Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin çox möhkəm siyasi sütununu təşkil edir

 

Müsahibimiz Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradovadır

- Bahar xanım, bildiyimiz kimi, iyun ayının 15-də Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunacaq. Bu ərəfədə istərdik ki, yenidən həmin məşəqqətli tarixə nəzər salaq. O dövrdə Azərbaycanda hansı proseslər baş verirdi və 15 iyunun məhz qurtuluş günü kimi xarakterizə olunmasını şərtləndirən, qurtuluş fəlsəfəsinin kökündə dayanan amillər nədən ibarətdir?

- Hər şeydən əvvəl, Milli Qurtuluş Günü, qurtuluşa gedən yola qısa bir nəzər salmağa ehtiyac var. Çünki Azərbaycan həmin zaman öz müstəqilliyini yenicə elan etmiş, elə bundan dərhal sonra da çox ağır təlatümlü hadisələrlə üz-üzə gəlmişdi. Sadəcə Azərbaycanın müstəqilliyi kağız üzərində qalmaqdan demək olar ki, o yana getməmişdi. Ermənistanın təcavüzü, Azərbaycanın daxilində gedən gərgin, ziddiyətli ictimai-siyasi proseslər, bütövlükdə bu proseslərin içərisində öz maraqlarını güdən qüvvələrin çoxluğu və onların da bir çoxlarının bu maraqları yerinə yetirmək üçün hər cür istiqamətli dairələrlə əməkdaşlığa girməyə hazır olmaları ölkədə elə bir xaos yaratmışdı ki, insanların bir çoxu dövləti, bizi, eləcə də, onların hər birinin fərdi olaraq taleyini nə gözlədiyini proqnozlaşdıra bilmirdilər. İnsanlar arasında inamsızlıq hökm sürürdü. Hətta ittifaqın dağılması, müstəqilliyin əldə olunmasının doğru olmaması barədə çox şübhəli müzakirələr gedirdi. İttifaq dövlətinin Azərbaycana daha çox üstünlüklər verdiyini düşünənlərin sayı da kifayət qədər idi. Ona görə də, belə bir ərəfədə xalqın inandığı, xalqın etibar etdiyi, qarşıdakı hədəflərə çatmaq üçün düzgün yol seçərək xalqı da öz ardınca apara biləcək şəxsiyyətə, siyasi qüvvəyə çox böyük ehtiyac duyulurdu. Elə bu ehtiyacdan da 1992-ci ilin yay aylarından etibarən Yeni Azərbaycan Partiyasının yaradılması prosesinə başlanmışdı və bir qrup ziyalının o zaman Naxçıvanda yaşayan və fəaliyyət göstərən Ümummilli liderimiz Heydər Əliyevə müraciəti oldu. Onun bu müraciətə cavabı, daha sonra partiyanın yaradılmasına hazırlıq prosesi və qısa bir zamanda partiyanın yaradılması ilə bağlı respublikanın bütün şəhər və rayonlarında təşəbbüs qruplarının meydana gəlməsi nəticəsində 1992-ci ilin noyabr ayında partiya Naxçıvanda təsis olundu. Naxçıvanda təsis olunmasının da əsas səbəbləri bəlli idi. O zamankı hakimiyyət qüvvələri Ulu öndər Heydər Əliyevin şəxsiyyətindən qorxurdular və Heydər Əliyevin Bakıda yaşaması və fəaliyyət göstərməsi mümkün olmadığı kimi, Onun rəhbərlik etdiyi partiyanın Bakıda təsis olunması da mümkün olmadı. Bu səbəbdən də Azərbaycanın o vaxtkı ictimai-siyasi proseslərinin ağırlıq mərkəzi Naxçıvana–Heydər Əliyevin olduğu regiona yerini dəyişdi və demək olar ki, gözlər Naxçıvana tikildi. Yeni Azərbaycan Partiyası yarandı, qısa müddətdə təşkilatlandı, çox böyük sürətlə xalqın ən müxtəlif təbəqələri partiyaya kütləvi şəkildə üzv olmağa başladılar. Azərbaycanın getdikcə gərginləşən ictimai–siyasi durumu, Azərbaycana olan təhlükə və təhdidlər müvafiq qərarın daha tez qəbul olunmasına gətirib çıxardı. Eyni zamanda, o zamankı ağır durum həm də ona gətirib çıxardı ki, hakimiyyət ölkədəki böhranı aradan qaldırmaq üçün Heydər Əliyevə müraciət etmək məcburiyyətində qaldı.

