Azərbaycan -Çin əlaqələri
ABŞ-ın rəsmi dairələri Çinin dünyada alternativ siyasət yürütməsindən narazı olsalar da, onun Amerika üçün ciddi təhlükə törədə biləcəyinə, dünya hegemonluğu yolunda təsirli əngələ çevriləcəyinə o qədər də inanmırlar. Z.Bjezinski hesab edir ki, Çinin indiki yüksək inkişaf sürəti, sabit sosial-iqtisadi göstəriciləri bu templə 2020-ci ilə qədər davam etsə belə, bu dövlət çətin ki, ABŞ-a dünya hegemonluğu işində ciddi rəqabət yarada bilsin. Ən yaxşı halda bu ölkə Şərqi Asiya regionunun aparıcı və hegemon dövləti, geosiyasət baxımından qitənin ən təsirli ölkəsi ola bilər.
Çin isə yeni dünya nizamına və qloballaşmaya özünəməxsus təmkinlə, uzaqgörən daxili və xarici siyasətlə, sakit templə daxil olaraq, proseslərdə yavaş-yavaş öz təsirini gücləndirir. Dünya siyasətində ABŞ-ın irəli sürdüyü fundamental insan hüquqları prinsiplərinə qarşı özünün beş əsas prinsipini - dövlətlərin suverenliyi, ərazi bütövlüyü, münaqişələri dinc yolla, müdaxilə etmədən tənzimləmək, dövlətlərin beynəlxalq hüquq qarşısında bərabərliyi və müxtəlif quruluşlu ölkələrin dinc yanaşı yaşaması prinsipini qoyur. Çin hökuməti dünya siyasətində ABŞ-ın birqütblü, hegemon dövlət uğrunda çalışmalarına daim etiraz etmiş və BMT-də "çoxmərkəzli" sülh konsepsiyasını ardıcıl şəkildə irəli sürmüş, bu işdə öz tərəfdarlarını səfərbər etməyə çalışmışdır.
Ə.Həsənov yazır ki, beləliklə, Çinlə bağlı qeyd olunanları ümumiləşdirərək aşağıdakı nəticələrə gəlmək olar:
1. Çin də ABŞ, Yaponiya və Avropa Birliyi kimi müasir dövrdə dünyada öz təsir dairəsini qorumaq və genişləndirmək, yeni-yeni xammal və satış bazarları əldə etmək, bəşəriyyətin malik olduğu maddi və mənəvi sərvətlərin bölünməsində öz payını əldə etmək uğrunda mübarizə aparır. Bu ölkənin həm beynəlxalq nüfuzu və çəkisi, BMT-dəki yeri və rolu, həm də iqtisadi, hərbi və insan potensialı ona aparıcı dünya dövləti olmaq, planetdə baş verən hadisələrə müdaxilə etmək imkanı verir.
2. Çin ABŞ-ın dünyada hegemon rolu, müasir beynəlxalq münasibətlər sisteminin "birqütblü" düzümü ilə razılaşmır və ABŞ-ın bu siyasətindən narazı qalan dövlətləri səfərbər etməklə vəziyyəti dəyişməyə səy göstərir. Bu mübarizədə Çinin irəli sürdüyü prinsiplər - millətlərin suverenliyi və ərazi bütövlüyü, daxili işlərə qarışmamaq və təcavüz etməmək, bərabərlik, qarşılıqlı yardım və dinc yanaşı yaşamaq - ABŞ və onun NATO üzrə bir neçə müttəfiqi istisna olmaqla, əksər dünya dövlətləri üçün məqbul və cəlbedici hesab olunur. ABŞ və onun müttəfiqlərinin irəli sürdüyü prinsiplər - insan və vətəndaş hüquqlarının qorunması, demokratik inkişaf və vətəndaş cəmiyyətinin yaradılması və bütün bunların qarantı rolunda ABŞ-ın çıxış etməsi - daha çox milli dövlətlər üçün deyil, ayrı-ayrı insanlar, fərdi vətəndaşlar üçün cəlbedici görünür.
