2009-2012-ci illərdə Azərbaycan-Böyük
Britaniya əlaqələri
Son
illər Azərbaycanın dünyaya, xüsusən, Avropaya
inteqrasiyası daha da güclənmişdir. Ölkə
Prezidenti İlham Əliyev Böyük Britaniyaya səfəri
zamanı bu barədə belə demişdir: "Biz Avropaya inteqrasiya
yolunu seçmişik. Mən bunu əvvəldə dedim - biz
bu yola tamamilə sadiqik, bu siyasət davam etdirilir, bu yolumuzu
sözdə yox, praktiki addımlarda göstəririk. Biz
ölkəmizin gələcəyini inteqrasiyada
görürük. Regionda da, dünyada da, vacib, əhəmiyyəti
olan ölkə olmaq istəyirik. Ona görə də, əlimizdən
gələni edəcəyik ki, Azərbaycanın
standartlarını dünya standartlarına çatdıraq.
Bütün sahələrdə inkişafa, iqtisadi inkişafa,
sosial inkişafa, demokratik inkişafa nail olaq. Bizim siyasətimiz
bundan ibarətdir, bizim siyasətimiz belədir. Əlbəttə
ki, bizim seçdiyimiz yolun hər mərhələsində əldə
edilən uğurlardan çox şey asılı olacaqdır.
Azərbaycanın seçimi belədir. Azərbaycan rəhbərliyinin
etdiyi seçim budur və ölkədə də, beynəlxalq
aləmdə də apardığımız siyasətlə
bağlı əhalimizin dəstəyini daim hiss edirik.
Çıxışımı
bu nikbin notla bitirmək istəyirəm ki, Azərbaycan ildən-ilə
dünyaya inteqrasiya olunacaq, inkişaf edəcəkdir. Ölkəmizin
inkişafı Azərbaycana da, qonşularımıza da,
xalqımıza da, qonşu xalqlara da, bütün dostlara da,
daha çox təhlükəsizlik, rahatlıq, firavanlıq gətirəcəkdir."
Azərbaycan-Böyük
Britaniya əlaqələrinin genişlənməsi ölkəmizin
dünyaya, xüsusən, Avropaya inteqrasiyasında mühüm
rol oynayır.
18
sentyabr 2009-cu il tarixində Azərbaycan Respublikasının
Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində
"Müzakirələr üçün toplantılar"
layihəsi çərçivəsində "Böyük
Britaniya - Azərbaycan əlaqələri müasir regional
geosiyasət kontekstində" tədbir keçirilmiş və
burada Böyük Britaniyanın Azərbaycanda akkreditə
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Karolin Braun məruzəçi qismində
çıxış etmişdir. Birinci növbədə, Azərbaycan
Respublikasının Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev Azərbaycanla
Böyük Britaniya arasındakı münasibətlər barəsində
danışaraq qeyd edib ki, ölkələrimiz arasında əlaqələr
sürətlə inkişaf edir və ikitərəfli
münasibətlərin perspektivləri çox genişdir.
Moderatoru Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin
rəhbəri Elxan Nuriyevin olduğu tədbirdə, qonaq
Böyük Britaniya-Azərbaycan münasibətlərinə
dair ətraflı məlumat vermiş və
iştirakçıların çoxsaylı suallarını
cavablandırmışdır.
Böyük
Britaniyanın səfiri xanım Braun ölkəsi ilə Azərbaycanın
münasibətlərinə toxunaraq qeyd etdi ki, ölkələrimiz
arasında əlaqələr dərin keçmişə
dayanır və hal-hazırda da sürətli templə
inkişaf edir. Xanım Braun qeyd etdi ki, Azərbaycan
Böyük Britaniyanın aparıcı tərəfdaşlarından
biridir. 2005-ci ildə Azərbaycanın Böyük Britaniyaya
ixracı 4,2 milyon funt sterlinq təşkil edib. Azərbaycan
Böyük Britaniyadan idxalın həcminə görə
ikinci yerdədir. İki ölkə arasındakı münasibətlər
hökumətlər səviyyəsindəki əlaqələrdən
daha geniş və dərindir. Bu, həm dil, həm də mədəni
əlaqələrdir. Azərbaycanın Avropaya inteqrasiyası
barəsində danışan səfir qeyd etdi ki, Böyük
Britaniya Azərbaycanın beynəlxalq cəmiyyətə
getdikcə artan inteqrasiyasını görməyə
şaddır və Azərbaycan hökumətinin Avropaya üz
tutmasını onun vacib qərarlarından biri hesab edir.
