Azərbaycanın Yaxın və Orta Şərq
ölkələrilə (Qətər, İordaniya, Yəmən,
Oman, İsrail) əməkdaşlığı
Yaxın və Orta Şərqin kiçik, lakin çox zəngin və nüfuzlu dövlətlərindən biri də Qətərdir. Qətər dövləti ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər 1994-cü ilin sentyabrında yaradılmışdır.Qətər beynəlxalq təşkilatlar (BMT, İKT və s.) çərçivəsində Ermənistan Respublikasının Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı qətnamələrin qəbul edilməsində Azərbaycanın mövqeyini daim dəstəkləmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2002-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfiri, eyni zamanda, Qətər dövlətində Fövqəladə və Səlahiyyətli Səfir təyin edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2004-cü il noyabrın 30-dan dekabrın 1-dək Qətər dövlətinin Əmiri Şeyx Həməd ibn Xəlifə Əl Təhənin dəvəti ilə Qətər dövlətində rəsmi səfərdə oimuşdur. Səfər zamanı Azərbaycan Respublikasının və Qətər dövlətinin xarici işlər nazirlikləri arasında anlaşma memorandumu, Azərbaycan Respublikası hökuməti ilə Qətər dövləti hökuməti arasında turizm, mədəniyyət, iqtisadi, ticarət və texniki sahələrdə əməkdaşlıq haqqında sazişlər, Azərbaycan Respublikası hökuməti ilə Qətər dövləti hökuməti arasında səhiyyə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu və Milli Olimpiya Komitələri arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.
2000-ci il noyabrın 12-14-də Qətərin paytaxtı Dohada keçirilmiş İslam Konfransı Təşkilatının dövlət və hökumət başçılarının 9-cu Zirvə Toplantısında Azərbaycan Respublikasının xarici işlər naziri V.Quliyev iştirak etmişdir.
2002-ci ilin oktyabr ayında Azərbaycanın milli təhlükəsizlik naziri N. Abbasov, 2005-ci ilin aprelində isə müdafiə naziri S.Əbiyev Qətər dövlətində rəsmi səfərdə olmuşdur. Səfər zamanı müdafiə naziri Qətər dövlətinin Əmiri Şeyx Həməd ibn Xəlifə Əl Səni ilə görüşərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məktubunu ünvan sahibinə təqdim etmişdir. Eyni zamanda, Azərbaycanın müdafiə naziri Qətər silahlı qüvvələrinin baş qərargahının rəisi Həməd ibn Əli Əl-Atiyyə ilə danışıqlar aparmışdır. Hal-hazırda iki ölkənin rəhbərlikləri arasında mütəmadi məktub mübadiləsi aparılır. İki ölkə arasında altı dövlətlərarası, hökumətlərarası və müəssisələrarası hüquqi-normativ sənədlər imzalanmışdır.
KİV-də gedən məlumatlara görə, Oman Sultanlığı Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir (30.12.1991). İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyulun 13-də yaradılmışdır. Oman Sultanlığı beynəlxalq təşkilatlar (BMT, İKT və s.) çərçivəsində Ermənistan Respublikasının Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı qətnamələrin qəbul edilməsində Azərbaycanın mövqeyini daim müdafiə etmişdir. Qeyd etmək lazımdır ki, Oman BMT Baş Assambleyasının 59-cu sessiyası zamanı işğal olunmuş Azərbaycan ərazilərində vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən irəli sürülmüş təklifi dəstəkləmişdir. Oman kütləvi informasiya vasitələri, mütəmadi olaraq, Azərbaycan haqqında məlumatlar verir, Ermənistan-Azərbaycan münaqişəsinə dair təqdim etdiyimiz materialları dərc edir. İki ölkənin xarici işlər nazirləri arasında diplomatik yazışmalar həyata keçirilir. Oman Sultanlığının və Azərbaycan Respublikasının xarici işlər nazirlikləri arasında Anlaşma Memorandumunun imzalanması yaxın zamanlarda nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2002-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfiri E.Araslı, həm də, Oman Sultanlığında Fövqəladə və Səlahiyyətli səfir təyin edilmişdir. 2003-cü ilin yanvarında "Azərbaycan Hava Yolları" Dövlət Konserninin nümayəndə heyəti Oman tərəfinin dəvəti ilə Məsqət şəhərinə səfər etmiş və Oman Sultanlığının Mülki Aviasiya və Meteorologiya baş direktorluğunun nümayəndələri ilə görüşmüşdür. Səfər əsnasında tərəflər "Azərbaycan Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökuməti arasında hava əlaqəsi haqqında Saziş" layihəsini müzakrə etmiş və hava nəqliyyatı sahəsində ikitərəfli münasibətlərin gələcək perspektivləri ilə əlaqədar fikir mübadiləsi aparmış, diplomatik kanallar vasitəsilə gələcəkdə də əlaqə saxlamaq barədə razılığa gəlmişlər.
