Azərbaycan-Yaponiya əməkdaşlığının
dünyaya inteqrasiyada rolu
Şərqi
Asiyanın bütün parametrlər üzrə ən
güclü dövlətlərindən biri Yaponiyadır. Bu
ölkə hazırda ABŞ-dan sonra dünyanın ən
inkişaf etmiş dövləti hesab olunur və yer kürəsində
istehsal olunan bütün malların 15%-ə qədərini
öz əlində cəmləyərək, valyuta
ehtiyatlarına görə dünyada birinci yeri tutur.
Yaponiyanın valyuta ehtiyatları 200 milyarddan çox ABŞ
dolları təşkil edir.
Yaponiya
bu gün Asiya-Sakit okean bölgəsinin iqtisadi cəhətdən
yeganə superdövlətidir ki, yüksək texnologiya sahəsində
ABŞ və Avropa Birliyi ölkələri ilə hərtərəfli
rəqabət gücünə malikdir. Çox zəif təbii
və enerji resurslarına malik olmasına baxmayaraq, bu ölkə
XX əsrin ikinci yarısında bütün dünyaya ən
yüksək modernləşmə və inkişaf nümunəsi
göstərə bilmişdir. Yüksək inzibati idarəçilik
və möhkəm nizam-intizama malik olan yapon xalqı qısa
zaman kəsiyində dünyaya "yüksəliş və tərəqqinin"
amerikan modelindən fərqli, yeni bir nümunəsini bəxş
etdi. Enerji ehtiyatlarının məhdudluğu, iri sənayeyə
lazım olan neft, kömür, meşə məmulatları və
başqa resursların çatışmazlığı
Yaponiyaya ABŞ və Avropa ölkələri ilə həmin
sahədə rəqabəti qeyri-mümkün etdiyindən, bu
ölkə əsas diqqətini intellektual və yüksək
texnologiyaya əsaslanan sahələrin inkişafına yönəltməyə
məcbur olur.
XX əsrin
70-80-ci illərində Yaponiya öz ümumi daxili məhsul
istehsalını iki dəfədən çox artıraraq
dünya liderləri sırasına
çıxmışdır. Yapon iqtisadiyyatı ən az
yanacaq-enerji sərfi ilə ən effektli istehsala nail olmaq
baxımından bütün dünya ölkələrini
ötüb keçmişdir. Hazırda Yaponiya iqtisadi cəhətdən
ABŞ-dan sonra dünyada ikinci əsas qüdrətli dövlət
statusu qazanıb.
Ə.Həsənov
yazır: "Yaponiya Cənub-Şərqi Asiya və Sakit okean
hövzəsində, əsasən, Çinlə, qlobal
dünyada isə ABŞ və Avropa Birliyi ölkələri
ilə rəqabət aparır. Xüsusən, transmilli
korporasiyalar üçün satış bazarları, enerji və
digər istehsalat resursları əldə etmək uğrunda
Yaponiya bu mərkəzlərlə ciddi rəqabətə
girişir".
Professor
Ə.Həsənov Azərbaycan-Yaponiya əməkdaşlığının
ölkəmizin dünyaya inteqrasiyası üçün əhəmiyyət
kəsb etdiyini göstərir.