Böyük Britaniyanın xarici siyasət strategiyası
haqqında danışan xanım Braun qeyd etdi ki, ölkəsinin
əsas məqsədləri - terrorizmlə mübarizə və
nüvə silahının yayılmasının
qarşısının alınması, beynəlxalq və
regional səviyyədə iqtisadiyyatın inkişafı, ərazi
münaqişələrinin həlli və
qarşısının alınmasıdır. Xanım Braun,
ona ünvanlanmış, Dağlıq Qarabağ münaqişəsi,
İranın "Nabucco" layihəsində iştirakı,
Avropa Birliyi və Böyük Britaniya əlaqələri və
digər mövzuları əhatə edən suallara ətraflı
cavab verdi.
Dağlıq
Qarabağla bağlı sualı cavablandıraraq, xanım səfir
qeyd etdi ki, Dağlıq Qarabağ dondurulmuş münaqişə
deyil. Səfir bildirdi ki, avqust ayında Qafqazda baş verən
hadisələrdən sonra Dağlıq Qarabağ
münaqişəsini dondurulmuş münaqişə kimi
görmək düzgün olmaz. Səfirin sözlərinə
görə, Böyük Britaniya münaqişənin tez
müddətdə və sülh yolu ilə həllində
maraqlıdır. Xanım Braun qeyd etdi ki, Britaniyanın əsas
hədəfi münaqişələrin
qarşısının alınması və onların
sülh yollu ilə həllidir. Xanım Braunun sözlərinə
görə, ölkəsinin bu sahədə əsas prioritetləri
Əfqanıstan və Pakistandakı vəziyyət,
İsrail-Fələstin münaqişəsi və müsəlman-xristian-yəhudi
münasibətləridir.
İranın
"Nabucco" layihəsində iştirakı barədə
sualı cavablandıran səfir qeyd etdi ki, "Britaniya Cənub
enerji dəhlizinin reallaşmasında maraqlıdır.
İrana gəldikdə isə, səfir qeyd etdi ki, bu ölkənin
siyasətində müəyyən aydınlıq yaranmadan və
dünya ictimaiyyəti buna əmin olmadan İranın layihədə
iştirakı çətin ki, mümkün olsun. Bundan
başqa, İranın nüvə proqramı da dünya
ictimaiyyətini narahat edir. Xanım Braun bildirdi ki, Böyük
Britaniya İranın nüvə proqramı ilə
bağlı mövqeyini dəstəkləmir və əmindir
ki, bu problemin həlli diplomatik yolla tapılmalıdır. Tədbirin
sonunda xanım Braun görüş barəsində məmnuniyyətini
bildirərək, mərkəzin rəhbəri cənab Elxan
Nuriyevə öz dərin təşəkkürünü
bildirdi.
Azərbaycan-Böyük
Britaniyanın rəsmiləri qarşılıqlı səfərlər
etmişlər. Yüksək rütbəli dövlət rəsmilərinin
qarşılıqlı səfərləri iki dövlət
arasında əməkdaşlığın inkişafına təkan
vermişdir.
Britaniya
parlamentinin üzvü, Sənaye və Energetika məsələləri
üzrə dövlət naziri Malkolm Viks 2007-ci ilin
sentyabrında Azərbaycana səfər etmişdir. Avropa məsələləri
üzrə nazir Cim Mörfı isə Azərbaycanda 2008-ci
ilin may ayında olmuşdur. Britaniyanın ticarət məsələləri
üzrə naziri Lord Diqbi Cons Azərbaycana ən son səfər
etmiş Britaniya rəsmisidir. O, Bakıya 2008-ci ilin iyun
ayında gəlmişdir.
2004-cü
ilin 13-14 dekabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev
Böyük Britaniyada rəsmi səfərdə olmuşdur. O,
Britaniyanın baş naziri,
xarici işlər və müdafiə üzrə dövlət
katibləri ilə görüşmüşdür. Baş
nazir və Prezident 1998-ci ildə iki ölkə arasında
imzalanmış Dostluq və Əməkdaşlığa dair
Birgə Bəyannaməni bir daha təsdiqləmişlər.
Onlar insan haqları, azadlıqlar və qanunun aliliyinə
söykənən demokratiyanın və bazar
iqtisadiyyatının hərtərəfli inkişaf etməsi
üçün ikitərəfli münasibətlərin
inkişafına bir daha dəstək ifadə etmişlər. Səfər
zamanı Azərbaycan Prezidenti və Britaniya baş naziri tərəfindən
ikitərəfli münasibətlərin ilkin və gələcək
inkişaf perspektivləri istiqamətində Birgə Kommunike qəbul
edilmişdir. Azərbaycan Dövlət Neft Fondunun Prezidenti
Samir Şərifov (2006- ci ildən maliyyə naziri vəzifəsində
çalışır) 2005-ci ilin 17 mart tarixində Londonda
keçirilən mineral ehtiyatların hasilati ilə məşğul
olan sənaye sahələrində Şəffaflıq Təşəbbüsü
(MHŞT) üzrə 2-ci beynəlxalq konfransda iştirak
etmişdir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov
2007-ci ilin oktyabr ayında Londona rəsmi səfər
etmişdir. Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin Londona səfəri 2008-ci ilin fevral ayında baş
tutmuşdur.
