Böyük Britaniyanın HSBC HOLDİNGS və
"Britiş Eyrveyz" (British Airways) şirkətlərinin
Azərbaycanda fəaliyyəti
Qərargah mənzili Londonda yerləşən "HSBC" bank qrupu dünyanın ən böyük bank və maliyyə xidməti göstərən təşkilatlarından biridir. Şirkətin Avropa, Asiya, Sakit okean hövzəsi, Amerika, Yaxın Şərq və Afrikanın 79 ölkəsində 6500 ofisi vardır. "HSBC"-nin bank qrupunun göstərdiyi maliyyə xidmətləri arasında şəxsi, kommersiya, korporativ bank hesablarının açılması, kapital bazarlarına aid olan xidmətlər, maliyyə biznesi və sığorta xidmətlərini göstərmək olar.
Son məlumatlara görə, bank qrupunun ümumi kapitalı 580 milyard ABŞ dolları məbləğində olmuşdur. Bundan əlavə şirkətin dünya üzrə 170000 işçisi və 175000 səhmdarı vardır. Bütövlükdə bank qrupu bir neçə şirkətdən ibarətdir və bu şirkətlərin bir çoxu 100 il bundan əvvəl yaranıb təşəkkül tapmışdır.
HSBC (Hongkong and Shanghai Banking Corporation) öz adını təsisatçıları Honqkonq və Şanxay Bank Korporasiyalarından götürmüş və bir bank kimi 1860-cı illərin əvvəlində Çinin Sakit okean sahillərində yerləşən biznes dairələrində formalaşmışdır. O zaman həmin bölgədə maliyyə ticarəti kifayət qədər inkişaf etmədiyindən bir sıra qarşılıqlı maliyyə köçürmələri Avropanın ticarət müəssisələri tərəfindən həyata keçirilirdi. Həm yerli tacirlər, həm də Honqkonqun aparıcı, məşhur iş adamları daha böyük və təkmilləşdirilmiş maliyyə müəssisələrinə, xüsusi bank xidmətlərinə ehtiyac duyurdular. Belə olan halda həmin ehtiyacları ödəmək məqsədilə 1865-ci ildə Honqkonq bankının əsası qoyuldu.
Bankın yaradıcısı Tomas Suzerlend bu işdə müxtəlif maliyyə dairələrindən geniş miqyasda dəstək almışdır. Amerikanın, Hindistanın ticarət müəssisələri, eləcə də, Avropa firmaları tərəfindən dəstəklənən bank 1865-ci ilin mart ayının 3-də 5 milyon ABŞ dolları məbləğində olan ilkin kapitalla Honqkonqda fəaliyyətə başlamışdır. Qeyd etmək lazımdır ki, Honqkonq-Şanxay Bank qrupu müasir bank işinin təməlini qoymaqla maliyyə ticarəti, bank ekspertizası kimi xidmət sahələrində xeyli uğurlar əldə etmişdir. O zaman ayrı-ayrı Asiya ölkələrində açılmış bank filialları hökumət yanında valyuta məsələləri üzrə məşvərətçi statusuna kimi yüksəlmiş və 1876-1902-ci illərdə bank baş icraçı Tomas Ceksonun rəhbərlik etdiyi dövrdə xeyli inkişaf edərək, o zamankı Asiyanın aparıcı maliyyə müəssisələrindən birinə çevrilmişdir.
Bankın Asiya dövlətlərinin maliyyə siyasətində böyük rol oynamasının ən bariz nümunəsi XIX əsrin sonu - XX əsrin əvvəllərində Çində bank əskinaslarının buraxılması idi. Birincı və ikinci cahan savaşları dövründə bankın Avropadakı, Asiyadakı filiallarının fəaliyyəti müvəqqəti olaraq dondurulsa da, müharibədən sonrakı dövrdə yenidən fəaliyyətə başlamış və zərər çəkmiş ölkələrin iqtisadi strukturlarının yenidən qurulmasında öz töhfələrini vermişdir.
Honkonq-Şanxay Bank qrupunun tərkib hissəsi olan Yaxın Şərqin Britaniya Bankı 1889-cu ilin sentyabrında Londonda fəaliyyətə başlamış və İran İmperial Bankı adını almışdır. Bankın əsasını qoyan Yulius de Röyter (o, həm də Röyter informasiya agentliyinin yaradıcısıdır) o zaman İran şahından bank işləri ilə bağlı 60 il müddətinə konsessiya (imtiyaz) əldə edərək geniş fəaliyyətə başlamışdır.