1992-ci ilin may və iyun ayları Azərbaycanda, xüsusilə, kritik dövr idi. Həmin dövrdə Azərbaycanda vətəndaş müharibəsinin başlanması təhlükəsi də var idi və hətta ilk qan tökülmüşdü. Hakimiyyətlə ordu qrupları arasında çox gərgin vəziyyət var idi. Artıq müxalifət kimi ordu meydana çıxmışdı. Bunun özü çox dəhşətli hadisələrin baş verəcəyini proqnozlaşdırmağa imkan verirdi. Ona görə də, düşünən, bu xalqın gələcəyini hər şeydən əziz tutan insanlar Ümummilli ilderimiz Heydər Əliyevə müraciət edərək hakimiyyətə gəlməyi, ölkədə vəziyyəti nəzarət altına almağı Ondan dönə–dönə xahiş etdilər. Əlbəttə ki, Ulu öndər Heydər Əliyev Öz həyatını bu xalqın inkişafı üçün sərf etmiş bir insan kimi bu çağırışa laqeyd yanaşa bilməzdi. O, xalqın bu çağırışına cavab verərək iyun ayının əvvəllərində Bakıya qayıtdı. Bildiyiniz kimi, O, Bakıya qayıdan kimi, dərhal hakimiyyət sükanına yiyələnmədi. O, vəziyyəti öyrənmək, doğru təhlil etmək, çıxış yollarını aramaq və düzgün yolu müəyyən etmək üçün Gəncəyə səfər etdi, orada müvafiq insanlarla görüşdü. O zaman, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə məsləhətləşmələr apardı. Vəziyyəti tam analiz etdikdən sonra Milli Məclisdə proqram xarakterli çıxış etdi. Həmin günlər mənim bugünkü kimi yadımdadır. Biz çox böyük həyəcan içərisində idik. Xüsusilə, Yeni Azərbaycan Partiyasının fəalları, bu prosesə dəstək vermək, xalqı bu istiqamətdə cəmləmək imkanı olan şəxslər, Ulu öndəri dəstəkləyən, Onun hakimiyyətdə təmsil olunmasını istəyən insanları bir araya gətirə bilən qüvvə kimi partiyanın üzərinə çox böyük məsuliyyət düşürdü. Partiya bu işin öhdəsindən gələ bildi. Amma ən böyük səfərbəredici qüvvə təbii ki, Heydər Əliyevin Özü idi, Onun adı, xarizması, şəxsiyyəti, xalqın Ona olan inamı idi. Heydər Əliyevin Bakıya qayıdışı ilə bütün bu məsələləri, problemləri aradan qaldırmağa təkan verən yeganə amil xalqın inamının özünə qayıdış oldu. Məhz o inam hər şeyi həll etdi. O zamankı qısa bir müddətdə bütün bu proseslərin qarşısının alınmasını şərtləndirən əsas amil kimi, xalqın inamı, xalqın gücü, xalqın Heydər Əliyevlə birliyi çıxış etdi. Bu dövr Azərbaycan tarixinin ən yaddaqalan dövrlərindən biridir. Çünki müstəqilliyin əldə olunması nə qədər vacib bir amal, məqsəd idisə, onun təmin olunması da ondan da çətin bir iş idi. Azərbaycanın son 20 illik həyatı sübut edir ki, bir il ərzində kağız üzərində qalan müstəqillik Heydər Əliyevin qayıdışı ilə addım–addım yerinə yetirilməyə və müstəqilliyin təmin olunması işinə başlanıldı. Heydər Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə tənəzzülün qarşısı alındı, inkişafı təmin edən böyük addımlar atıldı, qısa bir müddətdə bütün qüvvələr səfərbər edilərək Azərbaycan dövlət maşınının yaradılmasına, Azərbaycanı təhdid edən təhlükələrin aradan qaldırılmasına, Azərbaycan ərazilərinin bir-birinin ardınca işğalının qarşısının alınmasına, atəşkəsin əldə olunmasına, iqtisadiyyatın dirçəldilməsinə və Azərbaycanın bütün maddi, mənəvi, insani resurslarının Azərbaycan dövlətinin və dövlətçiliyinin qurulmasına, yönəldilməsinə nail olundu. Əsas başlıca məqsəd bu idi, qurtuluşdan başlayan və qurtuluşa səbəb olan amillər bunlardan ibarət idi.

