İlk telekommunikasiya
peykinin orbitə çıxarılması Azərbaycanın
parlaq gələcəyini təmin edəcək İKT sahəsinin
inkişafı istiqamətində atılan əhəmiyyətli
bir addım kimi qiymətləndirilməlidir
Müsahibimiz Azərbaycan
Respublikası rabitə və informasiya texnologiyaları
nazirinin müavini İltimas Məmmədovdur
-
İltimas müəllim, Azərbaycanın ilk telekommunikasiya
peyki fəzaya çıxarıldı. Bu hadisənin əhəmiyyəti
nədən ibarətdir?
-
2013-cü ilin fevral ayının 8-də (Kuru kosmodromunda
fevralın 7-də) Azərbaycanın müstəqillik tarixinin
ən əlamətdar və tarixi hadisələrindən
birinin, Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki
- “Azərspace-1”in uğurla orbitə
çıxarılmasının şahidi olmuşuq. Bu hadisə
Azərbaycanın parlaq gələcəyini təmin edəcək
informasiya-kommunikasiya texnologiyaları sahəsinin
inkişafı istiqamətində atılan əhəmiyyətli
bir addım kimi qiymətləndirilməlidir. Çünki
artıq hamıya məlumdur ki, dövlətin
inkişafına, onun vətəndaşlarının yüksək
rifah halına yalnız yüksək texnologiyaların tətbiqi
ilə nail olmaq mümkündür. Bu məqsədlə, son
dövrlərdə İKT sahəsi ölkədə prioritet
sahə elan edilmiş, bir çox iri layihələrin həyata
keçirilməsi nəzərdə tutulmuşdur. Həyata
keçirilən siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
2013-cü ili “İKT ili” elan etmişdir.
Yüksək
texnologiyaların tətbiqi istiqamətində kosmik sənayenin
yaradılması mühüm bir məqsəd kimi
qarşıya qoyulmuşdur ki, artıq addım-addım bu məqsəd
həyata keçirilir. Qeyd edək ki, bu gün telekommunikasiya
peykinin uğurla orbitə çıxarılması 5 il ərzində
aparılan işlərin son nəticəsidir. 2008-ci ildə
Prezident İlham Əliyevin “Azərbaycanda kosmik sənayenin
yaradılması və telekommunikasiya peyklərinin orbitə
çıxarılması” haqqında Sərəncamı ilə
başlayan, 2009-cu ildə ölkədə “Azərbaycan
Respublikasında kosmik sənayenin yaradılması və
inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq
edilməsi ilə davam etdirilən işlər, dünyanın
10-dan çox inkişaf etmiş ölkəsi ilə beynəlxalq
əməkdaşlıq nəticəsində, eyni zamanda yerli
kadrların hazırlanması və aktiv iştirakı sayəsində
mümkün olmuşdur. Bu isə o deməkdir ki, Azərbaycan
artıq bir kosmos ölkəsidir, başqa sözlə desək,
kosmik klubun üzvüdür. Bu mənada, peykin orbitə
çıxarılması yaratdığı texniki imkanlarla
yanaşı, həm də Azərbaycanın beynəlxalq
nüfuzunun artmasına da səbəb olmuşdur.
Kosmik
sənayenin yaradılması və telekommunikasiya peyklərinin,
digər çoxməqsədli peyklərin orbitə
çıxarılması ilk növbədə, informasiya
mübadiləsinin xarici ölkələrdən
asılılığının aradan qaldırılması və
informasiya təhlükəsizliyinin təmin edilməsində,
eyni zamanda ölkədə yeni iqtisadi sahələr üzrə
mövcud insan ehtiyatları və intellektual potensialın
inkişaf etdirilməsi, elm tutumlu yeni layihələrin həyata
keçirilməsi və nəticə etibarilə innovasiya
yönümlü iqtisadiyyatın
formalaşdırılması istiqamətində aparılan
işlər arasında öz xüsusi və strateji əhəmiyyəti
ilə seçilir.
