Azərbaycanın dünyaya inteqrasiyası və Xəzər nefti

 

Xəzər dənizinin sahillərində yerləşən Azərbaycan Respublikasının müstəqil inkişafı, dövlət təhlükəsizliyi və geosiyasi mövqeyi, onun zəngin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya enerji bazarlarına sərbəst nəqli bu gün təkcə ölkəmizin xarici siyasət prioritetlərindən deyil, eyni zamanda, müasir dünya siyasətinin və beynəlxalq aləmin aktual mövzularından sayılır. Xəzər dənizi və onun Azərbaycan sektorunun neft və qaz ehtiyatları hazırda təkcə regionun Rusiya, İran, Ukrayna, Türkiyə kimi dövlətlərini deyil, həmçinin, dünya enerjisinın 3/4 -nü istehlak edən ABŞ, İngiltərə, Fransa, İtaliya, Hollandiya, Polşa, Yaponiya, Çin və bir çox digər Qərb və Şərq dövlətlərini ciddi şəkildə maraqlandırır. Bunun əsas səbəblərindən biri də Azərbaycan Prezidenti Heydər Əliyevin əsasını qoyduğu və müvəffəqiyyətlə həyata keçirdiyi yeni neft strategiyasıdır.

Əsası 1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi" adlanan neft müqaviləsinin bağlanması ilə qoyulan bu strategiya Azərbaycanın müstəqil dövlət kimi digər dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin genişlənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə, Avropa İttifaqına inteqrasiya olunmasma, əsas dünya ölkələri, ilk növbədə, böyük dövlətlərlə dostluq və strateji əməkdaşlıq münasibətlərinin yaranmasına və inkişafına əlverişli imkan və müsbət zəmin yaratmışdır.

 "Əsrin müqaviləsi""nin imzalanmasından 10 ildən çox vaxt keçir. Bu illərdə bütün təzyiq və təqiblərə baxmayaraq, Azərbaycan öz müstəqil neft siyasətini ardıcıl və qətiyyətlə həyata keçirmiş, malik olduğu təbii sərvətlərə milli hüquqlarını reallaşdırmış, dünyanın ən inkişaf etmiş və qabaqcıl texnoloji imkanı olan dövlətləri ilə bərabərhüquqlu partnyorluq münasibətləri yarada bilmişdir. Azərbaycan rəhbərliyinin uzaqgörən siyasəti, ölkənin iqtisadi potensialını, perspektiv imkanlarını və ən başlıcası neft amilinin müasir dünyanın enerji siyasətində oynadığı rolu düzgün qiymətləndirməsi qazanılmış müvəffəqiyyətlərin əsasını təşkil etmişdir. Şərq və Qərbi, Orta Asiya-Qafqaz və Avropanı birləşdirən neft, qaz, nəqliyyat-kommunikasiya transmilli layihələrinin mərkəzinə çevrilmiş Azərbaycan bu gün nəinki təkcə öz ölkəsinin və xalqının problemlərinin həllinə çalışır, eyni zamanda, Avrasiya regionunun, bütün dünya xalqlarının qarşılıqlı-faydalı əməkdaşlığının, regional inteqrasiyasının, dünya qlobal enerji təminatının mühüm faktorlarından biri hesab olunur.

Azərbaycanın daxili həyatında və xarici əlaqələrində neftin rolu mövzusu bu gün tədqiqatçıların diqqət mərkəzindədir. Dövlətin milli strategiyasının yaradılmasında neft amilinin rolu, ölkənin, eləcə də, Xəzər dənizinin neft-qaz ehtiyatlarının mənimsənilməsi, enerji daşıyıcılarının dünya bazarlarına sərbəst çıxarılması, əldə olunan vəsaitin səmərəli istifadəsi, Xəzərin milli sektorlarının hüquqi statusunun müəyyən edilməsi və sahil dövlətlərinin suveren hüquqlarının qorunması, regional sülhün, sabitliyin təmin edilməsində beynəlxalq əməkdaşlıqdan istifadə edilməsi və s. məsələlər müasir beynəlxalq və regional münasibətlərin aktual problemləri hesab olunur.

