğurlarımız hər
zaman Ulu Öndərin xatirəsinin məhz belə
böyük qürurla yad edilməsinə səbəb olacaq.
Tarixdən bəllidir ki, Azərbaycan xalqı
özünün böyük şəxsiyyətləri ilə
tanınıb. Belə ki, Azərbaycanın görkəmli hərbi
xadimləri, tarixçiləri, elm fədailəri, sənətkarları
olmuş və bu gün də var. Amma Heydər Əliyev siyasi
görüşü, məfkurəsi ilə bütün bu
insanların zirvəsində duran şəxsiyyətdir. Belə
ki, Heydər Əliyev heç bir tarixi şəxsiyyətin Azərbaycan
xalqının xoşbəxt gələcəyi naminə
görmədiyi işlərə imza atıb. O, müstəqil
Azərbaycan dövlətini qurdu, yaratdı və onun əbədiyaşarlığını
təmin etdi. Müstəqil Azərbaycanın
konsepsiyasını yaratdı və xalqı bu dövlət ətrafında
birləşdirə biləcək ideyanın müəllifinə
çevrildi. Heydər Əliyev həyatını Azərbaycan
xalqının tanınması və inkişafı
üçün həsr etmiş bir şəxsiyyətdir.Azərbaycanın
sovet imperiyasının tərkibində yaşadığı
tarixi dövrə nəzər yetirək. 1969-cu ilin 14 iyul
tarixində Heydər Əliyevin Azərbaycanın Birinci Katibi
təyin olunduğu zamanda ölkəmiz SSRİ-nin tərkibində
olan respublikalar sırasında ən geridə qalmış
ölkələrdən biri idi. Sadəcə olaraq, Azərbaycan
aqrar xammal ölkəsi idi. Etiraf edək ki, Azərbaycanın
həmin dövrdə elmi potensialı, sənaye potensialı
demək olar ki, yox idi, sosial-mədəni tərəqqi də
nəzərə çarpmırdı. Heydər Əliyevin məqsədyönlü
siyasəti nəticəsində sovet dövründə Azərbaycanın
inkişaf konsepsiyası işlənib hazırlandı. 1969-cu
ilin avqust ayında keçirilən plenium demək olar ki,
bütün dünyaya səs saldı. Heydər Əliyev
SSRİ-yə göstərdi ki, əvvəlki qaydada yaşamaq
və işləmək mümkün deyil. Həmin dövrdən
etibarən Azərbaycanda aqrar sahədə inkişaf
özünü büruzə verməyə başladı.
Üzümçülük, pambıqçılıq sahəsində
nailiyyətlər əldə olundu və Azərbaycanı bir sıra uğurlar
müşayiət etdi. Eyni zamanda, Azərbaycanın sənaye
potensialı yarandı. Artıq Sovet İttifaqının son
dövründə Rusiya ilə yanaşı, Azərbaycan da
özü-özünü təmin etmək potensialına
malik idi. Azərbaycanın ali təhsil ocaqlarının
sayının çoxalması, eləcə də, maddi-texniki
bazasının güclənməsi, minlərlə abituriyentin
SSRİ-nin müxtəlif təhsil ocaqlarına göndərilməsi
və s. müstəqil Azərbaycanın inkişafı
üçün sovet dönəmində qoyulan bir təməl
idi. Keçmiş SSRİ məkanının ali təhsil
ocaqlarında azərbaycanlıların təhsil alması
üçün yaradılan şərait, sözsüz ki,
böyük əhəmiyyət kəsb edirdi. Eyni zamanda,
Naxçıvanski adına Hərbi Məktəbinin Azərbaycan
dövlətində - müsəlman ölkəsində
yaradılması özü bir cəsarət, qətiyyət tələb
edən amildir.Azərbaycan müstəqilliyini 1991-ci ildə rəsmi
olaraq elan etmiş olsa da, reallıq onu göstərir ki,
ölkədə quruculuq-abadlıq işlərinin
aparılması, siyasi sabitliyin təminatı Heydər Əliyevin
hakimiyyətə qayıdışı - 1993-cü il tarixi ilə
bağlıdır. Heydər Əliyev ölkədə
hökm sürən hərc-mərcliyin, vətəndaş
müharibəsinin, dövlətin parçalanmasının
qarşısını aldı. 1990-cı ilin sonlarında Azərbaycanda
artıq iqtisadi inkişafı dövr başlandı.
