Azərbaycan - Böyük Britaniya birgə müəssisələri və ticarət əlaqələri

 

"AzEvroTel" Azərbaycan-Böyük Britaniya birgə müəssisəsi 1995-ci ildə Azərbaycan Respublikası Rabitə Nazirliyi və "LUKoil Europe Ltd" (Böyük Britaniya) şirkəti tərəfindən yaradılıb. "AzEvroTel" "GPT Ltd" Britaniya şirkətinin "SYSTEMX" texnologiyası əsasında qurulan müasir rəqəmli 92/97 nömrəli ATS-lərin operatorudur. "AzEvroTel" kompleksli telekommunikasiya xidmətlərinin göstərilməsinə dair Rabitə Nazirliyinin lisenziyasına malikdir və Beynəlxalq Telekommunikasiya ittifaqının üzvüdür.

Qeyd etmək lazımdır ki, Rusiyanın "LUKoil" neft şirkəti Azərbaycanda fəaliyyət göstərən neft konsorsiumu üzvləri arasında ilk şirkətdir ki, Bakının kommunikasiya sisteminə investisiya qoymaqda təşəbbüs göstərib. Şirkətin bu təşəbbüsü Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən də dəstəklənib.

"AzEvroTel"in xidmətlərindən hazırda 20 mindən artıq abunəçi - onların arasında dövlət və hökumət orqanları - Prezident Aparatı, Nazirlər Kabineti, ARDNŞ, XİN, DİN, MTN, Prokurorluq, Gömrük Komitəsi, o cümlədən, bütün dünyada tanınmış transmilli korporasiyalar, diplomatik missiyalar, banklar və yerli şirkətlər istifadə edir.

Bakıdakı müştərilərinə "AzEvroTel" birgə müəssisəsi telekommunikasiya sisteminə aid olan və müasir texniki vasitələri, o cümlədən, "İSDN" və videokonfrans rabitəni təqdim edir. Videokonfrans müasir biznesin ən əlverişli, asanlıqla işə qoşulan yeni və son dərəcə qənaətcil kommunikasiya sistemidir. Bu rabitə növü dünyanın müxtəlif guşələrində olan bir neçə partnyorlarla birbaşa vizual və virtual rabitə yaradılmasına imkan verir.

"AzEvroTel" Zaqafqaziyada yeganə "1327 MRT" standartlı "NOKİA Actionet" çoxməqsədli trank rabitəsini təqdim edən birgə müəssisədir. O, özündə ratsiyanı, radiotelefon və peycer funksiyalarını cəmləşdirir. Bu sistemdən dünyada geniş istifadə olunan  "NOKİ Actionet" sistemindən, demək olar ki, bütün böyük aviaşirkətlər, Avropa dövlətinin şəhər xidmətləri, bələdiyyə qurumları, transmilli korporasiyalar, banklar, metrolar və s. istifadə edirlər. "TRUNKİNG" sözü ingiliscə radiorabitə deməkdir. Trank rabitəsinin əsas üstünlüyü onun rentabelliyidir. Böyük həcmli daxili rabitəyə malik olan təşkilatlar üçün bu, xərclərin xeyli azalması deməkdir.

Qeyd etdiyimiz kimi, "AzEvroTel" müştərək müəssisəsinin əsası Rusiyanın "LUKoil" neft şirkətinin törəmə şirkəti olan "LUKoil Eurore LTD" şirkəti tərəfindən qoyulmuşdur. 1996-cı il mayın 10-da Azərbaycan Respublikasının Prezidentı Heydər Əliyev "AzEvroTel"in açılış mərasimində iştirak etmişdir. Dövlət başçısı Böyük Britaniyanın "GPT" şirkətinin müasir avadanlığı ilə təchiz edilmiş yeni stansiya ilə tanış olmuşdur.

"GPT" şirkətinin regional direktoru Donald Makloxan ATS-in yaradılması layihəsində iştirak etmək üçün şirkətə verilmiş imkana görə Prezidentə dərin minnətdarlığını bildirmişdir. Açılış mərasimində çıxış edən Prezident Heydər Əliyev demişdir: "...Mən bu hadisəni böyük məmnuniyyət hissi ilə qarşılayıram Ona görə ki, 1994-cü ilin fevral ayında mənim Böyük Britaniyaya rəsmi səfərim zamanı biz orada baş nazir Con Meycor, onun müavini cənab Maykl Hezltayn və ölkə hökumətinin digər rəhbərləri ilə bir neçə saziş, o cümlədən, Azərbaycan ilə Böyük Britaniyanın "GPT" şirkəti arasında əməkdaşlıq haqqında saziş imzalamışıq. Mən məmnunam ki, bu saziş artıq əməli surətdə həyata keçirilir. Və biz bu gün bunun əməli nəticəsini görürük, bununla əlaqədar mərasimdə iştirak edirik.

