Azərbaycan-Böyük Britaniya əməkdaşlığının inkişafında cənab İlham Əliyevin rolu

 

Azərbaycan-Böyük Britaniya əməkdaşlığının inkişafında ölkə Prezidenti İlham Əliyevin müstəsna xidmətləri var. 2004-cü ilin dekabrında İlham Əliyevin Böyük Britaniyaya rəsmi səfəri iki ölkə arasında əlaqələrin genişlənməsində xüsusi əhəmiyyət kəsb etdi.

1. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Britaniya hökumətinin qonağı kimi bu ölkəyə səfəri zamanı çərşənbə axşamı 14 dekabrda baş nazir Toni Bleyrlə Dauninq Strit 10-da görüşdü.

 2. Baş nazir və Prezident 1998-ci il iyulun 21-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni bir daha təsdiq etdilər. Onlar Azərbaycanda qanunun aliliyinə, insan haqlarının və azadlığın inkişaf etdirilməsinə əsaslanaraq, Azərbaycanda bazar iqtisadiyyatının və çoxpartiyalı demokratiyanın inkişafına kömək etmək məqsədilə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsini dəstəklədiklərini ifadə etdilər. Baş nazir ATƏT-in və Avropa Şurasının tövsiyələrini nəzərə alaraq, bu məqsədlərə dəstək olaraq, siyasi və demokratik islahatların həyata keçirilməsində Prezidentin qərarını alqışladı.

 3. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq, Baş nazir Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə Birləşmiş Krallığın dəstəyini bir daha təsdiq etdi və ATƏT-in üzv dövlətlər arasında münasibətləri nizama salan prinsiplərinin vacibliyini vurğuladı.

 4. Azərbaycan Prezidenti qeyri-neft və qaz sektorları da daxil olmaqla, özəl sektorda daxili və xarici sərmayəyə dəstək verən biznes mühitinin inkişafını təmin edən tədbirlər proqramı müəyyən etdi. Bunlara rəqabətsiz işləmək təcrübəsi və korrupsiyaya qarşı tədbirlər, daha  geniş rəqabətə imkan və təsir gücünə malik qaydalar yaratmaq üçün maliyyə xidmətləri sahəsində islahatlar, hüquq sistemində peşəkarlığın və müstəqilliyin möhkəmləndirilməsi daxildir.

 5. Böyük Britaniyanın baş naziri Azərbaycanın Silahlı Qüvvələri tərəfindən İraq, Əfqanıstan və Kosovoda beynəlxalq sülh və təhlükəsizliyə göstərilən yardımı alqışladı. Baş nazir və Prezident bu cür missiyalara kömək göstərilməsi üçün Azərbaycan Silahlı Qüvvələrinin bacarığını artırmaq məqsədilə təlim proqramını inkişaf etdirmək barədə razılığa gəldilər. Onlar Birləşmiş Krallıq qüvvələrinin Azərbaycan ərazisindən Əfqanıstana və geriyə daşınması məsələsi ətrafında gələcək əməkdaşlıq istiqamətində danışıqlara başlamaq barədə razılığa gəldilər.

  6. Hərtərəfli danışıqlar zamanı Baş nazir və Prezident: Avropa Birliyi ilə əlaqələrin dərinləşməsində Azərbaycanın öhdəliyinin əhəmiyyəti barədə razılığa gəldilər və Azərbaycanın Avropanın qonşuluq siyasətinə qoşulması, Azərbaycanda çoxpartiyalı demokratiyanı, qanunun aliliyini və bazar iqtisadiyyatının inkişafını təmin etmək üçün onların hökumətlərinin yaxından işləməyə hazır olduqlarını ifadə etdilər, geniş Avropa daxilində Cənubi Qafqazın sülh, sabitlik, mehriban qonşuluq və tərəqqi ərazisinə çevrilməsinə kömək etmək üçün birgə işləməyə hazır olduqlarını bildirdilər;

