Azərbaycan Respublikası və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərinin formalaşması (1999-2001-ci illər)

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1999-cu il fevralın 16-da Prezident Sarayında Böyük Britaniyanın "Ramko" şirkətinin rəhbərlərini - Böyük Britaniyanın keçmiş xarici işlər naziri, şirkətin Direktorlar Şurasının üzvü Malkolm Rifkindi və şirkətin prezidenti Stiv Rempi qəbul etmişdir.

Görüşdə cənab Rifkind Böyük Britaniyada Azərbaycana artan maraqdan bəhs edərək demişdir: "Cənab Prezident, Birləşmiş Krallığa Sizin rəsmi səfərinizi böyük məmnuniyyətlə xatırlayırıq. O, çox uğurlu bir səfər idi və həftələr, aylar ötdükcə biz onun müsbət nəticələrini görürük. Azərbaycan ilə Böyük Britaniya arasındakı əlaqələrin və məsləhətləşmələrin miqyası da getdikcə artmaqdadır. Deməliyəm ki, Birləşmiş Krallığın parlamentində də Azərbaycana maraq artıb, ölkənizlə əlaqədar müzakirələr genişlənibdir. Həm İcmalar Palatasında, həm də Lordlar Palatasında Azərbaycan haqqında tezliklə böyük müzakirələr gözlənilir. Cənab Prezident, mənə elə gəlir ki, Sizin Britaniyaya rəsmi səfəriniz bu marağın artmasına səbəb olmuşdur.

Cənab Prezident, böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlıq yaxşı səviyyədədır. Mənə elə gəlir ki, Birləşmiş Krallıqda Azərbaycanı indi daha yaxşı anlayırlar. Cənab Prezident, bu əməkdaşlığı daha da genişləndirmək üçün biz yeni yollar arayıb tapırıq".

Prezident Heydər Əliyev cənab Rifkində təşəkkür edərək demişdir: "Bilirsiniz ki, Azərbaycan Böyük Britaniya ilə bütün sahələrdə əlaqələrini genişləndirmək istəyir. Ona görə də, bu istiqamətdə görülən hər bir iş bizim üçün çox əhəmiyyətlidir. Londonda bəyan etdiyimiz kimi, bu, bizim imzaladığımız bəyannamədə də öz əksini tapıbdır ki, Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələr strateji əməkdaşlıq xarakteri daşıyır. Bizim əlaqələrimiz adi iqtisadi əməkdaşlıq deyildir. Biz bu sahədə üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk və yetirəcəyik. Şübhəsiz ki, "Ramko" şirkəti ilə əməkdaşlıq da bizim bu böyük əməkdaşlığımızın mühüm bir hissəsidir.

1999-cu il iyunun 1-də Bakıda keçirilən "Xəzərneftqaz-99" altıncı beynəlxalq sərgi konfransda iştirak etmək məqsədi ilə Böyük Britaniya hökumətinin nümayəndəsi, Şotlandiya işləri üzrə departamentin biznes və sənaye naziri Lord Makdonald Azərbaycana gəlmişdir. Sərgi konfransın açılış mərasimindəki çıxışında cənab Makdonald fəxr etdiyini bildirmişdir ki, Britaniya şirkətləri Azərbaycanın neft sənayesinin dirçəlməsinə və inkişafına, o cümlədən, iki güclü qazma qurğusunun - "Dədə Qorqud" və "İstiqlal" qurğularının yaradılmasına, habelə, Qərb boru kəmərinin inşasına öz töhfəsini vermişdir.

1999-cu il avqustun 11-13-ü tarixində Britaniya-Azərbaycan Bütün Partiyaların Parlament Qrupunun altı üzvü Bakıya səfərə gəlmişdir. Azərbaycan Prezidenti Heydər Əliyev avqustun 11-də Prezident Sarayında həmin nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Prezident Heydər Əliyev Britaniya parlamentinin üzvlərinə müraciətlə demişdir:

- Hörmətli qonaqlar, mən sizi ürəkdən salamlayıram, Azərbaycana xoş gəlmisiniz! Çox məmnunam ki, keçən il Britaniyada, Londonda olarkən, görüşlərimiz zamanı mənim sizə etdiyim dəvəti gec də olsa yerinə yetirmisiniz.

