AZƏRBAYCAN VƏ YAXIN, ORTA ŞƏRQ DÖVLƏTLƏRİ (Səudiyyə Ərəbistanı Krallığı, Suriya Ərəb Respublikası)

 

Yaxın və Orta Şərqin anti-Qərb mövqeyinin güclənməsinə ən çox təsir göstərən amil isə ABŞ-ın İraqa daxil olması, bu ölkəni faktiki olaraq işğal etməsi, İrana, Suriyaya müxtəlif yönlü təzyiqlər göstərməsi oldu. Qərb ölkələri və ABŞ-ın strateji maraqlarının təmsil olunduğu, dünya enerji təminatı üçün həyati əhəmiyyət kəsb edən neft yataqlarının, neft boru kəmərlərinin, Fars, Əmman körfəzlərini, Hind okeanını, Afrikanı Aralıq dənizi və Avropa ilə birləşdirən bütün su və quru keçidlərinin bu bölgədən keçdiyni nəzərə alsaq, onda Yaxın və Orta Şərq əhalisinin əhvali-ruhiyyəsinin Qərb üçün nə qədər əhəmiyyətli olduğunu təsəvvür etmək olar. Əlbəttə, Qərb öz maraqlarını və bölgədə həyata keçirdiyi siyasətin prinsiplərini, məqsədlərini ciddi proqnozlar əsasında planlaşdırır. Odur ki, Yaxın və Orta Şərqin alternativlərini, onların dünya enerji və nəqliyyat-kommunikasiya sahəsində oynadığı rolu əvəz edə biləcək Xəzər bölgəsi və Cənubi Qafqaza diqqət yönəltməklə öz maraqlarının təhlükəsizliyini təmin etməyə çalışır. Digər tərəfdən, ABŞ və onun müttəfiqləri Yaxın və Orta Şərqdə öz dostlarının sayını artırmaq və tabe olmayanları bu və ya digər yollarla cəzalandırmaqdan da qalmır. Hər iki məqamda bu bölgədə marağı olan Çin, Rusiya və başqa fövqəldövlətlərlə üz-üzə gəlmək təhlükəsi yaranır.

Əli Həsənov yazır ki, Azərbaycanın xarici siyasətində Asiya qitəsinin Yaxın və Orta Şərq ölkələri ilə münasibətləri də xüsusi əhəmiyyət kəsb edir. 1991-2005-ci illərdə bu regionun həm müsəlman ölkələri - İran, Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və başqaları ilə, həm də İsraillə münasibətlər ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində kifayət qədər geniş olmuşdur. Bu ölkələrin, əsasən, müsəlman dövlətləri olması, dünya siyasətində önəmli yer tutması, regionun geosiyasi xarakteristikası, zəngin karbohidrogen sərvətlərinə malik olması və bu anlamda dünya bazarlarında onlarla razılaşdırılmış siyasətə olan ehtiyac keçən müddətdə Azərbaycanın Yaxın və Orta Şərq dövlətləri ilə münasibətlərinin əsas mahiyyətini müəyyən etmişdir. Ərəb dünyasının və müsəlman aləminin ən nüfuzlu ölkələrindən biri Səudiyyə Ərəbistanı Krallığıdır. Təsadüfi deyil ki, Prezident Heydər Əliyev müsəlman dövlətləri arasında üçüncü (Türkiyə və İrandan sonra), ərəb dövlətləri arasında isə birinci səfərini məhz bu ölkəyə etmişdi. 1994-cü ilin aprelində Azərbaycan Respublikası keçmiş Sovet İttifaqının müstəqillik qazanmış müsəlman dövlətləri arasında birinci olaraq Krallıqda öz səfirliyini açmışdır. Həmin il iyulun 9-da bu ölkəyə səfərə yola düşərkən, jurnalistlərə müsahibə verən Azərbaycan Prezidenti demişdi: "İndiyədək Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında, demək olar ki, heç bir əlaqə olmamışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra bu sahədə müəyyən cəhdlər olsa da, bunlar bir nəticə verməmişdir. Ancaq bu ölkə dünya birliyində böyük nüfuza malik olduğuna görə, dini birliyimizi, tarixi ənənələrimizin oxşarlığını nəzərə alaraq, mən Səudiyyə Ərəbistanı Məlikinin dəvətini qəbul etmişəm və indi səfərə gedirəm... Səudiyyə Ərəbistanı məni həm bir ölkə kimi maraqlandırır, həm də müsəlmanların müqəddəs yeri kimi oraya ziyarət edəcəyimi çox böyük həyəcanla gözləyirəm".

