XOCALI SOYQIRIMI BƏŞƏRİ CİNAYƏTDİR

 

"Səs" qəzeti Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı dəyirmi masa keçirib

 

"Səs" qəzeti ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edən, günün aktual və prioritet mövzuları ətrafında silsilə xarakterli dəyirmi masalar təşkil edir. Növbəti dəyirmi masa "XOCALI SOYQIRIMI BƏŞƏRİ CİNAYƏTDİR" mövzusunda keçirilmişdir. Azərbaycan xalqının ən böyük faciələrindən biri olan Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş dəyirmi masada YAP Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, millət vəkilləri Elman Məmmədov, Çingiz Qənizadə, siyasi elmlər doktoru Cümşüd Nuriyev, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni iştirak edib.

Dəyirmi masa iştirakçıları ilk öncə Xocalı faciəsi zamanı şəhid olan soydaşlarımızın ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Həmçinin, yazıçı-publisist Sabir Şahtaxtlının "Azərbaycan tarixində dörd qara gün" kitabı da tədbir iştirakçılarına təqdim olunub.

Dəyirmi masaya moderatorluq edən "Səs" qəzetinin əməkdaşı İlham Əliyev bildirdi ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırımı oldu. Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilə bilər. Xocalı faciəsi tarixdə bizə məlum olan Babiyar, Xatın, Liditse, Srebrinitsa soyqırmı faciələri ilə eyni səviyyədə durur. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər.   

 

"Səs" qəzetinin əməkdaşı:

- Aydın müəllim, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə vəhşi ermənilər bəşəriyyətə qarşı ən dəhşətli cinayəti- Xocalı soyqırımını törətdilər. İstərdik ki, o dövrün hadisələrini və baş vermiş tarixi cinayətlə bağlı fikirlərinizi deyəsiniz. 

 

Aydın Hüseynov: "Bu tarix heç bir sözün ifadə edə bilmədiyi bir anlama şahidlik edən bir gündür"

 

- İlk öncə Xocalı faciəsi qurbanlarının ruhuna Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Xocalı soyqırımı - XX əsrin silinməz ləkəsidir. Hadisələri ardıcıllıqla izləsək, başımıza gətirilən olaylar, tarixdə, demək olar ki, eyni ssenari üzrə cərəyan edir. Şükürlər olsun ki, bizlər hələ də tam sınmamış, milli genefondumuzu, adət-ənənələrimizi qoruyub saxlaya bilmişik. Biz anlamalıyıq ki, ermənilər tarixən təkcə bizlərə qarşı deyil, bütün türk dünyasına qarşı torpaq iddiaları ilə çıxış etmişindi də etməkdədirlər. Bu tarix heç bir sözün ifadə edə bilmədiyi bir anlama şahidlik edən bir gündür. Bu tarix bəşəriyyətin zamanın sonunadək ən böyük utanc duyacağı dəhşətlərin, foto və videolentlərini görənlərin baş verdiyinə inanmaq istəmədiyi faciənin tarixin yaddaşına qara hərflərlə yazdığı bir gündür. Bu tarix insanlığın tamamilə öldüyü gündür. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri Rusiyanın Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etdilər. Dörd tərəfdən erməni terrorçu dəstələri tərəfindən əhatə olunan şəhər artilleriya və ağır hərbi texnikadan güclü və fasiləsiz atəşə tutuldu. Az bir vaxt ərzində şəhərdə böyük miqyaslı yanğınlar baş verdi, şəhər tamamilə alova büründü. Bəşəriyyətin ən qədim yaşayış məskənlərindən olan Xocalı bir gecənin içərisində yerlə yeksan edildi. Qanlı qırğından sağ qalan əhali dağlara, meşələrə qaçdı. Dinc əhalini təqib edən silahlı ermənilər onları güllələyir, ələ keçənlərə amansız işgəncələrlə divan tuturdular. Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfəri həlak olub. Həlak olanların cinsyaş tərkibi adamı dəhşətə gətirir- 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qoca, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər şikəst olub, onların 76 nəfəri uşaq idi. 150 nəfər isə itkin düşüb. 1275 nəfər dinc sakin- qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz işgəncələrə, təhqir və həqarətlərə məruz qalıb. Məhz nədən Xocalı? Ermənilərin belə bir dəhşətli soyqırımını həyata keçirmək üçün nədən Xocalı şəhərini hədəfə aldıqlarını necə izah etmək olar? Burada, fikrimizcə, 3 əsas səbəb var idi. Bu, bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji önəm daşıyan şəhəri aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silərək, Azərbaycan xalqının gözünü qorxutmaq idi. Sonuncu səbəb isə, Azərbaycan türklərinin çox minillər öncədən burada məskunlaşdıqlarını sübut edən Xocalı mədəniyyətini məhv etmək idi. Ermənistanda mühüm dövlət postları tutan Serj Sarkisyan, Robert Köçəryan və digərləri baş vermiş soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə- Xocalı soyqırımına, əsil soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Qeyd edim ki, 1993-cü ildə xalqın təkidli tələbi ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda baş verən ictimai-siyasi proseslərə həm hüquqi, həm də siyasi qiymət verildi. Bu gün Azərbaycan diplomatiyası soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində intensiv aparır. Ümummilli Lidermiz Heydər Əliyevin uzaqgörən siyasəti ilə əsasını qoyduğu diaspora fəaliyyəti, Onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu diplomatiyası sayəsində dünyanın bir sıra ölkələrində Xocalı soyqırımından bəhs edən tədbirlər keçirilir, abidələr ucaldılır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq səviyyədə aparılan ideoloji təbliğatın əsas prioritetləri Dağlıq Qarabağ haqqında həqiqətləri, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqdır. 57 ölkənin gənclər təşkilatlarını birləşdirən İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İdarə Heyətinin sessiyasında qurumun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə Baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış, bütün dünya birliyi tərəfindən dəstəklənən "Xocalıya ədalət" kampaniyasını genişləndirməkdə məqsəd ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Getdikcə dünya ictimaiyyəti başa düşür ki, Ermənistanın siyasətinin əsasında terrorçuluq və işğalçılıq siyasəti dayanır. Vaxt gələcək, ermənilər günahsız Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərə görə tarixin ədalət məhkəməsi qarşısında dayanacaqlar. Tarix heç nəyi unutmur! 