-
Peyk ölkəmizə nə kimi dividendlər gətirəcək?
-
Telekommunikasiya peykinin orbitə çıxarılması və
istismarının ölkəmizə gətirəcəyi
faydaları bir neçə qrupda birləşdirmək
mümkündür. Peykin əsas faydası ölkədə
yüksək səviyyəli peyk rabitəsinin təmin edilməsidir.
Məlumdur ki, respublikanın yarıdan çox sahəsi
dağlıq ərazilərdən ibarətdir. Dağlıq ərazilərin,
dağlarda yerləşən ucqar yaşayış məntəqələrinin
yerüstü kabel şəbəkəsi vasitəsilə rabitə
əlaqəsi ilə təmin edilməsi müəyyən
çətinliklər yaradır ki, peyk rabitəsinin köməyi
ilə ölkənin bütün ərazisi, Naxçıvan
Muxtar Respublikası da daxil olmaqla yüksək keyfiyyətli
rabitə ilə təmin ediləcəkdir. Həmçinin,
peyk rabitəsi mövcud yerüstü fiber-optik kabel şəbəkəsinin
alternativi kimi qiymətləndirilməlidir. Belə ki, peyk rabitəsi
yerüstü şəbəkənin həddən artıq
yüklənməsinin qarşısını alır, təbii
fəlakətlər nəticəsində yerüstü şəbəkənin
zədələnmələri zamanı onun əvəz edilməsini
təmin edir. Bu məqsədlərlə xarici dövlətlərin
deyil, öz milli peykimizdən istifadə edilməsi informasiya təhlükəsizliyi
baxımından da vacib bir məqamdır.
İkinci
bir tərəfdən, peykin istismara verilməsi bütün
ölkə ərazisinin, xüsusilə ucqar yaşayış
məntəqələrinin internet xidmətləri ilə təmin
edilməsini, televiziya yayımının daha yüksək
keyfiyyətlə təşkilini, həmçinin yaxın gələcəkdə
yüksək dəqiqlikli televiziya (HD) yayımı ilə təmin
edilməsini mümkün edəcəkdir. Telekommunikasiya peyki ən
ucqar məntəqələri belə əhatə etməklə,
dövlət ilə vətəndaşlar arasında
qarşılıqlı əlaqəni təmin edən
müasir rabitə və idarəetmə sisteminin
yaradılmasına və “Elektron hökumət”in daha
üstün keyfiyyətlə təşkilinə, həmçinin
məsafədən (distant) təhsil və e-səhiyyə xidmətlərinin
genişləndirilməsinə əlavə dəstək verəcəkdir.
Digər
tərəfdən, telekommunikasiya peyki həmçinin mürəkkəb
geoloji və coğrafi mövqeyə malik ölkə ərazisində
təbii fəlakətlərin nəticələrinin aradan
qaldırılmasına və fövqəladə hadisələrin
daha effektiv idarə edilməsinə töhfə verəcəkdir.
Göstərilənlərlə
yanaşı, peyk sənayesi ən innovativ və texnoloji cəhətdən
inkişaf etmiş və dünya üzrə rentabelli sənaye
sahələrindən biri hesab edilir. Bu baxımdan, Azərbaycanın
peyk rabitəsinə olan daxili tələbatını təmin
etməklə yanaşı, peykin istismara verilməsinin digər
məqsədi dünya səviyyəsində peyk rabitə xidmətlərinə
artan tələbatın ödənilməsi üzrə
ixtisaslaşmış gəlirli bir biznesdə iştirak edərək
qazanc əldə etməkdir. 230 milyon ABŞ dollarına
başa gələn “Azərspace-1” peykinin ona
yatırılmış investisiyanı öz
istismarının 7-ci ilində doğruldacağı nəzərdə
tutulur.