"SƏS" QƏZETİNİN
ƏMƏKDAŞI:
-
Vilayət müəllim, Ulu Öndər Heydər Əliyevin
hakimiyyəti dövründə idarəçiliyin, azərbaycançılıq
məfkurəsinin, dövlətçilik siyasətinin mahiyyətinə
nəzər salıb, bu gün cəmiyyət tərəfindən
bu gerçəkliklərin necə səciyyələndirərdiniz?
AZƏRBAYCANIN GÖZƏLLƏŞMƏSİ,
İQTİSADİ İNKİŞAFI, SİYASİ
SABİTLİYİ, ELMİ POTENSİALI, TURİZM İMKANLARI
HƏR BİR AZƏRBAYCANLIYA MƏMLƏKƏTİMİZLƏ
BAĞLI QÜRUR HİSSİ KEÇİRMƏYƏ ƏSAS
VERİR
VİLAYƏT ƏLİYEV:
- Ulu
Öndər Heydər Əliyev bütün keyfiyyətləri
ilə bəşəriyyətdə nadir şəxsiyyət
olaraq yer alıb. Bütövlükdə türk
dünyasını götürsək, çox
tanınmış şəxsiyyətlər olub. Amma konkret
olaraq, deyim ki, bir əsrdə türk dünyasının iki
böyük nəhəngi tarixdə silinməz izlər
salıb - Heydər Əliyev və Mustafa Kamal Atatürk.
Ayrı-ayrılıqda dövlətlərin yetirmələri
olan bu Şəxsiyətlər bəşəriyyət
üçün, türk dünyası üçün əvəzsiz
xidmətlərə malikdirlər. Onların hər biri
dünyaya açılan qapıda xalqına məxsus milli dəyərləri
yaymağa, təbliğ etməyə qadir olan Simalardır. Hər
iki Şəxsiyyət dövlətçiliyi
yaradıb, xalqı əsarətdən xilas ediblər. Heydər
Əliyev şəxsiyyəti və gördüyü işləri
vurğulamaq üçün aylarla zaman lazımdır.
Bugünkü Azərbaycan reallıqları məhz Onun məqsədli
fəaliyyətini əks etdirir. Azərbaycanın 200 il
keçə bilmədiyi inkişaf yolunu Heydər Əliyev
qısa bir zaman məsafəsində keçmişdir. Dövlətin
bazasını, bünövrəsini quran Heydər Əliyevdir.
Heydər Əliyev cismani dünyasını dəyişməzdən
öncə Azərbaycan dövlətinin gələcəyini
belə düşünmüş və Azərbaycan
xalqına müraciət edərək müasir dövrdə
dövlət başısı missiyasını daşıya
biləcək, İlham Əliyevin Prezidentliyə layiq
olduğunu irəli sürmüşdür. Bu gün Azərbaycanda
gedən inkişafın və əldə olunan nailiyyətlərin
nəticəsidir ki, dünya ölkələri Azərbaycanla əlaqələrini
genişləndirir. Dünyanın Amerika, Fransa, Almaniya,
İngiltərə kimi ölkələri Azərbaycanla əlaqələri
müxtəlif aspektlərdə qurur, genişləndirir ki,
bunun da təməli Ulu Öndər tərəfindən
qoyulmuşdur. Sovet imperiyası dağıldıqdan sonra
bütün sahələrdə olan böhran vəziyyətdən
çıxmaq, ölkəni inkişafa doğru aparmaq təbii
ki, böyük siyasi görüş, məqsədli fəaliyyət,
iradə, məntiq tələb edirdi. Bu gün biz yeraltı sərvətlərimizdən
qürur duyuruq. Təbii ki, dünyanın bir çox ölkələri
də məhz bu maddi, yeraltı sərvətlərinə
görə Azərbaycanı tanıyır. Onu da xüsusi qeyd
etmək yerinə düşər ki, ölkədəki
sabitlik, eləcə də, Azərbaycanın bütün
şərtlərə lazımı səviyyədə əməl
etməsi, dünya ölkələri ilə əməkdaşlığın
davamlılığına səbəb olan amillərdir. Bu
gün Azərbaycanın gözəlləşməsi, iqtisadi
inkişafı, elmi potensialı, turizm imkanları hər bir Azərbaycanlıya
məmləkətimizlə bağlı qürur hissi
keçirməyə əsas verir. Bütün bunların əsası
Heydər Əliyevin fəaliyyətinin məntiqi nəticəsidir.
