Azərbaycanın Asiya
ölkələri - Hindistan, Nepal, Banqladeş və Əfqanıstanla
əməkdaşlığı
Azərbaycan digər
region dövlətlər - Hindistan,
Nepal, Banqladeş, Əfqanıstan
və b. ölkələrlə sıx əməkdaşlıq
edir. Bu ölkələrlə
əlaqələr onun Asiyaya
inteqrasiyasında həlledici rol oynayır
Azərbaycanın qarşılıqlı əlaqələrə əhəmiyyət verdiyi Cənubi Asiya dövlətlərindən biri də Hindistandır. Hindistan Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini 1991-ci il dekabrın 26-da tanımış və 1992-ci il fevralın 28-də iki ölkə arasında diplomatik əlaqələr qurmuşdur. 1999-cu ilin mart ayının 1-də Hindistan Respublikasının Azərbaycan Respublikasında Səfirliyi açılmış və həmin ilin sonunda səfirlik tam fəaliyyətə başlamışdır.
İki ölkə arasında keçən müddətdə bir çox qarşılıqlı rəsmi səfərlər olmuş və hüquqi-normativ sənədlər imzalanmışdır.
1998-ci il iyun ayının 23-25-də Hindistan Respublikasının xarici işlər üzrə dövlət naziri Vasunthara Raca Azərbaycan Resppublikasında səfərdə olmuşdur. Səfər zamanı Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında 2 sənəd imzalanmışdır.
1. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Hindistan Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol;
2. Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş.
İki dövlət arasında ikitərəfli və çoxtərəfli əlaqələr hələ ki, intensiv deyil. Bu sahədə 1999-cu ilin 14 sentyabrında Asiyada Qarşılıqlı Fəaliyyət və İnam Müşavirəsinə üzv ölkələrin xarici işlər nazirlərinin Almatıdakı görüşü çərçivəsində Azərbaycan Respublikasının və Hindistan Respublikasının xarici işlər nazirləri T.Zülfüqarov və C.Sinqhin görüşünü, 2005-ci il iyunun 9-10-da Hindistan Respublikasının neft və təbii qaz naziri Mani Şankar Aiyarın Azərbaycana səfərini qeyd etmək olar. Bundan başqa, 1998-ci ilin fevral ayında Hindistan xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini N.Dayal və xarici işlər nazirinin birgə katibi A.Senin, 1998-ci il iyunun 23-25-də xarici işlər üzrə dövlət naziri V.Racenin və 2001-ci ilin 17-19 oktyabrında xarici işlər nazirinin müavini R.M.Abhyankarın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərlərini, keçirdikləri rəsmi görüşləri, apardıqları müzakirələri də göstərmək olar.
Professor Əli Həsənovun fikrincə, Azərbaycan Cənubi Asiya regionunda xüsusi çəkiyə malik olan Hindistanla münasibətlərə xüsusi diqqət yetirsə də, hələ ki, bu istiqamətdə nümayiş etdirilən fəaliyyət qənaətbəxş deyil. Hal-hazırda Azərbaycanın xarici siyasətinin özəyini təşkil edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımların dəstəklənməsi üçün ölkəmizin regionun bütün dövlətlərinin dəstəyinə ehtiyacı vardır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası tərəfindən "Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarındakı vəziyyətə dair" məsələnin BMT-nin gündəliyinə çıxarılması zamanı Hindistan son illərdə bitərəf mövqe nümayiş etdirmişdir. Bu da onu göstərir ki, beynəlxalq təşkilatlar çərçivəsində Hindistanla münasibətlər daha da geniş qurulmalıdır.
Azərbaycanda iqtisadi islahatların aparıldığı bir dövrdə Hindistan kimi böyük potensiala malik olan bir dövlətin Azərbaycanda keçirilən iqtisadi layihələrə cəlb olunması zəruri görünür. Bu baxımdan, Azərbaycanın Hindistanla bir sıra beynəlxalq iqtisadi layihələr çərçivəsində, o cümlədən, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi və "İpək yolu" beynəlxalq layihələrində əməkdaşlıq etməsi mühüm əhəmiyyət kəsb edir.