- Yeni Azərbaycan Partiyası yarandı və çox qısa müddət sonra ölkədə faktiki olaraq, iqtidar partiyasına çevrildi. Yeni Azərbaycan Partiyası bütün fəaliyyəti dövründə Azərbaycan siyasi sisteminə yeni dəyərlər, yeni fəaliyyət prinsipləri qazandırdı. Bu mənada YAP-ın fəaliyyətinin özünəməxsus, digərlərindən fərqlənən tezislərini, ideya istiqamətlərini nədə görürsünüz? Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasını fərqli edən başlıca keyfiyyətlər nədən ibarətdir?

- Əvvəla, Yeni Azərbaycan Partiyası yeganə siyasi partiyadır ki, bayaq dediyimiz səbəblərə görə, regionda təsis olunub. YAP konkret olaraq, kimlərinsə hakimiyyətə qayıtması, hakimiyyətdə təmsil olunması məqsədilə deyil, Azərbaycandakı mövcud mürəkkəb ictimai-siyasi durumdan xalqı xilas etmək məqsədilə yaranıb. İlk növbədə fərq bundadır ki, YAP Azərbaycan xalqının yaratdığı, Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin, ən əsası ziyalıların cəmləşdiyi partiya idi. Onların da yeganə məqsədi Azərbaycanı mövcud durumdan çıxarmaq idi. Bunun üçün də lazım olan bütün addımları atmağa qadir idi və qısa zamanda da bunu sübuta yetirdi. Əvvəla, Onun rəhbəri uzun illər Sovet İttifaqının rəhbərliyində təmsil olunmuş, Azərbaycana çox böyük uğurla rəhbərlik etmiş, Azərbaycanı aqrar ölkədən güclü, bütün dünyada tanınan bir respublikaya çevirmiş bir insan idi. Azərbaycanın ötən əsrin 60-70-ci illərində mənəvi və mədəni intibahını təmin etmiş bir insan idi. Azərbaycan elmini, təhsilini, səhiyyəsini, sosial sferasını, bütövlükdə simasını, Azərbaycan ictimai-siyasi fikrinin məzmununu və mahiyyətini dəyişmiş bir rəhbər idi. Hansı ki, bütün bunlar əsrin sonlarında – müstəqilliyimizi ikinci dəfə bərpa edəndə Azərbaycan dövlətinin bünövrəsini təşkil etdi. Yəni, YAP-ın rəhbəri məhz bu şəxsiyyət – Heydər Əliyev idi. Nə təşkilat quruluşu, nə qarşısına qoyduğu məqsədlər, nə ona rəhbərlik edən şəxslərlə müqayisədə Yeni Azərbaycan Partiyası heç bir partiya ilə müqayisəyə gəlməyəcək bir partiyadır. Yeni Azərbaycan Partiyası kifayət qədər aydın, stabil, gələcəyə hesablanmış fəaliyyət ortaya qoydu.

Xatırlatmaq yerinə düşər ki, həmin dövrdə Azərbaycanda yeni-yeni çoxpartiyalı sistem yaranırdı və mövcud vəziyyətdən istifadə edərək, buna heç bir imkanı olmayan şəxslər müxtəlif partiyalar yaratmışdılar. Onlar özlərini Azərbaycanda "demokratiyanın atası" kimi təqdim etməyə çalışırdılar. Və hər cür ciddilikdən, məsuliyyətdən uzaq bəyanatlar verməklə məşğul idilər ki, bu da Azərbaycanı çox çətin duruma salmışdı. Yeni Azərbaycan Partiyası yeganə partiya idi ki, o, plüralist bir cəmiyyət qurmaq, vətəndaş cəmiyyəti formalaşdırmaq, güclü dövlət aparatı yaratmaq üçün kifayət qədər resursa malik idi. O, heç bir populist məqsəd qarşıya qoymadan, öz ali məqsədi-Azərbaycan dövlətini xilas etmək məqsədinə doğru çox inamla, eyni zamanda, çox çevik və yaradıcı bir şəkildə, zamanın tələblərini düzgün dəyərləndirərək irəliyə gedirdi. O dövrdə partiya quruculuğu, onun struktur baxımından, onun mahiyyəti, məzmunu, ideoloji prinsiplər seçimi baxımından və onların kütlələr arasında yayılması mexanizmlərinin düzgün seçilməsi baxımından çox fərqlənən bir taktika və strategiya ortaya qoymuşdu. Eləcə də, yeni bir standart formalaşdırırdı. Yeni Azərbaycan qurmaq məqsədini öz adında ehtiva edən partiya onu fəaliyyətində daha geniş bazis şəklində ortaya qoyurdu.

