Azərbaycan - NATO: beynəlxalq və regional təhlükəsizlik

 

Şimali Atlantika Əməkdaşlığı Şurası elə bir forumdur ki, burada NATO və keçmiş Varşava müqaviləsi ölkələri ümumi təhlükəsizlik məsələlərini müzakirə edə bilərlər.NATO-nun siyasətində edilmiş dəyişikliklər bu təşkilatın hərbi strukturlarında mühüm yeniliklərə və onun ümumi hərbi potensialının azalmasına gətirib çıxarmışdır. NATO ölkələri öz hərbi xərclərini azaldaraq və silahlı qüvvələrini xeyli ixtisar edərək, onların ümumi konfiqurasiyasını dəyişdirmiş və hərbi hissələrini kiçik, lakin sülhün qorunması sahəsində yeni vəzifələri böyük müvəffəqiyyətlə yerinə yetirməyə qadir daha çevik bölmələrə çevirmişdir. Avropada yerləşdirilmiş Amerika əsgərlərinin sayı 60%, NATO nüvə qüvvələri 80%-dən çox ixtisar olunmuşdur.

X.Solana belə bir fikri xüsusi vurğulayır ki, "NATO öz təkamülünü davam etdirməlidir. Bu təşkilat NATO-ya daxil olmayan ölkələrlə əlaqələri daha da fəallaşdırmaq və birgə tədbirlərin potensialını daha da gücləndirmək vasitəsilə daha geniş Avropa təhlükəsizliyini təmin etmək bacarığını nümayiş etdirməlidir".

X.Solananın müsahibəsində Avropanın təhlükəsizliyi baxımından hazırlanmış "Sülh naminə tərəfdaşlıq" proqramına da yüksək qiymət verilmişdir. Qeyd olunmuşdur ki, mövcud olduğu üç il ərzində "Sülh naminə tərəfdaşlıq" Avropa tarixində ən uğurlu hərbi əməkdaşlıq proqramına çevrilmişdir.

X.Solana blokla əməkdaşlıq məsələsində Rusiyanın mövqeyinə toxunaraq göstərir ki, əgər Rusiya məhdud təcridçilik və düşmənçilik çərçivəsində qapanıb qalsa, bundan Avropa təhlükəsizliyi ancaq ziyan çəkə bilər. "Biz istəyirik ki, Rusiya Avropada passiv kənar müşahidəçi deyil, bu qitənin təhlükəsizliyinə öz töhfəsini verən fəal və məsul iştirakçı olsun".

Azərbaycanın beynəlxalq vəziyyətinə və yeritdiyi xarici siyasətə toxunan X.Solana xüsusi vurğulamışdır ki, Azərbaycan hazırda beynəlxalq aləmdə getdikcə daha aydın nəzərə çarpan müstəqil siyasət yeridir. Azərbaycan 1994-cü ilin mayında "Sülh naminə tərəfdaşlıq" proqramına qoşularaq, Avratlantika zonasında digər ölkələr və təşkilatlarla dostluq əlaqələrini qətiyyətlə inkişaf etdirmək niyyətində olduğunu göstərmişdir. NATO-nun bu ölkə ilə münasibətləri getdikcə genişlənərək əməli əməkdaşlıq, etimad və nailiyyətləri daha da inkişaf etdirmək ruhu aşılanmış əlaqələrə çevrilmişdir.

Ə.Həsənov göstərir ki, 1997-ci il fevralın 13-də Bakıda NATO-nun baş katibini qəbul edən Azərbaycan Prezidenti Heydər Əliyev qeyd etdi ki, Azərbaycan proqram çərçivəsində öz üzərinə götürdüyü öhdəlikləri əsasən yerinə yetirir, lakin hələ çox iş görmək lazımdır. O, xüsusi vurğuladı ki, Ermənistanla münaqişə vəziyyəti ölkə qarşısında duran problemlərin sürətli həllinə mane olur. Azərbaycan Respublikasının Prezidenti bir daha bəyan etdi ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə çalışır və Lissabon sammitində elan olunmuş prinsipləri əsas götürür.