Böyük həcmdə enerji tələbatı olan Hindistan hökuməti Azərbaycanda həyata keçirilən layihələrdə yaxından iştirak etməkdə maraqlıdır. Buna misal olaraq, 2005-ci ilin iyun ayında Bakı şəhərində keçirilən "Caspian Oil & Gas - 2005" beynəlxalq konfransında çıxış edən Hindistan neft-qaz sənayesi naziri Mani Şankar Aiyar ölkəsinin Azərbaycan neftini Türkiyənin Ceyhan limanından idxal etmək niyyətində olduğunu bildirmişdir. Bu da onu göstərir ki, böyük karbohidrogen ehtiyatlarına malik olan Azərbaycan Respublikası ilə Hindistan bu sahədə əməkdaşlıq etməkdə maraqlıdır.
Ə.Həsənov qeyd edir ki, Azərbaycan-Hindistan münasibətləri bəzi amilləri çıxmaq şərtilə (Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş Kəlbəcər rayonu ərazisində yerləşən "Zod" yataqlarının Hindistan şirkəti tərəfindən işlənməsi) hazırda mütərəqqi xarakter daşıyaraq, inkişaf etməkdədir. İki dövlət arasında qurulmuş əlaqələr və 2004-cü ildə Azərbaycan Respublikasının Hindistan Respublikasında Səfirliyinin açılması qarşılıqlı münasibətlərə müsbət təsir göstərməyə başlamışdır. Eyni zamanda, Azərbaycan və Hindistan arasında iqtisadi əlaqələrin müasir vəziyyəti Azərbaycan tərəfini bir o qədər də qane etmir və müxtəlif sahələrdə, o cümlədən, sənaye, kənd təsərrüfatı, nəqliyyat, yeyinti, əczaçılıq, informasiya texnologiyaları və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün potensial imkanlar çoxdur.
İkitərəfli əməkdaşlığın inkişafı baxımından ölkələr arasında hüquq-müqavilə bazasının yaradılması sahəsində işlərin aparılması önəmlidir. Burada ikitərəfli əməkdaşlığın əsasını təşkil edən "İkiqat vergitutmanın aradan qaldırılması", "İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması" və əməkdaşlığın digər sahələrini əhatə edən sazişlərin imzalanması zəruridir.
Həmçinin, iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafı üçün xarici işlər nazirlikləri və digər dövlət qurumları səviyyəsində məsləhətləşmələrin aparılması, Hindistanın və Azərbaycanın dövlət rəsmilərindən, iş adamlarından ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili əlaqələrin daha yüksək səviyyəyə çatdırılmasına zəmin yarada bilər.
Azərbaycanın Cənubi Asiyanın digər ölkələri olan Nepal, Butan, Banqladeş, Şri-Lanka və başqaları ilə diplomatik münasibətləri yaradılsa da, qarşılıqlı əlaqələri hələ ki, yalnız beynəlxalq təşkilatlar çərçivəsində və qeyri-rəsmi iqtisadi-ticarət səviyyəsində aparılır. Cənubi Asiya ilə Orta Şərq arasında yerləşən və dünya ölkələrinin Asiya siyasətində həmişə diqqətdə saxlanılan Əfqanıtstan İslam Respublikası ilə də Azərbaycan diplomatik münasibətlər yaratmışdır. Əfqanıstan İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini 1991-ci il dekabrın 21-də tanımış və 1994-cü il noyabrın 16-da iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur. Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyi, eyni zamanda, Əfqanıstan İslam Respublikasında akkreditə olunmuşdur. Əfqanıstan İslam Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi isə, eyni zamanda, öz ölkəsini Azərbaycan Respublikasında təmsil edir.