Eyni zamanda, müxalifətçilik, müxalif partiya imicini və nüfuzunu qısa bir müddətdə qazandı və yeni bir yanaşma ortaya qoydu. Ümumiyyətlə, bu mövqeni tutmaq hər şeyə və hamıya müxalif olmaq deyil, Azərbaycanı inkişaf etdirmək istiqamətində ortaya qoyulan səhv və yanlış ideyalara alternativ olan doğru mövqe ortaya qoymaqdır. Müxalifətçilik budur və onu qanun çərçivəsində həyata keçirmək lazımdır. Yeni Azərbaycan Partiyası vətəndaşların hüquqlarını pozmadan, onların təhlükəsizliyinə zərər yetirmədən, insanları və dövləti kataklizmlərə sürükləmədən, təkamül yolu ilə inkişafa rəvac verən, sosialyönümlü bir partiyadır.

Xatırlayırıq ki, Azərbaycanda vəziyyət gərginləşəndə, yeni ziddiyyətlər ortaya çıxanda Heydər Əliyev Öz partiyasının üzvlərinə və bütövlükdə Azərbaycan vətəndaşlarına müraciət edərək mövcud prezidentin tapşırıqlarını yerinə yetirməyə və qanun çərçivəsində fəaliyyət göstərməyə çağırış etmişdi. Görəndə ki, Azərbaycan dövlətini təhdid edən təhlükələr meydana çıxır, O, Öz xalqını və tərəfdarlarını Azərbaycan dövlətçiliyinə xidmət etmək kimi bir çağırış etmişdi. Siz bu günə qədər özünü radikal müxalifət hesab edən partiyaların hansının rəhbərinin dilindən belə bir çağırış eşitmisiniz? Nə o dövrdə, nə də ondan sonrakı dövrdə bu insanlar belə bir çağırış etməyiblər.

Yəni, Yeni Azərbaycan Partiyası bütün parametrlərinə görə, Azərbaycan siyasi palitrasında mövcud olan bütün partiyaları qabaqlayır. Təsadüfi deyil ki, yarandığı dövrdən ötən 20 il ərzində Yeni Azərbaycan Partiyası iqtidardadır, iqtidar gücünü də getdikcə artırır və nəinki Azərbaycanın, bütövlükdə regionun və dünyanın tanınmış mühüm bir siyasi struktura çevrilməkdədir. Onun sözü bir çox dairələrdə ciddi bir söz kimi qəbul olunur və Azərbaycan dövləti bu gün qazandığı bütün nailiyyətlərə, uğurlara, ümumiyyətlə, nəyə görə öyünürsə, onun hamısında Yeni Azərbaycan Partiyasının çox böyük payı vardır. Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin çox möhkəm siyasi sütununu təşkil edir.

- İyun ayının 7-də Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, ölkəmizin ictimai-siyasi həyatında həlledici rol oynayan Yeni Azərbaycan Partiyasının V Qurultayı keçirildi. Siz, həm Partiyanın İdarə Heyətinin üzvü, həm Qurultay nümayəndəsi kimi, bu tarixi tədbiri və onun aldığı qərarları necə qiymətləndirirsiniz?