Bu stansiyanın yaradılmasında mən ilk növbədə "GPT" şirkətinin buraya gətirib quraşdırdığı müasir və günün tələblərinə cavab verən avadanlığı, gördüyü işləri yüksək qiymətləndirirəm. Bu stansiya "GPT" şirkəti ilə yanaşı, Rusiyanın "LUKoyl" şirkətinin həm Azərbaycanla, həm də Britaniya ilə əməkdaşlığının bəhrəsidir.

Beləliklə, biz bugünkü əlamətdar hadisədə 3 ölkənin Böyük Britaniyanın, Rusiyanın və Azərbaycanın əməkdaşlığının konkret nəticələrini görürük."

"AzEvroTel" rabitə xidmətləri göstərərək, insanların ünsiyyətdə olmasına və yaxınlaşmasına imkan yaratmaqla bərabər humanitar layihələrdə də iştirak edir. Belə ki, "AzEvroTel" Azərbaycan-Böyük Britaniya birgə müəssisəsi "Səyyah" uşaq musiqi ansamblının "Bakılı oğlanlar",  Şən və Hazırcavablar komandasının Nəşriyyat Evinin gənclər arasında şahmat üzrə üç dəfə dünya çempionu olmuş Teymur Rəcəbovun sponsorudur. Müştərək müəssisə Dağlıq Qarabağ qaçqınlarına köməklik məqsədiylə keçirilən xeyriyyəçilik tədbirlərinin müəyyənləşdirilməsində iştirak edir. Bütün bu şirkətlərlə bərabər qeyd etmək lazımdır ki, Böyük Britaniyanın ölkəmizdə sığorta, tikinti və təchizat şirkətləri də fəaliyyət göstərir.

Son illər Azərbaycanla Britaniya arasında həyata keçirilmiş mühüm iqtisadi layihələrdən biri də Bakı beynəlxalq hava limanının tikintisi və modernləşdirilməsidir. Qeyd etmək lazımdır ki, Bakıda hava limanında ilk aerovağzal binası 1964-cü ildə istifadəyə verilmişdir. Hələ 1981-ci ildə o zaman Sovet Azərbaycanına rəhbərlik edən Heydər Əliyev Bakıda yeni aerovağzal bina kompleksi tikintisinin hazırlanması barədə təşəbbüs irəli sürmüşdür. Həmin il o, SSRİ Mülki Aviasiya Nazirliyi "Aerolayihə" institutunun əməkdaşlarının, Azərbaycan memarları R.Əliyev və N.Əliyev ilə birlikdə hazırladıqları və bu məqsədlə keçirilən Ümumittifaq müsabiqəsində qalib gəlmiş layihəni seçmişdir. 1985-ci ildə bu önəmli layihənin tikintisi başlanmış, lakin 80-ci illərin sonu 1990-cı illərin əvvəlində Sovet İttifaqının süqutu və Azərbaycanda bu layihəyə biganə münasibət nəticəsində tikinti işləri dayandırılmışdır.

1996-cı ildə Azərbaycan Prezidenti Heydər Əliyev Bakı beynəlxalq aerovağzal kompleksinin yeni layihəsinin hazırlanması barədə göstəriş vermişdir. Bundan sonra beynəlxalq hava limanı kompleksinin tikintisi və modernləşdirilməsi üçün Böyük Britaniyanın "Simens Plessi" şirkətinin rəhbərliyi ilə həmin ölkənin "Börnz Assoşieyte", "Kura Treyd End Development", Türkiyənin "Burc-Enka", İrlandiyanın "MDA-qrupp", "Avia İnternəşnl" şırkətlərinin daxil olduğu "MDA" konsorsiumu yaradılmışdır. 1997-ci il oktyabrın 19-da Prezident Heydər Əliyevin iştirakı ilə Bakı beynəlxalq hava limanı layihəsinin təqdimetmə mərasimi, 1999-cu il sentyabrın 30-da Bakı beynəlxalq hava limanının yeni kompleksinin açılışı olmuşdur. Azərbaycan Prezidenti Heydər Əliyev açılış mərasimində iştirak etmiş və görülmüş işləri yüksək qiymətləndirərək, öz tövsiyyələrini vermişdir.

Mərasimdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Rocer Tomas çıxış edərək öz hökumətinin bu layihədəki iştirakından ətraflı bəhs etmişdir:

 - Cənab Prezident! Xanımlar və cənablar!

Bizim ölkəmizdə belə bir atalar sözü var: "Uğurun atası çox olur, amma uğursuzluq yetimdir". Xanımlar və cənablar, mənim ölkəm Böyük Britaniya istəmir ki, onu bu hava limanının atası adlandırsınlar. Biz dayə rolunu da istəmirik. Lakin iş elə gətirmişdir ki, biz əvvəldən hava limanının tikintisində iştirak etmişik və ona görə də istərdik ki, adımız bu gözəl hava limanının uğuru ilə yanaşı çəkilsin.

Böyük Britaniya bu hava limanının tikilməsində iki sahədə aparıcı rol oynamışdır. Birinci rolu biz maliyyə sahəsində oynamışıq. Xanımlar və cənablar, uşaqlarım həmişə mənə deyirlər ki, məhəbbət məcbur edir ki, Yer öz oxu ətrafında fırlansın. Lakin indi hamıya məlumdur ki, Yeri öz oxu ətrafında fırlanmağa məcbur edən puldur. Bir şey məlumdur ki, bu hava limanı pulsuz tikilə bilməzdi. Elə bu məsəilədə də Britaniya öz sözünü dedi.

Britaniya hökuməti bu layihəni ixrac krediti ilə təmin etdi. İlk dəfə idi ki, Britaniya Azərbaycana maliyyə təminatı verərək, bu ölkənin gələcəyinə öz inamını nümayiş etdirdi. Britaniya bankları bu işdə fəal iştirak etdilər, NTVEST və HSBC şirkətləri praktiki olaraq kommersiya bazarından milyonlarla dolları ayırıb bu layihəyə qoydular. Bunu etmək heç də asan deyildi. Çox vaxt layihəni maliyyələşdirmək obyekti tikməkdən daha çətindir. 1996-cı ilə qədər London-Siti - mənim ölkəmin maliyyə mərkəzi Azərbaycanla bağlı layihələrə heç vaxt qoşulmamışdı. Maliyyə mərkəzləri coğrafi baxımdan Azərbaycanın harada yerləşdiyini də bilmirdilər, əmin deyildilər ki, buraya vəsait ayırsınlar, ya yox.

Lakin sonra Britaniya və Türkiyənin maliyyə təsisatları başda olmaqla, 5 ölkənı təmsil edən 8 bank bu layihəyə qatıldı. İlk dəfə idi ki, Azərbaycanın maliyyə sistemləri əsil maliyyə ordusu ilə işləmişlər və buna görə də, mən Azərbaycanın Beynəlxalq Bankı və Maliyyə Nazirliyi qarşısında papağımı çıxarıb onları alqışlayıram ki, Azərbaycanın maraqlarını belə bacarıqa qoruya bildilər.

Eyni zamanda, Britaniya bu hava limanının servisinin hazırlanmasında da çox praktiki rol oynadı və bu işdə də öz bacarığını göstərə bildi. Burada xüsusi rentgen aparatları qoyulmuşdur ki, bunlar baqajı tam yoxlaya bilir. Əgər siz təyyarəyə gecikirsinizsə, bu işdə sizə heç bir yardım edə bilmərik. Lakin hava limanına daxil olanda gördüyünüz tablo britaniyalıların hazırladığı tablodur. Məhz bunun üzərində bütün məlumatları görəcəksiniz. Bundan əlavə Britaniya şirkətləri burada eskalatorlar, elektrik generatorları və digər cihazlar və avadanlıq quraşdırmışlar.

Hörmətli xanımlar və cənablar!

