Azərbaycanın Şərqi və Cənub Şərqi Asiya ölkələri (İndoneziya, Cənubi Koreya, Tailands.) ilə əməkdaşlığı

 

Son iyirmi ildə Çin və Yaponiya ilə yanaşı, Şərqi və Cənub-Şərqi Asiyanın Cənubi Koreya, Tayvan, Honkonq, Sinqapur, Malayziya, Tailand kimi dövlətləri də dünya istehsal və ticarət məkanında getdikcə öz yerlərini möhkəmlədir və Avropa-Amerika kampaniyalarına qarşı əsil rəqabət təşkil edirlər. Bu ölkələrin təklif etdiyi yüksək keyfiyyətli, lakin çox ucuz mallar sürətlə qlobal bazara və iqtisadiyyata daxil olaraq ənənəvi inkişaf etmiş dövlətlərə ciddi rəqabət yaradırlar. Keçən əsrin son əlli ilində Şərqi və Cənub-Şərqi Asiyada əsasən daha çox əmək və resurs tələb edən (bu sahələrdən Yaponiya imtina edəndən sonra) istehsalat və iqtisadiyyatla məşğul olan bu ölkələr, son on ildə modernləşmə və yüksək texnologiyaların tətbiqində Yaponiyanın ardınca sürətli bir sıçrayışa nail olublar. Təxminən 75 miylon əhaliyə malik olan altı Şərqi və Cənub-Şərqi Asiya dövləti (Cənubi Koreya, Tayvan, Honkonq, Sinqapur, Malayziya, Tailand) dünya istehsalında öz paylarını 1975-ci ildəki 4%-dən, 1995-ci ildə 13%-ə, 2005-ci ildə isə 15%-ə çatdırmışdır. Bu ölkələr xarici aləmdən ildə idxal etdikləri məhsuldan təxminən 30 milyard dollarlıq artıq məhsul ixrac edirlər (müsbət saldo). Bu rəqəm təxminən Avropa Birliyinin idxal və ixrac əməliyyatlarındakı saldosuna bərabərdir. Şərqi və Cənub-Şərqi Asiya dövlətlərini qlobal iqtisadiyyatda fərqləndirən əsas xarakterik xüsusiyyət onların dünya keyfiyyətini gözləməklə daha ucuz və keyfiyyətli əmtəə istehsal etmək bacarığı, yüksək istehsalat nizam-intizamı və liberal iqtisadiyyat qurmaları hesab olunur. Məhz elə bunun nəticəsidir ki, onlar qlobal dünya bazarlarında Avropa və Amerika istehsalçılarına ciddi rəqabət yaradıb, eyni zamanda, onları öz daxili bazarlarından sıxışdırmağa nail olublar.

Şərqi və Cənub-Şərqi Asiya ölkələri xarici investisiyalara və texnologiyalara açıqdır. Odur ki, bu ölkələrin ucuz işçi qüvvəsi, əmək resursları da nəzərə alınmaqla, ABŞ və Avropa dövlətlərinin şirkətləri, transmilli korporasiyaları üçün həddən artıq cəlbedicidir. Son illərdə Şərqi və Cənub-Şərqi Asiya ölkələrində xarici kapitalın iştirakı ilə yaradılan transmilli korporasiyalar, ixrac-sənaye və ticarət zonaları, texnoparklar, yüksək texnologiya və elektron sənaye mərkəzləri bütün dünya ölkələrinin istifadəsi üçün tam məqbul bir vəziyyətə gətirilib.

Ə.Həsənovun fikrincə, Şərqi və Cənub-Şərqi Asiya regionunun qlobal inkişafına təsir göstərən əsas amillərdən biri də region ölkələrinin inkişaf üçün lazım olan prioritet sahələrini düzgün müəyyənləşdirməsi və müvafiq olaraq kreditləşdirməsi hesab olunur. Məsələn, Cənubi Koreya və Tayvan kimi ölkələrdə istehsal olunan  məhsulun ixrac potensialı nəzərə alınmaqla dövlət tərəfindən kreditləşdirilməsi bu dövlətlərdə yeni transmilli korporasiyaların yaranmasına və dünya bazarlarına çıxmasına təkan vermişdir.