Qədim tarixə, zəngin mədəniyyətə, tükənməz yeraltı və yerüstü təbii sərvətlərə malik olan Azərbaycanı keçmiş dövrlərdən neft ölkəsi adlandırmışlar. Tarix boyu yunanlar və romalılar, ərəblər və monqollar, ruslar və ya ingilislər Azərbaycana yürüş edərkən ölkənin digər maddi və mənəvi sərvətləri ilə yanaşı, zəngin neft yataqları da onları özünə cəlb etmişdir. Birinci Dünya müharibəsi ərəfəsində yanacaq uğrunda gedən mübarizədə neftlə zəngin olan Azərbaycana sahib olmaq istəyi hər iki hərbi qruplaşmanın - Antanta və Üçlər İttifaqının planlarına daxil idi. XIX əsrin 90-cı illərindən başlayaraq Bakı Rusiya imperiyasında istehsal edilən neftin 95%-ni, dünya neft hasilatının isə yarıya qədərini - ildə təxminən 11 milyon ton neft istehsal edirdi.

İkinci Dünya müharibəsinin ilk illərində Hitler Almaniyası Bakıya yürüşə başlayır və onun zəngin neftini ələ keçirməyə can atır. SSRİ-nin neft istehsalının 3/4-nü təşkil edən Bakını ələ keçirməklə, faşistlər sovet hərbi texnikasını yanacaqsız qoymaq istəyirdi. II Dünya müharibəsi illərində hərbi texnikanın 60-70, aviasiyanın isə 85-90 faizi Bakı nefti ilə hərəkət edirdi.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edildikdən sonra Azərbaycana, onun zəngin yeraltı və yerüstü sərvətlərinə Amerika, Avropa və Asiyanın aparıcı dövlətlərinin marağı bir qədər də artdı. Xəzər dənizi və bütövlükdə Xəzər hövzəsi rayonu Rusiya və İran kimi dövlətlərlə yanaşı, digər ölkələrin də maraq obyektinə çevrildi. Buna səbəb, ilk növbədə, bölgənin geosiyasi və iqtisadi əhəmiyyəti, Xəzərin zəngin karbohidrogen ehtiyatları və digər sərvətləri idi. İstər ABŞ-ın Avropa və Asiyanın böyük dövlətlərinin, istərsə də, Rusiyanın nəzərində Xəzər dənizinin sahillərində yerləşən Azərbaycan Respublikası regionda əsas dövlət hesab olunurdu ki, bu da, ilk novbədə, onun əhəmiyyətli geosiyasi vəziyyəti, zəngin neft və qaz ehtiyatlarına malik olması ilə bağlı idi.

Azərbaycan dövlətinin 1993-cü ildən bəri yürütdüyü xarici siyasətdə region ölkələri, Avropa dövlətləri və ABŞ ilə hərtərəfli iqtisadi əlaqələr qurmaq, xüsusən enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək prioritet istiqamət təşkil edir. 1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev Azərbaycanın xarici siyasətinin təməl prinsiplərindən biri kimi ölkəmizin milli maraqlarını və xarici dövlətlərin qarşılıqlı mənafelərini nəzərə almaqla, Azərbaycanın neft ehtiyatlarına maraq göstərən hər bir ölkə ilə qarşıhqlı faydalı əməkdaşlığa hazır olduğunu bəyan etdi.

Əsas məqsəd ölkənin mövcud sərvətlərinə, o cümlədən, zəngin neft və qaz yataqlarına sahib olmaq, onlardan dövlətin möhkəmlənməsi, əhalinin həyat şəraitinin yaxşılaşması və ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində düzgün istifadə etmək idi. Azərbaycan Prezidenti Respublikanın zəngin karbohidrogen ehtiyatlarının mənimsənilməsinə daha çox ölkəni, xüsusən, Qərb dövlətlərini, ABŞ-ı, Yaponiyanı, regionda xüsusi rolu olan Rusiyanı, Türkiyə və İranı cəlb etmək istəyirdi. Bunun bir neçə əsas səbəbi var idi.