Bu gün biz belə bir gözəl hava limanının açılışındayıq və elə bilirəm ki, bu, Azərbaycanın gələcək həyatında çox vacib rol oynayacaqdır. Ona görə də, hamınızdan xahiş etmək istəyirəm ki, Azərbaycanın gələcək uğuru üçün öz köməyimizi əsirgəməyək. Çox sağ olun. ^_

Həmin ilin oktyabrında Böyük Britaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Con Bəttl da "Azərbaycan Hava Yolları" Dövlət Konsernində olmuş, "AZAL"ın baş direktoru Cahangir Əsgərovla Bakı Binə beynəlxalq hava limanında yeni yük terminalının tikintisi və maliyyələşdirilməsini həyata keçirmək məqsədi ilə Azərbaycanla Böyük Britaniya arasında niyyət protokolu imzalamışdır. Görüşdə bir daha Bakı Binə beynəlxalq hava limanında yeni aerovağzal kompleksi və "Hava hərəkətinin idarəetmə sisteminin modernləşdirilməsi layihəsinin Böyük Britiniyanın Azərbaycanda həyata keçirdiyi ən böyük və ən mühüm layihə olması vurğulanmışdır.

Azərbaycanla Böyük Britaniya arasında iqtisadi sahədə əməkdaşlıqdan bəhs edərkən artıq ikinci ildir ki, Böyük Britaniya Ticarət Nazirliyinin və Britaniyanın Bakıdakı səfirliyinin təşkilatçılığı ilə ölkəmizə gələn Aberdin Ticarət-Sənaye Palatasının nümayəndə heyətinin səfərlərini də qeyd etmək yerinə düşər.

1999-cu il yanvarın 29-dan fevralın 6-dək Bakıda olmuş 12 nəfərdən ibarət nümayəndə heyətinin səfərindən əsas məqsəd neft və qaz sənayesində işgüzar əməkdaşlığı genişləndirməyin imkanlarını öyrənmək olmuşdur. Onlar neft-qaz sənayesinə xidmət sahəsinin bir çox sektorlarını, o cümlədən, ətraf mühitin mühafizəsi layihələrinin həm quru, həm də dəniz üçün texniki layihələrin işlənib hazırlanması, neft, kimya və energetika sənayesinin müxtəlif sahələrinin ixtisaslı kadrlarla təmin olunması məsələsi ilə yaxından tanış olmuşlar.

2000-ci il yanvarın 26-dan fevralın 3-dək Bakıda səfərdə olmuş növbəti nümayəndə heyətinin tərkibinə Aberdin Ticarət Palatasından 19 şirkətdən 27 nümayəndə daxil olmuşdur. Səfər zamanı Aberdin iş adamları Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri, xüsusən də, neft sənayesi ilə yaxından tanış olmuş bir sıra şirkət rəhbərləri Azərbaycanda fəaliyyət göstərən Britaniya kompaniyaları ilə birgə əməkdaşlıq barədə razılığa gəlmişlər.

Azərbaycanla Britaniya arasında iqtisadi münasibətlərin inkişafında mühüm yerlərdən birini tutan bu şura haqqında anlaşma memorandumu 1995-ci il noyabrın 29-da Londonda Azərbaycan Prezidenti Heydər Əliyev və Böyük Britaniyanın Ticarət Şurasının prezidenti, ticarət və sənaye üzrə dövlət katibi Yan Lanq tərəfindən imzalanmışdır. Bu sənəd 1996-cı il iyunun 15-də Prezident Heydər Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmişdir.

Azərbaycan-Britaniya Ticarət-Sənaye Şurasının Azərbaycan tərəfdən həmsədri, ölkəmizin Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Mahmud Məmməd-Quliyev Şuranın məqsədlərini belə açıqlamışdır: "Azərbaycan-Britaniya Ticarət-Sənaye Şurası iki ölkə arasında iqtisadi və ticarət əlaqələrini koordinasiya edəcək orqan kimi yaradılmışdır. Şuranın ən mühüm vəzifələrindən biri Azərbaycana investisiyalar cəlb olunması, ölkəmizdə işləmək istəyən Britaniya biznesmenləri üçün əlverişli şərait yaradılmasıdır. Bu gün Azərbaycanda sabit işgüzar fəaliyyətlə məşğul olan bütün Britaniya şirkətləri şuramızın üzvləridir. Azərbaycan tərəfindən özəl şirkətlər arasında şura üzvlərinin stabil artımı müşahidə edilir. 400-dən artıq şirkəti öz sıralarında birləşdirən Azərbaycan Sahibkarlar Konfederasiyası, həmçinin, bank işi, konsaltinq, fermer fəaliyyəti, reklamla məşğul olan şirkətlərin birlik və assosiasiyaları Azərbaycan-Britaniya Ticarət-Sənaye Şurasının üzvləridir. Bu, artıq nüfuzlu ictimai təşkilatdır.