 Dağlıq Qarabağ münaqişəsinin sülh yolu və uzunmüddətli həlli üçün, gələcək tərəqqi və regionda olan bütün əhalinin inkişafı naminə birgə işləmək barədə razılığa gəldilər; ATƏT-in Minsk Qrupunun münaqişənin həllinə yardım səylərinə dəstəyi ifadə etdilər və 1994-cü ildə əldə edilmiş atəşkəsin qorunub saxlanmasının əhəmiyyətini vurğuladılar; Xəzər regionu ölkələri tərəfindən qlobal enerji təhlükəsizliyinə verilən mühüm yardımı qeyd etdilər və Azərbaycanın təbii ehtiyatlarının istismar edilməsində Azərbaycan və Britaniya şirkətləri arasındakı uğurlu əməkdaşlığı alqışladılar,  davamlı inkişafın təmin olunmasında Azərbaycanın neft gəlirlərinin səmərəli idarə edilməsinin mühümlüyü barədə razılığa gəldilər. Baş nazir hasilat sənayesində şəffaflıq təşəbbüsünün yerinə yetirilməsində Azərbaycan tərəfindən əldə edilən inkişafı alqışladı, terrorizm və mütəşəkkil cinayətkarlığa qarşı ikitərəfli əməkdaşlığın gücləndirilməsi və davam etdirilməsinin əhəmiyyəti barədə razılığa gəldilər;

 Avratlantik Tərəfdaşlıq Şurası və "Sülh naminə tərəfdaşlıq" proqramı daxilində Azərbaycanın NATO ilə əlaqələrinin inkişafını alqışladılar və təhlükəsizlik sektorunda islahat naminə fərdi tərəfdaşlıq üzrə əməliyyat planının inkişaf etdirilməsində sürətli inkişaf olacağına ümid etdilər, demokratiyanın, cavabdehliyin, insan haqlarının və humanist dəyərlərin, icmalar arasında əlaqələrin inkişaf etdirilməsində qeyri-hökumət təşkilatlarının (QHT) və vətəndaş cəmiyyətinin mühüm rol oynaması barədə razılığa gəldilər. Onlar, həmçinin, Britaniya və digər beynəlxalq humanitar QHT-lərin Azərbaycanda mühüm rolunu qeyd etdilər və Azərbaycan hökumətinin bu cür təşkilatların Azərbaycandakı fəaliyyətinə dəstək verəcəyi barədə razılığa gəldilər,  mədəniyyət və təhsil əlaqələrinin gücləndirilməsi barədə razılığa gəldilər və ingilis dilinin tədrisinin təşviq edilməsində və Birləşmiş Krallıqda azərbaycanlı tələbələrin təhsil imkanlarına yardım göstərməsində Britaniya Şurasının fəaliyyətini alqışladılar. Onlar mədəni əlaqələrin təşviq edilməsində İngiltərə-Azərbaycan Cəmiyyətinin rolunu da alqışladılar.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniyaya rəsmi səfəri çərçivəsində, dekabrın 13-də Londonda məşhur siyasətçilərin diplomatların, mətbuat nümayəndələrinin, Avropanın tanınmış publisistləri və ictimai xadimlərinin üzvü olduqları   "Chatham House" klubunda görüşü olmuşdur. Ölkə başçımız "Chatham House" klubunda geniş nitq söyləmiş və sonra sualları cavablandırmışdır.

Səfər zamanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev çıxış edərək demişdir: "Çox sağ olun ki, sizinlə birlikdə olmağa, ölkəmizdəki vəziyyət, gələcək imkanlar, regional inkişaf və əlbəttə ki, Azərbaycanın gələcəyi ilə bağlı fikirləri sizinlə bölüşməyə imkan yaradırsınız.

 Azərbaycan hazırda keçid dövrünü yaşayan ölkədir. Sovet İttifaqı dağıldıqdan sonra ölkə müstəqillik qazandı. Müstəqilliyin ilk illəri çox ağır idi. Bu, anarxiya, özbaşınalıq, xaos, iqtisadi tənəzzül və siyasi böhran illəri idi. Hər il hakimiyyət dəyişikliyi baş verirdi və ölkə, faktiki olaraq, süqut ərəfəsində idi.

