Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır

 

"Səs" qəzetinin redaksiyasında Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi

 

(Əvvəli ötən sayımızda) 

 

Dünən "Səs" qəzetinin redaksiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada YAP-ın Siyasi Şurasının üzvü, millət vəkili Musa (Urud) Quliyev, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva, YAP Siyasi Şurasının üzvü Vilayət Əliyev, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, millət vəkili Tahir Rzayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Dövlət İqtisad Universitetinin ictimaiyyətlə əlaqələr və tələbələrlə iş üzrə prorektor əvəzi Zəfər Bayramov iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev qeyd etdi ki, "Səs" qəzeti cəmiyyətin maraq dairəsində olan ən aktual, əhəmiyyətli mövzular çərçivəsində dəyirmi masalar təşkil edir. Növbəti dəyirmi masanın Ulu Öndərin 90 illik yubileyinə həsr olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. O bildirdi ki, Prezident İlham Əliyevin Ulu Öndərin 90 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı məlum Sərəncama əsasən respublika miqyasında müxtəlif səpkili tədbirlərin keçirilməsi planlaşdırılıb: "Biz də "Səs" qəzeti olaraq cəmiyyətdə nüfuz sahibi olan bir neçə ziyalının iştirakı ilə Ulu Öndərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və formalaşdırılması istiqamətində gördüyü mühüm işlərə bir daha nəzər salmağa qərar verdik. Ümummilli Lider Heydər Əliyevin istər sovet məkanında yaşadığımız illərdə - 1969-cu ildən başlayaraq Azərbaycanın Birinci Katibi vəzifəsində çalışdığı zamanda, istərsə də 1993-cü ildə hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanın ictimai-siyasi və mədəni həyatında baş verən dönüş, inkişaf, eləcə də, ölkəmizin dünya məkanında özünəməxsus yer tutması Onun məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsidir. Heydər Əliyev 1993-cü ildə, ölkəmizdə siyasi böhran yaşandığı, vətəndaş müharibəsi təhlükəsi yarandığı, Ermənistanın təcavüzünün gücləndiyi bir vaxtda siyasi hakimiyyətə qayıdaraq Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atdı. Ulu Öndər ölkədə ictimai-siyasi, iqtisadi sabitliyin yaradılmasına uzaqgörən, məqsədyönlü siyasəti ilə nail oldu".

B.Quliyev belə bir Tarixi Şəxsiyyətin 90 illik yubileyi ərəfəsində təşkil olunan tədbirdə Heydər Əliyevin hakimiyyəti dövründə yaşayan və ölkənin ictimai-siyasi və mədəni həyatında baş verən olayların şahidi olan iştirakçılara Ulu Öndərin fəaliyyəti, ölkənin çətin anlarında Onun atdığı addımlar və qərarlar ətrafında fikirlərini bölüşməyi təklif etdi.

 

TAHİR RZAYEV:

 

- Ulu Öndər Heydər Əliyev hər zaman deyirdi ki, Azərbaycan mənim nəfəsim, həyatımdır. Doğma vətənim Azərbaycana bağlıyam. Heydər Əliyevin böyüklüyü Onun sözü ilə əməlinin birliyində idi. Bizim gəncliyimiz Heydər Əliyevin Azərbaycanın Birinci Katibi olduğu dövrə təsadüf edib və həmin zaman keçirilən müşavirə, konfransların iştirakçısı olmuşam. Onun  insanlarla səmimi şəkildə görüşü, təklif və istəklərini axıra qədər dinləmək bacarığı, böyüklüyü məndə qürur yaradıb. Ulu Öndər hər zaman çalışırdı ki, insanların istəklərini, arzularını reallaşdırsın.  İnsanlara böyük inamı var idi. İnsanlar da Onun diqqət və qayğısından bəhrələnirdi. Ulu Öndərin Ağcabədiyə səfəri yaxşı yadımdadır. Həmin səfərdə sadə insanlarla görüş zamanı bir qadın Ona yanaşaraq yaşadığı məkanda dəyirman tikilməsini xahiş etdi ki, orada un üyütsünlər. İnanın ki, bir il keçmədi və orada böyük bir çörək zavodu tikdirdi və çörək istehsalına başlanıldı. Bu görüşlər zamanı onlarla belə hadisələr olmuşdur. Bu gün Heydər Əliyevin böyüklüyündən danışırıq. Bu böyüklük, müdriklik, qətiyyət təkcə Azərbaycanda deyil, dünya dövlətlərinin diqqətində olduğundan, beynəlxalq aləm Heydər Əliyevi müdrik siyasətçi kimi xatırlayır. Azərbaycançılıq ideyalarının bütün dünyada şaxələnməsi Onun  fəaliyyətində reallığa çevrildi.

