Azərbaycan və Şərqi, Cənubi-Şərqi
Asiya ölkələri
Hazırda
ASİƏT tərkibində inkişaf etmiş ABŞ, Yaponiya
kimi nəhənglərlə yanaşı, ən kiçik ada
ölkələri və Rusiya kimi müxtəlif səviyyəli
dövlətlər təmsil olunur. Özünün tam liberal
iqtisadiyyatı və iqtisadi siyasəti ilə seçilən
birinci, iqtisadiyyatda ənənəvi güclü dövlət
mövqeyi olan ikinci və iqtisadi inkişafa dair aydın
strategiyası olmayan üçüncü qrup dövlətlərin
regional prinsip üzrə ASİƏT tərkibində birləşməsi
və inteqrasiyaya cəlb olunması müasir dünyada unikal
hal kimi qiymətləndirilir. Yer kürəsində yaşayan
bütün əhalinin təxminən yarısı, istehsal
olunan ümumi daxili məhsulun isə 60%-i ASİƏT-in
payına düşür.
ASİƏT-in
xarakterik xüsusiyyətlərindən biri təşkilatda
aşkar liderin, yaxud liderlər qrupunun olmamasıdır. Məsələn,
Avropa Birliyinin siyasətinə önəmli təsir göstərən
Fransa, Almaniya, İngiltərə kimi dövlətlər,
NAFTA-nın siyasətini müəyyən edən əsas
ölkə ABŞ və MDB-nin fəaliyyətini
stimullaşdıran aparıcı dövlət Rusiyadır.
Lakin ASİƏT-də belə bir tendensiya yoxdur. Bəzi tədqiqatçılar
elə bu faktoru ASİƏT-in hələ də normal təşkilatlana
bilməməsinin və zəif funksional fəaliyyətinin əsası
hesab edir. Təşkilat bəyan edib ki, bölgə 2001-ci ildən
inkişaf etmiş ölkələr üçün, 2020-ci
ildən isə inkişaf etməkdə olan ASİƏT
üzvləri üçün azad ticarət və investisiya məkanı
elan ediləcək. Lakin bu layihənin, eyni zamanda, təşkilatın
gələcəkdə nəzərdə tutduğu digər
proqramların reallaşacağı hələ də sual
altındadır. Çünki üzv dövlətlər hələ
də məsləhətləşmə səviyyəsindən
konkret birgə fəaliyyətə keçə bilməyib.
Lakin bütün bunlara baxmayaraq, ASİƏT-in əhatə
etdiyi Asiya-Sakit okean bölgəsi müasir dünyada hərtərəfli
inteqrasiyanın getdiyi ən böyük və perspektivli region
hesab olunur. Bəzi tədqiqatçıların fikrinə
görə, yer kürəsi əhalisinin yarıdan
çoxunun yaşadığı və dünyada istehsal
olunan ümumi daxili məhsulun 60%-dən çoxuna sahib olan
ASİƏT bölgəsi ən perspektivli regional inteqrasiya mərkəzi
hesab olunur. Hər il təşkilatın forumlarında ABŞ,
Çin, Yaponiya, Rusiya, Kanada kimi böyük ölkələr
də daxil olmaqla 21 dövlət rəhbərlərinin
toplantısı, bölgədə və dünyada gedən
prosesləri müzakirə etməsinin özü çox
mühüm bir faktdır. Bundan başqa, ASİƏT-in
yaranması bütün tarix boyu bir-biri ilə ciddi rəqabət,
düşmənçilik edən ölkələrin, konfliktlər
və toqquşmaların baş verdiyi bir regionun müasir
dünyanın çiçəklənmə və iqtisadi
möcüzələr yaradan bölgəsinə, azad rəqabət
və bazar iqtisadiyyatı qanunları ilə tənzimlənən
perspektivli beynəlxalq iqtisadi məkana çevrilməsinə
təkan vermişdir. Dünyada üçüncü minilliyin
başlanğıcında vüsət alan qloballaşma proseslərində
də ASİƏT-in rolu və onun təmsil etdiyi regionun
payı çox ciddi qiymətləndirilir. İqtisadi
inkişaf tempi, liberal bazar münasibətlərinin xarakteri, əhalinin
həyat şəraitinin yaxşılaşması, investisiya və
əmək resurslarının geniş imkanları, elmi-texniki
səviyyənin yüksəlişi və s. parametrlərinə
görə, ASİƏT ölkələri hazırda
dünyada birinci yeri tutur. Şərqi Asiya dövlətləri
məhdud enerji və digər təbii resurslara malik olmalarına
baxmayaraq, qısa müddətdə sürətli inkişafa
nail olaraq xarici investisiyaların regiona axması, kiçik və
orta sahibkarlığın yüksəlişi
üçün hər cür şərait
yaratmışdır. İşçi qüvvəsinin və
torpaq icarəsinin nisbətən ucuz olduğu bu ölkələrə
ABŞ və Avropa iş adamları da çox həvəslə
kapital qoyur və istehsal sahələri yaradırlar. Bölgənin
Honkonq, Sinqapur, Tokio, Şanxay kimi şəhərləri zəngin
investisiya və ticarət kapitalını özünə cəlb
edərək dünyanın əsas maliyyə mərkəzlərindən
birinə çevrilmişdir.