O dövrdə digər xarici banklardan fərqli olaraq İran İmperial Bankı xüsusi Kral Fərmanı vasitəsilə Britaniya hökuməti tərəfindən maliyyələşdirilirdi. 1890-1893-cü illərdə 7, 1896-1920-ci illər arasında isə İran İmperial Bankı öz fəaliyyətini genişləndirərək, ölkənin müxtəlif bölgələrində 26 filial açmışdır.
1930-1940-cı illərdə İranda baş vermiş siyasi və iqtisadi dəyişikliklərlə bağlı olaraq İran İmperial Bankının bir sıra imtiyazları, o cümlədən, pul əskinaslarının buraxılması yeni yaranmış İran Milli Bankına həvalə olunmuşdur. 1940-cı illərin əvvəllərində öz strategiyasında əsaslı dəyişikliklər edən bank Körfəzyanı ölkələrdə bir-birinin ardınca Küveytdə (1942), Bəhreyndə (1944), Dubayda (1946), Muskatda (1948), Əmmanda (1949) və s. yerlərdə yeni-yeni filiallarını açmışdır.
1960-cı illərdən başlayaraq Yaxın Şərqdə bank sənayesinin milliləşməsi nəticəsində Suriya İraq kimi ölkələrdə eyni proseslər baş vermiş, xüsusilə, Körfəzyanı ölkələrdə neft sənayesinin inkişaf etməsi nəticəsində bir sıra filiallar yerli banklarla birləşərək, müştərək fəaliyyətə başlamışdır.
1994-cü ildə "Yaxın Şərqin Britaniya Bankı" baş idarəsi Londondan Cersi şəhərinə köçürülərək 1999-cu ildən etibarən HSBC Bank Yaxın Şərq (HSBC Bank Middle East) adlanır, 1996-cı ilin avqust ayının 15-də Bakıda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin iştirakı ilə "Yaxın Şərqin Britaniya Bankı"nın Bakı filialının açılış mərasimi olmuşdur. Britaniya Bankı bütün Yaxın Şərqdə geniş nümayəndəliklər şəbəkəsinə malik olan ən böyük beynəlxalq bankdır. 1959-cu ildən HSBC Qrupunun üzvü olan bank dünya üzrə bank və maliyyə xidmətləri göstərən təşkilatlar arasında birinci yerdə durur. Qrupun digər əsas üzvləri arasında Asiyada fəaliyyət göstərən Honkonq Bankı, Avropadakı Midlend Bankı və ABŞ-da Marin Midlend Bankı göstərmək olar. Bankın daxil olduğu "Honkonq-Şanxay Bank qrupu"nun sədri Uilyam Pörvis mərasimdə iştirak edərək qeyd etmişdir ki, "Britaniya Bankı təxminən 80 illik fasilədən sonra Azərbaycana, Bakıya qayıtmışdır. Çox məmnunuq ki, sizin və Azərbaycan hökumətinin dəvəti ilə yenidən buraya gəlmişik. Hazırda ölkəniz əlamətdar dəyişikliklər dövrünü yaşayır, azad bazar iqtisadiyyatına qədəm qoyur. Əminəm ki, "Honkonq-Şanxay Bank qrupu"nun geniş təcrübəsi bu iqtisadi inkişafda mühüm rol oynamağımıza imkan verəcək və biz Azərbaycanın gələcək tərəqqisində yaxından iştirak edərək, ali məqsədlərimizin həyata keçirilməsində Sizə yardımçı olacağıq. İndi Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə qoyulacaq investsiyaları dəstəkləmək üçün müvafiq infrastrukturlara, o cümlədən, müasir bank təcrübəsinə çox böyük ehtiyac var. Hazırda açdığımız filial "Honkonq-Şanxay Bank qrupu"nun dünyanın müxtəlif bölgələrindəki imkanlarından Azərbaycanın da istifadə etməsinə şərait yaradacaqdır. Sonra Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə çıxış etmişdir.
- Hörmətli Prezident, hörmətli səfir, xanımlar və cənablar!
Bu gün Azərbaycanda, Bakıda Britaniya Şərq Bankı filialının nümayəndəliyinin açılması münasibətilə sizi təbrik edir və bu hadisəni iqtisadi həyatımızda əlamətdar bir hal kimi qiymətləndirirəm.
Azərbaycan Respublikası öz həyatını, həyatının bütün sahələrini, iqtisadiyyatını müasir tələblərə, ölkəmizin tutduğu yola, yəni demokratiya prinsiplərinə, bazar iqtisadiyyatı yoluna uyğun olaraq dəyişdirmək prosesini keçirir.
