YAP-ın 20 illik tarixi Azərbaycanın müasir
tarixinin şərəfli salnaməsidir
Bu fikirlər YAP
Yasamal rayonu təşkilatının 20 illiyinə həsr
olunmuş tədbirdə səsləndirilib
Dünən
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayonu təşkilatının
yaradılmasının 20 illiyinə həsr olunmuş tədbir
keçirilib. Yasamal rayon icra hakimiyyətinin iclas salonunda
keçirilən tədbir Azərbaycan Respublikası Dövlət
Himninin səsləndirilməsi ilə açıq elan olunub.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov partiyanın yaranma tarixindən, keçdiyi şərəfli və çətin inkişaf yolundan danışıb. F.İsmayılov bildirib ki, partiyanın yaranma ideyası Bakı Dövlət Universitetindən başlayıb. Bundan başqa ötən əsrin 90-cı illərində blokada şəraitində olan Naxçıvana mənəvi və maddi dayaq olmaq üçün ziyalılar toplaşaraq Bakıda "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyəti yaratdılar. Cəmiyyətin iclaslarının birində siyasi mübarizə aparmaq üçün bir partiya yaradılması fikri ortaya atıldı. Partiyanın ideyası, yaradılması, ona kimin rəhbərlik edəcəyi ilə bağlı müzakirələr oldu. Çoxluğun qərarı belə oldu ki, belə bir partiyanı yalnız Ulu Öndər Heydər Əliyev yarada və ona rəhbərlik edə bilər. 1992-ci il oktyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının zalında mərhum Murtuz Ələsgərovun başçılığı ilə imza toplanılaraq Heydər Əliyevə müraciət ünvanlandı. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Oktyabrın 20-də Ulu Öndərimiz bu müraciətə müsbət cavab verdi.
Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, Onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin Sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
Bundan sonra bölgələrdə
partiyanın özəklərinin yaradılmasına
başlanıldı. 1993-cü il
yanvarın 9-da 17 nəfərdən təşkilat komitəsi
yaradıldı. Fevralın 20-ə qədər 26 ilk partiya təşkilatını
təmsil edən 560 nəfərlik partiya üzvü ilə partiyanın Yasamal
rayon təşkilatı
təsis konfransı keçirdi. İkinci konfransda partiya üzvlərinin sayı 1300 nəfər
idi. 2008-ci ilin avqust ayında keçirilən 8-ci konfransda isə artıq təşkilat üzvlərinin
sayı 23 minə çatmışdı. Bu
gün isə 20 illiyini
qeyd etdiyimiz YAP Yasamal rayon təşkilatında
150 ilk partiya təşkilatını
təmsil edən 26 min partiya
üzvü var. Onlardan 550 nəfəri elmlər doktoru - professordur, 50 nəfəri
Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi və müxbir
üzvüdür, 1200 nəfər elmlər
namizədidir, 50 nəfər respublikanın xalq
və əməkdar artistidir.
Partiyamızın xalq arasında necə nüfuz qazanması bu
göstəricilərdə öz əksini
tapır.
Daşqın Qənbərov:
"YAP Yasamal rayon təşkilatının
gəncləri də böyüklərimizin yaratdıqları
ənənələrdən faydalanır və onları davam etdirirlər"
YAP Yasamal rayon təşkilatı idarə heyətinin üzvü Daşqın Qənbərov YAP Yasamal rayon təşkilatının 20 il ərzində gördüyü işlərin partiyanın inkişafı baxımında böyük töhfələr verdiyini dilə gətirib. Qeyd edib ki, YAP Yasamal rayon təşkilatının Azərbaycan siyasi elitasının formalaşmasında müstəsna xidmətləri olub. Bu gün Azərbaycanın ictimai-siyasi həyatında fəal olan insanlara nəzər salsaq görərik ki, onların əksəriyyəti bu təşkilatda yetişmiş, formalaşmış insanlardır. Mən gənclərin adından çıxış edərək bildirmək istəyirəm ki, YAP Yasamal rayon təşkilatının gəncləri də böyüklərimizin yaratdıqları ənənələrdən faydalanır və onları davam etdirilər. Təkcə son dövrlərdəki mətbuat səhifələrinə nəzər şahidi olarıq ki, Yasamal gəncləri də ölkənin ümummilli maraqları zəminində, taleyüklü məsələlər ortaya çıxdıqda, hər zaman aktiv və açıq şəkildə mövqe ortaya qoyub. Heç də təsadüfi deyil ki, YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin fəaliyyəti partiyanın rəhbərliyi tərəfindən həmişə diqqət və qayğı ilə qarşılanır. Biz bu etimadı daim qoruyub inkişaf etdirəcəyik.