Şərqi
Asiyanın əlverişli investisiya mühiti - ucuz
işçı qüvvəsi, torpaq icarəsinin nisbətən
aşağı qiymətə olması, işçilərin
dəqiq icraçılığı və nizam-intizamı,
vergi, maliyyə və nəqliyyat-kommunikasiya sektorunun əlverişli
vəziyyəti xarici investorları günü-gündən
özünə daha çox cəlb edir ki, bu da regionun qlobal
dünya iqtisadiyyatında çəkisini artırır.
Şərqi
Asiya dövlətlərinə məxsus "Sony",
"Panasonic", " Mit-subishi", "Toyota", "
Samsung", "Hunday" və s. nəhəng firmalar
dünyanın demək olar ki, bütün ölkələrində
geniş istehsal və satış bazaları ilə təmsil
olunur. Bu şirkətlərdə işləyən
ayrı-ayrı ölkələrin vətəndaşlarını
əsil istehsal nizam-intizamı, yüksək professionallıq,
ictimai-siyasi proseslərə qarışmamaq kimi keyfiyyətlər birləşdirir.
Şərqi
və Cənub-Şərqi Asiya dövlətlərini
qloballaşmada fərqləndirən səciyyəvi
xüsusiyyətlərdən biri də, ABŞ və Avropa
Birliyindən fərqli olaraq işlədikləri ölkələrin,
regionların daxili siyasi proseslərinə qarışmayaraq,
dövlətdaxili ictimai-siyasi proseslərdən kənarda
dayanmalarıdır. Bir qayda olaraq, bu dövlətlər fəaliyyət
göstərdiyi ərazilərin dövlət və hökumət
strukturları, iş adamları və ictimai dairələri ilə
yalnız istehsal, ticarət və humanitar yardım məsələləri
üzrə əməkdaşlılıq edirlər.
Şərqi
və Cənub Şərqi Asiya dövlətlərinin
qloballaşmada iştirakını fərqləndirən digər
fərq onların həm xarici kapital və investisiyalara tam
açıq olmaları, həm də özlərinin başqa
xarici dövlətlərdə investisiya qoymağa meyilli
olmalarıdır. Bu ölkələr rəqabətdən,
investisiya və texnologiya üstünlüyündən qətiyyən
çəkinmirlər. Odur ki, həm öz ərazilərinin
qloballaşmaya cəlb olunmasına, həm də
dünyanın başqa regionlarında qloballaşmada
iştirak etməyə böyük həvəs nümayiş
etdirirlər.
Şərqi
Asiya dövlətləri içərisində, əsasən,
Çin ABŞ və Avropa Birliyinin qloballaşma və yeni
dünya nizamının yaranmasında həyata keçirdiyi
transmilli siyasətə məxsusi alternativ yanaşma
nümayiş etdirir. Bu dövlət tədricən öz
iqtisadi inkişaf sürətini artıraraq, ABŞ və
Avropa Birliyinin ənənəvi təsir dairələrinə
daxil olur və onlara ciddi rəqabət yaradır.
Çin,
ümumiyyətlə, tarixin bütün mərhələlərində
dünyada öz yeri, mövqeyi və təsiri olan ölkə
kimi diqqəti cəlb etmişdir. Məşhur ABŞ politoloqu
Z.Bjezinski Çinin müasir dünya nizamında və
qloballaşmada aparıcı rolunu qiymətləndirərək
yazır ki, bu dövlət həmişə ümummilli birlik
nümayiş etdirərək, qarşıda duran vəzifələri
əhalinin əsas kütləsinin iştirakı ilə həll
etməyə nail ola bilir. Çin millətçiliyinin
daşıyıcıları, bütün dünya ölkələrində
olduğu kimi, milli elita, emosional tələbələr deyil,
geniş xalq kütləsi, bütün sosial təbəqələrdir.
