Ulu Öndər Heydər Əliyev
Azərbaycanın qurucusu və
memarıdır
"Səs" qəzetinin
redaksiyasında Ulu Öndər Heydər Əliyevin
90 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi
(Əvvəli ötən sayımızda)
Dünən "Səs" qəzetinin redaksiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada YAP-ın Siyasi Şurasının üzvü, millət vəkili Musa (Urud) Quliyev, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva, YAP Siyasi Şurasının üzvü Vilayət Əliyev, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, millət vəkili Tahir Rzayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Dövlət İqtisad Universitetinin ictimaiyyətlə əlaqələr və tələbələrlə iş üzrə prorektor əvəzi Zəfər Bayramov iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev qeyd etdi ki, "Səs" qəzeti cəmiyyətin maraq dairəsində olan ən aktual, əhəmiyyətli mövzular çərçivəsində dəyirmi masalar təşkil edir. Növbəti dəyirmi masanın Ulu Öndərin 90 illik yubileyinə həsr olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. O bildirdi ki, Prezident İlham Əliyevin Ulu Öndərin 90 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı məlum Sərəncama əsasən respublika miqyasında müxtəlif səpkili tədbirlərin keçirilməsi planlaşdırılıb: "Biz də "Səs" qəzeti olaraq cəmiyyətdə nüfuz sahibi olan bir neçə ziyalının iştirakı ilə Ulu Öndərin Azərbaycan müstəqilliyinin möhkəmləndirilməsi və formalaşdırılması istiqamətində gördüyü mühüm işlərə bir daha nəzər salmağa qərar verdik. Ümummilli Lider Heydər Əliyevin istər sovet məkanında yaşadığımız illərdə - 1969-cu ildən başlayaraq Azərbaycanın Birinci Katibi vəzifəsində çalışdığı zamanda, istərsə də 1993-cü ildə hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanın ictimai-siyasi və mədəni həyatında baş verən dönüş, inkişaf, eləcə də, ölkəmizin dünya məkanında özünəməxsus yer tutması Onun məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsidir. Heydər Əliyev 1993-cü ildə, ölkəmizdə siyasi böhran yaşandığı, vətəndaş müharibəsi təhlükəsi yarandığı, Ermənistanın təcavüzünün gücləndiyi bir vaxtda siyasi hakimiyyətə qayıdaraq Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atdı. Ulu Öndər ölkədə ictimai-siyasi, iqtisadi sabitliyin yaradılmasına uzaqgörən, məqsədyönlü siyasəti ilə nail oldu".
B.Quliyev belə bir Tarixi Şəxsiyyətin 90 illik yubileyi ərəfəsində təşkil olunan tədbirdə Heydər Əliyevin hakimiyyəti dövründə yaşayan və ölkənin ictimai-siyasi və mədəni həyatında baş verən olayların şahidi olan iştirakçılara Ulu Öndərin fəaliyyəti, ölkənin çətin anlarında Onun atdığı addımlar və qərarlar ətrafında fikirlərini bölüşməyi təklif etdi.
"QADINLAR
DÖVLƏTÇİLİYİMİZİN, MÜSTƏQİLLİYİMİZİN,
BU GÜNÜMÜZÜN DAYAĞIDIRLAR"
MƏLAHƏT
İBRAHİMQIZI:
- Ulu Öndər Heydər Əliyev çox müdrik və uzaqgörən bir siyasətçi idi. İstər sovet dövründəki rəhbərliyi illərində, istərsə də, müstəqillik dövründə dünyada gedən prosesləri çox gözəl analiz edirdi. Ümummilli Lider Heydər Əliyevin sovet məkanında yaşadığımız illərdə dilin yasaq olduğu bir zamanda Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsindəki rolu Onun ən böyük xidmətləri sırasındadır. Azərbaycan dili xalqın kimliyini ifadə edir.
Bildiyimiz kimi, ötən əsrin 90-cı illərinin əvvəli Azərbaycan üçün çox təhlükəli bir zaman idi. Faciəvi hadisələrin sayı hesaba gəlmirdi. Ölkədə siyasi sabitliyin olmadığı dövrdə insanların sabaha ümidi belə yox idi. Heydər Əliyev xalqın təkid və istəyi ilə hakimiyyətə gəldi. Bu, artıq xalqın Ulu Öndərə verdiyi qiymət və etimadı idi. Zaman ötdükcə biz Onun böyüklüyünü daha dərindən dərk edir və fəlsəfəsini anlayırıq. Heydər Əliyevin xidmətlərindən çox danışmaq olar. Gördüyü işlərə nəzər yetirərkən Müdrik Şəxsiyyət olduğu bir daha təsdiqini tapır. İstər sovet dövründəki rəhbərliyində, istər Siyasi Büroda çalışdığı zaman, istərsə də müstəqillik dövründə xalqın dəyərlərinə önəm verirdi.
