Avrasiya subregional inteqrasiyasında dini birlik
və etnik yaxınlıq amili (TƏT və türkdilli
dövlətlər birliyi)
MDB
üzvlərinin iştirak etdiyi Avrasiya subregional inteqrasiya təşkilatlarından
biri də İqtisadi Əməkdaşlıq Təşkilatı
(İƏT - EKO) hesab olunur. Bu təşkilat
hələ keçən əsrin 60-70-ci illərində
(1964-1979) Asiya Ölkələri İqtisadi Əməkdaşlıq
Təşkilatı adı ilə fəaliyyət göstərmiş
və İranda 1979-cu ildə baş verən islam
inqilabından sonra fəaliyyətini
dayandırmışdır. İƏT-in yenidən, lakin bu dəfə
Avrasiya ölkələrinin regional iqtisadi inteqrasiya təşkilatı
statusu ilə meydana çıxması 1985-ci ildə İran,
Pakistan və Türkiyə dövlət
başçılarının ümumi qərarı ilə
mümkün olmuşdur.
SSRİ
dağılandan sonra İƏT keçmiş postsovet müsəlman
dövlətləri ilə intensiv əlaqə yaratmaq
üçün xüsusi səy göstərərək
1992-ci ildə Qazaxıstan, Azərbaycan, Türkmənistan,
Özbəkistan, Tacikistan və Qırğızıstanla
danışıqlara başlayır. Əlbəttə, yenicə
müstəqillik qazanmış bu dövlətlər
bütün dünya ilə, o cümlədən, qonşu
müsəlman ölkələri ilə əməkdaşlıq
etməkdə çox maraqlı idilər. İran, Türkiyə
və Pakistan vasitəsilə həm Qərb, həm də
Şərq ölkələrinə, bütün dünyaya
çıxmaq, müstəqil dövlət quruculuğu
prosesində onların köməyindən yararlanmaq, bu yolda
mövcud olan problemlərinin aradan qaldırılmasında
böyük müsəlman dövlətlərinə arxalanmaq
o dövrdə həm də tez-tez ictimai bir tələb kimi
müşahidə olunurdu. Ə.Həsənovun fikrincə,
1992-1993-cü illərdə İƏT ölkələri
arasında mövqeləri razılaşdırmaq, əməkdaşlıq
üçün ortaq maraqları tapmaq, inteqrasiya
strategiyasının istiqamətlərini müəyyən etmək
üçün intensiv danışıqlar başlanır.
1993-cü
ildə təşkilat üzvləri
qarşılıqlı-faydalı əməkdaşlıq sahəsində
"Kventin planı", nəqliyyat vasitələrinin hərəkəti
və tənzimlənməsi üzrə "Almatı
Proqramı"" imzalayırlar. İƏT-in İstanbul
(1993), İslamabad (1995), Aşqabad (1996), İzmir (1996),
Aşqabad (1997), Almatı (1998), Tehran (2000) deklarasiyalarında
üzv ölkələr arasında sosial-iqtisadi və siyasi əlaqələrin
əsas prinsipləri, prioritetləri və istiqamətləri
öz əksini tapıb.
"İƏT ölkələrinin iqtisadi, ticarət,
enerji, nəqliyyat sahəsindəki əməkdaşlığının
əsas strategiyası" adlı sənəd, tranzit ticarəti
və qarşılıqlı investisiya qoyuluşu haqqında
müqavilə 1993-cü ildən başlayaraq təşkilat
üzvləri arasında ünsiyyətin və
inteqrasiyanın əsasını təşkil edir. 1995-ci ildə
İslamabad sammitində üzv dövlətlər
qarşılıqlı-faydalı əməkdaşlığı
intensivləşdirmək məqsədilə birgə Ticarət
və İnkişaf Bankının və Sığorta
Kampaniyasının yaradılması haqqında qərar qəbul
edirlər.