Azərbaycan xalqı qurub-yaratdığı Azərbaycana, dövlətçiliyə görə Heydər Əliyevə borcludur. Etiraf edək ki, 15-20 il bundan öncə kimsə söyləsəydi ki, Azərbaycan peyki kosmosa qalxacaq, heç kəs buna inanmazdı, yaxud da Avropa oyunlarının Azərbaycanda keçirilməsinə, Azərbaycanın beynəlxalq millətlər təşkilatının qeyri-daimi üzvü olacağına, eləcə də, beynəlxalq musiqi yarışmasının paytaxtımızda reallaşmasına kimsə belə inana bilməzdi. Bütün bu nailiyyətlərimizə görə Heydər Əliyevə borcluyuq. Heydər Əliyevin qoyub getdiyi tükənməz irs əsrlər boyu yaşayacaqdır. Bu gün Onun siyasi kursu, ideyaları Azərbaycan Prezidenti İlham Əliyev uğurla ideyalarını davam etdirir.

 

"SƏS" QƏZETİNİN ƏMƏKDAŞI:

 

-  Ulu Öndərin bir kəlamı var. Müstəqilliyi qazanmaq çətindir, onu qorumaq ondan da çətindir. Azərbaycanın müstəqilliyini qorumaq yolunda Ulu Öndər hansı addımları atırdı?

 

HEYDƏR ƏLİYEV İNQİLABLAR YOLU İLƏ İSLAHATLAR YOX, İSLAHATLAR YOLU İLƏ İNQİLABLAR YARATMIŞDIR

 

ZƏFƏR BAYRAMOV:

 

- Belə bir deyim var: adını tarixə yazanlar, adı ilə tarixi yazanlar. Heydər Əliyevin adı Azərbaycan tarixinə böyük hərflərlə həkk olunub. Heydər Əliyev Atatürk qədər bir yüksəklikdə duran türkdür. O, min illərdən bir yetişən dahidir. Ulu Öndərin fəaliyyətini xarakterizə etdikcə, belə qənaətə gəlmək olar ki, Heydər Əliyev inqilablar yolu ilə islahatlar yox, islahatlar yolu ilə inqilablar yaratmışdır. O, hər zaman güc siyasətinə siyasətin gücünü qoymuşdur. Bu, Onun dahiliyindən irəli gəlirdi. Əsas rəhbər iki keyfiyyətə malik olmalıdır. Bilik, savad, intiligent və iradə. Bu iki keyfiyyətin hər biri şəxsiyyətdə cəmləşdikdə səmərəsi olur. Mən Heydər Əliyevin Azərbaycanın Birinci Katibi olduğu dövrə nəzər salmaq istəyirəm. O, gələcək müstəqil Azərbaycanın iqtisadi inkişafı üçün yüksək ixtisaslı kadrların hazırlanmasına önəm vermişdir. 1969-1983-cü illərdə SSRİ-nin ən iri şəhərlərinin nüfuzlu təhsil ocaqlarında 250 ən zəruri ehtiyac duyulan ixtisas üzrə Azərbaycan gənclərinin təhsil almasına şərait yaratmışdır. Müstəqillik illərində Heydər Əliyev onları milli sərvət adlandırırdı. Bu sərvət olmasaydı, bizim müstəqilliyimiz davamlı ola bilməzdi. Heydər Əliyevin ən böyük xidmətlərindən biri elmə göstərdiyi qayğı və diqqətidir. Hakimiyyətə qayıdışından iki ay sonra Azərbaycan Milli Elmlər Akademiyasının ziyalıları ilə görüş keçirdi. Məlumdur ki, xalq cəbhəsinin dövründə akademiyanın bağlanma ehtimalı yaranmışdır. Azərbaycanın beyin bazasını bu uçurumdan xilas etdi. 1999-cu ildə təhsil sistemində islahatlar aparılmağı başlanıldı. Təhsillə bağlı qanunun qəbul edilməsi, təbii ki, Azərbaycanın elminə olan qayğısı idi.