Nurlana Əliyeva: "İnanmıram ki, bu gün nəinki Azərbaycanda, hətta dünyada YAP qədər öz xalqına yaxın bir qurum ola bilsin"
Çıxışına təbriklə başlayan YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva partiyanın ölkə, cəmiyyət üçün əvəzsiz dəyərindən söhbət açıb. Vurğulayıb ki, cəmiyyəti bir anlıq olsun belə Yeni Azərbaycan Partiyası olmadan təsəvvür etmək mümkün deyil. 20 ildən artıq bir dövrdə xalqın şüurunda belə bir fikir formalaşıb ki, YAP təkcə siyasi qurum deyil, o, həm də xalqın həyat tərzinə nüfuz etmiş bir partiyadır. Mənəvi dünyamıza nüfuz edib, mədəniyyətimizi, təhsilimizi məcrasına salmaqda son dərəcədə böyük yardımçı olan, milli şüurun formalaşmasında böyük rol oynayan və onu dünyanın yeni düşərgəsinə uyğunlaşdıran bir partiyadır. Razılaşaq ki, bu qloballaşma, dünyaya inteqrasiya dövründə bu məsələlər çox böyük önəm daşıyır. Ulu Öndər Heydər Əliyev deyirdi ki, qloballaşma qaçılmazdır. Heç kəs bundan özünü kənara çəkə bilməz. İnanmıram ki, bu gün nəinki Azərbaycanda, hətta dünyada YAP qədər öz xalqına yaxın bir qurum ola bilsin. Ulu Öndər bu partiyanın məramnaməsini hazırlayarkən, burada ümummilli məsələlərin hər kiçik detalını da işləyib hazırlayıb. Ona görə də bu partiya xalqın böyük məhəbbətinə istinad etməklə, həm də dahi siyasətçi olan Heydər Əliyevin ideyalarına arxalanırdı. Buna görə də qısa bir müddətdə YAP yüz minlərlə insanın firqəsinə çevrildi.
İbrahim Mehdiyev: "Heydər Əliyevin çətin bir şəraitdə partiyanı yaratması Onun nə qədər dahi bir insan olduğunu bir daha təsdiqlədi"
Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev Ümummilli Lider Heydər Əliyevin partiyanı yaradarkən qarşılaşdığı çətinlikləri xatırladaraq bildirdi ki, Ulu Öndər təzyiqlərə, təhdidlərə baxmayaraq partiyanı yaratmağa nail oldu. Heç bir insan, siyasətçi, belə bir çətin şəraitdə, istər bəzi adamların təzyiqi, istərsə də sərt keçən qışa, dondurucu soyuqlara dözüb bu vəzifəni yerinə yetirə bilməzdi. Heydər Əliyevin belə bir şəraitdə partiyanı yaratması Onun nə qədər dahi bir insan olduğunu bir daha təsdiqlədi.
İcra başçısı Yasamal rayonunda aparılan abadlıq-quruculuq işlərindən də danışıb və rayonun son illər sosial-iqtisadi sahədə əldə etdiyi uğurlardan bəhs edib.
Əli Əhmədov:
"2013-cü il bizə Yeni
Azərbaycan Partiyasının qələbələr, nailiyyətlər
salnaməsinə yeni şərəfli bir səhifənin yazılması
şansını verib"
Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov təşkilatın 20 illiyi münasibəti ilə təbriklərini dilə gətirib. Əli Əhmədov deyib ki, YAP-ın 20 illik tarixi Azərbaycanın müasir tarixinin şərəfli bir salnaməsini təşkil edir. Partiyanın 20 illik tarixi Azərbaycanın inkişafının, müstəqilliyinin formalaşmasının, müstəqil Azərbaycan dövlətinin qurulmasının tarixidir. YAP-ın 20 illik tarix Heydər Əliyev siyasətinin təntənəsi tarixidir. Bu 20 illik tarix, eyni zamanda, Azərbaycanın Heydər Əliyevin müəyyənləşdirdiyi tarix əsasında, bu gün ölkə Prezidentinin həyata keçirdiyi siyasətin sayəsində iqtisadiyyatının qüdrətinin yüksəldilməsi, ölkəmizin simasının dəyişməsi, insanlarımızın rifahının yüksəldilməsi, bütövlükdə, Azərbaycanın yeniləşməsi tarixidir.