İƏT
hazırda İran, Pakistan, Türkiyə, Azərbaycan, Əfqanıstan,
Qazaxıstan və Orta Asiyanın daha dörd dövlətini
öz tərkibində birləşdirməklə böyük
bir Avrasiya regional inteqrasiya qurumuna çevrilib. Üzv ölkələrin
geniş iqtisadi-siyasi potensiala və əmək resurslarına,
ümumilikdə 342 milyon əhaliyə, 7 milyon kv.km əraziyə,
zəngin eneıji qaynaqlarına və təbii sərvətlərə
malik olması, dünyanın Xəzər, Qara dəniz, Fars
körfəzi, Avropa-Asiya qovşağı kimi əhəmiyyətli
geosiyasi məkanında yerləşməsi İƏT-i
hazırda dünyanın sayılıb-seçilən təşkilatları
sırasında xüsusi tanıtdırıb.
İƏT Xəzər hövzəsi
və İran körfəzi rayonunda, Qazaxıstan və
Türkmənistanın zəngin karbohidrogen yataqlarında həyata
keçirilən qlobal enerji layihələri, Şərq-Qərb
nəqliyyat-kommunikasiya (TRASEKA), Bakı-Ceyhan neft-qaz kəmərinin
çəkilişi kimi mühüm işlərin
görüldüyü bir regionu əhatə edir. Bundan
başqa, İƏT-in işləyib hazırladığı
və inşaatında iştirak etdiyi nəqliyyat
magistralları İranı, Türkiyəni, Azərbaycanı,
Pakistanı, Əfqanıstanı və Türkmənistanı
birləşdirərək, Çindən Avropaya qədər
böyük bir ərazini əhatə edir. Dəmir və
avtomobil yollarının bir başı Mərkəzi Asiyaya və
Hind okeanına, Fars körfəzinə və Afrikaya, digər
başı isə Pakistana, Türkiyəyə və Avropaya
çıxır.
2000-ci ildə İƏT-in Tehranda
keçirilən altıncı sammitində təşkilat
üzvü olan on ölkənin liderləri qərara
almışlar ki, öz aralarında yeni magistral yolların
çəkilişi və gömrük rüsumlarının
azaldılması üçün birgə tədbirlər
görsünlər. 2001-ci ilin
may ayında İƏT ölkələri xarici işlər
nazirlərinin Düşənbə görüşündə
təşkilatın büdcəsi, gördüyü və
planlaşdırdığı işlər haqqında hesabat
dinlənib, katibliyin işinə qiymət verilibdir. Qərara
alınmışdır ki, üzv ölkələr
arasında ticarət-iqtisadi əlaqələri intensivləşdirmək
üçün regional müqavilə hazırlanması və
dövlət başçılarının müzakirəsinə
təqdim edilsin. Ə.Həsənov yazır ki, İƏT
Hindistan və Çinlə əlaqələri genişləndirərək,
onların bu quruma üzvlük məsələsini müzakirəyə
çıxarıb. İƏT-in əsas funksiyalarını
Nazirlər Şurası, daimi nümayəndəliklər, Regional
Planlaşdırma Şurası, altı regional institut və agentlik icra edir.
İƏT ölkələri
içərisində müəyyən anlaşılmazlıq
və problemlər də mövcuddur. Bunların
sırasında Xəzərin statusu (İran, Azərbaycan,
Qazaxıstan və Türkmənistan arasında), Şərq-Qərb
nəqliyyat-enerji layihələrinin marşrutu (Azərbaycan,
Türkmənistan, İran, Türkiyə arasında), Xəzər
hövzəsinin karbohidrogen ehtiyatlarının mənimsənilməsinə
Qərb şirkətlərinin cəlb edilməsi (Azərbaycan-İran,
Qazaxıstan-İran) məsələləri xüsusi nəzərə
çarpır. Lakin bütün bunlara baxmayaraq, İƏT-in
perspektivləri beynəlxalq aləmdə çox ciddi qiymətləndirilir
və bu qurum mühüm bir reaional inteqrasiya mərkəzi
kimi qəbul olunur.