Son dövrdə demokratiya, insan azadlığı ilə bağlı fikirlər səslənilir. Xüsusilə də, müxalifət tərəfindən. Heydər Əliyevin belə bir sözü var: demokratiya qısa bir zamanda əldə olunmur. Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Demokratik təsisatların yaranması, bilavasitə insan şüurunda baş verən təkamül yolu ilə dəyişikliklər insan kapitalı ilə bağlıdır. İnsan kapitalı fiziki sağlamlıq, intellekt səviyyəsi, üstəgəl milli ruha bərabərdir. Milli-mənəvi dəyərlər insan kapitalının özəyini təşkil edir. Heydər Əliyev Ümummilli Lider yox, ümumbəşəri Liderdir. Bunu tək biz yox, dünyanın görkəmli ictimai xadimləri etiraf edib. Fransanın sabiq prezidenti demişdir ki, Heydər Əliyev dünya prezidentlərinin patriarxıdır. Kifayət qədər belə fikirlər Heydər Əliyev haqqında söylənilib. Heydər Əliyev məktəbinin ən layiqli məzunu Azərbaycan Prezidenti İlham Əliyev Onun layiqli davamçısıdır. Cənab Prezident özü etiraf edib ki, hər hansı bir qərar qəbul etməmişdən əvvəl, düşünürəm ki, Heydər Əliyev necə hərəkət edərdi. Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlər dövlətimizin gələcək təminatına hesablanıb.

 

"SƏS" QƏZETİNİN ƏMƏKDAŞI:

 

- Raqif müəllim, Ulu Öndərin gənclər siyasəti gənclərin inkişafına, onların dünya miqyasında təmsil olunmasına hansı töhfələrini verdi? 

 

İDMAN KİMİ DÖVLƏT RƏMZLƏRİNİ NÜMAYİŞ ETDİRƏN 2-Cİ BİR VASİTƏ YOXDUR

 

RAQİF ABBASOV:

 

- Müstəqil dövlətimizin ilk illərində Azərbaycanın bütün sahələrində olduğu kimi, bəlkə də, yüzilliklərə qədər hesablanmış gənclər siyasətinin əsası qoyulmuşdur. 20 il bundan əvvəl Ulu Öndərin dediyi fikirlər Avropa ölkələrində bu gün səsləndirilir. 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı ki, bu gün belə qurumun Asiya dövlətlərində yaradılmasının şahidiyik.

2 Fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmasının təməli Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu gün biz həmin gününün Avropa ölkələrində təsis olunduğuna rast gəlirik. Bu günə qədər  Azərbaycanda 6 gənclər forumu keçirilmişdir. 1996-cı ildə keçirilən birinci forumda Ümummilli Liderin iştirakı dövlət və gənclər birliyinin əsasını qoydu.

Gənclər siyasətindən danışarkən, idman siyasətini də önə çəkməliyik. Heydər Əliyev tərəfindən İdman Günü təsis olundu. Qeyd edək ki, Ulu Öndərin hakimiyyətə qayıdışına qədər Azərbaycan idmançıları yaranmış mühitin nəticəsində ölkəmizdən gedir, ayrı-ayrı şəxslər tərəfindən alət kimi istifadə olunurdu. Azərbaycan idman qurumları ticarət mərkəzlərinə çevrilmişdir. Heydər Əliyevin hakimiyyətə qayıdışı və görülən işlərin məntiqi olaraq idman sahəsində böyük dönüş yaradıldı. Əl Oyunları Sarayı da idmançılarımıza qaytarıldı.

Görün, Heydər Əliyev nə qədər qabaqlayıcı düşüncələrə malik müdrik Şəxsiyyətdir. Azərbaycanda elə bir sahə, dövlət qurumu, təşkilat yoxdur ki, orada gənclər təmsil olunmasın. Əhalinin 35 yaşa qədər olan hissəsinin 60 faizini gənclər təşkil edir. Bu gün Azərbaycan gəncliyi artıq təşkilatlanıb. Hər bir gəncin siyasi düşüncəsindən asılı olmayaraq, özünü cəmiyyətdə təsdiq etməsi üçün şərait var. Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin gənclər siyasətini davam etdirir. Bu gün dünya ölkələri beynəlxalq olimpiya oyunlarının Azərbaycanda keçirilməsini  xahiş edir.

Azərbaycanda 2007-ci ildə ilk dəfə olaraq "Gənclər İli" elan olunmuşdursa, Avropa ona sonradan qərar verdi. Bu gün Gənclər Fondu fəaliyyətdədir. Dövlət Proqramları mükəmməl bir qanun olaraq gənclərin hərtərəfli inkişafına yol açıb.