1. Azərbaycan
Respublikası və Yaponiya arasında dostluq və tərəfdaşlıq
haqqında Birgə Bəyanat;
2. Azərbaycan
Respublikası və Yaponiya arasında ticarət və
iqtisadiyyat sahəsində əməkdaşlıq haqqında
Birgə Bəyanat;
3. Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyi və Yaponiya Xarici
İşlər Nazirliyi arasında məsləhətləşmələr
haqqında Birgə Bəyanat;
4. Azərbaycan
Respublikası Hökuməti və Yaponiyanın Xarici Ölkələrlə
İqtisadi Əməkdaşlıq Fondu arasında
"ŞİMAL" buxar-qaz elektrik stansiyasının
tikintisi layihəsi haqqında kredit Sazişi;
5. Azərbaycan
Respublikası Hökuməti və Yaponiyanın Xarici Ölkələrlə
İqtisadi Əməkdaşlıq Fondu arasında
"Şimal" buxar-qaz elektrik stansiyasının tikintisi
layihəsi haqqında kredit Sazişi üzrə Notalar
mübadiləsi;
6. Azərbaycan
Respublikası ərzaq istehsalının
artırılmasına kömək məqsədilə kənd
təsərrüfatı maşın və
avadanlıqlarının alınması üçün
Yaponiya Hökuməti tərəfindən əvəzsiz
yardım kimi ayrılan Qrant üzrə Nota və Protokol;
7. Azərbaycan
Respublikası Hökuməti və Yaponiyanın
İdxal-İxrac Bankı arasında Etilen-Polietilen zavodunda
ER-300 qurğusunun yenidən qurulması layihəsinin maliyyələşdirilməsi
haqqında kredit Sazişi;
8. Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti və
"MİTSUİ" Neft Şirkəti arasında pay
iştirakının verilməsi haqqında Saziş;
9.
Yaponiya Hökuməti və SSRİ Hökuməti arasında
imzalanmış müqavilələrin Azərbaycan tərəfindən
varisliyinin qəbul edilməsi əsasında Azərbaycan
Respublikası və Yaponiya arasında müqavilə-hüquq
bazasının yaradılmasına dair notalar mübadiləsi;
10.
"ŞİMAL" buxar-qaz elektrik stansiyasının
tikintisinin 2 layihəsi haqqında kredit Sazişi.
Keçən
müddətdə iki dövlət arasında ikitərəfli
və çoxtərəfli əlaqələr intensiv
olmuşdur. Bu əlaqələr sırasına dövlət
başçılarının, hökumət, parlament rəhbərlərinin
və b. rəsmilərin qarşılıqlı səfərlərini
aid etmək olar. Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin 1998-ci il fevralın 24-28-də ilk rəsmi səfərindən
başqa Azərbaycan Respublikasının Baş naziri A.Rasizadənin,
(1998-ci il 26 yanvar-1 fevral), Baş nazirin müavini A.Şərifovun
(mart, 1999; noyabr, 2001; may, 2005), xarici işlər naziri
V.Quliyevin (iyun, 2001) Yaponiyaya sofərləri olmuşdur.
Yaponiyanın xarici işlər naziri Masahiko Koumuranın 1999-cu
ilin may ayında Azərbaycana səfərindən sonra
"İpək Yolu Enerji Missiyası"na
başçılıq edən Yaponiya xarici işlər
nazirinin müavini Seliken Suqiura (iyul, 2002), Yaponiya xarici işlər
nazirinin müavini Tetsuro Yano (fevral, 2003), Yaponiya Parlamentinin
Müşavirlər Palatasının vitse-prezidenti
Şoçi Motooka (sentyabr, 2003), Yaponiya xarici işlər
nazirinin müavini İçiro Fucisaki (noyabr, 2003) və
Yaponiya XİN-in, Beynəlxalq Əməkdaşlıq
Agentliyinin (JİCA) vo Xarici Ticarət Təşkilatının
(JETRO) müxtəlif səviyyəli nümayəndə heyətləri
Azərbaycana səfər etmişlər. Bu səfərlər
zamanı iki ölkə arasındakı münasibətlərin
kompleks məsələləri müzakirə olunmuş,
qarşılıqlı əlaqələrin gücləndirilməsi
ilə bağlı mühüm razılaşmalar əldə
edilmişdir.
Ə.Həsənovun
fikrincə, Azərbaycanın Asiya siyasətində Yaponiya da
prioritet təşkil edir. Dünyanın ikinci ən
böyük və inkişaf etmiş iqtisadiyyatına malik olan
Yaponiya ilə partnyorluq münasibətlərinə bu gün
bütün ölkələr can atır. Yaponiyanın Azərbaycanda
keçirilən iqtisadi layihələrə cəlb
olunması, Azərbaycan iqtisadiyyatına sərmayələrin
qoyuluşunun artırılması vacibdir. Azərbaycan
Yaponiyanın BMT Təhlükəsizlik Şurasına daimi
üzv seçilməsinə layiq olduğunu və onun namizədliyini
qarşılıqlı maraq əsasında dəstəklədiyini
bildirir.