Avrasiya subregional təşkilatlarından biri də Türkdilli Dövlətlər Birliyi (TDB) adlanan qurum hesab olunur. Bu qurum bölgənin Türkiyə və Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan kimi türkdilli ölkələrini öz tərkibində birləşdirir. TDB SSRİ dağıldıqdan və ittifaqa daxil olan beş türkdilli respublika müstəqillik qazandıqdan sonra formalaşmağa başlamışdır. Birliyin yaradılmasında əsas məqsəd türkdilli dövlətlər arasında həmrəyliyi möhkəmləndirmək, iqtisadiyyat, ticarət, ekologiya, elm, təhsil və mədəniyyət sahəsindəki əməkdaşlığı inkişaf etdirmək idi. TDB-nin təsis edilməsində türk dünyasının aparıcı dövləti olan Türkiyə Cümhuriyyəti xüsusi fəallıq göstərmişdir. Məhz Türkiyə rəhbərlərinin səyləri nəticəsində yenicə müstəqillik qazanmış türkdilli dövlətləri, xüsusən də hələ Rusiyanın təsir dairəsindən çıxa bilməmiş Mərkəzi Asiya respublikalarını birliyə cəlb etmək mümkün olmuşdu. TDB-nin fəaliyyətində Türkiyənin rolunu Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci ildə belə qiymətləndirmişdi: "Ümumiyyətlə, 1992-ci ildən başlayaraq, Türkiyə Cümhuriyyəti... türkdilli dövlətləri yaxınlaşdırmaq baxımından öz üzərinə düşən missiyanı şərəflə yerinə yetirir. Türkdilli Dövlətlər Birliyinə qatılmış hər bir ölkə bərabərhüquqludur, ancaq Türkiyə bu birliyin daha da güclü olmasını, daha da inkişaf etməsini təmin edən ən qabaqcıl ölkədir".
TDB-nin ali orqanı Türkdilli Dövlət Başçılarının Zirvə Toplantılarıdır. 1992-ci ildən 2001-ci ilədək 7 belə toplantı olmuşdur. Bu tədbirlər 1992-ci ildə Ankarada, 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda və 2001-ci ildə İstanbulda keçirilmişdir. Son toplantıda növbəti zirvə görüşünün 2002-ci ildə Aşqabadda keçirilməsi barədə razılıq əldə olunsa da, indiyədək həmin tədbir baş tutmamışdır.
TDB-yə xüsusi əhəmiyyət verən, beynəlxalq aləmdə türkdilli dövlətlərin yerinin möhkəmlənməsinə və nüfuzunun artmasına çalışan Azərbaycan və Türkiyənin dövlət başçıları bu görüşlərin səmərəli keçməsi üçün daha çox səy göstərmiş, onların hamısında əvvəldən axıradək iştirak etmiş, birliyin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əməli təkliflər irəli sürmüşlər.
Əksər beynəlxalq təşkilatlardan fərqli olaraq, TDB-nin ümumi fəaliyyətini əlaqələndirən icraedici orqan indiyədək yaradılmamışdır. Bir sıra toplantılarda Daimi Katibliyin təsis edilməsi barədə fıkirlər səslənsə də, indiyədək həmin ideyanı reallaşdırmaq mümkün olmamışdır.
Ə.Həsənov yazır ki, TDB-nin 1992-ci ilin oktyabrında Ankarada keçirilmiş ilk zirvə toplantısında türkdilli dövlətlərin inteqrasiyasına xidmət edən qərarlar qəbul edilmişdi. Toplantıdan sonra bu istiqamətdə müəyyən addımlar atılsa da, həmin qərarların bir çoxu yerinə yetirilməmişdir. Azərbaycanın o vaxtkı rəhbərliyinin bəzi məsələlərdə düzgün mövqe tutmaması nəticəsində ölkəmizin bu toplantıda Mərkəzi Asiya respublikaları ilə münasibətlərində müəyyən gərginliklər də yaranmışdı. Bu əlaqələr 1993-cü ilin iyunundan etibarən - Heydər Əliyev ali rəhbərliyə qayıtdıqdan sonra yenidən normal məcraya düşməyə, beynəlxalq hüququn norma və prinsipləri əsasında formalaşmağa başladı.
TDB-nin ikinci zirvə toplantısı 1994-cü il oktyabrın 18-19-da İstanbul şəhərində keçirildi. Toplantıda bütün türkdilli dövlətlərin prezidentləri - Heydər Əliyev, Süleyman Dəmirəl, Nursultan Nazarbayev, İslam Kərimov, Əsgər Akayev və Saparmurad Niyazov iştirak edirdilər. İstanbula yola düşərkən, Binə hava limanında jurnalistlərə müsahibə verən Heydər Əliyev demişdi: "Mən bu görüşə çox böyük əhəmiyyət verirəm. Orada hansı sənədin imzalanıb-imzalanmamasından asılı olmayaraq, elə bu görüşlərin özü, fikir mübadiləsi, həmin ölkələrin prezidentlərinin ünsiyyəti - bunlar hamısı respublikalarımızın həm iqtisadi, həm mədəni, həm də bütün başqa sahələrdə bundan sonra da bir-biri ilə sıx əlaqələr yaratması üçün imkanlar açacaqdır".