Bu prosesdə
bank-maliyyə sisteminin çox böyük əhəmiyyəti
var. Azərbaycan özünü bütün dünya
iqtisadiyyatına açıq elan edərək,
qapılarını xarici sərmayəçilər
üçün açaraq, eyni zamanda, bu məramları həyata
keçirmək üçün lazımi şərait
yaranmasına da çalışır. Bu baxımdan,
dünyanın böyük maliyyə mərkəzləri ilə,
böyük bankları ilə Azərbaycanın əməkdaşlıq
etməsi və dünyanın böyük banklarının
respublikamızda təmsil olunması iqtisadiyyat sahəsində
apardığımız tədbirlərin tərkib hissəsidir.
Bu mənada dünyanın ən böyük banklarından
biri olan Britaniya Şərq Bankının Azərbaycanda öz
filialını, nümayəndəliyini açması,
şübhəsiz ki, respublikamızda bazar
iqtisadiyyatının inkişafı, maliyyə sisteminin təkmilləşməsi
və sərmayəçilərin ölkəmizdə sərbəst
fəaliyyət göstərməsi üçün
yaxşı şərait yaradır.
Məhz
buna görə də biz Britaniya Şərq Bankının Azərbaycanda
filialının açılmasını zəruri hesab
etdiyimiz üçün bankla əlaqə yaradıb
bugünkü mərasimə gəlib çatmışıq.
Çox məmnuniyyət hissi ilə qeyd etmək olar ki,
Britaniya Bankı Azərbaycana ikinci dəfədir gəlir. Yəni,
bizim keçmiş əlaqələrimiz, keçmiş
qohumluğumuz var və bu əlaqələrimiz 80 il müddətində
qırılmış olsa da, yəqin ki, öz
gücünü saxlayıbdır, biz indi onları bərpa
edirik. Bu, onu göstərir ki, Britaniya Bankının burada dərin
kökləri var və bu köklər əsasında indi, yeni
mərhələdə bank daha gözəl fəaliyyət
göstərə biləcəkdir.
Məlumdur
ki, Britaniya Bankı buraya sadəcə həvəs
üçün gəlmir, dünyanın hər yerində
öz bank sisteminin əlaqələrini yaratmağa
çalışır və bundan da fayda götürmək
istəyir. Biz də, 80 il ərzində əlaqələrimizin
olmamasına baxmayaraq, həmin bu hadisədən, yəni
Britaniya Bankının Azərbaycanda təmsil olunmasından
fayda götürmək istəyirik, ölkəmizin
iqtisadiyyatını inkişaf etdirmək, maliyyə sistemini təkmilləşdirmək,
Azərbaycanda olan həm xarici sərmayəçilərin, həm
də yerli iş adamlarının fəaliyyətini
yüngülləşdirmək üçün bu addımları
atırıq.
Biz bazar
iqtisadiyyatı yolu ilə gedirik, sahibkarlığa, təşəbbüskarlığa,
geniş yer veririk, sürətlə özəlləşdirmə
prosesini aparırıq, böyük dəyişikliklər
aparırıq. Belə olan halda sahibkarlar, Azərbaycana sərmayə
qoymaq istəyənlər üçün, iş adamları
üçün bu cür bankların çox böyük
faydası var. Ümidvar olduğumu bildirmək istəyirəm
ki, Britaniya Şərq Bankının Azərbaycanda bu
filialı təkcə onun üçün yox, eyni zamanda, Azərbaycan
Respublikasının maraqlarını təmin etmək
üçün yaranıb və qarşılıqlı əlaqələr,
əməkdaşlıq hər iki tərəfin faydalanması
üçün şərait yaradacaqdır.
Sabah,
avqustun 16-da mən Azərbaycanda fəaliyyət göstərən
sahibkarlarla, iş adamları ilə xüsusi görüş
təyin etmişəm. Bu görüşə nəinki Azərbaycan
vətəndaşları, bütün xarici ölkələrdən
Azərbaycanda iş görmək istəyən adamlar da dəvət
olunubdur. Görüşün məqsədi Azərbaycanda
sahibkarlıq üçün daha əlverişli şərait
yaratmaq, onların fəaliyyəti yolunda mövcud olan maneələri
aradan götürmək və sahibkarlığı, özəl
sektoru inkişaf etdirməkdən ibarətdir. Güman edirəm
ki, belə bir görüş ərəfəsində Azərbaycanda
Britaniya Şərq Bankı filialının
açılması səciyyəvidir, bunlar bir-biri ilə
bağlı hadisələrdir və mütləq bir-birinə
yardım edəcəkdir.