NATO baş katibi təhlükəsizlik probleminin həm Azərbaycan, həm də NATO üçün çox mühüm əhəmiyyətə malik olduğunu xüsusi vurğulamaqla bərabər, əmin olduğunu bildirdi ki, ölkəmizlə əməkdaşlıq "Tərəfdaşlıq" proqramı çərçivəsində gələcəkdə davam və daha da inkişaf edəcək.

Səfər zamanı NATO baş katibi Azərbaycan Respublikasının Milli Məclisində NATO qarşısında duran yeni vəzifələr və Azərbaycan Respublikası ilə NATO arasında qarşılıqlı əlaqələrin perspektivləri haqqında çıxış etdi. O bildirdi: "Bu il biz Avropa təhlükəsizliyinin yeni arxitekturasının qurulması üçün addımlar atırıq və bu arxitekturada Azərbaycanın yerini hiss edirik". O, qeyd etdi ki, Qafqaz Avropa təhlükəsizliyinin təmin  edilməsinin mühüm hissəsidir.

Ə.Həsənov qeyd edir ki, Azərbaycan-NATO əlaqələrinin mahiyyəti və xüsusiyyətlərinə qiymət vermək baxımından 1997-ci ilin iyulunda Prezident Heydər Əliyevin Avropa-Atlantika Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının sammitindəki çıxışı xüsusi əhəmiyyət kəsb edir. Həmin çıxışında Azərbaycan Prezidenti yeni müstəqil dövlətlərlə NATO arasında əməli dialoqa və əməkdaşlığa böyük əhəmiyyət verdiyini xüsusi vurğulayaraq qeyd etmişdir ki, Azərbaycan bölgədə silahlı münaqişənin aradan qaldırılmasında, həmçinin, NATO-nun və Avropa-Atlantika Əməkdaşlıq Şurasının fəal roluna ümid bəsləyir. Onlar Qafqazdakı silahlı münaqişələri kənardan müşahidə etməməlidirlər. Nəzərə almaq lazımdır ki, bu münaqişələr ümumavropa təhlükəsizliyi üçün də ciddi təhlükə yaradır. Prezident bir daha bildirmişdir ki, Azərbaycan Respublikası Avropa-Atlantika Əməkdaşlıq Şurasının yaradılmasını alqışlayır və buna NATO ilə tərəfdaş ölkələr arasında siyasi məsləhətləşmələrin, fəal əməkdaşlığın mühüm mexanizmi kimi baxır.

Azərbaycan son bir neçə ildə NATO-nun cənub cinahı olan Türkiyə ilə də hərbi sahədə xüsusi əlaqələr qurub. Bütün bunlar Azərbaycanın xarici siyasətində Qərb təmayülünün təkcə iqtisadi və siyasi məsələlərlə məhdudlaşmayıb, həm də hərbi sahəni əhatə etdiyini göstərir.

"Sülh naminə tərəfdaşlıq" proqramının Azərbaycanda real şəkildə həyata keçirilməsinə 1996-cı ildə başlandı. Azərbaycan Müdafiə Nazirliyi təmsilçilərinin NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində keçirilən təlim- məşqlərində və müxtəlif seminarlarında iştirakı bu sahədə ilk addımlardır. Bundan başqa, 1998-ci ilin yazında Bakıda NATO mütəxəssisləri Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin və Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndələri ilə boru kəmərlərinin təhlükəsizliyi məsələlərinə dair birgə seminar keçirmişlər.

NATO ilə hərbi sahədə əməkdaşlıq 1997-ci ildə daha da intensivləşdirilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri 1997-ci il iyulun 28-dən avqustun 8-dək ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində keçirilən sülhməramlı təlimlərin iştirakçısı olmuşlar.