Əvvəla, müstəqilliyini yenicə əldə etmiş, ciddi iqtisadi, siyasi və sosial böhran keçirən, neft-qaz yataqlarınm istismarı, ümumiyyətlə, iqtisadi inkişaf üçün heç bir daxili resursu olmayan Azərbaycan üçün hansı sahəyə yönəlməsindən asılı olmayaraq, xarici investisiya qoyuluşu və qabaqcıl texnologiyaların tətbiqi hava və su kimi lazım idi.

İkincisi, hələ müstəqil dövlətçilik ənənələri və reputasiyası zəif olan, dövlət atributları tam formalaşmamış və möhkəmlənməmiş, bütün ölkə ərazisində suveren hüquqları təmin olunmamış, torpaqları işğala məruz qalmış Azərbaycanın xarici dövlətlərlə müstəqil tərəfdaş (partnyor) rolunda çıxış etməsi o dövr üçün çox böyük əhəmiyyət kəsb edirdi. Bu dövlətlər iqtisadi əlaqələrə daxil olacaq, onunla birgə iş haqqında müqavilə bağlayacaq hər bir xarici ölkə, xüsusən, nüfuzlu Qərb dövlətləri əslində Azərbaycanın suveren hüquqları və dövlət müstəqilliyi üçün əlavə qarant rolu oynamalı idi.

Üçüncüsü, Xəzər dənizinin Azərbaycan sektorundakı karbohidrogen yataqlarına və ümumiyyətlə, dənizin sektor bölgüsünə Rusiya və İran kimi dövlətlər özünəməxsus mövqe nümayiş etdirirdi. Azərbaycan xarici dövlətləri öz tərəfindən Xəzərdə neft-qaz layihələrinin işlənməsinə cəlb etməklə, əslində, onların dəstəyini qazanmaq, Rusiya və İranın təzyiqlərinin dəf olunmasında onların da gücündən istifadə etməyə çalışırdı.

Dördüncüsü, Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycan özünə beynəlxalq tərəfdaş axtardı. Xəzər nefti Qərb ölkələri ilə Azərbaycanın maraqlarını uyğunlaşdırmaq, partnyorluq münasibətləri yaratmaq üçün çox əhəmiyyətli bir faktor ola bilərdi.

Azərbaycanın yeni neft siyasətinə dəstək verən, eləcə də, Xəzər regionunun neft və qaz ehtiyatlarına ilk maraq göstərən dünyanın aparıcı ölkələri - Qərbi Avropa dövlətləri və ABŞ oldu. SSRİ dağıldıqdan sonra bütün dünyada aparıcı iqtisadi- siyasi nüfuza malik olan ABŞ və Qərbi Avropa dövlətləri müttəfiqləri ilə birlikdə Cənubi Qafqaza, Xəzər hövzəsi ölkələrinə, o cümlədən, regionun zəngin karbohidrogen ehtiyatlarına malik olan Azərbaycana maraq göstərməyə başlayırlar. Azərbaycan Qərbin bu marağından öz dövlət müstəqilliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi islahatların aparılması, dövlət quruculuğunun, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin mahiyyətinin bütün dünyaya çatdırılması və onun həllində dünya ölkələrinin ədalətli mövqe tutması üçün istifadə etməyə çalışırdı. Azərbaycan Respublikası, eyni zamanda, Rusiya, Türkiyə, İran, Gürcüstan, Ukrayna kimi region dövlətlərini də Xəzər neftinin birgə işlənməsi layihələrinə cəlb etmək istəyirdi. Çünki bu dövlətlərin hər biri ölkənin yeni neft siyasətində öz mövqeləri və maraqları ilə çıxış edərək mühüm rol oynayırdılar. Onların bəzilərini bitərəfləşdirmək, digərlərinin maraqlarını isə Azərbaycanın maraqları ilə daha sıx bağlamaq lazım idi.

