Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin həllində Böyük Britaniyanın mövqeyi

 

Azərbaycan-Böyük Britaniya münasibətlərində əsas məsələlərdən biri də müstəqil dövlətçiliyimiz üçün taleyüklü problemə çevrilmiş Ermənistan-Azərbaycan münaqişəsidir. Yaranmış olan "nə müharibə, nə də sülh" vəziyyəti təkcə Azərbaycanı deyil, həm də bütün beynəlxalq birliyi narahat edən məsələdir. Birləşmiş Krallıq bu məsələnin aradan qaldırılmasında respublikamızın haqq işini həmişə müdafiə etmişdir.

Ulu Öndər Heydər Əliyev Böyük Britaniya rəsmlərilə görüşlərin birində demişdir:  "Bildiyiniz kimi, Azərbaycan ilə Ermənistan arasında altı ildir müharibə gedir, Azərbaycan Respublikası ərazisinin bir qismi erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Bu müharibə süni şəkildə yaradılmış "Dağlıq Qarabağ problemi"ndən başlanmış, lakin sonralar iki respublika, iki dövlət-Ermənistanla Azərbaycan arasında genişmiqyaslı müharibəyə çevrilmişdir. Biz bu müharibəni aparmaq istəmirik, ona son qoymaq istəyirik, məsələlərin sülh yolu ilə, beynəlxalq təşkilatlar vasitəsilə həll olunmasına çalışırıq. Odur ki, bu sahədə çox ciddi addımlar atırıq. Lakin bizim əsas şərtimiz bundan ibarətdir ki, erməni silahlı qüvvələri Azərbaycan Respublikasının işğalı olunmuş torpaqlarını tərk etməlidir və bunun əsasında Ermənistanla Azərbaycan arasında sülh danışıqları aparılmalı və sülh yaradılmalıdır. Biz əminik ki, sülh yaranacaq, müharibə qurtaracaq və Azərbaycan Respublikasının ən azı bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin ediləcəkdir. Buna görə də həmin problem biznesmenlərin Azərbaycanda iş aparmasına mane ola bilməz. Mən bunu sizə tam qətiyyətlə bildirirəm və qoy bu, heç kəsi narahat etməsin və heç kəsi Azərbaycanda iş aparmaq niyyətindən çəkindirməsin."

  Böyük Britaniyanın baş naziri Con Meycor 1992-ci ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə göndərdiyi məktubda Dağlıq Qarabağ münaqişəsi haqqında öz hökumətinin mövqeyini belə ifadə etmişdir:

  - Böyük Britaniya hökuməti bildirir ki, Dağlıq Qarabağın rəsmi statusu məsələsi müzakirə mövzusu ola bilməz.   Bu, Azərbaycan ərazisidir. Biz həmin bölgədə və onun ətrafında baş verən məhvedici münaqişəni bölgədə sabitlik üçün təhlükə, Azərbaycanın və Ermənistanın sovet kommunist hakimiyyətindən demokratiyaya keçməsi yolunda ciddi maneə kimi qiymətləndiririk.

  Qeyd etmək lazımdır ki, Böyük Britaniya hökuməti 1993-cü ildə Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı 3 dəfə - aprelin 14-də, iyulun 14-də və oktyabrın 29-da rəsmi bəyanatlar vermişdir.

  Erməni silahlı qüvvələrinin Azərbaycanın suveren torpaqlarına növbəti məkrli hücumu Kəlbəcər rayonunun alınması ilə nəticələnmişdir. Bununla əlaqədar Böyük Britaniyanın BMT-dəki nümayəndə heyəti Azərbaycan nümayəndə heyətinin Təhlükəsizlik Şurasının Ermənistanın təcavüzünü pisləyən sərt qətnamə qəbul etməsinə yönəldilmiş səylərini müdafiə etmişdir. Britaniya diplomatları humanitar yardıma ehtiyacı olduğu barədə fəryad qoparan Ermənistanın başqa dövlətə qarşı genişmiqyaslı hücumlar keçirməsindən və onun ərazisini işğal etməsindən təəccübləndiklərini Londonda və Nyu-Yorkda da erməni tərəfinə bildirmişlər.