Çin Şərqi Asiya ölkələri arasında Azərbaycanla əlaqələrə xüsusi maraq göstərən ən fəal dövlətdir. Onun Azərbaycana və Xəzər hövzəsinə marağı təbiidir. Son on ildə görünməmiş sürətlə inkişaf edən Çin üçün milli anlamda əsas təhlükə xammal və ilk növbədə enerji çatışmazlığı hesab olunur. Bu məsələ Çin Kommunist Partiyasının son qurultayında da ölkənin qarşısında duran ən ciddi problem kimi qiymətləndirilib. Hesablamalara görə, 1993-cü ildən başlayaraq, Çin getdikcə neft idxalını artırır və ildə, ən azı, 100 milyon tona yaxın neft alır. 2010-cu ildən bu rəqəm artıq 120 milyon tona çatıb. Qeyd edək ki, Xəzərdə neft çıxarılmasında real artım da məhz bu dövrə təsadüf etməlidir. Çinin əsas enerji mənbəyi olan Fars körfəzində son dövrlərdə vəziyyət getdikcə daha qeyri-sabit xarakter almağa başladığından Xəzər hövzəsi Pekin üçün alternativ enerji mənbəyi rolunu oynaya bilər. Bu baxımdan, Çin üçün ən cəlbedici ölkələr sırasına Orta Asiyanın Qazaxıstan və Türkmənistan dövlətləri ilə yanaşı, Cənubi Qafqazda Azərbaycan da daxildir.
Azərbaycan-Çin əlaqələri 1992-2005-ci illərdə yalnız yüksələn xətt üzrə inkişaf etmişdir. Hər iki ölkə regional məsələlər və beynəlxalq problemlərə yanaşmada çox vaxt eyni mövqe tutur. Azərbaycanda, xüsusilə, texnologiya sahəsində yüzlərlə Çin şirkəti fəaliyyət göstərir. 2003-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 111,7 milyon dollar təşkil edib, 2004-cü ildə bu göstərici artıq 130 milyona çatıb, yaxın illərdə isə həmin rəqəmin 500 milyon dolları ötəcəyi proqnozlaşdırılır. Təsadüfi deyil ki, Azərbaycan Çinin Cənubi Qafqazdakı əsas iqtisadi və siyasi tərəfdaşı hesab olunur.
Pekinlə Bakı arasında energetika, kənd təsərrüfatı, nəqliyyat, yüngül sənaye və digər sahələrdə əməkdaşlıq getdikcə genişlənir. Çin şirkətləri keçən illərdə Azərbaycan iqtisadiyyatına 300 milyon dollardan artıq sərmayə qoyub. Bu ölkə Azərbaycanın neft-qaz layihələrində iştirak edir. Bundan başqa, son zamanlar maşınqayırma, kənd təsərrüfatı sahəsinə xüsusi maraq göstərir.
Azərbaycanla Çin arasında siyasi əlaqələrin inkişafının nəticəsidir ki, Azərbaycan Prezidenti Heydər Əliyev özünün ilk səfərlərindən birini 1994-cü ilin martında məhz bu ölkəyə edib. İlham Əliyevin Prezident qismində ilk səfər etdiyi ölkələrdən biri də məhz Çindir. Son səfər zamanı bir daha aydın oldu ki, regionda və dünyada gedən proseslərə yanaşmada hər iki ölkə eyni mövqedən çıxış edir. Bu baxımdan, rəsmi Pekinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycana dəstək verməsi xüsusi önəm daşıyır. Məlum olduğu kimi, Çin bu münaqişənin Azərbaycanın sərhəd toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdar olduğunu dəfələrlə bəyan etmişdir. Öz növbəsində, Azərbaycan da Tayvan məsələsinə münasibətdə analoji mövqe nümayiş etdirir. Çinin BMT Təhlükəsizlik Şurasının veto hüquqlu 5 üzvündən biri olmasını və beynəlxalq məsələlərə geniş təsir imkanlarını nəzərə alsaq, bu cür prinsipial məsələlərdə iki ölkənin rəsmi mövqelərinin üst-üstə düşməsi Azərbaycan üçün çox vacibdir.