2004-cü ilin mart ayında Oman Mərkəzi Bankının nümayəndə heyəti Azərbaycana səfər etmiş, təcrübə mübadiləsi aparılmış və əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Oman Sultanlığının Azərbaycan Respublikasındakı səfiri (iqamətgahı Ankara şəhərində yerləşir) Məhəmməd Nəsir əl-Vəhabi 2004-cü il aprelin 7-11-də etimadnamə vərəqlərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etməsi ilə bağlı Bakıda səfərdə olmuşdur. Səfər zamanı iki ölkə arasında hərtərəfli əməkdaşlığın inkişafı barədə fikir və məlumatlar mübadiləsi aparılmışdır.
Azərbaycan Respublikasının xarici işlər naziri E. Məmmədyarov 2005-ci ilin aprel ayında Omana rəsmi səfəri çərçivəsində Sultanlığın baş nazirinin Nazirlər Şurası məsələləri üzrə müavini Fəhd ibn Mahmud əl-Səid, xarici işlər üzrə məsul naziri Yusif Ələvi ibn Abdullah, müdafiə məsələləri üzrə məsul naziri, neft və qaz naziri, mədəniyyət və milli irs naziri və Ticarət və Sənaye Palatasının sədri ilə görüşlər keçirmişdir. Səfər zamanı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Oman Sultanlığı Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzalanmışdır.
İordaniya Haşimiyyə Krallığı 1991-ci il dekabrın 28-də Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir (Türkiyədən sonra ikinci dövlət). 1993-cü ilin fevral ayında İordaniya Haşimiyyə Krallığının Baş Seremonimeysteri Əmir Raad ibn Zayedin başçılıq etdiyi yüksək numayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Səfər zamanı 1993-cü il fevralın 13-də Azərbaycan Respublikası ilə İordanıya Haşimiyyə Krallığı arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol, Birgə Bəyanat və Azərbaycan Respubiikası hökuməti ilə İordaniya Haşimiyyə Krallığı hökumətı arasında texniki, iqtisadi və mədəni əməkdaşlıq haqqında qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır.
Azərbaycanın və İordaniyanın ali rəhbərləri iki dəfə - 2000-ci ilin yanvarında Davos Ümumdünya İqtisadi Forumunda və 1994-cu ilin dekabrında İKT-nin Kasablanka zirvə toplantısında təkbətək görüşmüşlər. Görüşlər zamanı Azərbaycan Respublikasının Prezidentı Heydər Əliyev ilə İordaniya Kralı II Abdullah ikitərəfli münasibətlərin inkişafı məsələlərini geniş müzakirə etmişlər.
2000-cı ilin may ayının 12-də İordaniyanın Türkiyədə və eyni zamanda, Azərbaycandakı səfiri Musa Brayzat etimadınaməsini Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə təqdim etmiş və Bakıda diplomatik fəaliyyətə başlamışdır.
2000-ci ilin iyun ayında İordaniya Krallığının sabiq vəliəhdi, mərhum Kral Hüseynin qardaşı, şahzadə Həsən ibn Talal Azərbaycana səfər etmiş və ölkə rəsmiləri ilə görüşərək, dövlətlərimiz arasında iqtisadiyyat, mədəniyyət və elm sahələrində əlaqələrin inkişafı perspektivlərini müzakirə etmişdir. Azərbaycan ilə İordaniya arasında dövlət və hökumət başçıları, xarici işlər nazirləri səviyyəsində mütəmadi məktub mübadilələri aparılır.
2001-ci ilin avqust ayında Azərbaycan Respublikası xarici işlər nazirinin müavini X.Xələfov başda olmaqla nümayəndə heyəti İordaniyada səfərdə olmuşdur. Nümayəndə heyəti Kral II Abdallah tərəfindən qəbul edilmiş, ölkənin xarici işlər naziri Əbdül İləh Əl-Xatıb, xarici işlər nazirinin baş katibi, Ali Təhsil Şurasının baş katibi, səyahət naziri və Ticarət Palatasının sədri ilə görüşlər keçirmişdir. Səfər zamanı ali təhsil və turizm sahələrinə aid müqavilə layihələri baxılması üçün İordaniya tərəfinə təqdim olunmuşdur.
Azərbaycan Respublikası ilə Yəmən Respublikası arasında diplomatik münasibətlər 1992-ci il fevralın 25-də yaradılmışdır. İkitərəfli əlaqələr, əsasən, diplomatik yazışmalar səviyyəsində olsa da, beynəlxalq təşkilatlarda iki ölkə arasında məhsuldar əməkdaşlıq həyata keçirilir.
Yəmən Respublikası Birləşmiş Millətlər Təşkilatı və İslam Konfransı Təşkilatı çərçivəsində Ermənistan Respublikasının Azərbaycana qarşı təcavüzü, mədəni abidələrimizin dağıdılması və ölkəmizə iqtisadi və humanitar yardım göstərilməsi ilə bağlı qərarların qəbul edilməsində Azərbaycanı birmənalı olaraq dəstəkləyir.
Belə ki, 2001-ci ilin dekabr ayında BMT Baş Assambleyasının "BMT ilə ATƏT arasında Əməkdaşlıq" haqqında Qətnamə layihəsində Azərbaycan Respublikasının təqdim etdiyi düzəlişin lehinə səs vermiş 34 dövlətdən biri olmuşdur.