  Qeyd edək ki, həmin dövrdə BMT Təhlükəsizlik Şurasının sədri Devid Hanney Böyük Britaniya nümayəndəsi idi. İyulun 29-da BMT Təhlükəsizlik Şurası Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirən Milli Məclisin sədri Heydər Əliyevin müraciəti əsasında 853 saylı qətnamə qəbul etmişdir. Qətnamədə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzkar siyasəti qətiyyətlə pislənilirdi. Əslində, ilk dəfə olaraq, Ermənistan qonşu dövlətə qarşı təcavüzün birbaşa iştirakçısı hesab edilirdi.

Azərbaycan-Ermənistan qarşıdurmasının kulminasiya nöqtəsinə çatdığı bir dövrdə - 1993-cü ilin may-iyul ayları ərzində İngiltərə parlamentinin üzvlərindən Harold Ellentsonun, Edvard Qarniyerin, Yan Dunqan Smitin və Con Reydin daxil olduqları nümayəndə heyəti Bakıda olmuş, Qarabağ münaqişəsi ilə bağlı birbaşa informasiya əldə etmişdir.

  1993-cü ilin sentyabrında Bakıda Böyük Britaniya səfirliyinin işə başlaması İngiltərənin xarici siyasət strategiyasında Azərbaycana verilən diqqətlə bağlı idi. Halbuki bu dövrdə Xəzər dənizinin hər iki sahillərindəki ölkələrin heç birində bu nüfuzlu Avropa dövlətinin diplomatik missiyası yox idi. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən az sonra - 1993-cü il oktyabrın 12-də qəbul etdiyi ilk xarici nümayəndə Böyük Britaniyanın xarici işlər və birlik işləri üzrə dövlət naziri Duqlas Hörd olmuşdu ki, bu, hər iki ölkənin qarşılıqlı maraqlarının təzahürü idi.

  Duqlas Hörd Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində jurnalistlər üçün keçirdiyi brifinqdə qeyd etmişdir ki, Böyük Britaniya hökuməti Dağlıq Qarabağ münaqişəsinin uzanmasından çox narahatdır. Cənab Hörd Cənubi Qafqazda olan vəziyyəti "narahat və təhlükəli durum" kimi qiymətləndirmişdir. Dövlət naziri Duqlas Hörd Dağlıq Qarabağın taleyindən söhbət edərkən, xüsusilə, vurğulamışdı ki, Yerevanda olarkən Böyük Britaniya hökumətinin açıq mövqeyini Ermənistan rəhbərliyinə də bildirmişəm. Ermənistan prezidenti Levon Ter-Petrosyana şəxsən demişəm: "Biz Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edirik!.."

  Ermənistanın Azərbaycana qarşı təcavüzü davam etdirməsi və Azərbaycanın yeni-yeni rayonlarının işğalı ilə əlaqədar Böyük Britaniya hökuməti 1993-cü il oktyabrın 29-da təkrar bəyanat verərək, Azərbaycan torpaqlarının işğalını pisləmişdi. Rəsmi London münaqişədə iştirak edən tərəfləri atəşin tamamilə dayandırılmasına və problemin sülh yolu ilə həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupunun fəaliyyəti çərçivəsində keçirilən danışıqlar yolu ilə əməkdaşlıq etməyə çağırmışdır.  BMT Təhlükəsizlik Şurasının 1993-cü il 12 noyabr tarixli 884 saylı qətnaməsi qəbul olunduqdan sonra İngiltərənin BMT-dəki daimi nümayəndəsi Devid Xanney bəyanatla çıxış edərək münaqişənin bütövlükdə yaratdığı təhlükənin miqyasını dünya ictimaiyyətinə çatdırmışdı.