Bu gün Çin Qafqaz, Xəzər hövzəsi və Orta Asiyadakı bir sıra qlobal layihələrə xüsusi maraq göstərir. Bu ölkənin diqqətini cəlb edən əsas layihələrdən biri TRASEKA layihəsi çərçivəsində reallaşdırılan Şərq-Qərb nəqliyyat dəhlizidir. Artıq rəsmi Pekin Axalkalaki (Gürcüstan) - Qars (Türkiyə) dəmiryolunun çəkilməsi layihəsinə də maraq göstərir və onun maliyyələşdirilməsində iştirak etməyə razılıq verib. Çünki bu dəhliz Çin və Orta Asiya məhsullarının ən qısa marşrutla və qısa vaxt ərzində Avropaya daşınmasına imkan yaradacaq.
Çin- Azərbaycan münasibətləri tarixinə diqqət yetirsək, görərik ki, bu iki ölkə arasındakı diplomatik təmaslar çox intensiv olmuşdur. 1991-ci il dekabrın 27-də Çin Xalq Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanımış və 1992-ci il aprelin 2-də iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Bunun ardınca 1992-ci ilin avqust ayında ÇXR-in Azərbaycanda səfirliyi açılmış, 1993-cü ilin dekabr ayının 1-də isə ilk səfiri təyin edilmişdir. Azərbaycan da, öz növbəsində, Çinə olan marağını çox gizlətməmiş və 1993-cü il sentyabrın 3-də Milli Məclis Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyinin açılması barədə qərar qəbul etmiş və həmin il Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlamışdır.
1992-2005-ci illər ərzində iki ölkə arasında ikitərəfli ticarət və iqtisadi əlaqələrin inkişaf etdirilməsinə dair Ticarət-İqtisadi Əməkdaşlıq haqqında, Xidməti səfərlər zamanı vizaların alınması haqqında, Qrup halında turistlərin səfərləri zamanı vizasız gediş-gəliş haqqında, İnvestisiyaların təşviqi və qarşılıqılı qorunması haqqında, Kinematoqrafiya, radio verilişləri və televiziya sahəsində əməkdaşlıq haqqında, Turizm sahəsində əməkdaşlıq haqqında, Səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında, Mədəni əməkdaşlıq haqqında, Elmi-texniki sahədə əməkdaşlıq haqqında, Dövlət krediti haqqında, Çinin Azərbaycana güzəştli kredit verməsi haqqında, Təhlükəsizlik haqqında, Texniki-iqtisadi əməkdaşlıq haqqında, İkiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınması haqqında, Gömrük işi sahəsində qarşılıqh yardım haqqında, Gənclərlə iş sahəsində əməkdaşlıq haqqında, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Çin Xalq Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında və s. hökumətlərarası sazişlər imzalanmışdır.
Bundan başqa, iki ölkənin dövlət başçıları arasında Dostluq haqqında birgə bəyanat, Xarici İşlər Nazirlikləri arasında məşvərət haqqında Protokol, Konsulluq Konvensiyası, Hökumətlər arasında hava əlaqəsinin yaradılması haqqında, Çin hökumətinin Azərbaycana əvəzsiz olaraq üç milyon ABŞ dollar miqdarında əvəzsiz yardım göstərməsi haqqında, Mədəniyyət və Təhsil sahəsində əməkdaşlıq haqqında Protokol və s. sənədlər də imzalanmışdır.
Azərbaycan və Çin arasında iqtisadi əlaqələri tənzimləmək məqsədilə İqtisadi və Ticarət sahəsində əməkdaşlığa dair xüsusi Komitə yaradılmışdır. İki ölkənin prokurorluqları qarşılıqlı təslimetmə haqqında müqavilə imzalayaraq ikitərəfli əməkdaşlıq sahəsində bir çox razılaşmalara gəlmişlər. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları, Təhsil Nazirlikləri və Milli Olimpiya Komitəsi ilə Çinin müvafiq qurumlar arasında da əməkdaşlıq və qarşılıqlı yardım sahəsində bir neçə razılaşmalar və müqavilələr imzalanmışdır.