Çin əhalisinin ümumi əhvali-ruhiyyəsini,
sözün həqiqi mənasında, milli şüuru və
ruhunu vahid gücə çevirərək öz dövlətinin
inkişafını və tərəqqisini təmin etməyi
bacarır.
Z.Bjezinskiyə
görə, çinlilərin milli
dünyagörüşünün tarixi kökləri
mövcuddur. Vaxtilə böyük sivilizasiyaya, monolit ölkə,
qabaqcıl dövlət idarəçiliyinə malik olan
çinlilər hələ də öz milli hisslərində
ölkələrini dünyanın təbii mərkəzi,
hadisələrin mərkəzində dayanan ən güclü
və qüdrətli dünya dövləti hesab edirlər.
Avropa və islam sivilizasiyası tarixin müəyyən
dönəmlərində imperiyaların dağılmasına,
75 yeni dövlətin yaranmasına gətirib çıxarsa
da, Çin öz vahidliyini, bölünməzliyini qoruyub
saxlamışdır. Düzdür, son 150 ildə Çini bir
qədər sıxışdırmış və öz
mövqelərindən çəkilməyə məcbur
etmişlər. Bu da, öz növbəsində, çinlilərin
milli hisslərinə toxunmuş, onları qisas almaq
üçün əlverişli məqam gözləməyə,
öz aralarına daha sıx birləşməyə, daha millətçi
olmağa sövq etmişdir. Çini vaxtilə incidən
dörd dövlətdən - Böyük Britaniya, Yaponiya,
Rusiya və ABŞ-dan ikisi, çinlilərin fikrinə görə,
sonradan tarixin cəzasına məruz qalmışlar. Bu
Böyük Britaniya və Rusiyadır. Böyük Britaniya
imperiyası dağılmış, Rusiya isə əvvəlki
hegemon vəziyyətini, hüququnu və ərazilərini
itirmişdir. Qalan digər iki dövlət - Yaponiya və
ABŞ isə hələ də Çinin rəsmi siyasətində
ciddi rəqiblər kimi qiymətləndirilir. Hesab olunur ki,
region hadisələrinə, qlobal proseslərə müdaxilə
edilərkən Çin mütləq onları nəzərə
almaq məcburiyyətində qalır. Bütün bunlara
baxmayaraq, Çin bu gün təkcə Şərqi və Mərkəzi
Asiyada, Yaxın və Orta Şərqdə deyil, bütün
dünyada gedən proseslərə hərtərəfli təsir
gücünə malik bir dövlət rolunu ifa edir.
Çin
son iyirmi ildə iqtisadi, siyasi, mədəni və sosial
inkişaf sürətinə görə bütün
dünyanı heyrətləndirir. Bu dövlət
dünyanın ən nəhəng iqtisadi və hərbi
güclərindən birinə çevrilmişdir. Proqnozlara
görə, Çin bu sürətlə davam etsə,
yaxın 10-20 ildə Yaponiyanı ötəcək, ABŞ və
Avropa Birliyi ilə bərabər səviyyəyə
çatacaq. ABŞ, Avropa Birliyi və Yaponiyanın iş
adamlarının bu ölkəyə həvəslə kapital
qoyması da nəzərə alınsa, Çinin iqtisadi
inkişafını, gələcək tərəqqisini
proqnozlaşdırmaq heç də çətin olmaz.
Z.Bjezinski yazır ki, Böyük Çin Honkonq və Makaonu tərkibinə
qatmaqla və Tayvanı siyasi cəhətdən özünə
tabe etdirməklə təkcə Uzaq Şərqin hakim dövlətinə
deyil, dünyanın birinci dərəcəli dövlətinə
çevrildi.
Çinin
inkişafını şərtləndirən əsas səbəblər
kimi onun effektli milli dövlət idarəçiliyinə malik
olmasını, ölkədaxili siyasi və ictimai sabitliyini,
sosial intizamın, yığım və yatırım mədəniyyətinin
yüksəkliyini, xarici investisiya axınının artan
sürətinin və nəhayət, bu regionun sabit inkişaf
üçün əlverişli imkanının
mövcudluğunu qeyd edirlər.