Yer səthindən
36000 km hündürlükdə ekvator üzərində 46 dərəcə
şərq uzunluğunda geostasionar orbitdə yerləşən
“Azerspace-1” peykinin əhatə zonasına Mərkəzi Asiya,
Avropa və əksər Afrika ölkələri daxildir. Azərbaycanın
daxili tələbatı “Azərspace-1” peykinin
tutumlarının təqribən 20%-nə bərabərdir. Bu
gün Azərbaycan televiziya kanallarının xarici ölkələrə
məxsus peyklərdən yayımının təşkil
edilməsi üçün ildə təxminən 5 milyon
dollardan çox xərc çəkilir. Yaxın gələcəkdə
bu xərcin azı 2 dəfə artması gözlənilir.
Milli peykin istismara verilməsi, eyni zamanda həmin vəsaitin Azərbaycanın
iqtisadiyyatına yönəldilərək son dövrlər
davamlı inkişaf tempini təmin edən respublika
üçün əlavə gəlir mənbəyinə
çevriləcəkdir. Tutumların digər hissəsinin isə
beynəlxalq bazarda satışa çıxarılması nəzərdə
tutulur. İlkin olaraq, tutumların 44%-nin icarəsi ilə
bağlı müqavilə artıq imzalanmışdır. Bu
göstərici Azərbaycanın bu biznesə uğurlu
girişini tərənnüm edən bir göstəricidir.
Nəhayət,
qeyd etmək lazımdır ki, Azərbaycan öz peykini milli
kadrlar vasitəsilə idarə edəcəkdir. Belə ki, “Azərspace-1”
peykinin orbitə çıxarılması, idarə
olunması və istismar işlərini həyata keçirən
“Azərkosmos” ASC tərəfindən son 3 il ərzində
yerli mütəxəssislər hazırlanmışdır. Həmin
gənc kadrlar müxtəlif ölkələrdə yüksək
səviyyəli təlimlərdə iştirak etmişlər və
peykimizi müstəqil idarə etməyə qadirdirlər.
-
Kosmik sənayenin gələcəkdə daha da inkişafı
üçün qarşıda hansı vəzifələr
dayanır? Perspekivdə bu sahə ilə bağlı nə
kimi işlərin həyata keçirilməsi nəzərdə
tutlur?
- “Azərbaycan
Respublikasında kosmik sənayenin yaradılması və
inkişafı üzrə Dövlət Proqramı”na və “Azərbaycan
2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına
uyğun olaraq 2020-ci ilədək telekommunikasiya və yeri
müşahidə peyklərinin orbitə
çıxarılması nəzərdə tutulmuşdur. 2-ci
telekommunikasiya peyki – “Azərspace-2”-nin 2016-cı ildə orbitə
çıxarılması planlaşdırılır.
2015-cı ildə isə ilk milli Yerin Müşahidə
Peykinin istismara verilməsi gözlənilir. Qeyd edək ki,
artıq adı çəkilən layihələr üzrə
işlərə başlanmışdır.
Bununla
yanaşı, ölkədəki digər nazirlik və
strukturlarla birlikdə kosmik sənayenin yaradılması istiqamətində
də işlər həyata keçirilir. Kosmik aparatların,
xüsusilə peyklərin ayrı-ayrı hissələrinin
ölkə ərazisində istehsal edilməsi, yeni kosmik
texnologiyaların öyrənilməsi və tətbiqi istiqamətlərində
təkliflərin hazırlanması işləri davam etdirilir.
Azərbaycan
kosmik sənaye üzrə aparıcı xarici şirkətlər
və maliyyə təsisatları ilə sıx əməkdaşlıq
yaratmış, habelə BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri
ilə İstifadəsi üzrə Komitəsi (COPUOS) kimi bir
sıra beynəlxalq təşkilatlarla kosmik sahə üzrə
bir çox müstəvilərdə regional əməkdaşlıq
istiqamətində mühüm işlər
aparmışdır. Bu kimi əməkdaşlıq tədbirləri
təcrübə mübadiləsi ilə yanaşı kosmik fəaliyyətin
ölkənin üzv olduğu beynəlxalq təşkilatın
fəaliyyəti çərçivəsində həyata
keçirilməsi, respublikanın regional və beynəlxalq əhəmiyyətli
kosmik proqramlarda iştirakını hədəfləyir.