"Səs" qəzetinin əməkdaşı: "Elman müəllim, Xocalı soyqırımı necə oldu baş verdibunun qarşısının alınması üçün hansı tədbirlər görüldü?" 

 

Elman Məmmədov: "Xocalılar, sadəcə olaraq, vətəndaşlıq şücaəti göstərdilər"

 

- Qeyd edim ki, o ərəfədəki vəziyyət birdən-birə yaranmayıb. Bu münaqişənin başladığı dörd il ərzində ermənilərin apardıqları hazırlığın nəticəsi idi. Hadisələr 1998-ci ildən başladı. Xocalının coğrafi mövqeyi elə idi ki, bu rayona gəlmək üçün ermənilər yaşayan iki-üç məntəqədən keçmək lazım idi. Yəni Xocalı bütünlükdə erməni yaşayış məntəqələrinin mühasirəsində idi. Belə ki, 5 kilometr məsafədən şərqdə Əsgəran dururdu, yuxarıda - 10 km məsafədə Xankəndi və ətrafda 20-dən çox erməni yaşayış məntəqələri yerləşirdi. 4 il mühasirədə yaşayan Xocalı 1992-ci ildə kulminasiya nöqtəsinə gəlib çatdı. 1992-ci il fevralın 25-dən 26-na keçən  gecə Xocalı faciəsi baş verdi.