Keçən il təxminən bu vaxt, ola bilər, bundan bir az əvvəl, yay vaxtı idi, mən Böyük Britaniyaya rəsmi səfər etdiyim zaman Londonda bir çox əhəmiyyətli görüşlər oldu və ölkələrimiz arasında çox mühüm sənədlər imzalandı. Baş nazir cənab Toni Bleyrlə çox əhəmiyyətli görüşlərimiz oldu. Ülyahəzrət Kraliça ilə görüşümüzü də çox məmnuniyyətlə xatırlayıram. Nazirlərlə də çox görüşlərim oldu. Eyni zamanda, parlamentdə görüşlər oldu. Xüsusən, Böyük Britaniya Azərbaycan Parlamentlərarası Dostluq Qrupu ilə görüşüm çox əhəmiyyətli oldu. Təbiidir ki, bunların hamısı Böyük Britaniya ilə Azərbaycan arasında mövcud olan əlaqələri daha da inkişaf etdirir. Hesab edirəm ki, Böyük Britaniyaya keçənilki rəsmi səfərimdən sonra bu sahədə xeyli işlər görülübdür. Bu sahədə Böyük Britaniya parlamentinin Azərbaycana olan çox dost, mehriban münasibəti də bizi çox sevindirir. Bütün bunlara görə, mən məmnunam ki, siz Azərbaycandasınız, ölkəmizin bu gününü görürsünüz, sizinlə danışıqlar aparmaq imkanına malikik. Hesab edirəm ki, bugünkü görüşlər, sizin bu səfəriniz də Azərbaycan - Böyük Britaniya əlaqələrinə böyuk töhfə olacaqdır. Mən sizi salamlayıram.

Nümayəndə heyətinin rəhbəri, Böyük Britaniya Parlamenti İcmalar Palatasının üzvü Corc Brüs Prezident Heydər Əliyevə təşəkkür edərək demişdir:

- Cənab Prezident, bizim nümayəndə heyətimiz ikiqat sevinc içindədir. Birincisi ona görə ki, burada, Sizin ölkənizdəyik. ikincisi isə, Sizin səhhətiniz çox gözəldir və tam inanırıq ki, bundan sonra da Azərbaycan üçün çox iş görəcək, Bakıda çoxlu binalar ucaldacaqsınız. İndiyə qədər burada əla görüşlərimiz olmuşdur. Ümumiyyətlə, proqramımız çox gözəl təşkil edilmişdir. Qəti əminik ki, Böyük Britaniyaya, nəinki Azərbaycan haqqında biliklər əldə edərək qayıdacağıq, həm də Azərbaycana bu vaxta qədər etdiyimizdən daha çox dəstək verəcəyik.

Zənnimcə, Sizin ölkəni tanıyanların hamısı bu fikirlə razılaşar ki, Azərbaycanda çox qısa müddətdə böyük dəyişikliklər, böyük irəliləyiş baş vermişdir. Baxmayaraq ki, hazırda ölkənizin irəliləməsinə həm Dağlıq Qarabağdakı böhran, həm də neftin qiymətlərinin aşağı düşməsi böyük təsir göstərir. Bütün bu çətinliklərə baxmayaraq, Siz gələcək inkişaf üçün, bütün sahələrdə irəliyə getmək üçün çox güclü baza yaratmısınız.

Deməliyəm ki, Sizin ölkəniz potensial cəhətdən çox kövrək bir coğrafi ərazidə yerləşmişdir. İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin bu qrupu buraya indiki səfərdən sonra Birləşmiş Krallığın Qafqaz və Orta Asiya siyasətinin necə olub-olmaması haqqında böyük raport yazacaqdır.

Dağlıq Qarabağ böhranı ilə rəsmi surətdə Minsk Qrupu məşğul olur. Biz elə etməliyik ki, gələcəkdə Minsk Qrupunun müəyyən elədiyi prinsiplər hər iki tərəf üçün ədalətii surətdə tətbiq olunsun. Yəni elə etməliyik ki, həm regionun sabitliyi, həm iqtisadi irəliləyişi, həm də dünyanın sabitliyi gözlənilsin. Elə etməməliyik ki, bu böhran regionda, beynəlxalq əlaqələrə xələl gətirsin.

Prezident Heydər Əliyev Corc Brüsə təşəkkür edərək demişdir:

- Əvvəla, Azərbaycan haqqında, ölkəmizin bu günü, Azərbaycanda baş vermiş müsbət dəyişikliklər barədə, əldə etdiyimiz nailiyyətlər barədə dediyiniz dəyərli sözlərə görə təşəkkürümü bildirirəm. Şəxsən mənim səhhətimin daha yaxşı olması haqqında fikirləriniz məni çox sevindirir. Təbiidir, mən ağır ürək cərrahiyyə əməliyyatı keçirmişəm. Əməliyyat günündən üç ay keçibdir, ancaq görürsünüz ki, çox yaxşıyam. Hesab edirəm ki, bundan sonra daha yaxşı olacağam. Sizin istək və arzularınızı, indicə dediyiniz kimi, Azərbaycanın daha da inkişafını təmin etmək və çoxlu yeni-yeni binalar tikmək, mən bu sözü çox maraqla qəbul edirəm, yerinə yetirməyə, şübhəsiz ki, nail olacağam, bunların hamısını təmin edəcəyəm.