  1993-cü ildə vəziyyət xüsusilə ağırlaşanda və vətəndaş müharibəsi başlayarkən ölkə əhalisi Ümummilli Liderimiz Heydər Əliyevə müraciət etdi və bu çətin dövrdə ölkəyə rəhbərlik edib irəli aparmağı xahiş etdi. Həmin ildən, 1993-cü ildən başlayaraq, bu günədək ölkə inkişaf edir, onun beynəlxalq aləmdəki hadisələrdə, regional miqyasda rolu artmaqdadır. 1995-ci ildən başlayaraq bərqərar olmuş ictimai-siyasi və iqtisadi sabitlik həqiqi tərəqqi gətiribdir.

  Azərbaycanın iqtisadi göstəricilərinə nəzər salsanız görərsiniz ki, 1995-ci ildən 2003-cü ilədək iqtisadi göstəricilər 90 faiz artmışdır. Azərbaycan bu gün regionda adambaşına düşən xarici sərmayənin həcminə görə aparıcı ölkədir. Genişmiqyaslı özəlləşdirmə proqramı, iqtisadi islahatlar, torpaq islahatı, özəl sektor üçün əlverişli şəraitin yaradılması bugünkü duruma gətirib çıxarmışdır. Yəni Azərbaycan sürətlə inkişaf edən ölkədir. Bazar iqtisadiyyatı prinsipləri həyata keçirilir. Qətiyyətlə demək olar ki, ümumi daxili məhsulda özəl sektorun payı təxminən 75 faizdir. Xüsusilə, nəzərə alınsa ki, Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft sənayesi dövlət inhisarındadır. Onda özəl sektorun Azərbaycan iqtisadiyyatındakı rolunu aydın görmək olar. Ölkə daha sabit olduqca, iqtisadi cəhətdən daha çox inkişaf etdikcə, Azərbaycanın regiondakı aparıcı rolu da artmağa başladı. Bu gün Azərbaycan sabitlik ölkəsidir, sosial və siyasi sabitlik və həmrəylik ölkəsidir, cəmiyyətin birliyi ölkəsidir.

 Yerləşdiyimiz region təhlükəsizlərdən sayıla bilməz. Regionda, bizim öz ölkəmiz də daxil olmaqla, çoxsaylı qaynar nöqtələr var. Ölkəmiz davamlı erməni işğılından əziyyət çəkir. Bu işğal on ildən artıqdır ki, davam edir. Ümumiyyətlə, regional sabitlik regionun gələcək inkişafı üçün əsas təşkil edən amildir. Regionun əhəmiyyəti artır və gələcəkdə də artacaqdır. Bu isə yalnız Xəzər hövzəsindəki təbii sərvətlərə görə deyil, yalnız enerji layihələrinə, boru kəmərləri layihələrinə görə deyildir. Regionun yerləşdiyi coğrafi-siyasi ərazi bir sıra nəqliyyat marşrutlarının kəsişdiyi yol ayrıcındadır və gələcəkdə çox şeylər və gələcək inkişaf indi bizim işlədiyimiz layihələrin nə dərəcədə müvəffəqiyyətlə həyata keçəcəyindən asılı olacaqdır.

 Azərbaycanın Heydər Əliyevin əsasını qoyduğu xarici siyasəti və bu sahədə hələ 1993-cü ildə aydın elan edilmiş strateji məqsədləri dəyişməz olaraq qalır.

  Bu, xarici sərmayələr üçün açıq qapı, mehriban qonşuluq, Avratlantik strukturlarına inteqrasiya siyasətidir. Son bir neçə il ərzində bu sahədə əsaslı nailiyyətlər əldə etmişik. Mən əldə etmişik dedikdə, özümüzü və tərəfdaşlarımızı nəzərdə tuturam. Bu inteqrasiya birtərəfli mümkün ola bilməzdi. Məmnuniyyətlə bildirirəm ki, bu müddət ərzində dünyanın aparıcı ölkələri ilə yüksək səviyyəli əməkdaşlığımız olmuşdur, münasibətlərimiz strateji əməkdaşlıq münasibətləridir. Bu münasibətlər müxtəlif sahələri - iqtisadiyyatı, siyasəti, hərbi sahəni, bütün mümkün sahələri əhatə etmişdir.