Azərbaycan-Çin münasibətlərinin intensivləşməsinə təsir göstərən ən mühüm faktorlardan biri də iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri və bu zaman maraq kəsb edən məsələlər üzrə əldə edilən razılaşmalar hesab oluna bilər.
Dövlət başçıları səviyyəsində 1994-cü il martın 7-10-da Azərbaycan Prezidenti Heydər Əliyevin, 2005-ci il martın 17-19-da isə Prezident İlham Əliyevin Çinə rəsmi səfərini xüsusi qeyd etmək lazımdır. Hər iki səfər ölkələr arasında dostluq və tərəfdaşlıq münasibətlərinin formalaşmasında mühüm rol oynamış və Çin-Azərbaycan birgə bəyanatının qəbul edilməsi ilə nəticələnmişdir. Hökumət, parlament rəhbərləri, nazirlər və digər rəsmilər səviyyəsində də iki ölkə arasındakı qarşılıqlı səfərlər zəngin olmuşdur.
Müstəqilliyini bərpa etdikdən sonra qısa müddətdə yerləşdiyi regionda aparıcı dövlətə çevrilən, müvəffəqiyyətlə həyata keçirilən bir sıra regional və beynəlxalq layihələrin təşəbbüskarı və əsas iştirakçısı olan Azərbaycan Respublikası ilə əlaqələrə Çin xüsusi maraq göstərdiyini gizlətmir. Çin Azərbaycanın bu ölkə ilə əməkdaşlığı inkişaf etdirməyə çalışdığı sahələri yaxşı bilir və bundan mümkün qədər məharətlə istifadə etməyə çalışır. Azərbaycanın Tayvan, Tibet və "Şərqi Türküstan" məsələlərində Çinin mövqeyini dəstəkləyən xarici siyasətini qarşı tərəf yüksək qiymətləndirir. Bir çox sahələrdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsində yaxından iştirak edən Çin bəzi regional layihələrdə iştirak etməyə tələsməsə də, bütün bunları ciddi şəkildə izləyir.
Balanslaşdırılmış xarici siyasət apardığını hər zaman nümayiş etdirməyə çalışan Çin Cənubi Qafqaz regionunda da buna riayət etməyə çalışır. Lakin Rusiya ilə xüsusi strateji tərəfdaşlıq münasibətləri Çinin yerləşdiyimiz regionda balanslaşdırılmış və bitərəf siyasət aparmasına imkan vermir. Buna misal olaraq, 1999-cu ilin may ayında Azərbaycan-Çin münasibətlərinə soyuqluq gətirən hadisəni - Çin tərəfindən Ermənistan Respublikasına 8 ədəd "Tayfun" tipli raket kompleksinin satılmasını göstərmək olar.
Çin regional rəqibi hesab etdiyi Yaponiyanın Azərbaycanla münasibətlərini fəal inkişaf etdirməyə çalışmasına bir qədər qısqanclıqla yanaşır və yaranmış boşluğu doldurmağa çalışır. Burada iqtisadiyyatları sürətlə inkişaf edən hər iki ölkənin neftə olan tələbatlarının artması, həmçinin, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikintisinin reallaşması ilə Azərbaycanın regional siyasi və iqtisadi nüfuzunun yüksəlməsi xüsusi rol oynayır. Daha bir əhəmiyyətli amil isə Çinin son illər xarici siyasət terminologiyasında tez-tez istifadə etdiyi üç şər qüvvə - ekstremizm, terrorizm və separatizmlə mübarizədə digər dövlətlərlə apardığı fəal əməkdaşlıqdır.
Çinlə Azərbaycanın dostluq və tərəfdaşlıq münasibətlərinin perspektivləri bir neçə amillə izah oluna bilər. Geosiyasi baxımdan əhəmiyyətli mövqeyə malik olmaqla yanaşı, sürətlə inkişaf edən Azərbaycan və tədricən dünya iqtisadiyyatının inkişafında həlledici mövqeyə malik olan Çin arasında münasibətlərin inkişaf perspektivləri böyükdür və hər iki tərəf üçün qarşılıqlı əlaqələr xüsusi maraq kəsb edir.
VAHİD ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2013.- 6 mart.- S.14.