Ə.Həsənov yazır ki, Cənub-Şərqi Asiya dövlətləri içərisində Azərbaycanın əməkdaşlığa maraq göstərdiyi ölkələrdən biri də İndoneziyadır. Bu ölkə ilə diplomatik əlaqələr 24 sentyabr 1992-ci ildə yaradılsa da, qarşılıqlı əməkdaşlığın inkişaf sürəti mövcud imkanlardan geri qalmışdır.

2004-cü il fevralın 17-dən Azərbaycanda İndoneziyanı bu ölkənin Türkiyədəki səfiri təmsil edir. 2004-cü il aprelin 16-da isə İndoneziyada Azərbaycan Respublikasının səfirliyi təsis edilmiş və 2005-ci ilin sentyabrında bu ölkəyə səfir təyin olunmuşdur.

Azərbaycan Respublikası və İndoneziya Respublikası arasında imzalanmış yalnız bir sənəd - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və İndoneziya Respublikası Xarici İşlər Departamenti arasında Əməkdaşlıq və Məsləhətləşmələr Haqqında Anlaşma Memorandumu mövcuddur. Həmin sənəd BMT Baş Assambleyasının 59-cu sessiyası zamanı 2004-cü il sentyabrın 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovla İndoneziya Respublikasının xarici işlər naziri Hassan Virajuda arasında imzalanmışdır.

Hazırda iki ölkə arasında İqtisadi və texniki əməkdaşlıq, Hava xidməti haqqında saziş, ikiqat vergidən, gəlir və kapital tətbiq olunan vergilərdən azad olunma haqqında Konvensiya, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş, ticarət və iqtisadi əməkdaşlıq haqqında saziş müzakirə olunur. Hər iki ölkə bu sənədləri tezliklə imzalanmağa çıxarmaq və ikitərəfli münasibətləri intensivləşdirmək istəyi nümayiş etdirir.

Otən dövrdə Azərbaycanla İndoneziya arasında ikitərəfli əlaqələrin inkişafı sahəsində bir sıra tədbirlər görülmiiş və səfərlər həyata keçirilmişdir. 1996-cı il dekabrın 9-13-də - İKT üzvü olan dövlətlərin xarici işlər nazirlərinin İndoneziya Respublikasının paytaxtı Cakarta şəhərində keçirilmiş XXIV konfransında Azərbaycan Respublikasının xarici işlər naziri H.Həsənov iştirak etmiş və İndoneziya Respublikasının xarici işlər naziri Əli Atalas ilə görüşmüşdür. Görüş zamanı iki dövlət arasında ikitərəfli münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılmışdır. 1997-ci il 29 oktyabr-1 noyabrda - Qafqaz Müsəlmanları İdarəsinin başçısı Hacı Allahşükür Paşazadə İndoneziyada keçirilmiş Müsəlman Ölkələrinin Dini İşlər üzrə Nazirlərinin VI konfransında iştirak etmişdir.

2004-cü ilin aprelində Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov İndoneziyanın Ankara və Azərbaycanda akkreditə olunmuş səfiri Amin Rianomu qəbul etmişdir. İkitərəfli münasibətlərə aid sənədlərin hazırlıq prosesini müzakirə edən görüş iştirakçıları ekspertlər səviyyəsində müəyyən işlərin görüldüyünii məmnunluqla qeyd etmiş, iki ölkə arasında siyasi məsləhətləşmələrin aparılmasının, hüquqi bazanın yaradılmasının vacibliyini vurğulamışlar. İndoneziya tərəfindən Dağlıq Qarabağ münaqişəsində Azərbaycana tam dəstək verildiyi bildirilmişdir. Görüşdə İndoneziyanın da terrora məruz qaldığı vurğulanmış və hər iki ölkənin terrorla mübarizədə eyni mövqedə olduğu bir daha təsdiqlənmişdir.

