Xəzərin hüquqi statusuna dair Azərbaycan, İran, Türkmənistan və Qərbin mövqeyi

 

 

İran Xəzərin ehtiyatlarından birgə istifadəni nəzərdə tutan kondominium prinsipinin ən inadkar müdafiəçisi hesab olunur. Bu prinsipə görə, Xəzərin ehtiyatları beş sahil dövləti arasında bölünməli və hər bir dövlət veto hüququna malik olmalıdır. Əlbəttə, bu prinsip qəbul ediləcəyi təqdirdə, Xəzərin ehtiyatlarından ayrı-ayrılıqda istifadə (Azərbaycan məhz bu yolla gedir) problemə çevrilir və burada Qərb kapitalının fəaliyyəti, yaxud birgə istismar layihələri ayrı-ayrı ölkələrin əhvali-ruhiyyəsindən asılı vəziyyətə salınır.

İranı ən çox narahat edən məsələlərdən biri də əsas neft kəməri məsələsidir. Son illərdə gerçəkləşməsi tam reallaşan Bakı-Tbilisi-Ceyhan kəmər layihəsi İran hökumətinin ən böyük hücum hədəfi olaraq qalmaqdadır. İran əsas neft kəmərinin öz ərazisindən keçib Fars körfəzinə daşınması ideyasının gerçəkləşməsi ilə Xəzər hövzəsində nüfuzunu artırmaq, həm də Azərbaycan neftinin ixracına nəzarət etmək iddiasını aşkar nümayiş etdirirdi.

Xəzərin statusu və neft kəməri məsələlərində İranın yürütdüyü siyasət onu göstərir ki, bu dövlət həm iqtisadi və siyasi cəhətdən, həm də geosiyasi baxımdan Azərbaycana rəqibdir.

İranın Xəzər dənizinin statusu və karbohidrogen ehtiyatlarının işlənməsi ilə bağlı nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyini tədqiqatçılar bir neçə səbəblə izah edirlər. Əvvəla, İranı qıcıqlandıran əsas məsələ Xəzərin milli sektor bölgüsündə bu ölkəyə düşən payın onun iddia etdiyi kimi 20% deyil, yalnız 14% olmasıdır. Orta xətt üzrə aparılan bölgü ilə (bu, beynəlxalq bölgü prinsipidir) İrana heç bir halda 20% pay vermək mümkün deyil. İran isə hesab edir ki, Xəzər beş bərabər hissəyə bölünməli, hər dövlətə 20%lik pay verilməlidir. Bu ölkəni qətiyyən maraqlandırmır ki, bölgü hansı prinsiplə aparılsın, 20%-lik bölgü əsasında İranın sərhədləri kimin ərazisinə düşür və s. İkincisi, İran Azərbaycanın bölgədə və dünya enerji bazarında güclənməsini, qlobal enerji layihələrinin mərkəzinə çevrilməsini, Qərb şirkətlərinin bu ölkə vasitəsilə Xəzər bölgəsinə gəlməsini özü üçün ciddi təhlükə sayır. Bunu tədqiqatçılar, bir tərəfdən, İranda yaşayan azərbaycanlılar üçün Azərbaycanın populyarlığının artması təhlükəsi ilə, digər tərəfdən Azərbaycanın güclənərək İranın təsiri altından tam çıxa bilməsi faktı ilə izah edirlər. Onların fikrinə görə, əgər Azərbaycan bütün bu işləri İranla aparmağı qərarlaşdırsa idi, onda bu ölkə tərəfindən heç bir maneçiliklə rastlaşmayacaqdı.

Xəzər sahilinin Mərkəzi Asiya hissəsini Qazaxıstan və Türkmənistan kimi dövlətlər təmsil edir. Qazaxıstanın karbohidrogen ehtiyatları haqda bir-birini təkzib edən rəqəmlər olmasına baxmayaraq, mütəxəssislərin fikirləri bir məsələdə üst-üstə düşür - bu ölkənin Xəzərdəki milli sektoru digərlərinə nisbətən daha zəngindir. Təkcə "Tengiz" yatağının ehtiyatları 6-9 milyard barrel qiymətləndirilir.

