"Muğam Aləmi" III Beynəlxalq Muğam Festivalı çərçivəsində ölkənin müxtəlif rayonlarında silsilə tədbirlər davam etməkdədir

 

    Festivalın bölgələri əhatə etməsi muğamsevərlərin marağına səbəb olub   

 

     "Muğam Aləmi" III Beynəlxalq Muğam Festivalı çərçivəsində Azərbaycanın bölgələrində tədbirlər davam edir. Lənkəran Dövlət Dram Teatrında "Muğam Aləmi" III Beynəlxalq Muğam Festivalı çərçivəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının konsert ifası tamaşaçılara təqdim edilib.

    Qeyd edim ki, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən "Muğam Aləmi" III Beynəlxalq Muğam Festivalında Türkiyə, İran, İraq, Özbəkistan, Tacikistan, Qazaxıstan, ABŞ, Fransa, Kanada, İngiltərə, Liviya, Braziliya, İspaniya, İtaliya, Almaniya, İordaniya, Yaponiya, Türkmənistan, Rusiya, Çin, Hindistan, Tunis və Misirdən dünya şöhrətli musiqiçilər və qruplar iştirak edirlər.

    Mərasimdə çıxış edən Azərbaycan Dövlət OperaBalet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev bildirib ki, ilk dəfə olaraq festival çərçivəsində həm Bakı şəhərində, həm də respublikamızın bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlərin, beynəlxalq muğam müsabiqəsinin, elmi simpoziumların və ustad dərslərin təşkili nəzərdə tutulub.

    Lənkəranlı tamaşaçılar Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının konsert ifaçılarını - dirijor Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, Azərbaycan Xor Kapellasının, solistlər - xalq artistləri Mənsum İbrahimovAygün Bayramovanın, əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovun çıxışlarını hərarətlə qarşılayıblar.

    Festival çərçivəsində Ağstafada Hüseyn Arif adına Uşaq Musiqi Məktəbinin müəllimlərindən ibarət "Vətən" xalq çalğı alətləri ansamblının konserti keçirilib. Konsert proqramında "Rahab rəngi", "Segah təsnifi", "Mahur təsnifi" və digər muğam əsərləri ifa olunub. Gənc musiqiçilərin ifası rayon sakinləri və qonaqlar tərəfindən böyük maraqla dinlənilib. Konsert tədbirindən öncə çıxış edənlər qeyd edib ki, muğam festivalının Ağstafada keçirilməsi rayonun həyatında böyük əhəmiyyət daşıyır. Ölkəmizin hər yerində olduğu kimi, Ağstafada da muğam sənətinə daim böyük maraq olub, diqqət və qayğı göstərilib.

    Şirvanda isə III Beynəlxalq Muğam Festivalında isə 7 saylı şəhər uşaq musiqi məktəbinin müəllim və şagird kollektivi tərəfindən maraqlı konsert proqramı nümayiş olunub. Muğam parçaları solo ifalar, mahnılar və digər musiqi alətlərində ifa olunan musiqi nömrələri maraqla qarşılanıb.

    Mərasimdə çıxış edənlər bildiriblər ki, tədbir muğamın inkişafında və tanıdılmasında böyük rol oynayır. İstedadlı gənclərin  üzə çıxarılmasında, habelə, milli muğamımızın beynəlxalq icitimaiyyətə çatdırılması və onun təbliğində Heydər Əliyev  Fondunun göstərdiyi əvəzsiz xidmətlər bir daha yüksək dəyərləndirilib. Çıxış edənlər mədəni irsimizinmilli musiqimizin qorunub saxlanmasında, onun bir parçası olan milli muğamımızın təbliğində və yaşadılmasında göstərdiyi xidmətlərə görə, Heydər Əliyev Fonduna minnətdarlıq ediblər.

    Muğam festivalı musiqi beşiyi Qarabağ torpağını da əhatə edib. Ağcabədidəki Qarabağ Muğam Mərkəzində keçirilən mərasimdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə tanınmış muğam ifaçıları çıxış ediblər. Proqramda Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından səhnələr də ifa olunub.

    Festival çərçivəsində Bakı Caz Mərkəzində gənc pianoçu Etibar Əsədlinin etno-caz layihəsi təqdim edilib. Konsertdə, həmçinin, Rüstəm Zeynallı, Ruslan Hüseynov, Elvin Bəşirov, Tofiq Cabbarov, Rafael Əliyev kimi tanınmış ifaçılar çıxış etmişlər.

    Görkəmli bəstəkar Fikrət Əmirovun "Lay-lay" əsərinin, muğamcaz janrlarından rəngarəng musiqi parçalarının sintezindən ibarət kompozisiyalar alqışlarla qarşılanıb.

   

 

    ZÜMRÜD

 

    Səs.- 2013.- 13 mart.- S.12.