Azərbaycan regionumuzda İKT-nin inkişafı baxımından mühüm rol oynayır

 

Müsahibimiz AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyevdir

 

- Rasim müəllim, Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının ölkəmiz üçün əhəmiyyəti nədən ibarətdir?

- Azərbaycanın ilk telekommunikasiya peyki uğurla yerətrafı orbitə çıxarıldı. Bu, tariximizdə çox əlamətdar hadisədir. Telekommunikasiya peyki yerətrafı orbitdə geostasionar orbit olmaqla, həm Azərbaycanın, həm də Şərqi Avropa, Şimali Amerika, Mərkəzi Asiya və digər region ölkələrini əhatə etməklə böyük arealda insanların telekommunikayaya olan tələbatını ödəyəcək.

Qeyd edim ki, dünya ölkələrinin heç də hamısının peyki yoxdur. Bu gün dünyanın altı ölkəsindən birində peyk texnologiyası tətbiq olunurpeykin imkanlarından istifadə edirlər ki, özlərinin iqtisadi və digər təlabatlarını ödəsinlər. Azərbaycan öz müstəqilliyini təxminən 20 il öncə əldə edib. Dağılq Qarabağ, qaçqın- köçkün problemimizin olmasına baxmayaraq, hələ müstəqilliyimizin ilk illərində Ümummilli lider Heydər Əliyev tərəfindən dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində tarixi addımlar atıldı. Bu mənada qeyd etmək istəyirəm ki,Ulu öndərin əsasını qoyduğu neft strategiyası iqtisadi müstəqilliyimizin, təhlükəsizliyimizin təmin olunmasında mühüm rol oynadı. Eləcə də, neft strategiyası bütövlükdə ölkəmizin hərtərəfli inkişafı üçün müstəsna əhəmiyyət kəsb edir.

Sevindirici haldır ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Neft strategiyasından sonra dövlətimiz tərəfindən İKT strategiyası ortaya qoyuldu və artıq bu startegiya Azərbaycanda reallaşıb. Strategiyanın hər bir vətəndaş üçün nəticələri çox müsbətdir və vətəndaşlar bu gün İKT-nin imkanlarından geniş istifadə edirlər.

Beləliklə, Azərbaycanda 20 il ərzində çox böyük nailiyyətlər əldə olunub. Bu mənada, İKT Azərbaycanda getdikcə aparıcı sahəyə çevrilir. Yəni İKT-nin inkişaf etməsilə ölkəmizin iqtisadiyyatının başqa sahələri də inkişaf edir.

 - Kosmik sənayenin inkişafı üçün ölkəmizdə mütəxəssislər, kadr potensialı formalaşdırılıbmı?

- Bildiyiniz kimi, ötən ilin dekabr ayında Azərbaycan Prezidenti tərəfindən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası təsdiq olunub. Bu konsepsiyada qeyri-neft sektorunun inkişafının əsasını məhz İKT və onun hərəkətverici təsiri altında ölkəmizdə biliklər iqtisadiyyatının formalaşması təşkil edir. Prezident İlham Əliyev böyük uzaqgörənliklə prosesləri qiymətləndirərək beş il öncə-2008-ci ildə ölkəmizdə kosmik sənayenin əsasının qoyulması və ilkin olaraq telekommunikasiya peykinin orbitə buraxılması haqqında sərəncam imzalamışdı. Ötən beş il ərzində müvafiq qurumlar, xüsusilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu işdə fəal iştirak edərək prosesə digər ölkələrin mütəxəssislərini də cəlb etdi. Eyni zamanda, ölkəmizdə də bu sahənin mütəxəssislərinin hazırlanması işləri həyata keçirildi. Bu gün Azərbaycanda peyk texnologiyasını həyata keçirən və yaxud gələcək üçün layihələri hazırlayanlar Azərbaycan mütəxəssisləridir.

Peykin orbitə çıxarılması ilə bərabər Azərbaycanda yerüstü idarəetmə mərkəzləri tikilib. Bunlar mürəkkəb proseslərdir, yüksək elmi tutumlu məsələlərdir. Ötən 5 il ərzində ölkə Prezidentinin rəhbərliyi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən nəhəng işlər həyata keçirilib, artıq nəticəsi göz qabağındadır ki, peyk çox uğurla yerətrafı orbitə, Yerin səthindən 36 min kilometr məsafədə yerləşən ekvator müstəvisinin ətrafında olan geostasionar orbitə çıxarılıb. Yenə də deyirəm ki, bu çox böyük nailiyyətdir. Azərbaycan tarixində belə hadisə olmayıb.

 - Rasim müəllim, ilk süni peykimizin fəzaya çıxarılmasının bizim üçün mənəvi üstünlükləri nədən ibarətdir?