Xəzər neftinin xarici bazarlara birgə nəqli məsələlərinə Qazaxıstanın münasibəti birmənalı olmasa da, onun gələcəkdə bu prosesdə fəal iştirakını proqnozlaşdırırlar. Belə ki, 1997-ci ilin iyununda Azərbaycan və Qazaxıstan prezidentləri neftin xarici bazarlara daşınması sahəsində əməkdaşlıq haqqında niyyət protokolu imzalayıblar. Bundan başqa, 1998-ci ilin oktyabrında Qazaxıstan prezidenti Nursultan Nazarbayev də Bakı-Ceyhan xətti haqqında Ankara Bəyannaməsini imzalayanlar sırasında olub, 2005-ci ildə isə bu xəttə qoşulacaqları haqqın da bəyanat verib.

ATƏT-in 1999-cu il İstanbul Sammitində "Bakı-Ceyhan" əsas ixrac kəməri üzrə neftin daşınması haqqında sazişə münasibət bildirən Qazaxıstan nümayəndələri bu layihədə iştiraklarının neft hasilatının nəticələrindən və kəmərin tikintisinin maliyyələşdirilməsinə Qərbin köməyinin həcmindən asılı olduğunu bildirdilər. Hər iki arqument 2005-ci ildə Bakı-Ceyhanın xeyrinə dəyişib və deməli, Qazaxıstanın bu layihəyə qoşulmasına bu gün heç nə mane olmur.

Xəzərin statusu məsələsində Qazaxıstanın mövqeyinə görə, dənizin dibi qurunun geoloji davamıdır və milli suverenliyin tətbiq olunduğu dənizin dibinin böyüklüyü onun sahil xəttinin uzunluğundan asılıdır. Yəni dəniz dibinin sərhədləri quru sərhədlərinin davamıdır. Qazaxıstan hesab edir ki, BMT-nin 1982-ci ildə qəbul etdiyi dəniz hüquqları haqqında konvensiyanın bəzi müddəaları Xəzərdə tətbiq oluna bilər. Barens, Baltik, Qara dəniz, Fin körfəzi və başqa sututarlarda tətbiq olunan "bərabər məsafə metodu" sadədir və praktik olaraq Xəzərdə həyata keçirilə bilər.

Xəzər hövzəsinin Mərkəzi Asiyanı təmsil edən digər dövləti - Türkmənistan bölgədə, ilk növbədə, dünya əhəmiyyətli zəngin təbii qaz ehtiyatları ilə tanınır. Status və Qərb investisiyalarına münasibətdə Türkmənistanın mövqeyi Azərbaycanın mövqeyi ilə oxşardır. Düzdür, bu yalnız ümumi prinsiplərdə müşahidə olunur, lakin milli sektorların sərhədləri məsələsində iki ölkə arasında ciddi fikir ayrılıqları mövcuddur. Azərbaycan və Türkmənistan arasında fikir ayrılığının başlıca səbəbi birinci tərəfin mübahisəli zonada yerləşən yataqlarda kəşfiyyat işlərinə başlaması olub. Bundan sonra Xəzərlə bağlı bütün regional və beynəlxalq proqramlara həvəssiz qatılan Türkmənistan tərəfi bu günün özündə də anti-Azərbaycan siyasətini davam etdirir. Hətta bu səbəbdən Bakıdakı səfirliyinin fəaliyyətinə xitam verməkdən belə çəkinməyən rəsmi Aşqabad hələ də Xəzərin statusu və neft-qaz kəmərləri məsələsində qeyri-konstruktiv mövqe nümayiş etdirir. Bu isə Türkmənistanın regionda gedən proseslərdən kənarda qalmasına səbəb olur.