Biz Böyük Britaniya ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrə xüsusi əhəmiyyət veririk. Keçən il Londonda olarkən hörmətli baş nazir cənab Toni Bleyr və mən təyin etdik ki, Böyük Britaniya ilə Azərbaycan arasındakı əlaqələr strateji əməkdaşlıq, tərəfdaşlıq xarakteri daşıyır. Bu formulun əsasında biz öz işlərimizi aparırıq.

1999-cu il oktyabnn 20-də Prezident Heydər Əliyev Böyük Britaniyanın səfiri Rocer Toması ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. Diplomatı mehribanlıqla salamlayan dövlətimizin başçısı Heydər Əliyev demişdir:

- Mən belə başa düşürəm ki, Siz burada işləmək istəmirsiniz, gedirsiniz. Səfir Deyvid Rocer Tomas respublikamızın rəhbərinə müraciətlə demişdir:

- Cənab Prezident. vaxtım başa çatır. Diplomat olmaq orduda xidmət etmək kimi bir şeydır. Böyük Britaniyanın xarici işlər naziri cənab Kuk əmr edibdir ki, bu vəzifədən getməlisən. Mən də cavab vermişəm ki, baş üstə, getməyə hazıram. Deyəsən, cənab Kuk belə hesab edir ki, mən daha çox azərbaycanlı oluram. Hər halda, mən azərbaycanlıya oxşayıram.

Cənab Prezident, mənim vaxtım başa çatdığına görə, özümə borc hesab etdim ki, bu gün Sizinlə görüşüm, həm bizimlə indiyə qədər apardığınız əməkdaşlığa, həm də Böyük Britaniya-Azərbaycan əlaqələrinin belə yüksək səviyyəyə çatdırılmasına verdiyiniz töhfəyə görə Sizə təşəkkürlərimi bildirim.

Mən Sizin ölkənin, demək olar ki, hər bir guşəsində - Qubada, Lənkəranda, Şəkidə, Bərdədə, bir çox başqa yerlərdə olmuşam. Ölkənizin müxtəlif guşələrində çoxsaylı azərbaycanlı ilə görüşmüşəm. Mən hətta Babadağın zirvəsinə də qalxmışam.

Onu da Sizə bildirməyi özümə borc bilirəm ki, gəzdiyim bütün bu yerlərdə nə özümə, nə təmsil etdiyim ölkəyə, nə də digər xarici ölkə nümayəndəsinə qarşı heç bir düşmənçilik hissi görməmişəm. Belə bir hal ilə heç də bütün ölkələrdə rastlaşmazsınız. Ona görə də, biz Azərbaycan xalqının bu xüsusiyyətini yüksək qiymətləndiririk.

Hesab edirəm ki, ölkələrimiz arasındakı münasibətlər olduqca yaxşı səviyyədədir. Bizim ölkələrin əməkdaşlığında ən çox qiymətləndirdiyim cəhət odur ki, respublikanızın nazirlərinə, rəsmi şəxslərinə nə düşündüyümü açıq şəkildə demək imkanım oldu, hökumətinizin nümayəndələri də öz düşüncələrini açıq surətdə mənə bildirdilər. Demək istəmirəm ki, biz həmişə razılaşırdıq, amma aramızdakı ünsiyyət daim çox yaxşı olubdur.

Bundan sonra mən San-Fransisko şəhərində Böyük Britaniyanın baş konsulu vəzifəsində çalışacağam. Lakin mən Azərbaycanın bir hissəsini ürəyimdə, qəlbimdə özümlə aparıram. Mən uzaqdan olsa da, Azərbaycanda baş verənlərı çox böyük maraqla izləyəcəyəm.

Böyük Britaniya və Azərbaycan münasibətlərində çox böyük nailiyyətlər qazanılıbdır. Bunlardan biri də Sizin Böyük Britaniyaya rəsmi səfərinizdir. Təəssüf edirəm ki, baş nazir Toni Bleyri Azərbaycana gətirməyə nail ola bilmədim. Ümidvaram ki, məndən sonra Bakıda səfir vəzifəsini yerinə yetirəcək şəxs bunu edə biləcəkdir.

Cənab Prezident, çox məmnunam ki, mən Bakıda işlədiyim dövrdə əməkdaşlarımızın sayı artırılmış, səfirliyimiz genişlənmişdir. İndi burada Böyük Britaniya Şurasının və Bi-Bİ-Si korporasiyasının nümayəndələri ilə yanaşı, çoxlu vətəndaşlarımız çalışır.