Hər zaman Azərbaycan qadınının ictimai fəallığına qiymət verən Heydər Əliyev hələ Azərbaycanın Birinci Katibi olarkən 1969-cu ilin avqust ayının 2-də Ümumrespublika Qadın Fəallarının Konfransını keçirir və qadın üzərinə düşən öhdəlikləri qeyd etməklə yanaşı, cəmiyyətdə qadına qarşı zorakılıq olduğunu da vurğulayır. Heydər Əliyev qadınların elm və digər sahələrdəki fəallığının artırılmasına diqqət yetirirdi. Çox keçmir ki, komsomolda təmsil olunan qadınların konfransı da təşkil olunur. Onun konfranslarda qadınlarla bağlı söylədiyi fikirlər, aforizmlər Azərbaycan qadınına verilən qiymət, onların həyat stimulu idi. Ümumrespublika Qadın Fəallarının Konfransından on il sonra 1979-cu ildə ilk dəfə olaraq Birləşmiş Millətlər Təşkilatında qadın haqları ilə bağlı qətnamə qəbul olundu. Qətnamədə qadınlara qarşı ayrıseçkiliyin ləğv olunması məsələsi qabardılmışdır. Artıq bu məsələ Heydər Əliyev tərəfindən keçirilən qeyd etdiymiz toplantıda öz əksini tapırdı. Bu toplantı, eyni zamanda, qadının üzərinə düşən bir məsuliyyəti ortaya qoyurdu, qadının cəmiyyətdə, dövlət idarəçiliyində rolunu səciyyələndirirdi. Heydər Əliyev ölkənin Lideri kimi Azərbaycan qadınlarının əməyini yüksək qiymətləndirirdi. "Azad qadın" heykəlinin açılışında, "Azərbaycan qadını" jurnalının 50 illik yubileyində Heydər Əliyevin çıxışları Azərbaycan qadını ilə bağlı olan düşüncələrini açıq-aydın göstərirdi. Heydər Əliyevin dövründə qadınların elm, dövlətçilik, təsərrüfat sahəsində fəallığının faizi xeyli artmışdır. "Qadınlar dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün dayağıdırlar" ifadəsini Lider - Heydər Əliyev səsləndirib. Heydər Əliyevin müdrikliyinin əsasında Azərbaycan qadınının bütün sahələrdə fəallığının artırılması müşahidə olundu. 1991-ci ildə Azərbaycan müstəqilliyini qazandı. Bu gün insan haqlarından danışan müxalifət 8 Mart Beynəlxalq Qadınlar Gününü ləğv etdi. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə çox ağır bir vəziyyətin olduğu zamanda qadın siyasətinə önəm verib və bir sıra konsepsiyaları reallaşdırmaqla yanaşı, qadınlarla bağlı məsələləri də bərabər olaraq diqqətdə saxladı. 1995-ci ildə Pekində dünya qadınlarının konfransı keçirildi. Qeyd etdiyim konfransda Azərbaycan qadın nümayəndə heyəti təmsil olundu və sessiyaya rəhbərlik etdi. Bu, o demək idi ki, ən çətin bir zamanda biz BMT-nin qarşıya qoyduğu öhdəlikləri tam yerinə yetirmişdik. Ulu Öndərin Sərəncamı əsasında 1998-ci ildə Azərbaycanda Qadın Komitəsi yaradıldı mən də həmin komitədə çalışmışam. O, Azərbaycanda gənc qadın və qızları irəli çəkirdi. 2000-ci il 6 mart tarixində Ulu Öndər ölkədə dövlət qadın siyasətinin həyata keçirilməsi ilə bağlı Fərman imzaladı. Həmin sənəd BMT-nin üzv olduğu ölkələrə paylanıldı və ən yüksək sənəd olaraq diqqətdə saxlanıldı. Qadın siyasəti dövlət siyasətinin tərkibinə çevrildi. Möhtərəm Prezidentimiz İlham Əliyev bu siyasəti uğurla davam etdirir, qadınlara motivasiya kimi, örnək olaraq Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyeva geniş miqyaslı layihələri ilə ölkə daxilində, onun sərhədlərindən kənarda çox böyük işlər görür. Azərbaycan qadının obrazını dünyaya təqdim edir.