  Yuxarıda qeyd etdiyimiz kimi, Birləşmiş Krallığın rəsmi dairələri dəfələrlə bəyan etmişlər ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir, erməni qoşunları Azərbaycanın işğal edilmiş torpaqlarını tərk etməlidir. Dağlıq Qarabağa veriləcək muxtariyyətin hansı statusa malik olmasını yalnız Azərbaycan müəyyən etməlidir. 1996-cı ilin dekabr ayında ATƏT-in Lissabon zirvə görüşündə də, Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemi ilə bağlı Böyük Britaniya dövləti dəyişməz və prinsipial mövqedə durduğunu, bu problemin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə biləcəyini bir daha təsdiq etmişdir. Azərbaycan Prezidenti Heydər Əliyev Lissabonda olarkən Britaniya xarici işlər və birlik işləri naziri Malkolm Rifkind ilə görüşmüş və uzun sürən bu münaqişənin həlli yollarını müzakirə etmişdir. Lissabon sammitindən sonra da Böyük Britaniya problemin həllində öz mövqeyini dəfələrlə bəyan etmişdir.

  Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində 1997-ci il sentyabrın 1-də üzdəniraq "seçkilər" keçirildikdən sonra Böyük Britaniya Xarici İşlər Nazirliyi bəyanat vermişdir. Bəyanatda deyilirdi:   "Qondarma "Dağlıq Qarabağ Respublikası" beynəlxalq ictimaiyyət tərəfindən tanınmır. Sentyabrın 1-də orada keçirilmiş seçkilərin heç bir hüquqi əsası yoxdur və bu, bir faktdır ki, bölgənin hüquqi statusu ATƏT-in Minsk Qrupunun danışıqlar prosesi çərçivəsində müəyyən olunmalıdır.

  Biz Minsk Qrupu həmsədrlərinin Lissabon sammitində ATƏT-in qəbul etdiyi prinsiplər üzərində qurulmuş, məsələnin ədalətli və sarsılmaz həllinə yönəldilmiş səylərini və Azərbaycanın ərazi bütövlüyünü tam surətdə dəstəkləyirik. Ümid edirik ki,  məsələnin sülh yolu ilə həll olunması üçün tərəflər əməli surətdə işləyəcəklər".

  Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Endryu Taker "Xalq qəzeti"nə (2001 -ci il, 26 yanvar) verdiyi müsahibədə bildirmişdir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz və tərkib hissəsidir, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş torpaqlarını tərk etməlidir. Səfir sözünə davam edərək demişdir: "Böyük Britaniyanın rəsmi dairələri dəfələrlə bəyan etmişlər ki, Dağlıq Qarabağa veriləcək muxtariyyətin hansı statusa malik olmasını yalnız Azərbaycan Respublikasının rəhbərliyi müəyyən etməlidir. Rəsmi London Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir.

  Azərbaycan və Ermənistan prezidentləri arasında gedən danışıqlara Böyük Britaniya ümidlə baxır və bu görüşlərin nəticəsində ümumi məxrəcə gəlməyin mümkün olacağını gözləyir. Amma bununla bərabər biz Böyük Britaniya münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün nə töhfə verə biləriksə, onu etməyə hazırıq".

  Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2001-ci il aprelin 23-dən 30-dək Strasburqda keçirilən yaz sessiyasında Parlament Assambleyasının bir qrup deputatı ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı tanımaq çağırışı ilə çıxış etmişdir. Bununla əlaqədar sessiyada "Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin tanınması haqqında" xüsusi bəyannamə yayılmışdır. Bu sənəddə deyilir ki, Azərbaycan xalqına qarşı təcavüz Azərbaycan torpaqlarının iki hissəyə parçalanmasını təsbit etmiş Gülüstan (1813-cü il) və Türkmənçay (1828) müqavilələrindən başlanır. Həmçinin, göstərilir ki, "Böyük Ermənistan" iddiası erməniləri 1905-1907-ci illərdə Qafqazda azərbaycanlılara qarşı kütləvi qırğınlar törətməyə təhrik etmişdir.