- Əlbəttə ki, Azərbaycanda bütün dövrlərdə Yeni Azərbaycan Partiyası və onun fəaliyyəti müzakirə predmeti olub. İctimai-siyasi proseslər bizim mövqeyimizə, bizim atacağımız addımlara uyğun müəyyənləşdirilib. O mənada, bütün gözlər bizim üzərimizdədir – həm Azərbaycana kənardan tikilən gözlər, həm Azərbaycanın daxilindəki dairələr Yeni Azərbaycan Partiyasının fəaliyyəti, onun ali məclislərinə, forumlarına, bu və ya digər məsələlərdə mövqeyinə, atdığı addımlara uyğun öz mövqelərini sərgiləyirlər. Buna mən təbii yanaşıram, çünki Yeni Azərbaycan Partiyası bunu öz əməli fəaliyyəti ilə qazanıb. O ki qaldı, seçki ili olması etibarilə, ilin əvvəlindən aktivləşən duruma, getdikcə, daha artıq qızışan münasibətlərə və temperaturun qalxmasına, belə bir məqamda, əlbəttə ki, Yeni Azərbaycan Partiyasının öz qurultayını keçirəcəyi və hansı qərarları qəbul edəcəyi ilə bağlı çoxsaylı proqnozlar, ehtimallar səsləndirilməkdə idi. Bu ehtimalları irəli sürənlər də bilirdilər ki, hər kəsdən və hər şeydən doğru qərarı Yeni Azərbaycan Partiyasının Qurultayı verəcək və ona qədər söylənilən fikirlərin hamısı yalnız ehtimallardan ibarət idi.

Qurultayda Yeni Azərbaycan Partiyasının demək olar ki, bütün rayon və şəhər təşkilatlarından seçilmiş nümayəndələr iştirak edirdilər. Qurultaydan öncə Partiyanın rayon və şəhər təşkilatlarının, gənclər təşkilatlarının, bir sıra digər ictimai qurumların keçirdikləri toplantılarda YAP-ın prezident seçkilərində namizədinin Prezident İlham Əliyev olması təklifi irəli sürülmüşdü. Bu o deməkdir ki, YAP-ın Qurultayında alınan qərar təkcə Partiyanın deyil, Azərbaycan xalqının mütləq əksəriyyətinin istəyi, arzusu və verdiyi qərardır. Beləliklə, Partiyanın Qurultayında da Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi yekdilliklə qəbul olundu. Təşəkkür edirik ki, Prezidentimizin Özü də qərarı dəstəklədi və onun qəbul olunmasında iştirak etdi. Partiya artıq seçki qanunvericiliyinə uyğun olaraq öz namizədinin seçkiyə hazırlıq işlərini kampaniyaya başlayan zaman yüksək səviyyədə həyata keçirəcəkdir”.