Yuxarıda adı çəkilən təşkilatların həyata keçirdiyi bir sıra siyasi tədbirlərdə iki ölkənin nümayəndələri arasında müxtəlif səviyyələrdə görüşlər keçirilmişdir.
Yəmən Respublikasının Türkiyə Respublikasında və eyni zamanda, Azərbaycan Respublikasındakı səfiri Əhməd Hüseyn Əl-Başanın 2002-ci il martın 23-də etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə təqdim etməsi ilə iki dövlət arasında diplomatik əlaqələrin yeni dövrü başlandı.
Ə.Həsənov yazır: "Beləliklə, göründüyü kimi, Azərbaycanın xarici siyasətində Yaxın və Orta Şərqin islam ölkələri ilə həm çoxtərəfli, həm də ikitərəfli əlaqələri xüsusi yer tutur. Bunun üçün Azərbaycan islam ölkələrini birləşdirən İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), İslam İnkişaf Bankı (İİB) kimi qurumların imkanlarından bəhrələnməklə yanaşı, həm də ayrı-ayrılıqda hər bir müsəlman dövləti ilə qarşılıqlı faydalı əməkdaşılq əlaqələri yaratmağa səy göstərir. Bu əlaqələrdən müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın daxili və xarici problemlərinin həlli istiqamətində istifadə olunur."
Azərbaycanın xarici siyasətində mühüm diqqət verilən Yaxın və Orta Şərq ölkələrindən biri də İsraildir. Bu ölkə dünyada ABŞ-ın dostu və müttəfiqi kimi böyük nüfuza və dəstəyə malik olmaqla bərabər, həm də dünyada çox böyük gücü olan yəhudi lobbisinin xüsusi himayəsinə malikdir. Müsəlman dövlətləri ilə Fələstin probleminə görə münasibətləri gərgin olan İsrail Türkiyə ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir ki, bu da müəyyən mənada Azərbaycanın bu ölkə ilə münasibətlərini şərtləndirir. Bundan başqa, Azərbaycan İsrailin Qərblə, xüsusən, ABŞ-la olan yaxın əlaqələrindən, yəhudi lobbisinin dəstəyindən də bəzi milli problemlərin həllində (Dağlıq Qarabağ və s. məsələlər) istifadə etməyə çalışır.
Azərbaycan-Türkiyə-ABŞ münasibətlərinin fonunda tədqiqatçılar Yaxın və Orta Şərqdə bu üç ölkənin birgə maraqlarından tez-tez bəhs edir. Azərbaycan İsraillə münasibətlərdə ABŞ və dünyadakı yəhudi lobbisi ilə əlaqələrin inkişafı nöqteyi-nəzərindən nə qədər maraqlı olsa da, müsəlman Şərqi ilə, xüsusən, ərəb dünyası ilə münasibətlərə xələl gətirə biləcəyi baxımından İsraillə bir qədər ehtiyatlı davranır. Odur ki, bu ölkə ilə diplomatik münasibətlər 1992-ci ildən qurulsa da, 1998-ci ilə qədər iki dövlət arasında münasibətlər çox zəif olmuşdur.
1998-ci ildə İsrailin baş naziri Binyamin Netanyahunun Bakıya səfəri zamanı iki ölkə arasındakı əlaqələrin kompleks istiqamətləri müzakirə olunmuş və bəzi razılaşmalar haqqında qərar qəbul edilmişdir.
1999-cu ildə İsrail Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin, habelə, İsrail müdafiə nazirinin müavini general Efraim Sineyin Bakıya səfəri olmuşdur. Qeyd edək ki, əlaqələrin möhkəmlənməsi Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində İsrailin dəstəyini qazanmağa imkan vermişdir. Təsadüfi deyil ki, ABŞ-dakı yəhudi lobbisi məlum "907-ci düzəliş"in ləğvi məsələsində Bakıya ən aktiv dəstək verən strukturlardan biridir. Ümumiyyətlə, Azərbaycan Dağlıq Qarabağ probleminin həllində yəhudi lobbisinin dəstəyinə ciddi ümid edir.
Hazırda Azərbaycan hökuməti İsraillə münasibətlərini dərinləşdirməyi və bunu geniş təbliğ etməyi məqsədəuyğun saymır. Çünki Təl-Əvivlə əməkdaşlığı möhkəmlətməklə Azərbaycan İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İslam Konfransı Təşkilatı, İslam İnkişaf Bankı, ümumilikdə, ərəb dünyası, həmçinin, Rusiya ilə münasibətlərini korlaya bilər. Bununla belə, Azərbaycan dəfələrlə İsraillə əməkdaşlığının digər dövlətlərə və mərkəzlərə qarşı yönəlmədiyini bəyan edib.
İsrail Bakıda öz səfirliyini açmış və ciddi-cəhdlə Azərbaycanın da müvafiq addım atmasına, ikitərəfli əlaqələrin intensivləşdirilməsinə çalışır. Lakin eyni zamanda, bu ölkə Azərbaycanın ehtiyatlı davranışını anlayır.
VAHİD ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2013.- 12
mart.- S.14.