-
İltimas müəllim, İKT-nin inkişafı ilə
bağlı ölkəmizdə daha hansı iri layihələr
həyata keçirilir?
- Azərbaycanda
İKT sahəsində beynəlxalq təcrübəyə,
qabaqcıl texnologiyalara və səmərəli tərəfdaşlığa
əsaslanan fəaliyyət nəinki ölkəmiz, habelə
region ölkələri üçün mühüm əhəmiyyətli
İKT layihələrinin həyata keçirməsinə zəruri
potensial formalaşdırmışdır.
Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan
Respublikası Dövlət Neft Fondu ilə birlikdə Bakı
şəhəri və respublikanın digər bölgələrində
həmçinin Naxçıvan MR ərazisində əhalinin
genişzolaqlı internet və digər müasir
telekommunikasiya xidmətləri ilə təmin edilməsi məqsədilə
layihə hazırlamışdır. Layihədə 2013-2015-ci
illərdə və sonrakı dövrdə “Hər evə
optika” prinsipi üzrə yüksəksürətli və
keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkili
üçün telekommunikasiya şəbəkəsinin
müxtəlif istiqamətlərinə, ucqar yaşayış
məntəqələrinə və magistral şəbəkədə
ATS-dən iki km-dən çox məsafədə yerləşən
telefon şkaflarına fiber-optik kabel xətlərinin çəkilişi,
kommutasiya və transmissiya qurğularının yeni xidmətlərə
uyğun modernləşdirilməsi,
telefonlaşdırılmamış yaşayış massivlərinin,
çoxmərtəbəli binaların, qismən
telefonlaşdırılmış yaşayış məntəqələrinin
ən yeni texnologiyalarının tətbiqi ilə
telefonlaşdırılması, yeni ATS binalarının
tikintisi, struktur və tarif islahatlarının həyata
keçirilməsi, tənzimləmənin təkmilləşdirilməsi
və digər məsələlər öz əksini
tapmışdır.
Layihədə
eyni zamanda 2015-ci ilə qədər və sonrakı dövrdə
Bakı şəhərində 30-100 mb/s və daha çox,
digər iri şəhərlər və rayon mərkəzlərində
10-30 mb/s və daha çox, qəsəbə və kənd
yerlərində 5-10 mb/s və daha çox sürətli
genişzolaqlı internetlə təmin ediləcəyi, layihənin
həyata keçirilməsi, o cümlədən maliyyələşdirilməsi
üçün müvafiq islahatların aparılması nəzərdə
tutulur.
Digər layihə TASİM- Trans-Milli Avrasiya Super
İnformasiya Magistralı layihəsidir. Bu layihə
üzrə Qərbi Avropanı Şərqi Asiya (Çinlə)
ilə birləşdirən optik kabellər üzərində
qurulan çox böyük tutuma malik olan informasiya
ötürmə magistralının yaradılması nəzərdə
tutulur. Azərbaycan hökumətinin təklifi
ilə 2009-cu ildə BMT-nin Baş Assambleyasının
64-cü sessiyasında xüsusi qətnamə ilə bəyənilmiş
və Azərbaycana layihə üzrə koordinator olması təklif
olunmuşdur. BMT-nin qərarına əsasən bu layihə
Avrasiya regionunun informasiya infrastrukturunun gücləndirəcək,
regiona (təxminən 20 ölkəyə) sürətli və
ucuz internet və digər informasiya xidmətləri gətirəcək,
internet iqtisadiyyatın, təhsil və səhiyyənin
inkişafına və yoxsulluğun azaldılmasında
xüsusi rol oynayacaq və həmçinin yeni biznes layihələrinin
yaranmasına səbəb olacaqdır. İndi beş
ölkənin telekommunikasiya operatorları (Çin,
Qazaxıstan, Rusiya, Azərbaycan və Türkiyə) layihənin
reallaşması üçün konsorsium yaratmaq üzərində
işləyirlər. Yaxın vaxtlarda
Gürcüstan, Bolqarıstan və Ukraynanın da layihəyə
qoşulması gözlənilir. 2012-ci ilin
dekabr ayında BMT-nin 67-ci Baş Məclisi Azərbaycanın
TASİM layihəsinə xüsusi qətnamə ilə ikinci
siyasi dəstəyini vermiş və bu layihə üzrə
xüsusi alyansın yaradılmasını tövsiyə
etmişdir.