Şimali Atlantika Alyansı ilə əməkdaşlığın inkişafı sahəsində növbəti addım 1997-ci il noyabrın 14-də Prezident Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında" Sərəncam oldu. Sərəncama əsasən Azərbaycan Respublikası Prezidenti yanında NATO ilə əməkdaşlıq üzrə dövlət komissiyası yaradıldı. Dövlət komissiyası "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlığın vahid proqramının hazırlanması ilə əlaqədar müvafiq nazirlik və təşkilatların fəaliyyətinin koordinasiya edilməsi sahəsində ardıcıl iş aparır. Bununla yanaşı, 1997-ci ildə NATO-nun Brüsseldəki mənzil-qərargahında Azərbaycanın diplomatik nümayəndəliyi fəaliyyətə başladı. Bu isə əməkdaşlıq əlaqələrinə yeni təkan verdi.

Həmin ildə Azərbaycan NATO Planlaşdırma və Analiz Prosesinə qoşuldu. Bu, tərəfdaş dövlətlərlə NATO arasında əməkdaşlığın səmərəsini artırmaq məqsədi ilə bir sıra praktiki tədbirlərin birgə həyata keçirilməsini nəzərdə tutur.

1997-ci il dekabrın əvvəllərində Azərbaycanın müdafiə naziri S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti NATO üzvü və tərəfdaş dövlətlərin sessiyasında iştirak etmişdir. Sessiyada NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində əlaqələrin və əməkdaşlığın dərinləşməsi, problemlərə baxılması və qərarların qəbul olunması, tərəfdaş dövlətlər üçün yeni vəzifələrin müəyyənləşdirilməsi məsələləri müzakirə edilmişdir. Ə.Həsənovun qeyd etdiyi kimi, Azərbaycan-NATO əməkdaşlığı ictimai təşkilatların xətti ilə də davam etdirilir. 1997-ci ilin iyulunda "NATO və Azərbaycan: Koordinasiya və əməkdaşlıq mərkəzi" yaradıldı. Təşkilatın məqsədi NATO ilə tərəfdaşlıq proqramı çərçivəsində Azərbaycan ictimaiyyətinin NATO haqqında bilik və təsəvvürlərini genişləndirmək, ictimai rəyi uyğun istiqamətdə formalaşdırmaq, Azərbaycanın NATO ilə əməkdaşlığı prinsiplərini öyrənmək, NATO-nun genişləndirilməsinin Qafqazda sülhyaratma proseslərinə təsirini araşdırmaqdır.

1998-ci ilin sentyabrında NATO-nun baş katibi X.Solana Azərbaycana ikinci səfərə gəldi. Səfər zamanı NATO-nun Avratlantik və regional təhlükəsizliyə dair mövqeyi Azərbaycan tərəfinə açıqlandı və qarşılıqlı əlaqələrin inkişafına dair müzakirələr aparıldı. Şimali Atlantika Bloku ilə əməkdaşlığı dərinləşdirmək xətti götürmüş Azərbaycana 1999-cu ilin mayında NATO Parlament Assambleyasının Polşada keçirilən sessiyasında həmin qurumda müşahidəçi statusu verildi. Həmin ildə Azərbaycanın NATO ilə əməkdaşlığında yeni addım atıldı. Sentyabr ayında respublikamızın Silahlı Qüvvələrinin sülhməramlı taqımı Türkiyə taboru tərkibində ilk dəfə Kosovoda beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak etmək üçün həmin bölgəyə ezam olundu. Azərbaycan hərbçilərinin beynəlxalq sülhməramlı qüvvələr tərkibində iştirakı ordumuzun NATO standartlarına uyğun olaraq formalaşdırılması, zəruri təcrübənin qazanılması və respublikamızın beynəlxalq nüfuzunun artması baxımından mühüm əhəmiyyət daşıyırdı.

Yüksələn xətt üzrə davam edən əməkdaşlıq Azərbaycan ərazisində keçirilən NATO tədbirlərinin sayının artması ilə müşayiət olunurdu. 1999-cu ilin mayında Bakıda NATO-nun Atlantika Siyasəti üzrə Məsləhət Qrupunun sessiyası keçirildi. Bu, həmin qrupun postsovet məkanında keçirdiyi ilk sessiya idi. Sessiyada Avratlantika regionunda kollektiv təhlükəsizliyin yaradılması, əməkdaşlığın dərinləşdirilməsi, böhranların nizamlanması yolları, NATO-ya gələcək üzvlük və s. məsələlər barədə müzakirələr aparıldı.

