Azərbaycanın Cənubi Asiya
dövləti - Pakistanla sıx əməkdaşlığı
Asiya
qitəsinin mühüm bir hissəsini Cənubi Asiya təşkil
edir. Avrasiyanın cənub sərhədlərində yerləşən
bu bölgədə Hindistan və Pakistanla yanaşı, hind
subkontingenti hesab olunan Banqladeş, Şri-Lanka, Nepal, Butan
dövlətləri və Maldiv Respublikası yerləşir.
Həmin ölkələrlə qonşu olan Əfqanıstan
da, bir qayda olaraq, Cənubi Asiya dövlətləri
sırasına aid edilir. Hindistan dünyanın ikinci
böyük dövləti (əhalisinə görə) olmaq
etibarilə, Britaniya "Millətlər Liqa"sı üzvü olan
54 dövlətin də ən böyüyüdür. Bu
dövlətin mədəni yönümü, əsasən,
İngiltərənin təsiri altındadır. Baxmayaraq ki,
ölkə dini təriqətlərin, müxtəlif dil və
mədəni səviyyələrlə seçilən yüzlərlə
etnik qrupların və aborigen xalqların məskunlaşdığı
qarışıq geosiyasi xarakteristikaya malikdir. Ölkənin əsas
əhalisi (80%) hinduslardan və (11%) müsəlman
hindistanlılardan ibarətdir.
Hindistan
keçən əsr boyu Çinlə və Pakistanla ərazi
və regional rəqabət parametrləri üzrə dəfələrlə
münaqişəyə girmiş və bu gün də belə
vəziyyətdədir. Ümumiyyətlə, Hindistan Cənubi
Asiyada Çinin Cənub-Şərqi Asiyada icra etdiyi hegemon
rola iddia edir və bu əsasda da onun Çinlə, Pakistanla
ciddi qarşıdurmaları yaranır.
Əli
Həsənovun fikrincə, Hindistan son otuz ildə Çin kimi
sürətlə inkişaf edən aqrar-sənaye ölkəsinə,
dünyanın ən güclü transmilli
korporasiyalarının fəalliyət göstərdiyi
texnologiya məkanına və satış bazarına
çevrilmişdir. ABŞ, Almaniya, İngiltərə,
Yaponiya və Honkonq kimi ölkələrə məxsus nəhəng
şirkətlər və müəssisələr bu ölkədə
çox həvəslə fəaliyyət göstərirlər.
Cənubi
Asiya ümumən dünyada qeyri-sabit bir bölgə kimi qiymətləndirilir.
Xüsusən, tez-tez alovlanan Hindistan-Pakistan, İsrail-ərəb,
Çin-Tayvan, Cənubi və Şimali Koreya münaqişələri
bu regionun investisiya imicinə ciddi zərbə vurur. Bundan
başqa, Hindistanın, İsrailin və Pakistanın nüvə
silahı texnologiyasına malik olması bu bölgədə nə
vaxtsa nüvə müharibəsının baş verməyəcəyinə
heç bir təminat vermir.
Ümumiyyətlə,
XX əsrin birinci yarısında Britaniya imperiyasının
süqutundan sonra Cənubi Asiya xalqları arasında müstəqil
dövlət quruculuğu prosesi çox ağrılı
keçmiş və ciddi daxili münaqişələrlə
müşayiət olunmuşdur. 1947, 1948, 1965 və 1971-ci illərdə
Hindistan-Pakistan müharibəsi baş vermiş və nəticədə, Banqladeşin müstəqil dövlətə çevrilməsi, iki dövlət
arasında maliyyə və maddi resursların, suvarma mənbələri
və sistemlərinin
bölüşdürülməsi ilə ümumi
razılığa gəlinmişdir. Lakin ərazi iddiaları,
xüsusən, Kəşmirə sahiblik uğrunda ziddiyyət
və qarşıdurma bu gün də davam edir. Bu
qarşıdurma hər iki ölkənin sürətlə
silahlanması və bir-birinə qarşı daim müharibəyə
hazırlaşmasını şərtləndirmişdir ki, nəticədə,
hər iki dövlət atom silahı texnologiyasına sahib
olmuşdur.
İki
dövlət arasındakı münasibətlər 1985-ci ildə
Cənubi Asiyanın 7 dövləti - Hindistan, Pakistan,
Banqladeş, Şri-Lanka, Nepal, Butan və Maldiv Respublikası
arasında Regional Əməkdaşlıq
Assosiasiyasının yaradılması ilə əlaqədar
bir qədər sahmana düşsə də, ərazi
münaqişəsi tam aradan qalxmadı.