Ulu Öndərin müdrik siyasətinin təntənəsidir ki, bu gün ölkəmiz sıçrayışlı, dinamik templərlə irəliləyir. Möhtərəm Prezidentimiz İlham Əliyev Heydər Əliyevin iqtisadi strategiyasını və siyasi kursunu mənimsəyərək daha da yeniləşdirib, modernləşdirib dünyaya təqdim edir.
HEYDƏR ƏLİYEV
DÜNYA SVİLİZASİYASININ TANIDIĞI ƏN
BÖYÜK RƏSSAMLARDAN VƏ BİRİNCİLƏRDƏN
BİRİDİR Kİ, XƏYALINDA QURUB-YARATDIĞI AZƏRBAYCANI
ƏLVAN BOYALARLA BU TORPAQ ÜZƏRİNƏ
KÖÇÜRƏ BİLMİŞDİR
NURLANA ƏLİYEVA:
- Çox fərəhləndiricidir ki, Ulu Öndərin 90 illik yubileyi ərəfəsində xalqımız onu belə dəyərləndirir və xatırlayır. Hər bir Azərbaycan vətəndaşı mövqeyi və cinsindən asılı olmayaraq bilir ki, işıqlı, inkişaf edən dövlətimiz Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir. Biz hər zaman Heydər Əliyev ideyaları ilə bəhrələnmişik və indi də bəhrələnirik. Salvador Dalinin rus çarı birinci Pyotr haqqında dediklərini Heydər Əliyevə şamil etmək istərdim. Heydər Əliyev dünya svilizasiyasının tanıdığı ən böyük rəssamlardan və birincilərdən biridir ki, xəyalında qurub yaratdığı Azərbaycanı əlvan boyalarla bu torpaq üzərinə köçürə bilmişdir. Heydər Əliyevin hakimiyyətdə olduğu dövrü nəzərdən keçirərkən görürük ki, Azərbaycanda görülən hər bir iş Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev hakimiyyətə qayıdarkən uçurumda olan bir dövlətin bugünkü səviyyəyə gəlib çatmasına rəvac verib. Bugünkü həyatımızda, inkişafımızda Heydər Əliyevin müdrik siyasəti dayanır. Onun Azərbaycanın milli-mənəvi dəyərlərinə verdiyi qiyməti də qeyd etmək istəyirəm. Heydər Əliyev Azərbaycanın Birinci Katibi təyin olunduqda, mən gənc bir kadr idim. Onun qeyd etdiyimiz 1969-cu il avqust tarixli plenumu məndə çox böyük maraqla və həvəs yaratdı. Sadə insanlarla ünsiyyəti, dilimizə, dinimizə, milli dəyərlərimizə verdiyi böyük qiymət, etimad və hörmət bütün çıxışlarında, görüşlərində özünü büruzə verirdi. Bu gün göz önündə Heydər Əliyevin portreti bütün ali dəyərləri ilə canlanır.
1995-ci ildə YAP Qadınlar Şurasının yaradılması da Onun təkidi ilə olmuşdur. Azərbaycan qadınları bu ətrafda birləşdi. Heydər Əliyevin siyasəti, dostluğu, sülh və əmin-amanlığı dünya ölkələri ilə birgə yaşamağı təmin edirdi. Heydər Əliyev siyasətinin məntiqi olaraq Azərbaycan Konstitusiyasında bütün hüquqlarımız müdafiə olundu.
Heydər Əliyevin diqqətindən ağsaqqallar, ziyalılar, yazıçı, şairlər və digər sahədə çalışan insanlar yayınmırdı. Azərbaycan yazıçı və şairlərinə verilən qiymət öz mahiyyəti ilə səciyyələnir. Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana gətirilməsi elə sənətkarlara olan diqqət idi. Azərbaycan ədəbiyyatının qəhrəmanlarından gənclərimiz bəhrələndiyindən Heydər Əliyev bu sahənin yaradıcılarına hörmətlə yanaşırdı. Azərbaycan ədəbiyyatını, dilini, tarixini, etnoqrafiyasını çox dərindən bilən bir Dahi Şəxsiyyət idi.