Əlbəttə ki, bizim 20 il ərzində əldə etdiyimiz nailiyyətlər kifayət qədər çoxdur. Bizim ən böyük nailiyyətimiz yeni bir Azərbaycanın qurulmasından ibarətdir. İndi hər bir Azərbaycan vətəndaşı bütövlükdə yeni bir Azərbaycanda yaşayır. Bu yeni Azərbaycanın parametri təkcə iqtisadiyyatımızın yüksəlməsi demək deyil, insanlarımızın rifahı yaxşılaşıb, Azərbaycanın qüdrəti artıb, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib. Yaşadığımız yeni Azərbaycanın ən mühüm səciyyəvi cəhəti ondan ibarətdir ki, ölkəmiz özünə inamı artıraraq daha inamlı məmləkətə, dövlətə çevrilib. Bununla yanaşı, hər Azərbaycan vətəndaşı da özünü inamlı hesab edir, gələcəyinə inamla baxır, gələcəyinin parlaq olduğuna inanır. Bütün bunların hamısı Heydər Əliyev siyasətinin sayəsində Azərbaycanda əldə olunan uğurlar, nailiyyətlərdir. Bu uğurlar bütövlükdə YAP-ın yaşadığı 20 illik tarixin başlıca qayəsi və məzmunundan ibarətdir.
Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, YAP-ın ən əzəmətli təşkilatlarından biri Yasamal rayon təşkilatıdır. Burada səsləndirildi ki, bu təşkilatın ətrafında 26 min fəal vətəndaş birləşib. Təxmini hesablasaq Yasamal rayonunu hər 10 sakinindən biri YAP-ın üzvüdür. Eyni zamanda, qeyd etmək istəyirəm ki, YAP-ın qüdrəti təkcə bu partiyada birləşən 600 min nəfərlə ifadə olunmur, həmçinin, Yasamal rayon təşkilatının gücü və əzəməti də bu təşkilatın sıralarında birləşən 26 min insanda birləşmir. Bu, sadəcə statistika deyil, bu, Azərbaycan vətəndaşlarının, Yasamal sakinlərinin Heydər Əliyev siyasətinə münasibətin ifadəsidir. Bu gün ölkə Prezidentinin həyata keçirdiyi siyasətin dəstəklənməsinin bariz təcəssümüdür. Əgər Heydər Əliyev siyasətinə insanlar inanmasaydılar, bu gün dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətə insanlar inanmasaydılar, bu siyasəti dəstəkləməsəydilər, 600 min Azərbaycan vətəndaşı özünün siyasi taleyini YAP-la birləşdirməzdi. Həmin məntiqlə də onu demək istəyirəm ki, Yasamal sakinləri Heydər Əliyev siyasətinə və Prezidentimizə inanmasaydılar, yəqin ki, 26 min fəal insan, sakin təkcə bir rayon təşkilatının ətrafında birləşməzdilər. Bu, böyük bir inamın ifadəsidir. Bu, YAP-ın gücünü və qüdrətini müəyyən edən, onu ifadə edən başlıca parametr, başlıca amildir.
YAP-ın hər bir rayon təşkilatı şərəfli bir yol keçib. Partiyamızın zəngin tarixi var. Bu tarixdə yuxarıda sadaladığım bütün nailiyyətlər öz əksini tapıb. Bizim nə qədər uğurlarımız varsa, bundan daha böyük yol bizi gözləməkdədir. 2013-cü il YAP-ın qələbələr, nailiyyətlər salnaməsinə yeni şərəfli bir səhifənin yazılması şansını bizə verib. Hər biriniz söhbətin nədən getdiyini yaxşı bilirsiniz. 2013-cü il Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Bu gündən artıq Azərbaycanın hər bir vətəndaşının, xalqın mütləq əksəriyyətinin gəldiyi qənaət növbəti prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədrinin namizədliyinin irəli sürülməsi və o namizədliyin dəstəkləməsindən ibarətdir. Hər bir Azərbaycan vətəndaşı hesab edir ki, növbəti 5 ildə İlham Əliyevin ölkəyə rəhbərlik etməsi Azərbaycanın növbəti 5 ildə də uğurlar, nailiyyətlər qazanmasını təmin edəcək. Qarşıdan gələn prezident seçkilərində Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin Prezident İlham Əliyevin namizədliyini dəstəkləmək qətiyyətinə inamımız həm bundan qaynaqlanır ki, hər bir vətəndaşımız ölkəmizin inkişafından özünə payın düşdüyünü aydın şəkildə dərk etməkdədir. Xalqın Heydər Əliyev siyasətinə, Prezident İlham Əliyevə inamı YAP-ın növbəti sınaqdan da üzüağ və qələbə ilə çıxacağını deməyə əsas verir.
Yubiley tədbirində Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmov, YAP Yasamal rayon təşkilatının sədr müavini, Bakı metropoliteninin rəisi Tağı Əhmədov da iştirak edib. Daha sonra partiya sıralarına yeni daxil olmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.
Mərasimin sonunda tədbir iştirakçıları adından ölkə başçısı İlham Əliyevə müraciət ünvanlanıb.
Cabir
Səs.- 2013.- 21 fevral.- S.4-5.