Qürur və fəxarət yeri- Azərbaycan gəncliyi
Müsahibimiz Sumqayıt YAP gənclər birliyinin sədri Elmar Məmmədovdur
Elmar Məmmədov: "Dünyada
öz gəncliyinə, bu qədər diqqət ayıran və
qayğı göstərən ikinci Prezident tapmaq çətindir"
-
Elmar müəllim, Azərbaycan gəncliyinin ölkənin
ictimai-siyasi həyatında fəallığını qənaətbəxş
hesab etmək olarmı?
- Bu
gün ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi həyatında
böyük fəallıq göstərir. Gənclərin
ictimai-siyasi həyatda rolunun artırılması, onların
layiqli vətəndaş kimi yetişməsi, elmi biliklərinin
daha da təkmilləşdirilməsi, həmçinin, asudə
vaxtlarının səmərəli təşkili istiqamətində
də bir çox layihələr həyata keçirilmiş və
bu istiqamətlərdə işlər davam etdirilir. YAP üzvlərinin fəallığı ölkə Prezidentinin həyata
keçirdiyi siyasətin dəstəklənməsi deməkdir.
Fərəhli haldır ki, Prezident İlham Əliyev YAP
üzvlərinin cəmiyyətdə gedən ictimai-siyasi
proseslərdə nümayiş etdirdikləri fəallığı
yüksək qiymətləndirməklə bərabər, bu
yönümdəki fəaliyyətin daha da genişləndirilməsini
məqsədəuyğun sayır. "Gənclərin təhsilə,
elmə, müasir informasiya-kommunikasiya texnologiyalarına olan
marağının artması, vətənpərvərliyi və
ictimai-siyasi fəallığı gələcəyə
böyük inam yaradır. Prezident İlham Əliyevin ən
çox diqqət yetirdiyi və prioritet hesab etdiyi sahələrdən
biri məhz Azərbaycan gəncliyi olub. Dövlət
başçısı gənclərin 4 forumunu keçirməklə
yanaşı, gənclər və idmançılarla
Bakıda və bölgələrdə onlarla görüş
keçirib. Məhz Prezidentin təşəbbüsü ilə
Azərbaycan gəncliyi ilə bağlı 2005-2009, 2011-2015-ci
illəri əhatə edən iki Dövlət Proqramı qəbul
edilib. İndi Azərbaycan gəncləri dövlət
hesabına dünyanın ən qabaqcıl ali məktəblərində
təhsil alırlar və dünyanın ən təminatlı
gəncləri sırasında öncül yerlərdə
dayanırlar. Mən onu söyləmək istəyirəm ki, bəlkə
dünyada öz gəncliyinə, bu qədər diqqət
ayıran və qayğı göstərən ikinci Prezident
tapmaq çətindir.
-
Yeni Azərbaycan Partiyasına seçilməklə nəyi
özünüzə məqsəd seçdiniz?
-
Ölkədə və xaricdə gedən siyası proseslərə qoşulmaq , Azərbaycanın
tarixini, reallıqlarını, Azərbaycanın
uğurlarını adi bir ictimai təşkilatlar tərəfdən
yox, siyasi bir partiya vasitəsi ilə dünyaya
çatdırmaq ücün
seçdik . Mən bir gənc olaraq YAP-ın
sıralarına daxil olmaqla ölkədə gedən siyasi
proseslərdə, seçki orqanlarında yaxından
iştirak etməyə başlamışam. YAP Azərbaycan
tarixində yeganə partiyadır ki, yaranarkən siyasi hakimiyyətə
gəlməyi, hakimiyyət uğrunda mübarizə
aparmağı yox, ölkəni mövcud böhrandan
çıxarmağı qarşısına məqsəd kimi
qoymuşdur . Azərbaycan tarixində indiyə qədər 600
mindən çox üzvü olan siyasi partiya olmayıb. Bu rəqəmə sadəcə
statistika nöqteyi-nəzərindən
baxılmamalıdır. Bu, insanların YAP-a, partiyanın
yaradıcısı Ulu Öndər Heydər Əliyevin zəngin
siyasi irsinə, YAP-ın Sədri, ölkə Prezidenti
İlham Əliyevin həyata keçirdiyi siyasətə
münasibəti, Azərbaycandakı ictimai-siyasi duruma verdikləri
yüksək qiymətin göstəricisidir. Ölkəmizin əldə etdiyi
bütün uğurların müəllifinin YAP olduğunu
qeyd edə bilərəm. Partiyamız bu illər ərzində
güclənibdir, aparıcı partiyaya cevrilibdir. Heç bir
siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət
aparmaq iqtidarında deyil. Hətta digər bütün siyasi
qüvvələr birləşsələr, yenə də
bizim işimizə, siyasətimizə bunun heç bir təsiri
olmayacaqdır.