Keçən müddətdə iki ölkə arasında yalnız bir sənəd - Ticarət-iqtisadi, Elmi-texniki və Mədəni əməkdaşlıq haqqında Protokol imzalanmışdır. Lakin buna baxmayaraq, ölkə rəsmiləri arasında beynəlxalq təşkilatlar çərçivəsində çoxsaylı görüşlər olmuşdur. İslam Konfransı Təşkilatı, EKO, BMT və digər beynəlxalq hökumətlərarası təşkilatların iclaslarında ölkə başçılarının, digər rəsmilərin görüşləri müntəzəm surətdə keçirilir. Belə görüşlərdən biri 2001-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev və Əfqanıstan prezidenti H.Kərzayi arasında (İstanbul, EKO-nun toplantısı zamanı) xüsusi olaraq təşkil edilmiş, iki ölkə arasındakı münasibətlərin geniş müzakirəsi aparılmışdır. Bundan başqa, 2005-ci il mart ayının 9-da Əfqanıstan İslam Respublikasının prezidenti H.Kərzayi yolüstü Bakıda səfərdə olmuşdur.
2005-ci il aprelin 21-22-də Bakı şəhərində TRASEKA Dövlətlərarası Komissiyanın iclası keçirilmişdir. İclasda Əfqanıstan İslam Respublikasının nəqliyyat naziri Enayətullah Qasemi də iştirak etmişdir. Hazırda Azərbaycandan Əfqanıstanın paytaxtı Kabil şəhərinə birbaşa hava nəqliyyatı əlaqəsi yaradılmışdır ki, bu da gələcək əlaqələrdə mühüm rol oynayacaqdır.
Asiya qitəsinin mühüm bir geosiyasi bölgəsi siyasi ədəbiyyatda Yaxın və Orta Şərq adlanır. Bu bölgə öz əhali və ərazi xarakteristikasına görə daim böyük dövlətlərin maraq dairəsində olmuşdur. Onlar yerli əhali və dövlətlərdən istifadə edərək, bu regionu daim müxtəlif tipli mübarizə meydanına çevirmişlər. XX əsrin son əlli ilində bu bölgə ABŞ-SSRİ qarşıdurmasının mərkəzinə, soyuq müharibədən sonrakı dövrdə isə dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükə yaradan bir regiona çevrilmişdir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, bu gün Rusiya, Çin, Avropa ölkələrinin istehsal etdikləri silahların ən böyük alıcıları məhz Yaxın və Orta Şərq ölkələridir.
Yaxın və Orta Şərq dünyanın həm də ən böyük enerji və xammal (neft, qaz və s.) ehtiyatına malik regionudur. Bölgənin Səudiyyə Ərəbistanı, İraq, İran, Suriya, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Yəmən, Əmman və başqa dövlətləri dünya neft və qaz yatağı ehtiyatlarının yarısından çoxuna malikdirlər.
Yaxın və Orta Şərq ölkələri (İsrail istisna olmaqla) müsəlman dövlətləridir və bugünkü yeni dünya nizamında bu faktor da beynəlxalq münasibətlərin əsas problemlərindən biri kimi dəyərləndirilir. Son illər dünyada terrorizmə qarşı ABŞ-ın başlatdığı mübarizə və müəyyən dairələrdə terrorizmlə islamın eyniləşdirilməsi Yaxın və Orta Şərq ölkələrində anti-Qərb əhvali-ruhiyyəsini gücləndirmiş, müsəlman xalqları arasında özünüqoruma instinktlərinin yaranmasına səbəb olmuşdur. Bundan başqa, neçə illərdir davam edən İsrail-Fələstin münaqişəsi və Qərbin İsrailin bölgədəki işğalçılıq siyasətinə göz yumması da bölgənin müsəlman əhalisində Qərb dövlətləri və ABŞ-a qarşı neqativ əhvali-ruhiyyə formalaşdırmışdır.
Vahid Ömərov,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2013.- 14 mart.- S.14.