Britaniya
Şərq Bankı dünyanın böyük banklarından
biridir. Mən bu fürsətdən istifadə edərək
Britaniya Şərq Bankına gələcək fəaliyyətində
uğurlar arzulayıram. Ümidvar olduğumu bildirmək istəyirəm
ki, Azərbaycan ilə Britaniya Şərq Bankı
arasındakı əlaqələr bundan sonra daha da genişlənəcəkdir.
Əminəm ki, Britaniya Şərq Bankı Azərbaycandakı
filialına daim qayğı göstərəcək və
burada nəinki filialın fəaliyyəti, eyni zamanda, Azərbaycanın
bank sisteminin inkişafı üçün əlindən gələn
yardımları edəcəkdir.
Bu hadisə
münasibətilə sizi bir daha təbrik edir, Britaniya Şərq
Bankının Azərbaycandakı fəaliyyətinə,
respublikamızdakı filialına uğurlar arzulayıram.
1996-cı
ilin məlumatına görə, o zaman bankda
çalışan 25 işçidən 22-si azərbaycanlı
idi və onlar Birləşmiş Ərəb Əmirliklərində,
Malayziyada üç aylıq hazırlıq kursları
keçmişdilər. Hazırda isə bankda 50 işçi
çalışır ki, onlardan 47-si mütəxəssislərdir.
Britaniya
Bankının Bakı filialı Azərbaycanda iqtisadi fəaliyyət
göstərməklə bərabər humanitar proqramlarda da
yaxından iştirak edir. Belə ki, bank 1996-cı ildə
yaradılmış, Böyük Britaniyada yerləşən
fondun sponsorluğu ilə iki aylıq yay ingilis dili kursları
təşkil etmişdir. Kurslar gənclərə müxtəlif
mədəniyyətlər və rəngarəng biznes
dünyası ilə tanış olmağa geniş imkan
yaratmışdır.
Fondun
ilkin məqsədi Azərbaycanın gənc nəslinə təhsil
sahəsində eksklüziv imkanlar yaratmaqdan ibarətdir. Tələbələr
həmin kurslarda oxumaq hüququnu qazanmaq üçün
müsabiqədən keçməlidirlər. 1998-ci il
üçün 40 iştirakçının ərizəsi
Britaniya Şurası tərəfindən müsabiqənin
qaliblərinin müəyyənləşdirilməsi məqsədilə
nəzərdən keçirilmişdir. Britaniya Şurası,
həmçinin, kursların məzmununun müəyyənləşdirilməsində
böyük köməklik göstərmişdir. Nəticə
etibarı ilə həmin ilin yayında iki azərbaycanlı
iştirakçı müsabiqənin qalibi elan edilərək
kurslarda oxumaq hüququ qazanmışdır.
Bankın
sponsorluq etdiyi proqramlardan biri də 1984-cü ildə
Böyük Britaniyada yaranmış xeyriyyə cəmiyyəti
"Ralli interneşnl" tərəfindən təşkil
edilən ekspedisiyaların maliyyələşdirilməsidir.
Xeyriyyə cəmiyyətinin məqsədi Yer kürəsinin
ucqar nöqtələrində həyata keçirilən ətraf
mühitlə, eləcə də, sosial layihələrlə
bağlı proqramlarda iştirak etməyə imkan
yaratmaqdır. Bu layihə ilə bağlı bank 1999-cu ilin
iyun ayında sponsorluq təşəbbüsü ilə
çıxış etmiş, daha sonra isə 2 azərbaycanlı
tələbənin xeyriyyə ekspedisiyasında iştirak etməsini
təmin etmişdir.
"Britiş
Eyrveyz" dünyada uğurla fəaliyyət göstərən
ən böyük şirkətlərdəndir. 1996-97-ci illərdə
şirkət 38180 milyon sərnişin, 721 milyon ton yük
daşımışdır. "Britiş Eyrveyz" şirkəti
1972-ci ilin sentyabrında yaranmışdır. 1987-ci ildə
şirkət özəlləşdirilmişdir. O, ən iri
beynəlxalq sərnişindaşıyan və ən iri
yük aviasiyası şirkətlərindən biridir. Şirkətin
magistral marşrutlar şəbəkəsi dünyanın 97
ölkəsini əhatə edir. "Britiş Eyrveyz"
qrupunun donanması 256 təyyarədən ibarətdir. O iki
aviasiya şirkətindən biridir ki, dünyada yeganə səsdən
iti uçan "Konkord" təyyarəsində reyslər həyata
keçirir. Dünyanın ən iri hava limanı olan
Londondakı "Hitrou" hava limanı "Britiş
Eyrveyz"in baza aeroportudur. Londonda "Qatvik" aeroportundan həyata
keçirilən reyslərin sayı da daim artır.