Həm
Hindıstan, həm də Pakistan ayrı-ayrılıqda Şərqi,
Cənub-Şərqi Asiyanın inkişaf etmiş dövlətləri,
xüsusən, Çin və Yaponiya ilə partnyorluq
imkanlarından öz mövqelərinin gücləndirilməsi
istiqamətində istifadə etməyə
çalışırlar. Hindistan və Çin Asiyada
ümumən qarşılıqlı rəqabət aparır və
onların arasında bufer rolu oynayan Birmanı öz təsirləri
altında saxlamaq üçün ciddi səy göstərirlər.
Çin Cənubi Asiyada Pakistana arxalanaraq, öz rəqibi olan
Hindistanı strateji mövqelərdən
sıxışdırmağa çalışır. Əvəzində
Hindistan Əfqanıstan və Birmandan öz rəqiblərınə
qarşı istifadə etməyə cəhd edir. Cənubi
Asiya ölkələrində Hindistan və Çin
satış bazarları uğrunda ciddi rəqabət aparır
və bu rəqabətdə hər iki ölkə öz
partnyorlarının imkanlarından istifadə edirlər.
Ə.Həsənov
göstərir ki, Cənubi Asiya dövlətləri içərisində
Azərbaycanın ən sıx əlaqələri
yaranmış və qarşılıqlı münasibətləri
strateji partnyorluq səviyyəsinə yüksəlmiş
ölkə Pakistandır.
Pakistan
İslam Respublikası Cənubi Asiyanın, İslam Şərqinin
və İslam Konfransı Təşkilatının ən fəal,
nüfuzlu və hərbi-siyasi baxımdan güclü dövlətlərindən
biridir. ABŞ ilə strateji partnyorluq münasibətlərinə
malik olan bu ölkə həm də dünya siyasətində
önəmli rol oynamaqdadır. Pakistan dünyada kütləvi
qırğın silahına və raket texnologiyasına malik
olan yeganə müsəlman dövlətidir.
Pakistan
ölkəmizin müstəqilliyini tanıyan (12 dekabr 1991-ci
il), onunla diplomatik əlaqələr yaradan (9 iyun 1992-ci il) və
Azərbaycanda səfirliyini açan (12 mart 1993-cü il) ilk
müsəlman dövlətlərindən biridir. Ümumiyyətlə,
Azərbaycana ən yaxın və dost ölkələrdən
biri olan Pakistan ölkəmizin mənafeyini bütün beynəlxalq
təşkilatlarda ardıcıl olaraq müdafiə etmiş,
Ermənistanın təcavüzünə birmənalı
münasibət bildirmişdir. 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik
Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsi
qəbul edilən iclasa Pakistan sədrlik etmişdir.
Azərbaycan
Prezidenti Heydər Əliyevin 1994-cü ilin dekabrında
Kasablankada Pakistanın o vaxtkı baş naziri Benəzir Bhutto
ilə görüşündən sonra ikitərəfli
münasibətlər daha yüksək səviyyəyə
çatmışdır. 1995-ci ilin oktyabrında Pakistan
prezidenti Sərdar Faruk Əhməd Xan Leqari rəsmi səfərlə
Bakıda olmuş, 1996-cı ilin aprelində isə Azərbaycan
Prezidenti Heydər Əliyev dost ölkəyə səfər
etmişdir. Səfərlər zamanı iki ölkə
arasında dostluq və əməkdaşlıq haqqında
müqavilə, habelə, iqtisadi və ticarət əlaqələrini
inkişaf etdirmək üçün bir neçə
saziş imzalanmışdır. Pakistan Ermənistan-Azərbaycan
münaqişəsində Azərbaycanın haqq işini
müdafıə etdiyi kimi, Azərbaycan Respublikası da Kəşmir
probleminin həlli ilə bağlı bu ölkənin
atdığı addımları dəstəklədiyini dəfələrlə
bəyan etmişdir.
Pakistan
prezidenti Pərviz Müşərrəf 2004-cü il iyulun 8-dən
10-dək Azərbaycana rəsmi səfər etmişdir.
P.Müşərrəflə görüşündə Azərbaycan
Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan
münaqişəsində
ölkəmizin ədalətli mövqeyinin rəsmi İslamabad terəfindən
daim dəstəklənməsi faktını xüsusi
vurğulamışdır. Pakistan prezidenti müdafiə sahəsində
ümumi maraqlarımızın olduğunu qeyd edərək,
Azərbaycana bu sahədə işbirliyi təklif etmək niyyətində
olduğunu bildirmişdir. Səfərin yekunu kimi, Azərbaycan
və Pakistan hökumətləri arasında turizm və
gömrük işi sahəsində əməkdaşlıq
haqqında sazişlər, habelə, digər sənədlər
imzalanmışdır.
2004-cü
il avqustun 10-da Prezident İlham Əliyev Pakistanın Birləşmiş
Qərargah Rəisləri Komitəsinin sədri general Məhəmməd
Əziz Xanı qəbul etmişdir. Söhbət zamanı hərbi
sahədə əməkdaşlığın vəziyyətinə
və perspektivlərinə dair fikir mübadiləsi
aparılmışdır.