Çinin
iqtisadi inkişafında və milli təhlükəsizliyinin
möhkəmləndirilməsində mənfi faktor kimi bu
ölkənin özünü enerji resursları və ərzaq
məhsulları ilə müstəqil təmin edə bilməməsi
hesab olunur. Lakin ölkənin digər iqtisadi göstəriciləri
hələ ki, enerji resursları və ərzağın idxal
hesabına ödənilməsini təmin edir və bu sahədə
ciddi problemin yaranmasına imkan vermir.
Beləliklə,
Çin hazırda yeni dünya nizamında və bəşəriyyətdə
günü-gündən vüsət alan qloballaşma prosesində
güclü mərkəzlərdən biri kimi
çıxış edir. Onun bu cür mövqe tutması həm
iqtisadi və hərbi gücü ilə
ölçülür, həm də sabit siyasi, sosial vəziyyəti,
əhalisinin günü-gündən artan firavan həyatı
ilə bağlıdır. Düzdür, ABŞ və Avropa
Birliyi kimi dünyanın nizamını müəyyən edən
mərkəzlər Çinin siyasi idarəçiliyini,
sosialistyönlü xəttini, insan və vətəndaş
hüquqlarının məhdud vəziyyətini əldə
bayraq edərək, beynəlxalq aləmdə onu nüfuzdan
salmağa çalışır. Lakin Çinin siyasi rəhbərliyi
ölkə iqtisadiyyatının dinamik inkişafını təmin
edə biləcək bütün şəraiti
yaratmış, liberal iqtisadi transformasiya, azad sosial-iqtisadi təşəbbüslər,
sərbəst bazar münasibətləri, xarici kapitala,
investisiyaya və texnologiyaya açıqlıq kimi müasir
inkişafın ən mühüm məsələlərini həll
etmişdir. Əslində, Çində indiki siyasi idarəetmə
də sosialist və kommunist ehkamlarından, proletariat
diktaturası kimi süni və eybəcər rejim
qaydalarından kifayət qədər uzaqlaşmış və
ölkənin sosial-iqtisadi inkişafının əsas
imperativlərinə
uyğunlaşdırılmışdır.
Əlbəttə,
Çin demokratiyanın, insan hüquq və
azadlıqlarının təmin olunması kimi fundamental məsələlərə
ABŞ və Avropa Birliyi dövlətlərindən fərqli
mövqe nümayiş etdirir. Çin insan
hüquqlarını dövlət və milli təhlükəsizlik
maraqlarından yuxarıda dayanan, heç bir şəraitdə
məhdudlaşdırılması yol verilməyən, qeyri-məhdud
hüquq kimi tanımır. ABŞ-ın dünya
hegemonluğunu qəbul etmir,
onun birqütüblü mövqeyi ilə barışmır,
sülhün və kollektiv təhlükəsizliyin şərtlərinin,
beynəlxalq hüquq normalarının BMT və digər beynəlxalq
qurumların iradəsindən kənar, birtərəfli qaydada
pozulmasına göz yummur. Düzdür, hələ ki,
Çin elə bir gücə və təsirə də malik
deyil ki, ABŞ-ın dünya hegemonluğuna can
atmasının, beynəlxalq aləmin nizamını
özü bildiyi kimi yenidən qurmasının, beynəlxalq
hakim rolunu ifa etməsinin qarşısını ala bilsin. Lakin
bu ölkə dünyanı birqütblükdən və
ABŞ-ın hegemonluğundan xilas etmək, dünyada BMT
çərçivəsində nizamlanan çoxqütblü
iqtisadi və siyasi nizam yaratmaq hərəkatının
başında durur. Bu işdə Çin ABŞ-ın
hegemonluq siyasətindən narazı olan Avropa və Asiyanın
inkişaf etmiş bir çox dövlətlərinin -
Almaniyanın, Fransanın, Yaponiyanın, Rusiyanın və
başqalarının köməyinə ümid bəsləyir.
Əlbəttə, bu siyasəti Çin rəhbərliyi
çox ehtiyatla həyata keçirir. Çünki ABŞ ilə
istənilən açıq qarşıdurma, yaxud toqquşma
bu ölkənin dinamik inkişafını, deməli, qonşu
və region dövlətləri, dünya ölkələri
üçün cəlbediciliyini, əməkdaşlıq
üçün əlverişli partnyor olmaq imicini ciddi təhlükə
qarşısında qoya bilər.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2013.- 5 mart.- S.14.