-
Prezident İlham Əliyevin gənclərlə bağlı təsdiq
etdiyi Dövlət Proqramının gənclərin mənzil-
məişət problemlərinin həllinə hansı təsirləri
olub?
-
İpoteka kreditlərini xüsusilə qeyd etmək yerinə
düşər. Çünki bu gün sosial ipoteka gənclərin
sosial-məişət problemlərinin həllində
böyük yer tutur və bundan daha yaxşı bəhrələnmək
üçün müəyyən təkmilləşdirmələr
də aparılır. Bunun
üçün ölkəmizin kifayət qədər
imkanları var. Gənc ailələrə
dövlət qayğısının artırılması, mənzil
şəraitlərinin yaxşılaşdırılması,
proqramda öz əksini tapıb.
-
Sizcə, Azərbaycan gəncləri xarici ölkələrdə
öz intellektləri, bilik və bacarıqları ilə
ölkəmizi xaricdə təmsil edə bilirlərmi?
-Azərbaycan
gəncləri xarici ölkələrin ali təhsil
ocaqlarında təhsil alırlar.
Biz fəxr edə bilərik ki, Azərbaycan gəncliyi
beynəlxalq arenada, təşkilatlarda çox aktiv,
bacarıqlı, ləyaqətli şəkildə ölkəmizi
təmsil edir. Türkiyədə
və digər Avropa ölkələrində yetərincə gənclər ordusu
var. Mən fəxrlə qeyd edə bilərəm ki, aktiv və
bacarıqlı gənclərimiz ölkəmizi beynəlxalq
arenada təmsil edirlər. Xocalı soyqırımı ilə
bağlı aparılan kampaniya da bunu göstərdi ki, Azərbaycan
gəncliyi birlikdə olmağı bacarır.
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın
fəaliyyətini Azərbaycan gəncliyi üçün bir
nümunə hesab edirsinizmi?
-
Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla xanım Əliyeva
Azərbaycan gəncliyi üçün əsil nümunədir.
Azərbaycanın sürətli inkişafı ölkəmizdə
elmin, mədəniyyətin, texnologiyaların, təhsilin, səhiyyənin,
idmanın inkişafına böyük töhfələrini
verir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın
məqsədli fəaliyyəti müxtəlif sahələri əhatə
etməklə, Azərbaycanın imicinin formalaşması
baxımından da daima diqqətdədir. Dünyanın
hansı məkanında olmasından asılı olmayaraq, Leyla
xanım Əliyeva Azərbaycanın bugünkü mənzərəsini
və tarixi dəyərələrini dünya ictimaiyyətinə
birmənalı olaraq çatdırır. Bu gün
bütün dünyanı sürətli inkişafı və
çiçəklənməsi ilə heyran qoyan Azərbaycanın
qədim və zəngin tarixi və bu günü artıq bir
çoz dünya ölkələrinə məlumdur. Azərbaycanın dünyaya
müasir, inkişaf edən və zəngin mədəni irsə
malik ölkə kimi tanıdılmasında Leyla xanım Əliyevanın
məqsədyönlü fəaliyyəti birmənalı olaraq
qarşılanır. Xatırladaq ki, dünya ictimaiyyətini
Xocalı soyqırımı haqqında daha çox məlumatlandırmaq
məqsədi ilə "Xocalıya Ədalət" beynəlxalq
məlumat kampaniyası Heydər Əliyev Fondunun
vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda
İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası
dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın
təşəbbüsü ilə 2009-cu ildə irəli
sürülüb. Hazırda faciənin mənəvi və
siyasi-hüquqi cəhətdən tanınmasına yönəlmiş
bu kompaniya dünyanın 35-dən çox ölkəsində
uğurla həyata keçirilir.
Ruqiyyə Cəfərova
Səs.- 2013.- 1 mart.- S.10.