Azərbaycanda beynəlxalq festivalların, konfransların və
s. mötəbər tədbirlərin keçirilməsi Azərbaycanda
hökm sürən sabitilikdən, əmin-amanlıqdan xəbər
verir. Heydər Əliyev çox böyük şəxsiyyət
olub, çox böyük şəxsiyyət olaraq da tarixdə
əbədiyaşarlıq qazanıb.
"SƏS" QƏZETİNİN
ƏMƏKDAŞI:
- Ulu
Öndər Heydər Əliyevin siyasi düşüncəsi,
məqsədyönlü fəaliyyəti, dövlətin
müstəqilliyinin qorunması və təməlinin daha da
möhkəmləndirilməsi məqsədi ölkə həyatının
bütün sahələrinin inkişafına yönəlmiş
və bunun məntiqi olaraq Azərbaycan qısa bir zamanda
uğurlara sahib olmuşdur. Məlahət xanım,
bütün bunların sırasında Dahi Öndər Heydər
Əliyev fəaliyyətində qadın siyasəti, vətəndaş
cəmiyyətinin formalaşmasında qadınların rolu diqqətdə
olmuş, buna xüsusi önəm vermişdir. Ulu Öndərin
qadın siyasətini necə qiymətləndirərdiniz?
ZAMAN ÖTDÜKCƏ HEYDƏR ƏLİYEVƏ
VERİLƏN QİYMƏT DAHA DA ALİLƏŞİR, ZƏNGİNLƏŞİR
MƏLAHƏT İBRAHİMQIZI:
- Azərbaycanın
dövlət qurucusu və yaradıcısı Ulu Öndərin
90 illik yubileyinin keçirilməsi ilə bağlı bu
gün təşkil etdiyiniz dəyirmi masa ilk tədbirlərdən
biri olduğuna görə "Səs" qəzetinə
öz minnətdarlığımı bildirirəm. Ulu Öndər
elə bir simadır ki, hər gün Nurlu Simanın
gördüyü işləri, əməlləri xatırlayır,
xoş təəssüratlar yaşayırıq. Zaman Ulu
Öndərin gördüyü böyük işlərə
öz qiymətini verib. Qeyd edim ki,
yaşadığımız sovet dövründə Ulu Öndər
Moskvaya Siyasi Büroya dəvət olunduqdan sonra Azərbaycan
artıq tamam başqa bir dövrünü
yaşayırdı. Heydər Əliyevin
başladığı bəzi işlər
yarımçıq qaldı. Azərbaycanda yaşanılan
durğunluq dövrü, sonrakı illərdə sovet hakimiyyətinin
dağılması ölkəmizdə siyasi vəziyyətin dəyişməsi
ilə nəticələndi. Bütün sahələrdə
yaranmış böhran, anarxiya, xaos
dövlətimizin xəritədən silinmək təhlükəsini
ortaya qoymuşdu. 1990-cı ildə 20 Yanvar hadisəsində
xalqımızın başına gətirilən oyunlar, blokada
vəziyyəti artıq Azərbaycanın Heydər Əliyev
Şəxsiyətinə böyük bir tələbatın
olduğunu göstərirdi. Heydər Əliyevin xalqın istək
və təkidi ilə 1993-cü ildə hakimiyətə
qayıdışı Ona göstərilən ən
böyük etimad idi. Müraciət Azərbaycanın
düşmüş olduğu bu xaosdan qurtarmaq
üçün ünvanlanmışdır. Ulu Öndər
bu çağırışa müsbət cavabını
verdi. Heydər Əliyevin xalqın təkidli tələbi ilə
Azərbaycana qayıdışı Azərbaycanın
varlığını qorudu. Onun mövcudluğunu qorudu. Bu
gün Azərbaycan varsa, bizlər varıqsa, birmənalı
olaraq deyə bilərik ki, bu Ulu Öndər Heydər Əliyevin
xidmətləridir. Sabit ölkənin vətəndaşıyıqsa,
bu, Heydər Əliyevin xidmətləridir. Bu gün Azərbaycanda
təməli qoyulmuş işlər Heydər Əliyevin
bütövlükdə həyatını həsr etdiyi fəaliyyətinin
məntiqi nəticəsidir. Heydər Əliyev Azərbaycanı
uğurlu gələcəyə aparan strategiyanı müəyyənləşdirdi.
Zaman ötdükcə, Heydər Əliyevə verilən qiymət
daha da aliləşir, zənginləşir. Heydər Əliyev
elə bir siyasi simadır ki, Onun fəaliyyəti ilə
bağlı danışdıqca sona yetməz.
(Ardı var)
Zümrüd BAYRAMOVA
Səs.- 2013.- 14 fevral.- S.8-9.