2004-cü ilin iyulunda İndoneziya Respublikasının Xarici İşlər Nazirliyi Cənubi və Mərkəzi Asiya departamentinin rəisi Sanusinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Səfərin əsas məqsədi gündəlikdə olan ikitərəfli saziş layihələrinin müzakirəsi idi. 2004-cü il iyulun 20-də Azərbaycanın xarici işlər nazirinin müavini X.Xələfov indoneziyalı tərəf-müqabili ilə bu məsələləri müzakirə etmişdir. İndoneziyalı diplomat, həm də Azərbaycan Respublikası Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və "AZAL" Dövlət Konsernində görüşlər keçirmişdir.

2004-cü il sentyabrın 24-də BMT Baş Assambleyasının 59-cu sessiyası zamanı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovla İndoneziya Respublikasının xarici işlər naziri Hassan Virajuda hər iki ölkənin xarici işlər nazirlikləri arasında Əməkdaşlıq və Məsləhətləşmələr Haqqında Anlaşma Memorandumu imzalamışlar.

2005-ci il aprelin 22-23-də İndoneziya Respublikası və Cənubi Afrika Respublikası tərəfindən Cakartada "Asiya-Afrika 2005" Zirvə görüşü təşkil edilmişdir. Bu tədbirdə Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov iştirak etmişdir.

Göründüyü kimi, həm Azərbaycanda, həm də İndoneziyada iki ölkə arasındakı münasibətlərin inkişafına meyil güclüdür. Azərbaycan özünün xarici siyasətində İndoneziyanı etibarlı tərəfdaş kimi qiymətləndirir.  Çoxtərəfli sahələrdə, xüsusən, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində İndoneziya hər zaman Azərbaycanın mövqeyini müdafiə edir. "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair" bəndin BMT-nin Baş Assambleyasının 59-cu sessiyasının gündəliyinə salınması təklifi ilə çıxış edən Azərbaycan Respublikasını İndoneziya da dəstəkləmişdir.

Azərbaycanla İndoneziya arasında ticarət dövriyyəsi 2004-cü ildə 131 milyondan artıq ABŞ dolları təşkil etmişdir. İki ölkə arasındakı münasibətlərin perspektivləri kifayət qədər genişdir. Cakarta şəhərində ölkəmizin səfirliyinin fəaliyyətə başlaması ilə iki dövlət arasındakı münasibətlər daha da inkişaf edəcəkdir.

Yuxarıda qeyd olunan və müzakirədə olan saziş və müqavilələrin, habelə, iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət edəcək digər sənədlərin yaxın gələcəkdə imzalanmasını Azərbaycan-İndoneziya münasibətlərinin perspektivi kimi dəyərləndirmək olar.

Azərbaycanın xarici siyasətində Asiyanın islam ölkələri ilə münasibətlərin prioritet təşkil etdiyini nəzərə alsaq, Cənub-Şərqi Asiya regionunda yerləşən və əhalisinə görə dünyanın ən böyük ölkələri sırasında dayanan İndoneziyanın bu aspektdən mühüm rolunu qeyd etmək lazımdır.

Ə.Həsənovun qeyd etdiyi kimi, digər Cənub-Şərqi Asiya ölkələri - Sinqapur, Malayziya, Tailand, Filippin, Bruney, Vyetnam, Kamboca, habelə, Avstraliya və Yeni Zelandiya ilə Azərbaycan arasında diplomatik əlaqələr qurulsa da, hələ ki, qarşılıqlı münasibətlər beynəlxalq təşkilatlar çərçivəsindəki çoxtərəfli əməkdaşlıq və qeyri-rəsmi strukturların ticarət-iqtisadi əlaqələri ilə məhdudlaşır.

Azərbaycanın diplomatik əlaqə yaratdığı Cənub-Şərqi Asiya ölkələri, habelə, Avstraliya və Okeaniya:

1. Sinqapur - (Azərbaycanla bu ölkə arasında diplomatik münasibətlər 1994-cü il avqustun 15-də yaradılmışdır. Heç birinin səfirliyi fəaliyyət göstərmir və ikitərəfli əlaqələri mövcud deyil).