 Azərbaycan hazırda Avropa Birliyinin yeni qonşuluq siyasətinin üzvüdür. Avropa Birliyinin bu siyasəti bizim üçün böyük əhəmiyyət daşıyır və münasibətlərimizin davam etməsi bizim üçün mühümdür. Azərbaycan həm də NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramının fəal üzvüdür. Hazırda biz fərdi tərəfdaşlıq planı üzrə işləyirik. Bu da Azərbaycanla NATO arasında münasibətlərin ikinci və çox vacib hissəsidir."

Ölkə Prezidenti  daha sonra demişdir: "Qonşularımızla çox səmimi münasibətlərimiz var. Çünki qonşularla münasibətlərin yaxşı səviyyədə saxlanılması böyük əhəmiyyət daşıyır. Regionumuzdakı vəziyyətin gərgin olmasına baxmayaraq, burada müxtəlif siyasi qüvvələrin və bir sıra ölkələrin maraqlarının bəzən üst-üstə düşməsinə, bəzən isə toqquşmasına baxmayaraq, biz Azərbaycanı hər hansı bir qarşıdurmadan uzaq saxlamağı bacardıq. Bu da çox mühüm və xeyirli amildir ki, biz qarşıdurma yox, əməkdaşlıq ruhu yarada bildik. Sizə deyim ki, bu sahədə uğurumuz göz qabağındadır. Bunun nəticəsidir ki, Azərbaycan hətta öz aralarında, bir-biri ilə yaxşı münasibətə malik olmayan ölkələrlə də yaxşı münasibətlər saxlayır. Biz heç bir ölkənin daxili işinə qarışmırıq və təbiidir ki, öz ölkəmizi də hər hansı bir ölkənin müdaxiləsindən azad görmək istəyirik.

Məqsədimiz ölkəmizi inkişaf etdirmək, müasirləşdirməkdir. İqtisadiyyatı, siyasi sistemi, hüquq sistemini yaxşılaşdırmaq, əhalimiz üçün daha yaxşı şərait yaratmaq bizim məqsədimizdir. Biz çox vacib iqtisadi islahatlar həyata keçiririk. Ölkədə mühüm iqtisadi islahatlar keçiririk. Bu il qəbul olunmuş regionların inkişaf etdirilməsi proqramı uğurlu nəticələrə gətiribdir. Biz 8 milyonluq əhalisi olan ölkəyik və təkcə bu il ərzində 100 mindən çox iş yeri açmağa müvəffəq olmuşuq. Bu da bizim iqtisadi siyasətimizin əsas elementlərindən biridir. Həmin iş yerlərinin açılmasının əhəmiyyəti, xüsusilə, onunla səciyyələnir ki, yeni iş yerləri qeyri-neft sahəsini əhatə edir, Azərbaycanın rayonlarında açılmış iş yerləridir. Bu da ölkənin tarazlı inkişafını göstərir. Yalnız paytaxt deyil, rayonlar da uğurla inkişaf edir.

 Əlbəttə ki, problemlərimiz də çoxdur. Ölkəmizdə bir sıra sahələrin səviyyəsi artırılmalıdır. Amma əsas budur ki, götürdüyümüz istiqamət və islahatların həyata keçirilməsi sürəti düzgündür. Hər şeyi vaxtlı-vaxtında etmək lazımdır. Ümid edirəm ki, gələcəkdə Azərbaycan bu siyasətini uğurla davam etdirəcək, iqtisadi, sosial şəraiti yaxşılaşdıracaq və Azərbaycan cəmiyyətinin daha da demokratikləşdirilməsini davam etdirəcəkdir.