Şuranın vacib strateji istiqamətlərindən biri də Azərbaycan və Britaniya şirkətləri arasında birbaşa əlaqələrin yaradılmasına yardım göstərməkdir".

Azərbaycanda fəaliyyət göstərən bütün Britaniya şirkətləri bu şuranın üzvləridirlər. Azərbaycanlı üzvlər arasında isə Azərbaycan Ticarət və Sənaye Palatası, Milli Bank, Azərbaycan Sahibkarlar Konfederasiyası, "Real holdinq" və "İmproteks" kimi nüfuzlu qurumlar vardır. Qeyd etmək lazımdır ki, şuranın işində, həmçinin, Britaniya Ticarət-Sənaye Departamentinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndələri də yaxından iştirak edirlər.

1996-ci il iyunun 5-də Bakıda Prezident Sarayında Azərbaycan Prezidenti Heydər Əliyev və Böyük Britaniyanın energetika və sənaye naziri Tim Eqqarın iştirakı ilə Azərbaycan-Britaniya Ticarət-Sənaye Şurasının birinci sessiyası keçirilmişdir. Sessiyadakı çıxışında Azərbaycan Respublikası ilə Böyük Britaniya iqtisadi əməkdaşlığının son zamanlar surətlə inkişafından söhbət açan Prezident Heydər Əliyev beş il əvvəl Londonda səfərdə olduğu zaman bu əməkdaşlığı daha da möhkəmləndirmək üçün adı çəkilən şuranın yaradılmasını mühüm addım kimi qiymətləndirmişdir.

1996-cı ildən bəri Azərbaycan-Britaniya Ticarət-Sənaye Şurasının 9 iclası keçirilmişdir. Qeyd etmək lazımdır ki, şura üzvlərinin səyi, Britaniya hökuməti ilə apardığı uğurlu müzakirələrin nəticəsində 1996-cı ilin iyun ayında Britaniya hökuməti tərəfindən Azərbaycana təminatlı kommersiya kreditlərinin qarantiya verilməsi barədə qərar qəbul edilmişdir.

Şuranın 1997-ci ilin noyabrın 25-də olan iclasında şura üzvləri gənc bir azərbaycanlı musiqiçinin Britaniyada təhsilini davam etdirmək üçün 20 min funt sterliq məbləğində sponsorluq edilməsi qərarını, vermişlər. Həmin iclasda, həmçinin, bir qrup azərbaycanlı elm adamını Britaniyaya dəvət etmək barədə də qərar qəbul olunmuşdur. Qeyd etmək lazımdır ki, o zaman şuranın iclasında baş nazirin müavini Abid Şərifovun başçılığı ilə nümayəndə heyəti iştirak etmişdir. İclasdakı çıxışında Abid Şərifov, xüsusilə, qeyd etmişdir ki, Prezident Heydər Əliyev Şuranın fəaliyyətinə xüsusi maraq göstərir.

Bundan başqa Şuranın 1998, 1999, 2000-ci illərdə Londonda və Bakıda iclasları keçirilmişdir. Şuranın 9-cu iclası 2000-ci ilin iyulunda Bakıda keçirilmişdir. Həmin iclasda Azərbaycan və Britaniya öz fəaliyyətləri barədə hesabatları, iqtisadi islahatların gedişi, Azərbaycanın energetika sektorunda özəlləşdirmə məsələləri, Vergi Məcəlləsinin qəbulu, kommunal xidmətlər bölməsində problemlər və başqa məsələlər müzakirə olunmuşdur.

Azərbaycan-Britaniya Ticarət Sənaye Şurası, həmçinin, Britaniya-Azərbaycan Cəmiyyətinin fəaliyyətində, 1999-cu ilin oktyabrında Bakıda keçirilən Britaniya həftəsinin təşkilində və "Azərbaycanda bizneslə məşğul olarkən" kitabının hazırlanmasında yaxından iştirak etmişdir. Qeyd etmək lazımdır ki, "Azərbaycanda bizneslə məşğul olarkən" kitabında Azərbaycanda xaric ticarət, sərmayə qoyuluşu ilə bağlı bütün məsələlər müfəssəl şəkildə nəzərdən keçirilmiş, Azərbaycanda ticarət və sərmayə qoyuluşuna yaradılmış imkanlar barədə geniş informasiya verilmişdir.

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 26 fevral.- S.14.