Hələ 1991-ci il dekabrın 25-də Xocalının çətin günündə şəhər əhalisinə kömək məqsədilə 21 nəfər gəlmişdi ki, onların da beşi yanvar ayında Bakıya qayıtdılar. Beləliklə də, Xocalının müdafiəsinə bütövlükdə 16 nəfər yardıma gəldi. Yerdə qalanlar isə məhz Xocalı sakinlərinin özləri idilər. Bu fikri həmişə demişəm və bu gün də bildirmək istəyirəm ki, o ərəfədə Xocalıda nə xüsusi təyinatlı milis dəstəsi, nə də milli ordu dəstələri olmayıyb. Təəssüf edirəm ki, bu gün Xocalı ilə bağlı kitab yazanlar səhvən "OMON"-un, milli ordunun adını çəkirlər. Bu yanlış fikir əslində erməniyə xeyir verməkdir. Erməni də götürür bu fikirləri əldə bayraq edərək bildirir ki, azərbaycanlılar həmin ərəfələrdə Xocalını milli cəbhəyə çeviriblər. Ancaq o dövrlərdə Xocalı özünün yerli sakinlərinin köməyi ilə müdafiə dəstəsi yaradaraq, özünü müdafiə edib.  Xocalının müdafiəsinə mən rəhbərlik edirdim. Mən də orada hərbi dəstə görməmişdim. Xocalı yerli müdafiə və polis  dəstələrinin köməyi ilə müdafiə olunurdu. Üç - dörd min nəfər Xocalıya hücuma gələn canlı qüvvənin qarşısında Xocalı müdafiəçilərinin əlində  dörd əl pulmyotu, ov tüfəngləri, bir neçə avtomat silahı və iki ədəd qumbaraatan var idi. Hansı ki, həmin qumbaraatanlardan birinin nişangahı olmadığı üçün uşaqlarımız hədəfi gözəyarı nişana alırdılar. Təsəvvür edin, böyük, hər cür silah-sursatla təchiz olunmuş alayın qarşısına qəhrəman xocalılar hansı silahlarla çıxmışdılar. Xocalılar, sadəcə olaraq, vətəndaşlıq şücaəti göstərdilər. Son ana qədər vətəni tərk etmədilər. Bəzən belə sual verirlər ki, bu hadisə necə  oldu baş verdi? Deyim ki, biz hər şeyi qabaqcadan bilirdikbizim ağlımız da kəsirdi ki, bu hadisə baş verəcək. Lakin Vətəni qoyub çıxmaq xocalıların heysiyyatına toxunurdu. Bilirsinizmi, mənim ən çox nifrət elədiyim sual "siz bunu görə-görə niyə orda qalmışdınız" sualıdır. Bu sualı  verən adam özü xəyanətkardır ki, belə bir sual verir. Necə ola bilər ki, Vətənin xoş günündə sən orada durub yaşamalısan, həyatından zövq almalısan, Vətənin başının üstünü qara buludlar alanda, onu tərk etməlisən?! Bu, düzgün düşüncə tərzi deyil!

 Məsələ onda idi ki, həmin dövrlərdə hakimiyyətdə olan rəhbərliklərdən ilk öncə biz dinc əhalinin çıxarılmasını tələb edirdik. Xocalı faciəsi zamanı şəhid olanların əksəriyyəti dinc əhali oldu. Yəni qocalar, uşaqlar, qadınlar oldu. Bunlar çıxarılandan sonra döyüşçüüçün səngərdən getməlidir? Döyüşçü səngərdə ölənə qədər qalmalıdır ki, qələbəyə nail olsun. 

- "Səs" qəzetinin əməkdaşı: "Cümşüd müəllim, ermənilər Xocalıda kütləvi qırğınları törətməkdə erməni şovinistlərinin məqsədi nə idi?

 

  Cümşüd Nuriyev: " Azərbaycan əlində olan tutarlı sənədlərlə, sübutlarla son 5 il ərzində bu soyqırımını tanıtmaq imkanını əldə etdi"

 

-  Mən də Elman müəllimin fikirləri ilə tam razıyam ki, bu gün Azərbaycan mətbuatında bu məsələ ilə bağlı  həddən artıq yanlış fikirlər gedir.  Bir faktı qeyd edim ki, Tomas Eval "Qarabağ" adlı kitabında Serj Sarkisyanın dediklərinə istinad edərək yazır ki, "Xocalıya qədər azərbaycanlılar elə bilirdi ki, biz dinc əhaliyə əl qaldıra bilmərik. Biz bu sindromu qırdıq." Eyni ilə Rusiyanın o zamankı daxili işlər naziri mart ayında etdiyi çıxışında bildirir ki, ermənilərlə bərabər, içirdilmiş, narkotik verilmiş rus ordusunun əsgərlərinin əli ilə bu vəhşilik törədilib. Bu gün biz Xocalı faciəsinə niyə soyqırımı deməliyik? Birincisi, 1948-ci il  9 dekabrda 260 saylı "Genosid cinayəti və ona qarşı mübarizə haqqında" konvensiya qəbul olunub. İkincisi, Nürnberq hərbi tribunalının nizamnaməsi var, üçüncüsü, Yuqoslaviyada beynəlxalq cinayət tribunalının nizamnaməsinin birinci maddəsinə görə, eyni zamanda, Azərbaycan Cinayət Məcəlləsinin 103-cü maddəsinə görə, bundan başqa Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart Srəncamı ilə Xocalı faciəsinin soyqırımı olması təsdiqlənib. Soyqırımı olmasına  şübhə ilə yanaşmaq isə ermənilərə bir növ köməklik göstərməkdir.

