Nigar Rəfibəylinin poeziyası ana məhəbbəti, qadın səadəti, övlad sevgisindən yoğrulub

 

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı əsasında  Nigar Rəfibəylinin 100 illik yubileyi qeyd olunacaq 

 

Azərbaycan milli ədəbiyyatını zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən Nigar Rəfibəylinin yaradıcılıq qayəsinin əsasını vətənə bağlılıq, insanın mənəvi ucalığı təşkil edir. Nigar Rəfibəyli Azərbaycan ədəbiyyatında öz səsi, sözü olan şairədir. Onun özünəməxsus deyim və ifadə tərzi vardır. Onun poeziyası insanların qəlbinə yol tapan kövrək, lakin davamlı, oxucusunu uzun müddət təsir altında saxlamağı bacaran bir poeziyadır. Nigar xanımın həyatının yarım əsrini həsr etdiyi, sevə-sevə yazıb-yaratdığı və sevilə-sevilə oxunan şeirlər külliyyatı vətən torpağının gözəlliyinə - gülü, çiçəyi, dənizi, bağı, meşəsi, fəsillərin özünəməxsus çalarları, dünyamızda baş verən fərəhli və nisgilli hadisələr, ən başlıcası, insanlar, onların taleyi, mənəvi aləminə həsr olunub. Bütün bunlar kövrək qəlbli şairənin hissini, şüurunu ehtizaza gətirib, gördükləri şeirə çevrilib. Daim nikbin olan Nigar Rəfibəylinin ən kədərli şeirində belə ümidli günəşin şəfəqləri duyulur. Misraların ahəngində dan yerinin ağardığını görürsən. Çünki onun şeirləri saf bir nəfəsdən, könüldən doğan və ürəyə ünvanlanan bahar nəğmələri kimi yaşıldır. Bu şeirlərin ahəngində qəribə bir zəriflik duyulur. Nigar xanımın lirikası geniş, vüsətli bir lirikadır. Onun palitrasındakı rənglər yalnız məhəbbətin tərənnümü, hicran yanğısının təsviri üçün deyil. Bu rənglər həyatın daha əlvan hadisələrinin inikası üçün, ictimai həyatda, insanlar arasındakı münasibətlərdə yol verilən haqsızlıqların ifadəsi, köməksizlərin müdafiəsi, ahəngdarlığın qorunması üçündür.

Belə yaradıcılıq yoluna, sənət ucalığına sahib olan, Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan xalq şairi Nigar Rəfibəylinin sənət yolu daim diqqətdə olduğundan, onun 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Azərbaycanın xalq şairi Nigar Rəfibəyli 1913-cü ilin 23 iyul tarixində Gəncə şəhərində anadan olub. 1930-cu ildə  Bakı Pedaqoji Texnikumunda təhsil alan Nigar xanım 1931-ci ildən əmək fəaliyyətinə başlayıb və "Azərnəşr"də bədii ədəbiyyat şöbəsində tərcüməçi və redaktor  kimi çalışıb.  Nigar Rəfibəyli  sonradan  Moskva Pedaqoji İnstitutunda təhsilini davam etdirib. Yaradıcılıq uğurlarına tələbəlik illərində nail olub. Hələ Moskvada təhsil alarkən 1934-cü ildə Bakıda ilk şeirlər məcmuəsi  çapdan çıxıb. "Çadra" adlı ilk şeiri isə 1928-ci ildə "Dan ulduzu" jurnalında dərc edilib. 1934-cü ildə nəşr olunan ilk "Şeirlər" kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğundan və iştirakından bəhs edir.

Azərbaycanla bağlı müxtəlif mövzularda yazıb-yaradan Nigar xanım dünya xalqlarının da həyatından, faciəli məqamlarından bəhs edən şeirlər də yazıb. Belə ki, onun "Dolores İbarruri" şeiri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunmuşdur. "Cəmilə" şeri isə  Əlcəzair xalqının milli-azadlıq mübarizəsindən bəhs edən qüvvətli lirik əsərlərindəndir.

Yaradıcıldıqla məşğul olan Nigar Rəfibəyli 1937-1939-cu illərdə "Uşaqgəncnəşr"in bədii ədəbiyyat şöbəsində redaktor vəzifəsində çalışıb. 1940-cı ildən ömrünün sonunadək bütün qüvvəsini yaradıcılıq işinə həsr edərək, qardaş xalqlar ədəbiyyatından (Nəvai, Şiller, Puşkin, Lermontov, Çexov, Şevçenko və başqaları) bədii tərcümələr etməklə milli mədəniyyət xəzinəmizi zənginləşdirmişdir. Yaradıcılıq dövründə Nigar Rəfibəyli xidmətlərinə görə "Şərəf nişanı" ordeni və medallarla təltif olunmuşdur.