Azərbaycan
Respublikasının Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığındakı
fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin
Qurbanov 2012-ci ildə Britaniya Kraliçası ilə
görüşür. Azərbaycan və Böyük Britaniya
arasında diplomatik münasibətlərin qurulmasının
20 illiyinə həsr edilmiş məqalədə səfir
yazır: "Böyük Britaniya Sovet İttifaqının
süqutunun ardınca öz müstəqilliyini elan etmiş Azərbaycanın
müstəqilliyini tanıyan ilk ölkələrdən biri
olmuşdur. Bu ölkə Azərbaycanın müstəqilliyini
1991-ci ilin dekabr ayında tanımışdır. Həmin
vaxtdan başlayaraq ölkələrimiz arasındakı əməkdaşlıq
durmadan genişlənməkdədir. Siyasi baxımdan Azərbaycan
Böyük Britaniya üçün Qafqaz və Xəzər
regionunda etibarlı tərəfdaşıdır. Digər tərəfdən,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı Böyük Britaniya tərəfinin Azərbaycanın
ərazi bütövlüyünə verdiyi dəyişməz
dəstək Azərbaycan tərəfindən hər zaman
yüksək qiymətləndirilir. Böyük Britaniya, həmçinin,
Azərbaycanın Avropa məkanına və strukturlarına
inteqrasiyaya öz dəstəyini verməkdədir. Ölkələr
arasındakı iqtisadi münasibətlərə gəldikdə
isə Böyük Britaniya Azərbaycan iqtisadiyyatına
yatırılan xarici sərmayələrin həcminə
görə birinci yerdə olmuş və bu mövqeyini bu
gün də qoruyub saxlayır. Enerji sektoru iki ölkə
arasındakı aparıcı əməkdaşlıq sahəsi
hesab olunur. Azərbaycana yatırılan xarici sərmayənin
51%-i Böyük Britaniya tərəfindən
yatırılır. 1994-cü ildən başlayaraq, Azərbaycan
və Böyük Britaniya enerji sahəsində uğurlu əməkdaşlıq
modeli yaratmışlar. Bakı-Tbilisi-Ceyhan neft kəməri,
"Şahdəniz" qaz layihəsi və "Azəri-Çıraq-Günəşli"
neft yataqları, bütövlükdə, "British
Petroleum" şirkətinin ən böyük xarici layihəsi
hesab olunur.
Hazırda
Azərbaycanda təxminən 170-ə qədər
böyük, orta və kiçik Britaniya şirkətləri
fəaliyyət göstərir. Bu şirkətlərin əksər
hissəsi neft və qaz sahəsində fəaliyyət göstərsə
də, bu əməkdaşlıq son illərdə pərakəndə
satış, informasiya texnologiyaları, layihələrin idarə
olunması, maliyyə-bank xidmətləri və kənd təsərrüfatı
kimi sahələrə doğru genişlənir. Bu gün Azərbaycanın
modernləşməsində Britaniya təcrübəsi və
sənayesinin imkanlarından istifadə olunur və heç də
təsadüfi deyildir ki, paytaxt Bakıda aparılan əsas
tikinti layihələri məhz Britaniyanın məsləhətçi
və layihə-idarəetmə şirkətləri tərəfindən
idarə olunur.
Ölkələrimiz
arasındakı ikitərəfli münasibətlərin digər
mühüm istiqamətini təhsil, mədəni mübadilə
və xalqlar arasındakı təmaslar təşkil edir. Hər
il yüzlərlə azərbaycanlı gənc Britaniya
universitetlərinə təhsil almağa gəlir. Böyük
Britaniya gənc azərbaycanlıların təhsil almaq
üçün ən çox tərcih etdikləri
üçüncü ölkədir. Təbii ki, mədəni
mübadilə və insanlar arasındakı təmaslar
qarşılıqlı xarakter daşıyır.
Qürurverici haldır ki, ötən illərdə bir
çox Azərbaycan təşkilatları Böyük
Britaniyada öz fəaliyyətlərini genişləndirməyə
müvəffəq olmuşlar. Bu təşkilatlar Böyük
Britaniyada Azərbaycanın tanıdılmasında və
xalqlarımız arasında təmasların
artırılmasında mühüm rol oynamış və
oynamaqdadırlar. Azərbaycan və Böyük Britaniya iki
ölkə arasında formalaşmış mühüm əməkdaşlığı
və tərəfdaşlığı gələcəkdə
daha da genişləndirmək əzmindədirlər."
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2013.- 1 mart.- S.14.