Bununla belə, Türkmənistan hesab edir ki, əsas prinsip dənizin orta hissəsini ümumi istifadədə saxlamaqla milli zonaların müəyyənləşdirilməsi olmalıdır. Əvvəllər İranın təklif etdiyi kondominium Türkmənistanı qane edirdi. Amma sonradan Xəzəryanı dövlətlərin atdığı addımlar (karbohidrogen resurslarının istismar edilməsi ilə bağlı) Türkmənistanın da mövqeyinə təsir göstərdi. 1998-ci ildən Türkmənistan milli sektorlar mövqeyini müdafiə edir. Türkmənistan hesab edir ki, Xəzərin dibinə, su qatına və ehtiyatlarına ikili yanaşma qəbuledilməzdir. Bu, əməkdaşlığın təşkilati-hüquqi mexanizmini mürəkkəbləşdirə bilər. Həmçinin, su qatının ümumi istifadədə olması ehtiyatların nəqli zamanı problemlər yaradacaq və investisiyaların cəlbinə maneçilik törədəcək. Türkmənistan da hər dövlətə məxsus sektorun onun sahil xəttinin uzunluğu ilə düz mütənasibliyinə tərəfdardır.

Son zamanlar Xəzərin statusu yenidən sahil dövlətlərinin nümayəndələrindən təşkil olunmuş işçi qruplar səviyyəsində müzakirə edilsə də, hələ ki, yaxın gələcəkdə konkret qərar qəbul ediləcəyi ehtimalı hiss olunmur. Bu isə Rusiyanın bölgəyə nəzarət üzrə manevr imkanlarının saxlanmasına şərait yaradır.

Xəzərin hüquqi statusu ilə bağlı bütün məsələlərdə ən konstruktiv mövqeni Azərbaycan Respublikası nümayiş etdirir. 2001-ci il avqustun 1-də MDB dövlət başçılarının Soçi görüşü zamanı Azərbaycan Prezidenti Heydər Əliyev bununla bağlı bəyan etdi ki, Xəzər dənizi qapalı su hövzəsi kimi hələ SSRİ zamanında BMT-nin beynəlxalq "Dəniz Konvensiyası" normalarına əsaslanaraq, bu ölkə ilə İran arasında quru sərhədlərinin parametrlərinə uyğun olaraq bölünmüşdür və bu bölgüyə yenidən baxmaq üçün heç bir səbəb yoxdur.

Xəzərin hüquqi statusunun həlli məsələsində Azərbaycan Respublikasının xarici siyasətinin əsas vəzifəsi beynəlxalq hüquq normalarına və prinsiplərinə söykənərək, mehriban dostluq və qonşuluq münasibətlərinə əsaslanmaqla, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməklə, Xəzərin zəngin təbii ehtiyatlarından region dövlətlərinin maraqları çərçivəsində, eləcə də dünyanın tələbatı baxımından səmərəli istifadə etməkdən ibarətdir. Tədqiqatçılar hesab edir ki, Azərbaycan beş Xəzəryanı dövlət içərisində Xəzərin statusunun həlli məsələsində ən konstruktiv, ardıcıl və elmi cəhətdən əsaslandırılmış mövqe nümayiş etdirir. Azərbaycan ardıcıl şəkildə bəyan edir ki, hər bir Xəzəryanı ölkə orta xətt üzrə bölünmüş özünəməxsus sektoru üzərində (suyun həm dibi, həm də səthi) suverenlik hüququna malikdir. Xəzər sektorlara bölünmüşdür və hər bir dövlətin öz sektoruna olan hüquqları beynəlxalq hüquq normaları ilə qorunmalıdır. Azərbaycan özünün bu prinsipial mövqeyini qəti şəkildə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul etdiyi yeni Konstitusiyasında ifadə edərək Xəzər dənizinin müvafiq əraziyə bitişik sahəsini Azərbaycan Respublikası ərazisinin ayrılmaz tərkib hissəsi hesab etmişdir.

Azərbaycan Respublikası Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının tədqiqi və istifadəyə verilməsini təmin edərkən, bu sahədə xarici dövlətlərlə və şirkətlərlə əməkdaşlığı genişləndirərkən, öz təbii sərvətləri və təbii ehtiyatları üzərində beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğun surətdə suverenliyini həyata keçirir. Bu beynəlxalq hüququn norması kimi, beynəlxalq iqtisadi əməkdaşlığın möhkəmlənməsi, regionun iqtisadi yüksəlişi və inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Qərb ölkələri və ABŞ Xəzərin hüquqi statusu məsələsində Azərbaycanın ardıcıl mövqeyini müdafiə edir. ABŞ dövlət katibinin yeni müstəqil dövlətlər üzrə xüsusi müşaviri Ceyms F. Kollinz Xəzərin statusuna toxunaraq, onun milli sektorlara bölünməsi ideyasını müdafiə etdiyini bildirmişdir.