Cənubi
Qafqaz, Orta və Mərkəzi Asiya ölkələri
arasında rəqəmli televiziya yayımının ilk dəfə
Azərbaycanda tətbiq olunmasına başlanılmış və
indi ölkə əhalisinin 90 faizinin bu yayım texnologiyasına
çıxış imkanı təmin olunmuşdur. Bu ildən Azərbaycan tamamilə rəqəmli
yayıma keçir.
Azərbaycanda “elektron hökumət” layihələri
uğurla həyata keçirilir. Elektron imzanın tətbiqi
genişlənir. Dövlət
orqanlarının əməkdaşlarına, hüquqi və
fiziki şəxslərə 6000-ə yaxın elektron imza
verilmişdir. Dövlət orqanlarının informasiya
sistemləri arasında informasiya mübadiləsinin
aparılmasının təmin edilməsi və onların
elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında
istifadənin təşkili məqsədi ilə “elektron
hökumət” portalı (www.e-gov.az) yaradılmış və
əhali və iş adamlarının istifadəsinə
verilmişdir. Hazırda “elektron hökumət”
portalına 39 dövlət orqanının informasiya sistemi
qoşulmuşdur və 182 elektron xidmət göstərilməkdədir.
Artıq, Azərbaycanda sahibkarlıq fəaliyyəti onlayn
qeydiyyata alınır, ölkəyə gətirilən və
aparılan mallar elektron şəkildə bəyan edilir,
daşınmaz əmlakla bağlı sənədlərin,
müxtəlif fəaliyyət növlərinə
lisenziyaların, icazələrin verilməsi, pensiya və
ünvanlı sosial yardımların təyinatı, telefon
çəkilişi və internetə qoşulmaq
üçün müraciətlərin və tələb
olunan sənədlərin qəbulu elektron formada həyata
keçirilir və bu say gündən-günə artır.
- Yeni
yaradılacaq İnformasiya Texnologiyaları Universitetinin əsas
məqsədi və vəzifələri nədən ibarət
olacaqdır?
-
Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 1 fevral
2013-cü il tarixli Sərəncamı ilə
AR-da İnformasiya Texnologiyaları Universiteti
yaradılmışdır. Respublikamızın sosial-iqtisadi
inkişafının və gündəlik həyatın
müxtəlif sahələrində yeni texnologiyaların tətbiq
dairəsinin sürətlə genişlənməsi insan
resurslarının da dinamik inkişafını tələb edərək,
bu sahəyə aid ali təhsil
ocağının yaradılması zərurətini ortaya
qoymuşdur.
İnformasiya
cəmiyyətinin qurulması üzrə
reallaşdırılan irimiqyaslı layihələrin,
yaradılması nəzərdə tutulan texnoparkların və
s. digər layihələrin yüksək hazırlığa
malik kadrlarla təminatına və gənc mütəxəssislərin
hazırlanmasına hesablanmış İTU-da prioritet
ixtisasların olması nəzərdə tutulur.
Səs.- 2013.- 19
fevral.- S.7.