KİV-də gedən məlumatlara görə, Səudiyyə Ərəbistanında olarkən, Heydər Əliyev İki Müqəddəs Ocağın Xadimi, Kral Fəhd ibn Əbdüləziz əl-Səudla, İKT, İİB (İslam İnkişaf Bankı) rəhbərləri və digər rəsmi şəxslərlə danışıqlar aparmış, Məkkə və Mədinə şəhərlərini ziyarət etmişdi. Səfər zamanı Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iqtisadiyyat, ticarət, investisiya, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığa dair beş saziş imzalanmış, səfərin yekunlarına dair birgə bəyanat qəbul edilmişdi.

1994-1999-cu illər ərzində müxtəlif sahələrdə çoxsaylı səfər mübadilələri edilmişdir. Səudiyyə Ərəbistanı tərəfindən xarici işlər nazirinin müavini, islam işləri və vəqflər naziri, tikinti nazirinin müavini, Ticarət-Sənaye Palatasının sədri, eyni zamanda, iri şirkət rəhbərləri və iş adamlarından ibarət nümayəndə heyətləri Azərbaycanda səfərdə olmuşlar.

Azərbaycan tərəfindən Baş nazirin müavini A.Şərifov, təhsil naziri, ticarət naziri və Ticarət-Sənaye Palatasının sədrinin başçılığı ilə nümayəndə heyətləri Krallıqda səfərdə olmuş, habelə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı A.Paşazadənin Səudiyyə Ərəbistanına səfərləri həyata keçirilmişdir.

Səudiyyə Ərəbistanı Ermənistanın təcavüzü ilə əlaqədar BMT, İKT və digər beynəlxalq və regional təşkilatlarda Azərbaycanın mövqeyini daim dəstəkləyir. Səudiyyə Ərəbistanı Azərbaycana əhəmiyyətli miqdarda humanitar yardım göstərən ölkələrdən biridir. 1994-cü ildən etibarən, Kral Fəhdin yardım proqramı çərçivəsində qaçqın və məcburi köçkünlərə dəfələrlə ərzaq, dərman və sairdən ibarət yardımlar göstərilmişdir. 1998-99-cu illərdə Həcc mövsümü zamanı 250 nəfər azərbaycanlı zəvvar Kralın qonağı kimi Məkkə və Mədinəni ziyarət etmiş, 1999-cu ildə 5 nəfər Qarabağ müharibəsi əlili bu ölkədə müalicə olunmuşdur. İki ölkənin səhiyyə nazirliklərinin hazırladığı birgə proqrama əsasən, bir qrup azərbaycanlı həkim Səudiyyə Ərəbistanında öz ixtisası üzrə fəaliyyət göstərmişdir.

1999-cu ilin iyununda Azərbaycanda Səudiyyə Ərəbistanının səfirliyi fəaliyyətə başlamışdır. Krallıq hökuməti 2002-ci il avqustun 11-də qondarma "Dağlıq Qarabağ Respublikası"nda keçirilmiş "prezident seçkilərini" pisləmiş və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etmişdir. Rəsmi Ər-Riyad dəfələrlə bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca, Ermənistan Respublikası ilə heç bir siyasi, iqtisadi və mədəni əlaqə qurmayacaqdır.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi təsdiq edilmişdir.

Azərbaycan Respublikası Səudiyyə Ərəbistanı Krallığı müştərək komissiyasının birinci iclası 2001-ci ilin fevralında Bakı şəhərində keçirilmişdir. Müştərək komissiyanın işinin sonunda iki ölkə arasında protokol imzalanmışdır. Hal-hazırda Azərbaycanda Səudiyyə Ərəbistanının səfirliyi və Ər-Riyadda Azərbaycan səfirliyi üçün qarşılıqlı əsaslarda torpaq sənayelərinin ayrılması mövzusunda məsləhətləşmələr aparılır.

2001-ci ilin fevral ayında Azərbaycan Respublikası idman, gənclər və turizm naziri Ə.Qarayev Səudiyyə Ərəbistanı tərəfinin dəvəti ilə Ər-Riyada səfər edərək, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin məktubunu Kral Fəhd ibn Əbdüləziz əl-Səuda təqdim etmişdir. Səfər zamanı Azərbaycanla Səudiyyə Ərəbistanı arasında idman və gənclər sahəsində əməkdaşlıq barədə saziş imzalanmışdır.

2002-ci ilin sentyabr ayının 18-də Bakıda keçirilən Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təməl daşının qoyulma mərasimində Səudiyyə Ərəbistanı Krallığı neftmineral ehtiyatlar nazirinin müavini Züheyr Nəvvab iştirak etmişdir.