Qurultayın bu qərarı sıradan bir qərar deyil. Bu gün prezidentliyə namizədliyini elan edən çoxsaylı namizədlər, qurumlar var. Hətta onların sırasında oyuncaq qurumlar da, kimlərinsə alternativi olmaq istəyini reallaşdırmaq arzusunda olanlar da var. Biz buna qarşı deyilik. Azərbaycanda demokratik bir cəmiyyət mövcuddur və biz çox istərdik ki, bizim güclü namizədimiz qarşısında güclü alternativlər olsun. Amma nə edək ki, bizim namizədimiz o qədər güclüdür, siyasi kapitalı o qədər möhkəmdir ki, ötən illər ərzindəki fəaliyyəti, əldə etdiyi nailiyyətlər Azərbaycanı o qədər irəliyə aparıb ki, Onunla mübarizədə rəqabətə davamlılıq ortaya qoya biləcək ikinci bir namizəd görmürük. Amma bununla belə, seçki bir yarışdır, biz bu yarışa çox yüksək əhval-ruhiyyə ilə, çox böyük ciddiyyətlə, yeni hədəflərlə giririk. Yeni hədəfimiz də "Güclü lider, güclü Azərbaycan deməkdir". Bu, Qurultayın da əsas devizi idi. Bundan əvvəlki seçkilərdə zəngin və qüdrətli, güclü Azərbaycan uğrunda biz mübarizəyə girmişdik və bu mübarizədən də qalib çıxmışdıq. Bizim namizədimiz İlham Əliyev prezident seçilərək irəli sürdüyü şüarları real iş olaraq, həyatda ortaya qoydu. Və biz söz deyil, əməl partiyası olduğumuzu növbəti dəfə sübut etmiş olduq. Cənab İlham Əliyevin elə bir vədi, Partiya tərəfindən irəli sürülən elə bir şüar, elə bir məqsəd olmayıb ki, o, həyatda reallaşdırılmasın. İlham Əliyev verdiyi bütün vədləri ardıcıl olaraq, yerinə yetirən lider kimi Öz gücünü ortaya qoymuşdu. Ona görə də, Yeni Azərbaycan Partiyasının bu qərarının təkcə partiyamızın deyil, bütövlükdə Azərbaycan xalqının mütləq əksəriyyətinin qərarı kimi yerinə yetiriləcəyinə inamımız sonsuzdur. Ona da inanırıq ki, çox geniş əhali kütləsi, çox geniş təbəqələrin nümayəndələri bu seçkidə yenə də İlham Əliyevin yanında olacaqlar və Onun qələbəsini təmin edəcəklər. Çünki bu, nə İlham Əliyevin şəxsi qələbəsi, nə partiya qələbəsi sayıla bilər. Bu, Azərbaycan xalqının və dövlətçiliyinin qələbəsidir, Azərbaycan xalqı və dövləti naminə atılan bir addımdır. Fəaliyyət də yalnız o adla ortaya qoyulur, nəticə də yalnız Azərbaycan xalqına və dövlətinə xidmət edir. Ona görə də, İlham Əliyevin də Qurultayda söylədiyi kimi, kim ki Azərbaycan xalqının maraqlarından kənar maraq ortaya qoyacaqsa, ictimai-siyasi proseslərdə onun yeri yoxdur. Reallıq da onu sübut edir ki, bu gün başqa hədəflər, başqa məqsədlər, yalnız özlərini gözdən salmağa xidmət edirlər. Ona görə də, bu gün onların cəmləşdiyi qurumlar, şüarları, müəyyənləşdirdikləri hədəflər Azərbaycan xalqını çox az maraqlandırır. Bir qrup özünü reallaşdıra bilməyən, hədəflərinə çata bilməyən, həyatı yalnız uğursuzluqla müşayiət olunan insanların narazılığını çıxsaq, Azərbaycan bütövlükdə Heydər Əliyev yoluna, Heydər Əliyevin irəli sürdüyü namizədə və Heydər Əliyevin Azərbaycan xalqına əmanətinə sadiqdir.

- Qurultayda həm də Partiyanın rəhbər orqanlarının tərkibində müəyyən dəyişikliklər edildi. Bir çox ekspertlərin Partiyanın gələcək həyatında mühüm nailiyyətlərə və YAP-ın daha da güclənməsinə xidmət edən dəyişikliklər kimi qiymətləndirdiyi bu qərarları təəssüf ki, bəziləri mahiyyətindən uzaq şəkildə şərh edirlər. Siz necə hesab edirsiniz, bu dəyişikliklər Partiyanın gələcək fəaliyyətinə nələri qazandıracaq?

- Bu, Partiyanın V Qurultayı idi və bu günə qədər Qurultaylarda həm İdarə Heyətində, həm Siyasi Şurada müəyyən dəyişikliklər olunmuşdu. Bu da təbiidir. Çünki Partiya yarandığı vaxtdan inkişafdadır, artıq Partiyanın üzvlərinin sayı 600 mindən çoxdur, YAP ümumxalq partiyasına çevrilib, ən müxtəlif təbəqələrin nümayəndələri burada iştirak edirlər. Ona görə də, partiyaya yeni–yeni qüvvələr, xüsusilə, gənclik və onun fəal hissəsi, qadınlar üzv olurlar və onların nümayəndələri də bu tərkiblərdə təmsil olunurlar. Hər nəslin nümayəndəsi partiyanın strukturlarında təmsil olunmalıdır və bu gün zamanında partiyanın qurulmasında, yaradılmasında iştirak etmiş şəxslərlə yanaşı, son dövrlər partiya fəaliyyətinə qoşulmuş gənclərin nümayəndələri artıq bir arada təmsil olunurlar. Bu, təkamül, inkişaf yolunu tutmuş partiyanın fəaliyyətinin bariz nümunəsidir. Doğrudur, bunu bu gün müxtəlif şəkildə yozanlar var, amma biz partiya üzvləri, onun strukturlarında təmsil olunmuş şəxslər bilirik ki, bu, Azərbaycanda yalnız Yeni Azərbaycan Partiyasında çox ağrısız, çox təbii və normal qarşılanan bir prosesdir. Nəsillərin bir-birini əvəzləməsi, daha fəal, daha enerjili gənclərin irəli çəkilməsi partiyanın qarşıya qoyduğu hədəflərə, zamanın tələblərinə uyğundur və bütövlükdə partiyanın qarşısına qoyduğu hədəflərə çatması üçün çox vacibdir. Bildiyiniz kimi, son Qurultayda da Siyasi Şuranın, İdarə Heyətinin tərkibində müəyyən dəyişikliklər oldu, yeni kadrlar cəlb olundu. Həmin şəxslər bu struktura yeni daxil olsalar da, partiya sıralarında çoxdan yer alırlar. Partiyanın formalaşmasında, inkişafında, bugünkü nailiyyətlərində onların da çox böyük zəhməti var. Ona görə də, alınan qərarlar həm onların zəhmətinin, əməyinin dəyərləndirilməsi, həm də partiyanın yeni kadrlarla zənginləşməsi deməkdir.