Zirvə toplantısında bütün dövlət başçıları, o cümlədən, Prezident Heydər Əliyev geniş nitq söylədi. Öz çıxışında Heydər Əliyev qeyd etdi ki, bu toplantılar xalqlarımızın tarixi kökləri, əsrlər boyu toplanmış adət-ənənələrin ümumiliyi, dil və fəaliyyət birliyi əsasında qurulub. Bu əsasda ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə böyük imkan var. Yenicə müstəqillik qazanmış, keçid dövrünü yaşayan, dərin sosial-iqtisadi böhran keçirən postsovet ölkələrinin bir-birinin köməyinə daha çox ehtiyacı olduğunu bildirən dövlətimizin başçısı Azərbaycanın həm Mərkəzi Asiya respublikaları, həm də Türkiyə ilə əlaqələrə xüsusi önəm verdiyini vurğuladı.
Heydər Əliyev Xəzər dənizinin ətrafında olan bütün dövlətləri sıx əməkdaşlığa dəvət edərək qeyd etdi ki, təkcə dənizə bilavasitə çıxışı olan ölkələr yox, başqa türkdilli dövlətlər də bu əməkdaşlığa qoşula bilərlər. Azərbaycan Prezidenti bəyan etdi ki, əgər Xəzəryanı dövlətlər öz enerji daşıyıcılarının dünya bazarlarına çıxarmaq üçün Azərbaycan ərazisindən istifadə etmək istəsələr, onlara bunun üçün tam şərait yaradılacaqdır. O, regiondakı təbii sərvətlərin ixracında Azərbaycanla yanaşı, Türkiyə ərazisindən də istifadə edilməsini məqsədəuyğun saydığım bildirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və onun nəticələrindən danışan Heydər Əliyev türkdilli dövlətlərin rəhbərlərini münaqişənin həllinə yardım etməyə, qaçqın və məcburi köçkünlərin vəziyyətini yüngülləşdirmək üçün onlara maddi və mənəvi kömək göstərməyə çağırdı. İstanbul toplantısı 24 maddədən ibarət bəyannamə qəbul etdi.
Toplantı keçirilən zaman Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayaraq, zirvə görüşünün keçirilməsindən narahatlığını ifadə etmişdi. Toplantıdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin bununla bağlı sualına Süleyman Dəmirəl belə cavab vermişdi: "Əgər Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında İstanbulda keçirilən və birlik, bərabərlik, sülh, istiqlal məqsədi daşıyan bir toplantı özlərinə qarşı düşmənçilik kimi başa düşülürsə, bu, səhvdir. Toplantının qəbul etdiyi bəyannamədə pantürkizmdən əsər-əlamət yoxdur. Biz ayrı-ayrılıqda, yaxud birlikdə kimisə təkləmək fıkrində deyilik... Biz müştərək mədəniyyətə, müştərək taleyə, keçmişə, müştərək dinə malik olan xalqlarıq. Bunu tarix belə yetirmişdir".
İstanbul toplantısının qərarına uyğun olaraq, Türkdilli Dövlət Başçılarının növbəti - III Zirvə görüşü 1995-ci ilin avqustunda Qırğızıstanın paytaxtı Bişkek şəhərində, "Manas" eposunun 1000 illik yubileyi ilə bir vaxtda keçirildi. Bu toplantıda Türkmənistan prezidentindən başqa, digər türkdilli dövlətlərin rəhbərləri iştirak edirdilər. Toplantıdan sonra təşkil olunmuş mətbuat konfransında Prezident Heydər Əliyev Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin lazımi səviyyədə olmamasından təəssüfləndiyini bildirdi və qeyd etdi ki, Azərbaycan rəhbərliyi tarixi keçmişimizi, ümumi köklərimizi əsas tutaraq bütün türkdilli dövlətlərlə daha sıx iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığın yaradılmasını istəyir.
Vahid Ömərov,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2013.- 13
iyun.- S.15.