İkinci bir məsələyə də toxunmaq istərdim. Müxalifət qəzetləri yazırlar ki, Azərbaycan Xocalı soyqırımını tanıtmaqda, bu istiqamətdəki təbliğatda zəif fəaliyyət göstərir, guya nələrisə eləmək istəmir. Ermənilərin qondarma 1915-ci il "soyqırımı" iddialarını 50 ildən sonra Uruqvay qəbul edib. Ondan 17 il sonra Kipr qəbul etdi. 80 il keçəndən sonra isə Rusiya qəbul elədi. Ancaq Azərbaycan bu addımı 2008-ci ilin may ayında atıb. Xocalı soyqırımını artıq dörd dövlət rəsmən tanıyır. Çünki Azərbaycan sürətli inkişaf yolundadır, Ermənistan isə yalan ideyalar üzərində fəaliyyət göstərir, heç bir ideyası yoxdur. Ermənilərin əlində bir-iki qondarma sənəddən başqa  heç bir fakt yoxdur. Azərbaycan isə əlində olan tutarlı sənədlərlə, sübutlarla son 5 il ərzində bu soyqırımı tanıtmaq imkanını əldə etdi. Bu gün Azərbaycanın bütün sahələr üzrə istər iqtisadi, istər siyasi cəhətdən imkanları genişdirinkişaf etmiş dövlətlər tərəfindən tanınır. Azərbaycana qarşı belə böhtanlar ancaq erməni dəyirmanına su tökmək məqsədindən irəli gəlir. Bütün Xocalı faciəsi qurbanları qarşısında baş əyirəm.

 

"Səs" qəzetinin əməkdaşı: "Sarksyan Xocalı soyqırımını törətdiyini etiraf edir. Bu, beynəlxalq terrorizm deyilmi?"

 

 Çingiz Qənizadə: "Çox təəssüfdoğrucu haldır ki, bəzi dövlətlər demokratiyadan, insan haqlarından danışaraq bu cür hadisələrə öz siyasi məqsədlərini güdməklə yanaşı, həmin olaylara göz yumurlar"

 

- Ümumiyyətlə, cinayətlər törədildikdən sonra, tərəflər bunu etiraf edirsə, bunu sübut etmək hüquq-mühafizə orqalarının işidirbunu qanun tələb edir. Amma elə ağır cinayətlər var ki, bu, təkcə hüquq-mühafizə orqanları tərəfindən üzə çıxarılmalı deyil, həm də beynəlxalq hüquq normalarına əsaslanan ittihamlar irəli sürülməlidir. Eyni zamanda, beynəlxalq hüquq normalarına itaət edən dövlətlər də buna hörmətlə yanaşmalıdırlar. Çox təəssüfdoğrucu haldır ki, bəzi dövlətlər demokratiyadan, insan haqlarından danışaraq bu cür hadisələrə öz siyasi məqsədlərini güdməklə yanaşı, həmin olaylara göz yumurlar. Bu baxımdan, Xocalı soyqırımına da bir çox beynəlxalq təşkilatlar obkyektiv fikir bildirmirlər. Lakin yaxın beş il ərzində Azərbaycan Xocalı ilə bağlı beynəlxalq aləmdə öz sözünü demiş və ATƏT-in parlament dövlətləri arasında soyqırımı qəbul edilibsə və proses davam edirsə, deməli, Azərbaycan qısa zaman ərzində çox işllər görüb və görməkdədir. Sual oluna bilər: Niyə bu addımı atırıq? Çünki dünya ictimaiyyəti məhz həmin dövlətlər tərəfindən mənfi istiqamətə yönəldilə bilib. Məsələn, Amerikada, Vaşinqtonda Azərbaycan təşkilatları tərəfindən Xocalı soyqırımı ilə bağtlı şüarların, plakatların yayılması prosesi sürətlə aparılır. İnanıram ki, yaxın zamana qədər Amerika ictimiaiyyətinin və xalqının fikirlərində, düşüncələrində Xocalı qırğınının baş verməsi reallığı formalaşacaq.

 

(Ardı var)

 

 

RƏFİQƏ KAMALQIZI,

 

RÖVŞƏN NURƏDDİNOĞLU

 

Səs.- 2013.- 22 fevral.- S.8-9.