- Bahar xanım, bildiyimiz kimi, siz 2005-ci ildə Milli Məclisin sədr müavini təyin edildikdən sonra YAP İcra katibinin müavini vəzifəsindən istefa vermisiniz. Amma nədənsə, bəzi maraqlı dairələr məhz bu gün – V Qurultaydan sonra bu məsələni xatırlayıblar və bunu qərəzli şəkildə şərh edən fikirlərə rast gəlirik. Bununla bağlı, nə deyə bilərsiniz?

- Mən çox təəssüf edirəm ki, onlar özləri də bildikləri bir məsələni bu gün tamam başqa şəkildə təqdim etməyə çalışırlar. Çünki onlar partiya qurultayından əvvəl, proqnozlar, ehtimallar səsləndirir, hansısa ciddi dəyişikliklər olacağını iddia edirdilər. Bütün bunlar isə baş vermədi. Partiyamızın daha da güclənməsinə, dövrün, zamanın tələblərinə, Partiyanın özünün daxilindən gələn tələbata uyğun bir şəkildə müəyyən dəyişikliklər oldu. Bu da təbiidir və olmalıdır. Konkret mənimlə bağlı məsələyə gəldikdə isə, sözün düzü, mən çox təəssüf etdim.

Bildiyiniz kimi, 2005-ci ildə mən həm partiyamız, həm də Milli Məclis üzvləri tərəfindən çox böyük etimada layiq görüldüm. Yeni Azərbaycan Partiyasının nümayəndəsi kimi, Milli Məclisin sədr müavini seçildim. Bu, çox böyük və məsuliyyətli bir vəzifədir. Mən bu vəzifəyə seçilməyimə görə, Yeni Azərbaycan Partiyasına borcluyam. Ümumiyyətlə, bu gün mən və mənim həmkarlarımın əldə etdiklərimiz nə varsa, bu partiyada olmağımızdan, bu partiyanın prinsiplərini qəbul etməyimizdən, onun sıralarında fəaliyyət göstərməyimizdən və bu partiyanın bizə etimad göstərməyindən asılıdır. Fərdi şəkildə, əlbəttə ki, bu uğuru çox az adam əldə edə bilərdi. Bizim uğurumuzu təmin edən çox böyük və güclü bir partiyanın nümayəndəsi olmağımız və özümüzün də nəinki o partiyanın içində, partiyanın bizim içimizdə olmasıdır. Mən bu gün partiyanın və onun Sədrinin əsgəriyəm. O, məni hara göndərəcəksə, mən ora çox böyük məmnuniyyətlə gedərək canla–başla o tapşırığı yerinə yetirməyə hazıram. 2005-ci ildə də mənə belə bir tapşırıq verildi və Milli Məclis sədrinin müavini seçildim. Seçildiyim andan da bir neçə gün sonra ərizə ilə cənab Prezidentə və İcra Katibliyinə müraciət etdim. O vaxtdan da icraçı qurumda rəsmi olaraq işimə xitam verildi. Amma mən Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin apardığı işlərdə bu günə kimi də iştirak edirəm, bundan sonra da iştirakıma davam edəcəyəm.

 

yap.org.az

 

SES QEZETI

 

Səs.- 2013.- 13 iyun.- S.6-7.