 1994-cü il sentyabrın 20-də Bakıda "Əsrin müqaviləsi"" kimi tarixi ad almış ilk neft müqaviləsi imzalandı. "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri"", "Çıraq"" yataqlarının və "Günəşli"" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi haqqında" sazişin imzalanması ilə Azərbaycanın neft sənayesi tarixində tamamilə yeni bir era başlandı. Bu tarixi sənədin imzalanma mərasimində 7 ölkənin 11 neft şirkəti təmsil olunurdu. Müqaviləyə əsasən, ABŞ, Rusiya, Türkiyə, Böyük Britaniya, Norveç və Səudiyyə Ərəbistanı dövlətlərinə məxsus olan aparıcı neft şirkətləri yataqlardan 30 il müddətinə 511 milyon ton neft çıxarmalı idilər. Layihənin ümumi investisiya qoyuluşu 10 milyard ABŞ dollarına bərabər idi ki, onun da 7,4 milyardını Qərb şirkətləri qoymalı idilər. Sonradan müqaviləyə Yaponiyanın "İtoçu"" və ABŞ-ın "Eksson" şirkətləri də qoşuldular.

"Əsrin müqaviləsi""ndə ən çox pay apancı Qərb dövlətlərinə ayrılıb. Bu dövlətlər içərisində ən mühüm pay isə ABŞ şirkətlərinə ayrılmışdır. ABŞ-ın sabiq prezidenti Bill Klintonun 1994-cü il sentyabrın 20-də göndərdiyi teleqramda deyilirdi: "Birləşmiş Ştatlar tarixdə bu tipli sazişlər arasında ən böyüyü olan bu müqaviləni alqışlayır. O, bütün tərəflər üçün mənfəətli olacaq, ölkələrimiz arasında artmaqda olan iqtisadi-ticarət əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəkdir". Teleqramda vurğulanırdı ki, Azərbaycan neftinin işlənməsi Dağlıq Qarabağ regionunun daxilində və ətrafında uzun müddət sürən münaqişənin həll olunması ilə yanaşı, Azərbaycan xalqı üçün sabitlik, iqtisadi inkişaf və firavanlıq gətirilməsində də mühüm rol oynaya bilər.

"Əsrin müqaviləsi"" layihəsində ABŞ-dan sonra ikinci əsas pay Böyük Britaniyanın "Britiş Petroleum"" (17,12%) və "Remko Enerji Qrupp"" (2,08%) şirkətlərinə ayrılmışdır. Bu da məntiqi olaraq Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa və dünyada olan iqtisadi və siyasi mövqeyi, həmçinin, bu ölkənin Azərbaycan neftinə olan ciddi marağı ilə əlaqədar idi.

Aparıcı Qərb dövlətləri ilə yanaşı, Azərbaycan hökuməti tarazlaşdırılmış xarici siyasət prinsiplərindən çıxış edərək. bölgədə böyük təsiri olan Rusiya Federasiyasına məxsus olan "LUKoyl"" şirkətinə də "Əsrin müqaviləsi"" layihəsində 10 faizlik pay ayırmışdır. Bu da təsadüfi deyildi. Baxmayaraq ki, Rusiya 1994-cü ildə özü dərin iqtisadi böhran keçirirdi və xarici neft layihələrinə ciddi investisiya qoymağa qadir deyildi. Lakin bu ölkə İranla birlikdə Azərbaycanın Xəzər dənizindəki istənilən təşəbbüsünə, xüsusən, Qərb ölkələri ilə birgə iş qurmaq istəklərinə çox qısqanclıqla yanaşır və ciddi maneçilik törədirdi. Xəzər dənizinin sektor probleminin həll edilməməsini bəhanə edərək, hər iki ölkə bağlanan müqavilələrin hüquqi qüvvəsini şübhə altına alan bəyanatlar verir, Qərb şirkətlərini bu işdən çəkindirməyə çalışırdı. Odur ki, Azərbaycan hökuməti onları xüsusi qıcıqlandırmamaq, konstruktiv əməkdaşlığa yönəltmək üçün hər iki ölkəyə "Əsrin müqaviləsi"ndə iştirak etmək təşəbbüsü ilə çıxış etmişdir. Həm Rusiyanı təmsil edən "LUKoyl"" şirkətinə (10%), həm də İrana müqavilədə ciddi pay ayrılmışdı (5%). Baxmayaraq ki, İran neft şirkətlərinin konsorsiumda iştirakına ABŞ və bəzi Qərb dövlətləri açıqdan-açığa etiraz edirdilər. Nəticədə, İran bu müqavilədə pay almadı.

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 15 iyun.- S.15.