2002-ci ilin oktyabr ayının 21-25-də Azərbaycan Respublikası Prezidentinin şəxsi nümayəndəsi N.Məmmədovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığına səfər edərək Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin məktublarını Kral Fəhd ibn Əbdüləziz əl-Səuda və vəliəhd Abdulla İbn Əbdüləziz əl-Səuda təqdim etmişdir. Səfər zamanı Azərbaycan nümayəndə heyəti Kral Fəhd, vəliəhd Abdulla, müdafiə və aviasiya naziri Sultan ibn Əbdüləziz, xarici işlər nazirinin müavini və ticarət naziri U.Fəqihlə görüşlər keçirmişdir.

2002-ci il dekabnn 28-də Səudiyyə İnkişaf Fondu Bakı şəhərində orta məktəb binalarının tikintisi layihələrini həyata keçirmək məqsədilə Azərbaycan Respublikası hökumətinə 35,7 milyon rial həcmində kredit ayrılması barədə qərar qəbul etmişdir.

2004-cü il fevralın 14-15-də Ər-Riyadda Səudiyyə Ərəbistanı Azərbaycan Respublikası Hökumətlərarası Müştərək Komissiyasının ikinci iclası keçirilmiş və iclasın sonunda protokol imzalanmışdır.

2004-cü ilin fevralında Azərbaycan Respublikası Milli Məclisinin Sədri M.Ələsgərovun başçılıq etdiyi, həmin ilin 29 avqust - 1 sentyabrında isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A.Paşazadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətlərinin Krallığa səfərləri qarşılıqlı münasibətlərin inkişafına öz töhfəsini vermişdir.

2005-ci ilin yanvarında Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığında rəsmi səfərdə olmuşdur. E.Məmmədyarov rəsmi səfəri çərçivəsində ölkə rəsmiləri ilə ikitərəfli və çoxtərəfli münasibətlərin mövcud vəziyyətini, perspektivlərini müzakirə etmişdir. Səfər zamanı "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığı Xarici İşlər Nazirliyi arasında ikitərəfli siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu" imzalanmışdır.

"Yaxın və Orta Şərqin nüfuzlu dövlətlərindən biri hesab olunan Suriya Ərəb Respublikası ilə Azərbaycanın diplomatik əlaqələri" 1992-ci il martın 28-də yaradılmışdır. Ölkələrimiz arasında əməkdaşlıq indiyə qədər, əsasən, BMT və İKT çərçivəsində həyata keçirilir.

Suriya Ərəb Respublikası ilə siyasi, iqtisadi sahələrdə ikitərəfli əlaqələri möhkəmləndirmək məqsədilə 1997-ci il aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti Dəməşqdə Azərbaycan Respublikasının Səfirliyinin təsis edilməsi haqqında qərar qəbul etmişdir.

1997-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xüsusi tapşırığı ilə xarici işlər naziri H.Həsənov Suriyaya rəsmi səfər etmişdir. Səfər zamanı H.Həsənov Suriya prezidenti H.Əsəd, vitse-prezident Ə.Xaddam, baş nazir M.Zuabi, parlamentin sədri Əbdulqədir Qaddura, xarici işlər naziri F.Əş-Şaraa ilə görüşmüşdür. H.Həsənov Azərbaycan Prezidentinin şəxsi məktubunu Suriya prezidentinə təqdim etmişdir. H.Əsəd Azərbaycan Prezidentini Suriyaya rəsmi səfərə dəvət etmiş, tezliklə Dəməşqdə Azərbaycan Səfirliyinin açılması arzusunu vurğulamışdır. Səfər zamanı keçirilmiş görüşlərdə regional və beynəlxalq problemlər, Ermənistanın Azərbaycana qarşı yönəlmiş işğalçı siyasətinin ağır nəticələri, Yaxın Şərq problemi və qarşılıqlı maraq doğuran bir sıra siyasi-iqtisadi məsələlər müzakirə olunmuşdur. Azərbaycan ilə Suriya arasında dövlət və hökumət başçıları, xarici işlər nazirləri səviyyəsində mütəmadi məktub mübadiləsi aparılır.

Ölkə Prezidenti cənab İlham Əliyev Suriya ilə Azərbaycanın əməkdaşlığında mühüm rol oynayır. Lakin son vaxtlar Suriyada baş verən iqtidar-müxalifət qarşıdurması və vətəndaş müharibəsi Suriyanın dünya ölkələri, o cümlədən, Azərbaycanla əməkdaşlığına, demək olar ki, son qoyulmuşdur.

 

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 13 mart.- S.14.