Bakıda “Muğam aləmi”
III Beynəlxalq muğam festivalının
təntənəli açılışı olub
Martın
9-da Bakıda, Heydər Əliyev Mərkəzində “Muğam
aləmi” III Beynəlxalq muğam festivalının təntənəli
açılış mərasimi olmuşdur.
Tədbirdə
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyeva
iştirak etmişdir. Martın 19-dək davam edəcək
festivalın təşkilatçıları Heydər Əliyev
Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan
Bəstəkarlar İttifaqıdır. Beynəlxalq
festivalın prezidenti, Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva mərasimi açaraq çıxış
edib. Mehriban xanım Əliyeva çıxışında
bildirib ki, artıq üçüncü dəfədir ki, qədim
muğam sənəti dünyanın müxtəlif ölkələrindən
gələn ifaçıları, sənətkarları, incəsənət
xadimlərini, alimləri, musiqisevərləri bir araya
toplayır və heç bir sərhədlərə
sığışmayan gözəl musiqi bizi on gün ərzində
birləşdirəcək, bizə xoş anlar bəxş edəcək:
“Bu
il muğam festivalının açılış mərasimi
Heydər Əliyev Mərkəzində keçirilir. Bu
memarlıq abidəsi özü sanki musiqiyə bənzəyərək
insanların daxilində müxtəlif hisslər və obrazlar
oyadır. Kimsə onu dəniz dalğasına, kimsə bulud
karvanına, kimsə küləyin şiddətinə
oxşadır. Bu məkan ənənəni və müasirliyi
özündə birləşdirən Bakının yeni
simvollarından biridir. Bu axşam bu səhnədə bizim mədəni
irsimizin incisi olan gözəl muğam səslənəcəkdir.
Əziz
dostlar, festival günləri biz birlikdə məşhur
ustadları və gənc ifaçıları dinləyəcəyik.
Gənclər muğam müsabiqəsində iştirak edəcəklər.
Bakı Beynəlxalq Muğam Mərkəzində ustadların
çıxışları, Filarmoniyada, Opera və Balet
Teatrında, digər konsert salonlarında simfonik muğamlar,
muğam operaları səslənəcəkdir. Bakı caz
klubunda muğamla cazın nadir sintezini dinləmək imkanı
yaradılacaqdır. Azərbaycan muğamının qədim ənənələri
və tarixi ilə yanaşı, müasir ifa sənətinin
imkanları göstəriləcəkdir. Eyni zamanda,
muğamın ölkəmizin XX əsrdə musiqi mədəniyyətinin
bütün janrlarına nə dərəcədə təsir
göstərdiyinin şahidi olacağıq. Mən ümidvaram
ki, festival proqramı özündə Azərbaycanda qonaq olan
ölkələrin rəngarəng muğam məktəblərinin
ənənələrini, uğurlarını, nailiyyətlərini
də bizə göstərəcəkdir. Ən əsası
odur ki, Beynəlxalq muğam müsabiqəsi yeni adlar, yeni
istedadlar aşkar edəcək və muğamın həm
ölkəmizdə, həm dünyada daha yaxşı
tanınmasına, daha geniş yayılmasına töhfəsini
verəcəkdir.
Builki festival bir
neçə yeniliklə
seçilir. Birinci yenilik ondan ibarətdir ki, muğam müsabiqəsi təkcə xanəndələr
arasında keçirilmir,
həmçinin instrumental muğam
sənətini də əhatə edəcəkdir.
Digər
yenilik ondan ibarətdir ki, demək olar, ölkəmizin bütün
regionlarında fəaliyyət
göstərən musiqi
məktəblərinin şagirdləri
bu festivalda iştirak edəcəklər.
Onlar məşhur xanəndələrlə,
ölkəmizə gələn
qonaqlarla birgə çıxış edəcəklər
və əlbəttə,
bu da gənc
istedadlar üçün
əvəzolunmaz bir təcrübədir.
Əvvəlki illərdən fərqli
olaraq bu il festival təkcə
Bakı şəhərində
deyil, Naxçıvanda,
Gəncədə, Lənkəranda,
Qəbələdə, Şamaxıda,
Şirvanda və ölkəmizin digər şəhər və rayonlarında keçiriləcəkdir.
Dünyada muğama maraq artmaqdadır. Biz bunu
festivalda iştirak edən ölkələrin
sayının artmasında
da görürük.
Bu il festivala
24 ölkə qatılıb.
Festival çərçivəsində
keçirilən elmi simpoziumda xaricdən gələn çoxsaylı
ekspertlər və alimlər də iştirak edəcəklər.
Əziz
dostlar! Hər bir xalqın,
hər bir millətin ən böyük sərvəti
onun mədəni irsidir. Azərbaycan qədim və
zəngin tarixə, mədəniyyətə malik
olan bir ölkədir. Əsrlər boyu bizi bir
millət kimi qoruyub saxlayan mədəni irsimiz, dilimiz, ədəbiyyatımız,
poeziyamız, musiqimiz olub. Muğam isə əsl
sənət incisidir.
Təsadüfi deyil ki, Azərbaycan muğamı
UNESCO-nun bəşəriyyətin mədəni irsinin şah əsərləri siyahısına salınıb
və çox sevindirici haldır ki, artıq bu siyahıda Azərbaycan tarı və tar ifaçılığı
da vardır. Bu, bizim mədəni
irsimizə, mədəni
irsimizin qorunmasına dünya miqyasında göstərilən diqqətin
və qayğının
göstəricisidir.
Əziz
dostlar! Yəqin bilirsiniz ki,
bu festival Heydər Əliyev Fondu tərəfindən hazırlanır.
Heydər Əliyev Fondu
fəaliyyətinin ilk günündən
mədəni irsimizin qorunmasına xüsusi diqqət yetirir. Biz bu sahədə
bir çox tədbirlər hazırlayıb
həyata keçiririk,
bir çox festivallar reallaşdırırıq.
Bu sırada Qəbələ
musiqi festivalı, Rostropoviçin, Qara Qarayevin, Üzeyir Hacıbəylinin adını
daşıyan festivalları
qeyd etmək istərdim. Əlbəttə, ən vacibi
Beynəlxalq muğam festivalıdır. Festivalın hazırlanmasında
əməyi olan hər bir insana
dərin minnətdarlığımı
bildirmək istəyirəm.
Bu gün mən
bizim məşhur ustadlarımızı salamlayıram
və onlara öz hörmət və ehtiramımı çatdırıram. Siz bizim
korifeylərimizsiniz, siz
muğam sənətini
yaşadırsınız, siz
yeni istedadlar yetişdirirsiniz. Mən sizə
cansağlığı, uzun
ömür arzulayıram.
Əziz dostlar! Sonda qarşıdan gələn
Novruz bayramı münasibətilə sizin
hamınızı ürəkdən
təbrik edirəm.
Festival iştirakçılarına
uğurlar, bizə isə çox xoş anlar arzulayıram.
İndi isə “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalını açıq elan edirəm. Çox sağ olun.” Hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının,
Azərbaycanda akkreditə
olunmuş diplomatik korpusun nümayəndələrinin,
tanınmış mədəniyyət
və incəsənət
xadimlərinin,
24 ölkədən, o cümlədən Türkiyə,
İtaliya, İspaniya,
Misir, Hindistan, Çin, İran, Tunis, Mərakeş, Liviyadan gəlmiş qonaqların iştirak etdikləri tədbir geniş konsert proqramı ilə davam etmişdir.
Səs.- 2013.- 12 mart.- S.5.