- Ümumiyyətlə, kosmik texnologiyalar xüsusi texnologiyalardır. Yəni buna hər ölkənin imkanı, potensialı çatmır. Dünyada ilk süni peyk 4 oktyabr 1957-ci ildə buraxılıb. İnsanın kosmosa uçması isə ilk dəfə 12 aprel 1961-ci ildə baş verib. Yəni demək istəyirəm ki, bu məsələnin dünyada böyük tarixə malik ənənəsi yoxdur. Kosmik peyk texnologiyalarının dünyada cəmi 56 yaşı var. Bu 56 il ərzində yalnız inkişaf etmiş, super dövlətlər kosmik sənayedə nailiyyətlər əldə ediblər. Amma 1991-ci ildə, çətin bir şəraitdə müstəqilliyi əldə edən Azərbaycan bu gün belə bir uğur qazanıb. Gələcəyə baxış çərçivəsində İKT ilində peykin orbitə buraxılması qeyd etdiyim kimi Azərbaycanın bütün vətəndaşları üçün çox əhəmiyyətli hadisədir. Bu hadisəinin böyük mənəvi tərəfi var. Çünki müstəqil Azərbaycanın ruhunun, bayrağını, gerbini özündə daşıyan peyki var. Hər bir vətəndaş qürur hissi keçirir ki, öz dövlətinin bütün atributlarını özündə daşıyan peyki fəzada uçur. Biz sevinirik ki, dünyanın peyk texnologiyası olan ölkələri sırasında bizim Azərbaycanımızın da adı var.

- Telekommunikasiya peykinin iqtisadi cəhətdən üstünlükləri nə olacaq?

- Məsələnin iqtisadi tərəf ondan ibarətdir ki, artıq Azərbaycan Respublikası başqa ölkələrdən, şirkətlərdən telekommunikasiya peykinin resurslarını icrarəyə götürən deyil. Çünki artıq özünün peyki var. Bu hadisə informasiya təhlükəsizliyində də vacib rol oynayacaq.

Müstəqil dövlətin özünün müstəqil informasiyasını həyata keçirən infrastruktur, texnologiyalar, informasiya təhlükəsizliyini təmin edən qurğular olmalıdır. Eləcə də, Yerdə təbii fəlakətlər, fövqəladə hallar baş verərsə, yerüstü rabitəyə hansısa ziyan dəyərsə bizim peykimiz obrazlı desək simurq quşu kimi Azərbaycanın xilaskarı olacaq, ölkəmizin vətəndaşlarının səsini dünyaya çatdıracaq, hakimiyyət orqanlarının yerüstü şəraitdən asılı olmadan birbirilə əlaqəsini təmin edəcək. Məsələn, Yaponiyadakı vəziyyətə diqqət yetirək. Bilirsiniz ki, bu ölkənin süni peykləri var. Bilirsiniz ki, Yaponiyada tez-tez təbii fəlakətlər baş verir. Amma bu dövlət böyük ziyan çəkmədən fəaliyyətini davam etdirir. Yəni Yaponiyanın özünün peykləri olduğu üçün bütün kommunikasiya artıq alternativ, yüksək keyfiyyətli, dayanıqlı, etibarlı peyk sistemi üzərində qurulub. Məhz Azərbaycanın da peykin olması cəmiyyətin özünün biri-biri ilə münasibətlərinin kommunikasiyasını həmişə təmin edən sistem deməkdir. Məsələn, cəmiyyətdə insanları bir-birilə bağlayan tellər kommunikasiya xətləridir, mobil telefonlardur, radioteleviziya kanallarıdır, internet, KİV-lərdir. Bunların hamısının əsasında isə İKT dayanır. Ona görə də, yüksək keyfiyyətlərə malik olan alternativ, etibarlı, dayanıqlı, təhlükəsizlik kanalların olması cəmiyyətin inkişafına böyük təsir göstərəcək. Elə bir vətəndaş olmayacaq ki, bu peykin bəhrəsini görməsin. Söhbət ondan gedir ki, bütün insanların informasiya alması üçün geniş imkanlar olacaq. İnformasiya nə deməkdir: Elm, təhsil, yüksək keyfiyyətli tibbi xidmət, təfəkkürün yenilənməsi, hakimiyyət orqanlarının öz fəaliyyətini yüksək səviyyədə həyata keçirməsi deməkdir.

Azərbaycanın zəngin təbii sərvətləri var. Amma zaman-zaman bu təbii sərvətlər tükənir. Ona görə də, tükənməkdə olan sərvətimizin, resurslarımızın alternativi olmalıdır. Bu alternativ isə insan resurslarıdır, ölkədə intellektual potensialın gücləndirilməsidir. Bunun kökündə isə informasiya, bilik dayandığı üçün onu İKT-siz həyata keçirmək qeyri-mümkündlür. Bunların hamısı Azərbaycanda qeyri-neft sektorunun inkişafının daha da yüksək səviyyədə formalaşmasına böyük təkan verəcək.