  Qeyd etmək lazımdır ki, bu sənədi 20 ölkədən olan 49 deputat dəstəkləmişdir. Sənədə imza atanlar arasında Böyük Britaniyanın AŞPA-dakı deputatı cənab Deyvis də var idi. Bu hadisəni Bakıda növbəti diplomatik qələbə kimi qiymətləndirmişlər. Məsələn, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Rusiyada çıxan "Nezavisimaya qazeta"nin müxbirinə demişdir ki, bu cür sənədin qəbul edilməsi Azərbaycanın beynəlxalq meydanda ciddi qələbəsidir, çünki bu, azərbaycanlılara qarşı soyqırımı tanıyan, beynəlxalq təşkilatda rəsmiləşdirilmiş ilk sənəddir.

 Ulu Öndər Böyük Britaniyanın münaqişənin həlli ilə bağlı mövqeyini yüksək qiymətləndirirdi: "Böyük Britaniyanın xarici işlər nazirlərinin Azərbaycana rəsmi səfəri çox böyük əhəmiyyət kəsb etmişdir. Biz buna çox əhəmiyyət veririk. Hesab edirəm ki, çox səmərəli danışıqlar aparmışıq və lazımi sənədlər imzalamışıq. Bunlar ölkələrimiz arasında əlaqələrin inkişafı üçün yeni mərhələdir.

  Danışıqlar zamanı Ermənistan ilə Azərbaycan arasında hərbi münaqişəyə son qoyulması, Azərbaycanın Ermənistanın təcavüzündən xilas olması və regionumuzda sülh yaranması məsələsi xüsusi yer tutmuşdur. Böyük Britaniyanın yüksək səviyyəli dövlət,  hökumət dairələrinin Azərbaycana diqqət və marağı daim olmuşdur. O cümlədən, Ermənistan Azərbaycan münaqişəsinin aradan qaldırılması, Azərbaycan torpaqlarının işğaldan azad olması üçün Böyk Britaniyanın beynəlxalq təşkilatlardakı fəaliyyətini və səylərini biz yüksək qiymətləndiririk. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu səylər davam edəcək və 1996-cı ildə biz ölkəmizdə, regionumuzda sülh və əmin-amanlıq yaranmasına nail ola biləcəyik.

  Mən bu gün bir daha bəyan edirəm ki, Azərbaycan müharibənin yenidən başlanmasının əleyhinədir. Azərbaycan sülh istəyir, Qarabağ probleminin dinc yolla həll olunmasını istəyir. Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və bu torpaqlardan zorla qovulmuş bir milyondan artıq vətəndaşımızın öz yerlərinə qayıtması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi bizim əsas məqsədimizdir və buna sülh yolu ilə nail olmaq istəyirik. Təkcə bizdən ötrü deyil, dünya ictimaiyyəti üçün də çox mühüm olan bu problemin həllində, ümidvaram ki, Böyük Britaniya, onun dövlət dairələri bundan sonra da öz səylərini əsirgəməyəcəkdir."

 Böyük Birtaniya rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması məsələsində rəsmi Londonun mövqeyindən danışaraq demişdilər ki, onların ölkələri ATƏT-in Minsk Qrupu həmsədrlərinin işini hər vasitə ilə dəstəkləyir, aydın şəkildə, özü də dəfələrlə elan etmişdir ki, bu məsələnin sülh yolu ilə həlli Lissabon zirvə toplantısında qəbul olunmuş üç prinsipə əsaslanmalıdır və bunlardan başlıcası Azərbaycanın ərazi bütövlüyünün təmin olunması prinsipidir.

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 20 fevral.- S.14.