 Son il ərzində bu istiqamətdə, ölkədə müxtəlif siyasi qüvvələr arasında münasibətlər mühitinin, ab-havanın yaxşılaşdınlmasına doğru hökumətimiz tərəfindən vacib addımlar atılıbdır. Təəssüf ki, hələ bütün siyasi qüvvələrdən adekvat cavab almamışıq, amma ümid edirik ki, hamı tərəfindən qarşılıqlı anlaşma olacaqdır. Çünki Azərbaycanın əhalisi çox deyil, ölkəmiz ərazisinə görə də böyük deyildir. Biz mürəkkəb məkanda yerləşirik, ona görə də ölkəmizə uğur gətirmək üçün birləşməyimiz vacibdir."

Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycan Prezidenti demişdir: "Ölkəmizin üzləşdiyi ən ağır problemlərdən biri də qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə bağlıdır. Ölkəmizdə əhalinin bu təbəqəsi Ermənistan silahlı qüvvələrinin təcavüzündən və ərazilərimizin 20 faizinin işğalından sonra yaranmışdır. Ermənistanın Azərbaycana qarşı təcavüzü ölkə ərazisinin işğalı və bir milyon əhalinin qaçqın və köçkün kimi əziyyət çəkməsi ilə nəticələnmişdir. Hökumətimiz əhalinin bu təbəqəsinin həyat şəraitinin yaxşılaşdırılması üçün əlindən gələni edir. Amma maliyyə resurslarımız məhduddur. Bununla belə, qaçqın və köçkünlər üçün nəzərdə tutulmuş evlərin tikilməsi üçün əsaslı vəsait ayrılmışdır və hazırda onlar yeni inşa olunmuş qəsəbələrdə evlə təmin olunurlar.

 Əlbəttə ki, bu, problemin həlli deyildir. Məsələnin həlli yolu işğala son qoyulmasıdır. Ermənistanın işğalçı qoşunlarının ərazimizdən çıxarılmasıdır. Bizim bu tələbimizdə nə isə qeyri-adi bir şey yoxdur. Hər bir ölkənin haqqıdır ki, özünün ərazi bütövlüyünü qorusun, suverenliyini saxlasın və bu da ki, beynəlxalq hüquq normalarına əsaslanır.

  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq normaları kobudcasına pozulmuşdur və beynəlxalq hüquq normalarına məhəl qoymamaq işğal və etnik təmizləmə ilə nəticələnmişdir. Bugünkü gün təkcə Dağlıq Qarabağ deyil, Dağlıq Qarabağdan ətrafdakı 7 digər rayon da işğal altındadır. Danışıqlar təəssüf ki, heç bir fayda verməmişdir, nəticə yoxdur. Amma biz münaqişənin sülh yolu ilə həlli variantına sadiqik və bu yola inanırıq. Biz istəyirik inanaq ki, məsələnin sülh yolu ilə həlli mümkündür. Amma eyni zamanda, Azərbaycan heç zaman bu işğalla barışmayacaq və bacardığımızı edəcəyik və əminəm ki, torpaqlarımız azad olunacaqdır.

 Beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar və yalnız o təşkilatlar yox ki, bu məsələ ilə birbaşa məşğul olurlar, yalnız bu məsələnin həlli üzrə mandata malik olan ATƏT-in Minsk Qrupu deyil, - yeri gəlmişkən, biz bu mandatı dəstəkləyirik, - digər beynəlxalq təşkilatlar da məsələnin həllində daha fəal rol oynaya bilərlər və oynamalıdırlar. Avropa Birliyi, Avropa Şurası, BMT-də bu məsələ ilə bağlı dinamikanı görməkdən də məmnunam. Biz görürük ki, hazırda bu təşkilatlar Ermənistan-Azərbaycan münaqişəsini müzakirə edirlər və bəziləri tərəfindən məsələni araşdırmaq üçün xüsusi nümayəndələr də təyin olunubdur. Düşünürəm ki, beynəlxalq ictimaiyyətin daha geniş diqqəti və mövzunu daim gündəlikdə saxlaması ümumi məqsədimizə yardım edər."

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 28 fevral.- S.14.