 - Bir sıra ekspertlər hesab edir ki, süni peykimizin orbitə çıxarılması Azərbaycanın turizm sənayesinin inkişafına da müsbət təsir göstərəcək. Bu haqda nə deyə bilərsiniz?

- Azərbaycanın coğrafi məkanı elədir ki, dünyadakı 11 iqlimdən 9-u ölkəmizdə mövcuddur. Bu amil Azərbaycanın dünya səviyyəsində turizm potensialının böyük olmasını göstərir. İndi turizm potensialından istifadə etmək üçün, yeni-yeni turizm obyektlərinin yaradılması üçün mütləq oraya kommunikasiya lazımdır, internetlə təmin etmək lazımdır və s. Bunu reallaşdırmaq üçün ölkənin hər bir nöqtəsinə kabel çəkmək mümkün deyil, çünki iqtisadi cəhətdən səmərəsi olmazdı. Amma peykin özünün yerüstü infrastrukturu olacaq. Söhbət ondan gedir iki, harada istəyirsənsə, orada kiçik ölçülü qəbuledici stansiyalar yaradılacaq. Çox qısa müddət ərzində kommuniksiya kanalları qurmaq mümkün olacaq ki, bu da istənilən bir nöqtədə turizm obyektlərinin yaranmasına gətirib çıxaracaq. Əgər turizm obyektlərində informasiya texnologiyaları yaxşı təmin edilibsə, o deməkdir ki, xarici turistləri ölkəmizə cəlb edəcəyik. Əcnəbilər Azərbaycanın təbiəti, tarixi və mədəniyyəti ilə tanış olmaqla yanaşı İKT-nin imkanlarından da geniş istifadə edə biləcək. Yəni telekommunikasiya peykimiz turizm sənayesinin inkişafına çox öyük təsir göstərəcək.

- Gələcəkdə bu sahənin inkişafı ölkəmiz üçün daha hansı perspektivlər vəd edir?

- Bu hələ ki, ilk peykimizdir. Bir neçə ildən sonra ikinci, daha sonra üçüncü peyk olacaq. Peyk texnologiyası sadə deyil, onun arxasında ciddi elmi dəstək olmalıdır. Kosmik texnologiya hər ölkədə olmur, çox azsayda dövlətlərdə kosmik sənaye formalaşıb. Azərbaycanda kosmik sənayenin formalaşması üçün alimlərimizin qarşısında böyük vəzifələr dayanır. Yəni peyklər telekommunikasiya funksiyaları həyata keçirsə də, digər tərəfdən, Azərbaycan ərazisində bütün yer səthi üzərində olan prosesləri, məsələn, kənd təsərrüfatı sahəsinin hansı vəziyyətdə olması, onun məhsuldarlığının nəzarətdə saxlanılması, hansısa fövqəladə hal baş verərsə onların vaxtında aşkarlanması təmin edə biləcək. Bütövlükdə, yer üzərindəki prosesləri vaxtlı-vaxtında monitorinq etmək, məlumatları analiz etmək, elmi nəticələr əldə etmək, ölkənin geostrateji məkanda daha da yuksək səviyyədə müdafiə qabiliyyətini gücləndirmək işində peykimizin böyük rolu olacaq.

 Bundan başqa, dağlıq zonalarda məktəblərdə internetə çıxış imkanlarının artırılması da baş verəcək. Çünki dövlət başçısı informasiya cəmiyyətinin inkişafında əsas hədəf kimi gəncləri götürüb. Gəncləri yetişdirmək lazımdır, onlara İKT-ni dərindən öyrətmək lazımdır. Bu məqsədlə ölkə başçısı bütün təhsil müəssisələrində İKT-nin geniş tətbiq olunması üçün büdcədən böyük dəstək verir.

Ümumiyyətlə, hesab edirəm ki, bu hadisə kosmik sənaye işimizdə hələ başlanğıcdır. Ölkəmiz bu posesdə tədricən inkişaf edəcək. Regionda bu sahədə də öndə olan Azərbaycan təkcə özünün deyil, dünya miqyasında bütöv bir regionun yükünü öz üzərinə görümüş olur. Bilirsiniz ki, Azərbaycan artıq İKT dəhlizi olmaqla yeni layihələrin iştirakçısıdır. Yəni bir sıra beynəlxalq səviyyəli böyük İKT layihələri Azərbaycanın üzərindən keçir. Gələcək layihələr də nəzərdə tutulur ki, İKT dəhlizləri ölkəmizdən keçəcək. Bu da ölkəmizin İKT sahəsində daha da inkişafına böyük təkan verəcək. Ona görə də, dövlətimizin başçısının bu istiqamətdəki strateji baxışları öz bəhrəsini verməkdədir. İlk telekommunikasiya peykimizin orbitə çıxarılması bu faktı təsdiq edir.

 

 

Səs.- 2013.- 19 fevral.- S.8-9.