2001-ci ilin yanvarında NATO-nun baş katibi Corc Robertsonun Bakıya səfəri alyansın Azərbaycana artan marağının təzahürü kimi qiymətləndirilməlidir. Azərbaycan Prezidenti ilə görüşdə Ermənistanın ölkəmizə təcavüzü, NATO ilə əlaqələrin inkişaf perspektivləri və s. məsələlər müzakirə edildi. Azərbaycan NATO-nun nüfuzlu qurumu hesab olunan Parlament Assambleyası ilə əməkdaşlığı dərinləşdirmək siyasətini davam etdirirdi. Bunun nəticəsi olaraq, 2001-ci il noyabrın 19-da Azərbaycan Respublikası NATO-nun Parlament Assambleyasına assosiativ üzv qəbul edildi. Bununla da respublikamız öz problemlərini və digər aktual məsələlərini dünya ictimaiyyətinə çatdırmaq üçün yeni beynəlxalq tribuna əldə etdi.

NATO-nun beynəlxalq aləmdə rolunu yüksək qiymətləndirən Azərbaycan Respublikası həmin blokla hərtərəfli fəal əməkdaşlıq əlaqələrinin qurulmasına mühüm əhəmiyyət verir. 2002-ci ilin noyabrında NATO Avratlantika Tərəfdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Praqa zirvə görüşündə iştirak edən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Cənubi Qafqaz regionunda davam edən münaqişələrin aradan qaldırılmasında NATO-nu daha fəal olmağa çağırdı.

Azərbaycan NATO ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu konkret praktiki tədbirləri ilə təsdiq edir. Kosovo və Əfqanıstanda beynəlxalq sülhməramlı qüvvələr tərkibində öz missiyasını uğurla yerinə yetirən Azərbaycan 2003-cü ilin mayında beynəlxalq koalisiya qüvvlərinin tərkibində İraqda keçirilən sülhməramlı əməliyyatlarda iştirak haqqında qərar qəbul etdi. Bununla da erməni terrorizmindən ziyan çəkmiş respublikamız beynəlxalq terrorizmə qarşı mübarizədə dünya dövlətlərinin ön sırasında olduğunu nümayiş etdirdi.

Ə.Həsənov qeyd edir ki, beynəlxalq və regional təhlükəsizlik sistemində Azərbaycanın yerini və rolunu xüsusi qiymətləndirən NATO rəhbərliyi respublikamızla əməkdaşlığın genişlənməsi üçün müvafiq addımlar atır. 2003-cü il mayın 15-də NATO-nun baş katibi C.Robertson Azərbaycana növbəti səfərə gəldi. Ölkə rəhbərliyi ilə əməkdaşlığın inkişaf perspektivləri barədə müzakirə aparan C.Robertson Azərbaycan-NATO komissiyasının iclasında iştirak etdi. İclasda NATO-nun  baş katibinə Azərbaycanın alyansın həyata keçirdiyi "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"na qoşulmaq niyyətini bildirən məktubu rəsmi surətdə təqdim edildi. Azərbaycanın mövqeyini yüksək qiymətləndirən C.Robertson qeyd etdi ki, "bu plan Azərbaycanın hansı islahatları aparmaq istədiyini müəyyən edəcək, o cümlədən, Azərbaycanın Şimali Atlantika Alyansına daha da yaxınlaşması üçün zəruri olan islahatların həyata keçirilməsini şərtləndirəcək. Bu yeni, daha dərin əməkdaşlığın çox böyük potensialı var".

Həmin potensialın dolğun qiymətləndirilməsi baxımından C.Robertsonun ümumqafqaz təhlükəsizlik sistemində Azərbaycanın yerinə dair fikirləri xüsusi əhəmiyyət kəsb edir. NATO-nun baş katibinə görə, "Qafqaz Avrasiyanın sabitliyi üçün böyük əhəmiyyətə malik olan region kimi qalmaqdadır. Azərbaycan isə burada Qərb və NATO ilə ən əsas tərəfdaş rolunu saxlayır".

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 1 iyun.- S.15.