Nigar Rəfibəylinin həyat və yaradıcılığı, onun  həzin hisslər və incə duyğular tərənnüm edən poeziyası nəinki milli ədəbiyyat tariximizdə özünəməxsus  yer tutmuş, eyni zamanda, böyük şair, ictimai xadim Rəsul Rzanın həyat və yaradıcılığına belə əsaslı təsir etmişdir. O, Azərbaycanın xalq şairi Rəsul Rza ilə birlikdə Azərbaycan ədəbiyyatının yüksəlməsində xüsusi rol oynamışdır. Bu ailənin övladı Azərbaycan xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar da öz əcdadlarının, anasının, atasının sənət yolunu davam etdirir və Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına öz xidmətlərini göstərir. Bir ailənin üç üzvü Azərbaycanın sevilən- seçilən nümayəndəsinə çevrilib. Bir ailədə üç xalq yazıçısı - Rəsul Rza, Nigar xanım Rəfibəyli və Anar. Bu, əlbəttə, bir şəcərənin tarixi üçün böyük bir səltənətdir.

Qeyd edim ki, Nigar xanım tanınmış, Azərbaycan həyatında rol oynamış bir ailənin yetirməsi idi. Gəncənin böyük Rəfibəylilər ailəsinin, sülaləsinin çox parlaq nümayəndəsi idi Nigar Rəfibəyli. Ulu Öndər Heydər Əliyev Gəncəyə səfəri zamanı Sərdar bağında Nigar xanım Rəfibəylinin abidəsinin açılış mərasimində iştirak edərkən, çıxışında Gəncənin tarixi haqqında danışaraq bu sahədə Rəfibəylilərin xüsusi yerinin olduğunu vurğulamışdır. Nigar xanımın da bu şəcərənin davamçısı olaraq Azərbaycan xalqına sədaqətlə xidmət etdiyini və Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər göstərdiyini bildirmişdir: "Ancaq onun ailəsinin həyatı da faciəli olmuşdur. Gəncəlilərə həm qəhrəmanlıq qismət olmuşdur, həm də təəssüflər olsun ki, faciələr, repressiyalar da qismət olmuşdur. İyirminci illərin repressiyalarında, otuzuncu illərin repressiyalarında çox dəyərli gəncəlilər - ziyalılar məhv edilmişdilər. Onlardan biri də Nigar xanımın atası Xudadat bəy Rəfibəyli Azərbaycanın ilk müstəqil hökumətində, Xalq Cümhuriyyətində nazir vəzifəsini tutmuş bir insan, sonra repressiya qurbanı olmuşdur. Ancaq tarix hər şeyi öz yerinə qoyur. Repressiya qurbanı olmuş Xudadat bəy Rəfibəylinin qızı Nigar xanım Rəfibəyli böyük yol keçmiş, Azərbaycan mədəniyyətinin inkişaf etməsi uğrunda çalışmışdır".

Həqiqətən də, orijinal yaradıcılıq imkanlarına malik olan Nigar Rəfibəylinin şeirləri Azərbaycan ədəbiyyatında özünəməxsusluğu ilə seçilir. Onun poeziyasında insana məhəbbət anlayışı genişdir. Əsil humanist şairlər kimi, Nigar xanım da bütün əməksevər, sülhsevər insanları sevir, onları xoşbəxt görmək istəyirdi. Nigar Rəfibəyli son dərəcə həssas, qayğıkeş, mülayim və kövrək qəlbli bir insan idi. Həyatı, insanları bu qədər dərindən sevən, onları ilhamla tərənnüm edən, səmanı aydın, günəşi parlaq, gülləri ətirli, insanları kamil görmək istəyən şairənin bu gün də qulaqlarımızda əks edən səsi həqiqi sənətkarın, kamil insanın könül arzularıdır.