Bu gün 10 minlərlə gənclər Heydər Əliyevin gənclər siyasətindən bəhrələnir. Ulu Öndərin bir kəlamını yada salmaq istərdim. İdman kimi dövlət rəmzlərini nümayiş etdirən 2-ci bir vasitə yoxdur. Azərbaycan idmançısı qalib gələndə bizim himnimiz səslənir, bayrağımız dalğalandırılır.

Ölkədə gənclərə göstərilən bu diqqət və qayğı nəticəsində  Azərbaycan gəncliyinin səs və sədası dünya ölkələrindən eşidilir.

 

 "SƏS" QƏZETİNİN ƏMƏKDAŞI:

 

- Ümummilli Lider Heydər Əliyevin zəngin həyat tarixinin bir neçə səhifəsi Yeni Azərbaycan Partiyası ilə bağlıdır. Musa müəllim, bu tarixi dövrü necə səciyyələndirərdiniz? 

 

MUSA QULİYEV:

 

- Azərbaycanın ictimai-siyasi, iqtisadi, mədəni və sosial sahələrində Heydər Əliyevin gərgin əməyi, ideyası özünü göstərir. Dəyirmi masada Ulu Öndərin fəaliyyətinin bir çox tərəflərinə toxunuldu. Mən iki sahəyə xüsusi olaraq diqqət yönəltmək istərdim. Yeni Azərbaycan Partiyasının yaradılması və müasir milli Azərbaycan ordusunun qurulması sahəsindəki nailiyyətlər Onun ən böyük xidmətlərindəndir. YAP-ın yaradılması bizim göz önümüzdə olmuşdur. Partiyanın yaradılması dövrün zəruri tələbi idi. Heydər Əliyev tərəfindən partiyanın  tərtib olunan nizamnamə və proqramı dünyanın istənilən demokratik ölkəsində yenidən qurulan, yenidən formalaşan partiyanın nümunəvi əsasnaməsi ola bilər. Oradakı ümumbəşəri ideyalar, milli ideyalar, varislik prinsipi və s. ən müasir və ənənəvi partiya modelini ortaya qoydu. Yeni Azərbaycan Partiyası bəlkə də tarixdə yeganə partiyadır ki, müxalifət partiyası olaraq yaradılıb və öz prinsiplərini həyata keçirir. Bu gün 600 mindən çox partiyanın üzvü var. Azərbaycan əhalisinin bütün palitrasını götürsən görərsən ki, ölkənin elit təbəqəsi bu partiya ətrafında birləşib. Bu, Heydər Əliyevin yaratdığı partiyaya inamdan doğan göstəricidir. Partiyanın Sədri İlham Əliyev Ulu Öndərin ideyalarına sadiq qalaraq insanları ətrafında sıx birləşdirib.

Ötən il Asiya ölkələrinin partiyalarının növbəti qurultayı Azərbaycanda keçirildi. Belə bir möhtəşəm qurultaya Azərbaycan ev sahibliyi etdi. Bu gün YAP dünyanın ən aparıcı dövlətlərinin iqtidar partiyaları ilə bərabər əməkdaşlıq edir. Təbii ki, Yeni Azərbaycan Partiyasının nizamnaməsinə, keçdiyi yola, təmsil olunan insanların xarakteristikasına nəzər salıb, bu əməkdaşlığa imza atırlar.

Müasir Azərbaycan ordusu da Heydər Əliyevin şah əsəridir. Azərbaycan ordusu idarəçilik formasına, nizam-intizamına görə ən müasir bir ordudur. Belə ordunun formalaşması Heydər Əliyevin qətiyyətli addımı ilə gerçəkləşib. Vahid ordu yaradaraq, səngərlərdə görüşlər təşkil etdi, Azərbaycan ordusunun gələcəyi haqqında fikirlərini irəli sürdü. Sovet dönəmində C.Naxçıvanski adına Hərbi Məktəbin yaradılması, sonradan digər hərbi məktəblərin yaradılması ixtisaslı kadrların yetişməsinə səbəb oldu.  Bu gün Azərbaycan hərbi sənayesi inkişaf edir ki, bu da bir nailiyyətimizdir.

Azərbaycanın elə bir sahəsi yoxdur ki, Heydər Əliyev orda izini qoymasın, möhrünü vurmasın. Özünün dediyi kimi, "nə qədər Azərbaycan var, mən yaşayacağam. Mən Azərbaycanda əbədi olacağam. Ona görə ki, müstəqil Azərbaycan dövləti əbədi olacaq".

 

 

Zümrüd BAYRAMOVA,

 

Nəzakət ƏLƏDDİNQIZI

 

Səs.- 2013.- 16 fevral.- S.8-9.