Son
10 ildə BMT-nin Təhlükəsizlik Şurasında
islahatların aparılmasına dair Yaponiya, Almaniya, Braziliya,
Hindistan kimi dövlətlər səylər göstərir.
Qeyd etmək lazımdır ki, Yaponiya BMT-nin büdcəsinin
20%-ni ödəyir. Yaponiya tərəfi Azərbaycanın BMT-nin
Təhlükəsizlik Şurasında islahatların
aparılmasına və Yaponiyanın bu orqana daimi üzv
seçilməsinə dəstək verməsindən
razıdır.
Yaponiya
Azərbaycanın enerji sektoruna böyük maraq göstərir.
Bunu bir sıra Yaponiya kampaniyalarının BTC layihəsində
iştirakı, Yaponiyanın Azərbaycanda 2 elektrik
stansiyasının tikintisini maliyyələşdirməsi və
digər görülən işlər sübut edir. Yaponiya Azərbaycanın
ərazi bütövlüyünü dəstəkləyir,
humanitar yardım göstərilməsi, qaçqın və məcburi
köçkünlər üçün tədris müəssisələrinin
və xəstəxanaların tikintisinə qrantların
ayrılması və s. işlərdə ən fəal şəkildə
iştirak edir.
Cənubi
Qafqaz regionunda Yaponiyanın ən böyük maraq göstərdiyi
dövlət Azərbaycan Respublikasıdır. Region ölkələrindən
Yaponiyanın yalnız Azərbaycanda səfirliyinin olması da
bunu sübut edir.
Yaponiya
hökumətinin ölkəmizdə təhsil sahəsində
keçirdiyi kurslar, azərbaycanlı tələbələrin
Yaponiyada pulsuz təhsil alması üçün
yaratdığı imkanlar və s. onu göstərir ki, bu
ölkə Azərbaycanla münasibətlərə xüsusi
önəm verir.
Tədqiqatçılar
Azərbaycan-Yaponiya münasibətlərinin perspektivlərini
yüksək qiymətləndirir. Azərbaycan Prezidentinin
2005-ci ildə Yaponiyaya rəsmi səfəri, Tokioda Azərbaycan
səfirliyinin açılması ölkələrimiz
arasında müqavilə-hüquq bazasının
inkişafına və qarşılıqlı münasibətlərə
yeni təkan verəcəkdir.
Bu
gün Yaponiya yüksək texnologiya, maşınqayırma,
kimya, yüngül və ağır sənaye sahəsində
dünyanın aparıcı ölkəsi hesab olunur. Onun bu
imkanlarından istifadə etmək, aparıcı və
ixtisaslaşmış yapon müəssisələrinin və
şirkətlərinin regional nümayəndəlik kimi Qafqazda
Azərbaycanı seçmələri üçün Yaponiya
tərəfinə maksimal güzəştli təkliflərin
təqdim olunması vacibdir. Azərbaycanın qeyri-neft -
maşınqayırma, gəmiqayırma, kənd təsərrüfatı,
turizm, təhsil, səhiyyə, sosial müdafiə, rabitə,
nəqliyyat, bank və maliyyə, tikinti və inşaat
sektorlarına sərmayələrin cəlb olunması
üçün Yaponiya ilə hərtərəfli iş
aparılmalıdır. Qeyd olunan sahələrdə
Yaponiyanın dünyada aparıcı dövlətlərdən
biri olduğunu nəzərə alaraq, bu ölkənin təcrübəsindən
maksimal şəkildə istifadə edilməsi
üçün lazımi tədbirlər görülərsə,
Azərbaycan iqtisadiyyatının inkişafında
mühüm irəliləyişə stimul vermək olar.
Vahid ÖMƏROV,
Fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2013.- 8 mart.- S.10.