Heydər Əliyevin 2000-ci ildə milli-mənəvi dəyərlərin qorunub-saxlanılması haqqındakı bəyanatı əhəmiyyətlidir. Dövlət rəhbərinin milli dəyərlərimizə qiymət verməsi, hər bir sahəyə diqqət göstərməsi, əxlaqi dəyərləri yüksək tutması və gənclərdə xalqa məxsus olan keyfiyyətlərin aşılanması bu və ya digər sənədlərdə öz əksini tapır. Heydər Əliyev siyasəti, müdrikliyi, zəkası bu gün də bizimlədir və Azərbaycan inkişafa doğru irəliləyir. Bildiyimiz kimi, qarşıdan Prezident seçkiləri gəlir. Azərbaycan qadınları Heydər Əliyev ideyaları naminə fəallıq göstərəcəklər. Azərbaycan qadını Heydər Əliyevə borcludur, çünki bugünkü firəvanlıq, əmin-amanlıq Onun ideyalarının məntiqidir.
Heydər Əliyev dünya ölkələri sırasında çox sürətlə inkişaf edən Azərbaycanın mənəvi atasıdır desək, yanılmarıq. Heydər Əliyevin siyasi, dövlətçilik fəaliyyəti ilə yanaşı, ailədə qoyduğu qayda-qanun da o qədər güclü idi ki, müasir həyatımızda bu ailə üzvləri dövlət idarəçiliyində, ictimai həyatda mühüm yer tuturlar. Özü qədər inandığı Azərbaycan Prezidenti İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürməsində heç də yanılmamışdır. Onun siyasətindən bəhrələnmiş Prezident İlham Əliyev Ulu Öndərin siyasətini uğurla davam etdirir. Mehriban xanım Əliyevanın dünya ölkələrində həyata keçirdiyi tədbirlərdə xalqlar Azərbaycan qadınını tanıyır, Azərbaycan qadınının böyük zəkaya, mənəvi dəyərlərə malik olduğunu görürlər. Bu gün dünya ölkəsində Azərbaycan qadını sülhsevər obrazda öz təsdiqini tapır.
ULU ÖNDƏR
HEYDƏR ƏLİYEV MÜASİR DÜNYANIN SİYASİ VƏ
TARİXİ ŞƏXSİYYƏTİDİR
SƏDAQƏT VƏLİYEVA:
- Ulu Öndər Heydər Əliyevi ucaldan, Onun ən yüksək zirvədə adının hallanmasına səbəb torpağına bağlılığı, vətənə sevgisi olub. Heydər Əliyevin istər Azərbaycanın Birinci Katibi olduğu illər, istərsə də müstəqillik dövründəki hakimiyyəti Azərbaycanı yüksək inkişafa doğru aparıb. Ölkənin sənaye ölkəsinə çevrilməsində, hərbi potensialının güclənməsində, kadr potensialının hazırlanmasında və s. proseslərdə uğurlar müşayiət olunub.
Qeyd edim ki, hələ Milli Təhlükəsizlik Komitəsində işlədiyi dövrdə belə Heydər Əliyevin böyük xidmətləri Azərbaycana başucalığı gətirmişdir. Belə ki, vətən xaini adını almış bir çox insanların bəraət qazanması Onun iradəsi, zəkası, qətiyyəti zəminində reallaşmışdır. Bildiyiniz kimi, Böyük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş Mehdi Hüseynzadənin üzərindən vətən xaini damğasının götürülməsi və milli qəhrəman adının alması Heydər Əliyevin fəaliyyətində baş tutmuşdur. Ulu Öndər neçə-neçə azərbaycanlının üzərindən bu damğanı götürdü. Təbii ki, belə bir iş reallaşdırmaq böyük ürək sahibi, cəsarət tələb edirdi.
Müstəqil Azərbaycan dövlətinin dirçəlməsi, onun mövqeyinin, təməlinin möhkəmlənməsində rolu əvəzsizdir. Heydər Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti idi. O, hər bir kəsə böyük diqqət və qayğı göstərirdi. Ümummilli Liderin fəaliyyətinə ümumilikdə nəzər saldıqda qətiyyətlə deyə bilərik ki, dünya məkanında Heydər Əliyev kimi ikinci bir rəhbərə təsadüf etmirik. Ulu Öndər Heydər Əliyev müasir dünyanın siyasi və tarixi şəxsiyyətidir.
(Ardı var)
Zümrüd BAYRAMOVA,
Nəzakət ƏLƏDDİNQIZI
Səs.- 2013.- 15 fevral.- S.8-9.