Pakistan
prezidentinin dəvəti ilə Prezident İlham Əliyev
2005-ci il aprelin 12-13-də bu ölkəyə rəsmi səfərə
getmişdir. O, prezident Pərviz Müşərrəf, baş
nazir Şövkət Əziz, Milli Assambleyanın spikeri
Çoudri Əmir Hüseyn, xarici işlər naziri Xurşud
Mahmud Kasuri ilə görüşlər keçirmiş, Hərbi
İxraca Yardım təşkilatının səgrisi ilə
tanış olmuş, ölkənin ən böyük dini
ocaqlarından sayılan Faysal məscidini ziyarət etmiş,
Azərbaycanın bu ölkədəki səfirliyinə
baş çəkmiş, Pakistan televiziyasına geniş
müsahibə vermişdir. Nümayəndə heyətlərinin
görüşündə iki ölkə arasında siyasi
münasibətlərin yüksək səviyyədə
olduğu təsdiq edilməklə yanaşı, ticarət
dövriyyəsinin 2004-cü ildə cəmi 2 milyon ABŞ
dolları təşkil etdiyi və bu rəqəmin qeyri-qənaətbəxş
olduğu bildirilmiş, iqtisadi əlaqələrin siyasi
münasibətlər səviyyəsinə
qaldırılması üçün hökumətlərarası
komissiyanın fəaliyyətinin gücləndirilməsinin zəruriliyi,
iş adamlarının qarşılıqlı səfərlərinin
və biznes-forumlarının təşkilinin vacibliyi
vurğulanmışdır. Kəşmir məsələsində
Azərbaycanın verdiyi daimi dəstəyi yüksək dəyərləndirən
Pakistan prezidenti Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ məsələsində istənilən təşkilat
çərçivəsində hər zaman ölkəmizin tərəfində
olacaqlarını bir daha bəyan etmişdir. Səfər
zamanı təhsil, mədəniyyət, nəqliyyat, rabitə
və informasiya texnologiyaları, aviasiya sahəsində və
iki ölkənin maliyyə nazirlikləri arasında əməkdaşlığa
dair 6 saziş imzalanmışdır. Pakistan Televiziyasına
verdiyi müsahibədə Prezident İlham Əliyev səfərinin
yekunlarını yüksək qiymətləndirmiş və
ölkələrimiz arasındakı münasibətlərin
digər ölkələr üçün nümunə ola
biləcəyini qeyd etmişdir.
Ə.Həsənov
yazır: "Pakistanı tam əminliklə Azərbaycanın
Türkiyədən sonra dünyadakı ikinci əsas strateji
müttəfiqi hesab etmək olar. İki ölkə
arasındakı münasibətlər bu gün həm ikitərəfli,
həm də çoxtərəfli əlaqələr çərçivəsində
çox intensivdir. Hər iki tərəf BMT, İslam
Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq
Təşkilatı və digər beynelxalq, regional qurumlarda
eyni mövqedən çıxış edir, Kəşmir və
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemlərinə
eyni mövqedən yanaşır və bu münaqişələrin
beynəlxalq hüquq normaları çərçivəsində
həllinə tərəfdar olduqlarını bildirirlər".
Pakistan
Türkiyə ilə yanaşı, indiyədək
işğalçı Ermənistanla Azərbaycan
torpaqlarını işğal etdiyinə görə diplomatik
münasibətlər qurmayan və ən müxtəlif
tribunalardan işğalçı ordunun Azərbaycan ərazilərindən
çıxarılmasını tələb edən ikinci
dövlətdir. Öz növbəsində, Azərbaycan da Kəşmir
problemində İslamabadın mövqeyini dəstəkləyir
və TRASEKA layihəsində müşahidəçi kimi
iştirak edən Pakistanın gələcəkdə bu layihəyə
tam qoşulması üçün ona hərtərəfli dəstək
verir. Bundan başqa, Pakistanın Azərbaycan hərbçilərinin
hazırlığında oynadığı rol və ölkəmizin
maraqları naminə, islam ölkələrinə təsir
imkanları da vacib amildir. Hərbi-siyasi münasibətlərdən
fərqli olaraq, Pakistanla iqtisadi əlaqələr, çox təəssüf
ki, zəifdir. İki ölkə arasındakı əlaqələri
intensivləşdirmək və indiyə qədər
imzalanmış 30-dan çox dövlətlərarası,
hökumətlərarası və müəssisələrarası
müqavilələri, sazişləri reallaşdırmaq
üçün hər iki tərəf öz səylərini əsirgəmir.
1997-ci ildə Azerbaycan Pakistanda öz səfirliyni
açmış və rəsmi İslamabadla münasibətləri
bir qədər də fəallaşdırmışdır.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2013.- 7 mart.- S.14.