Nigar Rəfibəyli Azərbaycanın şair qadınları arasında öz zərif duyğusu və intellektual səviyyəsi ilə seçilir. Onun şeirlərində Azərbaycan qadınlarının sevgi və zəhmət dünyası, ağrı və acıları bütün əlvanlığı ilə qələmə alınmışdır. Şairin bənzərsiz, yüksək metodik ahəngə və dəyərli sözə malik olan nəğmələri çoxdur. Nədən yazmasından asılı olmayaraq, Nigar Rəfibəylinin poeziyasında daim müraciət olunan bir mövzu həmişə diqqət çəkib. Bu, ana məhəbbəti, qadın səadəti, övlad sevgisidir. Nigar Rəfibəyli yaradıcılığında ana mövzusunun xüsusi yeri var. Övlad, ana məhəbbəti, onun şeirində Tanrı zirvəsinə qalxa biləcək bir dünyadır:

      

Döyür pəncərəmi bir acı ruzigar,

Bayırda bu axşam yenə boran var.

Bürüyüb qəlbimi coşqun arzular,

Çəkilib gözümün yuxusu, ana.

      

Nigar Rəfibəylinin yaradıcılığı incə saf duyğulardan ibarətdir. Bəzən şeirlərdə həyatın ovqatın poetik mənzərəsi adamı heyrətə gətirir. Nigar xanımın şeirləri sadəliyi, səmimiliyi, təbiiliyi ilə diqqəti cəlb edir. Bunlar asanlıqla oxucuların qəlbinə yol tapır, onları düşündürmək, həyəcanlandırmaq iqtidarındadır.

Zərif duyğularının poetik şəkildə təsirli ifadəsinə, həyatın adilikləri içərisində heyrətedici məqamları görə bilməsinə bunun da nəticəsində qələmə aldığı şeirlərində insanın ruhunu dilə gətirən, ona romantik duyğular aşılayan, düşündürən Nigar Rəfibəyli Azərbaycan poeziyasında öz dəst-xəttinə malik unudulmaz söz sahiblərindən biridir.

Çoxşaxəli yaradıcılığı ilə ədəbiyyat tariximizdə silinməz izlər salan Nigar Rəfibəyli oxunan həm çox sevilən şairlərdən biridir. Könlü gözəllik vurğunu olan, dillər əzbəri nəğmələri ilə daim xatırlanan Nigar Rəfibəylinin yaradıcılığı başdan-ayağa duyğulardan ibarətdir. Nigar xanımın yaradıcılığı bir neçə cəhətdən maraqlıdır. Hər şeydən  əvvəl isə o, gözəl nəğmələrin, heç zaman unudulmayan, həmişə təzə-tər səslənən mahnıların müəllifidir. Azərbaycanın  görkəmli bəstəkarları şairin şeirlərinə müraciət ediblər: Niyazi, Fikrət Əmirov, Səid Rüstəmov, Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabitoğlu, Polad Bülbüloğlu başqaları.

Nigar Rəfibəylinin təbiət mənzərələri, mənəvi zənginlik, vətənpərvərlik, sülh, demokratiya, azadlıq ideyaları tərənnüm olunan "Dənizin səsi gəlir", "İşıqlı dünyam", "Günəşdən gənclik istədim", "Həzin bir axşamda düşsən yadıma", "Şanlı nəsillərin yadigarısan" müharibə mövzusuna müharibə əleyhinə həsr olunan "Zəfər nəğməsi", "Anaların səsi", uşaqlar üçün yazdığı  "Balaca qəhrəman",  "Günəşin cavabı", "Məstanın balaları", "Bizə bahar yaraşır" kitabları da ədəbiyyatımızı zənginləşdirmişdir.

Nigar Rəfibəyli Məhsəti Gəncəvinin rübailərini, Evripidin "İfigeniya", F.Şillerin "Məkr məhəbbət", A.P.Çexovun "Vanya dayı", "Albalı bağı" dramalarını, E.L.Voyniçin "Ovod", O.Qonçarın "Bayraqdarlar" romanlarını, Ə.Nəvai, A.S.Puşkin, M.Y.Lermontov, T.Q.Şevçenko, Ş.Petefi, A.Mitskeviç, A.Sereteli başqalarının əsərlərini tərcümə etmişdir. Eyni zamanda, əsərləri xarici dillərə tərcümə olunub.

Nigar Rəfibəyli Azərbaycan ədəbiyyatına şairə, tərcüməçi, Azərbaycanın əməkdar mədəniyyət işçisi, Azərbaycanın xalq şairi kimi iz salıb.

Gözəl insan, unudulmaz şairəmiz Nigar xanım Rəfibəyli 1981-ci il iyulun 10-da Bakıda vəfat edib Fəxri Xiyabanda dəfn olunub. Hazırda Bakı küçələrindən biri onun adını daşıyır.

    

 

 ZÜMRÜD

 

Səs.- 2013.- 6 mart.- S.12.