2. Malayziya - (Azərbaycan Respublikası ilə Malayziya arasında diplomatik əlaqələr 1993-cü il aprelin 5-də yaradılmışdır. Azərbaycan Respublikasının Malayziyada səfirliyi açılmayıb. Lakin Malayziyanın Ankaradakı səfirliyi 2004-cü il fevralın 17-dən,  eyni zamanda, Azərbaycan Respublikasında da akkreditə edilmişdir. Sənədlər imzalanmayıb və ikitərəfli səfərlər həyata keçirilməyib).

3. Tailand - (Azərbaycan Respublikası ilə Tailand arasında diplomatik əlaqələr 1992-ci il iyulun 7-də yaradılmışdır. Azərbaycan Respublikasının Tailandda səfirliyi açılmayıb. Tailandın Ankaradakı Səfirliyi 2002-ci ilin martından, eyni zamanda, Azərbaycan Respublikasında da akkreditə edilmişdir. Ölkələr arasında sənədlər imzalanmayıb, ikitərəfli səfərlər həyata keçirilməyib).

4. Filippin - (Azərbaycan Respublikası ilə Filippin arasında diplomatik əlaqələr 1992-ci il martın 27-də yaradılmışdır. Azərbaycan Respublikasının Filippində, Filippinin Azərbaycanda səfirliyi fəaliyyət göstərmir. Ölkələr arasında sənədlər imzalanmayıb və ikitərəfli səfərlər həyata keçirilməyib).

5. Bruney - (Azərbaycan Respublikası ilə Bruney arasında diplomatik əlaqələr 1995-ci il noyabrın 25-də yaradılmışdır. Azərbaycan Respublikasının Bruneydə, Bruneyin Azərbaycanda səfirliyi fəaliyyət göstərmir. Müştərək sənədlər imzalanmayıb, ikitərəfli səfərlər həyata keçirilməyib).

6. Vyetnam - (Azərbaycan Respublikası ilə Vyetnam arasında diplomatik əlaqəler 1992-ci il sentyabrın 23-də yaradılmışdır. Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyi Vyetnamda da akkredite edilmişdir. Vyetnamın Azərbaycanda səfirliyi fəaliyyət göstərmir. Müştərək sənədlər imzalanmayıb, ikitərəfli səfərlər həyata keçirilməyib).

7. Kamboca - (Azərbaycan Respublikası ilə Kamboca arasında diplomatik əlaqələr 1994-cü il dekabrın 28-də yaradılmışdır. Azərbaycan Respublikasının Kambocada, Kambocanın Azərbaycanda səfirliyi fəaliyyət göstərmir. Müştərək sənədlər imzalanmayıb, ikitərəfli səfərlər həyata keçirilməyib).

8. Avstraliya - (Azərbaycan Respublikası ilə Avstraliya arasında diplomatik əlaqələr 1992-ci il iyulun 19-da yaradılmışdır. Azərbaycan Respublikasının Avstraliyada səfirliyi açılmayıb. Avstraliyanın Ankaradakı səfiri 1995-ci il yanvarın 8-dən, eyni zamanda, Azərbaycan Respublikasında da akkreditə edilmişdir. Müştərək sənədlər imzalanmayıb və ikitərəfli səfərlər həyata keçirilməyib).

9. Yeni Zelandiya - (Azərbaycan Respublikası ilə Yeni Zelandiya arasında diplomatik əlaqələr 1992-ci il iyunun 29-da yaradılmışdır. Azərbaycan Respublikasının Yeni Zelandiyada, Yeni Zelandiyanın Azərbaycanda səfirliyi fəaliyyət göstərmir. Müştərək sənədlər imzalanmayıb, ikitərəfli səfərlər həyata keçirilməyib).

 

 

Vahid ÖMƏROV,

Fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 8 mart.- S.14.