Xəzər hövzəsində fəal mövqeyi ilə seçilən ölkələrdən biri də Azərbaycanın bütün məsələlər üzrə müttəfiqi hesab olunan Türkiyədir. Bu dövlət "Əsrin müqaviləsi" də daxil olmaqla, Azərbaycanın neft ehtiyatlarının xarici şirkətlərlə birgə istismarı üzrə imzalanmış beynəlxalq müqavilələrdə öz gücünə görə müəyyən pay almağa çalışsa da, maliyyə və yüksək texnologiya imkanlarının məhdudluğu ucbatından əsas diqqətini Xəzər neftinin xarici bazarlara ixracı marşrutu üzərində cəmləşdirmişdir. Bu məqsədlə də Türkiyə hökuməti Bakı-Ceyhan neft marşrutunu irəli sürüb və kəmərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra təkliflərlə çıxış edibdir. Türkiyə hökuməti kəmərin təhlükəsizliyini təmin etmək də daxil olmaqla, Azərbaycanla iqtisadi, siyasi və hərbi əməkdaşlığı genişləndirməklə yanaşı, regionun digər ölkələri ilə də eyni sahələrdə əlaqələr qurmağa can atır.

Beləliklə, Türkiyə Xəzər dənizi hövzəsində öz ənənəvi tarixi rolunu bərpa etmək istiqamətində ciddi addımlar atır və siyasi-iqtisadi, strateji maraqlarını təmin etmək məqsədilə Azərbaycanla fəal əməkdaşlıq edir.

Xəzər hövzəsinin geosiyasi və geoiqtisadi maraqları çərçivəsində əhəmiyyətli həlqələrindən biri Gürcüstan Respublikası hesab olunur. Gürcüstanın əlverişli coğrafi mövqeyi və Qərbpərəst siyasəti son illərin geopolitik proseslərində onu ön mövqelərə çıxarıb. Azərbaycanın bu ölkə ilə münasibətləri strateji tərəfdaş mahiyyəti daşıyır. Hazırda Avrasiya enerji və kommunikasiya dəhlizi layihəsi, o cümlədən, TRASEKA proqramı, Bakı-Ceyhan neft və Bakı-Ərzurum qaz kəmərlərinin çəkilişi Gürcüstan ərazisi vasitəsilə gerçəkləşdirilməkdədir. Azərbaycan Prezidenti Heydər Əliyevin güzəştli mövqeyi sayəsində bu ölkə kəmərlərlə bağlı müqavilələrin kifayət qədər yüksək tranzit haqqı şərtiylə imzalanmasına nail olub. Gürcüstanın Qara dəniz sahilindəki iki əsas limanı - Batumi və Poti - son illərdə Avropa İttifaqının (Aİ) maliyyə yardımı ilə modernləşməkdə, texniki imkanları artırılmaqdadır. Bakı-Supsa kəməri ilə nəql edilən Xəzər nefti məhz bu limanlar vasitəsilə xarici bazarlara çatdırılır.

Rusiyanın təsir dairəsindən çıxmaq istəyən və bu istiqamətdə bir sıra ciddi nəticələrə nail olan Gürcüstan sürətlə NATO və Qərbin siyasi-iqtisadi strukturlarına inteqrasiya olunmaqdadır. Əlbəttə, Gürcüstan Azərbaycan üçün tranzit ölkə əhəmiyyəti kəsb etdiyi kimi, Azərbaycan da bu dövlət üçün Cənubi Qafqazın ən zəngin və lider ölkəsi kimi mühüm tərəfdaş əhəmiyyəti kəsb edir.

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 20 iyun.- S.15.