"Britiş
Eyrveyz" qrupunda təqribən 58 min əməkdaş
çalışır ki, onların da əksəriyyəti
Böyük Britaniyadandır. Dünyanın bir çox
aparıcı aviasiya şirkətlərindən fərqli
olaraq "Britiş Eyrveyz" özəl investorların sərəncamındadır.
Şirkətin təqribən 250 min səhmdarı var ki,
onların da 66 faizi şirkətin əməkdaşlarıdır.
"Britiş
Eyrveyz"in uğuru göstərilən xidmətlərin
yüksək keyfiyyətindən, işçilərin əməksevərliyindən,
marketinqdən və xərclərin müntəzəm olaraq
azalmasından irəli gəlir.
Britaniyanın
bu şirkəti Qərbi Avropanın Azərbaycanda fəaliyyətə
başlayan ilk hava nəqliyyatı şirkətidir. 1995-ci ildə
"Britiş Eyrveyz" Azərbaycanda öz nümayəndəliyini
açmış ilk Qərbi Avropa hava nəqliyyalı
şirkətidir. Bakı ilə London arasında həftədə
üç dəfə "Boinq-737" təyyarələri
ilə müntəzəm reyslər təşkil etməyə
başlamışdır. Fəaliyyət göstərdiyi
üç il ərzində şirkətin təyyarələri
Azərbaycan və Böyük Britaniya paytaxtları
arasında həyata keçirdiyi reyslər zamanı 40 min sərnişin
daşımışdır. Şirkətin rəhbərliyi sərnişin
daşınmasını bundan sonra da artırmaq, bununla da iki
ölkə arasında əməkdaşlığa sanballı
töhfə vermək niyyətində olmuşdur. Belə ki,
Azərbaycanda hava nəqliyyatının inkişaf etməsində
fəal rol oynamağı qarşısına məqsəd
qoymuş "Britiş Eyrveyz" "Boinq-758" təyyarələrini
istifadəyə buraxmışdır.
Ötən
ilin aprel ayında Bakı-London reyslərində "Britiş
Eyrveyz" öz fəaliyyətini "Aerobus-320" təyyarələri
ilə xidmət edən maliyyə tərəfdaşı
"Britiş Mediterien Eyrveyz" şirkəti ilə vahid
regional şəbəkədə birləşmişdir. Elə
həmin vaxtdan şirkətin meneceri vəzifəsinə əvvəllər
Britaniya hava yollarının Azərbaycandakı şöbəsinin
satış və marketinq üzrə direktoru olmuş Səbinə
Şərifova təyin edilmişdir.
Bu ilin
mart ayının 1-dən "Britiş Eyrveyz" Bakı ilə
London arasındakı reyslərin sayını artıraraq həftə
ərzində 6 dəfəyə
çatdırmışdır. "Britiş Eyrveyz" Azərbaycan
ilə Qırğızıstan arasında əldə
edilmiş razılaşmaya əsasən Bakıdan Bişkekə
gedən sərnişinlərə biletlər və geniş
spektrli xidmətlər təklif edir.
"Britiş
Eyrveyz" şirkəti ölkəmizdə yalnız hava nəqliyyatı
sahəsində fəaliyyət göstərmir, həm də,
humanitar, xeyriyyəçilik fəaliyyəti göstərir. 5
avqust 1999-cu ildə şirkət Bakının uşaq evlərində
tərbiyə alan 60 nəfər kimsəsiz uşağın
"Xəzər dənizi üzərində hava gəzintisi
fantaziya uçuşunu" təşkil etmişdir.
6 avqust
1999-cu ildə "Britiş Eyrveyz", "Bi-Pi/Amoko",
"Statoyl", "Deytaq", "Hyatt otel" və
"ANS" TV-radio şirkətləri ilə birlikdə cəmiyyətin
diqqətini kimsəsiz uşaqların problemlərinə cəlb
etmək və uşaq evlərinə maliyyə yardımı
göstərmək məqsədi ilə xeyriyyə gecəsi
keçirilmişdir. Şirkətin meneceri cənab Robin Sokdi
AzərTAC-ın müxbirinə bildirmişdir ki,
yığılan bütün vəsait yetim uşaqların həyatını
yaxşılaşdırmaq üçün Azərbaycandakı
Qadınlar Cəmiyyətinə verilmişdir.
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2013.- 28
fevral.- S.13.