Bildirmək istəyirəm ki, Böyük Britaniyanın Azərbaycandakı fəaliyyəti, mən diplomatik fəaliyyəti nəzərdə tuturam, Moskvadan sonra, Qafqazdakı və bütün regiondakı fəaliyyətdən daha genişdir. Londonda Azərbaycan haqqında məlumat eşitmək arzusu günü-gündən daha da artır. Ümidvaram ki, Azərbaycana olan bu maraq getdikcə artacaq və ölkələrimiz arasındakı dostluq daha da genişlənəcəkdir. Sağ olun.

Dövlətimizin başçısı Heydər Əliyev səfirə təşəkkürünü bildirərək demişdir.

 - Hörmətli cənab səfir, mən sizin dediyiniz sözlərin hamısını təsdiq edirəm. Öz tərəfimdən  onu da demək  istəyirəm  ki,   biz  Azərbaycan-Böyük Britaniya əlaqələrinə çox böyük əhəmiyyət veririk.

Mən Azərbaycanda Prezident seçiləndən sonra ilk səfərlərimdən biri 1994-cü ilin fevral ayında Böyük Britaniyaya olubdur. Sonra isə Sizin dediyiniz kimi, mənim 1998-ci ildə Böyük Britaniyaya rəsmi səfərim Böyük Britaniya ilə Azərbaycan arasındakı əlaqələri çox yüksək səviyyəyə qaldırdı.

2000-ci il dekabrın 6-da Prezident iqamətgahında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycanda fövqəladə və səlahiyyətli səfir, təyin olunmuş Endryu Taker öz etimadnaməsini Prezident Heydər Əliyevə təqdim etmişdir.

Mərasimdə iki ölkə arasında əlaqələrdən bəhs edən səfir Endryu Taker demişdir: "Azərbaycan Böyük Britaniya üçün önəmli ölkədir. Azərbaycanda Böyük Britaniyanın 100-dən çox şirkəti fəaliyyət göstərir, onlar Azərbaycanın inkişafına və çiçəklənməsinə öz töhfələrini vermək istəyirlər. Mən bu işdə yardımçı olmaq əzmindəyəm".

Səfirin fikirlərinə münasibətini bildirən Azərbaycan Prezidenti Heydər Əliyev demişdir: "Siz tamamilə doğru buyurursunuz ki, Böyük Britaniya ilə Azərbaycan arasında çox geniş əlaqələr yaranıbdır. Bu əlaqələr bütün sahələri əhatə edir. Biz Böyük Britaniya ilə əlaqələrimizi yüksək qiymətləndirir və bunu çox əhəmiyyətli hesab edirik. Məhz bunun nəticəsidir ki, Azərbaycanda 100-dən artıq şirkət fəaliyyət göstərir.

Təbiidir ki, Azərbaycanda bunun üçün müvafiq şərait olmasaydı, Böyük Britaniyanın 100-dən artıq şirkəti Azərbaycana gəlməzdi və burada işləməzdi. Şübhəsizdir ki, bu, Azərbaycanın dövlət müstəqilliyinin nəticəsıdir və dövlət müstəqilliyinin möhkəmlənməsi, inkişaf etməsi ilə əlaqədardır. Xüsusən, bir tərəfdən Azərbaycanda yaranmış ictimai-siyasi sabitliklə, ikinci tərəfdən də Azərbaycana xarici investisiyanın gəlməsi üçün lazım olan şəraitin yaranması ilə əlaqədardır".

Təqdimetmə mərasimindən sonra Azərbaycan Prezidenti Heydər Əliyevlə Böyük Britaniyanın səfiri Endryu Taker arasında ölkəmizin Avropaya inteqrasiyası və bu prosesə Britaniyanın dəstəyi barədə ətraflı söhbət olmuşdur. Azərbaycandakı səfir kimi göstərəcəyi fəaliyyətdən bəhs edən cənab Endryu Taker demişdir: "Azərbaycanda səfir kimi fəaliyyətim dövründə qarşıya qoyduğum ən böyük vəzifələrdən biri ölkələrimizin xalqlarının, xüsusən də, gənclərin bir-biri barədə daha ətraflı məlumata malik olmasına töhfə vermək, bu işə yardımçı olmaqdır. Çox məmnun oldum ki, Siz mənə xeyir-dua verdiniz və ölkənizin hər bir guşəsinə gedərək, insanlarla daha yaxından tanış olmağım üçün hər cür şərait yaradılacağını söylədiniz".

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 15 fevral.- S.14.